Jurnalın bu sayı da öz rəngarəngliyi ilə diqqəti çəkir. Hər sayda olduğu kimi, bu sayda da klassik dəyərləri nümunələrə qayıdış və xatırlatma var. “Kitabi-Dədə-Qorqud”un alman şərqşünas alim Fridrix fon Dits tərəfindən üzə çıxarılması və nəşr edilməsinin 200 illiyinin tamam olması yada salınıb. Bu münasibətlə “Bizimlə bizim dildə” məqaləsi və dastanın ilk boyu – “Dirsə xan oğlu Buğacın boyun bəyan eylər” oxuculara təqdim edilib.
Poeziya bölməsində Fikrət Qocanın “Mamontlar” poeması, Ətraf Sərrafın şeirləri, Xaqani Həbiboğlunun, Rafiq Hümmətin, Qəşəm İlqarın şeirləri dərc olunub.
Ətraf Sərrafın şeirləri çağdaş poeziyada hələ də Rəsul Rza sevgisi və təsirinin qorunduğuna daha bir misal kimi qəbul edilə bilər. Şeirlər elə “Unudulmaz xalq şairimiz Rəsul Rzanı bir də oxudum” epiqrafı ilə təqdim olunur. “Alın”, “Qaşlar”, “Burun”, “Gözlər”, “Ağız”, “Bığ” kimi şeirlərdə lakonik keyfiyyətlərlə xarakterik keyfiyyətlər verilir və bu orqanlar obrazlaşdırılır. Məsələn,
Gizli bir sevgiyə verilən səssiz “hə” cavabı,
Ömürdən çırpılan günlər,
Üzü üstə düşən vergüllər (“Qaş”).
Xaqani Həbiboğlunun “Dərdi”, “Ərik çiçəyinə yazılan şeir”, “Fikir çaldı söz oynadı” şeirləri təqdim olunub. Rafiq Hümmətin xalq ruhunu və xalq şeirinin xarakterik özəlliklərini özündə daşıyan “Tənhalıq”, “Güllə ölümü”, “Bu adam nə üçün yıxıldı görən”, “Baxın” şeirləri diqqətinizi çəkəcək.
Qazandığım beş-on dostun,
Beşi də, onu da susur.
Yarıya çatdığım yolun
Önü də, sonu da susur.
Onun xalq şeiri üslubunda maraqlı nümunələrdən biri də “Bu adam nə üçün yıxıldı görən?” şeiridir. Şeirdə maraqlı bir obraz yaradılır, situasiyanın qabardılması vasitəsilə eyni zamanda da o insanın (bir çoxlarının) daxili ziddiyyətləri, daxili keyfiyyətləri maraqlı şəkildə açılmış olur.
Ayağı yerində, əli yerində,
Dodağı yerində, dili yerində
Obası yerində, eli yerində,
Bu adam nə üçün yıxıldı görən?
Səbəbi (bütün dərdlərin səbəbi tək) sonda belə tapır: “İçində dərd oyan quyu var idi, bəlkə o quyuya yıxıldı yazıq”...
Qəşəm İlqarın şeirləri daha çox aforizmləşən misraları, məsləhətləri ilə yadda qalır. “Özünü tanı” şeirində, - “Qovağın başına qoyulsa da tac, Heç vaxt çiçəkləyib bəhər yetirməz”, - deyən şair sonda, -”Bəlkə də taleyin vermədi macal, Nə qədər gec deyil, özünü tanı”, - söyləyir özünə və oxucuya.”Keçmişdən gələn qatar”, “Xan əmi”, “Mənim qu nəğməm” şeirləri də maraqlı poerik nümunələr kimi diqqətinizi çəkəcək: ”Qəşəm İlqar, qocalığın dərmanı - Xatirələr limanı”.
Jurnalın “Portret cizgiləri” bölməsində Qəşəm Nəcəfzadənin “Fikrət Qoca” yazısı verilib. Daha dəqiqi, əvvəlcə “Küçük” şeirini anlamaq dərdi” adı ilə təqdim olunan müsahibə təqdim edilir . Müsahibədə Əli Kərimlə bağlı maraqlı bir məqam verilir. Fikrət Qoca deyir: “Biz deyirdik “Boyunu yerə soxum”, Əli (Əli Kərim) deyirdi: “Boyunu göyə soxum”. Məntqli idi...”
Daha sonra Qəşəm Nəcəfzadənin “Əyləşdiyim stul” adlı yazısı təqdim edilir. Bu yazı da jurnalda poeziya şöbəsinin müdiri stolunda bir zamanlar Fikrət Qocanın əyləşməsinə yönəlik bir təəssüratla bağlıdır.“Fikrət Qoca” mövzusunu daha sonra şairin “Mamont”lar poeması davam etdirir.
Nəsr nümunələri arasında Vaqif Nəsibin “”Sənsizlik, mənsizlik, onsuzluq” (üç hekayət romanı)nın davamı təqdim edilib. Ceyrançöldə yaşayan, qaçaq olmağa vadar edilən, sevgilisindən ayrılan və bu yolun davamında başqa ad ilə Gürcüstanda yaşamağa məcbur olan bir gəncin taleyini oxuyacaqsınız bu hissədə.
Nəsr bölməsində Məti Osmanoğlunun “İlk qazanc” hekayəsi, Elşən Əzimin “Yaddaş buzlağı” povesti də təqdim olunub.
Vahid Əzizin 70 yaşı Rəsul Rzanın “Ədəbiyyat və incəsənət” qəzetinin 16 mart 1968-ci il sayında dərc olunmuş “Tanışlıq” məqaləsi ilə yada salınır. Və bu sayın ikinci poeması - Vahid Əzizin “Mircəfər” poeması təqdim edilir.Rəsul Rzanın məqaləsində şairin yanında gələn gənc bir oğlanın yaratdığı ilk təəssüratla yazıya başlanılır:“Onsuz da işim başımdan aşır, bu sükut heykəli nə istəyir?” Amma sonrs şair həmin gəncin gətirdiyi şeirlərlə tanış olduqca qənaətini belə ifadə edir: “Bu şeirlər qibtə oyadacaq qədər poetik idi”.
Vahid Əzizin poeması adından da göründüyü kimi Mircəfər Bağırov haqqındadır. Məzmunu isə bu zidiyyətli şəxsiyyətə haqq qazandırmaq ruhunda qurulub. Poemada deyilir: “O elə bilirdi öz düzlüyüylə/Düzəldə biləcək Azərbaycanı”...“Stalin – Bağırovdan düzlük istəyir,/(evi dağılmasın, özü düzdü ki?”)
Vahid Əziz poemada təkcə Mircəfərin deyil, ümumilikdə həmin dövrün, zamanın, mühitin də portretini çızmağa çalışır, bu tarixi şəxsiyyətə zaman cə proseslər fonunda dəyər verməyə cəhd edir:
Qırıldı, məhv oldu elə dahilər
Dövran iblislərin əlində imiş
Mircəfər dövründə yaşanan illər
Süngülər ucunda yerimək imiş.
...Gözü kor olanlar tarixə baxsın
Qulaqdan mayıflar məni eşitsin
Mircəfər kim idi “düşmən” çıxartsın
Mircəfər kim idi “sürgün” elətsin?
Jurnalda publisistik materiallar qismində Rəşid Faxralının “Ordum varsa, yurdum var” məqaləsi təqim edilib. Sergey Yeseninin 120 illiyi isə Nizami Tağısoyun “Bax, yenə qayıtmışam” məqaləsi ilə qeyd edilib. “Yesenin rus şeiri ənənəsində oturmuş ahəngdarlığı, melodikliyi bütün yaradıcılığı boyu özünəməxsus şəkildə inkişaf etdirən sənətkarlardandır”, - yazan müəllif onun yaradıcılığını dəyərləndirməklə yetinmir, o şeirlərə müasirlik prizmasından da yanaşır: “Yeseninin poeziyası müasir dövrdə əvvəlki fəlsəfi-estetik və ideya-mənəvi əhəmiyyətini qətiyyən itirməmişdir, əksinə,daha yeni bir qüvvə ilə davamını tapmışdır”.
Jurnalın bu sayında Bəsti Əlibəylinin “Köç havasında” essesi təqdim edilib. Tənqidçi əsərlə balğlı yazır: “Elə əsərlər var ki, əhatə dairəsi genişdir, amma dərin deyil. Bəzilərində isə dərinlik var, əhatəsi dardır. “Köç” romanında yazıçı istedadı həm dərinliyi, həm də genişliyi birləşdirir özünü”. Daha sonra isə son yarım əsrdə qan yaddaşını oyadan bu cür əsərlər içərisində üç əsərin adını çəkir: İsmayıl Şıxlıda (“Dəli Kür”), Yusif Səmədoğluda (“Qətl günü”) və Mövlud Süleymanlıda (“Köç”): ““Köç” həm də bu əsərlərin birincisidir”.
Tənqid və ədəbuyyatşünaslıq bölümündə Nərgiz Cabbarlının “Çağdaş şeirin müraciət obyekti – Qloballaşan dünya və İnsan” məqaləsi təqdim edilib. Məqalədə gənc şairlərin yaradıcılıqları təhlil edilir, bu yaradıcılıqda ümumi xüsusiyyətlərdən biri kimi qloballaşan dünyaya müraciət qabardılır.
“Naməlum abilədərimizdən soraqlar” bölümündə Nailə Mustafayevanın “Naməlum müxəmməslər” məqaləsi təqdim olunub.Məqalədə XVIII əsrdə yazılmış, bu dövrün naməlum şairlərinin müxəmməslərindən söz açılır.
11-si sayın ən maraqlı materiallarından biri də Patrik Züskindin “Göyərçin” povesti idi. Povest tərcüməçi Əziz Rzazadənin tərcüməsində təqdim olunur.Conatan Noel adlı qəribə bir oğlanın –yəhudinin uşaq ikən evindən uzaq düşməsi, anasının, atasının yoxa çıxması, əmisinin yanında böyüməsi, daha sonra Parisə köçməsi və orada həyatında heç bir şeyi dəyişmədən bir bankda çalışaraq, bir binanın mansarında yaşayaraq keçirməsindən danışılır. Amma bir gün mansarda qapının ağzında gördüyü, oranı yaşıl ləkələr salan bir göyərçin bütün həyatını alt-üst edir, hər şeyi dəyişir.
“Ulduz” jurnalının 11-ci sayında
“Ulduz” bu dəfə də maraqll materiallarla görüşünüzə gəlib. Ekspert rəyini filologiya elmləri doktoru Gülşən Kəngərli təqdim edir. “Hər çapında xüsusi çəki sərgiləyən jurnal” məqaləsində o jurnalın 10-cu sayında gedən hər bir yazını diqqətlə incələyir, hər biri haqqında fikirlərini bildirir. “Ədəbi prosesə dinamik müdaxilə ilə fəal görünən” jurnal G.Kəngərlinin fikrincə “ədəbi prosesdə nəsillər arasındakı əlaqəni qoruyub saxlamağa çalışır”.
“Özü ilə söhbət” rubrikasında yazıçı Müşfiq Xanın “monoloqu” təqdim edilir. Uşaqlığı, təsadüfən silahla adam vurması, uşaqlıq sevgisi, bu sevgidən imtina monoloqda öz əksini tapır. Daha sonra “Velisoped” hekayəsi verilir. Bu hekayəni hardasa monoloqun davamı da hesab etmək olar. “Həyatın hesabını xeyli qarışdırmışam. Yıqin mən borclu olaram. Cəhənnəmə ki.... O borclu olsa, guya nə dəyişəcək? Onsuz da işi-gücü almaqdı” deyir həyat haqqında hekayənin qəhrəmanı.
Hekayə bir oğlanın velisoped arzusu üzərində qurulur: “Həyatım boyu velisopedim olmayıb. Olmasını on beş il arzulamışam. Alınmayıb. Almayıblar. Əmim oğlu atama kömək edirdi. Atam almışdı. Mən atama daha çox kömək edirdim. Atam mənə almırdı. Kömək etmək mənim borcum idi”.
Amma atanın ölümündən sonra bu ölümlə bərabər o sevgi da yaşanmamış qalır:“Üstünnən illər keçib. Atam hər dəfə yuxuma gələndə mənə “şkolnik” alıb gətirir. Qutularını da açmadan bala-bala həyətdəki tövləmizə yığıram”.
Nəsr bölməsində Pərvanə Rəhimlinin “Dönüş” adlı maraqlı bir hekayəsi təqdim olunub. Ata ocağını, anasını, vətənini tərk edərək Amerikada yaşayan və işləyən bir rəssamla – Sadiqlə ananın görüşündən, onun evə qayıdışından bəhs edir. Oğluna ölüm xəbərini göndərən ananın başqa əlacı qalmayıb: “Sənin üçün öldüm. Öldüm ki, bəlkə dönəsən”.
Bu görüşün və mətnin ən maraqlı hissəsi ana-bala arasındakı dialoqun səsli deyil, ürəkdə getməsidir. Demək istədiklərini qəlblərində desələr də, dillərinə gətirmrlər. Oğlu: “Amerika həyatı, sonra rəssamlıq... Başım elə qarışdı ki... “səni unutdum” demək istədi. Qarşısındakı tənhalıqdan büzüşüb balacalaşmış qadına yazığı gəldi”. Anası: “Nədənsə bircə bu dünyada tək-tənha bədbəxt anan üçün heç boş vaxt tapa bilmədin”.... demək istədi, amma demədi. Oğlan çıxıb gedəndən sonra ana hər şeyi o necə qoyub getmişdisə, anası onun üçün olduğu kimi saxlamışdı. “Yuxu” xalçasına qədər. Oğlan bu görüşdən sonra bir həqiqəti anlayır. Anlayır ki, “İçində ölmüş sandığım o adam bu illər ərzində sadəcə susub, donub”. Və hekayə onun anası ilə qalması, Amerikaya qayıtmaması ilə bitir.
Jurnalın “Şeir vaxtı”nda hər zaman maraqlı nümunələr təqdim olunur. Bu sayın “Şeir vaxtı”nı birinci olaraq Nazilə Gültacın“Bilmirəm”, “Çarəsiz”, “Sarı yarpaqlar” şeirləri tutur.
Sarı yarpaqlar
Titrəyər xəfifcə
Utancaq-utancaq
Boylanar bitdiyi budağa
Uçuşar küləklərin arxasınca
əhdə vəfasızlar kimi.
“Şeir vaxtı”nın növbəti qonağı Əbülfət Mədətoğludur. “Öncə yüksəklik, sonra bu yüksəklik qədər eniş – haldan hala saldı məni” misraları ilə başlayan şeiri bu “vaxtın” ən uğurlusu və maraqlısı idi. “Anladım ki insan həmişə bir iynə ucu məsafədə dayanır ölümdən”, - deyir şair.
“Şeir vaxtının” üçüncü nümayəndəsi isə Əli Aslanoğludur. Onun“Heyrət”, “Gəlmir”, “Görüş”, “Mən səni gizlicə sevəcəm elə”, “Gözəl yar” şeirləri oxuculara təqdim edilir.
“Daha tənhalıqdan bezmişəm, gülüm,
yetim uşaq kimi qucaq gəzirəm.
Soyuq baxışlardan donub ürəyim,
Qanımı isidən ocaq gəzirəm”.
Jurnalda maraqlı nəsr nümunələri də təqdim olunub. Ilk diqqətinizi çəkəxək nümunə Sadıq Elcanlının 3 hekayəsi olacaq. “Yovşanlı yamacın qürub çağında” adlı birinci hekayədə bir sevgi və bir ilan haqda əhvalatla tanış olacaqsınız. Daha doğrusu, bir sevgini məhv edən ilanlarla.... “Doxsan doqquz yaşlı Alpan qoca çarpayısında büzüşüb o səsin yollarına boylanırdı” misrası bu əhvalatın baş verdiyi zamana aparacaq sizi. Səslə, səsin çağırışı ilə. Alpan qocanı da o yerlərə aparan həmin bu səsdir – sevgilisi Əsmərin səsi. “Nə müddətdi suya həsrət gözləri dolub-daşır, Əsmərin qəfil-qanblı ölümündən sonra xaraba qalan qəlbində, bayquşlar ulaşan duyğularında dərd daşqınları ilan təki baş qaldırır, diş atıb ruhunu çalır, paramparça edirdi”. İlanlı kəndində ilanlar öldürən sevgilisini dəfn edib oradan ilim-ilim itən, bütün həyatı boyu daha kimsəyə qəlbini verməyən bu adam 99 yaşında 18 yaşında tərk etdiyi kəndə qayıdır və görür ki, “İlanlı kəndi dili kəsilən, kar, kor, köməksiz küskünə bənzəyirdi”. “Qəlbinin xarabasında, duyğularının uçuq-söküyündə bayquşlar ulaşan Alpan qoca dünyanı ən ağır söyüşlərlə söyür, lənətləyir, kimin qisasını kimdən almaq istədiyini düz-əməlli bilmədən üstündə dayandığı yeri, altında durduğu göyü təpikləyir, töhmətləyirdi”.Amma bu zaman möcüzə baş verir – çox güman ki xəyali... Qəbir aralanır və Əsmər dirilir, onlar yenidən qovuşurlar...
“Susqun səsin soyuğu” hekayəsində Parisdən varlı sevgilisi üçün donor axtarmağa gələn bir gəncdən, bu donora çevrilən gənc bir qızdan danışılır. Sevgilisinin varlı atasından belə bir təklif alanda “Oğlanın damarlarından odlu axınlar keçdi, xırda, sarı-sarımsağı gözlərində iblisanə qəhqəhələr tumurcuqladı, balaca şeytanlar iməklədi”. Və o öz doğma torpağına belə bir axtarış üçün gəldi. Apardı. Amma qızın öz torpağına, şabalıd ağaclarına bağlı qəlbi Mariannanın bədənində sakitlik tapmır, onu bu yerlərə çəkir....
“Quzey qarının qarısı” hekayəsində isə Londonda yaşayan bir qarı ilə tanış olacaqsınız. “Bulud qara mürəkkəb kimi göyün üzünə dağılmışdı və göylərdən gələn işığın qabağını elə kəsmişdi ki, baxanlar ilk anda günəşin sındığını zənn eləyib heyrətlənirdilər” – belə bir mənzərə ilə başlayır hekayə. London şəhərinin təsvir edir. Və burada göstərilən qarı “Qalaya gedən avtobusu” gözləyir. Əsər Mirzə Cəlilin “Anamın kitabı”nın təsiri ilə yazılıb. Londonda yaşayan, rus, türk və fars təsirində olan üç qardaşdan, onların növbə ilə baxdıqları ruhi xəstə olan analarından və bu ananın Londonda “Qalaya gedən avtobus” gözləməsindən bəhs olunur.
Jurnalın bu sayında da ənənəvi olaraq tərcüməyə yer verilib. Tatyana Uvarovanın şeirləri İbrahim İlyaslının tərcüməsində təqdim edilib.
Elmar Vüqarlının təqdimatında verilən “Quşların dili” məqaləsi “Quran”da, “İncil”də quş dili bilmək məsələsini araşdırır, bunun məğzini açmağa çalışır.
Leyla Camalın “Yerə düşməyən göz yaşım” və “Sirli xəstəlik” esseləri ilə tanış ola bilərsiniz. Birinci essedə “Bu gün sadəcə havadakı çiskinə bulaşmağa çıxmışdım” deyən qəhrəmanın özünə doğru yolundan danışılır, ikincidə isə sevgi xəstəliyindən bəhs edilir: “Bu xəstəliyə yoluxma zamanı insan xəstəliyə tab gətirmək üçün ikinci bir ürəyə ehtiyac duyur. Ehtiyac duyduğu ürəyin yoluxduğu insanın ürəyi olması böyük şərtdir”.
“Qısa fikirlər xəzinəsi”ndə Bob Marleyin – XX əsrin məşhur musiqiçisinin aforizmləri təqdim olunub. Dəfələrlə kitab halında dərc olunan bu aforizmlər arasında “Yaşadığın həyatı sev və sevdiyin həyatı yaşa”, “Hər kəsin öz taleyini müəyyən etmək hüququnun olması gərəkdir”, “Mən necə yaxşı yaşamağı bilmirəm, mən ancaq necə əziyyət çəkməyi bilirəm”, “Özümüzdən başqa heç kim ağlımızı azad edə bilməz” kimi maraqlı ifadələr var.
Bundan başqa, jurnalda Böyük Britaniyanın məşhur yazıçısı və komediya aktyoru, “Uayld” filmində yaratdığı Oskar Uayld obrazı ilə dünya şöhrəti qazanan Stephen Frunun da fikirləri orijinalları ilə birlikdə təqdim olunub: “İnsanların çox bilməməsinin yeganə səbəbi onların çox maraq göstərməməsindədir. Maraq göstərməmək üsə mövcud olan ən qəribə və ən ağılsız şeydir”, “Siz “Elm hər şeyi bilmir” kimi sözlər eşidəcəksiniz. Yaxşı, əlbəttə, elm hər şeyi bilmir. Amma bu elmin heç nəyi bilmədiyi anlamına gəlmir”.
Xatırladaq ki, bu materiallar Pəri Mirəliyevanın tərcüməsində təqdim edilib.
“Nəsr” bölməsində növbəti hekayə Nərgizin “Kölgə” hekayəsidir. “Özünü tapa bilməyəni kim tapa bilərdi axı? Kimə lazım idi itənlər, itirilənlər” yazan müəllif məhz bu kölgənin varlığından danışır: “Gerçəyi anlayan kölgə sürünə-sürünə uzaqlaşırdı adamlıqdan insanlığa tərəf”.
Eyni müəllifin “Nigrum cattus” hekayəsində isəsirli, vahiməli bir evdən, orada aparılan axtarışdan və sirli qüvvələrin yaşamasından danışılır.
Jurnalın “Hücrə” rubrikasında Qəşəm Nəcəfzadənin “Bütün xoşbəxtliklər bədbəxtliyin ovcundadır” adlı, gənc şair Əntiqə Səməndərin şeirləri haqqında məqaləsi dərc olunub. Başlıq şairənin şeirindən seçilmiş misradır. Məqalə, - “Bir çiçək boyda küləkdi Əntiqə, Ağdamdan əsir” kimi mücərrəd bir cümlə ilə başlayır. “Ovcunu sıx, dost” misraları ilə bitir.”Düş misraların birinı, get, Ağdama gedir bu yol”.
Çinarə Nüsrətlinin “Debüt” rubrikasında “Saxta həkim” adlı maraqlı bir hekayəsi dərc olunub. Hekayədə xərçəng xəstəliyinı tutulan gənc bir qızdan, onun yuxusundan və intiharından danışılır. “Şaxta həkim” isə bir zamanlar soyuqluğuna, daha sonra isə ona ən xoşbəxt şaxtalı gününü yaşatdığına görə gənc həkimə verdiyi addır.
Jurnalın maraqlı və əhəmiyyətli layihələrindən biri “Bölgələrdən səslər” layihəsini şairə Fərqanə təqdim edir. Burada müxtəlif bölgələrdən olan gənc şairlərə doqquz sual ünvanlanır. Sualları Kürdəmirdən Anar Gülümsoy, Gəncədən Şəfa Vəli,Neftçaladan Elnur Abdıyev, Şəkidən Tural Adışirin, Mingəçevirdən Ruslan Ələkbərli, Gədəbəydən Tural Sahab,İsmayıllıdan Furqan Sadıq, Oğuzdan Vüsal Oğuz, Ağcabədidən Məhsəti Musa cavablandırır. Hər biri də öz bir şeiri ilə verdikləri cavabı sonlandırırlar.
“Ulduz”da Vahidin gənclik şeirləri də təqdim olunub – Sona Xəyalın təqdimatında. Məqalədə Vahidin AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan, görkəmli tədqiqatçı Əliabbas Müznibin 30-cu illərdə topladığı 294 vərəqli, 251 əsrdən ibarət şeirləri haqda danışılır. O da bildirilir ki, yazılma tarixi 1914-1934-cü illər olan bu şeirlərin toplandığı kitab şairin 120 illik yubileyi münasibətilə transliterasiya edilib və nəşrə hazırlanır.
Nəsr nümunələri arasında Mətanət Ulu Şirvanlının “Avtobus sərgüzəşti”də var. Hekayədə hər gün avtobus basabaslarında ratstlaşdığımız əhvalatlar sözə gətirilib.
“Sən həmişə bizimləsən, “Boy çiçəyi” adlı yazıda Əli Hacılı ilə Hicran Hüseynovanın söhbəti təqdim edilib. İlyas Əfəndiyevin Şuşa Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulan “Boy çiçəyi” – Sən həmişə mənimləsən” tamaşası haqqında danışılır.
“Şeir vaxtı”nın daha bir qonağı Zərəngiz Dəmirçi Qayalıdır. Onun “Kəndim”, “İnciməsin”, “Doğma yurdum” şeirləri təqdim edilir. “Əlimdə işim var mənim, /Dünya məndən inciməsin”, yazan müəllif bu misralarla yadda qalır.
Bu qaragöz - uşaq deyil,
Pöhrə verməz, budaq deyil.
Qəlb dolu köz – ocaq deyil.
Dünya məndən inciməsin.
Mina Rəşid Hicran Hüseynova haqqında qələmə aldığı “Ulduzun Hicran adlı ulduzu” məqaləsində “Onun baş qəhrəmanı çox vaxt istedadlı, mənən zəngin olsa da, cəmiyyətdə tənhadı, çünki xorda oxuya bilmir”... yazaraq bu qəhrəmanı Hicranın özü ilə müqayisə edir. Daha sonra belə bir qərara gəlir: “Görünür, Hicran Hüseynova qəhrəmanı kimi adət edib yoxluq üstə saray ucaltmağa. “Adam olduğu yeri bəzəyir, yer adamı bəzəmir”, demə, əbəs yerə söyləmirmiş bunu.
“Debüt” rubrikasında Xanım Mehdixanlının “Lovğa qapı” hekayəsi, “Dərgidə kitab” layihəsində isə Elşad Ərşadoğlunun “Hörümçək zaman” kitabı təqdim olunub. Poetik qəhrəmanın “İnsafınız olsun, tərif edənlər,/Görmürsüz əriyib gedir adamlar?” sualından sonra ən maraqlı cavab verilir:
İçini-çölünü başqa eləyib,
Bütün ömrü boyu “keşgə” eləyib,
Yaşamır, ruhunu qoşqu eləyib
Bədənin sürüyünb gedir adamlar.
Kitabda “Tellərində çiçəkləyər əllərim” , “Azala-azala yox olur adam”, “Ayrılıq – ölümün məsdər forması”, “İçimdə bir işıq ölüb” şeirləri maraqlı nümunələr kimi yadınızda qalacaq.