TEAS Rress Nəşriyyat evində Güney Azərbaycan son ədəbi nəsil nümayəndələrinin ana dilində yazdığı şeir və hekayələrdən ibarət olan “Güney Azərbaycan ədəbiyyatı”(Çağdaş dövr) antologiyası nəşr olunub.
Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi və AMEA Ədəbiyyat İnstitutunun birgə layihəsi olan antologiyanın tərtibatçısı(toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, lüğət və şərhləri hazırlayanı) və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosentPərvanə Məmmədlidir.
Arazın o tayında yaşayan Azərbaycan xalqının iki yüz illik ədəbiyyatını konseptual şəkildə tanıtmaq işini ötən əsrimizin sonlarında ilk dəfə akademik Mirzə İbrahimov gördü. Onun təşəbbüsü və başçılıq etdiyi AMEA-nın Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin səyi ilə 1981-ci ildən etibarən “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” adlı dördcildlik kitab çap olundu. Bu kitablar indiyədək bu sahədə çalışanların masaüstü kitabıdır.
Aradan 30 ildən artıq vaxtın keçməsini nəzərə alsaq, bu ötən zaman kəsiyində yaranmış yeni ədəbiyyatın tədqiq olunub tanıdılması zərurəti meydana çıxdı. Bu gərəkli işin davamı kimi “Güney Azərbaycan ədəbiyyatı antologiyası”(Çağdaş dövr)kitab ərsəyə gəldi.
Antologiyada 100-əyaxınşairvəyazıçınınqısaavtobioqrafiyasıvəəsərləriyeralıb.Topluda son30ildəGüneyAzərbaycandayazıb-yaradanyeniədəbinəslinşeir və hekayələri çap olunub. Tək İranda yaşamayıb, eləcə də dünyanın hər bir tərəfinə səpələnmiş güneyli gənc yazarların əsərlərində ədəbi fikrin mənzərəsi rəngarəngliyi ilə seçilir.Gənc şair və yazıçıların şeir və hekayələri yeni məzmun, forma axtarışları və eksperimentləri ilə seçilir .
Quzey Azərbaycan şeirinin təsiri ilə formalaşan güney ədəbiyyatında bir çox Türkiyə şairlərinin, özəlliklə Nazim Hikmət şeirinin də üslübu hiss olunur.
Topluda ötən əsrin 60-cı illərində Avropada formalaşan “Fləş Fikşn” (“Flash fiction”) üslubunda yaranan və minimalizmə, kiçik həcmə əsaslanan nəsr əsərlərinə, özündə postmodernizmin bəzi imkan və açılım-çevrilmələrini əks etdirən şeirlərə də rast gəlmək olar.
Antogiyada xalq şeiri üslubunda, divan ədəbiyyatı tərzində, eləcə də son dövrlərdə Avropada yayılmış çeşidli ədəbi cərəyanların təsiri ilə yazan yazarların şeir və hekayələri verilib. Topluda Rüqəyya Kəbiri, Kiyan Xiyav, Səid Muğanlı, Heydər Bayat,İsmayıl Ülkər, Hadi Qaraçay, Nadir Əzhəri, Məhəmmədrza Ləvai, Sayman Aruz, Ülkər Ucqar, Ramin Cabbarlı, Məliha Əzizpur kimi oxucu auditoriyasına tanış olan yazarlarla bərabər, Toğrul Atabay, Məhəmməd Sübhdil, Murtuza Məcidfər, Nadir Paşazadə və başqa şair və yazıçıların ana dilində olan əsərləri ilk dəfə oxuculara təqdim edilir.Yeni nəsil dil, nəşr və təbliğ imkanlarının məhdudluğuna baxmayaraq Güneydə milli varlığını təsdiq edib tanıtdırır, dünya ədəbiyyatının yeni meyllərinə qovuşmaq üçün axtarışlarını davam etdirir.
Qeyd edək ki, 364 səhifədən ibarət nəfis toplu çağdaş dövrə aid ən zəngin poeziya və nəsr antologiyasıdır. Nəfis tərtibatla çap olunmuş 364 səhifəlik bu nəsr Antologiya Azərbaycan ədəbiyyatı üzrə mütəxəssislər, tələbələr və ədəbiyyatsevərlər üçün nəzərdə tutulub.