Öz dəyişməz ənənələrinə hər zaman sadiq qalan Azərbaycan jurnalının 9-cu sayında dərc olunan materialları elə jurnalın özündə təqdim edilən bölgü əsasında icmal edək. “Nəsr” bölməsində Vüsal Nurunun “Dorantağ” romanı, Mübariz Cəfərlinin “Tor”, Şahmar Qəriblinin “Darıxan adam” və Afaq Şıxlının “Hardasa bir kənd vardı” hekayəsi verilib.
Vüsal Nurunun “Dorantağ” romanında Əshabi-Kəhf haqqında yazı yazmaq üçün Naxçıvana yola düşən bir yazıçıdan söhbət gedir. O, İslam dininə qarşı olsa da, “Quran”da haqqında danışılan dağa səfər edir və onun sirrini açmağa çalışır. Və özü də inanmadan orada mövcud olan zaman tunelini tapır və keçmiş zamana adlayır. Şaman türklərin mühitinə düşür, burada insanlara islamı necə zorən qəbul etdirdiklərini görür.
Əsər dilinə görə çox müsbət təsir bağışlayır. Əsər macəra romanı modeli üzərində qurulub. İslamaqədərki Azərbaycan xalqının mənşəyi, mədəniyyəti haqqında əsas qəhrəmanının – yazıçının dilindən deyilənlər də, digər personajların fikirləri də yenə də bu dini inanca qarşı yönəlir.
Roman qəhrəmanının düşdüyü zamanda başına gələnlər tam və dolğun şəkildə, inandırıcı təsvir olunsa da, sonra birdən-birə təyyarə qəzəsından sonra xəstəxanada ayılır. Baş verənlərin həqiqətənmi olduğu, yoxsa qəzaya uğramış insanın xəyal oyunları olduğunu müəyyən etmək oxucunun ixtiyarına buraxılır.
Mübariz Cəfərlinin “Tor” hekayəsi də çox maraqlı və absurd bir hekayədir. Hekayədə detektiv çalarlar var, intihar etmiş bir qızın yataqda ölü ikən uzandığı saatlarda əslində (və ya xəyalən) sevgilisi Seymurla görüşə getməsindən, Seymurun bu müəmmanın açılışı üçün çalışan müstəntiq Elmanla söhbətlərindən, intihar etmiş Arzunun atasının qızının qatlinin aşkar edilməsi üçün yazdığı ərizədən bəhs edilir. Detal kimi evin bir küncündə verilmiş hörümçək toru isə əslində bütün əsəri özündə ehtiva edən bir somvolik detaldır. Çünki baş verən hadisələr elə bu hörümçək toruna bənzəyir. Nə müstəntiq, nə də əsərin qəhrəmanı sona qədər də bu görüşün əslində olub olmadığını, yoxsa bir xəyal oyunu olduğunu araşdırıb bitirə bilmirlər. Əsər elə belə bir naməlum sonluqla tamamlanır. Sadəcə bəzi elementlər bunun xəyal olduğuna işarə edir. Məsələn, Arzu ilə öz görüşünü təsvir edərək danışan Seymurun sözlərinə fikir verək: “Ümumi ahəngi pozaraq ətrafa göz gəzdirən ikimiz idik, mən və Arzu. Küçədəki tək-tük Allah bəndəsinin yerişi-duruşu sanki zəncir kimi bir-biri ilə bağlı idi. Əgər birinin başını zorla qaldırsaydın, qeyri-ixtiyari o birilər də başını qaldıracaqdı...”
Aktyor kimi tanıdılığımız Şahmar Qəriblinin “Darıxan adam” hekayəsi “Neynirsən elə, darıxan ruh bədəndən çıxana qədər darıxacaq” – ideyasının ifadəsinə hesablanıb. Əsərin qəhrəmanı əvvəlcə Babası haqqında – daha doğrusu onun darıxması haqqında danışır. “Hərdən oturub uzaqlara baxa-baxa fikirləşirdi – axı mən niyə darıxıram”... – deyən qəhrəmanın babasının da beləcə darıxdığını, bu darıxmanın səbəbini oğluna izah edərkən ölmək anının gəldiyini yada salır. Amma babasının darıxmağı başa düşməsi ilə ölməsi arasında az bir zaman çəkir. Mitidə - əsərin qəhrəmanında isə bu uzanır... O da darıxmasının səbəbini izah edə bilmir. Həyatda heç bir şey onu razı salmır, maraqlandırmır. Nəhayət, xəstə yatağına düşüb “öldükdən” və ölüb dirildikdən sonra bu darıxma hissi keçşir. Amma bu dəfə də nəvəyə...
Afaq Şıxlının “Hardasa bir kənd vardı” hekayəsində yaddaşını itirən Qarabağ qaçqını Suqra ananın torpaq həsrətindən, onun bu halına bəlkə də şükür edən övladlarından danışır. Bu şükürün səbəbi isə “yaxşı ki yaddaşı itib yoxsa bu dərdlərə, qardaş itkisinə necə dözərdi” düşüncəsidir. O, oğlunu qardaşı bilir, özünü gənc qız sayır, ata evinə, gah da öz evinə qayıtmaq istəyir... Lakin o torpaqlardan qaçqın düşən bir çox yaşlı analar kimi Bakıda can verəsi olur...
Jurnalın “Poeziya” bölməsində Adil Mirseyidin, Rəfail Tağızadənin, Fəxrəddin Teyyubun, Ramiz Kərəmin, Qədiməli Əhmədin, Hikmət Məlikzadənin, Bənövşə Daşdılının şeirləri dərc olunub.
Adil Mirseyidin “Yağmur mələyinin xəyalı ilə söhbət”, “Kubist kompozisiya”, “Totemlə kompozisiya”, ”Şeir haqqında şeir”, “Avtoportret cizgiləri” şeirləri jurnalın bu sayını açır. Ən təsirli nümunə isə şairin vəsiyyət kimi qəbul edilə biləcək “Şairin ölümü” şeiridir:
Bukinist dükanından şeir kitabımı al,
Sən dua əvəzinə oxu şeirlərimi.
Misralar arasında gizlətmişəm, xoşca qal,
Ən mübhəm hisslərimi, ən gizli sirrlərimi.
Öz melonxolik ab-havası ilə diqqət çəkən şeirlər arasında “Vətəndə qürbət yalqızlığını heç bir sözlə aldatmaq mümkün deyil”, “bir gül, bir alma, bir göyərçin və yarımçıq bir portret var xəyalımda, kimsə görsün istəməm indi məni bu halımda”...kimi misralar asanlıqla özünü yaddaşlara yazacaq.
Növbəti şeir müəllifi Rəfail Tağızadədir. Onun “Sevgi nəğmələri”, “Ağ bulud ağlaya səni”, “Qayıt”, “Götürüb gedirəm səni özümlə”, “Dəniz, sənə gül gətirmişəm” şeirləri təqdim edilib. Bu lirik şeirlər arasında da yaddaqalan misralar, yaddaqalan ovqatlar vardır:
Tellərin mehlərlə getməsin deyə
Hörüb saçların düyün vurmusan
Bu qədər baxışın önündə necə
Körpə bənövşətək zərif qalmısan.
Fəxrəddin Teyyubun “Gedir e...”, “Səmimiyyət”, “Görüm”, “Oğlum”, “Dua”, “Musa Yaquba” şeirləri təqdim edilib:
Tanrım, istəyimi, arzumu göndər,
Göylər də, yerlər də əmrinə möhtac,
Sən məni bir anlıq ağaca döndər
Görüm kəsiləndə nə çəkir ağac.
Daha bir şeir müəllifi kimi Ramiz Kərəmin adını çəkək. Onun da “Qalır nişanələr”, “Vaxt o vaxt deyil”, “Bir də gəlsəm bu dünyaya”, “Yurddan perik düşənlərin”, “Anamın xatirəsinə” şeirləri dərc olunub.
Doğmalıq olurmuş başdaşında da,
Uzaqda olsan da, çəkir adamı,
Hərdən daş diliylə, daş sükutuyla
Gözləyir yolunu, şəkir adını...
Qədiməli Əhmədin “Özləmə otağı”, Bundan o yana xatirələrdi”, “İnanmır ürəyim”, “Böyüyür, “Adam” kimi əksəriyyəti sevgi şeirləri olan nümunələr təqdim olunub: “İlahi yazdığın alın yazıma dərd sözü ayrıca bir varaq imiş”.
Hikmət Məlikzadənin şeirləri isə hələ də 90-cı illər şeirinin ab-havasını özündə gəzdirir.
Adam var şeytandan beyər,
Şeytan var adamdan mərddi
Yanağından öpmək olmur
Allah bu nə göyçək dərddi?
Jurnalıda xalq şeiri – aşıq şeiri üslubunda təqdim edilən şeir müəllifi Bənövşə Daşdılıdır. Jurnalonun “Daha məhəbbətdən yazmıram”, “Dağların”, Bənövşəni”, “Ölməyə dəyər” şeirlərini dərc edib.
Jurnalda bir sıra elmi-tədqiqat məqalələri də çap olunub. Bunlardan biri Aydın Talıbzadənin Nizami Gəncəvidən bəhs edən “Ulduzlar məclisinin sahibi” essesidir. “Poeziya dünyasında üzümü hara çevirdimsə, onu gördüm. Gördüm ki, gördüyüm müqəddəslik haləsidir, teyxa nurdur”, – yazan A.Talıbzadə “Nizami Gəncəvinin “Xəmsə”si poemalar yox ha, məhz dastanlar toplusudur ki, məsnəvi qəlibinə oturdulub”, – qənaətini bildirir. Daha sonra “Niyə mən Nizaminin poemalarının poema yox, dastan kimi adlandırılmasına çaba yapıram”, sualını verir və bunu məhz “Bəhrəmnamə” haqqında düşüncələri ilə əsaslandırır: “O öz arxitektonik quruluşu, polisemantikliyi, qapsadığı kulturoloji mifoloji genişliyi aktuallaşdırdığı bilgilər sistemi etibarilə poetik düşüncənin yox, məhz epik düşüncənin məhsuludur”. Daha sonra gözəlləri yığdığı zaman Bəhramın yaşının 60-ı haqlaması, gözəllərin gerçək gözəllərmi, mifik hurilərmi olması ilə bağlı və daha bir çox məslələr haqqında maraqlı qənaətlər, mülahizələr verir.
“Axtarışlar və tapıntılar” bölməsində Aygün Bağırlının “Sən özün proletar deyilsən” məqaləsi təqdim edilib. Məqalədə Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovun Səməd Vurğuna yazılan dərc olunmamış məktubları haqqında danışılır, sonra da həmin məktublardan ikisi təqdim edilir. Məktublarda Səməd Vurğuna edilmiş, ”Artıq əməli olaraq proletariat yolunu tut” çağırışı var.
“Yeni tərcümələr”də Afanasi Fetin şeirləri Həyat Şəminin tərcüməsində verilib.
“Xatirələr, duyğular” rubrikasında Qəşəm Nəcəfzadənin “Şəkillər. Kamal Abdulla – Qarışıq xətlər versiyası” məqaləsində uzaqdan tanıdığı altı cavandan – Kamal Abdulla, Aydın Məmmədov, Nizami Cəfərov, Vilayət Quliyev, Vaqif Bayatlı Odər, Ramiz Rövşən – biri, Kamal Abdulla haqqında yazır. Hər biri haqqında qısa xarakterioloji məlumat verir.
“Əks-səda” rubrikasında Etibar Etibarlının “Nə var, nə yox, poeziya?” məqaləsi, Jurnalda gedən “Azərbaycan poeziyası – problemlər, mülahizələr” mövzusunda gedən dəyirmi masaya reaksiya kimi qələmə alınıb.
“Tənqid və ədəbiyyatşünaslıq” rubrikasında verilən Asif Rüstəmlinin “Tacik milli mətbuatının azərbaycanlı banisi” məqaləsi Mirzə Cəlal Yusifzadə haqqında danışır, Səxavət Tağıların “Hərdən gülüşün düşür yadıma” məqaləsi isə Nigar Rəfibəyli haqqında.
“Ulduz” jurnalının 9-cu sayında jurnalı professor Nəsir Əhmədlinin “Ulduz”umuzun səkkizinci guşəsi” adlı ekspert rəyi əks olunur. Ekspert rəy verməmişdən əvvəl tələbəlik illərini, o illərdə ilk sayı işıq üzü görən “Ulduz”un tarixinə səyahət edir. Baş redaktorlarını, özəllikləırini sadalayır. “Ulduz” son illər öz maraqlı layihələri ilə diqqət çəkir. Onlardan biri “Özüylə söhbət”dir ki, bu dəfə şairə Mina Rəşidin söhbətini əhatə edir. Bu, jurnalın ən maraqlı layihələrindən biridir. Şair, yazıçı özü-özünü istədiyi istiqamətdən, istədiyi səmtdən təqdim edir.
“Mənim kimiləri üçün həyat həmişə mübarizədir”, – deyən Mina Rəşid bu kiçik təqdimatında qaçqınlığından tutmuş, şeir, yağış, uşaq sevgisinə, ədəbi mühitə gəlişindən tutmuş “Bir şeiri yazıb qurtaranda, bir də dərc etdirəndə duyduğu sevinc”ə qədər haqqında bəhs edir. Özündən sonra şeirlərini təqdim edir:
“Ürəyim üşüyür Allah
Bir ümid ver isinim
Qəlbimi şaxta vurmaqdan
Dayanacaq nəfəsim...
Öz günümü ağlayıram,
Qonşumuzun yasında
Ürəyim üşüyür, Allah
Yayın tən ortasında.
Jurnalın daha bir maraqlı layihəsu “Dərgidə kitab” layihəsidir. Bu dəfə Mirmehdi Ağaoğlunun yaradıcılığı əsasında. “Çərçivə” hekayəsində cəmi üç ay əvvəl hərbi xidmətə yola saldığı oğlunun şəklini böyütdürərək evə gətirən, amma bunu sevincini ailəlikcə birgə uzun müddət yaşaya bilməyən atanın ağrısından danışılır: “Yas üçün şəkil artıq hazır idi”.
“Fasilə” hekayəsində hər günü bir-birinə bənzəyən, yeknəsəklikdən bezən, təbiətin rənginə, günəşə, havaya baxmaq üçün hər gün cəmi bir neçə dəqiqəlik fasilədən yararlanaraq bankdan çıxan bank işçisindən danışılır. Daha doğrusu, onun bu fasiləni əlindən alan həyasız bir bıçaq satıcısını bıçaqlamasından. “Əcəb oldu əclafa, axı onun fasiləsini niyə pozurdu?” – deyən bu adamın qətldən sonra ağlına gələn fikir bu olur: “Bu dəfə fasilə çox uzun çəkmişdi – beş dəqiqə”.
“Nisyə” hekayəsində isə Səlim adlı maaşı-maaşa calayaraq yaşayan birinin mağazaya girib nisyə mal götürmək istəməsi, köhnə tanışı ilə qarşılaşması, bu iki tanışın bir-birini irəli ötürərək öz növbəsini ona vermək istəməsi, nəhayət, Səlimin evə zəng etmək bəhanəsi ilə çölə çıxması, qayıdında isə tanışının da əslində, onun kimi nisyə yazdırdığını bilərək bundan gizli həzz duyması təsvir olunur. Bir zamanlar gələcək vəd edən bir şagirdin acınacaqlı durumu dəqiq, inandırıcı təsvir olunub. Son sevinci də...
”Mərəz” hekayəsində isə torpaqlarından qaçqın düşən, ömrünü ət-kabab yeməklə keçirən, indi isə Aran kəndlərindən birində humanitar yardım və dondurulmuş ət yeyə bilməyən bir qocanın mərəzindən – arvadının bu mərəz tutduğunda evdən arvad-uşağı kənarlaşdıraraq həyətdəki iki bir, üç tək toyuğu əri üçün kəsməsindən danışılır.
Jurnalda müəllif yazıları kimi Qulu Ağsəsin “Habil Əliyevə 4 sim” yazısı təqdim edilib... Jurnalın ən həssas, ən maraqlı yazılarından biri...Hər zamankı kimi özünəməxsus orijinal yazı üslubu sərgiləyən Qulu Ağsəs bu dəfə Habil Əliyevi öz ladında dindirib. Kamançası ilə, kamançasının səsi ilə, ironiyası və zarafatı ilə birlikdə.
“İndi mənim dinləyicim yoxdu. Adamlar sintezator istəyir. Adamlar dərdlərini azdırmaq istəyir. Sintezatorda dərd azır, kamançada yox. Kamança dərdin vətənidi”.
Sözün də, musiqinin də rəngini seçib üs-üstə gətirən Qulu Ağsəs yazır: “O gün “Segah”da Xoçalı faciəsini çaldım. Xocalıda itkin düşənləri, qəbirsiz-kəfənsiz, qibləsiz ölənləri yudum, kəfənlədim, el adətiylə yaslarını verdim”.
Bir də Habil Əliyevin arzusunu dəqiq təqdim edir: “İşdi təzədən dünyaya gəlsəm, qədim Çində bir uyğur kişinin sonbeşiyi olacam, ya da... qoz ağacı... qoy məndən kamança düzəltsinlər. Çalan lazım deyil – özüm kamana əlimi, sinəmi - simə sürtüb sizə bu dünyadan, o dünyadan, o biri dünyadan nağıl danışaram...”
Daha bir müəllif yazısı isə Fərqanə Mehdiyevanın Fikrət Qocanın yaradıcılığı haqında “Vərəqlərə bağışlanan ömür”, bir də eyni şair haqqında Vüsal Nurunun “Sərbəst yaşayar heca ömrünü” yazılarıdır. “Özündən o yanda da özü var, bu yanda da özü”, – deyir Vüsal Nuru Fikrət Qoca haqqında, – “Səsini hamı eşitməsə də, sözü hamıya çatar”, - deyir. Fərqanə Mehdiyeva isə “Hansı yaşda olur-olsun, şair həmişə uşaq yaşında qalır. Fikrət Qoca da məhz saflığı ilə uşaq yaşındadır” – deyir.
“Ulduz”un təqdim etdiyi Şeirlər hər zaman maraqlı olur. Bu dəfə Namiq Dəlidağlının “Qarıtdığım qıza gözaydınlığı”, “Ayrılıq rəngində yuxular görürəm hər gecə” şeirləri təqdim edilib: “Səni sevmədim, sevin: qarıtdım, gözün aydın” kimi bir göz aydınlığı ilə...
Arzu Rüstəmsoyun “Gedir”, “Anam haçan gələcək”, “Bu dağların havasını çal mənə” şeirləri də diqqət çəkir:
Səhər-səhər könül yenə gileyli
Dodağıma qonmuş olub “bu leyli”,
Hava dəli, hava dolmuş, küləyli,
Bu dağların havasını çal mənə.
Daha bir şeir müəllifiAdilə Nəzərdir. “Xəbərin oldumu, bütün şeirlərimin üzlərini qəm, gözlərini qan tutdu?” – yazır şair.
Yazdıqlarım can üstədi,
Gedənin yeri dolmur,
Buralardan uzaqlara – hara gedim
Burada da qalmaq olmur... – deyir.
Nazir Rüstəmin “Bu nağılı bitirmə”, “Mümkünsə”, “qərib adam” şeirləri isə öz poerik təsvirləri, peyzajları, bənzətmələri ilə yadda qalır:
Ağacda son yarpaq asılmışdı
Dar ağacında
Başı çiyninə düşən
Üsyankar kimi
Gəlmədin...
Qürub gəldi
Durub gəldin
Məni deyib
Mən isə artıq yox idim, heyif...
Mənsurə Qaçayqızının şeirləri də var şeirlər sırasında:
Ömür dəyirman daşı
Fırlanır
Pərərindən sən tökülürsən.- deyə...
Sayyarə Məmmədlinin “Günün sonunda düşüncələr”, “Bu yurdun qadın şairi” kimi şeriləri arasında daha çox bu yadda qalır: “Daha çox qorxduğum haraydı – sükut”. Valeh Bahaduroğlunun isə rəngləri. “Qırmızı-qırmızı”, “Sarı-sarı”, “Dan üzü”, “Yenə bu sarışın payız” şeirləri timsalında.
Titrəyirdi ayaqlar
Budaqda yarpaq kimi
Qırmızı-qırmızı
Anaların əlində
Körpəsi bayraq kimi
Qırmızı-qırmızı...
Soyumamış cəsədin üstünə qar yağırdı
Qırmızı-qırmızı
Göyə çıxan naləyə dünya durub baxırdı
Qırmızı-qırmızı
“Ulduz” jurnalının “Nəsr” bölməsində Vaqif Nəsibin “Üç adamın qonur günü” əsəri Rəsul Rzanın “Rənglər”indən ilhamlanaraq yazılıb və bu bölümdə üç at bağımlısının – həbsxananın qonur rəngi içinə hopmuş üç nəfərin həyatını obyektə çevirir. Biri – Əsəd – ata ocağndan böyük arzularla çıxıb ağ atlı oğlan kimi taleyə qalib gəlib geri qayıtmağa yollanıb. İkincisi - at oğrusu kimi damlanan Aslandır ki, o bir daha atlara qayıtmayacaq – torpağına qayıtsa da. Üçüncü əhvalatda isə sevgilisi əlindən alınan və at kimi kişnəyən baytar Ələmdarın əhvalatı nəql edilir. Hər üçünün həbsxananın qonur rəngindən arınmasından danışılır. Əsərin təkcə mövzusu at deyil. Əsərin dilində belə atlar, at kişnərtisi əsaslı yer tutur: “Atlar əmanəti”, “Bu xəbərin kişnərtisi mərkəzə çatmamış atları tap yerinə qoy”... “Sonra da atını hansı instituta istəyirsən səyirdə bilərsən” və s.
Kamran Nəzirlinin “Başımın altına yastıq qoy” hekayəsi təqdim olunub ki, qısa, lakonik, ər-arvad münasibətini detallarla ifadə edən maraqı bir hekayədir.
“Tərcümə saatı”nda Həyat Şəminin Afanasiy Fetdən etdiyi tərcümələr – orijinalları ilə birlikdə dərc olunub.
“Debüt” rubrikasında Nurlan Səlimin “Hüseyni günəşi”, Arzu Muradın “Keçmişə məktub” və “Şans mələyim”, Ziya Aların “Oyuncaq” hekayəsi verilib. Nurlan Səlimin “Hüseyni günəşi” adlı məqaləsində Xalid Hüseyninin yaradıcılığının günəşi olan və müharibənin acılarından bəhs edən “Min möhtəşəm günəş” əsərindən bəhs edilir. Arzu Muradın hekayələri isə sevgi əhvalatardır. Həyatda bitən, beyində və ürəkdə isə davam edən sevgi....
Ziya Aların “Oyuncaq” hekayəsində isə anasını – ölməkdə olan anasını xilas etmək üçün oyucağını satmağa çalışan bur uşaqdan bəhs edilir.
Jurnalın “Esselər” bölümündə Günel Natiqin “Sərgi salonunun ən kədərli eksponatı” adlı essesi dərc olunub. İtalyanların verdiyi bir tanıtımda qarşılaşdığı bir musiqiçinin ifa etdiyi musiqinin təsirindən danışır – həssaslıqla, detallarla: “...mənə elə gəlir ki, bu adam ömrü boyu tənhalıqdan əziyyət çəkmişdi. Və bu qədər gözəl musiqini ancaq dünyanın ən tənha adamı çala bilərdi”.
Günelin “Kağız gəmilər”, “Çiskinli günün yağmur duası”, “Göy üzünə baxan oğlan”, “Məhəbbət quşları” da eyni dərəcədə maraqlı esselər idi. “Bunu ilk dəfə etdiyim günü xatırladım. Okeanı gördüyüm yox, yaşadığım günü. Gözəl və vahiməli idi. Özümü anadangəlmə azad hiss edirdim”...
Jurnalda dərc olunan məqalələr sırasında Ziyadxan Əliyevin ”Ürəkdə yaşayan izlər” məqaləsi də var. İpək üzərində ilk rəngkarlıq nümunəsinin yaradıcısı olan Tünzalə Məmmədzadənin yaradıcılığı, Bakıda və İstanbulda keçirilən sərgiləri, iş texnikası, yetirmələri haqqında danışır.
Aydın Dadaşovun “İri planların dioloji montajı” məqaləsi Janna Dark haqqında Jorj Meliesin 500 nəfərin iştirakı ilə kütləvi səhnəsini reallaşdırdığı 15 dəqiqəlik “Janna Dark” (1898) filmi haqqında və Janna Dark obrazı haqda danışır.
Qəşəm Nəcəfzadənin “Sərdar Aminin şeirləri haqqında yazdığı “Sənin üçün mötərizə açanda ağladım” məqaləsində gənc şairin şeirlərinə münasibət bildirir.
“Qobustan” jurnalının 2015-ci il ikinci sayında isə Vaqif Əlixanlının “Qırx sətir”i Dərbənd haqqında söhbətə başlayır. “Bizim nəsil Dərbənddən gəlmədi” deyə Fətəli xanın kiçik oğlu Şeyxəli xandan, onun ruslara münasibətindən danışır. Bu giriş həm də jurnalın əsas mövzusuna – Dərbənd mövzusuna giriş xarakteri daşıyır.
Jurnalın ikinci əsas istiqaməti - “Möcüzəyə açılan qapı” məqaləsində öz başlanğıcını tapır və sonra bütün jurnal boyu davam edir. Burada Çin, çin fəlsəfəsi, DAO haqqında danışılır. “DAO-nun kimliyi, nəçiliyi barədə gümanlar indinin özünəcən indinin özünəcən səngimək bilmir”, - deyilərək.
Jurnalın “Dedim-dedi” rubrikasında “Yeni dram gecikir, çoxusu da rejissor ucbatından” adı altında müzakirə təqdim edilib. Müzakirədə Vaqif Əlixanlı, İlqar Fəhmi, Əli Əmirli, Camal Yusifzadə, Vaqif Qafarov,Firuz Mustafa, Aynurə Mustafayeva iştirak edirlər.
“Nədən bizdə yeni dramaturgiya o qədər də irəli gedə bilmir” sualına cavab aranır. İlqar Fəhmi “biz hələ realist, romantik dövrüm adamlarıyıq, modernist düşüncə tərzindən uzağıq... Modernist ruhlu hadisələr bizdə hələ baş verməyib”, - deyir.
Müzakirədə problem teatrı, tamaşaçı tələbatı və dramaturqun onun zövqünü nəzərə almalı olduğu və s. məsələlər müzakirə predmeti olur. Tamaşaçı zövqünün nəzərə alınmalı olduğunu daha çox Əli Əmirli təkrarən vurğulayır. Bunu rejissorlarla əlaqələndirən Aynur Mustafayeva isə “bəzi rejissorların dramaturji materialın bel sütununu sındırdığını” bildirir.
Vaqif Əlixanlı dünya teatrından gedən proseslərdən teatr mühitinin belə bəzən xəbərsiz olduğunu qeyd edərək hər kəsin diqqətini vacib bir məsələyə cəlb edir.
Teatr mövzusu rejissor Ağalar İdrisoğlu ilə aparılmış müsahibəylə davam etdirilir. Onun yaradıcılıq yoluna nəzər salınır. Masallıda dünyaya gələn, Azərbacan Teatr İnstitutunda Mehdi Məmmədovun tələbəsi olan, Şəki, Sumqayıt, Dərbənd teatrlarında çalışan rejissorun teatr səhnəsində etdiyi yeniliklərdən, ilk dəfə Kamyunun əsərini tamaşaya qoymasından danışılır.
Söhbət-müsahibə istiqaməti daha sonra Firudun Qurbansoyun suallarına Yusif Nəğməkarın verdiyi cavablarla davam etdirilir. Bu həm şeir, həm şair, həm də xarakter haqqında olan bir mühasibədir.
Yuxarıda qeyd etdiyimiz kimi, jurnalın bu sayında Dərbənd mövzusu əsas götürülüb. Belə ki, bu mövzu əvvəlcə “Dərbənd qalası, əzəldən ona Xəzərin qapısı deyiblər” yazısı ilə başlayır. Məqalədə V əsrdə Hunlara qarşı çəkilən Dərbənd səddi – Dərbənd qalası və Dağban haqqında ətraflı məlumat verilir. Mənbələrə müraciət olunur.
Dərbənd mövzusunu A.Bestujev-Marlinskinin “Dərbənd civarından məktub”u ilə dava etdirilir. Onun Dərbəndin yerli əhalisi ilə dialoqu məktubun ən maraqlı yeridir: “Dedim: Biznən niyə vuruşursunuz axı, xeyirxah adamlar gərək bir-biri ilə dost ola. Dedilər: - Cavan oğlan, belə ki xeyirxahsınız, orda burda nə işiniz var? Davanı siz başlamısınız”.
Daha sonra mövzu “Taleyi üzündən gah alayıb, gah gülən teatr” mövzusu ilə Dərbənt Teatrına, onun tarixinə, bu gününə həsr olunan yazıda davam etdirilir. Binası belə olmayan bu teatrın taleyinə təəssüf edilir.
Mövzu Rusiyanın xalq artisti Dürriyə Rəhimovanın “Səninlə-sənsiz” essesi ilə davam etdirilir. “Dəmir qapı Dərbənd gəldim qoynuna” yazısında isə Dərbənd aşıqları anılır, onların ən sonuncusu Sultan Seyidovun həyat yolu, yaradıcılığı haqqında geniş məlumat verilir. Tara vurğun Hacı Xanməmmədovun – daha bir dərbəndlinin yaradıcılığı haqında ətraflı mülahizələr yazan professor Ramiz Zöhrabovun məqaləsi növbəti Dərbənd yazısıdır: “Milli musiqi alətimiz olan kamança ilə simfonik orkestr üçün ilk konserti məhz H.Xanməmmədov bəstələyib”. Onun mahnıları – “Getmə, amandı”, “Qurban olduğum”, “Telli” və s., haqqında danışılıb. Aşıq Ələsgər və Mikayıl Müşfiüin poeziyaslnı sevdiyini və s. kimki maraqlı faktlardan bəhs edilib.
Jurnalda klassik Dərbənd şairlərindən Məşhur Dərbəndi, Şəkəstə Dərbəndi, Diləfruz Pəri, Əhməd Dərbəndi kimi şairılərin yaradıcılıq nümunələri ilə da tanış ola bilərsiniz.
Tədqiqat işləri də jurnada yer alıb. Professor Zemfira Səfərovanın “Muğamşünaslığımız, risalələrin tədqiqi və bir para qeyri problemlər barədə” yazısında “Avropanın və Şərqin bir sıra alimləri həmin risalələri çoxdan öz dillərinə tərcümə ediblər, təəssüflər olsun ki, doğma Azərbaycan dilinə onların əksəri hələ də tərcümə edilməyib. Bu işdə şübhəsiz ki, səriştəli mütəxəssüsilərin əməyi gərəkdir”, – yazaraq əhəmiyyətli bir problemə toxunur.
Vaqif Yusiflinin Elnarə Abdullayeva haqqında yazdığı “Bir səsin sehri” məqaləsi” onun yaradıcılıq yoluna, tələbəlikdən səhnəyə gedən yola işıq salır.
Gülşən Əliyeva- Kəngərlinin “Şəcərənin rəssam oğlu” məqaləsi isə cəmi otuz il ömür sürmüş rəssam Bəhruz Kəngərli haqqındadır. Uşaqlıqda ağır xəstəlikdən sonra eşitmə qabiliyyətini itirən Bəhruz Kəngərlinin 1900-1915-ci ildə Tiflisdə peşəkar təhsil alan ilk rəssamlardan biri olduğunu, Naxçıvanda, şəhər ətrafında olan təbiət mənzərələrini, tarixi abidələri naturadan çəkdiyini yazraq dəyərləndirir: “Azərbaycan rəssamlığında Bəhruz Kəngərliyə qədər şərtilik və dekorativlikdən tamamilə azad formaca müxtəlif, əsl mənada realist ruhlu portretlər demək olar ki, yox dərəcəsindəydi”.
Daha bir rəssam haqqında “Bəhruzun davamçısı” olaraq Məmməd Qasımovun yaradıcılığı Fizzə Quliyeva tərəfindən təhlil edilir.
Jurnalda “Xanxan oyunları” haqqında Elçin Muxtar Elxan, Girid oyunu haqqında Mobil Aslanlı Huntürk yazıb. Gəncə karvansaraları, bu karvansaralar haqqında sənədli materiallarda olan fikirlər Nigar Kərimovanın yazısında, Opera və Balet Teatrının aktyoru Ağababa Bünyadzadə haqqında düşüncələr isə Esmir Nəzərlinin “O birincilərdən idi” yazısında işıqlandırılır.
Nərgiz Cabbarlı
Tənqidçi, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, Filоlоgiya üzrə fəlsəfə doktoru