Mavi gözlərindən ağ saçlarına uzanan yolun yolçusu. Dəniz mavisi, zirvə qarının bəyazlığı və bir adam. Sərbəst yaşayar heça ömrünü. Gününü bənd-bənd bölər. Saatının əqrəbləri misralarını göstərər, günüzləri günəş olar qayğıları-isidər, yandırar. Gecələrinə nəğmələri doğular ay yerinə. Otağının nə divarı var nə tavanı. Mələklər enər ilham qandıyla, kəpənəklər gələr çiçək ətriylə...
Ən böyük pəncərəsi gözündəki eynəyidi, dünyanın üzünü də, astarına da görər. Səsini çoxları eşitməsə də sözü hamıya çatar.
Bu dünya bir bilməcədi,
Gah gündüzdü, gah gecədi.
Bilmədim nədi? Necədi?
Gələndən gedənə kimi.
Yol gedir adam üzü yoxuşa, arxasınca ayağının izi yox, ürəyinin səsi qalır. Böyüyür o səslər torpağa düşmüş toxum kimi. Boy atır böyüyür, gül açır, ətir saçır. Hərəyə bir qucaq, hərəyə bir çələng. Bir şair addımından neçə-neçə ürəyə pay düşür.
Qoca adam, uca adam nə özünə sığır, nə dünyaya. Köçüb, ruhunda yaşıyır. Özündən o yanda da özü var, bu yanda da özü. Bir üzü var, Allahın da yanında, adamın da.
Yaxşı adamların baxtı
yumurtadı, o da laxdı.
Şairlər hamısı bədbaxtdı,
Füzulidən mənə kimi.
Bəxtəvərdi bu adam, cavan ölmədi, öz yerini boş qoymadı. Əsgər kimi qorudu səngərini, yaltaqdan, axmaqdan, boşboğazdan. Min əzabla arındı, duruldu imkan vermədi bir şairin, bir insanın adına ləkə yaxılsın. Abrından sərhəd çəkdi, arından hasar hördü. Sevgi əkdi, hörmət biçdi. Bir şərəfli adamı da o xilas elədi, insana çevirdi.
Bəxtəvərdi bu adam Nizamidən özünə kimi.
“Ulduz “ jurnalı