Təxminən iyirmi-iyirmi beş il əvvəl «Latın amerikalı yazıçılar ədəbiyyat haqqında» adlı bir kitab oxumuşdum. Həmin o kitabda Latın Amerikası yazıçılarının müxtəlif əsərlər, ədəbi cərəyanlar, müəlliflər və s. haqda fikirləri verilmiş, geniş müsahibələri, mühazirələri dərc olunmuşdu. Mənim ədəbi zövqümün formalaşmasında həmin kitabın rolu mütaliə etdiyim məşhur nəsr və nəzm əsərlərindən heç də az olmayıb. Əksinə, bəlkə də, çox olub. Çünki həmin kitab hardasa, mənəviyyatımızın dünya ədəbiyyatı adlı nəhəng coğrafi ərazilərinin xəritəsi kimi çıxış edərək, mənə kimin (müəllifin) və nəyin (əsərin) yerinin harda olduğuna bələdçilik edib. Mən o kitab vasitəsilə sanki Xristofor Kolumb kimi özüm üçün neçə-neçə əsər, neçə-neçə müəllif kəşf etdim. O kitab bu gün də mənə yolgöstərənlik edir.
Və bütün dünya ədəbiyyatının, əgər belə demək olarsa, şirəsini canına çəkən, xülasəsini özündə əks etdirən belə bir kitabın niyə bizim öz doğma dilimizdə olmamasına həmişə təəssüflənmişəm.
Amma yox, o səviyyədə, o səpkidə olan bir yazını mən təxminən beş-altı il əvvəl öz doğma ana dilimizdə də oxudum. Bu, xalq yazıçısı Elçinin «Ədəbi düşüncələr»i idi.
Dünya ədəbiyyatını təmsil edənlər də daxil olmaqla bir neçə yazıçı var ki, mən onların əsərlərini hələ məktəbli vaxtlarımdan, ilk mütaliə təcrübəmdən başlayaraq, günü bü günə qədər oxuyuram. Yəni yaşımın, ovqatımın müxtəlif vaxtlarında həmin yazıçıların qələmindən çıxan əsərlərlə dərdləşməyə içimdə mənəvi tələbat hiss edirəm. Və əgər belə demək olarsa, «mənim yazıçılarım»ın sırasında Elçinin xüsusi yeri var.
Elçinin yaratdığı obrazlar qalereyası özündən asılı olmayaraq, hardasa, doğma insanlar kimi sənin yaddaşının əbədi qeydiyyatına düşür və sanki səninlə birgə yaşayır, nəfəs alır və yaşa dolur. Məsələn, nə qədər qəribə olsa da, mən bir vaxtlar yaşıdım olmuş o məşhur Baladadaşı indi də yaşıdım kimi təsəvvür edirəm. Elə bil, üstündən illər keçdikcə, o da mənimlə birgə yaşa dolub.
Görünür, sənətin, yaratmağın qüdrəti də elə budur.
Digər məziyyətlərlə yanaşı məni həm də Elçinin peşəkarlığı xüsusi cəlb edir. Bəzən böyük hekayəçi olan yazıçı romançı kimi o həddi saxlaya bilmir. Bəzən də əksinə. Elçin yaradıcılığında isə hekayə, povest, romanlardan tumuş pyeslərə, publisistikaya, hətta uşaq hekayələrinəcən bütün janrlar elə bir hədd çərçivəsində yaranış statusu alır ki, o həddin bir adı istedad, digər adı peşəkarlıqdır.
Və məncə, məhz bu iki keyfiyyəti özündə ehtiva edə bilən əsərlər zamana qarışmaq, zamanla birgə getmək qüdrətində olurlar.
Bu kitabın yaranışına təkan verən «Ədəbi düşüncələr»ə gəlincə isə, yazıçı bəzən hətta beş-altı cümlədən ibarət olan bu essevari düşüncələrində həm də böyük ədəbiyyatçı olduğunu bir daha təsdiqləyirdi. O qısa, lakonik düşüncələrə nələr sığışdırılmamışdı? Şifahi, antik ədəbiyyatdan tutmuş müasir dövrə qədər bütün ədəbi mənzərə burada öz əksini tapmışdı.
Mən o düşüncələri oxuduqca, yazıçının heyrətamiz mütaliəsinin ovsununa düşdükcə, illərin o başında qalan həmin o kitab yenə xatirimdə dirilirdi, canlanırdı. Özü də daha məhrəm, daha doğma qiyafədə. Çünki bu kitabı mən artıq öz ana dilimdə oxuyurdum və ən əsası - görürdüm.
Elə bu bir kitablıq müsahibə-söhbətin təməli də məhz onda qoyuldu. Aradan müəyyən müddət keçsə də, bu geniş müsahibə, nəhayət, sözün hər iki mənasında alındı. Mən suallarıma dərin, əhatəli, orijinal cavablar aldıqca, Elçin müəllimə bu «əziyyəti» verdiyimə görə məmnun idim.
İndi bu bir kitablıq müsahibə - söhbət artıq oxucuların ixtiyarına verilərək, öz müstəqil ömrünü yaşamağa başlayır. İnanıram ki, bu söhbət əlinə qələm alan neçə-neçə yazarın, həmçinin, neçə-neçə oxucunun ədəbi zövqünün formalaşmasına xidmət edəcək, ona böyük ədəbiyyata uzanan yolda bələdçi olacaq - eynilə iyirmi-iyirmi beş il əvvəl mənə bələdçilik edən həmin o kitab kimi.