Bu mövzu iki cəhətdən diqqət və marağımı cəlb etmişdir: birincisi, Axundzadənin ərəb-islam mədəniyyətinə münasibəti sovet ideologiyasının hökm sürdüyü dövrdə heç də həmişə obyektiv şəkildə izah və təqdim edilməmişdir; ikincisi, ərəb-islam mədəniyyətinin mahiyyəti də ya qərəzli, ya da ideoloji basqı səbəbindən düzgün anlaşılmamışdır. Ərəb-islam mədəniyyəti islam dininin zühurundan və yayılmasından sonra ərəblərlə yanaşı bir çox müsəlman xalqlarının fəal iştirakı ilə ərəb dilində yaranmış mədəniyyət olub bütövlükdə bəşər sivilizasiyasının təşəkkülündə böyük rol oynamışdır.
Avropada intibahın yaranmasında bu mədəniyyətin aşkar və hələ üzə çıxarılmamış izləri vardır. Ona görə böyük mütəfəkkirlərin coğrafi baxımdan adlandırılmış Şərq və Qərb mədəniyyəti ilə bağlı baxışlarında hər iki mədəniyyətin səmərəli təsirləri özünü göstərməkdədir. Mirzə Fətəli Axundzadənin görüşlərində və əsərlərində Qərb mədəniyyətinin və maarifçiliyinin təsiri yetərincə öyrənilmişdir. Təəssüf ki, ədibin ərəb-islam mədəniyyəti ilə bağlı görüşləri lazım olduğu şəkildə araşdırılmamışdır. Professor Həmid Məmmədzadə “Mirzə Fətəli Axundov və Şərq” monoqrafiyasında yazıçının İran və Türkiyə əlaqələrini, onun Şərq klassikləri haqqında fikirlərini, ərəb əlifbasını dəyişdirməyə dair həmin ölkələrdə bir çox tanınmış şəxslərlə münasibətləri ilə bağlı məsələləri tədqiq etmişdir. Müəllif Axundzadənin ərəb klassiklərindən yalnız İbn Xəldundan bəhrələnməsi üstündə dayanmış, ərəb-islam mədəniyyəti və Axundzadə mövzusunu tam əhatə etməmişdir.
Biz Mirzə Fətəlinin ərəb-islam mütəfəkkir, ədib və şairləri, ərəb dili, islam dini ilə bağlı bəzi məsələlər haqqında fikirləri, habelə onun publisistik, tənqidi və bədii əsərlərində ərəb-islam mədəniyyəti ilə ilgili məqamları işıqlandırmaq fikrindəyik. Ədibin ərəb dilində yazdığı və nəşr olunmamış əsər və yazıları haqqında məlumatlar da Axundzadəşünaslar üçün böyük maraq kəsb etdiyi üçün bu sahədə yenilikləri də ortaya qoymağa çalışacağıq.
Axundzadənin ərəb-islam aləminə və mədəniyyətinə münasibəti çox vaxt birtərəfli mövqedən şərh edilmişdir. Ədibin islam dininin yarandığı ilk dövrlərdə bu dinin daşıyıcıları olan ərəblərə münasibətini müəyyənləşdirməkdən ötrü “Kəmalüddövlə məktubları”ndakı qeydlər əsas götürülmüşdür. Mirzə Fətəli burada Firdovsinin “Şahnamə”sinə və İbn Xəldunun “Tarix” əsərinə əsaslanaraq ərəblər haqqında söylənmiş fikirləri xatırlamışdır (1, 10-16). Məsələ orasındadır ki, həm Firdovsidə, həm də İbn Xəldunda göstərilən görüşlər artıq IX əsrdə həllini tapmış fikri, ictimai, dini və ədəbi cərəyan olan şuubiyyənin ifrat qolunun təsiri müşahidə edilir. Bu cərəyan artıq VII əsrdə geniş bir ərazini əhatə edən ərəb-islam xəlifəliyində islam dininin fəal müdafiəçiləri kimi, ərəblərlə ərəb olmayan xalqlar arasında bərabərliyə riayət olunması tələbi ilə çıxış edirdilər. Bilindiyi kimi, həmin bərabərliyin əsası islamın prinsiplərində, Qurani-Kərimin müvafiq ayələrində öz əksini tapmışdır. Lakin xəlifəliyin idarə strukturunda və varlanmağa həris olanların hərəkətlərində bərabərlik prinsiplərinin pozulmasına yol verildiyindən ümmətdaxili bərabərliyə qarşı ərəb və ərəb olmayan müsəlmanlar bölgüsündə qeyri-bərabərlik tətbiq edilirdi. Nəticədə islamın göstərilən prinsiplərinin müdafiəsi uğrunda qarşıdurma yarandı ki, bu da şuubiyyə cərəyanının təşəkkülünə səbəb oldu.
Şuubilərin izahatına görə, Quranda (Hucurat surəsi, ayə 13) göstərildiyi kimi, insanlar yaradılışdan bərabər olmuşlar, onlar ictimai inkişafda tayfalar və xalqlar halında mərhələlər keçmişlər. Şuubi mübahisələrində iştirak etmiş ideoloqlar ərəb və qeyri-ərəb münasibətləri haqqında əsərlər yazmış, bu münasibətləri aydınlaşdırmağa çalışmışlar. Onların sırasında qarşı tərəfi tənqid etməkdə ifrata varma hallarına yol verənlər də olmuşlar. Belə təmayülün nümayəndələri təhqiredici sözlərin işlədilməsinə, ümumi səciyyə daşımayan halların qabardılmasına yol vermişlər. Hələ IX əsrdə şuubilərin bu tipli nümayəndələri məşhur filoloqlar Cahiz və İbn Kuteybə tərəfindən tənqid edilmiş, obyektiv və ədalətli olmağın tərəfdarları kimi çıxış etmişlər (8, 49-58). Bir xalqın başqa xalqdan üstün olmağı haqqında yazılmış əsərlərdəki çıxışlara qarşı xalqların bərabərliyi fikri önə çəkilir, “Ərəblərlə əcəmlər arasında bərabərlik”, “Ərəblərlə qeyri-ərəblər arasında mübahisənin həlli” kimi əsərlər yazılır. Şuubi mübahisələri islam dininin yayıldığı böyük ərazidə - İspaniyadan Hind-Çinə qədər VII-XII əsrlərdə davam etmişdir.
Firdovsi “Şahnamə”sində İran şahlarının tarixini şöhrətləndirmək üçün ərəbləri “vəhşi” adlandırmaqda haqlı olduğunu qeyd-şərtsiz qəbul etmək olmaz. İbn Xəldunun “Tarix” əsərinin müqəddiməsində ərəbləri vəhşi adlandırması da ifrat şuubi çıxışlarının təsiri altında olmuşdur. İbn Xəldunun tarix elmi ilə bağlı fikirlərinin əhəmiyyəti elmə məlumdur. Bununla belə klassiklərin öyrənilməsinə tənqidi yanaşmaq da lazımdır. Elə İbn Xəldunun şeirə verdiyi tərifi Mirzə Fətəli Axundzadə özü yarımçıq hesab edir (1, 23). Ədib “elm və fəzilətdə öz əsərində yeganə olan Məğrib fazilini” hədisşünaslığı elm cərgəsinə saldığına görə tənqid etmişdir (10, 116).
Axundzadə təhsilini ərəb dilində almağa başlamış, bu dilin və əlifbanın öyrənilməsilə bağlı çətinliklərlə üzləşmişdir. Bu çətinliklər, hər şeydən əvvəl, Quranın əzbərlənməsi, dilin və yazının ənənəvi tədris üsulundan irəli gəlirdi. Sonralar o, özünün yazdığı kimi mollaxanadan bezib qaçmağa məcbur olmuşdur. Lakin “ağıllı və bilikli adam olan (2, 20) axund Ələsgər müəllimliyin fərdi yanaşma metodundan istifadə edərək kiçik Fətəliyə Quran dili - ərəb dilini təmkinlə öyrətməyə nail olmuşdur. Axundzadə axund Ələsgəri “mində bir adamda tayı-bərabəri tapılmayan müəllim” adlandıraraq yazır: “Axund Ələsgər son dərəcə yumşaqlıq və mehribanlıqla hərfləri mənə başa salıb höccələmək qaydasını da öyrətdi. Beləliklə, az bir müddətdə Quranın hər bir surəsini oxumağa qadir oldum və üç ay ərzində Quranı bitirdim və oxumağa nifrət hissi tamamilə məndən uzaqlaşdı” (2, 20).
Axundzadə ərəb dilini öyrənmiş, bu dildə əsərlər və məktublar yazmışdır. Ərəb dilini öyrənməyə o dərəcədə bağlı olmuşdur ki, hətta öyrəndiyi fars dilində bunun təsiri görünməkdədir. O, farscasında ərəb söz və ifadələrin işlədilməsinə çox yer vermişdir. Böyük ədib bunu etiraf edərək 1870-ci ildə Fətəli şah Qacarın oğlu Cəlaləddin Mirzəyə yazdığı məktubunda qeyd edir: “Təəssüf edirəm ki, mən məktublarımı sizin kimi ərəb kəlmələrinin qarışığı olmadan xalis fars dilində yaza bilmirəm. Çünki uşaqlıqda fars dilini belə öyrənmişəm. İndi isə bu adəti tərk etmək mənim üçün çox çətindir” (2, 129).
Ədib ərəb dilində sözlərin çoxmənalılığına ayrıca diqqət yetirmişdir. Bu məsələ haqqında fikirlərini həm ədəbi-tənqidi mülahizələrində irəli sürmüş, həm də bədii yaradıcılığında yazıçı təxəyyülünün ifadəsində təqdim etmişdir. Çox vaxt mütəfəkkir ərəb sözlərindən bəhs etdikdə onların yarandığı ilkin samit hərfləri, feli və ismi məsdərləri göstərməyi lazım bilir. Çünki bu göstəriş sözün mənasını aydınlaşdırmağa çox kömək edir. Bu baxımdan “zalım” və “fəna” sözləri haqqında onun qeydləri maraqlıdır. Axundzadənin “fəna” sözü haqqında arxivində saxlanılan kiçik bir yazı diqqəti çəkir (Axundzadə, şəxsi arxiv, saxlanma vahidi 118). “Tərcümeye rusi fəna” (“Fəna”nın rusca tərcüməsi) adlanan bu məqalə 3 səhifədən ibarət olub rus dilində yazılmışdır. Ədib burada sözün mənalarını göstərməklə, özünün yazdığı kimi, “təriqət ardıcıllarının dilindəki” mənanı açmağı qarşısına məqsəd qoymuşdur.
M.F.Axundzadə 1871-ci ildə yazdığı “Kritika”. Yüksək İranın “Millət” qəzeti münşisinə” adlı məqalədə “Şəmsuş şüəra” adlı bir şairdən bəhs edir və onun ləqəbinin mənasına söykənərək öz fikirlərini bildirir. Ərəbcə mənası “Günəşlər günəşi”, yəni “Şairlər günəşi” və ya “Ən böyük şair” olan ləqəblə bağlı izahatda ədib həmin şairin nəsəbinə də toxunur, çünki şair öz nəsəbini “Nəcm sani”yə bağlayır (ərəbcə “İkinci ulduz” deməkdir). Beləliklə, “Millət” qəzetində nəşr olunan şairin “Günəşlər günəşi” ləqəbini “İkinci ulduz” nəsəbilə müqayisə edir. Şəxs üçün nəsəbin ləqəbdən üstünlüyünə əsaslanmaqla (nəsəb insanın əsli, nəslini göstərir, ləqəb isə sonradan götürülmədir) Axundzadə astronomik biliklərdən və ərəb mənşəli sözlərin mənalarından çıxış edərək günəşin (Şəms) ulduzdan işıq əxz etməsinin mümkünsüzlüyünü sübut edir. Eyni zamanda həmin istedadsız şairi “işığı və ziyası olmayan bir günəşə” bərabər tutur və ərəb dilində işlənən deyimlə müqayisə edir: “misləl-əruzi ləha bəhrun bila main”. Bu ifadəni Azərbaycan dilinə tərcümə etmək üçün ərəb sözü “əruz” “ərud”un çoxmənalılığını nəzərə almaq lazımdır: 1) bulud, 2) dağlar arasında yol, 3) hər hansı bir şeydən çoxlu miqdar, 4) Məkkə, Mədinə və onların ətrafında olan yerlər, 5) yaxşı məzmunlu danışıq, söz ifadəsi, 6) çətin yer, keçməyə maneələr göstərilən yer, 7) vəzn növü.
Mirzə Fətəli göstərilən ifadəni tərcümə etmir, yalnız qeydini göstərir: “yəni, günəş nuruna istiarə hünəri yoxdur” (1, 159). Axundzadənin əsərlərinin nəşrinə yazılmış izahatda tərcümə belədir: “əruz kimi bəhri varsa da suyu yoxdur” (II, s. 295). Fikrimizcə, ədibin müqayisə və mülahizələri ifadədəki “əruzun” vəzn mənasına uyğun gəlmir. Sözün göstərilən dördüncü və altıncı mənası burada daha münasib görünür: “susuz dənizi olan bir yer kimi”.
Böyük ədib ərəb sözlərinin çoxmənalılığı və klassik Şərq poetika elminin, xüsusilə məaninin məziyyətlərindən istifadə etməklə bədii yaradıcılığında bir sıra söz və ifadə gözəllikləri yaratmışdır. Bunu mütəfəkkirin şeirlərində və təmsilatında müşahidə etmək mümkündür. “Molla İbrahimxəlil kimyagər” pyesində fırıldağın qurbanı olan avam cahil nuxuluların vəziyyətinə acıyır. Əsərdə göstərilir ki, insanların hər biri böyük bir ümidlə Molla İbrahimxəlilin yanına gəlir və tezliklə varlanıb xoşbəxt olmalarını gözləyirlər.
Fırıldaqçı Molla isə onları bədbəxt və yüngülbeyin sayır. Beləliklə, xoşbəxt, yüngülbeyin və bədbəxt sözlərinin mənasını ifadə edən bir leksik vahid ədibin bədii sənət axtarışında öz yerini tapır. Bu, “meymun” sözüdür. Kimyagər İbrahimxəlil nuxululara yüngülbeyin bədbəxtlər kimi baxır və onların xoşbəxt olmalarından uzaq düşdüklərini düşünür. Bu vəziyyəti təqdim etmək üçün müəllif elə bir sözdən istifadə edir ki, bu söz iki mənalıdır: meymun. Azərbaycan dilində yüngülbeyin heyvan kimi baxılan meymun və ərəb dilində “xoşbəxt” mənasını verən meymun. Sözün ikinci mənası əsərdə təsvir edilən vəziyyətdə həmin insanlardan uzaq olduğu üçün Molla İbrahimxəlil tələb edir ki, “meymun” sözünü, yəni xoşbəxt olmağı yadlarına salmasınlar. Vəziyyətə uyğun olaraq sözün belə işlədilməsi klassik ərəb poetika sisteminə xasdır. Bunu Axundzadənin poetik yaradıcılığında daha qabarıq şəkildə görmək mümkündür.
Ədib klassik ədəbiyyatda işlədilən təlmih, işarə və təzmin vasitəsilə Quran ayələrinə müraciət edir. Məsələn, “Molla Əli” adlı həcvində mollaya tənqidi münasibətini bildirərək yazır:
Molla Əli, sənə olsun mübarək,
Şairliyin “qul niyə təbarək”,
“Ya əyyuhəl-muzəmilul-muddəsir”
Qənim olsun sənə bəndeyi-kafir.
Sönsən bu gün kəffarətul-kafirin,
Unudub “va ileyhi turcəun” (1a, 257).
Göründüyü kimi, altı misralıq şeir parçasında üç dəfə Qurana müraciət edilmiş, mollanın bəd əməllərini göstərmək üçün Quran bəlağətinin müvafiq sözləri dəlil gətirilmişdir. Ümumiyyətlə, Axundzadə islam dini ilə bağlı fikirlərin ifadəsində yeri gəldikcə Quran və hədis göstərişlərinə söykənir, Quran ayəsini “əziz ayə” deyə təqdim edir (1, 167).
Mirzə Fətəli yeni elmi, ədəbi istilah olaraq Avropa dillərindən alınma sözlərdən istifadə etdiyi kimi (teatr, kritika, literatura, poeziya), ərəb mənşəli söz və ifadələrdən də yararlanmışdır. Ədib poeziyanın tərifini verərkən yazır: “Poeziya ibarətdir o növ inşadan ki, şamil ola bir şəxsin, ya bir tayfanın əhvalatının və əxlaqının kəma hüvə haqqühü bəyanına və ya bir mətləbin kəma hüvə haqqühü şərhinə və ya aləmi-təbiət övzaının kəma hüvə haqqühü vəsfinə nəzm ilə fövqəlğayə covdət və təsirdə” (1, 17). Hərfi mənada “olduğu kimi” başa düşülən “kəma hüvə haqqühü” realizm anlayışını bildirir.
Bununla belə, ədib Azərbaycan dilində ərəb və fars söz və tərkiblərinin geniş şəkildə işlədilməsinin tərəfdarı olmamışdır. “Xitab bər katib” adlı məqalədə Azərbaycan türkcəsində işlədilən sözlərin imlası və orfoqrafiyası məsələsindən bəhs edərkən yazır: “... əgər təkəllümdə məzkur olunan əlfaz istilahi xass və ammdə və istemali-alim və cahildə müştərək oldu, imlası hini-kitabətdə sövti-mütəkəllimə mütabiq yazılsa evladır” (1, 137).
Müəllif daha sonra komediyalarında rast gəlinən və təklif etdiyi qaydalar əsasında yazılan bir neçə misal göstərir: adəm - adam, tuxm - toxum, cift - cüt, muqəyyəd - muğayat, övrət - arvad, qaidə - qayda.
Mirzə Fətəli ərəb dilini öyrənməyi gimnaziya təhsili almış və fransız dilini çox yaxşı bilən oğlu Rəşidə də tövsiyə etmişdir. O, 1871-ci ildə Təbrizin naibul-vəzarəti (nazir müavini) Mirzə Yusif xana ünvanladığı məktubunda bu barədə yazır: “Oğlum Rəşid əlinizdən öpür, gimnaziyanı bitirmişdir. İndi evdə ərəb və fars dillərini öyrənməklə məşğuldur (2, 197).
Ədib Tiflisdə rus canişinliyi idarəsində mütərcimlik vəzifəsində çalışan məsul bir işçi olaraq ərəb, fars, rus, Azərbaycan türkcəsi və osmanlı türkcəsində xidməti işlərini yerinə yetirirdi. Onun arxivində ərəbcə yazılmış sənədlər və şəxsi məktublar saxlanılır. 117 saylı sənəddə göstərildiyi kimi, Axundzadəni “əs-sədiq əl-həbib” (istəkli dost) adlandıran Qroznı şəhərində məktəb müəllimi Yunqalbay ona ərəbcə yazılmış məktubla müraciət etmişdir. Məktubda bildirilir ki, Ardanov Simon adlı bir şəxs ödəməli olduğu 1000 manatın vaxtı çatdığını bildirir və bu məbləğin verilməsi üçün vaxt istənilərsə girov, yaxud zaminlə 6 ilə qədər müddət uzadılmaq üçün Mirzə Fətəliyə ixtiyar verilir.
Axundzadənin ərəb dilində yazışdığı şəxslərdən biri Məhəmməd Əmindir. 229 saylı inventarda saxlanılan sənəd Mirzə Fətəlinin ona yazdığı məktubdur. Müəllif ərəb ədəbi dilinin qaydalarını ciddi surətdə gözləmiş, bir neçə yerdə uzlaşma və şəxs hallarını yenidən dəqiqləşdirməklə düzəlişlər etmişdir. Məktubun məzmunu belədir: “Məhəmməd Əmin, məktubunuzu oxuduqdan sonra Peterburqa getməyinizlə bağlı hadisələrdən xəbərim oldu. Hər şeydən əvvəl imperator həzrətləri tərəfindən sizə və yoldaşlarınıza göstərilən qayğıya görə sizi alqışlayıram. Bilin ki, səfərinizin sağ-salamat qurtarmağına çox sevinirəm. Dostluq etdiyin Samuil ilə görüşmək imkanı tapa bilsən əhvalınız lap yaxşı olacaq və sevinəcəksiniz.
Sonra isə atamız haqqında mənə çatdırmaq istədiyiniz xəbərləri münasib vaxtda dinləməyə hazıram. İndi isə sizinlə görüşə bilmərəm, çünki mən Tiflisdən Barjoma kükürd sularına gedirəm və yayın axırına qədər orada olacağam”.
Buradan anlaşılır ki, Axundzadə ərəb ziyalıları ilə əlaqə saxlamışdır. Məhəmməd Əminin kimliyi bizə məlum deyil. Mirzə Fətəli onun atasını yaxşı tanıdığı və Rusiyaya səfərin baş tutmasında ona yardımçı olduğu görünməkdədir.
M.F.Axundzadənin tərcüməçilik fəaliyyətindən bəhs edən fil.e.d. Zaman Əsgərli ədibin ərəb dilindən rus dilinə tərcümələr etdiyini göstərir (5). Tərcümə üçün təqdim edilmiş kitablardan XIII-XIV əsrlərdə yazılmış ictimai qanun-qaydalardan, əxlaq normalarından bəhs edən “Cəbə” adlı kitab və “Şəraiul-islam” (“İslam qanunları”) məcmuəsi vardır. İkinci kitabın tərcüməsində böyük çətinliklərlə qarşılaşmış və qeyd etmişdir ki, kitabda mürəkkəb dini istilahlara yer verildiyi üçün din alimi tərəfindən əvvəlcə asan anlaşılan fars dilinə tərcümə edildikdən sonra rus dilinə çevirə bilər. Bu etirafdan aydın olur ki, ədib fars dilini daha mükəmməl bilmiş və məlum həqiqəti - ərəb dilinin çətinliyini göstərmişdir. Böyük mütəfəkkir dünya elmi və mədəniyyətinin uğurları ilə tanış olmaq üçün islam xalqları tərəfindən akademiya tipli “elm evi”nin yaradılmasını tövsiyə edir, Avropa elmləri və sənətlərinə dair kitabların ərəb, türk və fars dillərinə tərcümə etməyi lazım bilir (5).
Göründüyü kimi, Axundzadə doğma türk dili ilə yanaşı əsərlərin tərcüməsinin ərəb və fars dilinə edilməyinin də qayğısına qalır. Göstərmək lazımdır ki, Axundzadənin irəli sürdüyü bu təşəbbüs yeni deyildi. IX əsrdə ərəb-islam xəlifəliyinin əlaqələri genişləndikdə alim və ədiblərin böyük hamisi xəlifə Əl-Məmun (813-833) Bağdadda “Darul-hikmə” (“Hikmət evi”) adlı tərcümə evi və ya akademiya təsis etmişdir. Bu akademiyanın zəngin fondlarında yunan, siryani, orta fars, sanskrit və ərəb dillərində nadir kitablar toplanmışdı (6, 180). Orada dövrün məşhur tərcüməçiləri Səhl ibn Harun, Yuhənna ibn Masaveyh, İbn Navbəxt, İbn əl-Batrik, İllan əş-Şuubi kimi tərcüməçilər və alimlər fəaliyyət göstərmişlər. Şübhəsiz, M.F.Axundzadə bu tarixi, elmi və mədəni hadisəni yaxşı bilmişdir. O, belə bir fəaliyyəti öz dövründə, öz mühitində görmək istəyirdi.
Mirzə Fətəli ərəb və fars dillərində zəngin ədəbiyyat mütaliə etdiyi kimi, bu dillərdə əsərlər də yazmışdır. Ədibin ərəb və islam aləmi haqqında biliklərə yaxşı yiyələndiyi onun əsərlərində görünməkdədir. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan M.F.Axundzadənin şəxsi arxivində ərəb dilində yazdığı hekayə, məktub və sənədlər vardır. İndiyədək ədibin əsərlərinə düşməyən bir hekayəni biz Azərbaycan dilinə çevirdik və “Ədəbiyyat qəzeti” hekayə ilə oxucuları artıq tanış etmişdir (3).
Hekayədə islam dinində şafii məzhəbinin banisi Məhəmməd ibn İdris əş-Şafiinin həyatı ilə bağlı olub insani münasibətlə, zahiri gözəllik və ağıllı davranışın nəticələrini göstərir. Şafii 767-820-ci illərdə ömür sürmüşdür. O, Misirdə doğulmuş, bir müddət Məkkədə və Bağdadda yaşamışdır. Şafii islam fiqh elmi ilə bağlı əsərlərin müəllifidir.
Əhvalatın didaktik məzmunu ədibin diqqətini çəkmişdir. Mirzə Fətəli bu hekayəni 1385 hicri ilinin ramazan ayının 10-da Tiflisdə Türkiyə konsulunun evində qonaq olan Məkkədən gəlmiş Suleyman adlı bir ərəbdən eşitmişdir. Təsvir edilən əhvalatın əsas ideyası ondan ibarətdir ki, insanın ağlı, ədəbi və elmi zahiri gözəlliyi ilə bağlı deyil. Hekayə belə bir qeyd ilə bitir: “Hekayəni Suleymanın təqdimi ilə mayor Mirzə Fətəli Axundzadə yazdı. Qoy bu hekayə görüb-götürmək istəyən insanlar üçün bir yaddaş olsun. Onlar bilsinlər ki, insanın ləyaqəti əsil-nəsəbi və gözəlliklə deyil, elm və kamalla ölçülür”.
M.F.Axundzadə hər şeydən əvvəl, məşhur şəxsiyyətin həyatından xəbər-əhvalata laqeyd qalmamışdır. O, maarifçiliyini, didaktikasını təqdim etməklə yanaşı xəbərin bədii donda verilməsini münasib bilmişdir. Maraqlıdır ki, göstərilən qeydin sonundakı “insanın ləyaqəti əsil-nəsəb və gözəlliklə deyil, elm və kamalla ölçülür” fikri Əli ibn Talibin məşhur şeirindən iqtibas edilmişdir:
“Gözəllik səni bəzəyən paltarlarda deyil; əsil gözəllik elm və tərbiyə gözəlidir.
Yetim o adam deyil ki, atası ölmüşdür; yetim o şəxsdir ki, ağıl və şərəfdən məhrumdur” (4, 21).
Axundzadənin ərəb-islam dühalarına müraciəti və bu mədəniyyətdən bəhrələnməsi axundzadəşünaslar tərəfindən yetərincə dəyərləndirilməmişdir. Prof. Həmid Məmmədzadə ədibin yalnız İbn Xəldunun “Muqəddimə” əsərindən bəhrələndiyini göstərmişdir. Lakin sovet dövrünün ideoloji təsiri onun bu işdə daha geniş və sərbəst fikir söyləməsinə imkan verməmişdilər. Böyük mütəfəkkir həm cəhalətin doğurduğu geriliyi ifşa etmiş, həm də elmi təfəkkürün və bədii sənətin təqdimində Şərq klassiklərinin irsinə yeri gəldikcə müraciət etmiş, onların fikirlərinə əsaslanmışdır. Həmin ədib və alimlərin sırasında İbn Xəldun, Təbəri, Qəzali, Şəhristani, Katib Cələbi, əl-Kindi, əl-Məərri, Firdovsi, Fəxrəddin Razi, İbn Muqlə, Qəzvini, Firuzabadi, Covhəri və başqalarının adını çəkmək olar.
Bir sıra məqalələrində tənqdiçi kimi çıxış edən ədib şair Süruşun düşüncəsindəki yalançı məddahlıq və məddahlığın qiymətləndirilməsi məsələsindən bəhs etdikdə “Həbibus-siyər”ə əsaslanaraq ərəb şairi Əşəs bin Qeys əl-Kindinin (VII) həyatı ilə bağlı bir əhvalatı xatırladır: ərəb şairi məşhur islam sərkərdəsi Xalid ibn əl-Vəlidi mədh etdiyinə görə böyük məbləğdə pul almışdır. Mədhdə mübaliğə və şişirtməyə yol verildiyi kimi əvəzində verilmiş məbləğdə də ifratçılıq olmuşdur. Həmin dövrdə bu məsələ xəlifə Ömərin diqqətini çəkmiş və xəlifə bunun böyük bir ifratçılıq olduğunu bildirməklə Xalidi məzəmmət etmişdir (1, 168-169).
Bilindiyi kimi, “Nəhcul-bəlağə”nin müəllifi imam Əli ibn Əbi Talib şairlik istedadına malik olmuş və onun dini məzmunlu və didaktik şeirləri sonralar ayrıca “Divan”da toplanmışdır. Həmin “Divan”a ona aid olmayan şeirlər də salınmışdır. Axundzadə də bunu bildiyindən “Kəmalüddövlə məktubları”nda kimya elmi ilə bağlı yazdığı qeydində dərvişlər tərəfindən imam Əliyə mənsub edilən iki beyti şərh etmiş və təkzib haqqında fikrini əsaslandırmışdır: “Pəs dəlili-əqli ilə mubərhən olur ki, bu dörd misra imamın qövli deyil” (1, 64).
Mütəfəkkir əlifba islahatı məsələsində ərəb-islam tarixi boyunca İbn Xəlduna istinadlar etdiyi kimi Abbasi xəlifələrinin vəziri Məhəmməd ibn Muqlənin (886-941) Kufi xəttindən nəsx xəttinə keçməyin təşəbbüsçüsü olduğunu ortaya gətirir, onu təqdir etməklə yanaşı nöqsanlarını da göstərir (2, 186-234).
Axundzadənin əsərlərində ərəb-islam ədəbiyyatına aid istinadların çox hissəsi islam dininə münasibətlə bağlıdır. O, maarifçilik görüşlərində dini fanatizmi qəbul etmir və fanatiklərə tənqidi münasibətini bildirir. Bu əsas vermir ki, biz Mirzə Fətəlini ateist bir materialist kimi təqdim edək. Ədib çox vaxt mülahizələrində Qurana və hədislərə istinad etməklə görüşlərini əsaslandırır. O, Allahın varlığını qəbul edən bir müsəlman kimi “Nəzm və nəsr haqqında” məqaləsində yazır: “Şeir əlahiddə bir bəxşi-ilahidir və maddeyi-qabiliyyəti-şair xudadadədir”, yəni şeir Allahın verdiyi bir vergidir və şairin bacarıq dərəcəsi də Allah tərəfindən verilir. Daha sonra qeyd edir ki, təhsil və tərbiyə yalnız həmin qabiliyyətin dərinləşdirilməsinə və şeirin daha da qüvvətli yazılmasına kömək edir. “Kəmalüddövlə məktubları”ndakı Kəmalüddövlənin “kulli ədyanı puç və əfsanə hesab edirəm” qərarı ilə yanaşı belə bir qeydi vardır: “yenə dini-islam şair ədyandan bərgüzidədir (bəyənilmiş) və mənim məqbulumdur” (1, 16).
Müsəlman və qeyri-müsəlman münasibətlərinə toxunan Axundzadə “Millət” qəzetindəki dar düşüncəli bir müsəlman müəllifiin qeyri-müsəlmanları - avropalıları “həşərat” adlandırmasına qarşı hiddətlənir və cavabını Quranın “İsra” surəsinin 70-ci ayəsi ilə möhkəmləndirir: “Biz Adəm övladını şərəfli və hörmətli etdik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə mindirib) sahib etdik, özlərinə təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik”.
M.F.Axundzadə bir çox hallarda Quranın şərhçisi kimi çıxış edir. O, öz fikirlərini əsaslandırmaq üçün islamın ən dəyərli abidəsinə müraciət edir. Şərh və təfsir ədəbiyyatından məlum olduğu kimi, şərhçilər və təfsir yazanların qənaətləri olduğu kimi qəbul edilməyə də bilər, çünki onlar ayələri özlərinin anladığı dərəcədə izah etməyə çalışırlar. Bu səbəbdən Quranın yeni-yeni və çoxlu sayda şərh və təfsirləri meydana gəlmişdir. Bu baxımdan Mirzə Fətəlinin ayələrlə bağlı izahlarına da tənqidi yanaşılmağa əsas var. Məsələn, “Molla Ələkbərlə mübahisə” adlı məqalədə təsəvvüf alimi Əbu Hamid Qəzalinin “İhya ulumid-din” (“Din elmlərinin dirçəldilməsi”) əsərindən belə bir istinad verir: “İxlas bəndənin ibadət vaxtında bütün həzz və arzuları unutmasından ibarətdir” (1, 203). Sonra isə müəllif (Axundzadə) qeyd edir ki, Qəzalinin fikri Fatihə surəsindəki “Bizi əlindən qəzəbləndiyin azmış adamların yolu ilə deyil, düz yol ilə, nemətini gözlədiyin adamların yolu ilə apar” ayəsinin mənasına ziddir. Biz burada ziddiyyətin olmadığını göstərmək istəyirik. Əvvəla, ayənin dəqiq tərcüməsi belədir: “Bizi doğru yola yönəlt. Nemət verdiyin kəslərin yoluna. Qəzəbə düçar olanların və (düz yoldan) azanların yoluna yox!”.
Ayədə “ənəmtə” (“nemət verdiyin”) ifadəsi ruzi, yemək-içmək yox, haqq dini olan islam dini və nazil olunmuş Quran nəzərdə tutulur. İkinci məqam “qəzəbə düçar olanlar”la bağlıdır. Onlar kitab əhli (Tövrat və İncil) olan yəhudilər və xristianlardan ibarətdir. Üçüncü məqam “azanlar”a aiddir. Onlar macus, bütpərəstləri çevrəsinə alır. Axundzadə isə “ayədəki məqsədin şəxsi mənfəəti güdmək və zərəri özündən dəf etməyi istəmək” olduğunu yazır.
Qəzalinin təsəvvüf fəlsəfəsinə gətirdiyi yeniliklərdən biri məhz onun yuxarıdakı fikrində ifadə olunmuşdur. Alim izah edir ki, Allaha sədaqətlə ibadət vaxtı insanın qəlbində özünə yer tapmalı, könlündə Allaha sevgidən başqa digər istəklərə, həzz, tamah və şəhvətə yer olmamalıdır.
Axundzadənin ərəb-islam mədəniyyətinə münasibəti haqqında görkəmli alimlərin fikirlərində bəhs etdiyimiz məsələlərlə bağlı maraqlı qeydlər də vardır. F.Köçərli “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabında yazır: “Mirzə Fətəli Axundov, demək olar ki, müsəlmanların əvvəlinci reformatoru olubdur. Müsəlman məişətinin köhnə və çürümüş əsaslarını pozan və islam tərəqqisinə mane olan üsul və qəvaidin təğyir və təbdili yolunda ən əvvəl sərfi-hümmət edən bu zati-ali olubdur” (7, 477).
Əziz Şərif və Mirzə İbrahimov Axundzadənin görüşlərində Şərq və Qərb təsirlərinin, islam qaynaqlarının müsbət rolunu nəzərə almağı tövsiyə etmişlər. Ə.Şərifə görə, “...Yaxın Şərq xalqlarının həyatını dərindən bilmək, islam, şəriət qanunları ilə tanışlıq, ərəb və fars dillərini, Şərq tarixi və ədəbiyyatını bilmək ona Şərqdə... ictimai-siyasi quruluşun xəstə cəhətlərini görməyə kömək etmişdir” (11, 7). M.F.Axundzadənin Şərq ədəbiyyatı ilə əlaqələrini tədqiq etmiş prof. H.Məmmədzadənin obyektiv qənaətləri daha əhəmiyyətlidir: “M.F.Axundzadə “hər şeydən əvvəl, istər Şərq və istərsə də Qərb xalqlarının mədəniyyətini böyük məhəbbətlə öyrənmişdi, onların həm ümumi, həm də spesifik cəhətlərinə aşina idi” (10, 45).
M.F.Axundzadə irsinin öyrənilməsi əsasən sovet dövründə həyata keçdiyinə görə mütəfəkkirin ərəb-islam mədəniyyətilə bağlı fikirləri daha çox ideoloji mənfəət yönümündən istifadə edilmişdir. Nəticədə, göründüyü kimi, ədibin bu istiqamətdə baxışlarına bir çox hallarda obyektiv şəkildə yanaşılmamışdır. Dövrümüzdə mütəfəkkirin fəlsəfi, estetik və dini görüşləri heç bir ideoloji təpgi olmadan tədqiq edilməli, ərəb-islam mədəniyyəti ilə bağlı baxışları əsaslı və geniş şəkildə öyrənilməlidir.
Ədəbiyyat
1. Axundov M.F. Əsərləri, II c., Bakı, 1951.
2. Axundov M.F. Əsərləri, I c., Bakı, 1987.
3. Axundov M.F. Əsərləri, III c., Bakı, 1955.
4. Axundzadə M.F. Hekayə. Ədəbiyyat qəzeti. 23.06.2012.
5. Əli ibn Əbi talib. Divan. Ərəb dilindən tərcümə İ.Həmidov və M.Bagirinindir. Bakı, 2001
6. Əsgərli Z. Axundzadənin tərcüməçilik fəaliyyəti. Ədəbiyyat qəzeti, 28.04.2012.
7. İbn ən-Nədim. Kitab əl-fihrist. Qahirə (tarixsiz), ərəb dilində.
8. Qamidov İ. İbn Kutayba Dinavari. Baku, 1998.
9. Qurani-Kərim.
10. Məmmədzadə H. Mirzə Fətəli Axundov və Şərq. Bakı, 1971.
11. Şarif Aziz. Mirza Fatali Axundov. İzbrannoe, Moskva, 1956.