Neçə adama göstərdim. Pəncərəni açdım, lap əlimi uzatdım, dedim: - Baxın bu ağ yağışa, görün necə yağışdı. Qıpqırmızı günün içində. Özü də necə şiravan yağır - ağappaq. Gözünü bir azca qıyıb baxsan, yağış yox, elə bil ki, qar görərsən. Hamı baxdı - mənim yanımda olanların hamısı. Hərə bir söz dedi. Biri dedi “çobanaldadan”, o birisi “tülkütoyu”, bir başqası “yazdı, yazda elə belə yağış yağar” - dedi.
Bilmirəm, bəlkə də, bu gün beynimdə İsa İsmayılzadə adı dolaşırdı. İsa İsmayılzadənin şeirlərini zikr eləyirdim. Bəlkə də, elə İsa İsmayılzadə ilə Vaqif İbrahim obrazının çox qəribə bir kədər gətirən ovqatında azıb qalmışdım, - deyə bilmərəm. Pəncərəni açıb o ağ yağışın damcıları altında xəyalımdan keçən üç-dörd kəlmənin həqiqətinə “Quran” ayəsi kimi inandım. Bu ağ yağış - bu yaz yağışı lap İsa İsmayılzadənin şeirlərinə oxşayırdı.
Taleyin qəribə işləkləri var. İsanın ata-anası deyirmiş ki, o, qorabişirən ayda doğulub. Amma özü pasportunu rəsmi şəkildə inkar etməyib. Sözə tapınıb, sözün kəramətinə sığınıb, ordan qayıdıb üzü bəri deyir ki, mən qorabişirən ayda doğulmuşam. Yəqin ki, heç kəs o qorabişirən ayın günü ilə, saatı ilə hesablaşmayacaq. Amma ağ yağış yağdıran yaz gününün - Novruzun qədəmini kəsən altıca günün - bir həftədən də azca günün səsində, sorağında olacaq.
Mən elə bilirdim ki, dünyanın pak adamları yaddan tez çıxır. Gözdən-könüldən uzaq düşən kimi unudulur. Amma belə deyilmiş. Günlərin bir günü günortadan bir az keçmiş bir zəng gəldi. Bu, “Vahid” poeziya evindən Həsən Həsənovun zəngi idi: “Birdən yadınızdan çıxar, aa... Bu həftə İsa İsmayılzadənin təkcə xatirə günü deyil, həm də yubiley yaşıdır”. Bu sözlər böyük mükafat idi. İsa İsmayılzadənin bütün arzularını yaşaya bilən nəsillərinin, İsa İsmayılzadə duyğularının bar-bəhərini görən dostlarının nə düşündüyünü deyə bilmərəm. Amma bir şair taleyinin bəxtəvərliyini iddia edərəm. “Vahid” poeziya evindən elə bu günün ovqatına qatılmaq üçün, elə bu günlərdə çap olunmuş bir kitabın - adı altında fələyin cəngində çırpınan bir şair ürəyi görürəm. Amma bu cəng-cidalda olan şair taleyinin çox yuxarılarda - bizdən lap yuxarıda səsi var. Onun sözü Tanrı dərgahındadır.
Allahdan olan kimi özü danışan, sözü danışan şairin sonuncu kitabında - özündən sonrakı kitabında “Yağış gölməçəsi”nə düşdüm:
Damcılar göylərdən əlini üzdü,
Buludlar özünə boylanmaq üçün.
Bulanlıq güzgütək gölməçələri,
torpağa düzdü.
Yağdı tala-tala, gölməçə yağdı,
Göylərin dəlisov ilhamı yağdı,
Sərçələrin soyuq “hamamı” yağdı.
Yağış gölməçəsi buludla doldu,
Günəşlə, payızla, sükutla doldu.
Elə bugünkü hava idi. Bugünkü yağış idi. Bu günün ruhumuza gətirdiyi yeni nəfəs idi. Necə də bir-birinə bənzəyirdi İsa İsmayılzadə şeiri və yaz yağışı.
Kim nə deyir-desin, İsa İsmayılzadə ölmədi. İsa İsmayılzadə sözü yaz yağışı kimi fəsil-fəsil təzədən gələn ilmədi.İstər taledə, istərsə də təbiətdə zamanın parçası olan hər ilin özü bir xalıdı. Hər il təzələndikcə o xalıda İsa İsmayılzadə ilməsi görünəcək. Çünki onun ancaq özünə xas, özünə bəlli rəngi var, görünüşü var. İsa İsmayılzadənin söykəndiyi söz ağacı hər yaz açdığı çiçəklərilə, gətirdiyi bar-bəhərilə onun ürək döyüntülərini, onun adını, ünvanını bizə qaytaracaq: “Gözləyin, dünyaya qayıtmağım var”.
* * *
Deyəsən, şənbə günü idi. Vacib bir sənəddən ötrü iş günüm olmasa da redaksiyaya gəlmişdim. Sənədi tapmadım. Tez də ruhdan düşdüm, axtarmaqdan əl çəkdim. Başqa vaxt səbrlə otura bilmədiyim stolumun arxasında lal-dinməz qalmışdım. İçimdə bir boşluq vardı. Elə bil ki, dünyanın bütün sözləri başımdan uçub getmişdi. Az qala vahimələnirdim. Həmin anlarda kimsə məndən yapışıb beş kəlmə sözü dalbadal deməyi istəsəydi də deyə biləzdim. Tamam bədbin bir əhvalım vardı. Bayırda külək tozu-torpağı hara gəldi çırpırdı. Deyəsən elə bu külək həmin o toz-torpağı mənim acığıma sovururdu. Elə bil hədə-qorxu gəlirdi ki, hünərin varsa bayıra çıx. Gör səni necə bürüb-büküb göyə qaldırıram. Ordan da hara gəldi aparıram; özüm bilərəm. Bu azmış kimi, qapının da arasından süzüb içəri dolur, pəncərənin boşluqlarından vıyıltı ilə təzədən çölə çıxırdı.
Əlim yerdən - göydən üzülmüşdü. Əlacsızlıq (nəyi axtardığımı özüm bilirəm) girdabında daxili səssizlik içində çabalayırdım. Bəlkə də nə qədər vaxt keçmişdi.
Qəflətən telefon zəng çaldı. Heç vaxt eşitmədiyim, ancaq çox doğma bir səs məni fikirdən, xəyaldan ayırdı. Ən yaxın doğmalarımın adları xəyalımda sürətlə bir-birini əvəz elədi.
- Əli Rza müəllim, sizsiniz?
- Bəli, eşidirəm.
- Bəlkə də xəbəriniz var, İsa İsmayılzadənin bu günlərdə ad günü olacaq. Həm də elə yubiley yaşıdır. Mümkün olsa, qəzetinizdə bir balaca qeydlə onu xatırlayasınız.
- Bağışlayın, xanım, siz kimsiniz?
- Mən İsa İsmayılzadənin övladlarının anasıyam.
- Adınız...
- Ələviyyə xanımdır.
- Xahiş eləyirəm, mümkünsə sonuncu kitabını, bir də fotoşəklini gətirin.
- Nə vaxt?
- Elə indi, bu günlərdə - həftənin birinci günü.
Heç özüm də bilmədim ki, həmin o girdabdan, o düşdüyüm təlatümdən necə çıxdım. O doğma səs çox uzaqlarda qalmış, işğal əlçatmazlığından mənə boylanan kəndimizin adamı idi mənimlə danışan. Və elə burdaca bir qənaət yarandı məndə. Səs özü də doğmalıqdı. Səs qohumluğun, yaxınlığın mənəvi, ruhu əzizliyin ünvanıdır.
Xanımın “yaxşı, sağ olun” sözündən sonra telefonun dəstəyi xeyli əlimdə qaldı. Axır ki, müsahibin çoxdan getdiyini bildirən kəsik səslər mənə çatdı və dəstəyi yerinə qoydum. Xəyalım İsa İsmayılzadənin yanında idi.
...70-ci illərin əvvəllərində Bayılda neftçilərin bir sarayı vardı. İsa İsmayılzadə orda dərnək aparırdı. Tələbəlik dostum Rasət onun dərnəyində oxuduğu şeirləri bir də təzədən bizim üçün oxuyurdu. Mənim misralara verdiyim şərhləri dinləyir və çox vaxt da etiraz eləmirdi. Axır bir gün mənə dedi ki, gəl bizimlə birlikdə İsa İsmayılzadənin dərnəyinə gedək. Növbəti məşğələ günü mən də onunla birlikdə neftçilərin Bayıldakı sarayında idim. Hamı ilə səmimi görüşdü İsa müəllim. Mənə çatanda əlimi buraxmadı. Xeyli gözlərimə baxdı. Rasət tez dilləndi:
- Birinci dəfədir gəlir, özü də bizim şeirlərimizi tənqid eləməyə gəlib.
- Lap yaxşı.
Gənclərdən kimsə bir şeir oxudu. İsa müəllim birinci mənə baxdı. Mən də o saat elə yerimdəncə cavab verdim:
- Mən heç nə görmədim.
Gənclər gülüşdülər.
- Necə yəni, heç nə görmədim, - yerdən səslər gəldi.
Heç o bircə cümlədən sonra nə deyəcəyimi də bilmirdim. Üstəlik də gülüşlər məni lap divara qısnadı. Ürəyimdə Rasəti də söydüm, özümü də. Bircə anın içində tər dabanımdan süzülüb getdi. Hiss eləyirdim ki, üz-gözüm istiləşib. Cavanlar atmacalardan sonra öz aralarında söhbətə keçdilər. Elə bircə bu kəlmədən yaranmış mübahisəni qızışdırdılar. Biri deyirdi, gərək şeiri hiss edəsən; o birisi deyirdi, gərək duyasan.
Tənqid üçün tənqid edənin özü şair olmalıdır. - Bir başqası deyirdi.
Atmacalar çox kəskin idi. Amma birdən məni müdafiə üçün Rasətə üz tutdu İsa İsmayılzadə.
- Bu yaxşı oğlandır, çox yaxşı eləyib bələdçi olubsan. O, çox doğru dedi.
Mən eşitdiklərimə inanmadım. Az qala yenə də elə bildim ki, o da ətrafındakı mənimlə həmyaş olan, ancaq özlərini çox təcrübəli və bişmiş hesab edən şairlərə, yazıçılara qoşulub mənə istehza edir. Ancaq hamı səsini kəsdi. Zahirən heç bizdən o qədər də seçilməyən, səsi də bizim kimi elə gənc olan İsa İsmayılzadə sözünə davam elədi: - Əli çox doğru deyir. Siz nəyə etiraz etmək istəyirsiniz?
Dedim ki, poetik parçadan sonra dinləyən nəyisə görməlidir. Obraz onun gözlərinin qabağında canlanmalıdır. Müəllif yazdığı şeirdə bu obrazı yarada bilməyib. Baxmayaraq ki, ölçü-biçi hamısı yerindədir.
Bayaqdan ayaq üstə qalmışdım. İsa müəllim: sağ ol, əyləş. Ancaq çalış ki, dediyin fikri sübut edəsən. Sən də nəyisə göstərəsən, - dedi.
Elə bil ki, bilet çəkib imtahan verirdim. Müəllim də bir “kafi” qiymətlə məni razılığa dəvət edirdi. Və hiss edirdim ki, canımda təpər olsa, “kafi” ilə razılaşmayıb “yaxşı”ya da əl uzadaram. Bu, məndə bir məmnunluq yaratdı. Əyləşdim, oğrun-oğrun ətrafdakılara baxdım. Deyəsən, Rasət də məmnun qalmışdı. Sonra da bir hekayə oxundu. Həmin hekayədə Ə.Əylislinin “Kür qırağının meşələri” povestinin təsirini gördüm. Hekayənin qəhrəmanı Qulu (müəllifin adı yadımda qalmasa da obrazın adı indiyədək yadımdadır) eynilə Qədirin təkrarı idi; məkan, zaman, yaş fərqləri olsa da. Sanki Qədir real həyati obraz idi, Qulu onun prototipi. Hekayənin müəllifi öz yazısını oxuduqdan sonra müzakirə yenə qızışdı. Hamı hekayəni təriflədi. İsa müəllim bir-bir hamını dinləyəndən sonra yenə mənə üzünü tutdu. Mən bu dəfə də özümü toplayıb fikrimi izah etmək üçün ayağa qalxdım: - Qədirdən o yana keçməyib. Hekayə müəllifinin yanında əyləşmiş gənc tez dilləndi:
- Nə Qədir, hansı Qədir?
- “Kür qırağının meşələri”ndəki Qədir.
İsa müəllim yenə gözlədi ki, bəlkə mən nəsə əlavə edəm. Ancaq gördü ki, mən yenə bu bircə cümlədən o tərəfə keçmədim. Daha doğrusu, keçə bilmirdim. Hiss etdim ki, İsa İsmayılzadə çox istəyir ki, mən danışım. Ancaq danışa bilməyəcəyimi görüb mənə əyləşməyi təklif edib dedi:
- Mən razıyam sənin fikrinlə.
Sonra da üzünü oturanlara tutdu: - Sizin heç birinizin görmədiyini bu oğlan görüb. Niyə narazılıq edirsiniz. Doğrudan da, Qulu Qədirə çox oxşayır. Burada elə bir qəbahət yoxdur. Qulu Qədirdən yaşca cavandır, ola bilsin ki, hadisələrin gələcək inkişafında həyat ona yeni dərslər verəcək. O, tamam başqa bir adam olacaq. Ancaq indiki vaxtında oxşarlıq, yaxınlıq var. Belə təsirləri ədəbiyyatda inkar etmək olmaz.
Elə bu vaxt bir qız qapını açıb: - İsa müəllim, sizi telefona çağırırlar, - dedi.
İsa İsmayılzadə getdi və bir azdan qayıdıb gəldi, stolun bir tərəfinə qoyduğu paltosunu və şapkasını götürdü.
- Mənim işim var, getməli oldum. Rasət, sən məşğələni başa çatdır. - Sağollaşıb gedəndə qapıdan geri döndü:
- Sən həmişə gələrsən.
O, məni nəzərdə tuturdu.
- Yaxşı, İsa müəllim, gələrəm, - dedim.
Bu dəfə elə bil ki, o, təkcə mənimlə xudahafizləşdi.
İsa İsmayılzadə bircə görüşün təəssüratı ilə canlı olaraq yaddaşıma hopdu. Sonrakı məşğələ günləri - üç məşğələ ardıcıl olaraq dərnəyə gəlmədi. Məşğələləri Rasət apardı. Və mən də daha həmin dərnəyə getmədim.
Poeziyası hiss və həyəcanla dolu olan İsa İsmayılzadə çox təmkinlə şeir oxuyurdu. O, şeir oxumurdu, danışırdı. Yaşadığı hissləri, öz duyğularını danışırdı. Danışdıqca dinləyicisini qanadlandırırdı. Bu məqamlarda o, ruha bənzəyirdi. Dinləyicisini də ruha döndərə bilirdi. Onun şeirini dinləyən hər kəs nəsə bir qəribə hadisənin baş verəcəyini dinləyirmiş kimi axıracan dinləməli olurdu.
İsa İsmayılzadənin 1991-ci ildə buraxılmış “Seçilmiş əsərləri”ni vərəqləyirəm. Məmməd Arazın ön sözünü görürəm - “Şair taleyi”. Və yenə bir kədər qayıdıb varlığıma dolur. İndi nə Məmməd Araz var, nə də İsa İsmayılzadə. Ancaq onların sözləri var. Heç kimə bənzəməyən sözləri.
A şairlər, inciməyin siz Allah,
Biz də adımızı yazan qoymuşuq -
Fikir yozan, misra yozan, söz yozan,
Füzulidə söz Allahdı, söz Allah.
Sərkərdələr -
Füzulilər dayanarmış hündür yerdə.
Biz zamana əsgər olduq səngərlərdə.
Ömür bitdi, boşa keçdi süngülər də -
Biz də... adımızı yazan qoymuşuq...
Şeirin əvvəlində sərlövhə əvəzinə “üç ulduz” qoyulub. Epiqraf yerində “Füzuli zirvəsi”ndən” yazılıb.
İsa İsmayılzadə “Füzuli Allahdı” demir. Füzulinin sözü Allahdı da demir. Amma Füzulidə söz Allahdı deyir. Bu ikicə kəlmə ilə Füzuli əzəmətini, Füzuli qüdrətini yarada bilir.
İsa İsmayılzadə ideologiya şairi ola bilmədi. Çünki onun idealı “söz Allahdı” prinsipindən doğulmuşdu. Dünyanın hər üzünü görən İsa İsmayılzadənin sözü də hər kəlməsindən sonra bitkin olsa belə, yenə ömrü kimi yarımçıq görünür. Onun sözdən qurduğu saray əzəmətlidir, qüdrətlidir, özünəməxsus poetik zirvədir. Bu saray özülünə qədər möhkəm, tağları da nə qədər əzəmətli olsa belə, şair yenə nigarandır.
...Və burda bir məqamı da görürəm. İsa İsmayılzadənin yaratdığı, sözdən yapdığı o saray elə Vətənin özüdür. Onun nigarançılığı da Vətən sarıdandır.
1980-ci ildə qələmə aldığı “Dağların başında duman görürəm”, “Tarixdən səslər” silsiləsindən olan şeirindən son misralara diqqət edək:
Ürəyim sıxılır, sıxılır, Vətən!..
Gözümün önünə Cavidan gəlir,
Babəki görürəm - qeyrət içində.
Mən səni görürəm... gözləri yaşlı...
Baxırsan düşmənə heyrət içində,
Vahimə içində,
nifrət içində.
Bağışla, balaca oğlunam, Vətən...
Əlimdən nə gəlir...
Bağışla, onda
Nə qılınc qurşadım,
nə nizə atdım,
Nə köhlən üstündə yəhərə yatdım -
Vuruşa bilmədim sənin yolunda...
İsa İsmayılzadənin ayrı-ayrı silsilələri təmsil edən şeirləri onun daxili dünyasında hələ açılmamış nə qədər səhifələrin olduğundan xəbər verir. Şairin qəlbində həmişə təlatümlər olub. O, həmişə düşünüb ki, ayrı-ayrı silsilələr üçün nəzərdə tutulan şeirlər həmin silsilələrin proloqudur. Və onun gümanı olub ki, bu çoxlu silsilələrin hamısını o, nə vaxtsa tamamlayacaq. Həyatın əlində, gündəlik qayğıların əlində, girov olan canını tale ona güzəştə getmədi.
Hər baharda tumurcuqlayan, qönçə tutan budaqların yaşıl yarpaqları, çiçəklərilə ruhumuza qonaq gələcək İsa İsmayılzadə. Gələcək və heç vaxt getməyəcək. Yeni gələn nəsillər onu həmişə təzə nəfəs kimi, təmiz hava kimi udacaq. Yeni nəsillərin çiçəyində, yarpağında, baharında, bəhərində İsa İsmayılzadənin də payı var. İndi daha tənha deyiləm. İndi daha qəlbimi tənhalıq sıxmır. Bircə cümlə ilə deyilən fikri bütün aydınlığı ilə duyan, hələ yenicə ömürdən qanad istədiyim illərdə özünün ruhu ilə mənə qanad vermək istəyən və qısaca, bircə görüşlə o qanadı əsirgəməyən İsa İsmayılzadənin parlaq, aydın görünən obrazı mənim yanımdadırsa, mənim qəlbimdədirsə, demək, tənha deyiləm, demək, doğmalarımın yanındayam. İndi bizdən uzaq Qarayazıdan özü ilə birgə gətirdiyi Qara Yazını süd kimi bizə içirdi.
Dilimizm, mənəvi tariximizin südü kimi.