Rza şah Pəhləvinin dövründə Güney Azərbaycanda davamlı şəkildə yasaqlara məruz qalan Azərbaycan milli musiqi alətləri - saz və tar İran İslam İnqilabından sonra daha qəti qadağalara məruz qalır. 1987-ci ildə isə yeni İran hökumətinin səlahiyyətli din xadimlərinin əsrlərdən bəri xalqın çalğı alətləri olmuş saz və tarın “Şeytan əməlidir, müsəlmana haram buyrulub!” bəhanəsilə toplanmasına və tonqallarda yandırılmasına fitva verilir. Bütün bunların canlı şahidi olan Manuçöhr Əzizi Haray da atəşlərdə yandırılıb külü göyə sovrulan saz və tarları şəxsləndirmək, başına gələnləri indiki və gələcək nəsillərə çatdırmaq məqsədilə “Yandırılan sazlar” adlı alleqorik poema yazır və Güney Azərbaycan türklərinin yeni milli dərdini-müsibətini, qədim mədəniyyətinə qarşı amansız terror əməlini ədəbi müstəviyə gətirərək ictimailəşdirir. “Sındırılmış sazlar” poemasında simvolik obrazların - doqquz ədəd tar və sazın dili ilə şair həm xalqın onunla bir yaranıb qoşa yol gələn milli musiqi alətlərini küfr sayaraq məhv edən rejimin cahilliyini, çürük fəlsəfəsini, həm də bir xalqın digərinə qarşı haqsız davranışını, ən adi insanlıq haqqını belə tapdalayıb keçməsini, milli hüquqlarını pozmasını, kədərini yeni, modern üslublu əsərində kəskin bir dillə tənqid edir:
Yoxdur bizim sərhədimiz, sınırımız.
Fəlsəfədən də çox qabaq, yaşamışıq insanılan.
İnsanılan bir gəlmişik, həyata biz.
ondan sonra zaman keçir,
insanların duyğuları cilalanır, gınalanır,
fəlsəfələr düşür işə,
fəlsəfə də uzun zaman dinlər ilə qınalanır,
lakin həyat dayanmadan,
insanların düşüncəsi usanmadan,
hər an belə bir yenilik axtararaq
tapır elmin fəlsəfəsin.
Ondan sonra taxtalanır köhnəliyin qap-bacası.(1, s.211).
Böyük Səməd Vurğun İran irticaçılarının hələ 1930-cu illərdə Güney Azərbaycanda Azərbaycan türkcəsində olan kitabları yandırdıqlarından hiddətlənə-rək 20 yanvar 1947-ci ildə “Yandırılan kitablar” adlı bir şeir yazır və vətəndaş şair bu hökmü imzalayanları da, hökmün icraçılarını da cəllad adlandırır. Qoca Təbrizin baş meydanında qurulmuş tonqallarda qalaq-qalaq yandırılan, min kamalın şöhrəti, min ürəyin arzusu tək göyərən və gələcək nəsillərə yadigar qalan, yandıqca alovlarının şölə çəkib zülmətə şəfəq salan türkün abidə kitablarını məhv edənlərin cəzasının bir gün bu xalqın qəhrəman övladlarının verəcəyini hayqırmışdı:
Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar, De! Onları heç duydumu sənin o daş ürəyin? Hər gəraylı pərdəsində min ananın qəlbi var... Hər şikəstən ovladıdır bir müqəddəs diləyin, De! onları heç duydumu sənin o daş ürəyin? Söylə! sənmi xor baxırsan mənim şeir dilimə? Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli. Sənmi “Türk-e xər” deyirsən ulusuma, elimə? Dahilərə süd vermişdir Azərbaycan gözəli... Qoca şərqin şöhrətidir Füzulinin qəzəli.(2).
İri həcmli "Yandırılan kitablar" əsərində S.Vurğun vətən tarixinin alt qat-larına varırvə bu torpağın qəhrəmanlar diyarı olduğunu bildirir, hətta anamız Tom-risi də xatırlayır” (3).
İnsana elə gəlir ki, Mənuçöhr Əzizi Haray “Yandırılan sazlar” poemasını 30-40 il sonra, 1980-ci illərdə Səməd Vurğunun məhz bu şeirindən və ölməz Müşfiqin “Yandırılan saz” poemasından iqtibas edərək qələmə almışdır. Şübhəsiz, bu addı-mın atılmasının dərin kökləri vardır. Axı, “Tarım mənim”, “Səbanın tarı”, “Unudulmuş saz”, “Suzi-saz”, “Qəmli ney”, “Saz və yanğı”, “Tacbəxşin kamanı”, “Yanıqlı saz” və s. qəzəllərində ustadı Şəhriyar da tar, saz və ney kimi musiqi alətlərini xalq mənəviyyatının, milli xüsusiyyətlərin daşıyıcısı sayırdı. “Çaldığın sazda ötən mən yazığın naləsidir” deyən şair saz və tara insanın ürək yanğısının, dərdlərinin tərcümanı, məlhəmi kimi dəyər verir, dədə-babalarımızın günümüzədək qoruyub saxladığı bu qədim alətləri Azərbaycan milli mentalitetinin, milli varlığının təzahürü sayırdı (4).
Əlbəttə, tarix geri qayıtmır, sadəcə zaman-zaman təkrar olunur və tarixi həqiqətlər yaşayır, zaman keçdikcə yarandığı dövrün tərcümanına çevrilir. Mənuçöhr Əzizi Harayın İslam inqilabından bir neçə il sonra “Yandırılan sazlar” və “Tarçı Şulan” poemalarını yazması da 1980-ci illərdə İranın mürtəce din xadimləri tərəfindən Güney Azərbaycanda milli musiqi alətlərinin qadağan olunmasına, Səməd Vurğunun, Mikayıl Müşfiqin, Şəhriyarın səsinə səs verməsi, musiqi alətlərinin, xalqın qədim mədəniyyət nişanələrinin məhv edilməsinə, təbiətin, ana qəlbinin qul doğmadığı insanın başqa, yaranışdan bərabər, lakin mövqecə fərqli olan insan tərəfindən hüquqlarını əlindən almasına, haqqını tapdalamasına, onu qula, köləyə çevirməsinə, bu da azmış kimi, mənən və cismən məhv etməsinə qarşı kəskin etirazı, harayı, fəryadı idi. Haray qələmdaşı Hüseyn Cavid kimi düşünür (İştə çirkinlik öylə bir illət; Ki, dəmadəm qazandırır nifrət. (5) qaranlığa məhkum olan köhnə beyinli, cahil adamları minbir illət məhsulu sayır, əməllərini isə faciə kimi dəyərləndirirdi:
Qaranlığa məhkum olan, köhnə beyin adamlardan,
Nə ummuşam, nə küsmüşəm!
Bu məntiqə inanmışam:
Hər bir illət bir məluldan asılıdır.
Camiədə hər bir yeniş, hər bir yoxuş,
Şəraitdən, illətlərdən asılıdır.
Qaranlığa məhkum olan,
Köhnə beyin adamlar da minbir illət məhsuludur.
Lakin bu bir faciədir.
Illər boyu dustaq çəkən,
sürgün düşən ziyalılar fəlsəfəsin tanıtdıran,
rədd eliyən mürtəceni, illər boyu milyon-milyon,
zülmə dözən insanlara, zülmlərdən, zülmətlərdən,
xilas edən bir xilaskar tanıtdırır.
Dərin sükut çökür ora.
Şair yalançı mədəniyyət dəllallarını qınayır. Onların mənfur əməllərini pisləyir, mövcud duruma ironiya edərək bildirir ki, sanki insanın-Güney xalqının tarixən bəstələdiyi minlərlə oyun havaları, onlarla muğam guşələri-dəsgahlar, xalq mahnıları, aşıq musiqiləri bu dünyada heç bir vaxt çalınmayıb, oxunmayıb da.. Haqlı suallar qarşısında iddiaçıların məhkəmə salonunda susması, bu susma nəticəsində yaranmış dərin, lal sükut düşündürücüdür:
Bu mənalı dərin sükut sanki xəbər verir bizə,
bundan sonra illər boyu, mürtəcenin zil qaranlıq,
gecəsindən gündüzündən.
İllər boyu, səs-sədasız, musiqisiz, hərəkətsiz bir aləmi,
duyuram mən bu sükutda.
Nə dəhşətli, nə vəhşətli bir aləmdir.
Hərəkətsiz, musiqisiz bir yaşayış.
İstəyirəm haray salam,
ay iddia sahıpları, ay yaramaz mürtəce,
millət üçün, yaraşdıran ziyalılar,
ay mədəniyyət daşını döşlərinə döyəcləyən, hardasınız? (1, s.235)
Ancaq soydaşlarının cəhalət yuxusundan ayılaraq əkdiyi azadlıq ağacının çiçək açdığını görəcəyinə, sabit, əbədi günəşin doğmasına nail olacağına, bütün qaranlıqların aydınlanacağına əminliyini gizlətməyən Haray inanır ki, yandırılıb şəhid olmuş sazların xalqın gələcək davamçıları, uşaqlar mütləq “Zəfər marşı”, “Sülh-ü Zəfər” çalacaqlar:
Yavaş-yavaş azadlığın ağacları qönçələnir.
Təbiəti gözəllənir,
Şəhid olan sazlarımın uşaqları, çalır bizə.
"Sülh-ü Zəfər" mahnıları!
Şair tarın dililə deyir ki:
“-Arxayın ol, hakim ağa!
Taxta tabaq yanmağınan, susmuyacaġ haqlı səda!
Susmayacaq insanların duyğuları! Susmayacaq düşüncələr!
bir kimsə də qabil deyil, sakit edə bu səsləri!
Tarx sizə sabit edib, faydası yox bu işlərin,
Bu tarixin qanunudur, biz irəli, siz də geri… (1, s.220-223)
Qeyd olunduğu kimi, Güney şairlərinin əsərlərində incə lirizmlə yoğrulmuş bir qəribəlik müşahidə olunur, həyat həqiqətləri, gerçəkliklər estetika ilə təzad yaradır, qeyri-adiliklər adi, bəzən də çox mürəkkəb və psixoloji hal kimi səciyyələnir. Bu meyar Manuçöhr Əzizi Haray yaradıcılığından da yan keçmir və şair zaman-məkan prinsipiallığının fərqli xüsusiyyətlərini dərvişsayağı deyil, dünya görmüş aqil bir insan qismində - qiyafəsində ehtizaza gətirir. Harayın tapındığı müqəddəslik həqiqətdir. Əsrlərdən bəri uğrunda minlərlə igidin, elm fədaisi alimin, ictimai-siyasi xadimin canından keçdiyi gerçək, ali bir həqiqət:
Qalileylər, Nyotonlar,
həqiqətin yollarında şirin canın
təqdim edən qəhrəmanlar,
yenidənmi çəkilsinlər məhkəməyə?
Yox, əzizim, onları mən danammaram,
onları mən satammaram,
siyasətin min-min incə, zərif işlərinə…(1, s.213)
Aristotelin Tezarsus-tanıma prinspi vardır, yəni yazdıqlarını tanımaq, bilmək və baş verənlərlə yaşamaq... Bu cəhət yazıçının əsərinin inandırıcı alınmasına vəsilə olur, ürəyinin oduna oxucunu da yandırır. Manuçöhr Əzizi Haray da təsvir etdiyi hadisələrin canlı şahidi olub...
O, “Yandırılan sazlar” poemasında bütöv Azərbaycan ədəbiyyatının klassiklərindən Sabir, Şəbüstərli Möcüz, Cəlil Məmmədquluzadə, Səməd Vurğun kimi söz xiridarlarının yaradıcılıq ənənələrini uğurla davam etdirir, əsərlərində satirik sözün kəsəri birbaşa duyulur:
Bəlkə Sabir səhv eliyib ki, günü parlaq, günüzü ağ,
Gecəni tar, bədi bəd, əyrini əyri, düzü həmvar yazıb.
Bəlkə Sabir düşünməyib, gözü görüb, ağlı kəsib,
Mavi göydə həqiqət tək işıq günü danammayıb...
Şəbüstərli Möcüz necə?
Məmmədquluzadə necə? Səməd necə?
Yox əzizim, onları mən danammaram,
onları mən satammaram,
siyasətin min bir iki incə zərif işlərinə.
Mən bilirəm, siyasətin bir hədəfə çatmağının,
min bir iki incə zərif işləri var…(1, s.234)
Çağdaş Güney şairləri içərisində öz dəst-xəttilə seçilən Manuçöhr Əzizi Haray “Tarçı Şulan” poemasında da eyni tarixi həqiqətin bədii poetik ifadəsinə çalışır. Azərbaycan mədəniyyətinin, xalqın zəngin keçmişinin üstündən xətt çəkmək üçün mübarizə aparan, təkrarsız milli musiqi alətlərimizi yasaqlamağa çalışan İİR-in İslam rejiminin daşürəkli cəlladlarını, mənfur xislətli məmurlarını bütün xalqa, dünyaya tanıdır, Azərbaycan türklərinə və onların tarixən yaratdığı böyük mədəniyyətə qarşı yeridilən anti-insani, zorakı assimlyasiya siyasətini lənətləyir. Onun hər iki poemasını oxuduqda “Haray” təxəllüsü ilə Tarçı Şulanın harayı, fəryadı, eləcə də tonqallarda “Yandırılan sazlar”ın ərşə dirənən ahları arasında qəribə bir bağlılıq görünür. Bu bağlılığın timsalında oxucunun qəlbində inam yaranır ki, Mənuçöhr Əzizi həqiqətən musiqimizin və qədim musiqi alətlərimizin bu fədaisinin yaşadığı ağrıları gerçək həyatda da yaşayıb, bu məşum hadisələrin canlı şahidi olub (2014-cü il sentyabrın 17-18-də Təbrizdə keçirilən Milli şeir günü çərçivəsində Şəhriyara həsr olunmuş Beynəlxalq elmi konfransda görüşümüz zamanı şair etiraf etdi ki, mən poemada yazdıqlarımı gözümlə görmüş, faciənin ağrılarını şəxsən yaşamışam), yanğısını duyub, göz yaşlarının acısını dadıb. Şübhə etmir ki, müəllifin özü də həyatı, canı qədər sevdiyi tarını əlindən alıb sındıran hakim rejimin hissiz-duyğusuz, daşqəlbli cəllad məmurunun həmin tarla onun başına vura-vura öldürdüyü qoca sənətkarla birlikdə ölüb-dirilib. Belə ki, İran İslam İnqilabının qələbəsindən sonra, dini əsaslar üzərində yeni qurulmuş dövlətin ilk illərində tar və saz kimi Azərbaycan türklərinə məxsus bütün qədim, milli musiqi alətləri İranda “Şeytan işidir” bəhanəsi ilə yasaqlanır. İslam dininə görə, guya, musiqi insanı nəşələndirərək cilvələndirir və onda eyşi-nuş halları yaradır və məhz bu üzdən də haram buyrulmuşdur. M.Ə.Harayın bu qadağanı heç cür "anlamayan" qəhrəmanı - Marağanın məşhur tar ustadı, muğamların misilsiz ifaçısı Şulan bütün yasaqlara məhəl qoymadan tarını sinəsinə basıb çalmaqda və xalqı məsud etməkdə davam edir. “Mücahide-inqilab” adlandırılan bir dəstə cahil, dinçi mücahid də “din-şəriət pərdəsi altında” bu qadağanı əldə dəstəvuz edərək tarçı Şulanın qapısına gəlir. Qoca tarzən isə hər şeydən xəbərsiz halda çaldığı “Segah” muğamının həzin nalələrinin qanadlarında öz dünyasının, bu dünyanın masmavi üfüqlərinin ənginliklərində pərvaz etməkdə, musiqinin nəşəsini duymaqda, sevgi və bəxtiyarlıq içində idi. Bunu görən “Mücahidlər” ona qarşı kobud, təhqiramiz ifadələr işlədir, qoca tarzənin üstünə bağıraraq bir daha tar çalmamasını və əlindəki tarı da onlara təhvil verməsini tələb edirlər. Tarcı Şulan onlara təəccüb dolu nəzərlərlə baxa-baxa qalır. Tarla doğmalaşan Şulan artıq can sirdaşına, könül dostuna-ruhuna çevrilmiş tarı əlindən vermək istəmir və mücahidlərə çox təsirli bir cavab verir: "Tar mənim canımdır, ruhumdur, tar mən özüməm! Canımı yaxın, məni öldürün, ancaq tarımı əlimdən almayın...” Haray Tarçı Şulanı oxucularına belə təqdim edir:
Eyni halda, "Sarı tel”dən sızıldayan,
Sevgi dolu "Segah"dır o!
"Şur" havalı bir atdır o!
Öz xalqının ürəyində mənzil edən,
Azərbaycan hünərinin, qayğıkeşi,
Bir tarçıdı Marağada, Şulan kişi.
Yox, əzizim, səhv edirəm,
Tarçı deyil, tardır Şulan!
Azərbaycan sinəsində yardır Şulan!
"Muğamlar"ın zirvəsində qartaldır O...(1, s.224)
Manuçöhr Əzizi Haray poetikasının zənginliyi və rəngarəngliyi onun birbaşa vətəndaş yanğısının təcəssümüdür. Şair qətiyyətini, həyat təcrübəsini yaradıcılığın-da əks etdirməklə ədəbi mühitdə müasirləşmə metodunun təkrarçılıq yaratmadığını bir daha sübuta yetirir. Onun əsərləri təkcə emosionallığı, dolğun həyat fəlsəfəsi, ədəbi-bədii qənaəti, sinkretik səciyyəsi ilə seçilmir, eyni zamanda, tarixi-xronoloji səciyyə daşıyır, ruhun təmizliyinə, yüksək amala, kamil zövqə, dərin düşüncəyə və s. müsbət keyfiyyətlərə xidmət edir. Bu keyfiyyətlər Haray yaradıcılığının ümdə şərti kimi səciyyələndirilir. Yüksək poetik ovqata köklənən M.Ə.Haray qələmə aldığı şeir və poemalarda fikrin ideya-bədii təhlilini verir, oxucu qəlbini ehtizaza gətirməyi bacarır. Nəticədə o, (oxucu), həm “Yandırılan sazlar”, həm də “Tarçı Şulan” poemalarında ictimai-sosial amilləri gerçəkliyin işığında aydınca sezə bilir.
Qaynaqça:
Muhammet Huseyin Şehriyar (Yaşamı, ortamı, bedii irsi) ”, İstanbul, “Peon Atlantic”, 2014, 369s;
Резюме
“Sarı tel”dən sızıldayan sevgi dolu “Segah”dır o!
Поэтическое выражение исторической правды в поэмах “Яндырылан сазлар” (Сожженные сазы) и “Тарчы Шулан” (Исполнитель тара Шулан) М.А.Харая
Ключевые слова: Южно-азербайджанская литература, М.А.Харай, саз, тар, запреты, историческая правда, поэтика
Запреты на национальные музыкальные инструменты - саз и тар в Южном Азербайджане, поставленные в годы правления Реза шаха Пехлеви, после исламской революции становятся еще более жесткими.В 1987 году религиозные лидеры нового иранского правительста издали фетву о сборе и сжигании национальных музыкальных инструментов - саз и тар, под предлогом того, что «они являются дьявольщинами и запрещены мусульманам».
Манучехр Азизи Харай, являвшийся свидетелем этих событий, с целью передавать нынешнему и будущему поколениям информацию о происходящем с этими музыкальными инструментами, написал поэмы «Яндырылан сазлар»(Сожженные сазы) və «Тарчы Шулан» (Исполнитель тара Шулан) и в плоскости литературы довел до сведения общественности трагедию южно азербайджанских турков и террорический акт, осуществляемый против их древней культуры. Упоминавшиеся выше труды поэта имеют историко-хронологический характер, выражают высокую цель, совершенный вкус и глубокую мысль.