Mən onu görməmişəm - bir əsrdə, bir şəhərdə yaşamışıq. Mən onu tanıyıram - bu «tanıyıram» qənaəti onun şöhrətindən yox,
Şair dərdlilərdə həmdərd doğulur
fikrindən boy verir. Və onu da dəqiq bilirəm ki, ucuz zövqün, bəsit düşüncənin ah-zarı, «öldüm-yandım» qınından sıyrılmağı ağlının ucundan belə keçirməyən «əzabkeş» «Mən»in dərdindən çox uzaq, lap qütb uzaqlığında duran həmdərdlikdir bu.
Mən onu tanıyıram. Özü verib tanışlığı:
İnsanlardan soruşun,
Onlar məni tanıyır.
Onu tanıyan insanların xatirə işığında şair, məmur, dost, vətəndaş, insan Rəsul Rza «ömür pəncərəsini sabaha açır», ötüb keçənlərə, gələnlərə üz tutur:
İnsana,
İnsana,
İnsana
İnan!
Ən sərt adam ən kövrək adamdı.
Ən kövrək adam ən sərt adamdı. (Sərt adam acıdil olar, kəmhövsələ olar, ağır xasiyyət də ola bilər, amma sərtlik - kobudluq deyil!)
Dünyanın ən sərt və ən kövrək adamları şair olur. Şer yazır demirəm, şairlik onların içində, düşüncəsində, baxışlarındadır.
Bu insanın sevgisinin soyuğunda donmaq da olar,
Ömrümdə aman deməmişəm,
İstər vuruş olsun,
İstər küsüş, istər barış.
istisində ərimək də.
Gözlərinə baxmasam
Göz nəyimə gərəkdir
deyə ən qiymətli olanından çox asanca (!) imtina edə biləcək qədər kəskin olan insan «mənsiz olacaqsan» demək qorxusu qədərincə kövrəkdir, həssasdır. Amma bu qorxu başqa qorxudur:
Ömrüm nə uzun olsun-
Təngə gətirə məni,
Hər gün məni görəni
misraları gerçək ola bilməyən arzuların ağırlığı altında boğulan küsgünlüyün, ömürdən, yaşamaqdan bezməyin diqtəsi deyil. Elə olsaydı, gerisi belə gəlməzdi:
Nə elə qısa olsun –
Sevindirə düşməni!
Sadəcə, itkisiz, ayrılıqsız ölümün mümkünsüzlüyü qarşısında bu insan sıtqamır, «doğrunun acısı»nı, «bir dərdli, adi ömür»lə qane olmaq təmkini ilə qarşılayır. Amma adilik onunçün deyil, o, çarpışmalarda, mübarizədə keçən həyat yaşamaq üçün doğulan¬lardandı.
Mübarizə bu gün də var,
yarın da,
mən də onun ən ön sıralarında.
Bu, gəlişi gözəl deyim deyıldi, bu, yaşanacaq ömrün qayəsi idi və bu ömür hər günü ilə bu qayəni təsdiq etdi.
Çarpışmalar, mübarizələr üçün əsr, dövran bir meydan açmışdı ki, gəl görəsən. Doğulanlar az qala ana qoynundan çarpışmalar, vuruşmalar girdabına düşürdülər.
Körpəliyin tükənməz
Bir xəyal dünyası var.
Belə yazacaqdı şair və körpəliyi zamanın o kəsiyinə düşür ki, bu kəsikdə hadisələr, olanlar vaxtın basırığındadır, göz açıb yumunca
İndilər dünən olur.
«Rəsul altı yaşından məktəbdə oxumağa başlamış, bir il sonra uzaq Petroqradda axırıncı rus imperatoru II Nikolay taxtdan salınmış, inqilab başlamışdı...» yeddi yaşı ilə on yaşı arasındakı illər – anarxiya və hərcmərclik illəri – nə üçünsə «hürriyyət dövrü» adlanırdı, elə bir «hürriyyət dövrü» ki, gecələr heç kəs küçəyə çıxmırdı, axşamlar həyət qapıları möhkəm bağlanırdı və gecələr kimin qapısı döyülürdüsə, ev sahibi tüfəngini götürüb çaxmağını ayağa çəkirdi, sonra qapıya gedirdi ki, ay adam, kimsən?»
İnqilab bu dövrün uşaqlarının uşaq həyatının tarazlığını əymişdi və Ənvər Məmmədxanlının xatirəsi müvazinətini itirmiş, axarından çıxmış uşaqlığın aydın təsviridir. «... biz gündüzlər şəhər uşağı idik, şəhərin mərkəzindəki məktəbə gedirdik, o məktəb qabağındakı meydanda keçirilən mitinqlərə qulaq asırdıq, şəhərdə nümayiş başlananda nümayişçilərə qoşulurduq, axşamlar isə kənd uşağı idik, şəhərin kəndə çevrilməyə başlayan həddindəki evlərimizə qayıdırdıq...»
O evi xatırlayanda – Rəsul Rza
Ağzım torpaq dadır – yazacaqdı,
«Molla Nəsrəddin»in məzəli şəkillərini, «Tuti», «Babayi-Əmir», «Probujdeniye», «Niva» jurnallarını, bacısının uzun qış gecələrində «Min bir gecə»dən, «Natpinkerton»dan oxuduğu nağılların sevincini xatırlayacaqdı, çox-çox illər sonra anlayacaqdı bacısının nağıllarla baş qatmasını:
Atasızlıq acısı
Çökməsin körpə qəlbimizə.
Amma o ahəng ki, çöldə tüğyan edirdi, o ahəngin coşqun ovqatı, uşaqlığın yaşından qabağa qaçan müstəqilliyi evdə oturmağı mümkünsüz edirdi, əyalətin dar küçələrinə, ləngərinə sığmırdı və o ovqat bir az da Rəsulun canında-qanındaydı, bu təbəddülatın içində özünə sığmamaq xislətindən gəlirdi.
Saya gəlməz arzuların çeşidi tərcümeyi-halına, ilk baxışda qəribə səslənən, gec həzm olunan bu sətirləri yazacaqdı: «...ağıllı-başlı bir məktəb də qurtarmamışam...» amma tələsməyin, təəccüblüsü hələ sonra gəlir – heç tanrı bəndəsinə məsləhət görmədiyi belə təhsil üsulunu yenə də özünə rəva bilir. «...ancaq mən yenidən cavan olub təhsilə başlasam, yəqin təxminən belə bir yol keçərdim...»
Təəssüf – məğlubiyyətin etirafı zəiflərin işidir, xarakteri yetkin, iradəsi güclü insan üçün dərk olunmuş həqiqətdir ki,
Bütün ötüb keçən günlər
Ən gözəl günün müqəddiməsi imiş.
Təzada bax ki, «ağıllı-başlı məktəb qurtarmamış» Rəsul Rza XX əsr Azərbaycan poeziyasında məktəb yaratdı. Poeziyada, şerdə məktəb yaratmaq ifadəsi, bu məktəbin yaranmağa başlandığı illərin özündə olduğu kimi, bu gün də ehtiyatlı pauza, boğazarıtlama ilə dilə gəlir. Zəngin ənənəsi olan Azərbaycan şerinə yeni məzmunun zamanın diqtəsindən gəlməsində təəccüblü bir şey yoxdur, amma formada yenilik, vəzndə sərbəstlik iddiası çoxlu sayda eksperiment, sözçülük, həyatın özündən gələn ritm, pafos xaosundan sıyrılıb çıxmaq, eyni zamanda, yeniliyin heç də ənənəyə arxa çevirmək, ondan üz döndərmək olmadığını sübut etmək, bunları sadəcə sadalamaq deyildi. Şerə yeni keyfiyyət gətirməyin – asan olmayan bir yolun – nə olduğunu, nə ilə nəticələndiyini uzun-uzadı şərh etmək cəhdlərini Fikrət Qoca belə yekunlaşdırıb:
Dedilər: Vəzni pozdu.
O, bir Şer də yazdı.
Dedilər: Şerinin bəzəyi azdı.
O, bir Şer də yazdı.
Dedilər: Dayazdı.
O, bir Şer də yazdı.
…Amma öz aramızdı,
o vaxt sözümüzə baxsaydı,
İndi Rəsul Rzamız olmazdı!
Rəsul Rzanın ədəbiyyata gəldiyi illər tarixdə xüsusi ab-havası, özünəməxsus təşbehləri ilə seçilir. «Hürriyyətin havası» özünü yavaş-yavaş göstərirdi. Zaman
Sənəti yumruqla
İlhamı zirzəmi ilə
qorxudanlar, «əli mandatlı ədəbiyyat darğaları» üçün işləyirdi,
Xorenlər iş başındaydı,
ruhullalar zirzəmidə can üstündə.
Zaman o zamandı ki,
Tanrısı «gözəllik və sevgi»
Cavid olmuşdu «xalq düşməni»…
Amma elə bu zamanın içində
Səhrada tək qalıb bağıran
Haray çəkib çağıran
Bir itgin kimi
Haraysız qalacaq
Sözü düşünənlər da vardı və belələri
«dözüb hər möhnətə, hər dərdə, o çətin illərdə, o ağır günlərdə yenə də yaradır, qurur», şer yazırdılar. Bütün mürəkkəb, vahiməli, təzadlı təzahürləri ilə həyat bir həqiqəti, bir aydın, sadə yol göstərmişdi.
Aydındır şerin dili
Sevincinə də, qəminə də tərcüman olan bu dilin, bu aydınlığın özünün bir ağrısı da özünü göstərirdi:
Elə aydındır bu dil,
Nadan yüz il oxusun yenə bir şey anlamaz.
Çətini bura qədərdi – dolaşıq kələfin ucunu tapanacan-sonra çözməyə nə vardı ki. Sonralar, bu aydınlığın ağrısı ilə dostlaşanda-
kimə deyim dərdimi, dünya dolu adamdır -
çözmək müşkülə dönəndə Ezop dili çatacaqdı köməyinə... (Nə eybi var, göy atdan bir nəm-nişan qalmasa, zato, hər yanda boldur at ətindən kolbasa!)
(Qoca timsah, yekə timsah
udur xırda balıqları
udduqca da
gözlərindən bol yaş axır
Humanistdir timsah axı!)
Hələliksə, bu aydın, sadə dillə istəyini, umacağını bəyan edir və bu bir qəlbin səsi, insanlığın qəlbində əks-səda verir:
Mən nə istəyirəm?
Ciyər dolusu hava!
Könül dolusu sevinc!
Sevincin qədrini daha çox bilməyə hərdən kədər arzulayan şair üçün dost da, düşmən də öz yerində, sabitqədəm, hər şey öz adında-dadında olmasıyla gözəldir, mənalıdır. Hər şeyin öz yerində, öz adında-dadında olmasının da, sən demə, çox asan çəmi var.
İnsanda insan oyadın,
Kamança çalın.
Mirzə Cəlildən gələn kamança kövrəkliyimizin görk olası aqibəti bəlli isə belə, şair öz qənaətində qətidir:
Yəqin kamança çala bilmirmiş Habil,*
Yoxsa çalardı.
Nə araya qan düşər,
Nə kin-küdurət qalardı…
Bu nə şair sadəlövhlüyüdür, nə də həyata cəhrayı eynəkdən baxan yaşın pafosu. Bu şeri yazanda (1967) Rəsul Rza ömrünün yarıdan çoxunu yaşamışdı, həyatın hər üzünü görmüşdü, insan münasibətlərinin çeşidli çalarlarından çeşidli hisslər yaşamışdı, vəzifənin, mövqenin xarakterdə çevik çevrilmələrinin təəssüfünü-göynəyini, dünən öydüyünü bu gün söymək, bu gün söydüyünü sabah öymək simasızlığının ağrılarını da az dadmamışdı, amma bütün yaşadıqları, gördükləri əqidə və baxışlarında, davranış və münasibətlərində səbatını sındıra bilmədi, kəskin ağlını korşalt¬mardı, «yer üzünün yaraşığı, gözlərində həyat işığı insanlara...» inamını azaltmadı. İnam, bütövlük yaradıcılığına da yarlıq oldu, insanlara inam: «Mən-insanam» qürurunda qəlbiləndi. Bu insan ömrü xırda hisslərə xərcləmir, məhəlli çərçivəyə sığmır:
Yüz min illik olsa bu yol
Yenə keçərdim onu yorulmadan,
Həsrətilə sürünə-sürünə,
Yeriyə-yeriyə
Üzümü qoyardım
Ən adi, tozlu torpağına.
Planetim mənim.
Planetin harasında olur-olsun, torpaq-bozmu, qəhvəyimi, sulumu – və insan – ağmı, qaramı, sarımı - onun şerinin, düşüncə¬sinin başlıca mövzusudur. Eyni torpaq üstündə gəzən insanların
Sevincdən, qəmdən keçən,
Mübarizələrdən keçən
YAŞAMAQ adlı bir yolu var.
İstər Hindistan, Suriya, İraq, Həbəşistan olsun, istər Yaponiya, Almaniya – elə hər yerdə
Əllər iş istəyir,
Ağızlar çörək.
Gördüklərinin şair qəlbində-qələmində göyərtdiyi arzu da elə hamının arzusudur – hamının dilində şerə çevrilmir (bəlkə buna görə şairləri arzular tərcümanı adlandırırlar?)
Bir elə gün olaydı ki, deyəydilər:
Planetin heç yerində bir güllə də açılmadı.
Bir gün ilə, əsrə dönüb uzanaydı…
* * *
Seçilmiş əsərlərinin beşcildliyi Rəsul Rzanı oxucuya bütövlüklə təqdim etdi. Bu, təkcə latın qrafikalı əlifba ilə bağlı olaraq əhəmiyyətli deyil. Bu, həm də zamana qarışmış əsrin (insanların əsəridir tarix), bu əsrdə yaşamış insanın ictimai-sosial-mənəvi həyatının geniş spektrli mənzərəsidir. (Söhbət yalnız Rəsul Rza ilə bağlı deyil, ədəbiyyatımızın digər simalarının da belə təqdim olunması arzu olunandır). Bu həyatı, bu dövrü öyrənmək, ədəbi prosesi «saf-çürük etmək», nəyi təqdir və əxz etmək, nəyi qəbul etməmək isə, bu artıq bugünkü oxucunun səviyyəsi, dünyagörüşü, zövqü, baxışı, qiymətləndirmək mədəniyyəti və vərdişləri ilə bağlıdır. Bu mənada kimsəni yönəltmək və daşındırmaq artıq işdir. Ən azı ona görə ki, dünəni qiymətləndirmək bu günün və sabahın taleyində vacib amildir. Ona qayıdırıq ki, sözügedən cildlərlə tanışlıqdan gələn bir qənaət də budur ki, dilimlzdə döyənəyə dönmüş bir söz var ki, Rəsul Rzanın nə ömrünə, nə fəaliyyətinə, nə də yaradıcılığına yaraşdırmaq olmaz: BİGANƏLİK.
Deyirlər ki, Dünyanın
Dərdi sənə qalıbmı;
«Tək mən salim olum...» laqeydliyinin Sabirdən üzübəri gələn düşüncəsinə cavab şairin təəccüblü sualıdır:
Dünya insan evidir
Necə yaşamaq olar
Dünyanın dərdləri ilə
Üzülüb dərdlənməsən,
Acısına yanmasan…
Bir həqiqət var ki, özünü, kökünü, «köyünü» sevməyən insan dünyanı sevə bilməz, insanları sevə bilməz. Rəsul Rza da bu həqiqətin içindədir.
Bu torpaqdan, sudan alıb qidanı
Dünyaları gəzən şerlərim də.
Amma məhəbbət təkcə sevinc deyil, həm də onu itirmək qorxusudur: «min-min ana içində, anamı tanıyaram: gözlərimi bağlasalar belə». Görün bu tanımağın nəmi-nişanı nədir?
Tanıyıram
Ayaq basdığı torpağın qoxusundan,
Qəlbimə dolub-boşalan
Onu itirmək qorxusundan.
Nə deyirsiniz deyin, Rəsul Rzanın içindəki belə qorxunun bir adı da Qarabağdır. Qarabağı – nənəmin köçəri yolları, babamın çirməkli qolları – deyə əzizləyirdi və qəribədir, onun Vətən, torpaqla bağlı başqa heç bir şerində belə kövrək nəvaziş yoxdur.
Qəlbimdəsən, gözümdəsən.
Hara gedim, hara baxım,
Mənim doğma Qarabağım!
Bəlkə, bu qorxuları vaxtında göra bilmədik deyə, ağıla gəlməyənlər başa gəldi? Və «tonqal yerində çiçək əkməklə» Azərbaycanı gözləyən faciəyə göz yummağın bir zaman göz dağına çevrilmək qorxusunu duymadıq deyə, nəsildən-nəslə əmanət Şuşanın şəninə deyilən «Tarixinlə öyünürəm» sətrindən sonra gələn «bu gününlə sevinirəm» sözünü demək haqqını itirdik?
Çox vurğundu baba yurduna
Babam, nənəm.
İndi nəvəmin babası
Mənəm.
...Qınamayın məni... Yaxşı ki, bu ağrılardan çox əvvəl «şerin yaxasına qara gül taxılmışdı».
* * *
Rəsul Rza yaradıcılığında bir mövzunu da müharibə qoyub. «Müharibənin yaralanmış düzlərini, yaralı yollarını» «insanlığı güldürəcək nurlu səhər bizimdir» inamı ilə keçib: Azərbaycanlı döyüşçü «Bəxtiyar»la birgə, «And içib», döyüşən «Vətən oğullarıyla səngərdaş olub» ki,
Bir cüt gözün matəmi
Min-min gözə çökməsin.
Gözü ilə gördüyü dəhşətlərin bir qismini «Krım xatirələri»nə köçürüb. Amma itgilər da yad deyildi, ağrılar da. Rəsul müharibəyə «qazanca qaldığı» illərdən gəlmişdi, dost itirmişdi, səsini çıxara bilməmişdi, cəbhədə itirdiklərinin, insan ölümünün yenə bir adı vardı. Amma Müşfiq, Abdulla Faruq, Cavid, adları uzun müddət həyatın tufanlarında, «qum üstündə ləpir kimi» itən neçə-neçə qələm yoldaşı, tanış, yaxın-uzaq, hələ üstəlik, əmisi, həyat yoldaşının soyadı ilə bağlı ailənin başı üstündə diş qıcayıb duran «sürgün» qorxusu, taleyindən nigaranlıq da ürəyində idi.
«Rəsul müəllim bu gecə məni nəslinin acı taleyi ilə tanış etdi. Nigar xanımın və öz valideynlərinin çəkdiyi iztirablardan, siyasi repressiya qurbanları olanlardan ürək ağrısı ilə danışdı. Bunlar indiyədək nəinki mənə, bəlkə də çoxlarına məlum deyildi. Təbii ki, adi şəraitdə o mənimlə belə açıq danışmazdı. Dərd insanları birləşdirir, deyirlər. O, tərcümeyi-halını danışdıqca gözüm qarşısında misilsiz iztirablar görmüş, böyük bir nəslin faciəli salnaməsi – böyük aləm canlanırdı. Onun həyəcanlı və alovlu sözləri bir növ tövbə, bir növ açıq etiraf, quruluşa, ədalətsizliyə qarşı kəskin etiraz kimi səslənirdi... Rəsul müəllimi heç zaman belə həyəcanlı görməmişdim. Görə də bilməzdim. Dərd və qüssədən az qala ürəyi partlayacaqdı. O, birdən dəhşətli yuxudan ayılmış kimi susdu, dərindən köksünü ötürüb dedi:
- Ürəyim sənə qızdığı üçün hər şeyi söylədim».
Süleyman Vəliyevin «Qaranlıq gecənin işıltısı» («R.Rza xatirələr işığında») adlı xatirəsindən götürülmüş bu sitatın böyüklüyünü nöqsan tutmayın mənə, sadəcə, Rəsul Rzanın belə etirafına, öz ağrısını bayraq edib ondan dividend kimi istifadə etdiyinə bircə dəfə də rast gəlinmir. Amma dilə gətirilməyən ağrının ağırlığına dözmək əzabı əzabların ən dözülməzidir.
Şair qəlbinin etirazı, etirafı özünü bir də «Qızıl gül olmayaydı» poemasında göstərib. Poemanın ədəbi-ictimai fikir tariximizdə yeri, rezonansı haqqında istənilən qədər fikir söylənib, rəylər yazılıb. Haqlı-haqsız. «Qızıl gül olmayaydı» - Zamanın Tarixə zərbəsinin insan Talelərində qoyduğu çeşidli izlərin poetik şəklidir. Olmuşların qabağında heç yerə yetməyən təəssüfün, əli bağlı əlacsızlığın için-için ovduğu qəlbin yanğısıdır, göynəyin göz yaşıdır.
Elə bil ki, dil-dil ötür
Hər hüceyrəmdə
Göz-göz açılmış yaralarım.
«Qızıl gül olmayaydı» - etirafdır. Məgər «37 səhifəsi» yalnız «bircə anda «yoldaş»dan donüb «vətəndaş», «əqlini itirib xoşbəxt olan»ların faciəsi idi? Eldə bir deyim var:
Özün öldün qurtardın
Məni qoydun yamana.
Bəs qalanlar, susanlar (susmayıb nə edəcəkdin?) o xofu nəsil-nəsil soyuna bilməyənlər? Etiraf da vicdana, əxlaqa bağlıdır.
Lakin necə sakit deyim ki,
Səsim gəldikcə bağırmadım.
Təsəvvürə sığmayan dəhşətin, qorxunc həqiqətin qabağında sükuta sığınmaq hələ meşşan səadəti axtarmaq deyil.
Yox, qaldırmadıq səsimizi,
Çünki düşmən aldatdı bizi.
Dost cildinə girdi,
Dost göründü.
Özünü sığortalama, təmizə çıxarma cəhdi də deyil... (heç kəs məndən iltizam almadı)
Axı, bizlərdən kim qorumaqçın inqilabı
Verməzdi öz canını…
Və məhz inam («biz inanmışdıq ki, inqilab üçün belə gərəkdir»):
Hansı böyük məqsədi
Çətin günlər sınamır?
yüzlərin, əqidəni vasitə yox, məqsəd bilənlərin iztirablara dözməyinə kömək oldu. Əslində bu da təsəllidir. Gələnlər üçün, gedənlərin həsrətinə dözməyin əl ağacıdır. Və bu təsəlliyə söykənən insan yaxşı bilir ki, «min-bir ümumi sevinc dağıda bilmir bir həsrətdən, bir ölümdən doğan qəmi». Aydın məsələdir,
Qəmin böyük ağrısına
Şəfa deyil söz məlhəmi.
Və bu etiraf, bu təsəlli, gedənləri qaytarmasa, yaraları sağaltmasa belə, gərəkdir. Ən azı ona görə ki, «onların təkrarına bir də olmasın imkan».
Zamanın və bu zamanın içindəki insanın ömür yolu olan «Qızıl gül olmayaydı» bu yolda ilk addımlardandı. İlk addım və bu addımı ata bilmək cəsarəti... «Qızılgül olmayaydı»... Kaş olmayaydı, olmasaydı solduğunu da görməyəcəkdin... amma bu, qızılgülün qədrini-qiymətini bilməməkdənmi gəlir? Bəlkə əksinə, könlünü, gözünü, ruhunu oxşayan bu təravət, bu zəriflik gözünün qabağında ləçək-ləçək saralır, yarpaq-yarpaq solur, sənin isə əlindən heç nə gəlmir, gücün çatmır əldən gedən gözəlliyi tutub saxlamağa, özünü günahkar bilirsən, gücsüzlüyün yaxıcı hikkəsi sözləri qaynadır içində:
Nə gözüm səni görsün,
Nə könlüm şan-şan olsun.
Amma vallah, nə bu görməzliklə, nə də itkilərin ağırlığı ilə yaşamaq mümkündür – qızıl gülün gözündə, qəlbində qalan işığı olmasa…
Ağrının özünü bu ağrını aradan götürməyə səfərbər etmək, insan talelərinin elə insan əli ilə pozulmuş nizamını bərpa etmək cəhdinin özündə belə işıq var və bu işıq bütövlükdə Rəsul Rza yaradıcılığının leytmotividir.
Arzuların, saf duyğu və təmiz niyyətin tərcümanı olan sözün urvatını bir boy da qaldırmaq – onu pafosdan adi söhbət tonuna keçirmək, şerdə ali mətləbləri adi tərzdə də deyə bilməyin mümkünlüyünü göstərmək də, yeni ədəbi təfəkkürün formalaşma¬sına və yeni ədəbi ənənələrin yoluna işıq salırdı.
Bu işıq içimizdə mürgüləyən özümüzü oyadır, mürgüdən ayılıb, təlqin və təqdimatın pafosu, ritualı arxasında az qala görünməz olan başqa bir insanla üz-üzə qalırıq. Qəfil işıqdan gözü qamaşan insan ətrafına göz gəzdirir. Sən demə həyat təkcə ağ və qara zolaqlardan ibarət deyilmiş.
Rəsul Rza ömrümüzün rənglərini göstərirdi. «Rənglər» ədəbi fakt kimi o qədər gözlənilməz idi ki, adi axarın ahənginə öyrədilmiş mühitdə çaşqınlıq yaratdı. Onu qəbul etmək, təsdiq etmək? Necə yəni, «ömrün, mübarizənin, qəlbin, nifrətin, gecənin, səhərin və insan taleyinin könlümüzdə canlanan rəngi?» Bu nə əllaməçilikdir?
Rənglər könlümüzdən keçir,
İsti, sərin küləklər kimi.
Nəğmələr, sözlər, səslər
Qəlbimizə dolur müxtəlif rənglər kimi.
Axı, belə deyiblər – belə demişik, belə görüblər – belə görmüşük:
Qara – matəm
Qırmızı – bayram
Sarı- nifrət rəmzi
İndi Rəsul Rza öz «yenilikçi iddiası», «sərbəst ədası ilə» nə demək istəyir?
Gördüyümüzdən artıq görmək istəməsək
Hər rəng adi boyadır.
Gördüyü ilə kifayətlənmək – bu vəziyyət rejimə sərf edirdi. Ona bu lazım idi. Amma vəziyyətin sakit gölünə daş atılmşdı. İtkilərə, gedənlərə etiraz etməmişdilər, susmuşdular, amma... içəridə inama çat düşmüşdü. İnandıqlarını tanımağa başlayırdılar. «Yaxşı dostun itkisinin ağrısı»ndan betər ağrı baş qaldırırdı: şübhə, inanmsızlıq, etirabın itməsi... hələlik bu etirazın səsi təəssüf idi: «Qızıl gül olmayaydı...», daha qəlbin gözünü yummaq olmurdu. Demək istədiyini demişdi və başa düşənlər vardı ki, hamının baxdığında hamının görmədiyini görmək üçün qəlbin gözü ilə baxasan gərək. Onda qara məhəbbət rəmzi də ola bilər, «Qara matəm rəngidir – deyirlər, yox, yalandır, qaldır kirpiklərini, gözlərinlə inandır». «Yükü Təbrizdə qalmış dəvə bir gün gələcək» ümidinin rəngi mavidir.
Dilimizin ağ yalan, «sarı həsrət» ifadələri var. «Rənglər» – üstünü toz basmış yaddaşın qədimliyimizin dibindən cücərib boy göstərən yaşıl inadı idi, görmə və qavrama effektini yeni müstəviyə keçirmişdi. İnsanın və təbiətin, duyğuların və rənglərin ahəngdar uyarlığının qövsi-qüzeh heyranlığını təkrarlayırdı. Zaman və insan haqqında düşüncələri yeni yozumda – rəng dilində dilə gətirirdi.
Assosiativ düşüncə təkcə günün tələblərini, şerin kanonlarını geridə qoymamışdı, Rəsul Rza öz şair adını da qabaqlamışdı «Rənglər»də. Amma öz vətənində peyğəmbər olmaq çətinliyi qabaqcıl düşüncənin də payında idi. «Rənglər» «düzü-dünyanı» gəzib gəlmişdi. Deyəsən təkcə Azərbaycanda Rəsul Rza «çətin başa düşülürdü», azərbaycanlı oxucunun «zövqünü oxşamırdı». İctimai fikrə «sırınan» bu fikrin yalan olduğunu «sübut etmək» üçün çox da uzun vaxt lazım gəlmədi. 60-cılar ədəbiyyatının müəllim, ədəbi məktəb deyə qəbul etdiyi Rəsul Rza isə bu zamanı gözləmək fikrində deyildi. «Tapşırıqlı mərdimazar» hay-küylərinə çoxdan öyrəşmiş Rəsul Rza sözünü demişdi:
Xalq, oxucu adından
Yazmayın: filan, filan
Sənət idman deyil ki,
Qazansın çox tullanan.
«Quru asfalt altından göyərən nərgizi» görməyənlərin «təşvişi» də tanış idi, tünd qəhvəyi rəngli – namərd tənəsi də.
Yenilikdən qaçmayın,
Hər dəfə
Yeni sözü gələndə
Tər-tələsik
İki dırnaq açmayın
Azərbaycanda «Rənglər»ə rəng veriləndə, onu tərcümə etmiş İlya Selvinski bu silsiləni belə qiymətləndirmişdi:
«Bu gözəllik, rəngləri hərflərdə görən Artur Rembonun rənglər cazibədarlığını da kölgədə qoyur». Bu ikili münasibətin arasında qalan şair isə poeziyasının başlıca xüsusiyyətlərini şərh edir: «...Təmtəraqlı ibarələrdən, bayağı qəşənglikdən, çoxsöz-lükdən qaçmaq...danışıq tərzi, sınanmış sadəlik, özünəməxsusluğa canatma, orijinallıq (ancaq orijinallıq xatirinə olanı yox), hər sözdə nəsə təzə bir şey demək, təsvir etdiyim obyektin yeni cəhətlərini göstərmək...». Əslində heç ola bilməz ki, ədalətli tənqidin nəzər-diqqəti bu ümumiləşdirmə üçün yetərli olmasın. Amma tənqidin «vəzifəsi» əsərin ideoloji baxımdan «faydalılıq dərəcəsi»ni «aydınlaşdırmaq»dı və Rəsul Rza poeziyasını ənənədən uzaq, oxucu zövqünü çaşdıran gərəksiz eksperiment adlandırmaqdan çəkinmirdi.
«Məgər ənənə yaratmaq keçmişin mütləq haqqıdırmı? Niyə keçmişdən 100 dəfə maraqlı, zəngin olan bizim gerçəkliyimiz belə ənənələri yarada bilməsin va yaratmasın?» (R.Rza)
Mən demirəm, yenilik
Yaxşılıqla əkizdir.
Sən də hökm vermə ki,
Nə yenidirsə, pisdir.
Amma bu da həqiqətdir ki, «Rənglər»i Azərbaycanda da layiqincə qiymətləndirənlər, onu ədəbi uğur hesab edənlər, müəllifini məhz bu silsiləyə görə daha çox sevənlər vardı və elə təkcə «Rənglər»in təsiri ilə yazılan neçə şeri misal gətirmək mümkündür.
XX əsr Azərbaycan şerində Sabir, Səməd Vurğun, Rəsul Rza ədəbi məktəblərini bir-birinə qarşı qoymaq və ya pyedestalın pilləsində onların yerini müəyyən etmək cəhdlərinin özü bütövlükdə poeziyaya ən azı səriştəsiz və hətta düşmən mövqeyi ilə səsləşən münasibət nümayiş etdirmək deməkdir.
Qoy şerə toxunmasın
Şer anlamayanlar,
və yaxud,
Babamla çox oxşarımız var:
Bir çox da oxşarsızlığımız…
Babam olmasaydı,
Mən də olmazdım.
Təkcə nəsil davamı kimi deyil, ümumən kökə bağılılıqda Rəsul Rzanın şair mövqeyi – «rahat qoysunlar əziz xatirəsini böyük ustadların» – bu günün də çox ehtiyac duyduğu nəsihətdir. Ustad¬lardan görüb-götürdüyü «mərdlik, ədalət, məhəbbət» «düşmənlə düşmən, dostla dost» nəsihətinə əməl etmək, Nəsimiyə, Füzuliyə, Sabirə «ustadım, babam, atam» deyə bilmək haqqını qazanmaq üçün bir insan, «bir şair ömrünü girov qoydu» – «girov» qoyulmuş bu ömür məsuliyyətin nümunəsi idi. Bu məsuliyyət yaradıcılığının zahiri görüntülərində əks olunmur, mahiyyətə enir. Onun yenilik cəhdləri hər cür köhnəni inkar etməkdən başlamır, ümumiyyətlə, bu maksimalizm yaradıcılığının ilkin dövrlərində – yeni həyatın coşğun ahəngindən doğaraq – özünü göstərsə də, köhnəyə, ənənəyə yaradıcı münasibət getdikcə dərinləşir. Məsuliyyət Rəsul Rzanın poeziyasında yox, sözə münasibətində yox, bütövlükdə Azərbaycan dilinə, bu dilin saflığı, onu anlaşılmaz edən yad tərkib və ifadələrdən təmizləmək, ədəbi dili sadə anlaşılan, fikri rahat, aydın tərzdə ifadə edə bilmək imkanlarını artırmaq barədə düşüncə və fəaliyyətində özünü göstərir. Bu məqamda vətəndaş – ziyalı Rəsul Rzanın obrazı şair obrazı ilə qoşalaşır:
«Rəsul Rzanın Yazıçılar İttifaqının rəhbərliyindən uzaqlaş¬dırılmasının əsas, daha doğrusu, yeganə həqiqi səbəbi latın əlifbasından rus əlifbasına keçidlə bağlı idi». (Anar)
«Azərbaycan dili Vaqifin «Ay qabaqlı, bulud zülflü gözəlin, duruban başına dolanmaq gərək...» misralarında əks olunmuş gözəl dilin ruhunu, ənənələrini saxlayaraq inkişaf etməlidir... Biz istəyi¬rik ki, gələcəkdə də dilimiz ərəbçilik, farsçılıq, osmançılıq təsirinin qatışıqlarından təmizlənsin, ancaq bu iş ... birinci növbədə xalq dilinin zəngin xəzinəsi hesabına, dilimizin öz imkanları hesabına olsun...» (R.Rza, 1939-cu il).
Tarixini bilərəkdən qeyd etdiyim bu sitatda qoyulan məsələ Rəsul Rzanı ömrünün sonunadək narahat edən mövzulardan oldu: «Şerimizdə yenilik, söz yaradıcılığı, ədəbi dilimizin inkişaf yönü, dilimizin gərəksiz əlamətlərdən qorunması...» Narahat ziyalı –vətəndaş mövqeyini, ilk addımın çətinliyi və məsuliyyəti boyuna biçilmiş Rəsul Rza ilk kino naziri olanda da, ilk milli ensiklopediyanın yaradılması işinə rəhbərlik edəndə də, İraq-Suriya səfərindən Nəsimi ilə «dönəndə» da, dünyanın nadir dillərindən olan xınalıq dilində danışan xınalıqlıları və Xınalığı Azərbaycana tanıdan ilk ziyalı dəstəsində olanda da onunla birgə olub.
***
Onun adı ilə bağlı olan xatirələr işığında Rəsul Rzanın ümumiləşmiş insan və sənətkar obrazı üçün yada düşən təyinlər BÜTÖVLÜK sözündə cəmləşir. Rəsul Rzanın şeri, sözü də, özü də aydındır. Bütövlük də buradan gəlir-məqsəd, əqidə aydındırsa, inamın güclüdür. Başqalarından umduğu, gözlədiyi də budur: aydınlıq. El arasında buna sözünün ağası olmaq deyirlər. Şair ilhamı hərdən səni alıb aparar, lap olar ki, yeri gələndə, «Aldanma ki, şair sözü, əlbəttə yalandır» əlyeri ilə sözünün dalından qaçasan. Rəsul Rza incə və kəskin yumorunda da, ağrının, sevincin «şəkilini çəkəndə» də «baltanı kökündən vurması» – sərrastlığı və lakonizmi ilə seçilir. Hədəfə birbaşa vuranda da, sətiraltı mənalara üz tutmaq məqamında da kəskin, aydın və ciddidir. Sənətkarlığın səmimiyyətlə çulğaşması nümunəsi sayıla bilən bu sifətlər əslində insana böyük sevginin təzahürüdür və nə yazıq ki, qəlbində insanlara, həyata məhəbbət olmayanlar, insan kədərinə, sevincinə biganalər üçün bunun məhz belə olduğunu dərk etmək çətindir. Fərqli düşüncədə, həyata və hadisələrə baxışda özündən hətta bir addım qabaqda, bir boy ucada duranı görmək belələrinə dünyanı dar edir və qəribə bir hücum başlanır əks tərəfə. Amma «mərdi qova-qova namərd etmək» məsəlinin «bıçağı sümüyə dayanır». Bir incə yozum da var axı bu məqamda: mərdi qova-qova namərd etmək həmişə mümkün olmur, belə olanda, mərdi qova-qova... namərd də olurlar.
İnsanlar,
ey insanlar!
Məni hərdən incidib
könlümü sındıranlar!
Axtarın bu qəlbimi,
bir caninin dolaşıq
cinayət yollarını
gəzib axtaran kimi.
Orda sizlərə qarşı
Nə bir parça ədavət,
Nə də kin görərsiz.
Bəlkə tənə daşından
büllur kimi qırılmış
ürəyimin
Qızıl qan verdiyini görərsiz.
Mən də ürəyi ət, qan
bir canlı, bir insanam.
Mən də adi insanam,
Nə başdan-başa tərif,
Nə də cılxa nöqsanam.
Sabirdən gələn bu ağrıya, İskəndərin anlamaq dərdinə «Acı olur doğru söz» təsəllisinin gətirdiyi inam qoşulur:
Acıdil desələr də mənə bəzi adamlar,
Yaxşıların içində mənim yaxşı adım var.
***
İnsan və sənətkarın xatircəmlik xoşbəxtliyini dadmaq üçün «bütün varlığınla sevdiyi böyük anamız müqəddəs Vətən torpağına» tapşırılmağı gözləmək lazim deyil. O torpağa ki, səni ədəbiyyat aləmində yaradıcılıq zirvələrini fəth etməyə pərvazlandırıb. O torpağa ki, onun yetirəcəyi gələcək yeni nəsillər əsərlərinə görə səni hörmətlə, məhəbbətlə yad edəcəklər». (S.Rüstəm) Və 40 ilin dostu «mənə – onun köhnə dostuna inanın» – deyirsə, bizim inanmamağa haqqımız yoxdur. Gözünün qabağında böyüyüb püxtələşən şair dostun yaradıcılığına verdiyi qiymətə də eləcə: «Rəsul – müdrikdir, amma bu, həyatdan təcrid olunmuş bir öyüdçünün təkəbbürlü müdrikliyi deyil, həyatın özünün müdrikliyidir. Bir də onun poeziyası əbədi gəncliyi ilə seçilir». Gənclik – Rəsul Rzanın ruhundadır və bu ruh olmasa «bir oğlan, bir qız gəlir – dodaqlarında gəncliyimin təbəssümü» deyə bilməzsən. Bu ruhu hiss etməsəydi, onun ardınca gedən nəsil olmazdı.
Əgər yoxluğu insan qəlbində «nə yaxşı ömrümdə o günlər ötub» (Niyazi) işığı yandırırsa, şerin bu gününə
«içimdə dəli bir fəryad,
necə olacaq axırımız, ustad» (T.Abdin)
- nigarançılığını yaşayanlar ruhuna üz tutursa... «tabutunu özü apara bilmək xoşbəxtliyi» elə budur ki, var. Əlbəttə, misranın müxtəlif yozumları mümkündür. Bu məqamda isə tabutunun arxasınca özünə və sözünə hörmətin, ehtiramın səfərbər etdiyi insanların könüllü borc anlamı da var.
* * *
Rəsul Rzanın yaradıcılığı, ictimai fəaliyyəti haqqında yazılanlar, deyilənlər, az olmasa da, kifayət deyil. Amma təqdim olunan «Seçilmiş əsərləri»nin beş cildliyi də, «Rəsul Rza xatirələr işığında» kitabı da tədqiqatlar üçün yeni mövzular, yeni yanaşma, daha obyektiv, vicdanlı münasibət üçün imkan açır. Bu yaradıcılıq əbədi-əzəli mövzuların yeni düşüncə, yeni təfəkkür və yeni çalarlarla təqdimidir. Elə ona görə də onu narahat edən məqamlar da, onu ilhamlandıran mövzular da bu günlə səsləşir. Hərdən, yox, elə çox vaxt hiss edirsən ki, sənin qəlbini tərpədən, səni riqqətə gətirən, düşündürən mövzuları qələmə alıb şair, bunlar sənin qəlbində şer ola bilməyən duyğudur, münasibətdir, hiddətdir.
Rəsul Rzanın «Do-re-mi» adlı bir şeri var. «Müdrik simfoniyalar, əzəmətli melodiyalar «ən şad, ən ümidsiz nəğmələrin anası» notlardan yaranır» – deyir. Amma əsas bu deyil, bundan sonra gələn təəssüfdür:
Bunlardan yara alıb,
adını çəkməyə arım gələn,..
dəmir qutuya tökülmüş
saxsı qırıqları kimi səslənən
mis-qu-səsi.
Və bəzi ətalət qidası havaların
yataq lirikası…
Və bu sətirlərin altında məmnuniyyətlə bu günkü tarixi və öz imzanı qoymaq istəyirsən və əminsən ki, belə etmək istəyənlərin sayı çoxdur – bu gün musiqi zövqünə düşmən münasibəti hesab olunacaq bir vəziyyəti qələmə alıb şair.
«Nəğməkar-şair» sözünün bu qədər ucuzlaşdığı, ucuz zövqün, bəsit hisslərin «xidmətində duran» «gözəl şair və bəstəkarların», «ulduz» oxuyanların meydan suladığı bu gündə musiqimizdəki «zülmət qaranlığı» qanımızı dondurur – Günəş işığında ulduz görmüsünüzmü heç?..
Rəsul Rzanın sözlərinə bəstələnmiş musiqi nümunələri çoxdur. Tofiq Quliyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu və başqalarının şairin şerlərinə qoşduğu mahnıların zəngin Azərbaycan musiqi xəzinəsində yeri, çəkisi haqqında danışmaq artıqdır.
«Yaman gündə dost əlindən bərk yapış,
Dünyanın həvəsi keçib gedəndir»
İnsana bu qədər dayaq duracaq, onu bu qədər yaşamağa səsləyən bu sözlərin ülviliyini bu gün yaranan bir mahnıda axtarmaq üçün çıraq gəzməli olursan.
Heç gileyi, şikayəti belə gözəl, üzrxahlığı belə kövrək görmüsünüzmü?
Gözlərinə de ki, girməsinlər yuxuma.
* * *
«Gedər bir gün bu gözəllik, sənə də qalmaz»
* * *
«Görünür ağlımmış səni unudan,
Könlümün bu işdən yoxmuş xəbəri».
* * *
İnsanın, sənətkarın ümumxalq məhəbbəti qazanmasının, «Xalq şairi», «Sosialist Əməyi Qəhrəmanı», dünyanı dolaşan şöhrət sahibi olmasının kökündə o insanın dünyaya, həyata, insanlara, arzu və ümidlərə inamı, məhəbbəti, kökə, torpağa bağlılığı durmasa, mümkün deyil. Amma insanın, sənətkarın bütövlüyü, tamlığı üçün çox vacib bir amil də var. İnsan ailəsində dayaq görməsə, Musa Yaqub demişkən, «Könlünü ilhamda, qəddini şuxda, gözünü işıqda saxlayanı» olmasa, nə eldə, nə fəaliyyətdə yüksələ bilməz. Rəsul Rzanın «İnsan və sənətkar» bütövlüyünün mühüm cizgisini görməmək, qeyd etməmək, onun obrazının tamamlanmaması demək olardı:
Sən, ömrün yolunda mənə rast gəlib,
Könlümü eşq ilə çəkib bağlayan!
Sən, təmiz adıyla başım yüksəlib,
Namərd tənəsindən məni saxlayan.
Nigar xanıma deyilib bu sözlər. Bunlar da!
Sevdim səni həyatı sevən kimi,
Sevdim həyat kimi
Dedim Xızır olaram:
Aradım səni abi-həyat kimi.
Sevdim, sevirəm,
Sevəcəyəm səni həyat kimi.
Bu sevginin qabağında «nə qəm, illər sovuşur, getdikcə artır yaş».
Mən şer yazmamışam
Xurmayı saçlarına.
Tərifin yox sənin də,
Ala gözlü yarına.
Bu səssiz, zərif sevginin dağdan ağır dözümünə söykənib yaşamağın səadəti Rəsul Rzanın – «namərd tənəsinə, dost itkisinə dözüb çinar ömrü yaşamağına» bəs etdi.
Hələ bu harasıdır, sən demə əsl xoşbəxtlik budur: «ömrün son akkordları», yorğun ömrün məlhəmi etiraf –
Hansı göz var ki
ona açıq və dik,
baxa bilmədik?!
Elə bu etiraf yazdırır bu sözləri də.
Rahat olun, dostlar, rahat olun!
Nigaranlığa yoxdur əsas…
Hələ mən
Gedəcəyəm iyli, rəngli,
Adlarını yüzdə bir adam bilməyən
yeni çiçəklər dərməyə…
Dəstəm böyük olacaq, çox böyük,
dünyanın bütün yaxşı adamları,
bir də yurdumun baharı…
İnandıra bilərsinizmi məni, dünyanın yalan günündə, ölümün özünü aldadıb Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?
Bu sözlərin bütün zamanlarda eşidiləcəyinə isə heç kəsi inandırmağa ehtiyac yoxdur:
«Möhtəşəm vüsətinizə, poetik istedadınıza, insanlığınıza görə, insana bəxş etdiyiniz hər şeyə görə çox sağ olun!» (Eduardas Mejelaytis).