1896-cı ilin payızında fransız yazarı JÜL RENAR gileylənirdi ki: «Yenə şeir, hey şeir. Bir misra da poeziya olaydı!». Yüz iyirmi iki il müddətində fransız poeziyasının keçdiyi yol göz qabağındadır. Böyük, istedadlı və dünya miqyasında tanınan şairləri də olub, konyukturaçıları da. Eynilə bizim poeziyada olduğu kimi. Lakin mən inanmıram ki, Fransada Azərbaycandakı kimi az qala bütün xalq şeirlə nəfəs ala, çobanından tutmuş akademikinə qədər şeir aludəçisi ola. Hərçənd ki, deyilənə, yazılana görə, fransızlar daha hissiyyatlı xalqdı…Hətta mən ona da inanmıram ki, fransız xalqının az qala yarısı şeir yazmaq bəlasına mübtəla olsun. Mərhum şairimiz Fikrət Sadığın bir şeirindən bu misralar sanki yaşadığımız dünənin və bu dövrün mənzərəsini əks etdirir:
Mən sayım, sən sadala,
Gör kimlər şeir yazır.
Mühəndislər, polislər,
Həkimlər şeir yazır.
Bunu bildim, tanıdım,
Ta kimlər şeir yazır?!
Deputatlar, vəkillər,
Hakimlər şeir yazır.
Elmdən yorulanda
Alim də şeir yazır.
Qanı qara olanda
Müəllim də şeir yazır.
Adlayıb həmdəm zilə,
Şeir yazır naz ilə.
Yalançı bəstəçilər,
Yalançı müğənnilər
Şeir yazır hacılar,
Məşədilər, mollalar.
Evin tikilsin millət,
Bu qədər şair olar?
Bir kəlmə, söz müxtəsər,
Can, ay can, bir də ay can!
Şeir yazır sərasər
Bu boyda Azərbaycan!
Neyləyək, biz belə doğulmuşuq, «şair xalqıq». «Yenə şeir, hey şeir, Bir misra da poeziya olaydı» - az-çox ədəbiyyat aləminə qovuşandan sonra bu sayaq şikayətləri, giley-güzarı dəfələrlə eşitmişəm. Və indi şeir yazmağı, əksərən öz cibinin pulu ya hansı varlı sponsorunsa köməyilə şeir kitabı nəşr etməyi heç kimə qadağan etmək olmaz. Kimə məlum deyil ki, bu şeirlər və bu şeir kitabları xalis qrafomaniyanın bəhrələridir. Və indi tənqidçiləri də məcbur edib bu qrafoman şairləri bircə-bircə bəsitlikdə, qafiyəpərdazlıqda, məzmunsuz şeir yazmaqda təqsirləndirmək də mümkün deyil. Əgər televiziya kanallarında müğənni xanım Elza Seyidcahan bir şair kimi təqdim olunursa, şeiri gözdən solan «şeirlərini» oxuyursa, hətta ARB kanalının «Xalq şairi» şeir
müsabiqəsində münsiflər heyətində yer tutursa… izahata ehtiyac qalmır. Ancaq bu o deməkdimi «bir misra poeziya» tapmaq çətindir, təbii ki, belə deyil. Lap qatı pessimist olaq: fikirləşək ki, ötən onilliklərdə olduğu kimi, indi Azərbaycanın hər qarışında bir şeirçi bitsə belə, yenə xalqa çatası və xalqın qəbul elədiyi şairlərimiz az deyil. Bəli, biz saysız-hesabsız konyukturaçı nəzmkarların, kitablarının üz qabığı şeirlərindən qəşəng olan şairciklərin əhatəsindəyik, «şeir» sarıdan qətiyyən korluq çəkmirik, narahatlığımız poeziya sarıdandır.
ŞEİR VƏ POEZİYA.Mən bir neçə dəfə bu iki sözün bir-birindən fərqli mənalarını izah etməyə çalışmışam və təxminən əlli il öncə məşhur Argentina şairi Armando Texado Qomesin müxbirlərlə müsahibə zamanı «Siz poeziyaya şansı tələblərlə yanaşırsınız?» sualına verdiyi cavabı misal gətirmişəm: «Ən başlıca tələb odur ki, poeziya əsl poeziya olsun. Mən zarafat etmirəm, düz sözümdür, şeiri hamı yaza bilər. Amma unutmayın ki, şeir hələ poeziya deyildir, şeir poeziyanı ifadə etmək üçün yalnız bir vasitədir. Sözlər, misralar unudula bilər, qalan nədirsə, o - poeziyadır. Yaddaqalan sözlər və misralar da ola bilər, onları yadda saxlayan, yaşadan da poeziyadır». Ona görə də mən çalışacağam 2017-ci ilin yaddaqalan, təkcə yazıldığı, işıq üzü gördüyü gündə deyil, sabah da, hətta XXI əsrdə də yaşaya biləcək poeziya nümunələrindən söz açım. Bir-iki məqam istisna olmaqla illər boyu icmallarda təkrar olunan bir sxemdən də imtina edəcəyəm. Yığın-yığın adlar - imzalar siyahisinə elə bir ehtiyac duyulmayacaq.
İndi isə, ilk növbədə, 2017-ci ilin şeirini statistika nöqteyi-nəzərindən incələyək. Mən hər ay, bəlkə, hər gün müxtəlif nəşriyyatlarımızın istehsal etdiyi şeir kitablarını bu statistik mənzərəyə daxil eləmirəm, çünki bir il ərzində 300-400 şeir kitabı nəşr olunursa (bəlkə, daha artıq!), özü də bu şeir kitablarında əksərən ötən illərin şeir nümunələri öz əksini tapırsa və öncə qeyd etdiyim qrafomaniya məmulatları ilə orta həddi və yüksək ədəbi meyarları özündə əks etdirən şeir kitablarına nəşriyyat hadisəsi və oxucu marağı kimi baxıram. Həm də bu şeirlərin müəyyən qismi mətbuatda, xüsusilə ədəbi orqanlarda dərc edilir.
Şeir kitabları çox nadir hallarda ədəbi hadisəyə çevrilir və 2017-ci ildə hələ ki, belə ədəbi hadisənin şahidi olmadım. Ancaq hər bir şeir kitabı səviyyəsindən asılı olmayaraq, həm onların müəlliflərinə, həm də oxuculara sevinc bəxş edirsə, qoy çap işi dayanmasın, qoy nəşriyyatların dəyirmanları gecə-gündüz işləsin. Ona görə də biz 2017-ci ilin şeir mənzərəsini canlı proses kimi təsəvvür edirik, yəni yalnız 2017-ci ilin orijinal şeirləri haqqında söhbət açaq. Bu canlı prosesi izləmək üçün Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan «Azərbaycan» və «Ulduz» jurnallarına, «Ədəbiyyat qəzeti»nə, həmçinin öz səhifələrində daim şeir dərc edən «525-ci qəzet»ə, «Ədalət» və «Kaspi» qəzetlərinə üz tutacağıq. Statistik mənzərə belədir: «Azərbaycan» jurnalı il ərzində 73 şairin şeirlərini çap edib, orta hesabla hər şeir 20 misradırsa, bu 14000 misra şeir deməkdir. «Ulduz» jurnalında bir il ərzində 96 müəllifin şeirləri işıq üzü görüb, əksəriyyəti cavan şairlərdir, təxminən 12000 misra şeir bəzəyir «Ulduz»u. «Ədəbiyyat qəzeti»nə boylanıram. Bir-iki nömrəsi qoşalaşan qəzet 51 nömrəsinin hər birində orta hesabla 500, bəzən 600 misra şeir çap edir, təxminən 150-160 müəllifin 25000 misrası ilə qarşılaşıram. Mən «525-ci qəzet», «Kaspi» və «Ədalət» qəzetlərinin hər şənbə, hətta həftəiçi nömrələrində dərc edilən şeirlərini hesablamadım. Bu qəzetlərin içində «Kaspi» xüsusilə şeir çap eləməyəhəvəslidir, «Ədalət» qəzeti də lap əzəldən şeirlə nəfəs alır, «525-ci qəzet» də həmçinin. Qeyd edim ki, şeir tərcümələrini bu statistikaya daxil eləmirəm.
Göründüyü kimi, statistik mənzərə kəmiyyət baxımından ürəkaçandır. Sovet dönəmindəki QLAVLİT qorxusu, nəşriyyatların illik çap planına düşüb-düşməmək ehtimalı yoxdur. Ancaq məni də, sizi də düşündürən bir suala cavab axtarıram - müasir Azərbaycan şeiri müasir Azərbaycan insanının estetik zövqünü, mənəvi tələbatını lazımınca ödəyə bilirmi? Füzulinin «Ver sözə ehya ki...» kəlamı, Nəsiminin «Dinləgil bu sözü kim, candır söz» həqiqəti bu gün reallaşa bilirmi? Gəlin, bədbinliyə qapılmayaq. İki səbəbdən nikbin olmağa əsas var. Birincisi: «Ot kökü üstə bitər» - müasir Azərbaycan şeiri öz kökündən - əsrlərin yaşarı ənənələrindən qətiyyən uzaqlaşmır və uzaqlaşa da bilməz. İkincisi: müasir Azərbaycan şeiri milli olduğu qədər də bəşəridir və dünya ədəbiyyatında baş verən proseslər - hər tövr yeni və modern meyllər, axınlar, cərəyanlar Azərbaycan şeirində nəşv-nüma tapır, bu modernizm, bu postmodernizm, bu dekadentizm, bu simvolizm. Buyur, istedadın varsa ya da formalist məharətinə yiyələnmisənsə, hansı stildə, hansı vəzndə yazırsansa, yaz. Və çox maraqlıdır ki, bəzi istisnaları nəzərə almasaq, ötən illərdəki ənənəçilərlə novatorçuların «döyüşlərinə» də təsadüf etmirik. Çünki bir də görürsən, şeir aləminə qoşma və gəraylı ilə gələn cavan bir şair az sonra postmodern şeirlər yazır və ya əksinə, Qərb şeir modasına aludə olan birisi qoşmaya, gəraylıya, hətta təcnisə keçir. Ancaq bizi şeirin – bizim axtarışlarımızın məqsədi olan poeziya nümunələrinin hansı vəzndə, hansı mövzuda yazılmasından asılı olmayaraq, bədii keyfiyyəti düşündürür. 1965-ci ildə görkəmli tənqidçimiz Məmməd Arif Dadaşzadənin «Poeziya və keyfiyyət» məqaləsi bizim üçün heç də köhnəlməyib və o məqalədən bu mülahizələri xatırlatmaq istəyirik: «Poeziya və keyfiyyət. Bu sərlövhə çoxlarına qəribə görünə bilər. Doğrudan da, poeziya yüksək keyfiyyət deyilmi? Poeziya
dedikdə ədəbiyyatın, bədii yaradıcılığın, sənətin ən gözəl nümunəsi təsəvvür olunmurmu? Lakin nə edəsən ki, poeziya adı ilə bəzən meydana zəif əsərlər meydana çıxır. Belə hallarda sənət pərisi və gözəlliyi üçün narahat olmağa başlayır, keyfiyyət qeydinə qalırsan. Bir də ki, indi bizdə keyfiyyət uğrunda mübarizə günün əsas şüarlarındandır».
«Keyfiyyət uğrunda mübarizə!» - bunu, qətiyyən yalnız «sovet şüarı» kimi qəbul eləmirik. Çünki həqiqi şeir özü elə keyfiyyət deməkdir. Obrazlı şeir, Azərbaycan dilinin gözəlliyini nümayiş etdirən şeir, orijinal bədii təsvir vasitələrinin zənginliyi ilə diqqəti cəlb edən şeir, hər cür əllaməçilikdən, mücərrədçilikdən uzaq olan şeir.
Sən Allah, bu gülü yasa aparma,
Bu gül ləçəyində başqa həyat gör,
Bu qızıl güllərdən mənə qanad hör,
Sən Allah, bu gülü yasa aparma.
Qızıl dan yerindən rəng alıb bu rəng,
Göylərdən nur alıb, günəşdən çələng.
Bu doğulmaq üçün, uçmaq üçündür,
Qövçi-qüzeyləri qucmaq üçündür,
Sən Allah, bu gülü yasa aparma…
Bu ilahi güllər qırmızı donda
Mənim də sinəmdə bitmişdi onda-
O da ilk məhəbbət alovlarıydı,
Bu, 81 yaşlı Musa Yaqubun şeiridir. Onu izah eləməyə, oradakı məna incəliklərini, Azərbaycan şeirinə məxsus poetik ustalığı açıqlamağa ehtiyac varmı? Əsl poeziyadır. «Sən Allah, bu gülü yasa aparma!» - bu misra artıq bir kəlam, bir poetik ahəng kimi insanın iç dünyasına hopa bilər... Musa Yaqub haqqında hamımız deyirik ki, o, təbiət şairidir, Səməd Vurğunun, Hüseyn Arifin, Nəbi Xəzrinin, Qasım Qasımzadənin, Hüseyn Kürdoğlunun, Məmməd Aslanın hərarətlə vəsf elədiyi bu gözəllik dünyasının tərənnümçüsüdür. Ancaq o da var ki, Musa Yaqub təkcə təbiəti poeziyaya gətirmir, insanın içindəki təbiəti - eşqin, insanlığın gözəlliyini şeirə çevirir. Amma indi onun başqa bir şeirinə diqqət yetirin:
Bu dünya Kəbədən ibarətdisə,
Haqqa, ədalətə ibadətdisə,
Bir az sənin üçün savab toplayıb,
Sonra da Cənnətə ziyarətdisə -
Bu qədər hiylələr, fitnə-fəsadlar,
Bəs günahxanalar nədən ötrüdü?
Zorlar, zorxanalar, cəbbəxanalar,
Bu silahxanalar nədən ötrüdü –
Şeytanın gücünü bildirmək üçün?
Ancaq vurub-yıxıb öldürmək üçün?
Azadlıq nə gəzir bu yer üzündə…
Tanrım! Götür məni o maviliyə,
Mən də bir Ruh kimi özümü görüm –
Azadlıq nə gəzir bu yer üzündə.
Bir gözəllik və gül aşiqinin - qızıl dan aşiqinin poetik ahənginin birdən-birə dəyişməsi heç də təəccüblü deyil. «Gərçi-mühiti-əzəməm, adım Adamdır, adəməm, Tur ilə kün-fəkan mənəm, mən bu məkana sığmazam» misraları ilə «Yanaram eşqindən, axər gözlərimdən yaşlər, Firqətin dərdi çıxardı ürəyimdən başlər» misraları da eyni şairindir - Hürufi Nəsiminin və Aşiq Nəsiminin. Bizim böyük şairlərimiz həm gözəlliyi, eşqi vəsf ediblər, azadlığı, istiqlalı alqışlayıblar, həm də həyatdakı, cəmiyyətdəki, dünyadakı pislikləri lənətləyiblər...
Heç də düşünmürük ki, şeirimizin yaşlı nəsli - Nəriman Həsənzadə, Fikrət Qoca, Abbas Abdulla, Musa Yaqub, Məmməd İsmayıl, Əşrəf Veysəlli, İltifat Saleh, Vaqif Nəsib, Oqtay Rza, Yusif Həsənbəy, Firuzə Məmmədli, Kəmalə Ağayeva, Eyvaz Borçalı, Ramiz Məmmədzadə, Məmməd Kazım, Ənvər Əhməd, Ağasəfa Yəhyayev, Vahid Əziz, Ramiz Duyğun (mən bu sıraya Ramiz Rövşəni, Çingiz Əlioğlunu, Sabir Rüstəmxanlı da əlavə edirəm) bu gün sözlərini deyib qurtarmış şairlərdir. Əksinə, onlar yenə cavanlıq ehtirası və şövqü ilə yazıb-yaradırlar, 60-70-ci illərin Nəriman Həsənzadəsi yenə «ürək dililə» danışır, Fikrət Qoca yenə həyatın, bu böyük dünyanın gözəlliklərinə aşiq, mənfi hallarına dözümsüzdür. Firuzə Məmmədli qadın dünyasının zərifliyini, saflığını, kövrəkliyini, həm də milli-mənəvi sərvətlərimizi vəsf edir.
Məmməd İsmayıl qürbətdə yaşasa da, bütün şeirlərində «Vətən» deyir. Vahid Əzizə sanki ikinci ilham gəlib, şeirlərinin ən gözəlini bu yaşda yazır. Çingiz Əlioğlu poetik axtarışlardan yorulmur, Sabir Rüstəmxanlı altmışıncı illərdə yazdığı «Vətən» şeirini «Vətən və Azadlıq» dastanına çevirir. Ramiz Rövşən hətta təzə şeir yazmasa da, həmişə oxucuların sevimli şairi olaraq qalır.
Bu günün-müasir Azərbaycan şeirinin yükü və ağırlığı, inkişaf və perspektivi «səksənincilərin», «doxsanıncıların» çiyninə düşür. Onlar bu missiyanın öhdəsindən gələ bilirlərmi? Hər halda, 2017-ci ilin şeir mənzərəsində bu suala cavab axtararıq. O nəsildən üç istedadlı şairin - ürfan düşüncəli Akif Səmədin və modernist Adil Mirseyidin, bu yaxınlarda isə Sabir Sarvanın ölümü bizdə təəssüf hissi doğurur, amma şükür ki, bu nəslin «yarpaq tökümü» hələ seyrəkdir, onların bir çoxu indi yaşlarının kamillik mərhələsinə çatıb. Hiss olunur ki, şeirimizin yeni bir mərhələyə - əvvəlki onilliklərdən fərqli bir özəlliyə malik olması məhz yaşları əlli-altmış çevrəsində olanların xidməti az deyil. Onlar şeirimizin yaşarı ənənələrindən qətiyyən üz çevirməyiblər, əksinə, bu ənənələri yeni ifadə tərzi, sözün rəngarəng çalarları, bədii təsvir vasitələri, dilin poetik imkanları ilə cilalayırlar. Zirəddin Qafarlı bir şeirində yazır ki: «Bu dünya Nizami dünyası imiş, Bu dünya Nəsimi dünyası imiş, Gör hara gəlmişəm ürək eyləyib!» - deməli, ənənəyə bağlılıq zəncirini qırmaq mümkün deyil. Amma ənənə deyəndə heç də heca vəzninə, qoşmaya, gəraylıya
«sədaqət» hissindən söhbət getmir. Söhbət «köhnə havalarda» yeni notlar səsləndirməkdən gedir. Biz 2017-ci ilin şeir mənzərəsində ən gözəl qoşma, gəraylı, ümumiyyətlə, heca şeiri axtarışına çıxdıq və doğrudan da, sayı-hesabı bilinməyən o şeirlərin içərisində kəmiyyətcə az olsa da, XXI əsrin poetik təfəkkürünü əks etdirən nümunələrlə də qarşılaşdıq. Vaqif Bəhmənli, Ramiz Qusarçaylı, Əjdər Ol, Ağacəfər Həsənli, Musa Ələkbərli, Adil Cəmil, Nisə Bəyim, Barat Vüsal, Əlizadə Nuri, Əlirza Həsrət, Balayar Sadiq, İlham Qəhrəman, Əli Rza Xələfli, İslam Sadıq, Fərqanə Mehdiyeva, Rəşad Məcid, Zakir Fəxri, Zakir Məmməd, Fəxrəddin Teyyub, Kəmaləddin Qədim, Məmməd Qədir, Ədalət Salman, Ağamir Cavad, Avdı Qoşqar, Yusif Nəğməkar, Əbülfət
Mədətoğl, Fəxri Uğurlu… Demək olar ki, cüzi yaş fərqini nəzərə almasaq, bir ədəbi nəslin nümayəndələridir bu şairlər və heca şeirinin müasir durumu ilə tanış olmaq üçün onların şeirlərini oxumaq kifayətdir. Bu şairlər sərbəst şeirlər də yazırlar, amma onlar heca şeiri üzərində kökləniblər. Çox sayda misallar gətirməkdən imtina edirəm, yalnız Ramiz Qusarçaylının «Anama» şeirini misal gətirəcəyəm:
Ürəyim üstündə şam bənövşəsi,
Ayrı nəyim var ki, yanası, anam.
Sənsən gülşənimin qəm bənövşəsi,
Sənsən göz yaşımın sonası, anam.
Ovunmaz bu dərdim hər simin üstə,
Qar üstdən qar yağır səbrimin üstə,
Elə ağlayardım qəbrinin üstə,
Qorxdum ki, uçular binası, anam.
Bu zalım fələyin üzü ağ olsun,
Dağı düzdə qalsın, düzü dağ olsun,
Sevməyən kim varsa, canı sağ olsun,
Məni sevənlərin anası, anam,
Sən ey göz yaşımın sonası, anam.
«Heca şeir, yoxsa sərbəst şeir» - bu yaxınlarda «Ədalət» qəzetində altı müəllifin (beşi şair, biri tənqidçi) iştirakı ilə keçirilən bir sorğunu izlədim. Sorğuda belə bir sual verilir: «Azərbaycan ədəbi mühitində sərbəst şeiri şeir hesab etməyən kifayət qədər şair, oxucu var. Onların içində həm də sərbəst şeir yazanlara nifrət var və mübarizə aparırlar. Sizcə, bunun səbəbi nədir?» - doğrusu, jurnalistin hazırladığı bu sual məni çox təəccübləndirdi. İndi hansı zamandı belə, şeirin iki vəznini iki qoç kimi üz-üzə gətirəsən? İndi hansı zamandı belə, deyəsən ki: «sərbəst şeir yazanlara nifrət var». Əlbəttə, şairlərin və oxucuların içində heca şeirini ya sərbəst şeiri bəyənməyənlər tapılar, ancaq adına ŞEİR dediyimiz ədəbiyyat üçün vəzn söhbəti çoxdan köhnəlib. Nazim Hikmət hansı bir müsahibəsində isə deyirdi ki: «Mən hecada da yazmışam, sərbəstdə də. Fərqinə varmamışam. İstəyirsən o şeiri dənizin dibində yaz, istəyirsən küləkli havalarda, istəyirsən qışda, istəyirsən baharda yaz, təki ortada ŞEİR olsun. Sözlərin yaratdığı gözəllik olsun».
Adını çəkdiyim sorğuda ən ağıllı cavabı və həm də ən xoşagəlməz cavabı poetik istedadına heç bir şübhə etmədiyim Aqşin Yenisey verir. Onun sözləridir: «Bu, bir zövq məsələsi olmaqdan ziyadə daha çox ustalıq məsələsidir. Heca şeirini xalqa sevdirən oynaq ritmlə yanaşı, onu ustacasına yazan şairlərin olmasıdır». Doğru cavabdır. Amma görün, Aqşin Yenisey sonra nə yazır: «Heca şeiri təbiətdən tam ayrılmamış, urbanizasiyaya az məruz qalmış, üsyan edəcək sosial problemləri kəskin olmayan insanların şeiridir.
Təsadüfi deyil ki, heca şeiri Azərbaycanda içki məclislərinin bəzəyidir. Mən özüm də içdiyim dövrlərdə həmişə hecada yazan şairlərimizin şeirlərini oxuyurdum». Belə çıxır ki, heca şeirini o adamlar sevir ki, onların sosial problemləri kəskin deyil və dərd-qəm başlarında tüğyan eləmir, içki məclislərində də durub heca vəznində şeir oxuyurlar. Məncə, ən azı altı yüz illik tarixi olan heca şeirini bu sayaq gözdən salmaq olmaz. Təbii ki, toyda da, ad günlərində də, içki məclislərində də şeir oxunur. Amma təkcə heca şeiri yox - qəzəl də oxunur, qoşma da, lap sərbəst şeir də. Ona görə də bu gün hansı vəzninsə irəlici olduğunu təyin eləməyə cəhd göstərmək bəsitlikdir. Təbii ki, heca şeirində müəyyən çərçivə, ölçü-biçi, şeir texnologiyasının əsrlərdən bəri sabitləşmiş qayda-qanunları, sərbəstdə isə fikrin, ifadənin, hətta qafiyənin çərçivəyə sığmayan normaları. Əlbəttə, hecada olduğu kimi, sərbəst şeirdə də maraqlı nümunələr az deyil.
Hara getdim, dara düşdüm
Atamın ayaqları süründü arxamca
İndi
Atamın ayaqları Sibirdi
Özü kimi ayaqları da yuxusuz…
Üz sürtdüm ayaqlarına,
Qəlpə giziltisindən
Diksindi qulaqlarım.
Çəliyi ayaqlarına başdaşı Atam!
Səcdənə gəldim,
Ayaqlarını suya qoy.
Dirilik suyu kimi ayağının suyunu içim Atam oy!
Əlimdən nə gəlir daha
Ayaqlarımı verim, yeri, Atam!
Laylay atam, ayaqlarına laylay!
Ayaqlar yuxusuz, əlləri oyaq, ürəyi diridir! Pir atam!
(Əlisəmid Kür. «Atamın ayaqları»)
Sevgilər azalır yaman,
Ayrılıqlar çoxalır ölkədə.
Sevgilərin çoxu gedir Avropaya
Azı qalır ölkədə.
Məhkəmələr soyuda bilmir ayrılıqları,
Uşaqları bölə bilmir valideynlər,
Köçür Avropaya
Laylalar və nəğmələr.
Qızlar oğlanların qara telindən ayrılıb gedir,
Oğlanlar qızların çiçək əllərindən.
Əl daşınır,
Tel daşınır ölkədən.
Neft kimi
Azalır sevgilər.
(Qəşəm Nəcəfzadə)
Mən səni elə sevirdim, vətən,
Şəhid qəbirlərinə
qərənfillər düzülməmişdi.
Xocalı əsir düşməmişdi.
Mən səni elə sevirdim, vətən,
Quşlar göy üzünü sevəntək.
Mən səni elə sevirdim, vətən,
Pioner balaların gül daşıyırdı
Bolşeviklərin bəzəkli məzarına.
Proletar balaların inanırdı
Kommunizmin nağılına.
Bir də
səni o cürə sevməmək
o vaxt
Gəlməzdi heç kəsin ağlına.
Mən səni elə sevirdim, VƏTƏN,
Çünki
sən
məndən çox,
özgənin idin
o vaxt.
(Gülnarə Cəmaləddin)
Əlbəttə, bu gün həm heca, həm də sərbəst vəzndə yazılan külli miqdarda şeirlər içində bir şeir kimi yadda qalmayan, sadəcə, lap öncədən dediyim o qrafomaniya məmulatları az deyil. Bəzən unudulur ki, sərbəst şeirdə də ritm olmalıdır, obrazlı ifadələr işlənməlidir, sərbəst şeir adi danışıq səviyyəsinə endirilməməlidir, həmçinin şeirin yaraşığı olan qafiyəyə də yer verilməlidir.
Mən 2017-ci ilin sərbəst şeirlərini diqqətlə nəzərdən keçirdim və şəxsən belə düşünürəm ki, bu günkü sərbəstçilər Rəsul Rza, Əli Kərim, Vaqif Səmədoğlu, İsa İsmayılzadə, Camal Yusifzadə, Tofiq Abdin, Abbas Abdulla, Vaqif Nəsib, Çingiz Əlioğlu, Vaqif Bayatlı kimi şeirin bu «ərazisində» təzə naxışlar, çalarlar yaratmağa can atırlar. Səlim Babullaoğlu, Dəyanət Osmanlı, Əhməd Qəşəmoğlu, Qəşəm Nəcəfzadə, Emin Piri, Ramil Əhməd, Rəfail Tağızadə, Mahirə Abdulla, Tahir Taisoğlu, Qismət, Aqşin Yenisey, Zahir Əzəmət, Narıngül sərbəst şeir məkanında məşhurlaşıblar.
Şeir haqqında, poeziya barədə söz açırıqsa, ilk növbədə, istedad və onun şeirdə necə, hansı poetik vasitələrlə ifadə edilməsi bizi düşündürməlidir. Vaxtilə Belinski «Lermontovun şeirləri» adlı məqaləsində yazmışdı: «Poeziya həyatın ifadəsidir. Daha yaxşı deyilsə, həyatın özüdür. Hələ bu azdır, poeziyada həyat həyatın özündə olduğundan daha həyatidir. Poeziya təcrübədən keçmiş, sınanmış bir ruhun bütün qüvvətinə yiyələnmiş, həyat mübarizəsinə və qəhrəmanlığına hazır olan bir erkək qəlbinin qüvvətidir. Bütün dünya, bütün rənglər, səslər, təbiət və həyatın bütün formaları poeziyanın predmeti ola bilər. Lakin şair naturasının xüsusiyyəti nədədir? O, başqalarından nə ilə fərqlənir? Şair başqalarına görə daha dərin hiss etmək qabiliyyətinə malik olan, həm dərindən kədərlənməyi, həm də şadlanmağı bacaran bir naturadır. Yerin, göyün, təbiət və bəşər ruhunun sirlərini hər kəsdən əvvəl bilmək şairə məxsusdur. Harada ilham saxta deyildirsə, orada poeziya vardır və kimin naturasında həqiqi ilham varsa, şairdir».
Dahi rus tənqidçinin bu fikirlərini xatırladıqca, nə heca şeiri, nə sərbəst şeir, nə əruz şeiri barədə düşünürsən, ancaq istənilən bir vəzndə, istənilən bir formada yazılan şeirdə sənin yaddaşında yaşaya biləcək sözlər, misralar qalacaq. Bir anlığa lap yaxın keçmişi xatırlayaq. Azərbaycan poeziyasının bir sıra ən gözəl nümunələri altmışıncı, yetmişinci, səksəninci illərdə yaranmamışmı? İndi dimdiyindən sarılıq getməmiş bir-iki quşbala cavan şair Bəxtiyar Vahabzadəyə, Xəlil Rzaya, hətta Mirzə Ələkbər Sabirə, Səməd Vurğuna, Rəsul Rzaya, yəni şeirimizi yaradan insanlara böhtanlar yağdırırsa, bunu anlamaq çətin… Keçmişi, yəni bizdən uzaqlaşan, artıq xatirəyə çevrilən yaxın keçmişi anmaq xoşdur və biz nə o keçmişdən, nə də o keçmişdə yaradılan gözəl şeirlərdən imtina edə bilmərik. Səməd Vurğunun «Azərbaycan», «Düşüncələr», «Şair, nə tez qocaldın sən?», «Mən tələsmirəm», «Dağlar», Süleyman Rüstəmin «Ana və poçtalyon», «Cənub şeirləri», qəzəlləri, Mikayıl Müşfiqin «Duyğu yarpaqları», «Oxu, tar», «Yenə o bağ olaydı», Rəsul Rzanın «Mən torpağam», «İnsan şəkli», «Rənclər» silsiləsi, Osman Sarıvəllinin «Gətir, oğlum, gətir», Əhməd Cəmilin «Can nənə, bir nağıl de», Bəxtiyar Vahabzadənin, Qabilin, Hüseyn Arifin, Qasım Qasımzadənin, Hüseyn Kürdoğlunun, Əliağa Kürçaylının, Balaş Azəroğlunun, Nigar Rəfibəylinin, Əli Kərimin, Cabir Novruzun, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Məstan Günərin, Fikrət Sadığın, Sərdar Əsədin, Tofiq Bayramın, itkisi hələ də bizi göynədən Vaqif Səmədoğlunun, Zəlimxan Yaqubun, Ələkbər Salahzadənin, Məmməd Aslanın, Camal Yusifzadənin şeirlərinin illər boyu bizə aşıladığı o poetik sehirdən necə ayrıla bilərik? Görkəmli tənqidçi Yaşar Qarayev məqalələrinin birində yazırdı: «Yaddaşı olmayan ədəbiyyat – yalnız yaddaşı olmayan xalqın nəsibidir, siması olmayanın tarixi taleyi, zatı və nəsli, əsli və nəcabəti olmayanın alın yazısıdır. Ufüq, səma, göy-daş saxlamadığı kimi, mənəvi və əxlaqi boşluq da yaddaş saxlamır. Millət - genetik səviyyədə, yaddaş - ağrı səviyyəsində dərk olunmuş vəhdətdən və bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var. Əslində, nəinki təbiət və insan, ekologiya və poeziya da yaddaşdır, həqiqi böyük poeziya - ümumbəşəri yaddaşdır». Bu gün bəzi cavanların klassikləri anlamamaq, dərk etməmək gücsüzlüyünün, acizliyinin səbəbi məlumdur, klassikanı anlamaq müşküllüyü var ortada, amma Səməd Vurğunun, Rəsul Rzanın, Xəlil Rzanın, Bəxtiyar Vahabzadənin «inkarı» boş və mənasız
təşəxxüsdən irəli gəlmirmi? Burada sözün əsl mənasında yaddaş itkisi baş verir.
Mətləbdən uzaqlaşmayaq. Öncədən belə bir sual vermişdik ki, 2017-ci ilin şeiri XXI əsr Azərbaycan insanının estetik zövqünü, tələbatını ödəyə bilirmi? Dünyaya, həyata, insana, təbiətə, gözəlliyə, real həyatda baş verən hadisələrə şeir necə reaksiya verir? Bir sözlə, şair və şeir bolluğunda boğuluruq, yoxsa şeir bizi bu mürəkkəb dünyanın qayğılarından xilas edir, yaşamağa, düşünməyə, sevməyə səsləyir? Həmin suallara cavab verməyin iki yolu var - ya biz 2017-ci ilin şeirlərini ənənəvi mövzuları üzrə izləməli, hər bir mövzuda yazılan uğurlu şeirləri nümunə göstərməli, sonra da bu mövzularda nəzərə çarpan qüsurları qeyd etməliyik, bir-iki kəlmə də sənətkarlıq məsələlərindən söz açmalıyıq - bu, birinci yol və deyim ki, illərdən bəri şeir təsərrüfatına belə bir baxış, rəhmətlik Aydın Məmmədov demiş, «mühasibat əməliyyatını» xatırladacaq. «Nə yaxşıdır, nə pisdir» prinsipi artıq ədəbi tənqidin köhnəlmiş iş metoduna qayıtmaq deməkdir. İkinci yol isə 2017-ci ilin şeirlərini ədəbi cərəyanlar üzrə təhlil etmək yoludur. Vaxtilə bizim tənqidçilərdən biri 1998-ci ildən sonra meydana çıxan poeziya nümunələrini milli realist şeir, simvolik şeir, modernist şeir və postmodernist şeir bölgüləri üzrə qruplaşdırmışdı və bəzi məqbul cəhətlərinə baxmayaraq, bu bölgü Azərbaycan poeziyasının müasir vəziyyətini heç də düzgün əks etdirmədi.
Çünki o şairlər ki, modernist şeir və postmodernist şeir bölgüsünə daxil edilmişdi (Qulu Ağsəs, Ağayar Şərif), bu ədəbi cərəyanların həmin şairlərin yaradıcılığına heç bir dəxli yox idi. Bizim poeziyada simvollar, rəmzlər istənilən qədərdir, lakin bunlar bütövlükdə «simvolik şeir» cərəyanını yaradırmı? Ona görə 2017-ci ilin şeirlərini müəyyən mövzular və ədəbi cərəyanlar üzrə deyil, bizi düşündürən bəzi problemlərlə bağlı gözdən keçirəcəyik.
Azərbaycan şeirinin milliliyi, özəl xüsusiyyətləri ilk növbədə, müasir ədəbi dilimizdə öz əksini tapır. Əli Kərimin «Üçüncü atlı» poemasında rus şairi Lermontov deyir ki:
Bu şirin dilini yaratmış güman,
İlahi damağı çağ olan zaman.
Tar üstə, saz üstə bəsləmiş onu,
İlk dəfə avazla səsləmiş onu.
Bu dildə varlığın hər sədası var;
Bir neçə sait də düşməmiş kənar.
Nəinki hər səsi, hər yarım səsi,
Dinlə sədaların zərrəsini sən.
Bu dil təmizlikdə uşaq nəfəsi,
Gözəllik utanır bu incə dildən.
Dilimizin gözəlliyini, «nərmi-nazikliyini», qəlbimizin ən dəruni hisslərini ifadə etdiyini, kədərimizi, qəzəbimizi, harayımızı, fəryadımızı ilk növbədə, şeirimizdə, bədii sözümüzdə hiss edirik. Akademik Nizami Cəfərov yazır: «Məlum məsələdir ki, mükəmməl forma həllini tapa bilməyən poeziya əsl poeziya deyil - istər əruzda, istər hecada, istərsə də sərbəst şeirdə olsun.
Şairə «belə yaz, elə yaz, bu sözü, bu cümləni, bu təşbihi elə işlətmə, belə işlət» demək absurddur. Onu şair bilir, əgər bilmirsə, - demək, şair deyil. Ana dilinin keşiyində birinci növbədə məhz şairlər dururlar. Onlar ana dilini bir mərhələdən digər mərhələyə, bir dövrdən digər dövrə aparırlar - Nəsimi kimi, Füzuli kimi, Vaqif kimi, Səməd Vurğun kimi». Amma bunu da gizlətmək istəməzdik ki, şeirimizə də xeyli texniki, müxtəlif elmi terminlər axışıb gəlməkdədir. Şeirdə elmi terminlərin, söz və ifadələrin, riyaziyyata, fizikaya, həndəsəyə, mexanikaya aid kəlmələrin bədii təyin kimi, ya da guya mətləbə dəxli olan sözlər kimi işlənməsinin şahidi oluruq və bunların şeiri zəiflətdiyini görürük. Məsələn, gənc şair Aqşin Evrənin şeirlərində bu tipli sözlərə, ifadələrə rast gəlirik: «qövsvari dodaqların üfiqi uniforma geyinərək, yəni gülüşsüzlük erası» misralarında «qövsvari dodaq» ifadəsini anlamaq olar, bəs uniforma (mənası rəsmi paltar geymiş manej xidmətçisi) sözünü mütləq işlətmək lazım idimi? Yaxud, elə həmin şairin bu misraları: «İndi bizim tale yolumuza enir zebr şlaqbaum. Şlaqbaumda canını tapşır ambulans duaları».
Özünü bu cür zora salmağın bir mənası varmı? Çox təəssüf ki, dilimizdə bu tipli sözlərə, ifadələrə, əcaib terminlərə təkcə cavanların deyil, təcrübəli, artıq az-çox özünü təsdiq etmiş yaşlı şairlərin də şeirlərində təsadüf edirik. Sanki bunlara etiraz kimi Firuzə Məmmədli «XXI əsr» şeirində yazır ki, «Uzaqgörən» ədəbiyyatşünasların fikrincə, «izm»lərdən sonra postinsan mərhələsi (cərəyan) başlanacaq. Əgər belə bir fəlakət baş verərsə, elə bilirəm ki, bu özünü öncə əsərin dil-üslubunda göstərəcəkdir». Baxın həmin şeirə:
Şizofrenik döyüşlər,
Postmodern söyüşlər.
Energetik görüşlər,
Diplomatik öpüşlər.
Ekstrasens xətalar,
İnnovasion ədalar.
Alternativ cərimələr,
Plüralist kəlmələr,
Monoqam dartışmalar,
Poliqon atışmalar.
Kosmodrom ölkələr,
İppodrom bölgələr.
Milli kamikadzelər,
Yarımmilli mazelər.
Eksperimental maraqlar,
Degenerativ yaraqlar.
Eksklüziv fərmanlar,
Kosmopolit dərmanlar.
Laminant göydələnlər,
Mobil çərən-pərənlər.
İnternet manqurtlar,
Supersmarket anqutlar.
Tolerant teleekranlar,
Yevrovijin reklamlar.
Nə…Nə yaxşı, yenə də
Astarı üz dünyadı.
Sirrində, sorağında
Gecə-gündüz dünyadı.
Bütün yaradıcılığı boyu şeirlərində, bəlkə, bir xarici terminə belə müraciət etməyən, həmişə dilimizin və dilçiliyimizin təəssübünü çəkən Firuzə xanımın narahatlığını başa düşürük. Təbii ki, narahat olmağa dəyər. Bakıda oturub internet vasitəsilə Avropa mədəniyyətinə yiyələnmək ehtirasının zərəri göz qabağındadır. Amma Vətəndən çox-çox uzaqlarda yaşayan bizim ünlü şairimiz Məmməd İsmayıl heç bir təsirə, yabançı məlumatfüruşluğa qapılmayaraq Avropada da Azərbaycan şeirini yazır və onun şeirlərində dilimizin əzəli-əbədi saflığı da göz qabağındadır:
Ah, cavan vaxtlarım, cavan vaxtlarım,
Aynalara baxsam, xəbər-ətər yox.
Qocalan canımda gəncliyə yer yox,
Hardasan, mən səni harda axtarım?
Yaşın çoxdan keçib iki otuzu,
Bəlkə də iştahın iki əllidi.
Çöpləri boşalan kibrit qutusu,
Alışmaq adına boş təsəllidir.
Yazın gəlişinə əriyən qarmı,
Getsən də yolların mənzilə çıxmaz.
Əriyən qarlardan qalxan buxarmı?
Nə qədər bağırsan, səs zilə çıxmaz.
Ata yox, ana yox, bir oğlu birdin
Yorğunluq yolunu sarmış bu ömrün.
Sən otuz səkkizə çatmaz deyirdin,
Yetmiş səkkizi də varmış bu ömrün.
XXI əsr gəldi və şeirimizdə tale, ömür, xatirə, nostalgiya xətləri gücləndi, fərdi, subyektiv duyğular daha çox diqqət mərkəzinə çəkildi. Azərbaycan şeirində ömürnamələr, xatirə dəftərləri, tərcümeyi-hallardan gələn motivlər poeziyada əvvəllər də mövcud idi, lakin yeni əsr bütün mürəkkəbliyi ilə insanı öz ömrü, keçmişi və indisi barədə düşünməyə sövq eləyir. Əlbəttə, bu düşüncələrdə təkcə keçmişi xatırlayıb pessimist xəyallara qapılmaq yoxdusa, keçmiş bu gün üçün xoş bir xatirə, yaşamağa stimuldursa, daha yaxşı.
Burada mübahisə doğura bilməyəcək bir məsələ barədə də söz açmaq istərdim. Bu da şeirdə «lirik mən» məsələsidir. Vaxtilə, sovet dönəmində «lirik mən» - yəni şairin öz aləmi mütləq cəmiyyətdə yaşayan insanlara da aid olmalı idi. «Mən» deyəndə «biz» nəzərdə tutulmalıydı və ədəbi tənqid də çox zaman şairdən bunu tələb edirdi. Amma eyni zamanda, bunun əksinə olaraq «lirik mən» yalnız şairin öz tərcümeyi-halına, şəxsiyyətinə də aid idi. Məsələn, Səməd Vurğunun «Şair, nə tez qocaldın sən» şeirində ifadə olunan fikirlər bir şair ömrünün bəlirtiləri idi, eləcə də «Mən tələsmirəm» şeiri. Amma «Düşüncələr» şeiri tənqiddə belə yozulurdu ki, burada şair təkcə özünü yox, ümumən bütün aqil, düşünən insanların, artıq müdriklik yaşına çatmış sovet filosofunun fikirlərini ifadə edir. Rəsul Rzanın şeirləri də bu iki münasibətin hədəfi idi. «Yazıq sənə, yazıq, Rəsul Rza» misrası dövr edən şeir yalnız Rəsul Rzaya, onun «lirik mən»inə aid edilirdisə, bir çox şeirləri «Mənə bir sərgi salonu verin», «Mən istəyirəm buludlar ağlasın, uşaqlar ağlamasın» şeirlərindəki fikirlər təkcə özünə yox, həm də ümumiyyətə şamil edilirdi. Belə misalların sayını yenə artırmaq olar. Əslində, tənqiddə belə bir «haçalanma» - ikili münasibət mənasız idi. Amma bu «xəstəlik» ayrı-ayrı ustad şairlərin fikri «münaqişələri»ndə də öz əksini tapırdı. Rəsul Rzanın məqalələr toplusunun adı «Mənim fikrimcə», Məmməd Rahimin məqalələr toplusunun adı «Xalqın istəyincə» adlandırılmışdı. Bəs indi?
Nə əvvələm, nə indiyəm,
Səksənimin içindəyəm.
Axırıncı keçiddəyəm –
Keçidimi keçim gedim.
O bulaqdan çox içmişəm,
Bu çeşmədən içim gedim.
Bir sot biçin yerim qalıb,
Bu yeri də biçim gedim.
(Musa Yaqub)
Belə misalların sayını yüz qat artıra bilərik. Yəni «lirik mən» tənqidin bu birtərəfli sancmalarından xilas olur. Biz də bu məsələyə Vissarion Belinskinin bu fikirləri ilə xitam verək: «Ürək orqanizmdən asılı olduğu kimi, yaradıcılıq da sənətkardan asılıdır. Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun öz şəxsiyyətində ifadə olunan poetik ruhundadır. Şairin əsərlərinə valeh olan adamlar həmişə bu əsərlərdə nə isə özlərinə çoxdan tanış olan bir şey tapırlar, elə bir şey ki, bu onların özünündür».
2017-ci ilin şeirlərini bir başqa aspektdən nəzərdən keçirək. Bu da fərdi üslub məsələsidir. Məşhur bir kəlamı yada salaq: «Üslub - bütün üslubların yaddan çıxarılmasıdır». Əlbəttə, bizim müasir poeziyada öz fərdi deyim tərzi, başqa yazarlardan seçilən, fərqlənən, yalnız özünəməxsus poetik ləfzi ilə diqqəti cəlb edən şairlər az deyil. Müasir Azərbaycan şeiri bu mənada fərdi üslub rəngarəngliyi ilə diqqəti cəlb edir. Şair hansı mövzuda yazırsa-yazsın, onun özünəməxsus SƏSİ, NƏFƏSİ elə şeirindəki ilk misrasından hiss edilməlidir.
Qız qalası
ölkəmizin daş bayrağı,
Əsrlərcə bayraqların salınmazı.
Əlincəmiz
Naxçıvanın baş bayrağı
Teymurlənglər ordusuyla alınmazı.
Bu, son otuz ildə daha çox nəsr əsərləri yazan, amma arabir şairliyini də unutmayan və hələ altmışıncı illərin sonlarında «Tək bircə «Durna günü şeirini yazsaydı, bu şeir ona şair deməyə yetərdi» tərifini unudulmaz Rəsul Rzadan eşidən Vaqif Nəsibin misralarıdır. Vaqif Nəsibin şeirlərində heca şeiri ilə sərbəst şeirin «qovuşması» kimi maraqlı bir proses diqqəti cəlb edir. Amma mahiyyət etibarilə, fərdi üslub baxımından o illərin Vaqif Nəsibi dəyişməyib.
Quşların cəh-cəhi sökür bağrını,
Qatır nəğməsinə ürək ağrını.
Sevdasız bir ömrün görüb axırını,
Baharda sevgisiz yaşamaq olmur.
Hər tərəf çiçəkdir, hər tərəf güldür,
Mehrinə ürək qıy, o gülü güldür.
İlahi, sən məni baharda öldür,
Baharda sevgisiz yaşamaq olmur!
Bu isə Musa Ələkbərlinin bir sevgi şeirindəndir. Hər gün onlarla sevgi şeirləri ilə qarşılaşırıq, ancaq görürsən ki, çox zaman hazır stereotiplər, şablonlar bizi məyus edir, nə qədər demək olar «Sevgidən ölürəm!», «Ağzımın içində dilim ağlayır», «Üzmə ürəyimi, gəl insaf elə», «Qarşında qul olum, əsir olum mən»…
Amma nə yaxşı ki, insan münasibətlərinin bugünkü xaotik mənzərəsində Füzulidən gələn o ruh, o nəfəs hələ ki, sönməyib və Musa Ələkbərlinin indi dəcavanlıq şövqü ilə yazdığı şeirlərində o ruhu, o nəfəsi hiss edirik.
Bu dağlarda ay işığı-
çəməni bürüyən şehdir,
Bir ahıl saçında gümüşü zehdir.
Bu dağlar ay işığında
Nəsildən - nəslə saflıq aparan
Yelkənli gəmidir.
Bu dağlar ay işığında
üz-gözü südə bulaşmış
körpə kimidir.
Bu isə Rəşad Məcidin şeiridir. Onun «Çiyələk qadın» və «Bir də gəlməyəcək» şeirlər kitabının böyük əksəriyyəti sevgi şeirlərindən ibarətdir. Amma mən onun bir təbiət şeirini seçdim. Bu şeiri R.Məcid sanki ay işığına tamaşa edərkən yazıb, elə onun sevgi şeirləri də ay işığına bələnib və Rəşad Məcidin fərdi üslubunu səciyyələndirən onun şeirlərindəki saf romantikadır.
Qartal yuvasıydı bizim zirvələr,
Əyilməz dağların əzmini gördüm.
Hayanı dolaşdım, hara baxdımsa,
Tanrının sehirli rəsmini gördüm.
Mən orda bilmişəm sözün tamını,
Şair eləmişdi dağlar hamını.
Məmmədin, Bəhmənin ol ilhamını,
Şəmşirin hikmətli nəzmini gördüm.
Bu misraları isə Kəlbəcər həsrəti ilə alışıb-yanan 0 Tc(Adil Cəmil qələmə alıb. Etiraf edək ki, doğma yurd həsrətini, Kəlbəcərsiz, Laçınsız, Qubadlısız yaşayan şairlərin içində Adil Cəmilin səsi-harayı heç kiminkinə bənzəmir. AdilCəmilin «Qarabağ» şeirini xatırlayıram: «Qarabağ - qiyamətə qalan qisas.
Sulanan sulux, Qurumayan göz yaşı, Bütün dərdlərimizin başı, Yaxud, ümidimizə başdaşı. Doğanaqdan keçməyən örkən, ya da uzanan sicim».
Bir dünyasan, səni sevmək,
Torpağı sevmək kimidi.
Su içib ürək dolusu,
Bulağı sevmək kimidi.
Bəni-adəmsən, ya mələk,
İcazə ver, dinə gələk,
Sən tək savabı sevməmək,
Günahı sevmək kimidi.
Nə şirinmiş eşq bulağı,
İçdikcə çoxalır yanğı.
Sənə hər gün yalvarmağım,
Sabahı sevmək kimidi.
Zülüm imiş işıq olmaq,
İşıqlanıb uşaq olmaq,
Vallah, sənə aşiq olmaq,
Allahı sevmək kimidi…
Bu şeirin müəllifi isə ədəbi aləmdə təzə-təzə məşhurlaşan, Xaçmazın Mürşüdoba kəndində müəllim işləyən Məmməd Qədirdir. Qoşmanın, gəraylının bu bürkülü bolluğunda onun hər şeirində beləcə təzəliklər görürəm.
Bu bənzərsizliklər seriyasını davam etdirib deyə bilərəm ki, müxtəlif mövzulara müraciət etsə də, şeirlərində fəlsəfi notlara, həyatın, gerçəkliyin bilməcələrini «ahəng qanunu» ilə öyrənməyə can atan Əhməd Qəşəmoğlu da, təbiətə məxsus ayrı-ayrı predmetləri obraz kimi mənalandıran, «ağac-kitabxanaların» «sirrini» açan Ağacəfər Həsənli də, aşıq şeiri havasına bürünüb Yunis İmrə, Qaracaoğlan, Ələsgər həqiqətlərini müasir təfəkkür süzgəcindən keçirən Barat Vüsal da, İbrahim İlyaslı da fərdi üslubu ilə seçilən şairlərdir.
Haçandır canımdan durnalar uçur,-
Mənim ürəyimdə payızmış, Allah.
Hərdən bu dünyanı yadıma salan
Mənim unutduğum o qızmış, Allah.
Bu ömür karvanı köçünü çəkir,
Ölümdü-kəfənin ucunu çəkir.
…Gördüm ki, bir söyüd içini çəkir,
O da mənim kimi yalqızmış, allah.
Hər gecə yuxuma baş çəkir adın,
Yanım,- bir az isin, üşüyən qadın!
..Çərpələng düzəltim, göyə uçmadı,-
Bu ömür islanmış kağızmış, Allah…
Bu isə Əlizadə Nurinin şeiridir. Metaforik təfəkkürlə aşılanan, yaxşı mənada «söz oyunu»nun bariz ifadəsi olan bir şeir. Hansı şeirini oxusan, Əlizadənin orijinal təşbihləri, metaforaları ilə qarşılaşarsan. Məncə, Salam Sarvandansonra şeirimizdə bu orijinallığı qoruyub saxlayan şairlərdən biri də ƏlizadəNuridir.
Yenə də bu bənzərsizliklər seriyasını davam etdirib artıq öz fərdi üslubu ilə diqqəti cəlb edən - son illərdə sonetlər çələngi ilə bu poetik formanı «milliləşdirən» Balayar Sadiqin, daha çox «köhnə havalarda» təzə notlar səsləndirməyə can atan Zirəddin Qafarlının, İslam Sadıqın, İlham Qəhrəmanın, Məcnun Göyçəlinin, Əlirza Həsrətin, Sakit İlkinin şeirlərində də fərdiliyi, bənzərsizliyi hiss eləmək çətin deyil. Lirik qəhrəmanın idraki çırpıntıları, emosional həyəcanlar, psixoloji sarsıntıları əks olunan şeirlərdən söhbət düşsə, Tərlan Əbilovun, Hüseyn Bağıroğlunun, İnqilab İsaqın artıq yetkin şair kimi formalaşdığını görürük.
Poeziyada fərdi üslubla bağlı söhbəti uzatmayıb bir başqa məsələyə də münasibətimi bildirmək istəyirəm. Musa Ələkbərli «Yaddan çıxır Qarabağ» adlı bir şeir yazıb, deyir ki: «Aman Allah, yaddan çıxır Qarabağ». Təbii ki, daha çox öz şair dostlarına müraciət edir. Əlbəttə, bu fikrə bir kimsə haqq qazandıra bilər.. Doğrudanmı son illərdə, elə 2017-ci ildə də əvvəlki illərlə müqayisədə şeirimizdə Qarabağ havası çatışmır? Doxsanıncı illərdə Qabilin, Məmməd Arazın, Cabir Novruzun, Nəbi Xəzrinin, Hüseyn Kürdoğlunun, Ələkbər Salahzadənin, Zəlimxan Yaqubun, Nurəngiz Günün Qarabağ harayı, döyüş çağırışları indi niyə səslənməsin? Amma hər vaxtın, zamanın öz şeiri olur.
Vaxtilə Qabil «Çadırlara alışmayın», «Mərsiyə», şeirlərini, «Ümid sənədir ancaq, Azərbaycan əsgəri» çağırışını səsləndirmişdi, Məmməd Araz «Ayağa dur, Azərbaycan» deyirdi. Çadır düşərgələrində yaşayan, yaşayan yox, zülüm çəkən soydaşlarımızın ağır vəziyyətini, yurd həsrətini mərhum şairlərimiz - Vahid Əlifoğlu «Bakıdan baxanda çadır görünmür» və Mətləb Misir «Çadır rəngləri» şeir silsilələrində ürək ağrısı qələmə almışdılar. Amma indii Azərbaycan ordusu xeyli güclənib, düşmən belə bir ordunun qarşısında tab gətirə bilməz və bunu 2016-cı ilin Aprel döyüşləri də təsdiq etdi. Sadəcə olaraq Ali Baş Komandanın bir əmri kifayətdir ki, torpaqlarımızı işğaldan azad edək.
Çadır düşərgələri də neçə ildir ki, ləğv olunub. Amma bir milyon soydaşımız səbirsizliklə doğma yurd-yuvalarına qayıtmaq həsrətini yaşayırlar. Təbii ki, Qarabağ mövzusu şeirimizdə yenə səslənməkdədir və bu mövzuda ən çox yazıb-yaradan Ramiz Duyğunla, Ənvər Əhmədlə, Rəfail Tağızadə ilə yanaşı, neçə şairimizin də adını çəkə bilərik. Gizlətməyək ki, Qarabağ mövzusunda əvvəllər olduğu kimi, 2017-ci ildə də zəif və bəsit şeirlər çap olunub. Əlbəttə, istər zəif, istər ortabab, istərsə də həqiqi olsun, Qarabağdan söz açan şeirlərin Qarabağa məhəbbətdən doğduğuna heç bir şübhə ola bilməz. Ancaq poeziya təkcə məhəbbət üstündə qurulmur, poeziyanın öz qanunları var və bu qanunlar mövcud olmasaydı, Füzuli ilə onun yaşadığı əsrdə onlarla nəzmkarın, Mirzə Ələkbər Sabirlə adi bir həcv yazanın fərqi bilinməzdi.
İstərdik ki, Qarabağa həsr olunan şeirlərdə şablonlar, artıq qulaqları döyənək eləyən sözlər, ifadələr, epitetlər olmasın. Nisə Bəyimin bir şeirindən bumisraları misal gətirirəm:
Vətən göylərində şəhid tabutları uçur
sevgi qanadlarında…
Addımlayan xatirələr
cəbhəboyu döyüşlərdə ön sırada yeriyir,
zəfərlərdən zəfərlərə çağırıştək
inam kimi, uğur kimi
qalib kimi yürüyür…
2017-ci ilin, həm də ümumiyyətlə son illərin şeirləri haqqında bu yazıda bir neçə mətləbi də nəzərə çarpdırmaq istəyirəm.
Şeirimizdə bədii təsvir arsenalı güclənməkdədir. Deyək ki, altmış-yetmişinci illərdə Əli Kərimin, Vaqif Səmədoğlunun, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin şeirlərində işlətdiyi və çox zaman formalist şairlərin tənqidində lağa qoyulan təşbihlər, metaforaları xatırlayaq: «sevgi toranı», «ölüm sözünün polyar qışı», «boynuna qol salıram saatımın, otururam ömrümün bir parçasının kölgəsində» (Əli Kərim), «Bakıda bir boxça var, adı - İçəri şəhər», «Sərçələrin soyuq hamamı», «orqan dənizi» (İsa İsmayılzadə). İndi bu tipli o qədər bədii təsvir vasitələri işlənilir ki, kimsə bunların fərqinə varmır. Özü də yeni təşbihlər, metaforalar var ki, onların əksəriyyəti doğrudan da göz oxşayır. Və fikirləşirsən ki, bunlar altmışıncı illərdə yaransaydı, mütləq kötək tənqidinə düçar olardı.
İndi uğurludu ya uğursuzdu, baxın: «Tək qalsan otaqda, götür şam yandır, qaranlıq otaqda şam da adamdır» (Ay Bəniz Əliyar), «Bu tapmaca sərçə məndən böyükdü, Tutub dimdiyində bulud çörəyi» (Qəşəm Nəcəfzadə), «Dağılıb göylərə əlçim buludlar, Günəş yun əyirən cəhrə kimidir» (Əlirza Həsrət), «Bu gün şəhərdə şeirimi gördüm, su içirdi, siqaret çəkirdi, ağac sulayırdı körpə bir qızın ürəyində» (Zahir Əzəmət), «Gedir bir qadın, bətnində körpəsi, kürəyində ayağını itirmiş əri» (Ramil Əhməd), «Hər əsgər tabutu, bir ağ gəlinliklə köçər. Əsgər deyil, sevən qızın arzularını götürüb gedər hər atılan güllə» (Emin Piri), «Sənə sarı dartılmaqdan tikə-tikə olmuşam. Bədənim ki, uçuşan məktub parçalarıdı» (Şəhriyar del Gerani). «Vaxt qapını döyür əski əlifbayla. Üzünə Allahın təbəssümü düşməyən sözlər küçənin ortasında cırır yaxasını» (Balayar Sadiq), «Külək buludları kart kimi qarışdırır. Vicvicə keçir gölməçələrdən, suların üzü qırışır» (Qismət) və onlarla belə misallar gətirmək olar. Əgər bunların bir qismi şeirdə doğrudan da mənanı qüvvətləndirirsə, çox yaxşı, yox əgər şairin «söz oyunu»ndan doğursa, heç bir məna ifadə etmirsə, çox pis.
Uğrunda ölüb-dirilmişik.
Azadlığın dadını
Hələ indi bilmişik,
Bir də ölən deyilik!!!
Biz hamımız bir canda
Bütöv Azərbaycanda
Yaşamağa gəlmişik!