XVI əsrin ikinci yarısı - XVII əsrin əvvəllərində yaşayıb-yaratmış Sadiq bəy Əfşar Sadiqi dövrünün hərtərəfli istedada malik zəngin bilikli ziyalısı, görkəmli alim, şair və rəssam kimi mədəniyyət tariximizə düşmüşdür.
Sadiqinin türkdilli ədəbi irsi «Məcməül-xəvas» təzkirəsi, şeirlər toplusu və münşəatdan-məktublar toplusundan ibarətdir. Onun «Məcməül-xəvas» əsəri ədəbiyyat, elm və ədəbi fikir tariximizin öyrənilməsində mühüm rol oynamışdır. Təzkirə Osmanlı torpaqlarından tutmuş, bu günkü İran, Azərbaycan, Orta Asiya, Əfqanıstan, Pakistan və Hindistana qədər, böyük bir ərazinin konkret bir zaman çərçivəsində (I Şah İsmayıl dövründən müəllifin həyatda olduğu günlərədək) ədəbi və ictimai-siyasi mühitini əks etdirir. Şairin özünün qeyd etdiyi kimi, bu əsər müəllifin uzun müddətli səyahətlərinin, müşahidələrinin, topladığı zəngin məlumatların məhsuludur.
Sadiqinin 487 beytdən ibarət türkcə şeirlər toplusuna 5 qəsidə, 40 qəzəl, 1 saqinamə, I Şah Abbasa müraciətən məsnəvi formasında yazılmış 1 şeir, 1 tərkibbənd və 1 qitə daxil edilibdir. Bu şeirlər əlifba sırası ilə düzülməmişdir. Şairin klassik Şərq ədəbiyyatını gözəl bilən, poetik fiqurlardan məharətlə istifadə edən, doğma dilin zəngin xəzinəsindən bacarıqla bəhrələnən bir sənətkar olduğunu görürük. Əsərlərini oxuduqca onun doğma dilin söz və ifadələrini yeri-yerində işlətdiyinin, dilin incəliklərinə bələdliyinin şahidi oluruq.
Sadiq bəy Əfşarın türkdilli irsi içində məktubları böyük maraq doğurur. Sadiq bəyin həyat və yaradıcılığına həsr etdiyi monoqrafiyasında M.Muradova onun türkcə 14, farsca 4 məktubunun olduğunu yazmışdır. Məktubların əlində olan surəti qüsurlu olduğundan tədqiqatçı onları tam oxuya, ətraflı araşdıra bilməmişdir. Məktubların mükəmməl surətini Təbriz Mərkəzi Kitabxanasından əldə etdiyimizə görə, onlar barədə daha dəqiq və müfəssəl fikir söyləyə bilərik. Sadiq bəyin məktubları onun külliyyatının 1008-1043-cü səhifələrini əhatə edir. Ümumi başlıq belə gedir: «Münşəate-türki və farsi ke, be müləmməate-məşhurəst» («Müləmməat kimi məhşur olan türkcə və farsca münşəat (məktublar)». Qeyd etmək istərdik ki, Müsəlman Şərqi ölkələrində məktub bədii bir janr olmuşdur və məsələn, M.Füzulinin Osmanlı dövlətinin yüksək vəzifəli məmuru Nişançı Paşaya yazdığı, «Şikayətnamə» adı ilə məşhur olan məktubu bədii əsər, nəsr nümunəsi kimi oxunmuşdur və oxunmaqdadır. Məktublar katiblər tərəfindən köçürülər və ən müxtəlif oxucular üçün maraq doğuran bədii sənət nümunəsi kimi yayılardı. Müxtəlif Şərq əlyazmaları kitabxanalarında məktub topluları - münşəatların əlyazma nüsxələri saxlanmaqdadır.
Sadiq bəy Əfşarın məktublarını nəzərdən keçirdikdə görürük ki, onların sayı, M.Muradovanın göstərdiyi kimi, 18 deyil, 25-dir. Bunlardan 18-i türk, 7-si fars dilindədir. Türkcə məktublardan ikisinin başlığı yoxdur. Bu məktublarda Sadiqinin həyat və yaradıcılığı, dövrünün görkəmli dövlət xadimləri, müxtəlif sənət sahibləri ilə əlaqələri barədə dəyərli məlumatlar vardır. Buradakı bəzi məqamlar ədibin digər əsərləri ilə səsləşməkdədir. Məsələn, Sadiq bəyin türkcə şeirlər toplusunda onun ömrünün son dövrlərində, xəstə olduğu vaxt I Şah Abbasa ərzi-hal şəklində məsnəvi formasında yazdığı şeir vardır. Burada o həmin vaxtlardakı vəziyyətindən, səhhətindən danışmışdır. Şeirdən öyrənirik ki, I Şah Abbas Təbrizə səfər etdiyi vaxt Sadiqi xəstələndiyi üçün səfərdə iştirak edə bilməmiş, qoşundan uzaqlaşmağa məcbur olmuşdur. Şairin üç ildən artıq xəstə olduğunu öyrənirik.
Burada şair bir dəfə I Şah Abbasın əmri ilə müalicə olunsa da, vəziyyətinin yaxşılaşmadığını xəbər vermiş, şahdan dərdinə əlac edilməsini xahiş etmişdir. «Dər izhare-zəёfi-bimari neveşte şod» («Xəstənin zəifliyinin izhari barədə yazılmışdır») başlıqlı məktubunda da Sadiq bəy xəstəliyindən şikayət edir, əsl şəfa verən həkimin Allah olduğunu deyir. Ədib «Dər izhare-kufte-arizi neveşte şod» («Zəifliyin izhari barədə yazılmışdır») başlıqlı məktubunda da xəstəliyindən şikayət edir, adını çəkmədiyi, «səadətlü sultanımız» adlandırdığı şəxsə onu yad etdiyinə görə minnətdarlığını bildirir.
«Məcməül-xəvas» təzkirəsindən S.Əfşarın, rəssamlıqda, xəttatlıqda olduğu kimi, bir sıra digər sahələrdə, o cümlədən, təbiblikdə də mahir olduğunu, xəstələrin dişlərini çıxardığını öyrənirik. Sadiqi «Dər üzre-çubçini xordən neveşte şod» («Çöpçülük barədə yazılmışdır») başlıqlı məktubunda «dövlətlü və səadətlü sultanımız» adlandırdığı şəxsə boğazdan çöpün çıxarılması qaydalarını izah edir, bir növ resept yazır. Məktublarından Sadiqinin digər sahələrdə də bacarıq sahibi olduğunu görürük. Mülazim Nəvvab Teymur Əşrəfə məktubunda o məlumat verir ki, bir vaxtlar Həmzə mirzə Məşhəd ziyarətgahının binasını təmir etdirmək istədisə də, vəsait çatışmazlığından bu mümkün olmadı. Hal-hazırda isə (I Şah Abbasın zamanında) bu mümkündür. Əgər bu işə vəsait ayrılsa, o, təmirə ümumi başçılığı və tərrahlığı (memarlığı) öz üzərinə götürə bilər. Buradan Sadiq bəyin memarlıq, tikinti işlərinə başçılıq sahəsində səriştəsinin olduğunu öyrənirik. Ədibin Nəvvab Kamran mirzəyə yazdığı məktubundan isə belə bir fakt bir daha sübut olunur ki, Sadiqinin incəsənətin müxtəlif sahələrindəki sənətkarlığı xarici ölkə bilicilərinə də bəlli imiş. Nəsrabadi təzkirəsində Molla Qürurinin sözlərinə əsasən belə bir məlumat vermişdir ki, Sadiq bəyin özünün verdiyi məlumata görə, onun rəsmlərini Hindistanda baha qiymətə alırlarmış: «Tacirlər mənim işlərimin hər bir səhifəsini 3 tümənə alır, Hindistana aparırlar». Kamran Mirzəyə məktubunda şair deyir ki, Xarəzm ustadlarından Batmangüc adı ilə məşhur olan birisindən xatəm üslubu ilə nəqqaşlış (mozaika, inkrustasiya) işi görmək sifarişi almışdır.
Münşəat Sadiqinin yaşadığı cəmiyyətdə böyük nüfuza malik olduğunu, ən yüksək mövqe sahibi olan şəxslərlə əlaqə saxladığını bir daha sübut edir. Bu məktublar I Şah Abbas, Mülazim Nəvvab Teymur Əşrəf, Müseyib xan Təkəlü, Dədə Əbülqasim Sərməst, Nəvvab Kamran mirzə, Pirə Məhəmməd Ustaclu və adı çəkilməyən şahzadə, vəzir və dəftərxana mülazimlərinə ünvanlanmışdır. Burada Sultan Həmzə mirzənin, Qaraca Sultan Təkəlünün, xəttatlar - Mövlana Əlirza və Qasım bəyin, Şənbə adlı qapıçının, Özbək Sultanın, Xarəzm ustası Batmangücün adları çəkilir. Bu şəxsiyyətlərdən Müseyib xan Təkəlü, Pirə Məhəmməd xan Ustaclu və Qaraca Sultan Təkəlünün Səfəvi dövlətində yüksək mövqeyə malik olmaları, bir sıra tarixi hadisələrdə fəal iştirak etmələri barədə I Şah Abbas dövrünün saray tarixçisi İsgəndər bəy Münşinin «Tarixi-aləmarayi-Abbasi» əsərində məlumatlar verilmişdir.
Sadiqi məktublarında yazdığı və ya yazmaqda olduğu bəzi əsərlərinin adını çəkmişdir. «Yeki əz vüzərayi-şairtəbiət neveşte şod» («Şair təbiətli vəzirlərdən birinə yazılmışdır») başlıqlı məktubunda o yazır ki, tənhalıq qüssəsini dəf etmək üçün ömrü boyu yazdığı əsərləri bir külliyyatda toplayır, eyni zamanda Ə.Nəvainin «Məcalisün-nəfais» üslubunda «Məcməül-xəvas» adlı təzkirəsini tamamlamaqdadır: «…tənhalığ qüssəsida dəf`i-məlalçün, bir pərişan əcza kim, müddəti-ömrda cəm bolmuş irdi, bir külliyyat tərtib bola. O cümlədin, «Məcməül-xəvas» atlığ bir nüsxə «Məcalisün-nəfais» rəvişida itmamğə qəribdür» (3,s.1033). Bu deyilənlər məktubun yazılma tarixində müəyyən qədər dəqiqləşdirməyə kömək edə bilər. Tədqiqatçılar göstərirlər ki, «Məcməül-xəvas» təzkirəsi h. 1007-1008-ci illərdə (m.1597-1598) yazılmışdır.
Nəvvab Kamran mirzəyə məktubunda şair deyir ki, rəssamlıq sənətinin nəzəri, texniki məsələləri barədə mənzum əsər yazmış və həmin əsəri ona göndərmişdir. Adını çəkməsə də, bilmək çətin deyil ki, ədib burada farsca yazdığı «Qanunüs-süvər» («Təsvirlər qanunu») risaləsini nəzərdə tutur.
Sadiqi məktublarına türkcə və farsca yazdığı bir sıra kiçik həcmli şeirlərini, Qurandan, Sədidən, iqtibaslarını da daxil etmişdir. Ədibin yüksək intellektual səviyyəsi, geniş mütaliə dairəsi münşəatında da özünü göstərməkdədir. Məktublarda Füzuli irsinin, xüsusilə də «Şikayətnamə»nin təsirini qeyd etmək istərdik.
Səyahət etməyi sevən, həyatı boyu bir çox yerləri gəzib-dolaşan Sadiq bəyin münşəatında Fərat, Astarabad, Gilan, Şahrud, Əfsərain, Xorasan, Məşhəd və s. məkanların adları çəkilir.
Sadiqinin məktublarının dili ərəb-fars söz və ifadələri ilə yükləndiyindən, onları müasir oxucunun oxuyub-başa düşməsi çox çətindir. Məktublara müəllifin 14 beytdən ibarət farsca 6, 22 beytdən ibarət türkcə 9 kiçik şeiri daxil edilmişdir. Şairin türk dilli lirikasını araşdırarkən, əlbəttə ki, onun külliyyatına salınmış şeir toplusundakı, «Məcməül-xəvas» təzkirəsindəki şeirləri ilə bərabər bu şeirləri də nəzərdən keçirmək lazımdır. Sadiqi münşəatının, ümumiyyətlə, nəsrinin dilini müasir oxucu üçün mürəkkəbləşdirən amillərdən biri də buradakı cığatay sözlərinin çoxluğudur. Məlum olduğu kimi, böyük özbək şairi Əlişir Nəvainin (1441-1501) təsiri ilə XV-XVII əsrlərdə, hətta XIX-XX əsrlərdə də ədəbiyyatımızda cığatayca və ya cığatay dili elementlərindən istifadə etməklə şeirlər yazılmışdır. XVI-XVII əsrlərdə bu təsir şairlərimizdən Sadiqi və Əmaninin yaradıcılığında özünü daha çox birüzə verir. Dövrün digər sənətkarlarının əsərlərində bu təsir ya azdır, ya da heç yoxdur (Məsələn, Məczub Təbrizinin şeirlərində).
Məktublardan birində dövrün ədəbi dilindəki müxtəlifliyə dair maraqlı bir faktla rastlaşırıq. Başlığı olmayan bu məktubunda şair xəstəliyinin şiddətləndiyi vaxt ona gələn sifarişdən danışır. Deyir ki, həkimlər artıq onu müalicədən imtina etmişdilər: «Hükəma və ətibba əlacimdən laəlac bolub əl müalicədin və əyağ tərəddüddin çəkmiş irdilar». Belə kədərli bir məqamda ona I Şah Abbasdan «qüdvətül-mühəqqiqin və seyyidüs-salikin, dürri-dəryayi-mənəvi» Mövlana Cəlaləddin Rumi «Məsnəvi»sini fars dilindən türk dilinə tərcümə etmək sifarişi gəlir. Bu sifariş ruhsuz bədənə can verən kimi ona qol-qanad verir, dilçəldir. Tapşırığın çətinliyindən əndişəyə düşən şair öz-özünə deyir ki, əgər Allah istəsə, bu işin öhdəsindən uğurla gələcəkdir. Lakin əsəri hansı üslubda tərcümə edəcəyi barədə qəti qərara gələ bilməyən Sadiq bəy «Məsnəvi»dən parçaları üç türk ədəbi dilinə (cığatay, Osmanlı və Azərbaycan türkcəsinə) tərcümə edib göndərir, sifarişçinin hansına üstünlük verdiyini bilmək istəyir: «Əlməmur əlmənzur» üzrü bilə neçə beyt nəzm və nəsr tərtib beyarıldı. Qansı rəviş məqbul bolsa, ol varida kəmali-səy məbzul tutulacaqdır və nə müqərrər bolsa kim, qansı istilah bilənilsa: cığatay füsəhaları rəvişda, əmma Rum büləğaları üslubida, ta qızılbaş mütəkəllimləri [tövr]ida əmr olsa kim, katib mükərər bolsa kim, bu həqiri hər… müsəvvədə qılsam, katib kitabət qılsa ziyadə ətnal mövcibi-məhal olmasun deyü dua birlə ixtisar olundu».
Qeyd etmək istərdik ki, Səfəvilər dövründə Azərbaycanda anadilli ədəbiyyatın inkişafına müsbət təsir edən amillərdən biri də şərqdə-Orta Asiyada cığatay türkcəsində ədəbiyyatın, Əlişir Nəvai məktəbinin, qərbdə - Osmanlı dövlətində yerli türkcədə Osmanlı ədəbiyyatının tərəqqi etməsi idi (bu dövrdə hind-türk dövləti - Moğollar imperatorluğunda hakim mövqe farsdilli ədəbiyyata məxsus idi). Türk dilləri arasındakı fərqləri qeyd edən böyük Füzuli ana dilindəki divanının dibaçəsində öz dilini türkcə kimi təqdim etmiş, osmanlı şairlərini «büləğayi-Rum», Orta Asiya sənətkarlarını isə «füsəhayi-Tatar» adlandırmışdır. S.Əfşar osmanlıları eyni cür - «büləğayi-Rum», Orta Asiya türklərini «füsəhayi-cığatay», Azərbaycan türkcəsində yazanları isə «qızılbaş mütəkəllimləri» «(«qızılbaşca danışanlar») adlandırır.
Orta əsr nəsrinin digər nümunələri kimi, Sadiqinin məktubları da səc`li-daxili qafiyəli nəsrlə yazılıbdır. Məktublarda belə nümunələrə tez-tez rast gəlirik: «Bu vəfa sərkuçəsinin rüsvası və həqiqət bərzəxinin şeydasına». Burada «rüsvası» və «şeydası» sözləri həmqafiyədir. Klassik ədəbiyyatda «münşiyanə üslub» ifadəsi vardır. «İnşa» - məktub və sənədlər, bunlardan tərtib olunmuş kitab, «münşi» - katib, yazıçı deməkdir. «Münşiyanə üslub» dedikdə klassik Şərq bəlağət sənətindən bəhrələnən, müxtəlif bədiiyyat vasitələrindən geniş istifadə edilən məktub və əsərlərin dili başa düşülür. S.Əfşarın məktublarında da poetik fiqurlardan geniş istifadə edildiyini görürük. Şairin dostlarından birinə yazdığı məktubundan nümunə gətirək: «…yəni ol bir gülşənin sərvnazları və ol bir aşiyanənin şəhbazları və ol bir dumanın şəm`i-ənvarları və ol bir sağərnin rahi-ruhpərvərları, filanlar bu kəminəlarni til qələmin və qələm tilin rəncə qılub bir neçə kəlmə birlə sərəfraz qılmışlar». Bu mətn parçasının əvvəlində tərsi poetik fiqurundan (ritmik-sintaktik parallelizm) istifadə edildiyini görürük. Təkrar edilən həmcins ifadələrin əvvəlində gələn «Ol bir» rədif sözü klassik poetika baxımından təkrir, dilçilik baxımından leksik anaforadır. Burada əks bədiiyyat vasitəsindən (sözlərin düzümündə tərsinə inversiya) də istifadə edilmişdir: «Til qələmin və qələm tilin». Məktublarda «səhra-səhra səna töhfəsi və tağ-tağ dua hədiyyəsi» kimi mübaliğəli təşbihlərin işlədildiyini görürük. «Müdriki-idrak» kimi ifadələrdə isə iştiqaq sənətindən (eyni mənşəli sözlərin müxtəlif variantlarda işlədilməsi) istifadəni görürük. Sadiqinin orta əsrlər epistolyar irsimizin üslubunun öyrənilməsi baxımından böyük maraq kəsb edən məktublarından bəzi nümunələri nəzərdn keçirək. S.Əfşar adını çəkmədiyi şair təbiətli vəzirə yazdığı məktubunda tərtib etdiyi «Məcməül-xəvas» təzkirəsi üçün ondan seçmə şeirlərini istədikdən sonra sözünün axırında deyir: «Ta söz bustanı gülbəninin tazə gülları şaxsari-barigahida nəşimən qılur. Siznin qönçeyi-gövtarınız gün-gün şükuftə mütəbəssüm bolsun və ta təkəllüm nəğməsaraları çəmən bəzmgahida tərənnüm görküzür. Siznin bülbüli-əşarınız dəmbədəm mütərənnim bolsun. Amin». Orta əsrlər Şərq ədəbiyyatına məxsus təmtəraqlı dil göz qabağındadır. Bu parçada poetik sənətlərdən daha çox təşbihlər diqqəti cəlb edir. Nəzərdən keçirilən hissədə şaxsari-barigah, bülbüli-əşar kimi təşbih izafətləri ilə bərabər, türk dili konstruksiyasında yaradılmış söz bustanı gülbəninin tazə güllari, təkəllüm nəğməsaraları, çəmən bəzmgahi kimi yığcam təşbihlər daha böyük maraq kəsb edir. Bunları ətraflı nəzərdən keçirməklə müəllifin orijinal yazı üslubuna dair yeni materiallar əldə edə bilərik.
Adını çəkmədiyi bir xana məktubunda Sadiq bəy deyir ki, sizin xidmətinizə gəlməməyimin səbəbini əsla verdiyiniz maaşın azlığında və ya sizinlə birgə səfərlər etməyin əziyyətindən çəkinməyimdə görməyin. Xidmətçiniz Şənbə adlı qapıçı elə tərs adamdır ki, əgər onun adı, Allah göstərməsin, beytülmüqəddəsin (Qüdsün) qapısında yazılsa, ziyarət etmək istəyənlər oraya gedə bilməzlər: «…Məbada xani-alicahin qullari xatirlarinə xütür edə kim, bu həqir məvacib və mənafe qüsuridin, ya səfər xətri həzəridin mülazimət əyağ çəkmiş ola. Hərgah qapıçi Şənbə atlığ kişi ki, əgər nəuzü-billah bu at ləfzi Beytül-müqəddəs qapusida mərqum bolsa, bir əqli-bavücud daniş tifl yanlığ bu ləfzi-məzkur şamətindin ol qürb civardin evimiz və cəm`i-bikəslardin yəraq bu at əgər mətlubi-müvafiq tilina səhvən cari bolsa talibi-sadiq ümdən tələbi-rəhgüzariğə yüz qoymas…».
Sadiqinin buradakı incə yumorlu dili Füzuli «Şikayətnamə»sini xatırladır. Müəllif bir tərəfdən, məktubda kinayə ilə xanın ona az maaş verdiyini, özü ilə uzun səfərlərə aparıb yorduğunu bildirir, digər tərəfdən, xanın qapıçısını - Şənbə adlı məmuru tənqid edir. Sadiq bəyin bəzi digər əsərlərində də məmurlar amansız tənqid edilmişdir. Onun türkcə şeirlər toplusundakı sonuncu əsəri şah sarayındakı bir qorçubaşıya müraciətən yazılmış həcv qəsidəsidir. Burada şair şah fərmanına riayət etməyən dövlət məmurunun özbaşınalığını kəskin tənqid edir, onu əhli-şər adlandırır:
Mən şamlu fəqiriyəm, sən qəcər bəgi,
Sən əhli-şərsənü sana bir əhli şər gərək.
Sadiq bəy Əfşarın məktubları orta əsrlər türkdilli nəsrimizin, epistolyar ədəbiyyatımızın daha ətraflı tədqiqi baxımından əvəzedilməz mənbələrdir.