Sirri açılmayan möcüzə
Düşünərək yaşamaq, yoxsa...
düşünmədən yaşamaq?
Görəsən, hansı daha düzgündür? –
sualı belə,
son dərəcə düşündürücü və üzgündür.
Deyirlər ki, insan çox zaman yalnız xəyallarda xoşbəxt və bəxtəvər ola bilir. Həyatda isə xoşbəxtlik çox nadir hallarda olur, o da ki keçəri. Bəlkə də, çoxları üçün məhz belədir xoşbəxtlik anlayışı: ötəri və keçəri. Xəyallardakı xoşbəxtlik isə guya daimidir, hansısa xoşbəxt anını, gününü yadına sal və bir neçə anlıq xoşbəxt ol. Sadəcə, belə düşünən insanlar dərk eləmirlər ki, xəyallarında canlandırdıqları da məhz çox zaman real həyatda yaşadıqları xoşbəxtlıkdir.
Düzdü, xəyallar da müxtəlif olur. Real olanı da var, qeyri-real olanı da. Real xəyallar nə vaxtsa yaşadığın xoş duyğular, xoş anlardı. Hər dəfə onları düşünəndə sanki yenidən o günlərdəki, anlardakı kimi xoşbəxt olursan və elə bil canlanır həmin xəyallar. Qəribədir. Xəyal olduğunu, özü də keçmiş bir an, gün olduğunu dərk eləsən də, bütün hisslərini canlı yaşayırsan və öz-özünə sual verirsən ki, əgər bu xəyaldırsa, bəs bu real hisslər nədir? Doğrudan da, cansız xatirələrin bu qədər canlı təəssürat oyatması, bəlkə də, möcüzədir. İnsan beyninin, varlığının açılmamış bir möcüzəsi. Bəlkə, elə ona görədir ki, insan ömrü boyu yaşadığı bu dünyada hər şeydən çox özünü dərk eləməyə çalışır, ancaq dərk eləyə bilmir.
Axı möcüzə sona qədər dərk edilsəydi, onu möcüzə adlandırmağa ehtiyac belə qalmazdı. Yəqin, elə ona görə də insana özünü, hisslərini və dünyanı sona kimi dərk eləmək lazım deyil. Çünki onda insan qəlbi də öz möcüzəliliyini itirərdi. Dərk edilmiş, açılmış bir sirr isə artıq maraqsız olduğu kimi, insan ömrü də itirərdi öz marağını. Bu da bəşəriyyətin məhvinə gətirib çıxarardı sonunda. Bəlkə də, elə ona görə də insanlar məhşər gününədək dərk edə bilməyəcəklər özlərini. Ona görə də bu yolda çoxlarının əməyi boşa gedib və getməkdə davam edir. Göylərdən qoyulmuş bir qadağadır, qanundur bu sanki və yalnız Göylər bilir bu sirri.
Bəlkə, elə Göylər də tanıyır insanları, insanlardan fərqli olaraq. Bu qanunu pozmaq istəyənləri isə cəzalandırır Göylər. Qəti olaraq yox deyilir, sərhəd qoyulur yollarına sanki. Göylərin sirri, yalnız Göylərə məxsusdur. İnsan isə çox zaman dərk eləmir bu həqiqəti, Yeri qoyub, Göyə çıxmaq istəyir. Çünki Yer hansısa zaman kəsiyində maraqsız gəlir insana. Az-çox bilir, Yerdə nə olub-nə olmadığını. Göylər... əlçatmaz olduğu qədər də sirli, ecazkardır insan gözündə. İnsan bütün varlığı ilə fəth etmək istəyir Göyləri. Bəşəriyyətin şahı olduğunu bir daha dərk və sübut etmək üçün. Amma insanın minillik boyu Göy haqqında biliklərini çözələdikdə bu bilik səhradakı qumun içindən götürülmüş bir ovuc quma bənzəyir və insan fəxr eləyir ovcunda saxladığı bir ovuc qum ilə. Baxır səhraya və düşünür ki, nə vaxtsa səhra boyda qumu da bax beləcə ovcumda saxlayacam. Bu da qeyri-adi olsa belə, bir arzudur, bir xəyaldır, bir istəkdir.
Bu tipli istəklər, xəyallar da olur insan həyatında və çox zaman insan özü də dərk edir ki, bu xəyaldan, istəkdən daha çox fantaziyadır. Amma bütün bunlara rəğmən, insan istəyir bütün bunları və hər gün, məhz bu fantastik xəyalları ilə yatır, durur, yaşayır. Bunlar da öz növbəsində arzuya keçir insan həyatında. Ölümü belə insan gözündə aciz eləyən bir arzuya. Sonluqda fantaziyanın xəyala, xəyalın isə arzuya keçdiyi bu məqam, ölümə və bütün bəşəriyyətə meydan oxuyan bu istək, möcüzəli insan həyatında, möcüzələr yaradan möcüzəvi bir təkan olur. Göylərin belə aciz qalıb, bəlkə də, yazığı gəlib, bəlkə də, heyran qaldığı bir möcüzəyə...
Göylər insan istəyinin bu dərəcədə yüksəlişinə, oduna-alovuna, göz yaşına, sevincinə və nəşəsinə heyran qalır və insan övladının bu əziyyətinə, bəlkə də, yazığı gəlir. Düşünür ki, günahdır bu əziyyəti, bu istəyi əvəzsiz, nəticəsiz, sonsuz qoymaq. Və insan bu fədakarlığı müqabilində ikinci ovcunu da açır, Göylərin hədiyyəsi olan ikinci ovuc qumu da qəbul edir sevinclə. Yenə də ucsuz-bucaqsız səhraya baxaraq düşünür ki, bir gün gələcək və səhradakı qumun hamısı mənim əllərimdə və yalnız mənim olacaq.
Göylər isə bu dəfə təəccüblə olsa belə, yenə də heyran-heyran tamaşa eləyir insana və düşünür ki, bəlkə, doğrudan da, insan elə başdan-başa möcüzədir. Hərdən Göyləri belə təəccübə gətirən möcüzə! Bəlkə də, bütün bəşəriyyətin tacı və əşrəfi olan möcüzə!
Real həyatda isə özünü gündəlik qayğılar içində boğmuş insan çox zaman unudur öz əşrəfliyini. Ona elə gəlir ki, balaca bir qum dənəsidir böyük bir səhrada. Məhz bu insanlar da düşünür ki, bəli, xoşbəxtlik yoxdur bu dünyada, varsa da, məhz xəyalları duyan sən, insan, hardasan? Göydə, yoxsa Yerdə?
Əgər Yerdəsənsə və Yerdə xəyalda olsa belə, bu xoşbəxtliyi yaşaya bilərsənsə, deməli, həyatda da yaşaya bilərsən. Daha doğrusu, elə yaşayırsan da. Xəyal da insanın bu dünyadakı ömrünün bir parçasıdır axı. Bəli, məhz bu dünyadakı – Yerdəki, Göydəki yox! Sadəcə olaraq özünü qum dənəsi deyil, qumu ovcunda tutan biri olduğunu dərk etmək kifayətdir ki, necə xoşbəxt bir canlı olduğunu duyub, anlayasan. Bəlkə də, bu özünüdərk hələ ki, bəşərdə insandan başqa heç bir canlıya qismət olmayıb.
Bütün bunları dərk edəndən sonra belə bir qənaətə gəlmək olar ki, doğrudan da, hər şey insan üçündür - “Qurani-Kərim”də yazıldığı kimi. Elə isə, deməli, insanın öz əlindədir özünü xoşbəxt, ya da bədbəxt etmək. Çünki ən çox azadlığa və seçim şansına da, məhz insan layiq görülüb və bütün bunları anladıqdan sonra da insan “Mən bədbəxtəm!” – deyirsə, o insan, həqiqətən də bədbəxtdir. Çünki bədbəxtlik onu deyil, o, bədbəxtliyi seçir.