«…Bu kitab məndə kədər doğurur.
Şairlər görüşmək üçün insanlara əl
uzadırlar. Ancaq adamlar səmimiyyətlə
uzadılmış əllərin əvəzinə onların
gözlərinə və ürəklərinə tuşlanmış
əsəbi halda sıxılan yumruqlar görürlər».
(F.Kafka)
Səmimiyyətlə uzanan bu əllərin (kitabların) arxasındakı insanları, şairləri, taleləri görə bilirikmi? Bir əlin arxasındakı bu üç səbəbi bir araya gətirmək, onları tək-tək, ya qarşılaşdıraraq analiz edə bilirikmi? Çox vaxt da onların hər üçünün üstündən xətt çəkib müəllifin durumundan, mövqeyindən, hətta oturduğu stulundan yapışırıq. Hər şeyə bu stul arxasından baxırıq. Məsələn, F.Qocanın kitabları bu gün oxucuda «Yazıçılar Birliyinin katibinin sözü, çıxışı» assosiasiyasını yaradır…
Halbuki, kitablar vərəqləndikcə çox uzaqlarda (60-cı illərdə) qoyub gəldiyimiz şairin özü ilə rastlaşırıq.
İstanbulda
«Yerəbatan» var -
Yer altında bir saraydı, şəhərdi.
Orada hər zaman gecədi,
üstündə işıqlı dünyadı, səhərdi.
Yerə batanda
Səsi içində batmış
Şair şeir deyirdi.
«Səsi boğulmuş, yurdu dağıdılmış çeçen xalqı haqqında» deyilən şeiri şair quyuda çəkilən əzana bənzədir. Şerin ovqatı bizə sirayət etdikcə boğuluruq - qaranlıq dünya, səsi batmış şair, od tutub yanan məmləkət…
Yerəbatan,
mən,
səsi batmış Çeçenistan
baş-başa verib ağlayırdıq,
camaat göz yaşlarımıza əl çalırdı.
Ər, arvad başımız elə qarışdı
Nə mən bir vaxt tapdım, «sevirəm» deyim
Nə də arvad mənə qəlbini açdı.
Bizim elə belə ömrümüz keçdi.
İndi də yanaşı durub susuruq.
Daha nə deyəsən? Ayıbdı, gecdi.
baməzəliklər:
Dedim şoferə: tez sür! Məni çatdır yarıma,
çatım arzularıma.
Şofer üzümə baxdı, tez saxladı maşını,
Dedi: dönəsi olduq burdan geriyə bir baş.
Yamanca yerdə saldın yarı yadıma, qardaş.
* * *
Hara
nə atılsa
Gəlib qocanın xətrinə dəyəcək.
Dilinə nə gəldi deyəcək
hazırcavablıqlar:
Amma onu da bil ki,
Gündüz bütün günü yaşayıb,
Hamının qəm yükünü daşıyıb,
dərdini bölə-bölə,
Hesabat verə-verə,
ağrıdan ölə-ölə,
Vallah çox yaşamaq
olmaz belə,
Vallah sən ölməklə
düzələn deyil həyat.
Gəl sənə bir həb verim
üstündə «ümid»
at
İdeoloji-siyasi hadisələrə fəlsəfi-istehzalı baxış:
Üç-dörd eşşək buraxıblar
Minalanmış həmin düzə
Yəqin eşşəklər düşünür:
«Azadlıq veriblər bizə».
Təbiətə gələn bəla,
Fitnə-fəsad bizdən keçir
Yazıq insan neyləsin ki,
Azadlığa gedən yollar
Minalanmış düzdən keçir.
və ya:
Qalmışıq Qarabağın əlində aciz
buna nə deyəsən,
Kimsə deyib ki,
Qarabağa əl vurma - Cızzz!...
Bəyannamə:
Gözümdəki işıqdır, sinəmdəki ürəkdir.
Başım üstə günəşdir, süfrəm üstə çörəkdir,
mənim məsləkim.
Dodağındakı nəğmə, damarımda qanımdır.
Hələ mən doğulmamış taleyimi doğandır.
Mənim məsləkim.
və s. və i.a. çoxdur. Bunların heç birisi isə təklikdə və hətta bir yerdə poeziya deyil. Poeziya haqqında söylədiyim bir fikri təkrarlamaq məcburiyyətindəyəm: Şairlik hissin ali məqamında dillənməkdir. İlhamın, ruhun, duyum, baxış, yozum tərzinin səviyyəsi nöqteyi-nəzərindən isə həmin məqamın dərəcəsi müəyyənləşir. O məqamın hissi də ki, diqtə olunan və ya əvvəlcədən hazırlanan deyil, varlığın ilahi tərəfinin işığa, sevgiyə, gözəlliyə, həqiqətə, ruhi dincliyə kökləndiyi tellərin enerjisidir. Bu enerji ilə həyatda, təbiətdə, məişətdə, cəmiyyətdə hər nə varsa hamısını qaydaya salmaq olur. O enerjidən alınan hissin fırçası ilə çürümüş, bədbinlik doğuran, qıcıqlandırıcı rənglərə gözoxşayıcı saf çalar, ahəngdarlıq gətirmək mümkündür. O enerjidən alınan hissin ritmi, intonasiyası ilə bütün hay-küylü səsləri batırmaq, göyü yerə yaxınlaşdırıb, ruhu sakitləşdirən, dünyanın ən gözəl musiqisini yaratmaq olur və daha yüzlərlə möcüzələr yaratmağa qadir olan bu enerjini hər yetən şairdə axtarmaq isə, əlbəttə düz deyil, şeir yazan həmişə hər yerdə çox olub, poeziya yaradan isə həmişə çox az olub. Çünki şeiri nəzəri bilik və bacarıq, hətta istedadla da yazmaq olur. Çox az adamın duyub qiymətləndirdiyi həqiqi poeziyanı isə yalnız yuxarıda nişan verdiyimiz enerji sahibləri yarada bilər və təəssüf ki, bu adamların özündə də sapmalar olur. Həmin enerji ilə yüklənmədiklərini hiss etsələr belə vərdiş və özünəarxayınlıq eqoizminin təsiri ilə yazmağa başlayırlar. Elə hey yazırlar və yenə təəssüf ki, yazdıqlarını çap eləyib yayırlar. Nəticədə şairin bütün varlığını - ruhunu, duyumunu, baxış - yozum tərzini cəmləyib - ürəyi, beyni, ən ali hissləri ilə yazdığı şeirlərini sadəcə, «əllə yazdığı şeirlər» ört-basdır eləyir və müəllifin nüfuzuna kölgə salır.
60-cı illərin şairlərinin hərəsinin bir balaca kitabı qalacaq - cild-cild yazsalar da, bir şeiri beş-altı kitabda təkrar-təkrar çap etdirsələr də, hərəsindən bir balaca, ələkdə qalmış şeirlər toplusu qalacaq…
Biz anlamalıyıq ki, poeziya təkcə söz-fikir, deyil, qafiyə, heca, bölgü, vəzn, ritm, intonasiya da deyil. Bəlkə də çox məqamlarda sadəcə, sözlə rəsm çəkmək, ovqat yaratmaq, gözəl ya çirkin bir mənzərə və hadisənin, düşüncənin zamanını dondurmaq, amma elə dondurmaq, rəsm etmək, həkk etmək ki, nə vaxt eşidilsə, o poeziyanın yarandığı anın ovqatını olduğu kimi olmasa da, ona yaxın şəkildə yaşaya biləsən.
Qəzəbindən ağarıb,
Qara dənizim, rəngin
Dalğaların,
qəzəbli pəncəsi kimi pələngin,
sahili cırmaqlayır.
Elə bil sahil qaçmaq istəyir,
dalğalar tutur, saxlayır.
Sahildə yaralı göyərçinə dönürsən
Lal adam xəbər gətirən kimi
çırpınıb, döyünürsən.
Baxışlarımla tumarlayıram səni,
ay sirlərin bağlı sandığı
Qara dənizim!
Balıqların duzlu vətəni,
Gəmilərin mavi qəbristanlığı,
Qara dənizim!
Şeir «Qara dəniz» adlansa da, burda bütün dənizlərə aid olan dalğaların yeni, orijinal və emosionallıqla yaradılmış poetik obrazını görürük. Bu bəlkə də dalğalar haqqındakı yüzlərlə bənzətmənin ən çılğını, canlı və düşündürücü olanıdır. Müəllif obrazyaratma prosesində təxəyyülünü ən uzaq məsafələrə, heç kəsin getmədiyi yerlərə göndərir. O isə baxış anındakı məqamın qəhrəmanı (dalğalar) üçün ən gözəl libaslar gətirir: 1) Sahili cırmaqlayan qəzəbli pələng pəncəsi; 2) Qaçmaq istəyən sahili dənizə bənd edən, tutub saxlayan gözətçi; 3) Dənizdə vurulub sahilə yaralı düşən göyərçinlər; 4) Dənizin təlatümlü, təşvişli halından gətirdiyi xəbəri çırpına-çırpına, döyünə-döyünə lal adamsayağı həyəcanla çatdırmaq istəyən anlaşılmazlıq…
Sonrakı misralarla fikir geriyə dönür: sirlərin bağlı sandığı, gəmilərin mavi qəbristanlığı Qara dənizin sahilə baş vuran kiçicik dalğalarının nağılı belə qorxuludursa gör onun özünün dastanı necə olar? Ancaq müəllif təxəyyülü ilə coşdurduğu bu həngaməni şair siyasəti ilə özü sakitləşdirir: Baxışlarımla tumarlayıram səni, ay sirlərin bağlı sandığı, «Qara dənizim!»
«Ağrı» adlı şeirdə-yola salınan qatarların arxasınca göz qaralıncaya qədər baxan, səkidə təkcə qalan, doluxsunmuş bir insan. Bu insan bizə tanışdır, özümüz kimi, bədii əsərlərin yüzlərlə obrazı kimi. Amma:
Gedənlərin dalınca
Baxıb göz qaralınca
Şüşə kimi sınıram.
Qatar pəncərəsindən
Atılmış kağız kimi
Arxada çırpınıram -