Lalə Həsənova da çağdaş ədəbi tənqidin sıralarına qatıldı. Son on ildəki fəaliyyəti: ədəbi proseslə, müasir ədəbiyyatımızla bağlı məqalələri, icmal yazıları öz elmi səviyyəsi, ədəbiyyata analitik münasibəti, təhlil mədəniyyəti, tənqidi janrın spesifikliyini izləmək və qorumaq səyi ilə onu professional bir tənqidçi kimi tanıdır. Xüsusilə, Ədəbiyyat İnstitutunda hər il keçirilən “İlin ədəbi yekunları” müşavirələrində Azərbaycanın rusdilli ədəbiyyatı, ədəbi gəncliyin axtarışları, həmçinin çağdaş nəsrimizdə Qarabağ mövzusu və XX əsr ədəbiyyatımızda bədii-sənədli nəsrin inkişaf yolları ilə bağlı məqalə və icmalları ədəbi tənqidimizdə yeni bir səhifə açır. Bu dediklərim heç də tərif yağışına bürünən tost deyil. Mən çox arzu edirəm ki, Lalə Həsənovanın yenicə çapdan çıxan “Çağdaş ədəbi paradiqma: icmallar, məqalələr, düşüncələr” (“Avropa” nəşriyyatı, 2018) kitabını oxuyasınız, heç şübhə eləmirəm ki, siz yeni tipli bir tənqidçi obrazı ilə tanış olacaqsınız.
Lalə Həsənova bu gün müasir ədəbi tənqidin, demək olar ki, nadir hallarda müraciət etdiyi, son illərdə az qala unudulmuş bir sahəsi – rusdilli ədəbiyyatımızı tədqiq və təbliğ edir. Azərbaycanda say etibarilə heç də az olmayan, rus dilində yazan müəlliflərimiz var. Onlar əsasən “Literaturniy Azerbaijan” jurnalında yazılarını çap etdirirlər. Kifayət qədər oxucu auditoriyası da var bu müəlliflərin. Onlar təkçə Azərbaycanın rusdilli oxucuları deyil, Rusiyada oxuyur və yaradıcılıqları haqqında müəyyən rəy formalaşdırırlar. Elə dörd tanınmış yazıçının adlarını çəkmək kifayətdir – bunlar Çingiz Abdullayev, Natiq Rəsulzadə, Tofiq Məlikli və Elmira Axundovadır.yeri gəlimşkən qeyd edək ki, onların əsərləri vaxtaşırı olaraq Azərbaycan dilinə də tərcümə edilir, kitabları nəşr olunur.
Mahiyyət etibarilə burada ciddi bir fərq, ayrıntı varmı ki, deyək: sırf Azərbaycan dilində yazan sənətkarlarla rus dilində yazan sənətkarlar bir-birindən seçilirlər. Rusdilli yazarların əsərlərində də Azərbaycan mühiti və gerçəkliyi, tarixi keçmişi və bu günü, məişəti, həyat tərzi əks olunur. Onların əsərlərində təsvir olunan obrazların əksəriyyəti də azərbaycanlılardır. Yazarların milliyətinə gəlincə, burada da azərbaycanlı müəlliflər üstünlük təşkil edirlər. Sadəcə olaraq, burada təhsil faktoru əsas amildir. Rus dilində mükəmməl təhsil alan bir azərbaycanlı müəllifin Azərbaycan dilində yazmaması heç də qəbahət sayılmamalıdır. Bunu biz unudulmaz Maqsud İbrahimbəyovun yaradıcılığı timsalında izləməmişikmi?
Lalə Həsənovanın “Azərbaycanın rusdilli ədəbiyyətı – 2016” icmal məqaləsində həm konkret olaraq bir ilin ədəbi nümunələri təhlil olunur, həm də rusdilli ədəbiyyatın keçdiyi inkişaf mərhələlərinə də qısaca nəzər yetirilir. Belə bir fakt təsdiq olunur ki, rusdilli ədəbiyyat Azərbaycan ədəbi prosesinin tərkib hissəsidir. Icmal xarakterli məqalədə ədəbi əsərlərin hər biri haqqında məlumat vermək, onların bədii-sənətkarlıq, ideya-məzmun xüsusiyyətləri barədə qısaca, yığcam söz açmaq ənənəsi mövcuddur və Lalə Həsənova da bu ənənədən kənara çıxmır. O, əvvəlcə rusdilli müəlliflərin il ərzində çap olunmuş şeirlərinin mövzuları üzərində dayanır – təbiətin təsviri, zaman və insan, doğma məkanlara bağlılıq, gerçəklikdə baş verən hadisələrə münasibət və s. Bəyəndiyi, xoşladığı şeirlərin adlarını da çəkir, amma eyni zamanda, qeyd edir ki: “Əsasən eyni ahəngdə yazılmış bir sıra şeir nümunələri var ki, onlarda poetik təxəyyülün məhdudluğu, müəlliflərin iç dünyalarına qapanmaları müşahidə olunur, fikrin fəlsəfi vüsətini, metaforaların zənginliyi” nəzərə çarpmır”.
Lalə Həsənovanın icmal məqaləsində rusdilli müəlliflərdən Nicat Məmmədovun, Murad İbrahimbəyovun, Arif Hüseynovun, Gülşən Tofiqqızının, Ləman Bağırovanın, Tahirə Cəfərovanın, Yelena Qorinanın nəsr əsərləri haqqında maraqlı təhlillərlə qarşılaşırıq. Bəlkə bizim oxuculara şair, esseist, nasir, tərcüməçi kimi tanınmış Nicat Məmmədovun yaradıcılığı o qədər də məlum deyil. Amma Lalə Həsənova onun esselərindən söz açır, müxtəlif illərdə beynəlxalq mükafatlara layıq görülmüş bu gənc yazarın bir çox anlayışlara, məlum həqiqətlərə yeni prizmadan yanşmasını, fərqli çözüm verməyə çalışmasını misallarla nəzərə çarpdırır. Həm Azərbaycanda, həm də Rusiyada kifayət qədər tanınan Murad İbrahimbəyovun “Şəbəkə” povesti ilə müasir Azərbaycan nəsrinin yeni uğuru kimi qiymətləndirilir. Ən başlıcası odur ki, Murad İbrahimbəyovun povestində ciddi bir problemin bədii təcəssümü ilə qarşılaşırıq, milli-mənəvi dəyərlərin təbliği, insana inam təkçə bu povestdə dryil, onun hekəyalərində də diqqəti cəlb edir.
Lalə Həsənovanın rus dilində yazan müəlliflərin yaradıcılığı ilə bağlı fikir və mülahizələri hər halda, ədəbi tənqidimizdə məlum boşluğu aradan qaldırır. Onun icmallarından bir qismi də müasir ədəbi gəncliyin axtarışlarına həsr olunub. Ədəbi tənqidimizdə bu mövzu kifayət qədər işıqlandırılır: ayrı-ayrı tənqidçilər ayrı-ayrı cavanların şeir və hekəyaləri, işıq üzü görmüş ilk kitabları haqqında məqalələr, resenziyalar yazırlar, nadir hallarda olsa da, gəncliyin axtarışları ilə bağlı icmal məqalələr də diqqəti cəlb edir. Lakin 2014-cü ildən başlayaraq Ədəbiyyat İnstitutunda – “İlin ədəbi yekunları” müşavirəsində “Ədəbi gənclik” mövzusunda ayrıca bir məruzə də dinlənir. Və qeyd edək ki, Lalə xanım həmin müşavirələrdə “Ədəbi gəncliyin yaradıcılıq axtarəşları” mövzusunda ilk məruzələrin (2014-2015) müəllifidir.
Çağdaş ədəbi gənclik müxtəlif, deyərdik ki, həm də rəngarəng üslub və təmayülləri ilə diqqəti cəlb edir. Müstəqillik dönəmi ədəbi gəncliyin sovet dövründəki bir çox məhdud, hətta birtərəfli axtarışlarından xilas etdi. Indi ədəbi gənclik üçün nə mövzu məhdudiyyəti var, nə də Qərb ədəbiyyatına üz tutmağın qadağaları. Hərçənd ki, ədəbi gəncliyin “mənzərəsində” müəyyən xaos və hərcmərclik, bəsit və sönük yazıların meydan sulaması, bəzi cavanların – “oğulların” “atalara” qarşı inkarçı mövqeyi də diqqətdən yayınmır. Amma bütün bunlar – bizim tənqidi qeydlərimiz – Lalə Həsənovanı o qədər də maraqlandırmır, o, prosesə daha çox diqqət yetirir, ədəbi gəncliyin axtarışlarını poeziya, nəsr və dramaturgiya janrları üzrə izləyir, həm ayrı-ayrı müəlliflərin yazılarından söz açır, həm də yeri gəldikcə onların yaradıcılığını bir araya gətirən problemlərdən yaxud sənətkarlıq məsələlərindən danışır. Əlbəttə, bir məruzə daxilində konkret ilin ədəbi gəncliyinin axtarışlarını bütünlüklə əhatə etmək qeyri-mümkündür, yalnız ayrı-ayrı misallar gətirməklə müəyyən təsəvvür yaratmaq olar. L. Həsənovanın ədəbi gəncliklə bağlı öz axtarışlarına diqqət yetirək: 1. Gənc şairlərin şeirlərində “nəsrləşmə prosesi” diqqəti cəlb edir. “Dəyişən obrazlılıq, qafiyə sistemi, ənənəvi mövzuların fərqli kontekstdə canlandırılması, ənənəvi poeziyaya müxaliflik nəticədə ümumən poetik əsərin tamamilə deformasiyası, nəsrlə nəzm arasındasərhədin itməsi müşahidə olunur”. L. Həsənova Nərmin Kamalın, Sevinc Elsevərin və Fərid Hüseynin şeirlərində nəzərə çarpan bu prosesi diqqətlə izləyir. Amma eyni zamanda, bu cavanların şeirlərində maraqlı poetik tapıntıları, fərqli obrazlılığı da qeyd etməyi unutmur. Məsələn, Sevinc Elsevərin “Süpürülüb atılan kədərlər” şeirini misal gətirir:
Gözəllik salonlarında
Süpürülərək xəkandazlara yığılan saçlar
Kədərin şəklidir bir az da...
Sən o kədəri süpürüb atdıqca
Yenə uzanar
Yenə gələr...
“Bu parçada qadın gözəlliyinin zahiri atributu olan saçların, sahibinin səssiz fəryadının qurbanına çevrilməsi göstərilir. Öz kədərini, nifrətini ətrafındakilarına bildirməyib içində yaşayan, uğursuzluqlarının intiqmını kimsəyə deyil, öz gözəlliyinə yönəldən qadının əzmi və gücsüzlüyü ifadə olunur”. 2. Gənclərin yaradıcılığında yapon şeir forması olan haykulara müraciət eksperiment kimi diqqəti cəlb edir. Bu xüsusda söz açmaqla L.Həsənova gənc yazarların eksperimentlərə üz tutmasının uğurlumu, uğursuzmu başa gəldiyini bəyan edir. Doğrudan da, yapon şeirinə təkçə cavanlar deyil, yaşlı şairlərin də müraciət etməsi maraqlı hadisədir. Amma bu maraqlı hadisə bəzən formal xarakter daşıyır. Təbii ki, bu prosesdə yapon şeiri Azərbaycan poeziya məkanında çox zaman özəllik kəsb edə bilmir. Fərid Hüseynin minimalist şeirləri L. Həsənovanın fikrincə, bəzən ifadə etdirdiyi fikirlərin fəlsəfi ifadəsi uğurlu olmasa da, yeni forma axtarışları kimi diqqət doğurur. Qismətin haykularında isə gündəlik rastlaşdığımız anlayışlar, məkanlar fərqli anlam kəsb edir.
Çiçəklər öz rənglərinə
Inanmırlar-
Solurlar...
Nitq hissələri:
Sifətlərlə sevirik,
Fellərlə ayrılırıq.
(Fərid Hüseyn)
Kitab dükanı.
İlahi nə çoxdu yenə
Adamsızlıq?!
Park. Işıqlar sönüb.
Bir qız telefonun işığında
Roman oxuyur.
(Qismət)
Lalə Həsənova gənclərin yaradıcılığında nəsrin də mühüm yer tutduğunu qeyd edir, onların sıralarında istedadlı nasir kimi formalaşan yazarlardan söz açır. Elxan Qaraqanın, Vüsal Nurunun, Sahilənin, Mübariz Örənin, Mirmehdi Ağaoğlunun, Qan Turalının, Ömər Xəyyamın, İkinci Mahmudun, Cavid Zeynallının, Rəşid Bərgüşadlının, Vəfa Mürsəlqızınin nəsr əsərləri doğrudan da ədəbi ictimaiyyətdə müəyyən rəylər doğurub və bu rəylər əsasən müsbət, ümidverici rəylərdir. Lalə Həsənova çox haqlı olaraq qeyd edir ki: “XXI əsrin astanasında eksperimentləri ilk olaraq həvəslə qəbul edən ədəbiyyatımızda son illər yenidən realizmə qayıdış baş verir”.
Cavan nasirlərin roman janrına xüsusi maraq göstərməsi XXI yüzilliyin başlanğıcında bir qədər təəccüblü qarşılansa da, hər halda, bunu zamanın ədəbiyyata diqtəsi kimi qəbul etməliyik. L. Həsənova bu xüsusda bir fikir söyləməsə də, biz belə düşünürük ki, cavan nasirlər keçən əsrin 90-cı illərdəki roman böhranına son qoymaq niyyətindədirlər. Ikinci amil isə dünya ədəbiyyatında baş verən proseslərlə bağlıdır, romana xüsusi meyl əksər xalqların ədəbiyyatında da müşahidə olunur, özü də belə bir cəhəti qeyd edək ki, indiki romanlar xeyli dərəcədə “miniatür” forma alıb və çox zaman romanla povestin sərhədini müəyyənləşdirmək çətin olur. Elə cavanların qələmə aldıqları əksər romanlar haqqında da bunu söyləmək olar. Ancaq Lalə Həsənova bu haqda da heç bir fikir söyləmir, sadəcə, gənclərin romanlarında nəzərə çarpan yeniliklərdən və yeri qəldikcə qüsurlardan söz açır. Deyir ki, Sahilənin “Çevriliş” romanında ənənəvi ailə modelinin iflası əsas mövzudur, hadisələr metaforik dillə nəql olunur, belə ki, personaj əsərdə verilən şeir parçaları ilə öz həyatı arasında paralellər axtarır. Əsərdə əsas qüsur ayrı-ayrı hekayətlərin, hissələrin bir ideya ətrafında bütövləşə bilməməsidir – L. Həsənovanın bu fikri ilə tam razıyıq. Vüsal Nurunun “Doğanaq” romanında “zamanla eksperimentlər, alternativ tarix kosepsiyası, Əshabi-kəfin tarixini fərqli rakursdan göstərməyə cəhd diqqəti cəlb edir. Ideya isə bundan ibarətdir: “Müəllif dinin insanları bir-birinə qarşı qoyduğunu göstərir, alternativ olaraq “var olan hər şey diridir” prinsipini irəli sürür”. Daha sonra L.Həsənova qeyd edir ki, mövhumatın inkarı fəlsəfi əsaslandırmanı tələb etsə də, təəssüf ki, müəllif mövzunu fəlsəfi aspektdə həll edə bilməmişdir. Doğrudur.
Lalə Həsənovanın ədəbi gəncliyin nəsr yaradıcılığı ilə bağlı müşahidələri tənqidi fikrin haqlı olan fikir və mülahizələrini əks etdirir, xüsusilə, cavanların postmodernist eksperimentlərə yer verməsi nəzərdən qaçmır, həm də bununla yanaşı, onların yaradıcılığında (söhbət gənc nasirlərdə gedirsə) yaradıcılıq təcrübəsinin azlığı, psixoloji-mənəvi təsvirin zəifliyi də qeyd edilir.
Lalə Həsənova nəsr tənqidçisidir, - desəm, səhv etmərəm. Onun müasir Azərbaycan nəsri ilə bağlı yazıları (“2010-cu ilin nəsri”, “2011-ci ilin nəsri”, “2012-ci ilin nəsri”, “Müasir Azərbaycan nəsrində postmodern təhkiyə strategiyası” – Anarın “Göz muncuğu” povesti əsasında – “Müasir Azərbaycan nəsrində qotik roman – Vüsal Nurunun “Prezidentin qızı” romanı əsasında – həmçinin İlqar Fəhminin, Zahid Sarıtorpağın, Mübariz Örənin nəsr əsərləri ilə bağlı məqalələri, “Müasir nəsrdə “Qarabağ mövzusu” yazısı, bədii-sənədli nəsrimizin müxtəlif nümunələri ilə bağlı düşüncələri belə bir fikri sübut edir ki, Lalə xanım poeziya ilə müqayisədə nəsri daha mükəmməl təhlil edə bilir. O, dünya ədəbiyyatına, xüsusilə, rus və Qərd roman sənətinə yaxşı bələddir, elə bizim nəsr əsərlərindən söz açanda da müqayisəli təhlil üsuluna müraciət edir. Nəsr tənqidçisi üçün ən başlıca cəhət fikrimizcə, tənqidçinin hər hansı nasir və onun əsəri barədə obyektiv fikir, rəy formalaşdırmasıdır. Bunu ən çox görkəmli nəsr tənqidçisi Akif Hüseynlinin yazılarında müşahidə etmişik. Onun hələ yetmişinci illərin sonlarında – səksəninci illərin əvvəllərində müasir nəsrimiz haqqında silsilə məqalələrində və icmallarında nəsrimiz tənqid güzgüsündə bütün şəffavlığı ilə əks olunmuşdu. Əlbəttə, Lalə Həsənovanın nəsr tənqidçisi kimi Akif müəllimdən öyrənə biləcəyi çox şeylər var. Xüsusilə, sənətkarlıq məsələləri ilə bağlı məqamları, incələmələri... Amma Lalə Həsənovanın təhlillərində də obyektiv həqiqətlə səsləşən fikirlər, mülahizələr az deyil. Bir numunəyə müraciət edək. L.Həsənovanın istedadlı nasir Mübariz Cəfərlinin romanları haqqında maraqlı, həm də obyektiv mülahizələri ilə həmrəy olduğumuzu bildiririk: “Mübariz Cəfərlinin əsərləri klassik Azərbaycan roman ənənələrinə yaxınlığından daha çox Qərb ədəbiyyatı, müasir türk romanlarının poetikasına yaxınlığı ilə seçilir. Onun yaradıcılığı əsasən “modernist eksperimentlər” kimi qiymətləndirilir. Bu romanlar müasir həyatımızın mənəvi durumun haqqında, cismani deyil, daxil-ruhi aləmimizdə baş verən aşınma, tənəzzül barədə simvolik-metaforik obrazlar vasitəsilə məlumat verir. “Bənna” romanında fabula metaforik məna daşıyır, əsərin əsas ideyası simvollarla ifadə olunmuş “ikinci plan” da əks olunur”. Doğrudan da, Mübariz Cəfərli – artıq beş romanın və neçə povestin müəllifi bütün digər romançılardan tamam fərqli bir üslubda yazır. Bəzən əsərlərinin ideya-kompozisiya quruluşunun mürəkkəbliyi, əzən də müəyyən bir ideyanı əsas götürüb, bu ideyanı simvollarla ifadə etmək, “roman içində roman” qurmaq prinsipi, hətta mistikaya üz tutmaq o dərəcəyə çatır ki, “əsərdə baş verən hadisələri adi məntiqlə dərk etmək olmur”. Hərçənd ki, Mübarizin “Bənna” romanında “obrazlarla bağlı bəzən səthilik diqqəti çəkir. Müasirliklə bağlı bəzi məqamların mətnə əlavə edilməsi də “dekorasiya” effekti yaradır...romanda yer alan sərt gerçəkliklə mistik yanaşmanın qarşıdurması əsərin ümumi əhəngini zədələyir” – amma etiraf edək ki, Mübariz Cəfərli müasir Azərbaycan romanında fərdi və fərqli poetikası ilə seçilir. Insafən, Lalə Həsənova Mübarizin “Bənna” romanını əsl tənqidçi standartları səviyyəsində təhlil edir və oxucunu inandırır ki, nəsrimizdə yeni bir üslubi xətt görünməkdədir.
Lalə Həsənovanın İsa Muğannanın “Söz yarası” povesti, Elçin Hüseynbəylinin “Azıx” , Etimad Başkeçidin “Min yol mənə söylər”, Seyran Səxavətin “Qaçaqaç” romanları haqqında məqalələri də onun həmin yazıçıların yaradıcılığına yaxşı bələd olduğunu sübut edir. Təbii ki, bu romanlar müxtəlif mövzularda yazıldığı kimi, biri birindən fərqli üslublarda, gerçəkliyi əks etdirmədə müxtəlifliyi ilə seçilirlər. Əsas odur ki, tənqidçi təhlil etdiyi romanın başlıca ideyasını düzgün müəyyənləşdirsin, romanda həmin ideyanın necə gerçəkləşdiyini izləsin, bu romanın müasir nəsrimizdə bir iz buraxacağını təyin eləsin, müasir insanın obrazı – onun mənəvi təkamül prosesi, daxili-psixoloji aləmi necə işıqlandırılıb sualına cavab versin. Lalə Həsənovanın təhlillərində hər halda, bütün bu suallara cavab var...
Nəhayət, Lalə Həsənovanın bir təqidçi, həm də araşdırıcı kimi ədəbiyyatda (həm müasir rus nəsrində, həm də bizim nəsrdə) Qarabağ mövzusu ilə bağlı məqalələri də ayrıca qeyd olunmalıdır. Xüsusilə, rus nəsrində Qarabağ münaqişəsi ilə bağlı bir çox sənədli və bədii əsərlərin tədqiqata cəlb edilməsi maraqlı faktdır, ancaq təəssüf ki, rus cəmiyyətində olduğu kimi, ədəbiyyatında da bu hadisələrin obyektiv qiymət ala bilməməsi də nəzərdən qaşmır və L.Həsənova həmin yanlış fikirləri təkzib edir.
...Lalə Həsənovaya bəzi iradlarımızı da bildirmək istərdik. Birincisi: arzu edərdik ki, o, müasir nəsrdən söz açarkən daha çox prosesi problemlər üzrə izləsin. Yalnız haqqında söz açdığı əsərləri təhlil etməklə kifayətlənməsin. Məsələn, onun “Hekayalər” məqaləsində (səh. 105-116) onlarla hekayə təhlilə cəlb edilir, hər biri haqqında qaneedici məlumat verilir, amma bu janrın müasir nəsrdə yeri, mövqeyi haqda bircə cümləyə də rast gəlmirik. Həm də bu hekayələrin müəyyən ənənə ilə bağlılığı da nəzərdən qaçırılır. Ikincisi: İcmallarda fragmentçiliyə tez-tez təsadüf olunur. Hansı əsərlərinsə adları çəkilir və həmin əsərlər haqqında danışmalı ikən susmağı tutur tənqidçi. Məsələn: “Ötən il, son illər ardıcıl olaraq tavrixi mövzulara müraciət edən S.Rüstəmxanlının “Difai fədailəri” sənədli romanı, Sabir Əhmədlinin “Yazılmayan yazı” avtobiografik romanı da çap olunmuşdur” (səh.133). Vəssalam! Sənədli nəsrimiz üçün əhəmiyyətli olan bu iki əsər haqqında “deylənlər gəldi başa”. Halbuki, elə həmin icmalda (“2010-cu ilin nəsri”) hər iki əsər haqqında lap təfərrüatı ilə söz açmaq olardı. Belə fragmentçiliyə Lalə Həsənovanın digər icmallarında da rast gəlirik. Belə bir həqiqəti nəzərə çarpdıraq ki, icmal yazılarda heç də bütün əsərlərin adlarını çəkmək lazım deyil, yalnız həmin ədəbi ilin xarakterik nümunələrindən danışmaq daha sərfəlidir. Lalə xanım ötən əsrin ədəbi icmallarının klassik nümunələrini yaradan ustad Yaşar Qarsyevin icmallarına diqqət yetirsə, çox şey öyrənə bilər. Üçüncüsü: bir də arzu olunur ki, Lalə xanım öz məqalələrində tənqidi qeydlərə daha çox yer ayırsın. Təhlil öz yerində, bu, tənqidin əsas istiqamətidir, amma elə əsərlər var ki, onlarda açıq-aşkar qüsurlar nəzərə çarpır və Lalə Həsənova nədənsə susur...
Əlbəttə, bizdən yaşça xeyli cavan olan bir tənqidçiyə irad mənasında yenə sözümüz ola ola bilər. Amma Lalə Həsənovanın yolun başlanğıcında tənqidə və irada yox, təşəkkürə və alqışa ehtiyacı var. Uğurlar