Babama - Müseyib Xəlil oğlu Namazovun
əziz xatirəsinə ithaf olunur.
Babam haqqında çoxlarından xoş sözlər eşitmişəm. 1918-ci ildə - doğma Azərbaycanımızın müstəqillik, azadlıq hay-harayı ilə coşub-kükrədiyi o təlatümlü dönəmdə Samux rayonunun Çobanabdallı kəndində dünyaya gələn babamın ömür yolu da elə hamar olmayıb, yaşadığı illər sakit keçməyib. Deyərdim ki, ölkəmizdəki ab-hava qədər təlatümlər içində bir həyat yaşayıb.
Gənclik illəri II Dünya müharibəsinin ən çətin vaxtlarına təsadüf edib. 1941-1943-cü illərdə alman faşistləri ilə ön cəbhədə vuruşub, yaralandıqdan sonra isə arxa cəbhə fədailərinə qoşularaq müsəlləh əsgər kimi Vətən uğrunda gecə-gündüz istehsalatda çalışıb.
Müharibədən sonra təhsil almağı da unutmayıb babam. Sevib-seçdiyi şərabçılıq peşəsini hərtərəfli mənimsəməklə yanaşı, sənətinin bilicisi kimi 1954-cü ildə namizədlik dissertasiyası da müdafiə edib. Sovetlər dönəmində paytaxt Moskvada təşkil edilən şərabçılıq sərgilərinə dəvət alıb və bu sahənin ən yaxşı mütəxəssisi kimi dəfələrlə 1-ci yerə layiq görülüb, Fəxri fərmanlar və diplomlarla təltif olunub.
Deyilənlərə görə babam çox xeyirxah olub. Hər kəs onu qayğıkeş, mehriban, gülərüz, gənclərə daim dəstək olan, onların cəmiyyətdə müstəqil, öz gücləri, əməkləri ilə formalaşmalarından ötrü əlindən gələn köməyi əsirgəməyən bir insan kimi tanıyıb. Ən əsası isə o, hər kəsi öz işinə həmişə düzgün, vicdanla yanaşmağa çağırıb. Çünki özü belə insan olub - çörəyinə haram qatmayıb. Deməyə sözü olanda isə heç vaxt aciz qalmayıb. Ürəyindən keçənləri də gəncliyindən ta ömrünün sonuna - 1989-cu il iyulun 20-dək qələmin köməyilə söz-söz ağ vərəqlərə düzüb.
Nə yaxşı ki, babamın misralara düzdüyü "qəlbinin döyüntüləri" bizə yadigar qalıb.
Nə yaxşı ki, onun yazdığı şeirləri, nəsihətləri, təmsilləri oxuya-oxuya böyümüşük. Özümə borc bildim ki, babamın qəlbinin döyüntüləri hopmuş, illərdir evimizdə qorunub saxlanılan şeir dəftərlərindəki misraların bir kitabda toplanmasına vasitəçi olum. Onu da deyim ki, bu işi babamın xatirəsinə ehtiram əlaməti olaraq böyük qürur hissi ilə həyata keçirirəm.
İnanıram ki, acılı-şirinli dünyanın hər üzünü görərək 71 yaşında həyatla vidalaşan Müseyib Xəlil oğlu Namazovun - nurani bir ağsaqqalın qəlbindən süzülən misralar oxucular tərəfindən də həvəslə oxunacaq və dəyərli öyüd-nəsihətlər, sözsüz ki, onlar üçün də bir örnək olacaq.
NİCAT NAMAZOV