Keçən əsrin əvvəllərində ölkəmizdə gedən repressiyalar həmişə mənim maraq dairəmdə olub. Xüsusilə də respublikamızın görkəmli yazıçı və şairlərin həyatı. Çünki keçən əsrin əvvəllərində repressiyaya məruz qalmış yazıçı və şairləri günahlandıranlar xalq arasında heç bir günahı olmayan şəxslərə aid edirdilər. Bu çür ittihamlar hal-hazırda da davam etməkdədir. Lakin günahı olanların isə adları təmizliyə çəkilir. Xalq arasında yaranan bu haqsız ittihamlar hansı səbəbdən doğurdu, onlar haradan qaynaqlanırdılar?
Qeyd edək ki, Azərbaycan SSRİ (MDB) məkanında əhalisinin sayına görə ən çox repressiyaya məruz qalan respublikadır. Həm də başqa respublikaların rəhbərlərindən fərqli olaraq Azərbaycana başçılıq etmiş şəxs bu repressiyaya təşəbbüs edənlərdən bəlkə də birincisi idi.
Həmən illərdə Azərbaycan Yazıçılar İttifaqının qurultay və plenumların stenoqramından, Dövlət Təhlükəsizlik Komitəsinin (DTX) istintaq materiallarından aydın olur ki, bu hadisələri “sapı özümüzdən olan baltalar”ın təşəbbüsü ilə həyata keçirilirdi. Onlar ev almaq, vəzifəyə sahib olmaq, kitablarının nəşri naminə hər cür haqsızlıqlara getmiş, sonralar suçlarını günahı olmayanların üzərinə atmışdılar. Təəssüf ki, həmən qarayaxmalar indi də davam etməkdədir.
Sənədlər əsasında qələmə alınmış bu kitablarda nəinki yazıçı və şairlərin, həmçinin sadə adamların da hansı işgəncələrə məruz qaldığını göstərməyə çalışmışıq.
Vaxtilə ulularımızın yaşadığı tarixin bu “şikəst” dövrünün tədqiqini qarşımıza məqsəd kimi qoymuş, həmən hadisələri məntiqi baxımdan müəyyən etdikdən sonra onun real qiymətini doğru-düzgün verməyə çalışmışıq.