“Bədənlərimiz bir-birimizə asanca verə biləcəyimiz nəsnələrdi; əsas məsələ bir-birimizdən ötrü həyatımızı verməkdi. Təpədən-dırnağa bir eşq ola bilmək... aynanın içinə iki insan kimi girib oradan bir ruh kimi çıxmaqdır eşq... dedi həyatın qəlbimizdə gülümsəyən üzü”.
Məhz bu cümlələr məni Əhməd Hamdi Tanpınarın hüzursuzluğun “Hüzur”u adlandırılan bu qəmli eşq romanını oxumağa sövq etdi. Hər bir insan həyatda öz eqosunu, varlığını təsdiq etməyə, öz ağlını, şüurunun istəklərini həyata keçirməyə səy göstərir. Və yalnız eşq adlandırılan məkansız, zamansız varlıq öz əbədi qanunlarını diktə edir. Və hər an insanın qarşısına öz mərhəməti, anlayışı ilə çıxır. Bu anda insan çıxılmazlığa düşür, tərəddüd etməyə başlayır. Yalnız özündə mənəvi güc tapa bilən, əslində, özünü sonsuz bir eşqin ünvanı kimi dərk edə bilən insan bu ikiləşmədən xilas ola bilir. Onun qəlbindəki eşq ətrafa günəş işığı kimi səpələnir. Tanpınar insanın həyatdakı fəaliyyətinin - o böyük eşqin insanı bütünləşdirdiyini söyləyən bir söz sahibidir.
Romanı oxumağa başlamazdan əvvəl diqqətimi çəkən və məni düşündürən məqam əsərin adı ilə bağlıdır: “Hüzur”. Nə üçün məhz “Hüzur”? Bu ad ilə yazıçı, əslində, İkinci Dünya Müharibəsi ərəfəsində Türkiyənin hüzursuzluğuna, cəmiyyətin, xalqın problemlərinə, qərbləşmə meyillərinə, mədəni böhrana işarə edib. Yaşamağa, həyatda qalmağa səy göstərən insanların romanı “Hüzur”, yazıldığı tarixdən etibarən günümüzə qədər öz aktuallığını qoruyub, əks etdirdiyi problemlərlə cəmiyyətin aynasıdır. Əhməd Hamdi Tanpınar müsahibəsində romanına “Hüzur” adını verməyinin səbəbini belə açıqlamışdır: “Çünki qarışıq bir dünyada yaşayırıq. Səbəb odu ki, insan özü ilə müxalifdi. Dəyərlər və insan qarşısında yenidən düşünməyə məcburuq. Çünki hər şeyə şübhə ilə yanaşırıq. Və nəhayət, kürəyimizi söykədiyimiz Allahı əvvəlki kimi güclü hiss etmirik. Xülasə, narahatlığımızın əsas səbəbi budur”.
Əhməd Hamdi Tanpınarın yaradıcılığını diqqətlə araşdıranda şairin ən böyük sevgisinin şeir olduğunu anladım. Fəqət əsl uğuru yazıçının şeir kimi yazdığı romanları hesab oluna bilər. “Hüzur” da belə poetik romandır:
Buludlar para-para
Dördü ağdır, dördü qara,
Yağma, yağış, əsmə, külək,
Yarım yoldadır!
Axşam oldu, yandırmadım qazımı,
Qadir Allah belə yazmış yazımı,
Doya-doya sevəmmədim quzumu,
Mən ölərsəm, yavrum, səni döyərlər.
Həqiqi eşqdə yar məsum quzudur, yavrudur, müdafiəsizdir, küləyə, selə tab gətirə bilməz, tək bir ümidi sevdiyinədir...
“Hüzur” poetik romandır. Estetik bir gözlə hadisələri, məkanları, mədəni və ictimai obyektləri araşdıran şair onu xoşbəxtliyə qərq edəcək daxili rahatlıq axtarışındadır. Əsərdə xəstəlik, ölüm, təbiət, kosmik ünsürlər, mədəniyyət, sosial məsələlər, müxtəlif ruh halları və estetik fikirlər iç-içə əks etdirilib. Ancaq bütün bunların fövqündə romana hakim olan mövzu Mümtaz ilə Nuran arasında yaşanan və sonu ayrılıqla bitən eşqdir. Mümtaz ada gəzintisində tanış olduğu Nuranla qısa zamanda yaxın dost olur. Onlar arasında musiqi, şeir, sənət və bu kimi mövzularda ortaq maraq formalaşır. Mümtaz üçün Nuran həm bir sevgili, həm də şeirdir, ədəbiyyat, sənət, musiqi haqqında dərin söhbət edə biləcəyi bir dostdur. Onun həyatının ən xoşbəxt anları Nuranla bərabər keçirdiyi günlərdir. Fəqət Suadın intiharı bu xoşbəxtliyə kölgə salır. “Nə edək, Mümtaz; qismət deyilmiş. Hər ikimizin tanıdığı bir adam ölüb. Bundan sonra məni artıq gözləmə! Hər şey bitdi” deyən Nuran eşqini qəlbində yaşadaraq qızı ilə birlikdə çıxıb gedir. Nuranın bu gözlənilməz gedişi çox dərin psixoloji və mənəvi məqamların insan həyatının danılmaz şərtlərindən olduğunu göstərir. Eşq özünü insanın daxili kamilləşməsi yolunda büruzə verən nəsnədir. Başqa sözlə, insan ancaq eşqə ucalanda kamilləşir. O zaman insan həyatda baş verən hər bir şər, bəla, ölüm, amansızlıq üçün, əslində, hər kəsin günahkar olduğunu dərk edir. Öz günahlarının bağışlanmasını istəyən insan başqalarının da günahsız olmasına inanmalıdır. İnsan kiminsə günahsız axıdılan göz yaşına bais olmamalıdır. Bu düşüncələr dünyanı yaratmış eşqin nəbzi ilə bir döyünür, dünyanın ən böyük imtahanı hiss edən qəlbin imtahanıdır və bu, o qəlbin sahibini öz xoşbəxtliyi üçün yaşamağa qoymur. Nuran da köksündə məhz o cür keyfiyyətləri olan qəlb daşıyır. Yalnız eşq üçün yaradılmışların hər biri bu eşqdə azad və məsuddur. Ölümlü həyat aşiqin tam mənası ilə mövcudluğuna ziddir. Bu qəlbin məqamı eşq məkanındadır. O, sonsuz məkandan çıxaraq iki insanın fiziki varlığı çərçivəsinə sığa bilməzdi...
Mümtaz ilə Nuran arasındakı eşq əvvələvvəl onlara xoşbəxtlik bəxş etsə də, nəhayətdə səadətə çatmağa mane olur. Mümtaz Nuranın getməsinin səbəbini anlaya bilmir və elə hey onu düşünür.
İstanbul - iki qəlbin qovuşduğu məqam və bir gün bir eşqdə birləşdirdiyi dünyanı paramparça edərək əbədi həsrətə düçar edən məkan... taleləri birləşdirən, bir-birindən ayıran körpü kimi qəhrəmanların taleyi üzərindən sonu bilinməyən bir həyat yoluna bənzər... Eşq romanı olaraq tanınan bu əsərdə İstanbul bir roman qəhrəmanı qədər ön plandadır. Nuranla Mümtazı birləşdirən İstanbul və qədim musiqidir. Bu eşqin nəticəsində sənət, sevilən qadın və İstanbul Mümtazın ruhunda birləşərək bir röyaya dönüşür. “Bir-birimizi, yoxsa İstanbulu daha çox sevirik?” sualını verən baş qəhrəman Nuranın eşqiylə bir mədəniyyətin mirasını yaşadığını hiss edir.
Mümtaz və Nuran sevgisindən duyduğum əsl eşqi belə ifadə edərdim: Gecəsi və gündüzü olmayan bir nəsnədir eşq. Yoxluğunda varlıq olan abiddir aşiq. Bu yoxluqda özünü deyil, bu müqəddəs ruhlu günəş dolu insan Yaradanın, hər şeyi yaşama sövq etmiş, bağlamış Sevginin yer üzündəki təzahürüdür, aşiq, abid, zahid, övliya...
Eşqin böyüklüyünü, eşqin ən böyük üstünlük olduğunu dərk etmiş qəhrəman daxilində baş qaldıran hisslərin adi tələbat olduğunu gözəl anlayır, lakin bu mübarizə onun üçün yaşamın bitməsi, sonu demək deyil, əksinə, insanın bu dünyada əsl missiyasının nədən ibarət olduğunu göstərən bir haldır aşiqlik.
Həyat bizimlə başlamamışdır və bizimlə də bitməyəcək. Eşqi bu sonsuzluqda görə bilən insan idrakın gücüylə özündən uzaqlarda olan hər bir şeydə özünü görə bilir... Nəticədə eşq insanların başı üzərində bir qübbədir. Hər kəsin onun altında payı, nəsibi və yeri var.
“Hüzur” avtobioqrafik roman sayılır. Deyilənlərə görə, baş qəhrəman Mümtazın Əhməd Hamdi Tanpınar, digər qəhrəman İhsan (Mümtazın əmisi oğlu) isə yazıçının müəllimi böyük şair Yəhya Kəmaldır.
Tanpınar İhsan xarakterini yaradarkən Yəhya Kəmalın tarix düşüncəsindən yarar- lanmışdır. Yazıçı zaman-zaman müəlliminin sözləriylə danışdırdığı İhsana öz düşüncələrini də çatdırır. Bu kontekstdə romanın müxtəlif hissələrində İhsanın Yəhya Kəmalın bir bənzəri olduğunu düşünmək mümkündür. Başqa bir sözlə İhsanın tarix və musiqi mövzusundakı qənaətləri Yəhya Kəmala, iqtisadiyyat, iş həyatı mövzusundakı düşüncələri isə Əhməd Hamdi Tanpınara uyğun gəlir.
Mümtaz və İhsan arasındakı dialoqlar Tanpınarın öz-özüylə mübahisəsi kimidir. İhsan öyrədici kimliyi ilə Mümtaza “hisslərinin deyil, düşüncənin adamı olmalısan” deyərək ideal hesab etdiyi yaşamdan xilasını gözləməkdədir. Qərb modeli bir inqilabın (yeniliyin) yox- luğundan dad edən İhsan, Mümtazdan keçmişlə bugünün əlaqəsini qurmuş bir insan olmağı umur. Əhməd Hamdi Tanpınarın gözündə keçmişlə bugünün əlaqəsini quran insan bədii müstəvidə Yəhya Kəmaldan başqası deyildir.
“Yaşamaq gözəldi; səhərlər, axşamlar vardı. Min cür gözəl anlarla doldurduğumuz saatlar vardı. Yatmaq və oyanmaq vardı; röyalar vardı, xəyallar vardı. Bu doğma xəstənin qollarında özünü itirmək və sonra yenə orada, onun üçün özünü tapmaq vardı. İnsan həyatı buydu. Yaşamaq, başqaları tərəfindən mühasirəyə alınmaq, yavaş-yavaş boğulmaqdı. Yaşamaq...” deyən qəhrəman insan həyatının bir vücudun həyatı olmadığını göstərmiş və onun ömrünün adi zamanla ölçülmədiyini anlatmışdır. Burada yazıçı yoxluğunda varlığını tapan, öz “mən”ində bütün həyata qucaq açan bir aşiqi təsvir edir. Başqaları tərəfindən süni istəklərlə, əslində, öz azadlığından könüllü surətdə imtina etməkdir. Yalnız bu imtinanın qarşılığı sonsuz bir sevgi ümmanına qərq olmaqdır. Dünyanı yaradan eşqin zərrəsi deyil, özüdür...