Görkəmli ictimai xadim, böyük sənətkar, akademik Səməd Vurğun Vəkilov 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti, akademik Musa Əliyevin sədrliyi ilə 29 mart 1954-cü il tarixdə keçirilmiş həqiqi üzvlərin Ümumi yığıncağında təşkilati məsələyə baxılmış, səsvermə nəticəsində akademik Səməd Vurğun Vəkilov vitse-prezident vəzifəsini tutmuşdur. O, eyni zamanda Elmlər Akademiyası Rəyasət Heyətinin tərkibinə də daxil edilmişdir.[1] Səməd Vurğun ictimai elmlər üzrə vitse-prezident vəzifəsini daşımışdır. Lakin o zamankı anlayışa görə olan İctimai Elmlər Bölməsi sözü indiki mənada Humanitar Elmlər Bölməsinə aid olan elm sahələrini də əhatə etmişdir.
Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti kimi Səməd Vurğun ölkəmizin elm tarixinin yaddaqalan səhifələrini təşkil edən aşağıdakı işləri həyata keçirmişdir:
Akademik Məmməd Arif Dadaşzadənin elmi redaktorluğu ilə hazırlanan bu «Azərbaycan ədəbiyyatı tarixi» akademik sistemlə yaradılan ilk çoxcildlik olduğu üçün, həmin əsərin dövrlər və mərhələlər üzrə tərtibi, yazıçıların icmalda, yaxud ayrıca oçerk səviyyəsində təmsil olunması, ayrı-ayrı sənətkarlara münasibətlərin ümumi məqamlarının müəyyən edilməsi kimi ciddi fikir mübadiləsi tələb edən məsələlər akademik Səməd Vurğunun rəhbərliyi ilə dəfələrlə geniş müzakirədən keçirilmiş, müvafiq prinsiplər müəyyən olunmuşdur. Məhz Səməd Vurğunun zəmanəti ilə Kamal Talıbzadə, Əziz Mirəhmədov, Məsud Əlioğlu və başqaları kimi gənc alimlərin ədəbiyyat tarixi kimi məsul bir nəşrdə müəllif qismində iştirakına etimad göstərilmişdir. Bütün bunlar «Azərbaycan ədəbiyyatı tarixi»nin 3 cildlik nəşrinin yüksək elmi-nəzəri səviyyədə hazırlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. “Azərbaycan ədəbiyyatı tarixi” üçcildliyinin cavan müəlliflərindən biri olmuş Əziz Mirəhmədov bu akademik nəşrin hazırlanmasında Elmlər Akademiyasının vitse-prezidenti Səməd Vurğun Vəkilovun rolundan bəhs edərək yazmışdır: «Üçcildlik «Azərbaycan tarixi»nin və üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin hazırlanmasında Səməd Vurğunun böyük rolu oldu. O, bu sanballı əsərlərin müəllif və redaktorlarını özünəməxsus atəş və ehtirasla həvəsləndirir, səfərbər edir, lazım gəldikdə Akademiyadakı kabinetinə yığıb onlarla birlikdə saatlarla bu və ya başqa məsələni müzakirə edirdi. Professor Heydər Hüseynovdan sonra bir neçə il Akademiyada ictimai elmlər sahəsinə rəhbərlik edən belə bir fəal, nüfuzlu adam görmədiyimiz üçün işə həvəsimiz xeyli artmışdı».1
Elmlər Akademiyasının vitse-prezidenti, akademik Səməd Vurğun “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin hazırlanmasına rəhbərlik edərkən klassik və müasir yazıçıların ədəbiyyat tarixindəki xidmətlərinə görə yerinin müəyyən edilməsinə ciddi fikir vermişdir. Bu isə XX əsrin 50-ci illəri üçün son dərəcədə əhəmiyyətli məsələ idi. Çünki həmin dövrdə sovet ideologiyasının klassik ədəbi irsə və klassik yazıçılara siyasi baxışlarına görə təqib edilməsi halları hələ də mövcud idi. Böyük ehtimal ki, “Azərbaycan ədəbiyyatı tarixi”nin planı hazırlanarkən ideoloji prinsiplər hər hansı bir səviyyədə gözlənilmişdir. Səməd Vurğun Akademiyanın vitse-prezidenti kimi mövcud ideoloji tələbləri tam aradan qaldıra bilməsə də, müəyyən dəyişikliklərin edilməsində öz sözünü demişdir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əziz Mirəhmədov örtülü şəkildə olsa da, 1973-cü ildə zamanın imkan verdiyi səviyyədə aşağıdakı kimi ifadə etmişdir: «Burada Səməd Vurğunun başçılığı ilə “Azərbaycan ədəbiyyatı tarixi”nin I və II cildlərinin mövzu planının müzakirəsini misal göstərmək olar. Bu mövzular planının layihəsi əvvəlcədən tutulmuşdu. Məmməd Arif, Məmməd Cəfər, Cəfər Xəndan, Mirzağa Quluzadə, Kamal Talıbzadə və başqalarının iştirakı ilə Səməd Vurğun bu layihədə bir sıra dəyişikliklər etdi. Planda bir-bir Azərbaycan klassiklərinin adlarını oxuduqca onun şair xəyalı qanad çalır, elə bil böyük sənətkarların surəti gəlib onun gözü qabağında dayanırdı… Səməd Vurğun bir şair kimi sitat göstərməklə qalmayıb, həmin klassiklərin ədəbiyyat tarixindəki mövqeyi, orijinal xüsusiyyətləri haqqındakı yığcam, lakin elmi cəhətdən düzgün, qiymətli fikirlər də deyir və bununla da «tarix»in orada əyləşən gələcək müəlliflərinə, xüsusən cavan nəslə bir növ istiqamət vermiş olurdu».[2]
Qeyd etmək lazımdır ki, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Səməd Vurğunun rəhbərliyi və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Məmməd Arif Dadaşzadənin elmi redaktorluğu ilə hazırlanıb 1957-1960-cı illərdə nəşr olunmuş 3 cildlik “Azərbaycan ədəbiyyatı tarixi” uzun zaman ərzində ali məktəblərdə və elmi-tədqiqat institutlarında əsas mənbə kimi istifadə edilmişdir. İdeoloji mühitin dəyişməsinə baxmayaraq, həmin nəşr bu gün də əsasən öz əhəmiyyətini saxlamaqdadır.[3]
Səməd Vurğun bu qənaətdə idi ki, “Qobustanda tapılmış qaya təsvirləri kompleksi Azərbaycan xalqının qədim tarixi və mədəniyyətinə dair qiymətli abidədir.”1
Xalq şairi Vaqif Səmədoğlunun aşağıdakı xatirə qeydləri bir daha Səməd Vurğunun Qobustana münasibətdəki mövqeyini təsəvvür etməyə imkan verir: “Bir xatirəni də qeyd etmək istəyirəm. Səməd Vurğun Qobustan qayaüstü rəsmlərini xilas edib. Mirzə İbrahimovun “Zim” maşınını götürdü, mən də yanında idim. Prokurorluqdan da bir nəfər, Qobustana gəldik. İsaq Cəfərzadə ilə Yampolski orada idilər. Qobustanda bir neçə qayaüstü rəsmlər əldən getdi. Uçurdular, kəsdilər. Bütün Qobustanı kəsirdilər. Ora gələndə atam prokurordan tapançasını aldı, maşından düşən kimi başladı atmağa. Söydü, dedi ki, nə edirsiniz?! Səməd Vurğunun Qobustan qayalarının qalmasında rolu oldu. Sonra oranı qoruq etdilər.”2
6. Səməd Vurğun görkəmli Azərbaycan yazıçısı və dramaturqu Nəcəf bəy Vəzirovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərin əsas təşkilatçısı vəzifəsini həyata keçirmişdir. Onun təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin 9 fevral 1955-ci il tarixli iclasında “Görkəmli yazıçı və dramaturq Nəcəf bəy Vəzirovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında” qərar qəbul olunmuşdur. Rəyasət Heyətinin qərarına əsasən Akademiyanın vitse-prezidenti Səməd Vurğun Vəkilov yubiley komissiyasının sədri, Mirzağa Quluzadə sədr müavini, Feyzulla Qasımzadə, Kamal Talıbzadə və İmran Seyidov üzvləri seçilmişlər. Rəyasət heyətinin iclasında Nizami muzeyinə yubiley sərgisi təşkil etmək, Dil və Ədəbiyyat İnstitutuna isə hazırlanacaq elmi məruzələrin “Xəbərlər” jurnalına təqdim edilməsi vəzifəsi tapşırılmışdır.[7]
Qısa müddətli hazırlıqdan sonra 25 fevral 1955-ci il tarixdə Elmlər Akademiyasında keçirilmiş yubiley elmi sessiyasında Səməd Vurğun dərin məzmunlu bir giriş sözü söyləmişdir. Bu, böyük bir məruzə səviyyəsində olan giriş sözü idi. Səməd Vurğunun “giriş sözü” yubileyin keçirildiyi gün “Nəcəf bəy Vəzirovun unudulmaz xatirəsi” adı ilə “Bakinskiy raboçiy” qəzetində çap edilərək geniş ictimaiyyətə çatdırılmışdır. Yubiley elmi sessiyasında filologiya elmləri namizədi, dosent Feyzulla Qasımzadə “Azərbaycan realist ədəbiyyatının inkişafında Nəcəf bəy Vəzirovun rolu”, filologiya elmləri namizədi Kamal Talıbzadə “N.Vəzirovun əsərlərində burjua-mülkədar əxlaqının tənqidi”, elmi işçi Ədilə Əliyeva “Azərbaycan teatrının inkişafında Nəcəf bəy Vəzirovun rolu” mövzularında elmi məruzələrlə çıxış etmişlər. Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti Səməd Vurğun «giriş sözü»ndə «pyeslərində parlaq, canlı, bitkin xarakterlər və obrazların tam bir qalereyasını yaratmış» Nəcəf bəy Vəzirovu «Azərbaycan realist dramaturgiyasının ilk bünövrəsini qoyanlardan biri» kimi qiymətləndirmişdir. Məruzədə Nəcəf bəy Vəzirovun yaradıcılığının hərtərəfli və geniş elmi təhlili verilmişdir. Səməd Vurğun, eyni zamanda, Nəcəf bəy Vəzirovun yaradıcılığına daha böyük diqqət və qayğı ilə yanaşmağı nəzərə çarpdırmışdır: «Etiraf etməliyik ki, biz onun (N.B.Vəzirovun – İ.H.) böyük və nəcib yaradıcılıq irsinə az diqqət göstərmişik. Məhz bu məzəmməti, hər şeydən əvvəl Vəzirovun bilavasitə varisləri olan dram teatrlarımızın ünvanına deyirəm. Çünki Vəzirov nəinki dramaturqlarımızdan biridir, o, həmçinin bizim ilk aktyorumuzdur, dramatik teatr yaradıcılarımızdan biridir… Onun yaradıcılığı ciddi elmi tədqiqə layiqdir və bu işi yerinə yetirmək bizim ədəbiyyatşünasların və sənətşünasların şərəfli vəzifəsidir. Feyzulla Qasımzadənin Nəcəf bəy Vəzirovun həyatı və yaradıcılığı haqqında istedadla yazılmış monoqrafiyasını istisna etməklə, ədəbiyyatşünaslıq elmimizdə bu görkəmli yazıçı və mədəniyyət xadimimizin yaradıcılığı haqqında başqa əsərlər yoxdur… Arzu olunur ki, Vəzirov haqqındakı ən yaxşı elmi-monoqrafik əsərlər onun yaradıcılığını başqa xalqlar arasında tanıtmaq üçün rus dilinə tərcümə edilsin».1
Bu çağırış Nəcəf bəy Vəzirovun həyatı və yaradıcılığına elmi və ədəbi-mədəni mühitdə marağı qüvvətləndirmişdir.
Səməd Vurğunun «Sovet poeziyası haqqında»kı əlavə məruzəsində 1934-cü Səməd Vurğunun «Sovet poeziyası haqqında»kı əlavə məruzəsində 1934-cü ildə keçirilmiş birinci qurultaydan sonrakı 20 il ərzində keçmiş Sovetlər İttifaqını əhatə edən 15 respublikada yaşayıb-yaradan çoxsaylı şairlərin poeziyası geniş və əhatəli şəkildə, dərindən təhlil edilmişdir. Əslində isə o, bütövlükdə XX əsr poeziyası haqqında ümumiləşmiş fikirlər söyləmişdir. Səməd Vurğun «Sovet poeziyası haqqında» əlavə məruzəsində irəli sürdüyü ideyaları əsaslandırmaq üçün XIX əsrdən başlanan və XX əsrdə davam edən ədəbi proseslərdən danışmış, müqayisələr aparmalı olmuşdur. Beləliklə, o, ikinci qurultayda müasir poeziyadan əvvəlki yüzilliyin poeziyasının zəminində söz açmışdır. Deməli, Səməd Vurğun ən azı bir əsrlik çoxmillətli bir poeziya haqqında məruzə etmişdir. Bu, keçmiş sovet xalqları ədəbiyyatında bütöv bir əsrin poeziyasının ilk ümumiləşdirilmiş elmi-nəzəri təqdimatı idi. Böyük poeziya ilə əlaqədar zəruri olan nə varsa, Səməd Vurğunun məruzəsində bütövlükdə dərindən və əsaslı şəkildə öz əksini tapmışdır. Şair-cəmiyyət-vətəndaş, poeziya və həyat, ictimai-siyasi proseslərin şeirdə poetik əksi məsələləri zəngin ədəbiyyat materialı əsasında mükəmməl şəkildə şərh edilmiş, obyektiv nəticələr çıxarılmışdır. Bununla belə, Səməd Vurğunun «Sovet poeziyası haqqında» məruzəsində ilk dəfə olaraq ədəbiyyatda romantika və ideal qəhrəman kimi ciddi problemlərdən yüksək nəzəri səviyyədə bəhs edilmişdir. Bu, sosialist realizmi ədəbiyyatına tamamilə yeni münasibətin ifadəsi demək idi. Səməd Vurğun ədəbiyyatda romantika məsələsinin qoyuluşu və həllinin banisidir. Ədəbiyyatda romantika nəzəriyyəsi Səməd Vurğunun adı ilə bağlıdır. Həm də Səməd Vurğunun zamanında romantikadan söz açmaq böyük uzaqgörənlik və cəsarət tələb edirdi. Səməd Vurğunun məruzəsində də etiraf olunurdu ki, ədəbiyyatda romantikadan danışmaq ehtiyatlı mövzu hesab edilir: «Mənim fikrimcə, poeziyada romantik üslub haqqında danışmağın vaxtı çatmışdır. Bununla bərabər, bizdə elə yoldaşlar vardır ki, hətta «romantika» sözünün özündən də, nə isə, bir qədər qorxurlar. Onlara elə gəlir ki, romantika haqqında söhbət bizi başqa bir aləmə, göylərə çəkib apara bilər və ədəbiyyatdakı realist mövqedən ayırar».1
Buna baxmayaraq, Səməd Vurğun var səsi və aydın məntiqi ilə bildirirdi ki, «böyük işıqlı və gözəl olan hər şeyə daim meyil göstərmək bütün bəşəriyyətə aid olan bir xüsusiyyətdir. Buna görə də biz gərək adamların xarakterlərindəki, onların arzu və meyillərindəki müsbət cəhətləri qabarıq şəkildə göstərməkdən qorxmayaq və beləliklə də bizim həyatın inqilabi inkişafına təsir edək, həyatımızın bəşər fikrinin və mədəniyyətinin zirvələrinə doğru hərəkətini göstərək.
…Romantik şair fəal surətdə öz müsbət, yaxud ideal qəhrəmanının fikirlərinə və qəlbinə, onun mənəvi aləminə qarışır. O, bu qəhrəman vasitəsilə öz xüsusi ideallarını, özünün tarixə və gələcəyə olan baxışlarını tərənnüm edir»2.
Səməd Vurğun «poeziyanın romantik baharının ilk qaranquşları» olan bədii əsərlərdən bəhs etməklə bu prosesin artıq nəinki başlandığını, davam etməkdə olduğunu bəyan etmişdir.
Ədəbiyyatda ideal qəhrəmanın Səməd Vurğun modeli mövcuddur. İlk dəfə Səməd Vurğun tərəfindən yazıçıların II qurultayında əsas konturları çıxılmış həmin modelin başlıca prinsipləri aşağıdakı kimidir: «İdeal qəhrəman – məhz özündə ən yüksək, real və həyati keyfiyyətləri təcəssüm etdirən qəhrəmandır. …İdeal qəhrəmanın gücü tam bir nəslin, yaxud tam bir xalqın gücüdür.
…İdeal qəhrəmanın obrazını insanı idealizə yolu ilə yox, insanı və onun ləyaqətini böyük bir qüvvə ilə yüksəltmək yolu ilə yaratmaq olar.
…Ədəbiyyat ideal qəhrəmansız da yaşaya bilər, lakin ədəbiyyatı idealsız təsəvvür etmək olmaz».1
Səməd Vurğunun ideal qəhrəman haqqındakı təlimi atalar sözü kimi sərrast və müdrikdir.
[1]Səməd Vurğun Vəkilovun şəxsi işi. Bax: AMEA-nın Arxivi, fond 39, saxlama vahidi 78, vərəq 6
1Əziz Mirəhmədov. Vətən havası üçün qəribsəmişəm. Bax: Qalacaqdır dünyada. (Səməd Vurğun haqqında xatirələr). Bakı, Azərnəşr, 1973, səh.236-237
[2]Yenə orada, səh.237
[3] Bax: Azərbaycan ədəbiyyatı tarixi. Bakı, “Elm”, 1957-1960
[4] Səməd Vurğun. Əsərləri, 6 cilddə. V cild. Bakı, «Elm», 1972, səh.151
[5] Yenə orada, səh.237
1 Səməd Vurğun. Əsərləri. 6 cilddə, VI cild. Bakı, 1972, səh. 384
2Vaqif Səmədoğlunun lent.az saytına müsahibəsi (11 noyabr 2009-cu il)
[6]Əziz Mirəhmədov. Vətən havası üçün darıxmışam. Bax: “Qalacaqdır dünyada” xatirələr kitabı, Bakı, Azərnəşr, 1973, səh.239
[7] Görkəmli yazıçı və dramaturq Nəcəf bəy Vəzirovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında. Bax: AMEA Arxivi, Protokollar (1955-ci il), vərəq 29-30
1 Səməd Vurğun. Nəcəf bəy Vəzirovun unudulmaz xatirəsi. «Bakinskiy raboçiy» qəzeti, 25 fevral 1955-ci il
1Səməd Vurğun. Əsərləri, 6 cilddə, VI cild. Bakı, “Elm”, 1972, səh.352
2Yenə orada, səh.356.
1Göstərilən mənbə, səh.360