“Gedək üzü küləyə” R.Rzanın bir şeirinin, bir şeirlər kitabının adıdır. Ancaq biz onu böyük şairin tale yolu, yaradıcılıq yolu adlandırardıq. Bu deyimdə ZAMAN-a qarşı gedən qüdrətli şairin cəsarətli obrazı canlanır. O, ömrü boyu üzü küləyə qarşı getdi, çünki külək onun əleyhinə əsirdi, rejim onun millətinə qarşı dururdu. R.Rza isə millətinin içində idi. Ondan ayrıla bilməzdi, külək əsən tərəfə gedə bilməzdi Rəsul Rza! Daima küləyə qarşı getdiyinə, əbədi müqavimət ömrü yaşadığına görə onun misraları da sərtləşmişdi, yumşaq ipək don yox, sufilər kimi cod yun geyinmişdi Rəsul müəllimin şeirləri. Füzuli öz qəsidələrini “dövrandan sitəm görmüşlər” adlandırır. R.Rzanın da şeirləri belədir, o da böyük ustadı kimi “əşari-mədhü-zəmm” yaza bilmədi. XX əsrin sərt poeziyasını yaratdı. Yaradıcılığının ən parlaq bir dövründə - XX əsrin 60-cı illərinin ortalarında Xalq şairi Rəsul Rza “Məhəmməd Hadi” şerində yazırdı:
Şeir yaza bilmirəm,
Nə ürəyim göynəyir,
Nə sözlər yandırır dodaqlarımı,
Ağrısız, göynəksiz
Şeir olarmı?
Beləliklə də R.Rza şeirinin bədii-fəlsəfi formulası yaranır: dodaqları yandıran söz! Bu söz göynəyən ürəkdən, ağrıyan yaddaşdan və bir də R.Rzanın hər sözü kağıza buraxmayan, dünyaya yollamayan qapalı dodaqlarından keçib gəlməlidir... XX əsr Azərbaycan şeiri bədii-fəlsəfi məzmununa, poetik üslubuna görə iki təmayül üzrə inkişaf edib: birincisi, M.Müşfiq və S.Vurğunla başlayan lirik-romantik təmayül; ikincisi, R.Rzanın başçılıq etdiyi fəlsəfi-intellektual poeziya təmayülü. Birinci təmayülü O.Sarıvəlli, N.Xəzri, H.Arif, Qabil, N.Həsənzadə, M.Yaqub, Z.Yaqub, S.Rüstəmxanlı, N.Kəsəmənli... ikinci isə B.Vahabzadə, M.Araz, F.Qoca, Ə.Kərim, Ə.Salahzadə, R.Rövşən, V.Səmədoğlu, Ç.Əlioğlu... davam etdirdilər. R.Rza Azərbaycan sərbəst şeirinin klassikidir. Onu bu baxımdan türk şairi N.Hikmət, rus şairi V.Mayakovski ilə müqayisə etmək olar. R.Rza poeziyası XX əsrin 20-30-cu illərində novator bir hadisə kimi meydana çıxdı və 60-cı illərdə o, artıq dünya ədəbiyyatı səviyyəsində özünü təsdiq etməyə nail oldu. R.Rzanın novatorluğu müəyyən ənənələrlə bağlı idi. O, bir yandan yaşadığı dövrün-inqilabi zəmanənin revanşist ritmini tuturdusa, digər tərəfdən ənənələri Füzulidən daşlanıb gələn fəlsəfi şeirin Türkiyə romantik poeziyası- Ə.Hamid, T.Fikrət, Rza Tevfiq, N.Kamal kimi nümayəndələrindən yaradıcı surətdə bəhrələnirdi. Təbii ki, ortada V.Mayakovski, Emil Verxarn, Uitmen, N.Hikmət kimi sərbəst şeirçilərin təcrübəsi də var idi. R.Rzanın sərbəst şeiri, ümumən şairin poetik üslubu 20-30-cu illərin proletar şeiri məcrasında inqilabi dalğalar qoynunda, “Ədəbi döyüşlər” (M.Hüseyn) epoxasında formalaşıb bərkimişdi. R.Rza 60-cı illərə doğru artıq özü ənənə yaratdı – sərbəst şeir ənənəsini. Bu proses çox çətin oldu, tənqidlər, inkarlar şairin yaradıcılığı ətrafına əsəb toru hördü. Buna görə də şair bəzən sərt danışmalı oldu:
Deyirlər ki, şeirin sətirləri
Bərabər olsun gərək,
Köhnə alacıq cığları kimi
Təşbehlər cilalı olsun
Sətirlər sığallı, yağlı
Qafiyələr xınalı olsun
... Sətirlərin boyu ilə ölçürlər
Şeirin dəyərini
Təyyarədən doğma, əziz bilirlər
cağlı araba təkərini.
Mənə bir sərgi salonu verin
Orda bir insan şəkli asacağam
Adi bir insan.
Nə elə kiçik ki, məhəl qoyan olmaya
nə elə böyük ki, baxanda qorxasan
... Bir insan şəkli asacam;
qapalı dodaqlarında söz yanğısı.
Ətrafında bayram təntənələri,
Baxışında sınaq günləri,
dözüm sənələri.
Şəklin müəllifi zaman
Adı – insanlığın ömür yolu.
İnsanlığın ömür yolunu obrazlaşdırırdı Rəsul Rza. Bunun üçün ilk növbədə qapalı dodaqlarda söz yanğısını görmək lazım idi. Şair bunu bacardı. Yalançı bayram təntənələri ilə süslənən bir cəmiyyətdə insanın azadlıq təntənəsini bundan daha gözəl, mənalı və poetik vermək çətindir. “Müəyyən dərəcədə gözlənilməz olan iki sözün yaxınlaşmasından xüsusi işıq saçılır. Bu, obrazın işığıdır” (Breton), “qapalı dodaqlarında söz yanğısı” olan azadlıq mücahidinin obrazı da bu şeiri başdan-başa işığa qərq edib. R.Rza yaradıcılığında ağlagəlməz alliterasiyadan- söz uyuşuğundan yaranmış bu işığı onun dostu və müasiri, Azərbaycanda sərbəst şeirin ilk çıraqbanı Nazim Hikmət də görmüşdü:
“Şair sadə və gündəlik məsələləri elə təsvir edə bilir ki, ətrafındakı hər şey onun poeziyasının güclü işığına qərq olur”. Adi sözlərdən böyük bədii-fəlsəfi simfoniya kimi yaranmış bu şeir işıqla doludur:
Mən istəyirəm:
buludlar ağlasın
uşaqlar ağlamasın
analı, ya anasız.
Mən istəyirəm:
güllər açılsın,
güllələr açılmasın,
amanlı, ya amansız.
Bəhərdən budaqlar əyilsin,
İnsan başını əyməsin
xəcalətdən, ya gücsüzlükdən.
Bundan humanist istək, insana bundan artıq sevgi olarmı?! Məşhur nəzəriyyəçi Q.Qukovskinin “Mayakovskinin üslubu haqqında” (“Zvezda” 1940 №7. s.166) məqaləsində olduqca dəqiq bir fikir var: “Mayakovskinin metaforası fikrin, sözün içindəki işi deməkdir”. Eyni fikri R.Rza poeziyasına da aid etmək olar. Şairin 1958-ci ildə yazdığı “Ərk qalası” şeirindən bir parçaya nəzər salaq:
Vuruşdular:
alt dodaqdan
üst dodağa qalxa bilməyən
səsə qədər
Susuzlar «yandım» demədi
Öpdü qurumuş dodaqları,
Qan hopmuş torpağı,
Yaralarına basdılar
Qan rəngli bayrağı.
Söykənib qala divarına
Öldülər ayaq üstə
çiyin-çiyinə.
Gecə ağır-ağır keçdi
cənazələrin üstündən
Keçdi getdi yolu səhərə
Günəş şəfəqdən bir örtü çəkdi
Torpağı qoruyub, torpaqda dincələn
cənazələrə.
Başdan-ayağa bənzətmədir, bənzəməyənlər bir-birini nə qədər tamamlayır bu şeirdə. “Alt dodaqdan üst dodağa qalxa bilməyən səs”- Azərbaycan poeziyasında buna oxşar ikinci bir poetik fiqur tapmaq mümkün deyil. Hələ siz buradakı psixoloji yükə baxın. Biz öyrənmişik ki, poeziyada dodaq gözəllik rəmzidir. Alt dodaqdan üst dodağa qədər qalxan səs görəsən nədir ki, bu metafora vuruşun ağırlığını çəkmək üçün ən sonuncu ölçü vahidinə çevrilir. İnsan ömrünü onun bütün igidliyi ilə birlikdə iki dodaq arasında həlak olan bu səsə yerləşdirmək ancaq R.Rza hünəridir. Yaxud, misal gətirdiyimiz parçanın son üç xətti: “Günəş şəfəqdən bir örtü çəkdi // Torpağı qoruyub torpaqda dincələn// cənazələrə”. Dərhal adamda torpağı əkib becərən, sonra da da əkdiyinin bəhrəsini yeyib “oxqay” deyən adamın obrazı haqqında assosiasiya yaranır. “Dincələn cənazə” – bu, ancaq R.Rzaya məxsus obrazdır. Başqa bir şeirdən kiçicik parça:
Od nə çəkdi,
küldən soruş!
Baş nə çəkdi
dildən soruş!
Nəğmələrin həsrətini
bir qırılmış teldən soruş
... hansı şeirim,
hansı sözüm
yaşayacaq məndən sonra?
Mən bilmirəm,
eldən soruş.
Kül odun sonu, baş dilin bəlası, qırılmış tel nəğmə həsrətinin obrazı - əslində bir-biri ilə yola getməyən assosiativ uyuşmazlıqlardan yaranmış 60-cı illərin məşhur “Soruş” (1964) şeiri.
Ağ, qara, yaşıl, sarı, qırmızı;
Hərəsi bir sınaqla bağlıdır
Biri həsrətimizi xatırladır,
Biri dərdimizi, biri arzumuzu.
Hərəsində bir məna arayıb
bir səbəb görən var
... Rənglər xatirələr oyadır,
duyğular oyadır.
Gördüyümüzdən artıq görmək istəməsək,
hər rəng adicə boyadır.
Rənglərin də musiqi kimi ahəngi var,
Ağrının, sevincin, ümidin də rəngi var
Düşündükcə açılır
Əlvan səhifələri rənglərin.
SÖZ, SƏS, İŞIQ və RƏNG – R.Rza “Rənglər”ini bu dörd anlayışın imkanları müstəvisində yaradıb. “Rəng”lərin əsasında şairin dünyaya baxışını ifadə edən söz, səs, işıq və rəng assosiasiyaları dayanır. Və əslində poetik açar dəqiq verilir: “Gördüyümüzdən artıq görmək istəməsək // Hər rəng adicə boyadır.” R.Rzanın “Rənglər”i rəngi boyadan ayırır. R.Rzanı hamıdan yaxşı duyan N.Hikmət onun haqqında məqalələrindən birində bu silsiləni “assosiativ təfəkkürdən doğan poetik nümunələr” adlandırıb müəllifi haqqında deyirdi: “Rənglər” silsiləsində Rəsul Rza bir şair kimi özü özünü ötüb keçmişdir. Qırx yaşına qədər o, sadəcə yaxşı şair idi. İndi isə böyük şairdir”.
Azərbaycan ədəbiyyatında mifdən tutmuş türk epos təfəkkürünün şah əsəri olan “Kitabi-Dədə Qorqud”a, oradan dahi Nizaminin “Yeddi gözəl”inə, nağıllarımıza, “Həpsi rəngdir” müəllifi Səməd Mənsura və XX əsrin ortalarından R.Rzaya qədər poetik yol keçmiş bu dünyaduyumu assosiasiyaları musiqi mədəniyyətimizdə də yer almışdır (Məsələn, Q.Qarayevin “Yeddi gözəl” baleti).
Hərtorpaqdabitənlər
Cansızbarmaqlararasında
Sönmüş siqaretinuzunkülü
Vağamgüllər – selofanabükülü
Boş günlər,
boş ürəklər,
Həmelə, həmbelə adam,
Vərdişli, könülsüzgülüş,
Soyuqtənhalıqdan
Saçlardaqalmış gümüş
Yetimbirqızuşağının
dəyişəksizdizliyi,
Vaxtın rəngsizliyi
Görün burada nə qədər bir-biri ilə uyuşmayan və standart təfəkkürə görə poeziyaya yaramayan söz işlənib. Amma etiraf edək ki, poeziyaya “yararsız” bu sözlər İlahinin sevgi vəhdəti sayəsində necə böyük poeziya yaradıb. Obrazlara fikir verin: “Çoxlara qarışıb itənlər”, “Cansız barmaqlar arasında sönmüş siqaretin uzun külü”, “selofana bükülü vağam güllər”, “Həm elə, həm belə adam”, “vərdişli, könülsüz gülüş”, “yetim qız uşağının dəyişiksiz dizliyi”, “vaxtın rəngsizliyi”. R.Rza poeziyasını bəzən quru olmaqda tənqid edənlərdən soruşuram: kiçik bir şeirdə bu qədər poetik obraz çox deyilmi?! Gedin zövqünüzü dəyişin, cənablar! R.Rza poeziyası bədii-fəlsəfi tapıntılar silsiləsidir. İstəsən burada əruzun ləngərli dəvə karvanını da, hecanın “mən türkəm” deyən narın pıçıltılarını da görə bilərsən. R.Rzanın sərbəsti bizim doğma şeirimizin XX əsrdəki parlaq təzahürüdür:
Bəri gəlgil, bağım baxtı, evim taxtı
Evdən çıxıb yürüyəndə səlvi boylum!
Günəş qızıl yaylığını dağ başında saldı, getdi,
Göy sularda şəfəqlənən işığını çaldı, getdi,
Təbiətdə nəyi vardı, bir qırpımda aldı getdi,
Varmı duyan bu həsrəti yer üzündə insan kimi.
Bu, hecanın ən ağır 16-lıq şəklidir. R.Rza Azərbaycan şeirinin hər üç vəznində - heca,əruz və sərbəstdə yaza bilərdi. Çünki onun şairlik istedadı Allah vergisi idi. Böyük rəssamımız Tahir Salahovun portretindən aydın görünür ki, Rəsul müəllimin sərt və kip qapalı dodaqları var imiş. O, bu dodaqların arxasında “Yuxulu körpənin təbəssümünü” gizlədirdi bu iyrənc dünyadan. “Çiçəkli bahar budağı” rəngində, yəni ağ rəngin sevinc çalarında geyinərmiş R.Rza. Bir də qapalı dodaqlarını yandırmasa, o, sözü bayıra çıxarmazmış...
Qeyrəti və cəsarəti nəsillərə nümunə olan görkəmli ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü professor Abbas Zamanov qeyrət və cəsarət rəmzi olan “Kişi şair” adlandırdığı Rəsul Rza haqqında “Bu dünyadan Rəsul Rza gəlib keçdi” (2008) adlı kitabında yazıb: “Rəsul həmişə həyatın inkişaf istiqamətlərini qabaqlamış, onlara müdaxilə etmiş, oxucularına gələcəkdən xəbər vermişdir. Bu xüsusiyyyətlərinə görə o, poeziyamızın tarixinə mütəfəkkür bir şair kimi daxil olmuşdur.
Ədəbiyyatların tarixindən tanıdığımız bütün həqiqi novatorlar kimi Rəsul Rza da klassik irsə bağlı sənətkardır. Rəsul poeziyasında Nizamidən gələn fəlsəfi bir duz, Nəsimidən gələn qeyrət, Füzulidən gələn insani sevgi, Sabirdən gələn öldürücü gülüş və nifrət vardır. Rəsul Rza poeziyasında Vaqif şuxluğu, Vidadi kədəri, Hadi narahatlığı vardır. Rəsul Rza klassik poeziyamızın gözəl ənənələrini davam və inkişaf etdirən söz ustasıdır... bugünkü poeziyamızın canlı klassikidir”. Abbas müəllim bu fikirləri 1980-ci il may ayının 20-də yazmışdır.
Səni axtarıram sözlər içində,
Yox, adına layiq söz axtarıram
Dərdini, naləni duyan bir ürək,
Möhnətini görən göz axtarıram,
Ürəyim Şeirinlə doludur, Ustad!
Yazıb-pozduqlarım varaq-varaqdır
Bu çətin yollarda mənzil başına
Məni məhəbbətin aparacaqdır.
XX əsrdə Füzuliyə müraciətlə çox əsərlər yazılıb. R.Rzanın əsərini zirvələrin dialoqu, həsb-halı kimi dəyərləndirmək olar. R.Rzaya qapalı dodaqların söz yanğısı Füzulidən gəlir:
Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə döyər kimsə qapım badi-səbadan qeyri
Bu idi Füzulinin yanğısı!
Yandı bağrım hicr ilə vəsli-ruxi yar istərəm,
Dərdiməndi-firqətəm dərmani-didar istərəm.
Bu yanğıların içindən R.Rza ən başlıcasını – vətən yanğısını seçib götürür:
Bilirəm ey dərdli, vətən həsrəti
Quru sazaq kimi səni kəsibdir,
Hər «vətən» deyəndə saralıb gözün,
Dodağın titrəyib, dilin əsibdir!
R.Rza şeirinin poetik gücü onun ZAMAN tutumundadır. O, zamanı tutub saxlayır, öz xeyrinə işlədir, onun obrazını yaradır, bu obraza fəlsəfi-intellektual hüsn verir.