Gilbert Kiyt Çesterton yazır: "...Belə görünür ki, o, pis əhvalatları yaxşı pyeslərə çevirməyi xoşlayırmış. İndi sağ olsaydı, o, idman xəbərlərini xoş komediyaya, ucuz hekayəni ali faciəyə çevirərdi. Bir sözlə, mənim nəzəriyyəm üçün nümunə ola bilməz deyə, Şekspiri rahat buraxıram."
Tolstoy isə Şekspir haqqında yazdığı "Şekspir və dram haqqında" adlı məqaləsində qeyd edir:
"Şekspiri ilk dəfə oxuyanda necə təəccübləndiyim heç yadımdan çıxmaz. Gözləyirdim ki, oxuyub böyük estetik zövq alacam, amma onun ən yaxşı əsərləri sayılan "Kral Lir"i, "Hamlet"i, "Maqbet"i bir-birinin ardınca oxuyandan sonra nəinki zövq aldım, əksinə iyrəndim, canım sıxıldı. Çaşıb qaldım: bütün dünyanın savadlı adamlarının kamilliyin zirvəsi hesab etdiyi əsərələri mənasız, hətta axmaq yazılar saymaqla mənmi ağlımı itirmişəm, yoxsa həmin o dünyanın savadlı adamlarının Şekspirin əsərlərini bu qədər dəyərə mindirməsimi ağılsızlıqdır?"
Şekspiri sadəcə olaraq misal çəkdim. Hamıhər kəsi qəbul edə bilməz. İnsanlar fərqli olduğu kimi, fikirlər də müxtəlifdir. Bir yazı yazan kimi özünü yazıçı elan etmək gülüncdür. Hələ özünə filosof deyən kəsləri demirəm. Həvəsdən düşmək olmaz. Yazmaq istedad və iradə məsələsidir.
Reklam dövrü olduğu üçün yazıçılar da reklama baş qoşurlar. S.Kinq brend məhsulların adını bilərəkdən əsərlərdə yazır. Reklam pul gətirir. F.Dostoyevski də sağ olsaydı, reklama pul yatırardı ki, borclarını tez bağlasın.
Çətin dövrdü. İnsanlar daha gözüaçıq olduğu üçün onları təəccübləndirmək çətin məsələdir. S.Sveyqin Drayzer haqqında essesindən bir hissəyə fikir verin:
“Dikkens əsərlərini şəxsən xalqa oxumağa qərar verəndə, oxucusuyla ilk dəfə göz-gözə gəldiyi vaxt İngiltərə titrədi. İnsanlar salonlara yüyürdü və onları ağzına qədər doldurdu; bəzi pərəstişkarları sırf sevdikləri yazıçısını dinləyə bilmək üçün sütunlara dırmaşır, bəziləri də sürünərək kürsünün altına girirdi. Amerikada insanlar ən dondurucu qış soyuqlarında kassaların önünə sərdikləri yataqlarda gecələyir, yaxın restoranlardan qarsonlar yeməklərini gətirir, kütlənin ardı-arası heç cür kəsilmirdi. Salonların hamısı dar gəlməyə başlamışdı, ən axırda Bruklindəki bir kilsə yazıçı üçün qiraət salonuna çevrildi.”
Təsəvvür edirsinizmi? İndi bunun mümkün olması üçün yazıçılar dəridən-qabıqdan çıxırlar. Amma heç o qədər uğur qazanmaq olmur. Düzdü, milyonlar qazanırlar. Oxucu axını olur. Lakin o ehtiras, aclıq yoxdur. İllər, əsrlər keçdikcə insanlarda inam azalır. Hər şey adi gəlir...
Hamı yazmağa can atır. Rok ulduzlar, futbolçular, porno aktrisalar və s. Lakin ürəkdən, sənət xətrinə edənlər azdır. Pul verib həyatını yazdıranlar, “Yazmasam, ölərəm” deyənlərin çoxu saxta çıxdı. Martin Paj “Yazı və yaşam kitabı” əsərində yazır ki, sənətdən pul güdmək əxlaqsızlıqdır. Nəhəng Tolstoy bütün əsərlərini xalqa bağışlamışdı...
Bəxt amilinə inanmırdım. Antuan de Sent Ekzüperinin həyatını oxuyandan sonra fikirlərim dəyişdi. Adam 15 dəfə təyyarə qəzası keçirdikdən sonra 16-cı dəfə təyyarə qəzasında həlak olub. Məhz bu hadisəyə görə məşhur “Qəsr” əsəri tamamlanmamış sayılır. Deməli, indiki zamanda bəxt üstəgəl iradə, üstəgəl istedad, üstəgəl vicdan və ən əsası üstəgəl reklam bəşəriyyətə böyük yazıçılar bəxş edir...
İnsan sperma, qan və daha nələrdən yarandığı kimi, ədəbiyyat da çətin həyat, əsəb, yorğunluq və mübarizədən doğulur. Nəinki ədəbiyyat, bütün incəsənət bunlardan yaranır... Rəssam Davidin mübarizəsi olmasaydı, “Maratın ölümü” (1793) əsəri ərsəyə gəlməzdi.
Böyük uğurlar kiçik uğurlar toplusundan yaranır. Yazıçı olmaq istəyən, C.Ourellin “1984” əsrindəki kimi, ilk növbədə ağır dönəmdə qələmi əlinə götürməyi bacarmalıdır. (Qələm şərti yazılıb, klaviatura da ola bilər) Xırda bir yazıdan məqaləyə, məqalədən hekayəyə, hekayədən romana keçid var... Hətta bir roman yazıb ədəbiyyatdan uzaqlaşan yazıçılar belə öncə hekayələr, esselər yazmışlar...