XXI əsrdə də Elçin öz sabit və fərdi, bənzərsiz üslubuna, yazı manerasına və bədii təfəkkür tipinin özünəməxsusluğuna sadiq qaldı. Nəsrdə yalnız ona məxsus bədii sintaksis, təhkiyənin sərbəst şəkildə ifadəsi, psixoloji effektin, emosional boyaların xeyli güclənməsi, təsvir olunan obrazların mənəvi-sosial portretinin canlandırılması və s. xüsusiyyətlər Elçinin yeni hekayə və povestlərində də nəzərə çarpır.
Yaradıcılığı boyu həmişə öz ürəyi istədiyi mövzulara müraciət edən, sovet dövründən qalma «ictimai sifariş»dən yan qaçan Elçin üçün Bakı ətrafı coğrafi ərazinin məkan kimi seçilməsi, burada yaşayan müxtəlif xarakterli insanların silsilə obrazlarının yaradılması heç də təkrarçılığa aparıb çıxarmır. Hətta Buzovnanın, Şüvəlanın, Zuğulbanın qumlu sahillərinin, qayalıqlarının təsvirləri təkrar olunanda da orada yeni naxışlar, rənglər hiss edirsən. Elçin nəsrinin mühüm bir qolunu təşkil edən bu mövzu onun ikimininci illərdə qələmə aldığı «Qarabağ şikəstəsi» və «Bayraqdar» povestlərində yeni bədii çalarlarla diqqəti cəlb edir. Bu povestlərdə məkan yenə dəyişməzdir, personajların əksəriyyəti Buzovna Fəhlə Yataqxanasında yaşayırlar. Bunlar, əsasən, Şuşadan gələn qaçqınlardır. Hadisələrin məkanı Buzovna olsa da, burada Şuşa mühiti hökm sürür.
“Qarabağ şikəstəsi” hekayəsi (əslində, bu, kiçik povestdir) müəllifin üslubuna məxsus belə bir cümlə ilə başlayır: “...sonra uzaqdan elektrik qatarının çarxlarının səsi eşidildi...”. “Aydın və lakonik dil, özünəməxsus, qeyri-şablon poetik sintaksis, hissi və psixologiyanı, mənəvi keyfiyyətləri predmetdə, detalda əyaniləşdirən epitet və obrazlar sistemi bu üslub üçün səciyyəvidir” (Yaşar Qarayev).
Bu hekayədə də Qatar obrazı uzaq məsafələri, gələcəklə keçmişi, xatirələrlə indini birləşdirir. «Onda Cümüyə elə gəlirdi ki, o dəmir çarxların səsini sədası Şuşa dağlarından gələn bir «Qarabağ şikəstəsi» müşayiət edir və o şikəstə müşayiətli tuqqa-tuk Cümünü təkcə universitet imtahanlarına yox, başqa bir dünyaya aparırdı və o başqa dünya coğrafiya xəritələrində deyildi, Cümünün fikrində, xəyalında idi, o başqa dünya - işıqlı, hərarətli, sirli-sevincli bir gələcək idi və əlbəttə, o zaman Cümü hardan biləydi ki, həmin gələcək lax yumurta kimi bu qədər iyli-üfunətli olacaq»
Sonralar Yevlaxdan Bakıya gedən o qatarın səsini Cümü tez-tez kədərlə xatırlayacaq, Topxana meşəsi, Cıdır düzü, Ərimgəldi, İsa bulağı, Turş suyu, Səkili bulağı, Ağadədəli məhəlləsi tez-tez yadına düşəcək. Çünki aradan keçən bu on ildəki həyat Cümünün ömrü deyildi, Cümünün ömrü Şuşada, Ağadədəli məhəlləsində qalmışdı. Cümü yanıb-yaxılır ki, onun mafəsini Buzovnadakı bu fəhlə yataqxanasının həyətindən qaldırıb aparacaqlar.
“Qarabağ şikəstəsi” hekayəsində güclü bir həsrət var. Onun qəhrəmanı adi bir insandır - Şuşada doğulub boya-başa çatmışdır. Şuşa, Qarabağ şikəstəsi, Ağadədəli məhəlləsi - Yer üzünün ən cənnət məkanı... və bir də Buzovnadakı fəhlə yataqxanası, qaçqınlara paylanan ərzaq... Yataqxanada yer tapa bilməyib Buzovna ilə Zuğulbanın arasındakı kimsəsiz qayalıqda öpüşən ərlə arvadı (Cümü və Sona) görən bir kənd sakini qışqırır ki: «Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!..”
Elçinin bəzən xəfif yumorla müşayiət edilən təhkiyəsində birdən-birə kədərli, qüssəli bir ovqatın hakim kəsilməsi təsadüfi deyil. Üslubundakı rəngarəng çalarlardan irəli gəlir bu. Bu cəhəti biz onun «Bayraqdar» povestində də görürük. Gah ciddi, gah yumorlu, gah da kədərli səhnələr bir-birini əvəz edir. Bir sözlə, gülüşün içində göz yaşlarını, göz yaşlarının içində də işığı görürük. Doğrudan da, povest insan kədəri və ağrısı üzərində qurulmuşdur, ancaq bu kədərli əsərdə bolluca işıq da var və bu işıq bəzən o qədər güclüdür ki, adamın gözünü qamaşdırır. Bu da povestdə təsvir olunun obrazların daxilindəki mənəvi işıqdır. Başdan-başa qəm-qüssə içində yaşayan, gözəl Qarabağı, Şuşanı bir an belə yaddan çıxarmayan bu insanlar qətiyyən ölüm barədə fikirləşmirlər, onlar keçmişin xatirələri ilə yaşasalar da, hətta nostalgiyaya qapılsalar da, ümidlərini itirmirlər. Əslində, povestdə keçmişlə bu gün arasında heç bir qırıqlıq və boşluq görünmür, obrazların keçmiş həyatının xatırlanması da zaman məsafəsi yaratmır. Müəllif demək istəyir ki, həyat davam edir. Bu yeni həyat onların taleyində müsibətlər, faciələr törədir, amma o insanlar mənəviyyatca saf və işıqlıdır.
Elçinin nəsri çoxplanlılığı ilə seçilir və bu fikri söyləyərkən biz onun əksər hekayələrində, povestlərində və romanlarında nəzərə çarpan süjet şaxəliliyini, hadisələrin sürətlə, bəzən bir göz qırpımında bir-birini əvəz etməsini, ciddi, komik, faciəvi səhnələrin bir əsərdə sintez təşkil etməsi, personajların çoxluğunu nəzərdə tuturuq… Bütün bunlar Elçinin ikimininci illərdə qələmə aldığı nəsr əsərlərində də aydın nəzərə çarpır. Məsələn, «Bayraqdar» povestində Surxay Bayraqdar, Cümü, Bolşevik Bufetçi İbadulla, Kolxoz kişi, Məleykə müəllimə, Əbülfət (Eysebio), Vasili Kuzmiç, Əhməd Ağayeviç, Səyyarə, Kamança Tarıverdi, Ələmdar, erməni Arsen, Gözlə Gəlirəm Məmməd kişi, Cəmilə, Ağasəlim, Molla Fərzəli obrazları ilə qarşılaşırıq, bunların bir qismi epizodikdir, amma yazıçının bədii məharəti sayəsində onların heç biri unudulmur. Elçin nəsri kəskin kolliziyalar, ustalıqla yaradılan dramatik və faciəvi səhnələrlə də diqqəti cəlb edir. «Bayraqdar» povestində Əbülfətin (Eysebionun) ölümü, bu ölümün yaratdığı kədərli əhval-ruhiyyə, xüsusilə Cəmilənin (Əbülfətin sevdiyi qız) çığırıb özündən getməsi çox təsirlidir.
Elçin hekayə ustasıdır. Olsun ki, bu fikri keçən əsrdə Elçin yaradıcılığından söz açan onlarla müəllif də söyləyib. Ancaq bu fikri bir daha söyləyərkən onun həqiqiliyini sübut edən bir neçə kəlməni nəzərə çarpdırmaq istəyirik: AXTARIŞ. FORMA RƏNGARƏNGLİYİ. POLİFONİZM. XARAKTER USTASI.
Bəli, Elçin axtarışı sevən və bu prosesdə uğura da imza atan müəlliflərdəndir. O, yaradıcılığının ilk illərindən başlayaraq eksperimentlərə meyl göstərdi, «Sarı pencək», «Qatar. Pikasso. Latur. 1968», «Beş qəpiklik motosikl», «Zireh», «Qırmızı ayı balası» kimi modern hekayələr, səksəninci illərdə qələmə aldığı absurd hekayələr bu axtarışların bir axarını təşkil edirdi. Amma əsas axtarış janrın öz daxilində gedirdi. Elçinin istənilən bir hekayəsini başqa bir hekayəsi ilə müqayisə edin, hər halda eyni qələmdən çıxsa da, bir üslubun ifadəsi kimi diqqəti cəlb etsə də, hər hekayə özünün bir fərdiliyilə mütləq seçiləcəkdir. Məsələn, ikimininci illərdə yazılmış «Qırmızı qərənfil gülləri «Pera Palas» otelində qaldı», «Sarı gəlin», «Araba», «Kaşeyin taleyi» hekayələrinin hər biri özünəməxsus çaları ilə diqqəti cəlb edir. Birinci hekayə fikir təzadları üzərində qurulub. Retrospektiv ünsürlər, keçmiş xatirələr, qırmızı qərənfil gülləri ilə o mikromühitdəki eybəcərliklərin təzadlı mənzərəsi bu hekayənin özəlliklərini təşkil edir. «Sarı gəlin»də isə hadisə, realistik boyalar ön plana keçir. Fətulla beş yaşlı oğlan nəvəsinin sünnət toyunu eləmək üçün ata-babasından ona yadigar qalan əntiq balabanı satır. Və bu balaban Amerikaya gedib çıxır. Günlərin birində Miss Consonun evinə gəlib düşmüş bu balaban «Sarı gəlin» havasını çalır. «Miss Merilin Conson liftlə 23-cü mərtəbədən düşərkən ağlamaqdan qızarmış gözlərini silə-silə fikirləşdi ki, bəlkə, doğrudan da, dəli olub və bəlkə, günorta o fleytaya bənzər musiqi alətinin pəncərəsinin qabağında dayanıb öz-özünə o anlaşılmaz melodiyanı çalması həqiqət yox, bir qarabasma imiş? Bəs, o yanğı? O qüssə? O kədər?»
Doğrudan da, balabanın Amerikaya gedib çıxması bir qəribə hadisədirsə, o balabanın qürbət eldə pəncərə qabağında dikəlib «Sarı gəlin» havasını çalması daha qəribə və gözlənilməzdir. Amma bu qeyri-adi hadisə sənə heç də fantaziya kimi görünmür, elə bil, olmuş, real bir hadisədir. Çünki hekayənin mahiyyətində güclü psixoloji reallıq var. Hekayəni oxuduqca onun qəhrəmanının keçirdiyi əhval-ruhiyyəni, hiss və duyğuları sən də yaşamış olursan.
Elçinin nəsrində müxtəlif nəsillərin qarşı-qarşıya gəlməsi, onların fikir ayrılıqları, mənəvi-əxlaqi və sosial mövqeləri xüsusilə diqqəti cəlb edir. «Ağ dəvə» və «Ölüm hökmü» romanlarında bunun əyani şahidi oluruq. Yazıçı bu günün naminə keçmişi lənətləmir, yalnız keçmişi təmsil edən obrazın bu günkü mənəvi durumunu, sosial mövqeyini, düşdüyü vəziyyətin, şəraitin onun taleyində nə kimi rol oynadığını nəzərə çarpdırır. «Araba» hekayəsində sovet dövründə böyük şöhrət qazanmış bir şairin ölümü qələmə alınır.
Şair ölür, özü də yeni il axşamı. O, sovet quruluşunun, sosialist ideyalarının tərənnümçüsü olmuş, beynəlxalq imperializmi lənətləmiş, Ancela Devisə və o zaman dəbdə olan digər inqilabçılara şeirlər, poemalar həsr etmişdir. Ürəyindən keçən mövzuları isə qələmə almağa cəsarət etməmişdir. Budur, müstəqillik dövrüdür. Şair heç nə yazmır, çünki onun talantı yeniliyi fəhm edə bilmir. Şairə Respublika Sarayında təntənəli yubiley keçirmək istəyirlər. Ancaq «Qarabağ ermənilərdən azad olunmayanacan mən heç bir yubiley keçirməyəcəyəm» deyib, bu təklifdən imtina edir.
Şair ölür. Amma son anda araba istəyir. O araba ilə şair doğulduğu kəndə üz tutmaq, oranın torpağını, daşını öpmək arzusundadır. Bu obrazla Elçin yeni dövrə, zamana heç cür alışmayan bir sənət adamının faciəsini əks etdirmişdir.
* * *
«Kaşeyin taleyi» (kiçik povest) və «Kölgə» (hekayə) Elçinin 2012-ci ildə çap etdirdiyi nəsr əsərləridir. Elçinin bu əsərləri haqqında geniş və təfərrüatı ilə söz açmaq istəməzdim. Qorxuram ki, təkrara yol verəm. Amma yeni olduqları üçün bir neçə kəlməyə ehtiyac var: Elçin hələ də Bakı ətrafı coğrafi ərazidə yaşayan və əksər hekayə və povestlərinin qəhrəmanlarına çevrilən sevimli tipajlarından ayrılmaq istəmir. Və onun sadiq oxucuları da bunu istəmirlər, çünki Elçin hər dəfə bu sadiq oxucuları üçün YENİ BİR İNSAN kəşf edə bilir, yeni bir hadisə ilə onları maraqlandırır, təsiri altına alır. Əslində, təsvir edilən hadisələr qeyri-adi deyil, gözlənilməz də deyil, amma bu hadisələrin içində görünən obrazlar adi olsalar da, qeyri-adilikləri ilə yaşadıqları mühitdə seçilə bilirlər. Onları kimsə anlamır, dərk eləmir və, beləliklə, bu adamlar həyatın girdabında nərq olurlar. «Kölgə» hekayəsindəki Fariz müəllim kimi.
İkimininci illərdə yazdığı hekayələrlə bağlı bir mühüm məqamı da qeyd etmək istərdim.
Elçinin ikimininci illər nəsri İKİMİNİNCİ İLLƏRİN ZAMANINI ifadə edir. Bu zaman onun bir vaxt povest və hekayələrində təsvir etdiyi zamandan tamamilə fərqlidir. Artıq romantika dövrü arxada qalmış («Yenə də bir kənd idi, bir günün cırhacırı, bir də tut ağacının altında oturub cidd-cəhdlə şimaqədər yonan Baladadaş. Göy tərtəmiz idi («Baladadaşın ilk məhəbbəti»). «Dan yeri təzəcə sökülmüşdü. O qədər rəng vardı ki, Allahverdi ömründə bu qədər rəng görməmişdi - gümüşü, narıncı, məxməri» («Gümüşü, narıncı, məxməri»), gerçəkliyin sərt və amansız qanunları isə həyatın, insan münasibətlərinin bütün ahənginə hopmuşdur («SSRİ dağıldı, Azərbaycanda cəbhəçilər hakimiyyətə gəlib akademik Nurullayevi vəzifəsindən azad edənə qədər heç bir danışıq olmadı və bütün bu müddət ərzində Fariz müəllim kəşfi ilə bağlı ora-bura çox ayaq döydü, ancaq içindən bir şey çıxmadı, akademik Nurullayev demişkən, dünya doğrudan da dağılırdı»). «Dağılan dünya» - İKİMİNİNCİ İLLƏRİN ZAMANI Elçinin hekayə və povestlərinin, həmçinin pyeslərinin qəhrəmanlarının taleyini həll edir. İstər «Qarabağ şikəstəsi», istər «Bayraqdarlar», istərsə də «Sarı gəlin» və «Kölgə» əsərlərində təsvir olunan qəhrəmanlar zamanın qurbanlarıdır. Zaman təkcə insan məişətinə, texnologiyasına, maddi dünyasına deyil, mənəvi aləminə də təsir etməkdə davam edir.
Elçinin təkcə nəsrinə deyil, həm də dramaturgiyasına aid olan bir mühüm məqamı da nəzərdən qaçırmaq olmaz. Elçin cəmiyyət həyatını, gerçəkliyin çoxpilləli, çoxqatlı, çoxrəngli mənzərəsini, yaxud bir ailə, kiçik bir mühit daxilindəki vaqiələri təsvir edərkən heç vaxt reallıqdan, həyat həqiqətindən uzaqlaşmamışdır. Bədii təxəyyül bu həqiqətlərə, bu reallıqlara özünəməxsus rənglər, naxışlar vurur. Daha doğrusu, Elçinin nəsrində və dramaturgiyasında real həyatla onun oxucuya təqdim etdiyi həyat bir-birilə təzad təşkil eləmir. Elçinin hekayə və povestlərində real və irreal obrazların, təsvirlərin, ayrı-ayrı səhnələrin, simvolik, rəmzi ifadə vasitələrinin bir-birilə uyuşması, sintez təşkil etməsi artıq təbii və qanunauyğun bir haldır, Elçin nəsrinin özəl xüsusiyyətlərindən biridir.
* * *
Elçin Əfəndiyev keçən əsrin sonlarında qələmə aldığı «Ah, Paris! Paris!», «Mənim ərim dəlidir», «Dəlixanadan dəli qaçıb», «Mən sənin dayınam» komediyaları ilə iki mühüm missiyanı həyata keçirdi. Əvvəla, Elçinin 90-cı illərin ortalarına qədər qələmə aldığı nəsr əsərlərində gələcək bir dramaturqun formalaşması üçün güclü bir zəmin yaranmışdı. Onun nəsrində obrazların münasibətləri, mənfi-müsbət qütbləşmələri həmişə gərgin, bəzən lap kəskin dramatizmlə müşayiət olunurdu. Dialoqların quruluşu, nəsr dialoqlarından seçilməsi də buna əsas verirdi ki, bu nasir üçün dramaturgiyaya keçid yaxınlaşır. Elə də oldu. Elçinin yaradıcılıq potensialı dramaturgiyada öz bəhrəsini verdi və adını çəkdiyimiz pyeslər yarandı.
Xatırladaq ki, doxsanıncı illərdə Azərbaycan ədəbiyyatında dramaturgiya digər ədəbi janrlarla müqayisədə xeyli zəifləmişdi, eyni zamanda, teatrların da əksəriyyəti təmir üzündən dayanmışdı. Ən böyük bir narahatlıq da onda idi ki, müasir Azərbaycan dramaturgiyasının banisi, əlli il ərzində Azərbaycan teatrlarının repertuarını xeyli dərəcədə zənginləşdirən İlyas Əfəndiyev də vəfat etmişdi. Elçinin dramaturgiyaya gəlişi Azərbaycan teatrının müasir əsərlər sarıdan yaranan boşluğu qismən də olsa, aradan qaldırdı.
İkimininci illərdə yazdığı pyeslərin mövzu-problematikasına nəzər yetirək: komediyalarında «dəlilik» mövzusunu Elçin yeni pyeslərində də davam etdirir. Müasir Azərbaycan dramaturgiyasının son on ildəki durumunu, inkişaf meyllərini şərh edən tənqidçi Əsəd Cahangir yazır ki: «Elçinin «Arılar arasında», «Şekspir», «Qatil», «Cəhənnəm sakinləri», «Teleskop» kimi son dövr pyeslərində ən ümumi götürəndə bir yenilik baş verir - o, birbaşa, dəlixananın özünü göstərir, problemin kökünə gedir. Və sözün bəzən birbaşa, bəzən isə rəmzi mənasında dəlixana əsərdən-əsərə coğrafi və fəlsəfi yöndən daha miqyaslı xarakter alır».
Əlbəttə, Elçinin ikimininci illərdə yazdığı və əksəri də Azərbaycan və Azərbaycandan kənarda teatrlarda tamaşaya qoyulan pyeslərini bu aspektdən təhlilə cəlb etməmək də olar. Amma Elçin o yazıçılardandır ki, bir mövzunu, daha geniş anlamda - müəyyən bir ideyanı hissə-hissə, başqa sözlə ifadə etsək, pillə-pillə davam və inkişaf etdirir. Məsələn, onun «Bir görüşün tarixçəsi», «Toyuğun diri qalması», «Dolça», «Şuşaya duman gəlib» povestlərində əsas mövzu insanın mənəvi saflığı problemidir. Təsvir olunan obrazlar daxili təkmilləşmə, katarsis «kursu» keçirlər. Yaxud, doxsanıncı illərdə qələmə aldığı komediyaları da bir mövzu və ideya ətrafında şərh edirlər. (Bax: Ədəbiyyatşünas Nərgiz Paşayevanın Elçinin pyeslərindən söz açan «Ədəbiyyatda «dəlilik» mövzusu. «Ağıllı dəlilər, sərsəm «ağıllılar» məqaləsi)
İkimininci illərdə qələmə aldığı pyeslərdə Elçin hamletvari «Dünya dəlixanadır» prinsipi ilə hərəkət edir. Hamletin nəzərində Danimarka dünyanın ən pis dəlixanasıydı. Elçinin pyeslərində isə bu baxımdan iki məkanla üzləşirik. «Şekspir»də xəstəxana personajları ilə yanaşı, yad planetdən gələn Drob-13, Sara Bernar, Veneralı, Stalin obrazları da iştirakçılar arasındadır. Məkan Bakı şəhəri, zaman 2005-ci il olsa da, pyesin iştirakçıları müxtəlif dövrlərin, müxtəlif əqidələrin ifadəçiləridir. «Cəhənnəm sakinləri»ndə 1937-ci il xatırlanır, repressiya əzabı ilə yaşayan ölkə də Azərbaycandır.
* * *
İlkin dörd pyesində Elçin komediyanəfis və gülüş ustasıydı. Amma sonrakı pyeslərində janr rəngarəngliyi diqqəti cəlb edir. «Qatil» əsəri on bir şəkildən ibarət drama adlandırılır və bu əsərin sonu faciəvi bir hadisə ilə başa çatsa da (Qadın onu aldadan Gənc kişini zəhərləyib öldürür), əsərdə tragik deyil, sonu gərgin dramatik xətt aparıcıdır. Əsər «Məhəbbət», «Ulduzlar aləmində» və «Fəlakət» hissələrindən ibarətdir və hər hissənin özünün daşıdığı məna var: «Məhəbbət» başdan-ayağa lirika üzərində qurulub. Qadın bir vaxtlar dərs dediyi, amma indi cavan, yaraşıqlı bir kişiyə vurulur. Onun hissləri səmimidir. Gənc kişi isə hələ əsl sifətini göstərməyib, maskadadır, bir qadını ələ almaq üçün ona həolə vaxt lazımdır. «Ulduzlar aləmində» Qadının sevgi romantikası Ulduz aləminin acı reallıqları qarşısında tarimar olur. "Fəlakət"də isə lirikadan və romantikadan əsər-əlamət qalmayıb, Gənc kişinin əsl sifəti bəlli olur, maska açılır və Qadın sonsuz sevgi ilə yaşayan bu zərif məxluq qisas alır…
Bir pyesin içində üç əhval.
Elçin «Şekspir» pyesini «ciddi və kədərli komediya» adlandırmışdır.
«Arılar arasında» pyesi isə «bir az kədərli komediya» kimi təqdim olunur.
«Cəhənnəm sakinləri» drama, «Teleskop» tragik komediyadır.
Hələlik son pyesi olan «Sənətkarın taleyi» isə faciədir.
Diqqət yetirək: sırf dörd komediyadan sonra Elçinin pyeslərində komediya ilə faciə bir araya gəlir, komediya adlandırdığı «Şekspir»də və «Arılar arasında» pyeslərinin janrı KƏDƏRLİ sözü ilə müəyyənləşir. «Teleskop»da isə buna ehtiyac duyulmur, tragediya ilə komediya sözləri birləşir. Nəhayət, «Sənətkarın taleyi» Elçinin pyeslərində komediyadan faciəyə dönüşü əks etdirir. Bilmək olmaz, bundan sonra yazacağı pyeslərində janr qarışıqlığı davam edəcək ya bir janr aparıcı olacaq?
Hələlik sonuncu pyesi olan «Sənətkarın taleyi» barədə qısaca söz açaq. Elçinin «Şekspir», «Teleskop», «Arılar arasında», «Cəhənnəm sakinləri» pyeslərində bəşəri problemlər qoyulub. İnsan və yaşadığı zamanın acılıqları, həyat və ölüm, məhəbbət və nifrət, böyük günahlar və onların etirafı, «dünya dəlixanadan ibarətdir və bizim yaşadığımız həyat da ağıllı insanların dəli, sərsəm adamların isə «ağıllı» olması kimi tragikomik mənzərədən ibarətdir» həqiqəti… «Sənətkarın taleyi»ndə isə konkret olaraq Sənətkar və Zaman problemi qoyulur və Elçin Azərbaycanın dahi aktyoru Hüseyn Ərəblinskinin faciəli taleyini əks etdirir. Və pyesin lap əvvəlindəcə yazır ki: «Bu pyes sırf bioqrafik əsər deyil. Bu - Ərəblinski sənətinə, onun simasında teatra hörmət və məhəbbətin ifadəsidir». Doğrudan da, pyesdə Ərəblinskiyə həsr olunan digər əsərlərdən və onun dəqiq tərcümeyi-halından fərqli məqamlar diqqəti cəlb edir, amma pyesdə biz böyük Ərəblinskini və onun yaşadığı mühiti həqiqət kimi qəbul edirik. Bu isə bədii istedadın gücünədir.
* * *
Elçin Əfəndiyev tək-tük yazıçılardandır ki, ədəbi tənqidlə, ədəbiyyatşünaslıqla, publisistika ilə mütəmadi məşğul olur. Özü də bu məşğuliyyət professional səviyyədədir. Yəni, Elçinin tənqidi yazıları «yazıçı tənqidinin» deyil, professional tənqidin nümunələridir. Son qırx ilin müasir ədəbi tənqid nümunələrinin ən yaxşıları sırasında Elçinin qələmə aldığı məqalələri də görə bilərik: «Müasir tənqidimiz: Vəziyyət və vəzifələr» (1972), «Şeir axını. Nə etməli?» (1973), «Hekayə janrı: İmkanlarımız və iddiamız» (1974), «Uman yerdən küsərlər» (1981), «Tənqidimizin metodoloji problemləri» (1983), «Ədəbi proses. Olum ya ölüm?» (1991). Tənqidi yazılarının janr rəngarəngliyinə görə də Elçini fərqləndirmək olar. Yuxarıda adlarını çəkdiyimiz yazılar problem məqalələr tipinə aiddir. Elçinin çoxlu sayda ədəbi portretləri, esseləri, resenziyaları var. Onun «Tənqid və nəsr», «Bəstəkarın vətəndaş sözü» (Üzeyir Hacıbəylinin publisistikası haqqındadır), «Klassik aşıq poeziyasında «Dünya» obrazı», «Ədəbiyyatda tarix və müasirlik problemi», «Şəxsiyyət və istedad» (C.Cabbarlının yaradıcılığı) monoqrafiyaları, həmçinin Azərbaycan, Şərq və Dünya ədəbiyyatının müxtəlif problemlərini əhatə edən yazıları ədəbiyyatşünaslıq nümunələridir və bu tipli yazılarda elmi ümumiləşdirmə qabiliyyəti, nəzəri səviyyə özünü göstərir. Fərəhlə xatırlatmağa dəyər ki, 1970-1990-cı illərdə Ümumittifaq mətbuatında («Literaturnaya qazeta», «Voprosı literaturı», «Literaturnoye obozreniye», «Drujba narodov») öz tənqidi məqalələri ilə ən çox çıxış edən azərbaycanlı müəllif Elçin Əfəndiyev idi.
Elçin Əfəndiyev o tənqidçilərdəndir ki, həmişə ədəbiyyatın bu və ya digər problemi ilə bağlı ilk həyəcan təbili - «SOS siqnalı» ilə ədəbi prosesdə bir canlanma yaradır. Əgər poeziyada və ya nəsrdə müəyyən gerilik, bədii keyfiyyət sarıdan açıq-aşkar uğursuzluqlar müşahidə edilərsə, qrafomanların sayı günbəgün artarsa, o zaman bunlara etiraz səsini ucaldan ilk tənqidçi Elçin olacaqdır. Lap sonuncu «SOS siqnalı»nı - həyəcan təbilini xatırlayaq: «Azərbaycan ədəbi prosesində nələr baş verir» (Nə etməliyik və necə etməliyik)… Məqalə belə başlayır: «Bu gün ədəbiyyatımızın bir küll halında zəif yeri, çatışmazlığı, mənim fikrimcə, mövzu yeknəsəqliyidir və ən qəribəsi (bəlkə də əlamətdarı) budur ki, həmin yeknəsəqlik, misal üçün, əgər poeziyamızı şərti olaraq iki yerə ayırsaq-istedadlı poeziya (ədəbiyyatın yaratdığı) və istedadsız poeziya (anti-ədəbiyyat yaratdığı) - bu yeknəsəqlik hər ikisində özünü göstərir». Məqalədə başlanğıcda ifadə olunan fikir müasir Azərbaycan poeziyasından gətirilən nümunələrlə təsdiq olunur, və təbii ki, nə etməliyik və necə etməliyik suallarına da cavablar tapılır.
Elçinin «Sosrealizm bizə nə verdi?» monoqrafiyasına gəlincə, bu, həm tənqidin, həm də ədəbiyyatşünaslığın son illərdəki uğuru sayıla bilər. Burada tənqidçi Elçinlə alim-ədəbiyyatşünas Elçin bir nöqtədə birləşir. Qısaca da olsa, bu dəyərli kitab haqqında sözümüzü deyək.
Otuz il, qırx il, əlli il bundan əvvəl Azərbaycan ədəbi tənqidində sosrealizm birmənalı şəkildə təbliğ olunurdu. Elə bir tənqidçi, ədəbiyyatşünas tapılmazdı ki, hər hansı bir problemdən və əsərdən söz açanda, sosializm realizmi prinsipləri ilə hərəkət etməsin. Sosializm realizmi sovet ədəbiyyatının əsas yaradıcılıq metodu kimi yetmiş il ədəbiyyatın başı üzərində hakimi-mütləq rolunu oynayırdı. Sosrealizm şüurlu şəkildə yaradılmışdı və süni idi, çünki zorla, ədəbi prosesin öz qanunauyğunluğu kimi deyil, göstərişlə yaradılmışdı. Elçin haqlı olaraq yazır ki: «Bir küll halında götürsək, sovet dövrü ədəbiyyatının…bədii-estetik faciəsi onda idi ki, fərdi səciyyəli bu seçimi istedadlar yox, Sistem seçmişdi…Ədəbiyyat nədir? İkicə sözlə desək: istedadın ifadəsi. Sistemin sosrealizm vasitəsilə ədəbiyyatı idarə etməyə çalışması, əslində, istedadı idarə etmək istəyi və hərisliyi idi». Ancaq Sistemin və sosrealizmin bütün cəhdlərinə baxmayaraq, istedadı tamamilə məhv etmək mümkün deyildi: «İstedad sahibini məhv etmək olar (Mikayıl Müşfiq), onu siyasi-ideoloji baxımdan fanatikləşdirmək olar (Mehdi Hüseyn), istedadın müəyyən hissəsini «özününküləşdirmək» olar (ədəbiyyatımız partiya rəhbərliyinin, yaxud Kreml ulduzunun vəsfi əvəzinə daha artıq «Vaqif»lərə, Səməd Vurğun; «Cənub şeirləri»nə, Süleyman Rüstəm; «Rənglər»ə, Rəsul Rza sahib ola bilərdi), ancaq sosrealizmin təcrübəsi bir daha sübut etdi ki, istedadı tam şəkildə ram etmək mümkün deyil».
Elçinin «Sosrealizm bizə nə verdi?» monoqrafiyası yetmiş illik sovet dövrü ədəbiyyatı haqqında dolğun bir təsəvvür yaradır. Olsun ki, burada mübahisəli məqamlar yaxud nəzərdən qaçan, ötəri toxunulan məsələlər də diqqəti cəlb etsin, amma etiraf etmək gərək ki, ədəbiyyat tariximizin yetmiş illik bir dövrünü sosrealizm problemi işığında izləmək, qazandıqlarımızın və itirdiklərimizin nədən ibarət olduğunu yəqin etmək bizim üçün çox faydalıdır.Bu gün bəziləri sosrealizmi tamamilə inkar edir və bu ədəbi cərəyan haqqında birtərəfli mövqe tuturlar. Ancaq sosrealizm ədəbi-tarixi faktdır və lazımdır ki, bundan sonra yazılacaq ədəbiyyat tarixlərimizdə bu faktı olduğu kimi izah edək (necə ki, Elçin izah edib).
Bu yazıda biz görkəmli nasir, dramaturq, tənqidçi-ədəbiyyatşünas, publisist, kinossenarist - Xalq yazıçısı Elçin Əfəndiyevin XXI əsrdə, son 13 ildə yazdığı əsərlərdən söz açdıq. Bu əsərlər XXI əsr Azərbaycan ədəbiyyatının, ümumən müasir ədəbiyyatımızın inkişafında mühüm rol oynamışlar və Elçinin belə uğurlu estafeti daha inamla davam etdirəcəyinə heç bir şübhəmiz yoxdur.
“Azərbaycan “ jurnalı