Mənim əziz və dəyərli xalqım!
Tovuz döyüşləri kitabı Milli Məclisin Mədəniyyət Komitəsinin təşəbbüsü ilə çapa verilib.
Bildiyimiz kimi dünyaya səs salan 12 iyul 2020-ci il tarixindən başlayaraq Tovuz döyüşlərinin qəfil başlanması səbəbi növbəti düşmən təxribatı nəticəsində oldu. Bu təxribatın qarşısının alınmasındakı Əməliyyata Ordumuzun general - mayoru Polad Həşimov rəhbərlik edirdi. Tovuz rayonu istiqamətində gedən şiddətli döyüş zamanı ASQ-nin sərt cavab tədbiri nəticəsində düşmənlər geri çəkilməyə məcbur oldular. Bu hərbçilərimizin qəhrəmanlığı sayəsində oldu. Ermənilərin bir çox hərbi zirehli texnikası, müdafiə nöqtələri məhv edildi. Düşmən xeyli sayda canlı qüvvə itirmiş oldu. Buna baxmayaraq bu döyüşdə Azərbaycan Ordusununda 12 şəhidi oldu. Əsgərlərimizlə yanaşı yüksək rütbəli zabitlərimizdə Vətən uğrunda qəhrəmancasına şəhid oldular. Bu döyüşdə general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin şəhid olması xəbəri xalqı ayağa qaldırdı, xalqın əhvalında böyük ruh coşqunluğu yaratdı. Xalqımız şəhidlərimizi böyük izdihamla qarşıladı. Əllərində üçrəngli bayraq, şəhidlərimizin portetlərini tutmuş on minlərlə insan küçələrə, meydanlara axışdılar.
"Ya ölüm, ya Qarabağ", " Şəhidlər ölməz, Vətən bölúnməz" şüarı altínda uşaqdan-böyüyə, qocadan-cavana hər bir kəs əsgərlərimizə dəstək nümayiş etdirdilər. On minlərlə Azərbaycan oğlu könüllü olaraq orduya yazılmaq üçün müraciət etdilər. Artıq xalq ordusunun yanında idi. Bütün dünya xalqları Azərbaycan xalqının vətənpərvərliyini, şəhidinə olan sevgisini, həmrəyliyini gördü. Doğurdan da Tovuz döyüşləri bizim 44 günlük qələbəmiz üçün zəmin yaratdı. General-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin ruhları bir məşəl olub Qarabağa çıxan yolu işıqlandırdı. Bu, qələbəyə, zəfərə gedən yol oldu.
İndi rahat uyuyun, mənim şəhidlərim. Qanınız yerdə qalmadı. Məkanınız cənnət olsun.
Ruhunuz şad olsun: "Qarabağ Azərbaycandı".
Bilirəm, məsuddu indi ruhunuz,
Zəfər təntənəli dövrandır bu gün!
Şuşaya sancılıb Vətən bayrağı!
Qarabağ Azərbaycandır bu gün!
Mən də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev başda olmaqla şəhidlərmizin ruhlarına qələbə müjdəsini yetirmək üçün, əziz xatirələrini şad etmək üçün şeirlə gəlmişəm:
Qədim Qəbələdə 45 il öncə
Doğuldu, adını Polad qoydular.
Görən bildilərmi igid bir ömrə
Necə uyğun gələn bir ad qoydular?
Onların evinin pəncərələri
Müqədəs bir Pirə açıldı hər gün.
O Pirdən İlahi işıq dalğası
Onun ürəyinə saçıldı hər gün.
Uşaq yaşlarından o müdrik oldu,
Sanki zabit deyil, övliya idi.
Ürəyi nə qədər kövrək olsa da,
Döyüşdə yenilməz bir əsgər idi.
Hər bir əsgərinə komandir kimi
Ata qayğısı ilə baxan General.
Düşmənin başında bir şimşək kimi
Hər yerdə, hər zaman çaxan General.
Məhv eləmək üçün Generalımı,
Axır ki, Polada qurdular tələ.
Belə namərdliyi rüzgarın gözü
Dünya yaranandan görməyib hələ.
Amma sevinməsin qoy qarı düşmən,
Sinəmə çəksə də belə bir dağı.
Onun ölümüylə bir ovuc artdı
Şəhidlər bitirən Vətən torpağı.
İndi şəkillərdən o baxır bizə,
İndi heykəl ömrü yaşayır igid.
Dünyada ən böyük milli qəhrəman
Adını şərəflə daşıyır igid.
Yenilməz igiddən örnək olaraq,
Boy atır Vətəndə ərən oğullar.
Vətən səmasında bir qartal kimi
Polad qanadını gərən oğullar.
Yaşa Azərbaycan! Yaşa hər zaman,
Yolunda getsə də min tən dünyada.
Polad Həşimov tək oğulların var,
Sənə zaval yoxdu,Vətən, dünyada!
Çiçəkli çəməndi şair ürəyi,
Ordan min bir çiçək üzürəm, şəhid!
Mən bu misraları bir çiçək kimi,
Məzarın üstünə düzürəm, şəhid!
Güləmail Murad