12 iyun təqvimdə adi günlərdən biridi. Bu adi gün Azərbaycan ədəbiyyatına “Teleqram”, “Saz”, “Tütək səsi”, “Məşhər”, “İdeal”… kimi əsərlər bəxş etmiş, həyatının son illəri əsərlərindən daha çox maraq və sensasiya doğuran qeyri-adi yazıçı və insan İsa Hüseynovun – Muğannanın ad günüdü. İsa Hüseynov və Muğanna… Bu iki adın-iki adamın arasında “və” bağlayıcısı təsadüfi dayanmayıb. Mən “və”nin yerində çağdaş ədəbi tənqidi, İsa Hüseynovun bütün oxucularını, lap elə özümü görürəm. Biz tənqidçi və oxucu zümrəsi inanmaq istəyirik ki, Muğanna məhz İsa Hüseynovdu; hamımızın tanıdığımız və sevdiyimiz yazıçı. İnanmaq istəyirik, çox istəyirik. Amma… Muğanna öz özünün, yazıçı İsa Hüseynovun yaradıcılığının üstündən xətt çəkir və köhnə imzayla yazdığı əsərlərdən bilmərrə imtina eləyir. O, indi özünü qətiyyən yazıçı saymır. Və orasını da deyim ki, Muğannanın “Cəhənnəm”, “Gur Ün”, “Peyğəmbərin möhürü” kimi son əsərləri haqda ağzına su alıb durmağı üstün tutan ədəbi tənqid bu də bu məqamda onunla razılaşır… İsa Hüseynovun bütün yazdıqlarının mayası yerdən, torpaqdan götürülüb. Yəqin elə ona görə biz İsa müəllimi sevir və təqdir eləyirik. Çünki biz yer adamlarıyıq, boyumuz torpaqdan olsa-olsa onca qarış yuxarıdı. Muğannaya (özü demiş) bütün yazdırılanların mayası isə göydən, Tanrıdan tutulub. O, Bakının ən səs-küylü evlərindən birində oturub, sakitcə göylə əlləşir. Yəqin bax buna görə biz yer adamları Muğannanın dediklərini udub sinirə bilmirik. Çünki onun dediklərində həqiqət var. Həqiqət isə bizdən yuxarıdı – Muğanna kimi, Muğanna bizdən qəlbidi – həqiqət qədər… Mən Muğannanı sevə bilmirəm, açığı, yazıçı İsa Hüseynov qoymur. Mən İsa Hüseynovu indi daha çox sevirəm, çünki o, gözgörəti Muğannaya uduzur… “Həyat – ölümarası fasilədi”… Muğanna fasilədə dincəlmək əvəzinə işləyir. Onun bütün fikri-zikri gəldiyi yerdə qalıb. Hamımız bilirik, o, nə deyir, heç birimiz eşitmək istəmirik. Muğanna öz həqiqətini tapıb, - bu yerdə xoşbəxtdi. Muğanna öz həqiqətini hamınınkı eləmək istəyir, burda bədbəxtdi… O, öz təsəvvür və qənaətlərinin, yaratdığı sistem və nəzəriyyələrin qurbanıdı. Bizsə ona: “Qurbanın qoyun olsun!” - deyə təsəlli veririk… Muğannanın gəzib-dolandığı, qonaq çağırıldığı ruhlar aləmini təsvir eləməyə insan qüdrəti acizdi, yerin sözü kara gəlmir. Mən Muğannadan ORALARDAN gətirəcəyi sözü gözləyirəm… Onunla 1995-ci ildə radio üçün söhbət eləmişdim, həmin müsahibənin efirə getməyən hissəsi indiki kimi xatırımdadı.
DEYƏSƏN, ODU…
Yazıçılıq mənə irsən keçib. Bizim Bağlarımız, insanı insana bağlayan, «boq» olan Bağlarımız gələcəyi görməyiylə fərqlənirlər. Sən bilirsən ki, mənim onlarla irsi qohumluğum var. Muğanna nəsli Bağların nəslidi. Konkret bir hadisə danışım sənə: bir dəfə - 5-6 yaşım olardı onda – bağda kəpənəklərlə oynayırdım; gördüm ki, rəhmətlik atamla Xanbaba əmim ətrafımda fırlanırlar, nəsə söhbət məndən gedir. Xanbaba əmimin bir frazası indi də qulağımdadı: “- Odu, ya o döy?” Atam qayıtdı ki, əşi, sən də bilirsən, mən də, deyəsən, odu… Amma “deyəsən” sözünü işlətdi. Onlar varisi gözləyirdilər, Bağlar xəbər eləmişdi ki, VARİS GƏLƏSİDİ və bu elmi yazmalıdı – SAF AĞ elmini…
BAŞLANDI…
1985-ci ildə mən ilk dəfə səs eşitdim. Üzr istəyirəm, səs yox, Ün, Odər dilində Ün deyirlər. Hiss elədim ki, bu-fövqəladə bir şeydi. Beynimə elə bil hardansa Ün gəldi, “sağ ol!”. Özü də atamın ÜNü. Təsəvvür eləyirsən adam nə günə düşər? Sonra kinostudiyadakı otağımda bir neçə Ün gəldi. O vaxt mən SAF AĞ elmindən xəbərsiziydim, odur ki, sarsıldım. Sonra ruhları çağırdım. Ruh nədi? Bunu çox deyirəm mən, amma anlayan yoxdu: insanın son nəfəsində onun bədənindən işıq çıxır. O, beyinə yığılır, ordan çıxır – SAF AĞ işıqdı, heç kəs görmür. Ancaq mənim kimi bir növ bədbəxtlər görür. O işıq insan bədənindən ayrılandan sonra yerin atmosferindən çıxınca yavaş gedir, çünki çox zərifdi. Axırıncı qatı keçən kimi avtomat sürətiylə uçur. Uçur gedir Aya-AĞ planetinə. İndi gəl sübut elə ki, təbiət Yer planetinin eşiyindədi, Ayın içindədi. Ağ planetə uçan işıq irsiyyətə keçdiyinə görə, orda ətə, sümüyə, qana çevrilir. Həmin Adamı orda qəbul edirlər, tam örtülü şəkildə. Milyon kosmonavt yolla, biri də içəri keçə bilməz, qoymazlar yaxın getməyə…
“VƏ”…
İsa Hüseynov və Muğanna fizioloji cəhətdən eyni adamdı. Amma mənim – Muğannanın tərcümeyi-halı Bağday ərazisində yaşayan millətlərin taleyiylə bağlıdı. Mənim Hüseyn ağa deyilən babam olub. Şahidlər danışır ki, iki yüz ilə yaxın yaşı vardı öləndə, o qədər kiçilmişdi ki, uşağa oxşayırdı. Əslində, Muğannalar əbədi yaşayan nəsildi, onlarda ölüm söhbəti olmayıb. Ancaq babam daha Bağ deyildi, kişi təhrif olmuşdu. Bilirsən nədən ötrü? Bağlarla əlaqə kəsilmişdi, gəmilər işləmirdi, onunçun…
2x2
Heç kim inanmaz, mən dörd dəfə dalbadal infarkt oldum; beləcə, qəşəng kanal açılırdı, deyirdim ki, aparırsan? Bir dəfə lap kobud cavab verdilər. Dedi ki, sənin kimi zibillərlə bura doludur, otur aşağı, işini gör. Dedim, bəs bu qədər ağrı-filan, ürəyimi cırıq-cırıq eləmisiz axı? Dedilər, dəyişdiririk səni, hazırlayırıq, tələsmə… Mühit məni sarsıdır, ancaq SAF AĞ işığıyla müalicə olunduğumdan qorxusu yoxdu…
TARİX DƏRSİ
XVI əsrdə bütün Muğannaları qılıncdan keçiriblər. 400 min alim qırıblar ailəsiylə bir yerdə. İndi mən camaata desəm ki, bunu Səfəvilər eləyiblər, deyəcəklər ki, paah, düşmənçilik salır… Nadanlar eləyib də, bilsə ki, bu onun öz millətidi, BAĞ ATASIDI, eləməzdi. Şiə bilsə ki Əli BAĞ ATANIN oğludu… Avram deyirlər indi, EV ƏR İMdi kişinin adı, evimin işığıdı, bütün planet miqyasında ev, təsərrüfat işlərinə baxan adamdı bu. Bilmirik axı, indi mən yazıram bu şeyləri, deyirlər yazıram, əşi, oxuyun da SAF AĞ elmini, bədbəxt uşağı, bədbəxt. Niyə Bağlardan uzaq düşürsüz? Bir belə də təhrif olar?!..
MÜRACİƏT
Mənim hamıdan xahişim, tələbim, yalvarışım odu ki, Bağların elmini işlətsinlər, batırmasınlar. SAF Ağ elmi bədii əsər kimi göndərilib ki, biz onu anlaya bilək. Ancaq mən fizikanı da yaxşı bilirəm. Göydən ÜN gəlir, mən də təkrar eləyirəm. Gəlin Bağları qırmayaq! Bağlar çoxdu, Allahlardı onlar; ƏL AĞ deyirlər ona, biz BOQ deyirik. Məhərrəmlikdə şaxsey-vaxsey deyirlər, Həsəni, Hüseyni ağı deyib ağlayırlar. Bu camaatın xəbəri yoxdu ki, onlar dünyanın ən xoşbəxt adamlarıdı; OD AĞ ÜZ planetində gəmiyə minib belədən-belə gəzirlər… SAF AĞ elmini öyrənin! Bəşəriyyətin xilası Bağlardadı!...
***
…Mən Muğannanın SAF AĞ və OD AĞ ÜZ planetlərinə səfərindən arxayınam: o, gedir və qayıdır. Hətta bəzən gündə 2-3 dəfə. Ancaq geri qayıdanda Muğannanın ayaqları YERƏ DƏYMİR. Yəqin ona görə, dedikləri HAVADAN ASILI QALIR…