Yazıya ön söz
Xorxe Luis Borxes. Səsini XX əsr dühalarının dinlədiyi, dövrümüzün ən maraqlı mütəfəkkirlərindən biri. O, bir o qədər də çox yaratmayıb; bir neçə şeir kitabı, hekayələr, esselər. Borxesin esseləri lakonizmi ilə konspektləri xatırladır. Lakin buradakı fikirlər cildlərə sığar. Onlar ilk baxışda qəribə görünür; hər yerdə ziddiyyət, ziddiyyət. Sonra başa düşürsən ki, Borxes müxtəlif mümkün baxışları və şərhləri nəzərə alaraq, hər şeyi eyni vaxtda müxtəlif yönlərdən görür. Borxes dünyanın faniliyini, ondakı bütün hadisələrin mürəkkəbliyini qeyd edir. Borxesi təsnifləndirmək çətindir: o, demək olar, bütün dinlərin dərin bilicisi idi, lakin dindar deyildi. Tarix səhnəsindən silinmiş, eləcə də mövcud xalqlar, çarlıqlar və dinlər - aydın məsələdir. O isə, bir erudit və həvəskar tarixçi kimi, xəyalının gücünə, fantaziyası ilə naməlum tayfaları, ölkələri və sektaları, maddiləşdirilmiş yuxunun başgicəlləndirən obrazlarını, sonsuz kitabxanalar, qüdrətli lotereyalar, başlanğıcı və sonu anlaşılmaz olan universal kitablar yaradır.
"Kitab qurdu", bivec qauço həyatı üçün darıxır; vətənpərvər argentinalı yaradıcılığı etibarilə dünya vətəndaşıdır, onun qəhrəmanları yunanlar, ərəblər, hindular, yəhudilər, çinlilər, skandinavlar, irlandlardır...
Lakin onun baş qəhrəmanı Söz və Fikirdir, bütün dövrlərin və xalqların ədəbiyyatıdır. Maraqlıdır, o, heç yerdə nə marksizm-leninizmi, nə də SSRİ-ni yada salmır; bu təlim, bu quruluş ona o qədər yaddır ki, hətta düşməncəsinə münasibət də döğurmurdu - çünki, ümumiyyətlə, hər cür ehkam Borxes üçün yolverilməzdir. Lakin qatı antisovet düşüncəlilərdən fərqli olaraq, o da, sovet ədəbiyyatı üçün mövcud deyildi ya da yalnız mənfini müsbətlə əvəz etməklə onun baxışlarını 180 dərəcə döndərmək mümkün olmamışdı (ifrat sağçılar yaxud solçularla olduğu kimi). Borxes, sadəcə, başqa Kainatda yaşayırdı, onun fikirləri o qədər gözlənilməzdir ki, sanki bizi dördüncü, hətta beşinci dərəcədən müşahidə edir. Dünyanın dərkedilməzliyi Borxesə pərişanlıq deyil, sevinc bəxş edirdi - dərketmə prosesi məhz özünün nəhayətsizliyi ilə gözəldir. Borxesdə nə möminlər var, nə də yaramazlar (hərçənd ki, o, "Alçaqlığın ümumi tarixi"ni də yazmışdı). O, nə hakimdir, nə müstəntiq; o, tədqiqatçıdır.
Borxesə qadağa qoyulduğu dövr arxada qalıb.Bu gün hesab edilir ki, yüksək erudisiya, ayıq və aydın ağıl, başqalarının görmədiyini, görə bilmədiyini görmək bacarığı, ruhən cəlbedici fantaziya, həqiqi dialektik düşüncəyə malik oxucunu cəlb edir. "Dante haqqında doqquz esse" "Sərt Dante"nin qəbul edilmiş obrazını inkar edərək, "İlahi komediya"ya dünyanın mənzərəsini vermək kimi misli olmayan kobud cəhd və ən gözlənilməz analogiyalar verməklə, ona bədbəxt sevgi abidəsi kimi baxmaqla, şairin ruhuna nüfuz etməsi ilə təəccübləndirir.
Daha ətraflı
Ruscadan tərcümə edəni:
Südabə AĞABALAYEVA
"Azərbaycan" jurnalı