Kitabda Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük yazıçısı Mirzə İbrahimovun, əsasən, həyat yoldaşı Sara xanıma ünvanladığı sevgi məktubları toplanmışdır. Oxucu böyük ədibi bu yazışmalarla fərqli rakursdan tanıyacaqdır: saf sevgi, qarşılıqlı dərin məhəbbət, adi insani hisslərin qeyri-adi lirik təsviri... Həmçinin bəzi məktublarda dövrün ədəbi və tarixi şəxsiyyətlərinə münasibəti o dövrün gərginlikləri ilə əlaqədardır. Dünya ədəbi fikir tarixində bu janr geniş yayılmışdır. Qədim yunan ədəbiyyatından ta bu günə kimi bir çox dahilər öz sevdiklərinə məhz bu formada müraciət etmişlər və bu kitablar geniş oxucu marağına səbəb olmuşdur. Ümid edirik ki, bu məktublar Azərbaycan oxucularının dərin marağına səbəb olacaqdır.
Kitabı “Bayatı” mağazasından əldə edə bilərsiniz.
Elmira Axundova
Azərbaycanın əməkdar jurnalisti
MƏNIM ƏZIZ MƏLƏYIM SARA!
“Azərnəşr”də “Sevgi məktubları” adlı kitab çapdan çıxıb
Bu kiçik kitabçanı oxuyub, heyrətə gəldim demək - heç nə deməməkdi. Mən, düzü mat qaldım! Bu, hər halda, XX əsr Azərbaycan ədəbiyyatı üçün həqiqətən bir hadisə, yeni təzahürdür. Əvvəllər bu qəbil heç nə oxumamışam.
Qərbi Avropa və rus ədəbiyyatında epistolyar janr kifayət qədər geniş yayılmışdı. Prinsipcə bu gün də bir çox müasir rus yazıçıları bu janra müraciət edirlər. Bu yaxınlarda epistolyar, məktub ədəbiyyatı janrında iki maraqlı kitab – Mixail Şişkinin “Məktublar məcmuəsi” (Письмовник) və Lyudmila Ulitskayanın “Yakov nərdivanı” (Лестница Якова) – oxumaq imkanı əldə etdim.
Lakin bu, sırf bədii ədəbiyyat nümunələridir. Yəni, reallıqda mövcud olan məktublar “bəzədilir”, onların arasına müəllif mətni, müəllif düşüncələri, bədii obrazlar və s. və s. yerləşdirilir. Tarixi şəxsiyyərlərin yazışmaları isə tamam başqa şeydir. Bu nə roman, nə belletristikadır, bu, qiymətsiz epistolyar sənədli irs, öz dövrünün canlı əksidir. Biz Puşkinin, ya Çexovun, Bulqakovun, yaxud Cəlil Məmmədquluzadənin xanımları, dostları, naşirləriylə yazışmalarını oxuyarkən, onların özlərini, əsərlərini, yazıb yaratdıqları dövrün özünü də daha yaxşı anlayırıq. Bu və ya digər yazıçı ən yaxın adamıyla yazışmasında bəzən ən ağlagəlməz tərəfdən, ən gözlənilməz rakursdan açılır, özü də o, təbiətinin ən güclü tərəfini göstərdiyi kimi, hər insan üçün bağışlanılan zəiflikləriylə də görünə bilər...
Bizdə əgər görkəmli Azərbaycan yazıçılarının həyat yoldaşlarıyla yazışmaları ailə arxivlərində saxlanılırsa da, hələ ictimaiyyətin ixtiyarına verilməyib. Bəlkə, yalnız Anar “Sizsiz” xatirələr kitabında valideynləriylə yazışmalarını əbədiləşdirmişdir.
Və budur, bu yaxınlarda “Azərnəşr”də Azər Mustafazadə və Mirzə İbrahimovun qızı Solmaz xanım İbrahimovanın təşəbbüsü ilə, indi oxuculara haqqında danışmaq istədiyim maraqlı bir kitab işıq üzü görmüşdür. Onu oxuyan zaman məni bürüyən heyranlıq hisslərimi bölüşmək istərdim.
Söhbət yazıçı Mirzə İbrahimovun həyat yoldaşı Sara xanım Pirimovayla yazışmalarından gedir, o yazışmalar ki, naşirlər onu çox cəsarətlə “Sevgi məktubları” adlandırmışlar. Və düz hədəfə vurublar, zira başlıca sövqedici səbəb, kitabda dərc olunan bütün məktubların şax damarı əlahəzrət Sevgidir. Bu, çox səmimi, ehtiraslı, bəzən apaşkar məktubların Azərbaycan ədəbiyyatının klassiki, görkəmli ictimai və dövlət xadimi Mirzə Əjdər oğlu İbrahimovun qələmindən çıxması xüsusilə heyrətləndiricidir. Uzun illər nəhəng bir ölkənin siyasi və ədəbi-elmi həyatının zirvəsində olan bu qeyri-adi insan və böyük yazıçı barəsində az yazılmayıb. Mirzə Əjdər oğlu haqqında mən də yazmışam, xüsusən, 10 il onun rəhbərliyi altında -- əvvəlcə Azərbaycan Yazıçılar İttifaqında, sonra Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda işlədiyim və onu kifayət qədər yaxından tanıdığım üçün. Azərbaycanın xalq yazıçısı, AMEA-nın ilk akademiklərindən biri, Sosialist Əməyi Qəhrəmanı və sair və ilaxır. Saymaqla bitməz!
Bununla belə, həyat yoldaşına məktublarında o bizə gözlənilməz tərəfdən açılır – özünüfəda dərəcəsində, ehtirasla sevən Mirzə İbrahimov, sevgisi haqda açıq yazmaqdan çəkinməyən və dəfələrlə “öz” Sarasına ishari-eşqdə bulunan Mirzə İbrahimov (o, demək olar ki, elə hər məktubunu belə başlayır: “Mənim Saram!”), tərəddüdlə, qeyri-iradi davranan Mirzə İbrahimov, incə hiss edən, sentimental, bəzən hətta ağlayan və ümidsizliyə qapılan Mirzə İbrahimov... Bir sözlə, hər məktub səhifəsi saysız çalar və hiss, həyəcan və ehtirasla doludur.
Məktublarının ilk sətirlərində arvadına necə müraciət etdiyinə diqqət yetirin: “Mənim əziz mələyim Sara!”, “Mənim sevimli Saram!”, “Mənim əzizim, mələyim Sara!”, “Mənim Saram, pak və təmiz Saram!”, “Həyatımın ümidi və istinadgahı, mənim əziz Saram!”, “Mənim gözəl Saram, müqəddəs mələyim!”. “Əziz Saracan!”, “Qəlbim, ruhum, gözəl Saram!” – bir sözlə, yüzlərlə variant var. Mirzə İbrahimov əsl yazıçı kimi təkrara yol verməməyə çalışaraq, hər dəfə öz sevimli yarını daha incə və lətif epitetlərlə mükafatlandırır.
Gənc yazıçı sevgisini arvadına eləcə yüksək hisslərlə, nəcibanə bəyan edir: “Saracan... inan ki, bütün arzu və düşüncələrim səninlə bağlıdır. Hələ də bu səadət günlərinin şirin bir röya olması fikri məni rahat buraxmayır. Qəribədir, deyilmi? Mən səadətimin hər hanki şübhə və anlaşılmazlıq oyadan duyğulardan təmiz olmasını istəyirəm... Lakin mümkün olmayır. Axı sən o qədər təmiz və yüksək məhəbbətə layiqsən ki, Sara, mən keçmişimə baxdıqda həyadan qızarıram...
Mənim bütün həyatım sənin səadətin üçün çalışmaqdan ibarət ola bilər, Sara!.. Bundan sonra həyatım ya sənin üçün olmalıdır, ya da heç olmamalıdır!..”.
Gənclər (söhbət 30-40-cı illərin sonlarından gedir) bəzən bir-birindən ayrı düşməli olur: Mirzə İbrahimov Bakıda qalmağa məcburdur, xidməti vəzifələri onu şəhərdən çıxmağa qoymur. Sara isə (qohumları və uşaqları ilə) yayda Yessentukiyə, Kislovodska gedir, yaxud Mirzə müəllim özü işləriylə bağlı ezamiyyətlərə yollanır. Qısa müddətə ayrılsalar belə, Mirzə müəllim demək olar hər gün arvadına məktub göndərir və yalvarır ki, ona cavab yazsın, zira bu cavab məktubları “yorğun bədənimə güc və ruhuma qüvvət verir” deyə Mirzə İbrahimov yazırdı.
Əlbəttə, məktublar yalnız sevgi hisslərini ehtiva etmir. Respublikanın “böyüyü” Mir Cəfər Bağırovun özündən iltifat görən, gənc, lakin artıq ölkədə məşhurlaşmış yazıçı Sara xanıma onu çulğayan tərəddüdlərdən, yaradıcılıq əzablarından, beynində dolaşan bədii surətlərdən danışır, oxuduğu əsərlər haqda təəssüratlarını bölüşür. Çox oxuyur – özü də, təkcə zərurətdən oxumalı olduğu partiya qəzetlərini yox: Volterin məktublarını da, qədim yunan dramaturgiyasını da (Esxilin “Oresteya”sını, Sofoklun “Çar Edip”ini), yazıçının dediyinə görə düşüncələri onda “dramın yeni qavramı”nı doğuran Didronun əsərlərini də oxuyur. O, Didronun “Ramonun qardaşı oğlu” romanını tərcümə etməyə hazırlaşır və bu işə, onun fikrincə aşkar ədəbi istedadı olan Sarasını da qoşmağı arzulayır.
İşinin Mirzə İbrahimovu xeyli üzdüyü üzə çıxır (o, 1937-1942-ci illərdə Az.SSR Xalq Komissarları Şurası nəzdində İncəsənət İşləri üzrə İdarənin rəisi işləyirdi. 1942-1957-ci illərdə Az.SSR Maarif naziri olub). Mirzə müəllim bu barədə arvadına yazır: “... Mən işləmək üçün lazım olan çox keyfiyyətlərdən məhrumam... Gərək lazım gəldikdə başını əyməyi, min dənə “lakinlərdən” ibarət cümlələr qurmağı, susmağı, daxildəki qan atəşini söndürməyi, hətta yaltaqlanmağı belə bacarasan. Bütün bunlar mənə nə qədər yabancıdır. Bu isə çoxlarının xoşuna gəlməyir. Buna görə şəxsi mundirinə toxunduğum bir adam mənim “kommunistə layiq olmayan hərəkətlərim” məzmununda raykomda məsələ qoymuşdur”. Bundan başqa, yüksək vəzifə, gününü xidməti kabinetdə keçirmək zərurəti onu həyatının əsas işindən – yazıçılıqdan ayırır. Və bu, daxilində ixtilaf, ziddiyyət yaradır və yazıçıondan əziyyət çəkir: “Sən biləsən ki, bu üzərimə qoyulan naçalnik vəzifəsi məni neçə məhv edir. Bir yazıçı olaraq məhv edir. Min cür yollar, min cür düşüncələrlə özümə münasib gələn vəziyyətlə barışmağa can atıram. Heç şey çıxmayır...”. Başqa məktub da elə bu haqdadır: “Həyat böyük bir dəyirman daşı kimi hərlənir. Ona qarşı çıxan, qabağına keçən nə varsa, əzib dağıdır. Böyük bir dəyirman daşı kimi, Saracan! Yaratmaq üçün isə təbiətin özü belə sakitliyə möhtacdır”.
Lakin işlə yükləsələr də, rütbə və vəzifələr versələr də Mirzə İbrahimov öz yazıçılıq istedadını hər şeydən uca görür. O, Sara xanıma yazır ki, həyatda fransız yazıçısı Floberin devizini rəhbər tutmağa çalışır və ondan sitat gətirir: “Həmişə sənətlə məşğul olayım. O, xalqlardan, tac və şahlardan yüksəkdir. O, əbədidir və şahlıq taxtında ilhamla yüksəlir...”.
* * *
Yazıçının məişət, ailə, sırf özüylə bağlı təfsilatlar, düşüncə və planlarıyla yanaşı, onun yaşayıb-yaratdığı sərt, ağır, bəzən qəddar dövr də məktublarda əksini tapıb. Yazışmalarda məşhur yazıçıların, məsələn, “... qeyri-adi və böyük bir talant...” olduğu üçün ona hər şeyi keçdiyi Səməd Vurğunun, yaxud respublikanın qüdrətli “böyüyü” Mir Cəfər Bağırovun səciyyələndirildiyini görürük. Məktubların birində 1937-38-ci il repressiyalarını əks etdirən məqam var. Görünür, Mirzə müəllimin özünün mənfi münasibət bəslədiyi, bununla belə səmimi qəlbdən ürəyi yandığı adamın, onun müavininin arvadının həbsi epizodu əsl yazıçı qələmiylə parlaq və təsirli yazılmışdır.
Mirzə İbrahimovun 1945-1946-cı illərdə sovet missiyasıyla işlədiyi Cənubi Azərbaycandakı ab-hava, “ayaq yalın, çır-çılpaq, lüt, yoxsul” həmvətənlərinin Azərbaycan nümayəndə heyətini necə bir sevinc və ümidlə qarşıladıqları barədə İrandan yazdığı məktubları oxumaq maraqlıdır. O, çox sevdiyi Saraya yazır: “Mübarizə çox ciddi və qızğındır”, bu hadisələr “Azərbaycan xalqının tarixində çox şərəfli bir işdir”, lakin “hadisələrin harada və nə cür qurtaracağını demək çətindir.”.
Təəssüf ki, İrandan yazdıqları çox deyil, cəmi üç-dörd məktubdur. Kitabın sonunda Mirzə İbrahimovun həyat yoldaşına (Sara xanımın ərinə yazdıqları azdır) artıq XX əsrin daha sakit və firavan 50-60-cı illərində yazdığı məktublar yer almışdır. O, arvadına əsasən sanatoriyalardan, yaxud Yaradıcılıq evlərindən yazır, narahatlıqla uşaqlardan hal-əhval tutur, həyat yoldaşından xahiş edir ki, “onların uşaqlıqdan, təcrübəsizlikdən, bilməzlikdən doğan hər cürə səhv və yanlış addımları”nı bağışlasın. Və əlbəttə, Sarasına öz yazıçı “mətbəxindən” xəbərlər verir. Sara xanım öz hisslərinin ifadəsində daha lakonik və təmkinlidir. O, əsas etibarilə günlərin onsuz – sevimli ata və ər yanlarında olmadan necə keçdiyini təsvir edir, həyat yoldaşının səhhətindən narahatlığını bildirir, yaradıcılıq axtarışlarında onu dəstəkləyir.
“Komediyanı qurtardığın üçün səni təbrik edirəm. Əlbəttə, elə ləzzətlə işlədiyin əsər pis olmaz. Həm də sən elə yazırsan, hamısı gözəldir”.
“Romanın bir fəslini qurtarmağın məni sevindirir. Qəhrəmanların səni mühasirəyə almağı yaxşıdı. Ancaq özünü yoracaqdır. İşləməyin məni narahat edir. Bilirsən ki, çox xəstəliklər yorğunluqdan əmələ gəlir. Ona görə də gündə iki yox, üç saat gəzməlisən...”.
Əlbəttə, heyf ki, məktublar o qədər də çox deyil və tarixləri arasındakı fasilə belə böyükdür. Yazıçının qızı, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru Solmaz İbrahimovanın mənə söylədiyi kimi, bu məktubların sayı saxlandıqları Milli Dövlət Arxivində daha çoxdur, lakin bunlar Mirzə İbrahimovun demək olar ki, ömrümün sonuna qədər davamlı istifadə etdiyi ərəb əlifbasıyla yazılıb (baxmayaraq ki, latında da, kirildə də yazmağı bacarırdı). Buna görə məktubları əvvəlcə transliterasiya edib ərəb əlifbasından latın qrafikasına çevirmək, sonra isə rus dilinə də tərcümə etmək lazım gəlmişdir (kitabda məktublar əvvəlcə orijinalda, ardınca isə rus dilinə tərcümədə təqdim edilib). Bu, zəhmət tələb edən çətin işdir. Ona görə transliterator Aslan Kənana və tərcüməçilər Natavan Xəlilovayla Xanlar Ziyazadəyə Azərbaycan ədəbiyyatının klassikinə böyük hörmət və sevgi nişanəsi olaraq çəkdikləri zəhmətə görə xüsusi təşəkkür etmək istərdim. Əlbəttə, Mirzə İbrahimovun illərlə məhsuldar əməkdaşlıq və səmimi dostluq etdiyi insanın, “Azərnəşr”in direktoru Azər Mustafazadənin də kitabın ərsəyə gəlməsində əməyi bir daha qeyd edilməlidir. Arzu edərdik ki, Milli arxivin əməkdaşları bu nəcib işi davam etdirsinlər və biz XX əsrdə yaşamış yazıçı və şairlərimizin yazışmalarıyla tanış olaq. Bu dəyərli ədəbi irs xalqın malına çevrilməlidir!
Ümumiyyətlə isə bu məktublar -- əvəzsiz epistolyar janrı, yazı ünsiyyətinin zənginliyini seyrək SMS-lərlə, yaxud e-mail-lə qısa işgüzar məktublarla əvəz etmiş bizlərə, XXI əsr insanlarına sanki bir tənədir. Bəlkə də mən yanılıram: biz dostlarımız və tanışlarımızla bu gün saatlarla skayp vasitəsiylə ünsiyyətdə olur, sosial şəbəkələrdə yazışmalar aparırıq, odur ki, yəqin gileylənmək və deyinmək yersizdir. Mən, məsələn, hörmətli professor, bizim böyük dostumuz Rudolf Nikolayeviç İvanovdan tez-tez üslubu və tərzi etibarilə son dərəcə məftunedici məktublar alıram. O, köhnə ziyalılardandır və Sözə böyük əhəmiyyət verir.
Mirzə İbrahimovun həyat yoldaşı Sara xanımla yazışmalarına gəlincə isə mən onu oxuyub bu görkəmli yazıçını daha yaxşı tanımağa başladım və ona hörmət və məhəbbətim daha da artdı, baxmayaraq ki, bundan əvvəl də ehtiramım hədsiz idi. Mən həqiqətən fəxr edirəm ki, həyatımda bu gözəl, işıqlı insan olub!