800 ildir ki, bütün Türk dünyası Həzrət Mövlana zəkasının nurunda mənən rahatlıq tapır. Onun bu günə qədər miras qoyduğu lətif sözlər, kamil fikirlər, mərifət, həqiqət, gözə görünməyən varlıqlar ən qüdrətli mənanı kəsb edir. Bəli, bu gün qəlbimizin nuru Hz. Mövlananın müqəddəs adı, möhtəşəm, ölməz varlığıdır.
"Bir könüldə könül nuru olmadımı, o könül könül deyildir.
Bir bədəndə ruh yoxsa, o bədən torpaqdan ibarətdir."
"Könül səndən razısa, mən də razıyam. Könül səndən üz çevirmişsə, mən də üz çevirərəm."
"Süleyman Peyğəmbər o elçilərə dedi ki, ey utanan elçilər, geri dönün,
Altun sizin olsun: mənə könül gətirin, könül."
Nə qədər hikmətamiz, nə qədər ibarətamiz sözlərdir. Belə bir məqamda mənə elə gəlir ki, Sultanımız Hz. Mövlana ən qüdrətli memara dönüb insan könlünü gözəlliklə yapır. Və göylərin sonsuzluğundan hər birini sevgiylə seyr edir. Bu əsərlərin böyüklüyü, ucalığı ondadır ki, Hz. Mövlana Quranın aliliyini tam mənasında dərk edib, onun möcüzəli sehrindən bəhrələnərək, ölməz əsərlərini yaratmışdır. Hz. Mövlananı bilmək və anlamaq bəs etməz. Onu duymaq gərəkdir. Yüz illərlə onun yolunun işığı ilə gedən insanlar Hz. Mövlana gözəlliyinin ümmanına baş vuraraq incilər toplamış, könüllərdən-könüllərə çatdırmışlar.
"Gelmişdi sumai cana bir "hu" neyden.
Pür vecd olup el çektim o dem her şeyden."
Neyi dinləməyən, onun sehrinə düşməyən kəs, onun incə ruhundan bəhs edə bilməz. Mənim nəzərimdə neyin səsi insan qəlbinin ruhi qidasıdır.
Ney səsi yolunu azanlara kömək edər, onları düz yola çəkər.
Bir sözlə, könülləri gözəlləşdirər.
Bu təmənnasız sevginin yolu o qədər mənalıdır ki, bu incə yolu gedə-gedə haqq yoluna çatmağın gözəlliyini dərk edirsən. Bu yolun əzabını, ağrısını, əlvanlığını, paklığını olduğu kimi qəbul edirsən. Qəlbinin səsini ney səsinin saf, təmiz tellərinə kökləyirsən. Tanrının eşidə biləcəyi ney sədaları altında gediləcək yol, İnsanlığın özüdür. İllərdi kimsədən xəbərsiz, gözəgörünməz bir xəyal kimi əlimdə əsam, bir də nəfsin açarı, Sultanım Hz. Mövlananın izinə düşüb, onun qurub-yaratdığı insanlıq bağçasına tərəf, bütün gözəlliklərdən pay ala-ala gedirəm. Və inanıram ki, bu yolun ölməzliyini, gözəlliyini qoruyan müridlər nəsil-nəsil artacaq, kamilliyin zirvəsinə ucalacaqlar. Tanrım bu yolun yolçularına kömək olsun.
“Azərbaycan” jurnalı