“Ustad” (aylıq ədəbiyyat və sənət dərgisi)nin ilk sayı çapdan çıxıb. Dərginin təsisçisi “Hədəf” nəşrləri, Baş redaktoru fil.ü.f.d. Şəmil Sadiq, redaktoru fil.ü.f.d. Nərgiz Cabbarlı, məsul katibi Müşfiq XANdır.
Dərgi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin “Ustadlığa doğru” yazısı ilə başlanır. Aklademik məqaləsində “Ustad”a və ustadçılara uğurlar arzulayır: “ Ustad sözü – professionallıq və kamillik mənalarını özündə birləşdirir. İndi ədəbiyyatımızın da, elmimizin də ustad səviyyəsində yetkin, hazırlıqlı, dünyagörüşlü və səriştəli qələm sahiblərinə ehtiyacı var. Düşünürəm ki, “Ustad” jurnalı bu şərəfli və məsuliyyətli magistralın istedadlı, iradəli və zəhmətkeş yolıçularına yeni üfüqlər açacaq, dəstək olacaqdır”.
Dərginin baş redaktoru Şəmil Sadiq “Bacarıqlı şagird mütləq bir gün Ustad olacaq” yazısında “Ustad” ın hədəfi haqqında söz açıb: “Dərgimizin adını “Ustad” qoyduq. Ünlərə inananları əmin edə bilərəm ki, adı biz qoymadıq, Ustad İsa Muğanna demiş, sanki “Göydən özləri dedi”. Ustad Ustaddır, onun bütün fikirləri birmənalı qəbul edilməli, şərtləri yerinə yetirilməlidir. Biz and içdik ki, Ustadımızın yolundan zərrə qədər də olsun yayınmayıb, Bilgə Kağandan, Dədəm Qorquddan, Şeyx Nizamidən, Nəimidən, Nəsimidən, Xətayidən, Axundzadədən, Zərdabidən, Mirzə Cəlildən, Hüseyn Caviddən, Üzeyir Hacıbəyovdan, Şəhriyardan, Muğannadan bu günə ötürülən işığı özümüzlə gələcəyə daşıyacağıq”.
Dərgidə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovun
“Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, Alxan Bayramoğlunun “Dövlət himnimizin söz və mətninin müəllifi kimdir”, Şəmil Sadiqin “Türk hökmdarının sözü və qılıncı”, Fərid Hüseynlinin “Gizli roman” nədir”, Elxan Nəcəfovun “Sufilikdən bir az” məqalələri
Aslan Quliyevin “Gülümsəyən qız”, Cəlil Cavanşirin “Əyyubun səbri”, Qan Turalının Cəlil Məmmədquluzadəyə həsr etdiyi “Ustad” hekayələri, Kənan Hacının “Siçovullar üçün darıxan gəmi” povestindən bir parça,
Nərgiz Cabbarlın görkəmli Azərbaycan müğənnisi Rübabə Muradova haqqında qələmə aldığı “Bir mahnının müəmması, yaxud naməlum gəncin sevgi məktubu” yazısı,
İlqar Fərminin tərcüməsində Andre Moruanın “Yaşamaq elmi haqqında gənc dostuma məktub” essesi, Seyid Hüseynin tərcüməsində əski əlifba ilə dərc edilmiş Viktorin Orinin “Diş ağrısı, yaxud zavallı Matoren” əsəri Könül Nəhmətovanın transfoneliterasiyasında, Rövşən Danyerinin tərcüməsində Haruki Murakaminin “Yeddinci adam” əsəri, Elxan Zalın tərcüməsində Sabit Dosanovun “Həyatın kənarına atılmışlar” hekayəsi oxuculara təqdim olunub.
Səma Fuadqızı “İtkin düşmüş “Köpək” yazısında tamaşaçılara tanış olmayan, qismətinə ekran həyatı yaşamaq düşməyən “Köpək”filmi haqqında “Ustad”ın oxucularına məlumat verib.
Dərgidə Rəsmiyyyə Sabirin yaradıcılığından bəzi nümunələr də yer alıb.
Müşfiq XAN oxuculara təqdim etdiyi “NaŞİR” yazısında Naşirin bir gününü ... təsvir edib.
Tənqidçi Nərgiz Cabbarlının yazıçı Vidadi Babanlı ilə müsahibəsi ilə oxucular “Mən sovet dövrünün yazıçısıyam!” başlığı altında tanış ola bilərlər.
Aslan Salmansoyun təqdimatında Məmməd Arif və Şahmar Əkbərzadənin milli poeziyamızın simvoluna çevrilmiş Səməd Vurğun haqqında xatirələri oxuculara təqdim olunub.
Məlahət Qənbərova