30-cu illər ictimai-siyasi prosesinin ən böyük hadisəsi, heç şübhəsiz, Azərbaycan ədəbi mühitindən də yan keçməyən repressiyadır. Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi (!) həbsi və məhvi ilə nəticələnmişdir. Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü. Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar -- İ.V.Stalin və L.Beriyanın repressiya "sunamisi" bütün Sovetlər Birliyində, eləcə də Azərbaycanda yüzlərlə mütəfəkkiri, alimi, şair və yazıçını, folklorşünası, tənqidçini, heykəltaraşı, aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə səbəb oldu.
Bu sənətkarlar arasında şairlərdən - Hüseyn Cavid (1882-1944), Hacı Kərim Sanılı (1878-1937), Mikayıl Müşfiq (1908-1938), İsmayıl Katib (1898-1938), Əhməd Cavad (1892-1937), Əliabbas Müznib (1883-1938), nasirlərdən - Böyükağa Talıblı (1897-1938), Qantəmir (1889-1944), Y.V.Çəmənzəminli (1887-1943), Seyid Hüseyn (1887-1937), Tağı Şahbazi Simurğ (1889-1938), Hacıbala Nəzərli (1895-1939), tənqidçi-ədəbiyyatşünaslardan - Atababa Musaxanlı (1905-1941), Əli Nazim (1906-1941), Əmin Abid (1898-1938), Bəkir Çobanzadə (1893-1937), Məmməd Kazım Ələkbərli (1905-1937), Mustafa Quliyev (1893-1938), Ruhulla Axundov (1897-1937), Hənəfi Zeynallı (1896-1938), Salman Mümtaz və b. onlarla sənət adamını işindən, ailəsindən, həyatdan vaxtsız ayırdı.
Əlbəttə, burada bizim məqsədimiz repressiyaya məruz qalan şəxsiyyətlərimiz haqqında tarixi araşdırmalar aparmaqdan ibarət deyildir; bu barədə son otuz ildə yetərincə tədqiqatlar aparılıb, kitablar nəşr olunub, bədii və sənədli filmlər çəkilib, bundan sonra da yəqin ki, bunlar davam etdiriləcək. Xüsusilə, 80-ci illərin sonları -- 90-cı illərin əvvəllərində yuxarıda adını sadaladığım və çəkmədiyim müəlliflərin repressiya olunmasına dair arxiv sənədləri üzə çıxarılmış, məhvedilmə səbəblərinə aydınlıq gətirilməyə çalışılmışdır. Ancaq repressiya hadisəsinə yanaşmanın metodologiyası işlənib hazırlanmadığından hələ də sovet repressiya maşınının törətdiyi cinayətlərin müəllifi, səbəbləri qeyri-müəyyən qalmışdır.
Maraqlıdır ki, repressiyadan keçən zaman müddəti uzaqlaşdıqca onun ətrafında çəkilən qeyri-müəyyənlik, anlaşılmazlıq haləsi bir qədər də böyüyür; halbuki, keçən hər zaman onun başvermə mexanizmini, səbəblərini və bu siyasi aksiyanın müəlliflərini daha aydın şəkildə ortaya qoymalı idi. Fikrimizi çağdaş mətbuat səhifələrində, demək olar ki, hər gün repressiyaya aid öz əksini tapan qeyri-dəqiq mülahizələr, fakta söykənməyən fikirlər də sübut edir. Bu mülahizələr cəmiyyətdə istər dövrün, istərsə də repressiyanın anatomiyasını bütün təfərrüatı ilə açmadığı kimi, doğru-düzgün informasiya mənbəyi də olmur. Söhbət repressiya dövrü maraqlılarının, bəzən isə, hətta tədqiqatçıların çox zaman həmin dövrün qəzet və arxiv materiallarından gətirdiyi sitatların, mənbələrin doğru olub-olmadığından getmir (bu cür sitatlar, məqalələr nə qədər desən var, hətta bu məqalə və sitatları təkzib edən, yaxud əks mövqedən yazılmış fikirlər də yetərincədir), həmin faktları, çıxışları, məqalələri düzgün metodoloji yanaşma ilə dəyərləndirməməkdən gedir…
Belə bir məsələni xüsusi qeyd etmək lazımdır ki, repressiya maşını cəmiyyətin bütün təbəqələrini, peşə sahiblərini əhatə etsə də, yaddaşlarda, əsasən şair və yazarların, elm və sənət adamlarının məhvi ilə qalıb. Məhz bu görkəmli insanların məhvi cəmiyyətdə repressiya xofunun mahiyyəti barədə mürəkkəb, bir-birinə zidd fikirlərin, mülahizələrin söylənməsinə səbəb olub. Buna səbəb yaradıcı adamlarla bağlı qəzet və jurnal səhifələrində məqalə və şeirlərin yazılması, özündən sonra müəyyən “iz” qoyulmasıdır. Bəzi elmi mənbələri nəzərə almasaq, çağdaş mühitdə repressiya barədə ümumi təsəvvürləri belə ümumiləşdirmək olar:
1) Repressiya maşını xalqın ən istedadlı vətəndaşlarını, ziyalılarını məhv etmişdir;
2) Repressiya olunanlar mövcud quruluşu qəbul etməmişdir;
3) Mövcud quruluşu qəbul edənlər repressiya sunamisindən canını qurtara bilmişlər;
4) Repressiya olunanlar sənətkar yoldaşlarının donosları əsasında həbs olunmuşlar;
5) Əsərlərində sosialist cəmiyyətini tərifləyənlər salamat qalmış, tənqid edənlər repressiyaya məruz qalmışlar;
6) Repressiyaya uğrayanlar haqqında yazılan qəzet, ya jurnal məqalələri, yaxud ayrı-ayrı fikirlər onların repressiyasına səbəb olmuşdur;
7) Repressiya sunamisi ancaq müxalifləri öz ağuşuna almışdır;
8) Oktyabra, Leninə, Stalinə əsər yazanlar repressiyadan qurtulmuş, yazmayanlar qurtula bilməmişdir və s.
Bu səbəbləri çoxaltmaq da olardı, ancaq burada cəmiyyətdəki təxmini səbəbləri göstərdik. 30-cu illərin yazarları haqqında danışarkən auditoriyada “filankəs filankəsin donosu əsasında tutulub”, yaxud “quruluşu qəbul edənlər qaldı, qəbul etməyənlər getdi” fikri və o illər haqqında səthi məlumata malik olması bu təsəvvürlərin haradan gəlməsini aydınlaşdırır. Onlarda bu fikir iki mənbədən formalaşırdı; məktəbdən və cəmiyyətdən, bir də televiziyadan... Lap bu yaxınlarda bir yazıçıya “Deyirlər Səməd Vurğun Müşfiq haqqında donos yazıb?” sualına “Müşfiq də S.Vurğun haqqında yazıb” cavabı dövrün xarakterini müəyyən mənada əks etdirsə də, konkret mənada başa düşülür və səhv nəticələrə aparıb çıxarır. Bir dəfə bu yanlış fikri televiziyada tirajlayan birisindən soruşdum ki, siz filankəsin “donosu”nu öz gözlərinizlə görmüsünüzmü? O, da filankəsdən eşitdiyini boynuna aldı, filankəs isə mənim bildiyimə görə, o sənədlərlə heç tanış deyildi. Yaxud, bir televiziya aparıcısı məni repressiya ilə bağlı verilişinə dəvət edərkən əvvəlcədən öz yanlış fikirlərini səsləndirir və söhbətin bu istiqamətdə gedəcəyini bildirirdi. Bu verilişdə 30-cu illər ədəbi simaları bir-birinə qarşı qoyulur, bir-iki mövcud faktlardan çıxış edərək səhv nəticəyə gəlinirdi. Təbii ki, 30-cu illər ədəbi prosesinin və repressiya olunanların tədqiqatçısı kimi mən buna gedə bilməzdim. Azərbaycan tarixi, ədəbi elmi fikri hələ də özü üçün müəyyənləşdirə bilməyib ki, bu qurbanların repressiya olunacaq qədər (və ümumiyyətlə!) günahı var idi, yoxsa yox! Bir çoxları bu fikirdədir ki, onların heç bir günahı yox idi, heç nədən onlar repressiya olunublar. Bir çoxları isə onların repressiyasını ədəbi, elmi və siyasi fəaliyyəti ilə bağlamağa çalışırlar. Bu iki fikri aydınlaşdıran metodoloji yanaşmalar, tədqiqatlar isə, hələ ki o yoxdur.
Ümumi götürdükdə, repressiyadan sonrakı səksən ilə yaxın bir dövrün hər onilliyində ona münasibət bir neçə dəfə dəyişib; yəni bu hadisəyə sonrakı onilliklərdə heç də eyni cür münasibət sərgilənməyib. Bəraət dövrünə qədər (1956) cəmiyyətdə bu hadisə nəinki açıq şəkildə müzakirəyə yaxın gəlmirdi, hətta bir müddət onların “xalq düşməni” adını almalarına inanır, yaxud özlərini inandırmağa çalışırdılar. Repressiya dövründə isə hər hansı rayon zəhmətkeşləri, yaxud təşkilatlar “xalq düşmənlərini” aşkara çıxarmaq üçün iclaslar keçirir, tələblər də qoyurdu (şübhəsiz, bunlar təşkil edilirdi, lakin kütləviliyi ilə diqqət çəkirdi). Bəraətdən keçən sonrakı təxminən 20-30 il ərzində isə repressiya hadisəsini qiymətləndirmədə qüvvələr nisbəti dəyişmişdi. Repressiya edilənlərin əsərləri dərc olunsa da, arxivlərə girməyə icazə olmadığından onların repressiyasının səbəbi, işin mahiyyəti üzə çıxmamış qalırdı. Bu isə cəmiyyətdə müəyyən qüvvələrin diqqətini sağ qalan 30-cu illər şair və yazıçılarının üzərinə yönəltmişdir (bu da sovet KQB-sinin işinə yarayırdı, yaxud məqsədli şəkildə bu cür informasiyalar cəmiyyətə ötürülürdü). Bu vəziyyət kimsə kimisə “satıb”, “əleyhinə ifadə verib”, “üzünə durub” (əlbəttə bunları da istisna etmirəm, lakin bütövlükdə dövrün xarakterini obyektiv ifadə etmir!) kimi fikirlərin yer almasına rəvac vermiş, repressiya sunamisindən sağ çıxmaları onların hüquqi cəhətdən olmasa da, mənəvi-əxlaqi cəhətdən əleyhinə çevrilib. İnformasiya boşluğu nəticəsində 30-cu illərin yazarları 50-60, 70-80-ci illər nəslinin ittihamedici baxışlarını öz üzərlərində daim hiss etmişlər. Bu 30-cu illər nəslinin son nümayəndəsinin həyatdan getdiyi vaxtadək davam etmişdir.
Əslində, sovet quruluşunun yalan informasiyasından qidalanan bu ittihamedici baxışların müəllifləri dolayısıyla sağ qalanları günahlandırmaqla nəzərləri başqa bir istiqamətə yönəltmişlər. Elə müstəqillik dövründən sonra da repressiya ilə bağlı lokal araşdırmalar (ayrı-ayrı şəxsiyyətlərin istintaq sənədlərinin üzə çıxarılması) aparılsa da, bu hadisəyə metodoloji yanaşma və dəyərləndirmədə yeni meyllər, koordinal dəyişiklik olmamışdır. Buna səbəb yeni mərhələdə sovet dövrü ilə bağlı bütün məsələlərə radikal yanaşmanın olmasıdır. Burada radikallıq təkcə repressiyaya, o dövrdə yazıb - yaratmış ayrı-ayrı sənətkarların şəxsiyyətinə və yaradıcılığına münasibətdə özünü göstərmir, hətta bəzən, ümumiyyətlə, sovet ədəbiyyatını və onun nümayəndələrini inkar etməyə qədər gedib çıxır.
Repressiyaya bugünkü münasibət, hətta bir çox hallarda 80-ci illərin baxışından irəli gedə bilmir, deyərdim ki, bəlkə də geri qalır. Çünki 80-ci illər təhlillərində fakta söykənmə, analiz-sintez, dövrün kontekstindən çıxışetmə, arxivlərə müraciət başlıca yer tuturdusa, bu gün səthi mülahizələrə, mövcud araşdırmalardan “bəhrələnərək” səhv interpretasiyalara yol verilir…
Bəs, əslində məsələnin mahiyyəti necədir? Repressiyanı dəyərləndirmədə hansı metodoloji meyarlar əsas götürülməlidir? Doğrudanmı, kütləviliyi ilə anoloqu olmayan bu hadisə bu qədər sadə mexanizm üzərində (“kimsə kimisə satıb”, “filankəsin donosu əsasında güllələnməyə məhkum edilib”, “yeni quruluşu qəbul etməyənlər həbs olunub, qəbul edənlər sağ qalıb”, “filankəsi satdığı üçün sağ qalıb” və s.) qurulmuşdur?!
Bu sualları istənilən qədər artırmaq da olardı, lakin bütün bunlar tam dolğunluğu ilə repressiyanın mahiyyətini ifadə etmir. Ona görə ki:
Repressiyanın ən məhsuldar ili 1937 olsa da, bu məşum il tarixə repressiya ili kimi daxil edilsə də, Azərbaycan üçün repressiya Aprel işğalından başlayır. Məhz həmin tarixdən başlayaraq diktatura rejimi Azərbaycanın siyasi, mədəni elitasına qarşı səlib yürüşü başlatdı, yalnız siyasi elita deyil, cümhuriyyətçi hesab olunan cəmiyyətin bütün təbəqələri (kəndli, fəhlə, molla və s.) repressiya və həbs filtrindən keçirildi. Azərbaycan Demokratik Respublikasının süqutundan sonra milli ordumuzun ləğvi, on minlərlə insanın "müsavatçı" adı ilə həbs edilib "Solovki" sürgünlərinə göndərilməsi (şairlərdən Əli Yusif, Əbdürrəhman Dai və b.), əlifba dəyişikliyi, N.Nərimanovun Respublikadan Moskvaya aparılaraq sui-qəsd edilməsi, "Molla Nəsrəddin" jurnalının bağlanması və s. 37-ci il repressiyasına gətirən lokal hadisələrdəndir. 1937-ci il (repressiya 1938-1939-cu illərdə də kütləvi xarakter almış, yalnız İkinci dünya müharibəsinin başlanması ilə dayanmışdır) repressiyası isə xarakterinə və strukturuna görə əvvəlkilərdən müəyyən dərəcədə fərqlənir.
Əgər 20-ci illərdə birmənalı olaraq ”əksinqilabçı” adı ilə cümhuriyyətçilər, yaxud müsavatçı və ittihadçılar məhv edilir, həbs olunub Solovki adalarına göndərilirdisə, 37-ci il repressiyası bir qədər qarışıq idi. Bu mərhələdə insanlar “xalq düşməni”, “agent”, “trotskiçi”, “pantürkist”, “sui-qəsdçi”, “panislamist” yarlığı altında məhv edilirdi. Özü də bu repressiya zəlzələsinin önündə kommunistlər (!) gedirdi. Repressiya maşınının insanların siyasi orientasiyasına baxmağa sanki macalı yox idi. Hətta kommunist partiyasının ən məşhur və vəzifə tutan nümayəndələri belə bu fəlakətdən canını qurtara bilmirdi. Mərkəzdə (Moskvada) Siyasi Büro üzvlərinin ailələrinin repressiyası onun səbəb, məqsəd və icra strukturunun mürəkkəbliyini göstərdiyi kimi, siyasi müxtəlifliyindən asılı olmayaraq heç kəsə güzəşt olunmadığının da bir sübutudur.
Azərbaycanda isə vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda misilsiz “xidmətləri” olan Ə.Qarayev, S.M.Əfəndiyev, D.Bünyadzadə, H.Sultanov, R.Axundov, Q.Musabəyov, A.Sultanova, H.Rəhmanov, M.D.Hüseynov, Ç.İldırım, A.Serebrovski və b. kimi yüzlərlə partiya, dövlət ictimai xadimlərinin "əks-inqilabi fəaliyyətləri" onların məhvi edilməsi üçün yetərli olur. Tezliklə repressiyanın qanlı əlləri həyatın bütün sahələrinə, kolxozlara, məscidlərə, zavodlara, fabriklərə, teatr, rəssamlıq və yazıçılar təşkilatlarına da uzanır. Repressiya sənədləri ilə tanış olduqca ondan salamat qurtarmanın ayrıca düsturu olduğuna və sağ qalanların bu düsturdan məharətlə istifadə etmələrinə (dövrün kontekstindən və subyektiv amildən çıxış etsək, buna da təbii baxmaq lazımdır!) inanmaq çox çətindir.
İstintaq sənədlərini araşdırarkən, üç əsas istiqamət nəzərə çarpır: a) həbs edilənlər müstəntiqin irəli sürdüyü ittihamları boynuna almamaqla yanaşı, müstəntiqin adlarını çəkdiyi şəxsləri tanımadığını bildirir, lakin 2, 3, 4, 5-ci (bu dindirmələr boynuna alanacan davam edir) dindirmədən sonra (bu dindirmələr eyni zamanda ağlagəlməz işgəncələrlə müşaiyət olunurdu!) “müttəhim” hər şeyi boynuna alır, adıçəkilən şəxslərin “agent”, “əksinqilabçı”, “pantürkist”, “müsavatçı” və s. olduqlarını bildirirdilər; b) həbs olunan müstəntiqin irəli sürdüyü bütün ittihamları boynuna almaqla yanaşı, adları çəkilən şəxslərlə işbirliyində olduğunu bildirir və istintaqa səmimi ifadə verdiyini nəzərə alaraq bağışlanmağını xahiş edir; c) çox nadir hallarda həbs olunan nə günahı olduğunu boynuna alır, nə də kimlərinsə adını çəkir.
Hər üç halda həbs edilənlərə aman verilmir və onlar əksərən güllələnməyə məhkum edilir. Bu cür istintaq materiallarının o dövrün bir forması və müstəntiqlərin tərtib metodu olduğunu da düşünmək mümkündür.
1) 1917-ci ildə ( ?) eserlər partiyasına üzv olduğuna görə;
2) 1928-ci ildə (?) türkiyəli ədəbiyyatşünas alim İsmayıl Hikmətlə məktublaşdığına görə;
3) 1929-cu ildə (?) müsavatçılardan Baharlı, Feyzullayev, Mövsümov və başqaları, habelə B.Çobanzadə ilə əlaqə saxladığına görə;
4) Praktik elmi işlərində (?) əksinqilabi millətçi ideologiyanı yazdığına görə.
Bir neçə istintaq və dindirmədə H.Zeynallı bunların heç birini boynuna almır və ittihamları rədd edir. Sonrakı dindirmədə isə o, bunları etiraf etməklə yanaşı, bu işə H.Sanılını, M.Müşfiqi, Dəmirçizadəni, Cahanbaxışı, hətta aspirant H.Araslını da cəlb etdiyini də “boynuna alır”. Daha sonrakı dindirmələrdə H.Zeynallı bu siyahını bir qədər də “dəqiqləşdirir”, istintaq işindən adı keçən B.Çobanzadə ilə əlaqələrini açıb söyləyir”, 1933-cü ildə yaranan “Azərbaycan millətçi partiyasına” daxil olan üzvləri (böyük bir siyahı) “göstərir”. Ali Məhkəmənin Kollegiyası H.Zeynallının işinin məhkəməyə verilməsini qərara alır. İşə müdafiəçisiz, ittihamçısız və şahidlərsiz baxan Məhkəmədə H.Zeynallının “özümü tam günahkar hesab edirəm, tam təslim olur və mərhəmət diləyirəm” bəyanatı ilə məhkəmə öz işini qurtarır və H.Zeynallını ən yüksək cəzaya-güllələnməyə məhkum edir.
Professor B.Çobanzadənin istintaq işində isə başqa bir mənzərə ilə qarşılaşırıq; 1937-ci il yanvarın 8-də Kislovodskın Mədən Fəhləsi sanatoriyasında həbs olunan dilçi alim mühafizəçinin köməyilə Bakıya gətirilərək aşağıdakı istiqamətlərdə ittiham edilir:
-1926-cı ildə Krım “Milli firqəsi” Mərkəzi Komitəsi adından Müsavat partiyası Mərkəzi Komitəsi ilə birgə iş barədə söhbətlər aparmış, Sovet hökumətinə qarşı R.Axundovla birgə iş haqqında danışıqlar aparmış və ədəbi əsərlərində millətçi ideologiyanı geniş yaymışdır. Elə ilk istintaqdaca B.Çobanzadə onunla əksinqilabi mövqedə olan V.Xuluflu, Ə.Nazim, Baqri, A.Zifeld, H.Zeynallı və başqalarının adlarını çəkir, türklərlə əlaqə saxladığını və onların məlumatçısı olduğunu “etiraf edir”. O, eyni zamanda, M.C.Bağırovun aradan götürülməsi, onun yerinə Hüseyn Rəhmanovun gətirilməsinin nəzərdə tutulduğunu “bildirir”.
Əlbəttə, bu cür nümunələrdən çox gətirmək olar, lakin elə bunlar da repressiyanın genezisinin bəzi məqamlarını ortaya qoyur. Bu istintaq işlərindən məlum olur ki:
Buna baxmayaraq, istintaq zamanı dindirmələr, demək olar ki, bu aspektdə gedir və repressiya karuselinin tipik əsasını təşkil edirdi. O ki qaldı şair və yazıçılara, xalq içərisində məşhur olan sənətkarlara, onlarla da eyni metodla istintaq aparılmış, saxta ittihamlarla günahlandırılmışlar.
Yuxarıda qeyd etdiyimiz repressiya faktları on minlərlə istintaq işini özündə ehtiva edir; lakin istintaq daxilində o qədər subyektiv amillər olmuşdur ki, onların təfərrüatına getmək böyük və sistemli bir araşdırma tələb edir. Təkcə bunu demək kifayətdir ki, hər bir işdə olan bütün informasiyaları olduğu kimi qəbul etmək çətindir. Araşdırmalar göstərir ki, bütün bu ittihamların əsasında saxta və yalançı şahidlər, təsdiq olunmayan müstəntiq xəyalının məhsulu olan “faktlar” dayanırdı. 1956-cı ildə bəraət sənədlərində həmin şahidlərin verdiyi ifadədə 37-ci il ifadələrinin müstəntiq tərəfindən yazıldığını, yaxud saxtalaşdırıldığı qeyd olunurdu.
Araşdırmalarımıza görə, repressiyadan qurtulmanın ayrıca düsturu olmadığı kimi, onu həyata keçirmənin və qurbanların istintaqa cəlb edilməsinin də vahid bir resepti olmamışdır. Bəzi xatirələrdən də aydın olduğu kimi, sağ qalanların böyük əksəriyyəti “veş-meşoku” hazır vəziyyətdə hər axşam aparılacağını gözləyirdi. Yaxud bu gün repressiya maşınının sükanı arxasında oturanın özü bir neçə gün sonra repressiya meyvəsini dadmalı olurdu. Hətta ən yüksək səviyyədə repressiya maşınını idarə edənlərin ya özləri, ya da ailə üzvləri qurban gedirdilər. Kommunist partiyasının görkəmli üzvlərinin bu aqibəti yaşaması ilginc faktlardan biridir. Yaxud repressiyanı birbaşa həyata keçirən orqanın (NKVD-nin) başında duran Yejovun cəmi bir-iki ildən sonra (1939) göndərdiklərinin dalınca getməsi repressiyanın anatomiyasının nə qədər mürəkkəb olduğunu göstərir. Bütün bu mürəkkəbliklər repressiyanın xarakterini açmağın, Azərbaycan ədəbi prosesində oynadığı məşum rolu ortaya çıxarmağın asan olmadığını göstərir. Bu dəhşətli faciədən keçən zaman repressiya üzərinə çəkilən qara pərdənin üzərindən götürülməsini zəruri edir.
Repressiya ilə bağlı sənədlərin, faktların kompleks halda elmi cəhətdən araşdırılması cəmiyyətdə insanlar arasındakı şübhələrə, inamsızlığa bir aydınlıq gətirə bilər. Ancaq deməliyik ki, yazıçı və şairlərlə bağlı bu aydınlığı gətirmək çox çətindir, ona görə ki, repressiyadan əvvəl onların bir-birinə olan münasibətini (burada nəsillərarası təfəkkür, sənətə, formaya münasibət kimi faktorları nəzərdən qaçırmaq olmaz!) çox zaman də repressiyaya qarışdırır, bəzən isə sırf subyektiv mövqedən çıxış edilir. Bütün bunlar isə yazarların repressiyası barədə obyektiv qiymətləndirməyə imkan vermir...
Azərbaycanın elm, mədəniyyət, fikir adamlarının məhvinə səbəb olan bu faciə Ümumittifaq miqyasında gedən proseslərin yalnız bir tərkib hissəsidir. Bundan əvvəl baş verən hadisələr kimi, repressiya da Azərbaycana kənardan - SSRİ rəhbərliyindən, onun idarəetmə mexanizmindən gəlmişdir. Hakim dairələr fəhlə-kəndli hökuməti adı altında birgə idarəetməni şəxsi diktatorluqla əvəz etmişdi. Siyasi idarəetmədəki qüsurları, eləcə də əhaliyə qarşı yürüdülən hərbi-feodal istismar siyasətini kəskin tənqid edən Trotski, Buxarin, A.Rıkov, N.Tomski və b. müxalifətçilər çoxdan siyasi səhnədən uzaqlaşdırılmışdı. Bundan (sosializmin tam və qəti qələbəsindən!) sonra mərkəzdə və yerlərdə yenidən düşmən axtarışına çıxmaq hansı ehtiyacdan doğurdu?
Birdən-birə 1937-ci ildə siyasi hərarətin bu qədər qalxması, cəmiyyətdə “kim kimi” məsələsinin qarşıda kəskinliklə dayanması cəmiyyətin özünün deyil, siyasi hakimiyyətin problemi idi. Bu gün dost olan sabah "düşmən"ə və yaxud əksinə çevrilə bilərdi. Dünən "nazir", MK katibi olan bu gün "terrorçu", yaxud "imperalizm agenti", "müsavatçı", "millətçi", "pantürkist" və ya "panislamist" kimi damğalanırdı. Bu istiqamətdə keçirilən tədbirlər yalnız şəxsiyyətlərə qarşı yönəlmir, xalqın milli-mənəvi, mədəni genosidinə səbəb olurdu; tarixi mədəniyyət abidələri dağıdılır, yüz illərlə yaşı olan məscidlər, minarələr, abidələr uçurulur, qiymətli əlyazma və kitablar yandırılır. Kommunist S.M.Kirova qarşı terror ölkədə "əksinqilabçılar"a, “millətçilərə” (müxalifət yox idi) qarşı mübarizəni bir qədər də gücləndirir. "Xalq düşmənləri"nin aşkarlanması prosesi Azərbaycanın bütün ərazisində həyata keçirilir və xalqın başı üzərində "qara kabus" dolaşmaqda davam edir. Əvvəlcə, elə Azərbaycanda sovet hakimiyyətinin yaradılmasında "müstəsna" xidmətləri olan Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, H.Sultanov, D.Bünyadzadə, R.Axundov həbs edilir, mətbuatda onların "xalq düşməni" obrazı yaradılırdı. Ayrı-ayrı şəhər, rayon zəhmətkeşlərinin bütün detallarına qədər hazırlanmış mitinqlərində bu insanlara "lənətlər yağdırılır", onların məhkum olunmasını tələb edir, yaxud əgər həbs olunmuşsa, bu hərəkəti "alqışlayırdılar". Bütün ölkə üzrə fasiləsiz mitinqlər gedir, hər gün yeni məhkəmələr qurulurdu…
Yaradıcılıq təşkilatlarında da eyni ab-hava davam edirdi; ittifaq üzvləri bir-birinə qarşı qaldırılır, iclas və plenumlarda yaradıcılıq işindən daha çox siyasi mövqe ortaya qoyulurdu. Azərbaycan ədəbi mühitində repressiya hərarəti 1937-ci ilin əvvəlindən yüksəlir. Yazıçılar İttifaqının iclası (28 yanvar) özünün siyasi fonunun kəskinliyi ilə əvvəlkilərdən fərqlənir. Yazıçılar "antisovet trotskiçi, ziyançı, diversiyaçı, cəsus” və s. haqqında danışaraq bu cür hadisələrə nifrət hisslərini bildirirlər. Eyni zamanda, Azərbaycanda onların havadarları olan müsavatçılara, eləcə də "gənc yazıçıları sovet hökumətindən iyrəndirməyə çalışan xain” R.Axundova qarşı kəskin çıxışda bulunurlar. İclasın axırında qərar qəbul edilir. Qərarda deyilirdi: "Biz insan ruhunun mühəndisləri (bu ifadə İ.V.Stalinə məxsus edilirdi - B.Ə.) olan yazıçılar Stalin adı ilə nəfəs alır, Stalin epoxası ilə qidalanırız.
Biz Stalinizmi canımızdan artıq seviriz, ona qarşı qalxan xain, murdar və çirkin əllərin kəsilməsini onun həyatına terror hazırlayan zəhərli ilanların başının kəsilməsini tələb ediriz.
Biz yazıçılar gələcək əsərlərimizdə sinfi düşmənlərin bu həyasız metodlarını bədii obrazlarla ifadə edərək onların bütün qalıqlarını ifşaya qalxışacağız".
Həmin ilin martında Yazıçılar İttifaqında keçirilmiş plenumda dörd məsələ müzakirəyə qoyulmuşdu. 1. H.Cavid məsələsi. 2. M.Müşfiq məsələsi. 3. Ə.Cavad məsələsi. 4. Y.Vəzir məsələsi.
Plenum üç gün davam etmiş, demək olar ki, bütün yazıçı və şairlər özünütənqid ruhunda çıxış etmişlər. Şübhəsiz, əsas tənqid hədəfləri H.Cavid, M.Müşfiq, Ə.Cavad və Y.Vəzir olur. Bu da plenumun gündəliyindən irəli gəlirdi. H.Cavid haqqında tənqidi fikirlərdən biri belə idi: "Yazıçılar içərisində Azərbaycanın həyatı ilə daha az maraqlanan və Azərbaycan əməkçilərinin mübarizəsinə yad olan əsərlər yazmaqdan əl çəkməyən Hüseyn Caviddir. Biz bilirik ki, Hüseyn Cavid burjua romantizminin məktəbində yetişmişdir. Bununla bərabər, o, Azərbaycan sovet və partiya təşkilatlarının onun üçün yaratdığı imkanlara və hətta əsərinə verdiyi mükafatlara baxmayaraq, yenə Azərbaycan əməkçilərinin mübarizəsinə dair bir şey yazmamışdır".
Bütün çıxışlar əsasən tənqidi notlar üzərində qurulsa da, sənətkarlar haqqında müsbət fikirlər də səslənirdi: "Bununla belə Cavidin ikinci əhəmiyyətini qeyd etmək lazımdır. O, bizim kinoya gəlib qeyd etmiş ki, o, "Koroğlu" teması (burada H.Cavidin yazmaq istədiyi "Koroğlu" nəzərdə tutulur - B.Ə.) üzərində işləmək istəyir. Söz ustası Cavid kino üçün müəyyən iskeleti olan inqilabi nöqteyi-nəzərlə bizim xalqın inqilab mübarizəsini göstərən bədii əsərin üzərində danışmaq istəyirəm..."
Maraqlıdır ki, bütün tənqidlərə baxmayaraq ədəbi cameənin Cavidə şəxsi münasibəti həmişə yaxşı olub, ona böyük hörmətlə yanaşılıb.
Çıxış edənlərin əksəriyyəti H.Cavid, Ə.Cavad, Y.Vəzirə olan münasibətdən fərqli olaraq M.Müşfiq yaradıcılığına qayğı ilə yanaşmağın vacib olduğunu vurğulamışlar. Hətta plenumda iştirak edən MK nümayəndəsi A.Sultanova özü Müşfiq haqqında müsbət fikirlər söyləmişdi. Plenumun ikinci günü (19 mart) M.Müşfiq öz çıxışında "dərin bir səmimiyyətlə" özünün keçmiş səhvlərini “etiraf etmiş” və özünü “yenidən qurmaq” istədiyini (dövrün epitetidir!) söyləmişdir. Çıxışının sonunda o yeni yazdığı "Duyğu yarpaqları" şeirini oxumuşdur:
Nə bir həsrətim var, nə bir qəmim var,
Dostlarım bilir ki, nə aləmim var.
Stalin əsrinə ithaf etməyə
Bir şair ürəyim, bir qələmim var.
Ən maraqlı cəhətlərdən biri-plenum iştirakçılarının həmin gün axşam xalq xanəndəsi Xanın konsertinə birgə getmələridir. Göründüyü kimi, Yazıçılar İttifaqının bir neçə gün (18-21 mart) davam edən plenumu qərəzli tənqidlər, ittihamlarla yanaşı mədəni tədbirlərlə də müşayiət olunur. Daha bir neçə ay keçir, ədəbi təşkilatda repressiyanın aparılması üçün məqam gözlənilir. Belə bir məqam Azərbaycan K(b)P XIII qurultayında reallaşır.
İyunun 3-də M.F.Axundov adına Opera və Balet Teatrının binasında öz işinə başlayan qurultayda M.C.Bağırov S.M.Əfəndiyev, H.Sultanov və başqalarını "əksinqilabçı", "xalq düşməni" elan edir. O, öz nitqində Yazıçılar İttifaqını da yaddan çıxarmır: "Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi: hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç və başqa əclaflar!
Xalqın qəddar düşməni Ruhulla Axundov nüfuzundan istifadə edərək Yazıçılar İttifaqını bərbad vəziyyətə salmışdır".
Qurultayda adı çəkilən yazıçılar artıq NKVD əməkdaşları tərəfindən həbs edilərək ağır işgəncələrlə sorğu-sual edilirdi. Yazıçıların ağır itkisi barədə isə qəzetlər düşmən obrazında yazılar dərc edirdi. Hakim partiyanın orqanı olan mətbuatda kəskin məqalələr yazılır. "Ədəbiyyat qəzeti" də bu "yarışdan” geridə qalmır, "Azərbaycan Sovet Yazıçılar İttifaqını hər cür əksinqilabi millətçi, müsavatçı tör-töküntüdən təmizləyəlim!" hökmü verilirdi. "Təmizliyə başlanmalıdır", "Sonadək ifşa etməli", "Səhvlərimiz haqqında", "Sıralarımızda düşmənə yer yoxdur", "Amansız olmalı" məqalələrində isə NKVD-nin həyata keçirdiyi təmizləmə işləri təqdir olunaraq ictimai rəy formalaşdırılırdı. Q.Rıklinin "Pravda" qəzetində (8 iyun 1937) dərc olunan "Düşmənin hiylələri" baş məqaləsi (!) isə bütünlüklə Azərbaycan Yazıçılar İttifaqına həsr olunmuşdu. Ölkənin bir saylı mətbuatının Azərbaycana, eləcə də Yazıçılar İttifaqında düşmən axtarışına məqalə həsr etməsi komandanın MK-dan verilməsini göstərirdi. Məqaləni yazmaqda əsas məqsəd İttifaqda nifaq yaratmaq, yaxud mövcud nifaq alovunu daha da alovlandırmaq idi: “Trotskiçi və müsavatçı Ruhulla Axundov (qatı kommunist, antitürkçü R.Axundov hara, müsavatçılıq hara?-B.Ə.) mədəniyyət cəbhəsində uzun zaman nəzarətsiz olaraq istədiyini etmişdir. O, Elmlər Akademiyasının Azərbaycan filialının başçısı olmuş, İncəsənət İşləri komitəsinə rəhbərlik etmiş, Yazıçılar İttifaqına ağalıq etmişdir. O, bütün bu təşkilat və idarələri öz adamları ilə gizli və açıq düşmənlə zibilləmişdir”.
Milliyyətcə rus olan müəllif Yazıçılar İttifaqında olan ziddiyyətləri o qədər “dərindən bilirdi” ki, İdarə Heyətində mövcud olan iki qruplaşmadan bəhs edir və onların tezliklə birləşərək müsavatçıları ifşa etmələrini məsləhət görürdü. Burada, əsasən, S.Vurğun hədəfə götürülür və onun "Bakı olimpində” birinciliyi əldən vermək qorxusu altında olduğu bildirilir. Bir neçə gün sonra yazıçıların baş tutan yığıncağında isə ittifaqın rəhbərləri S.Şamilov və S.Vurğun, sabiq rəhbəri M.K.Ələkbərlinin işləri qənaətbəxş hesab edilməmişdir. S.Vurğun isə “sinfi sayıqlığını itirməsi”, “siyasi korluğu”, “çürük liberalizmi” sayəsində xalq düşmənləri yapon-alman-faşist agentləri, trotskisist, nasional-uklonist, müsavatçı, pantürkist ünsürləri himayə etdiyinə (!) görə ittiham edilirdi. İttifaqın sədri S.Şamilov və katibi S.Vurğun "Onlara tapşırılan işi aparmağı bacarmadıqlarına görə (və ya "xalq düşmənlərini ifşa etmədiklərinə görə? - B.Ə.) vəzifələrindən azad olunurlar. Azərbaycan Sovet Yazıçılar İttifaqının üzvləri və namizədlərinin ümumi yığıncağı isə S.Vurğunun tərəfindən partiya orqanı "Kommunist" qəzetinə etdiyi kobud iftiranı bütün kəskinliyi ilə rədd edir... İclas ona təklif edir ki, ictimai-müzürr millətçi elementlərlə öz əlaqəsini qəti surətdə kəssin" (“Ədəbiyyat qəzeti”, 23 iyun 1937).
Ümumiyyətlə, Yazıçılar İttifaqında "düşmən axtarmaq" (həm də tapırdılar!), "agent", "pantürkist" tapmaq, "müsavatçı" aşkara çıxarmaq tendensiyası bir müddət davam etmişdir. Repressiya olunan şair və yazıçıların istintaq sənədlərini araşdırarkən sağ qalan yaradıcıların bəzilərinin adının bu sənədlərdən keçdiyini görmək olur. Onların da təşkilatın üzvü olduqları iddia edilir. Lakin hansısa səbəblərə görə onlar repressiyadan yaxa qurtara bilmişlər. (Görəsən, burada qəbahətli nə var? 20 Yanvar qırğınından sonra da bir müddət cəmiyyətdə belə bir fikir dolaşdı ki, nə üçün Xalq Cəbhəsinin liderlərindən ölən olmadı?). Ancaq repressiyadan yaxa qurtarmalarını onlara qarşı ittiham aktına çevirmək nə dərəcədə doğrudur? Ü.Hacıbəyovu sağ qaldığına görə necə günahlandırmaq olar? Halbuki, onun sağ qalmasını möcüzə hesab etmək olar: keçmiş cümhuriyyətçi, AXC-nin rəsmi qəzeti “Azərbaycan”ın bir müddət baş redaktoru bu günə qədər yeni quruluşu qəbul etməsi haqqında bəyanat da verməmişdi (mənim bildiyim qədər!). Qardaşı Ceyhun bəy Hacıbəylinin mühacirətdən Sovetləri tənqid edən yazıları, yenidən Azərbaycanın öz müstəqilliyinə qovuşacağı barədə bəyanatları mərkəzi və yerli hakimiyyətin nəzərlərini Ü.Hacıbəyova yönəltməmiş deyildi!..
Belə bir mülahizəni də tamamilə doğru hesab etmək olmaz ki, Oktyabra, Leninə, Stalinə əsərlər həsr edən sənətkarlar repressiyadan yaxa qurtara bilmişlər, dövrü, zamanı tənqid edənlər isə repressiyaya uğramışlar. Onlarla misallar göstərmək olar ki, yeni cəmiyyəti öz əsərlərində təqdir edənlər repressiya qasırğasının qurbanı olmuşlar. Böyükağa Talıblı, Tağı Şahbazi Simürğ, Hacıbaba Nəzərli və başqalarının yaradıcılığında hansı antisovet meyldən danışmaq olar? “Molla Nəsrəddin”i “Allahsız” edən və onun redaktoru olan Vəli Xuluflu hansı millətçiliyinə görə repressiya olunub? Üstəlik, onlar Kommunist Partiyasının üzvü idilər və cani-dildən bu sistemə xidmət etmişdilər. M.Müşfiqin onlarla poetik şeirlərində və poemalarında dövrün və sistemin hadisələri təqdir olunurdu… Ə.Cavad kimi cümhuriyyətçi şair sovet dövründə zamanın diqtəsindən kənar bir əsər belə yazmadı (“Göygöl” şeirini və bəzi sətiraltı mənaları çıxmaq şərtilə), əksinə, “Moskva”, “Oktyabr”, “Pambıq dastanı” və başqa dövrü təqdir edən şeirlər yazsa da, repressiyadan yaxa qurtara bilmədi. Bununla Ə.Cavad yaradıcılığına qətiyyən xələl gətirmək fikrimiz yoxdur. Maraqlıdır ki, müasirləri Ə.Cavadı onu tənqid hədəfi edərkən “Göy göl”dən başqa bir şeirinin belə adını çəkmirlər, yalnız Cümhuriyyət dövrü yaradıcılığnı təftiş edirdilər. Ə.Cavad özü bir çıxışında qeyd edir ki, mən “Oktyabr” şeirini yazıram, ancaq mənə redaksiyada “bunun səmimi olmadığını” irad tuturlar. Bəlkə Hacı Kərim Sanılının poeziyasında hansısa antisovet meyllər olmuşdur? Yaxud yeni dövrü və siyasəti yaradıcılığında ən çox tərənnüm edənlərdən biri M.Müşfiqin repressiyasını onun əsərləri, yaxud olmayan siyasi fəaliyyəti ilə necə əlaqələndirmək olar? Bu fikirlərlə mən onların yaradıcılığının mahiyyətinə zərrə qədər də xələl gətirmirəm. Bu, ayrı bir söhbətin mövzusudur.
Bütün bunlar 30-cu illər repressiyasının dövlət səviyyəsində keçirilən analoqu olmayan son dərəcə mürəkkəb siyasi aksiya olduğunu deməyə əsas verir. Burada hər hansı bir şəxsin "əl izlərini" axtarmaq rejimi, sosialist sistemini təmizə çıxarmaq deməkdir. Mətbuatda gedən şeirlərin, yaxud məqalələrin onların repressiyası üçün hər hansı bir əsas olduğunu da birmənalı şəkildə söyləmək doğru yanaşma olmazdı. Araşdırmalar göstərir ki, bu məqalə və şeirlər onların həbsindən sonra yazılmışdı. Lakin həbsdən çox əvvəl yazılmış məqalə və şeirlərin də zaman-zaman ittiham aktına çevrildiyinin şahidi olmuşuq. Yeri gəlmişkən, bir çox tədqiqatçılar repressiya olunmuşlar haqqında araşdırmalar apararkən bu məqalələrə istinad etmək və onu sonrakı istintaq materialları ilə əlaqələndirmək tendensiyasına daha çox üstünlük verirlər. Məsələn, H.Cavidin repressiyasının izlərini sənətkar yoldaşlarında axtarır və bu zaman S.Vurğunun
Nədən şeirimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan
Bəs mənim ölkəmin varlığı hanı
Böyük bir şairin yazdığı dastan
Gah Turandan gəlir, gah da İrandan, -
sətirlərinə diqqəti yönəldirlər. Lakin unudurlar ki, bu sətirlər repressiyadan bir neçə il əvvəl yazılmış və sırf yaradıcılıq baxışlarını sənət və sənətkar, sənətkar və mövzu kateqoriyalarını özündə ehtiva edir. Hətta bu misraların özündə belə gənc Vurğunun Cavidə olan sonsuz sayğısını görməmək olmur (“Böyük bir şairin…”).
Bu cür yarışmalar o dövrün mətbuat səhifələrində çoxdur, sadəcə olaraq H.Cavid repressiya olunduğundan bu sətirlər də siyasi mahiyyət kəsb edir. Əkrəm Cəfərin bundan bir neçə il öncə Moskvadan yazdığı “Cavidə açıq məktub”unda (1930) bu cür “ittiham”ların izlərini görmək mümkündür. Komsomol təfəkkürlü gənc şair Şimaldan gələn poetik düşüncənin təsiri ilə H.Cavidə müraciətlə “Şeirlərim şeirlərinlə vidalaşdı, gedib girdilər komsomola!” - deyə yeni poetik yol təklif edirdi. Komsomolçu şair H.Cavidi “köhnə şair” adlandıraraq gözündəki köhnə eynəyi endirməsini tələb edir və bu yolda “dahi Stalin”in qapısında süpürgəçi olmağa belə razı olurdu:
İnsanların içində,
Görməmək üçün,
Nə burjuy, nə dilənçi
Olacağam o rəhbərin qapısında dilənçi.
Poetik yolunda H.K.Sanılı və Ə.Cavad poeziyasının izlərini axtaranlara qarşı gənc S.Vurğun repressiyadan bir neçə il əvvəl “Mən nə Sanılıyam, nə də Cavadam, Onlara düşmənəm, onlara yadam” deyərkən sözün həqiqi mənasında düşmənçilikdən yox, poeziyada özünün müstəqil yolunun olmasını, onların yolunu təkrar etmədiyini çatdırırdı. Halbuki müxtəlif məqalələrdə və televiziya verilişlərində bu misralarda repressiv elementlər axtarmanın az şahidi olmamışıq! Bu, nə dərəcədə doğrudur?! Şair bununla onu Cavada və Sanılıya bənzədənlərə etirazını bildirirdi, “düşmən” sözü isə burada cəbhə mənasını verir. Bu gün də mətbuat səhifələrində yaşlılarla cavanlar, yaxud müxtəlif “izm”lər arasında oxşar sərt ifadələrə rast gəlmək mümkündür.
Bu cür misalların sayını artırmaq da olardı…Ancaq demək istədiyimiz odur ki, ədəbi tənqidin bu dövr ədəbiyyatı barədə araşdırmalarında repressiv elementlər axtarmaq, daha çox sənət mübahisələri zəminində ortaya çıxan yazılara müstəntiq kimi yanaşmaq metodoloji səhvlərə aparıb çıxarır.
Doğrudur, bu yazılarda bəzi sərt ifadələr var, ancaq bunun o dövrün leksikonunda adi hal hesab olunduğunu da yaddan çıxarmaq olmaz. Aydındır ki, H.Cavidi ədəbi tənqid çox zaman böyük bir sənətkar olaraq dəyərləndirmiş, lakin yeri gəldikcə tənqid etməkdən də çəkinməmişlər. Belə tənqidi məqalələrdən birini sonralar repressiya olunmuş tənqidçi H.Zeynallı 1923-cü ildə yazmışdır. H.Cavidin “Peyğəmbər” dramına həsr olunmuş bu məqalə həm həcminə, həm də Cavid yaradıcılığını zamanında obyektiv dəyərləndirməsinə görə özünə qədər və sonra yazılan ən yaxşı məqalələrdən biri hesab olunmalıdır. Bu araşdırmaya səhv yanaşma nəticəsində şairin həbsindən on dörd il əvvəl yazılmış bir məqalənin tənqidi yerlərindən sitatlar gətirib (kontekstdən çıxararaq!) onu repressiya ilə əlaqələndirmək (?!) heç bir məntiqə sığmır. Yaxud, H.Cavid haqqında ən kəskin tənqidlərdən birinin zamanını və müəllifini gizli saxlayıb onu ədəbi cameəyə təqdim etsək, o, birmənalı şəkildə qınaq obyekti olacaq, bu çıxışın müəllifi onun repressiyasında günahlandırılacaq. Halbuki, bu çıxış repressiyadan üç il əvvəl Azərbaycan Yazıçılar İttifaqının 1-ci qurultayında (1934) C.Cabbarlı tərəfindən edilmişdi.
Əgər biz istintaq sənədlərinin doğruluğuna inanmalı olsaq, repressiya olunanların işində onun ifadəsi zamanı alınan adlardan ibarət siyahıları necə başa düşək? Doğrudanmı onlar (həbs olunanlar!) öz sənətkar yoldaşlarının adlarını çəkmişlər? Həbs olunanların demək olar ki, əksəriyyəti ifadələrində müstəntiqə uzun bir siyahı verirlər. Bunu kiminsə ələ verilməsi kimi başa düşmək olarmı? Əliabbas Müznibin istintaqı zamanı “pantürkist təşkilatın üzvü” kimi qardaşı Əmin Abidin adını çəkməsini onu satması kimi qiymətləndirmək olarmı? Hələ gənc yaşlarından Sibir sürgününün acısını dadmış bu millətçi şairin ahıl yaşında öz qardaşını ələ verməsini necə düşünmək olar? Halbuki bunlar istintaq sənədlərində öz əksini tapmışdır…(Ətraflı bax: Bədirxan Əhmədov. Bir istiqlal yolçusu…B., 2003).
Fikrimizcə, bütün bunlara istintaq materialları kimi baxmaq və onlara hüquqi qiymət vermək ədəbi materiallara metodoloji cəhətdən düzgün yanaşmamağın nəticəsidir. Bu cür faktlar çoxdur, biz yalnız onlardan bəzilərinə toxunduq. Həqiqətdə isə repressiyanın anatomiyası çox mürəkkəbdir və onu bir-iki faktla məhdudlaşdırmaq və dərhal nəticələr çıxarmaq düzgün olmazdı.
30-cu illərin analoqu olmayan repressiya kabusu təkcə istedadlı, vətənpərvər adamları tragik şəkildə həyatdan, sevdiyi sənətindən ayırmadı (bu maddi, statistiklərin hesablayacağı itkidir), həm də onminlərlə oxuma və yazma savadı olmayan adamları belə ağuşuna alaraq xalqın şüurunu dəyişdi, onu tərəqqidən saxladı, mənəviyyata, tarixi-etnik düşüncəyə ağır zərbə vurdu (bunu isə artıq statistiklər heç cür hesablaya bilməz!). Neçə-neçə bədii düşüncə, mənəvi-əxlaqi dəyərlər məhv oldu, nəticədə ən böyük ziyanı xalq çəkdi. O xalq ki, onun adı ilə bu təmizlənmə "alqışlandı", "satqınların", "xalq düşmənləri"nin mühakiməsi "tələb edildi". Bunu isə hər hansı bir fərdin kimisə satmasının, yaxud dano s yazmasının üzərinə qoymaq olmaz. Bu, bütövlükdə sistemin, hakimiyyətin (hətta bir çox məqamlarda hakimiyyət təmsilçilərinin özü belə repressiyaya məruz qalırdı), avtoritar rejimin adına yazmaq lazım gəlir. Mətbuatda, arxiv sənədlərində qalmış (hələ nə qədər bizə gəlib çatmayan sənədlər də olmuşdur) məqalələrə, fikirlərə isə metodoloji cəhətdən düzgün yanaşmaq ən doğru yoldur.
Müqayisə üçün qeyd edək ki, səksən ilə yaxın bir zamandan sonra başqa ictimai formasiyada, başqa siyasi şərtlər altında yaşadığımız bu günümüzdə mətbuat səhifələrini bəzəyən oxşar qarşılıqlı ittihamlar, mülahizələr, məqalələr, fikirlər müəyyən zaman keçdikcə tamamilə başqa məzmun daşıyacaq… Lakin bu yazılar repressiya ilə müşayiət olunmadığından (və nəticələnmədiyindən!) təbii olaraq, bu mülahizələrə “donos” materialları kimi baxılmayacaq və hər hansı bir şəxsin “əl “ izləri də axtarılmayacaq!..
“Azərbaycan “ jurnalı