AĞAC KULTU
“Ets a-xaum” – “Bay terek” – “Həyat ağacı”
"Məgər göylərdə və yerdə olanların – günəşin, ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi?..." (Quran. Əl-Həcc, 18-ci ayə).
Yer üzərinə göndərilən bütün səmavi kitablar Yaradan sorağını, onun əmrlərini insanlara çatdırmaq üçün bir vasitədir.
Yazının məlum olmayan zamanlarında ağızdan-ağıza gələn rəvayət və əfsanələrimiz öz qeyri-adi və sehrli məzmunu ilə daima diqqətimizi çəkib. Sehrli nağıllar silsiləsi həm bizə tarixi qatlarımızdan, vaxtilə yaşamış insanların dünya görüşündən, həyata baxışından xəbər verib. Nədən onları nağıl, əsatir kimi qəbul edirik, amma dini kitabların söylədiklərini, ağlımızdan kənar, dərk olunan və olunmazlarını qeyri-şəksiz qəbul edirik?
Quran surələrində ritorik suallar olduqca çoxdur.
Dəfələrlə özümə verdiyim suallar cavab axtarışında bir çox fəlsəfi kitabları, buddizm müddəalarını, İncili, Tövratı, Zəburu vərəqləməyə səbəb olur. Bəli, Quran bizə aşkar möcüzələrlə gəlib. İndinin özündə də sübut edilib ki, elmə hələ 18, 19-cu əsrlərdə bəlli olan araşdırmalar Quran səhifələrində artıq deyilirdi. Yəni kəşfdən öncə artıq kəşf var idi.
Quranda dəfələrlə təkrarlanan – sizdən öncə də dünyada qövmlər olub, onlar böyük biliyə, elmə sahib olublar deyimi insan beynini olduqca mənalı və düşünməsi qorxulu olan məqama gətirib çıxarır. Bilinən və bilinməzlərin kitabı olan Səma elçiləri bizləri yatmış və unudulmuş tarixə nəzər salmağa dəvət edir. Çoxumuz isə müqəddəs kitabları evimizin içində boyumuzdan hündür bir məqamda yerləşdirərək hərdənbir səhifələrini vərəqləyib salavat çəkməkdən başqa bir şey etmirik. Və düşünürük ki, onun evimizdə varlığı bizi bir çox təhlükələrdən uzaq tutacaq, evimizə ruzi gətirəcək və.s.
Təhlükə isə elə başımızdadır. Əlbəttə, hər kəs surə və ayələrdə tamamən ayrı-ayrı nəsnələrin seyricisinə çevrilir. Birisi üçün Quran Cəhənnəmdən olan xəbərlər toplusu, qorxu, vahimə. Bir başqası üçün Cənnət seyri, səfa göstərisidir. Alimlər isə əsrlər boyu ona arxalanaraq kəşflərə imza atıblar.
Uzun illər məni düşündürən mövzulardan biri də ağac mövzusu idi. Ümumiyyətlə, istənilən mifik, dini, əfsanə yolundan ağac mövzusu ana xətt kimi keçir. Müxtəlif xalqların şifahi xalq ədəbiyyatı nümunələrini vərəqlədikdə ana ağac gəlib önümüzdə dayanır. Mətnin əvvəlində Qurandan gətirilmiş sitatdan da bunu görürük. Qəribəsi odur ki, canlılar əlavə izaha, şərhə ehtiyac duymadan Allaha həmd edirlər, ona itaətdə bulunurlar. Amma surədə deyilən “insanların bir çoxunun” (hamısının yox) kəlməsi şüurlu insan üçün yol ayrıcı vardır deyimini bizə xatırladır. Digər canlıların səmavi kitablara ehtiyacı yoxdur. Onlar hər biri ayrı qövmlərdir. Canlıdırlar, düşünürlər (halbuki biz onların hərəkətlərini instikt adlandırırıq). İnsan isə dərkdir, şüurdur.
XƏMSƏ
Yer üzərinə dörd müqəddəs kitabın gəlişindən xəbərimiz var. Amma, beşlik anlayışının haradan gəlməsi olduqca maraqlıdır. Düşünürəm ki, unutduğumuz nə isə var. O nə isə...
“Həvva və Adəm” mifində də ağac yenə diqqət mərkəzindədir. Qadağan olunmuş ağacın meyvəsi dərilərək yeyilir. İlk insanlar Cənnətdən qovulur.
Qərb fəlsəfəçiləri insan yaranışı haqqında ət ürpədən və insanı düşündürən bir çox mülahizələr söyləyirlər. (Şərqdə fəlsəfəsində də eyniliklər var). Məsələn, Adəmin bizim dərk etdiyimiz forma və biçimə malik olmadığını eşitsəniz reaksiyanız necə olar? Onu necə təsəvvür edərdiniz? Fəlsəfə ilk insanın tamamən fərqli görkəmə malik bəşər olduğunu söyləyir. Bu haqda düşünmüsünüzmü?
Hal-hazırda bəşəriyyət özünün sonuncu dünya stukturunu yaşayır. Fiziki dünya adlanan bu dünyada hər şey forma olaraq qəbul edilir. Yəni biz forması olmayan heç nəyi qəbul etmirik. M.G-ya görə fiziki dünyadan öncə Allah, Bakirə ruh, Allah ruh, Həyat, Fikir və düşüncə, İstək və xəyal dünyaları mövcud olub. Allah dünyasında fövqəl bəşəri şüurlar sistemi mövcud olub. Enerji. Xaos... Əlbəttə, dini kitablarda deyildiyi kimi bunları dərk etmək olduqca qəlizdir və mümkün deyil. Ruh haqqında danışmaq istərkən, “bu yalnız mənə aiddir” kəlməsi bizi bilmədiyimiz nəsnə haqqında mübahisə aparmamağa sövq edir. Həyat dünya strukturunda dünya yeni bərqərar olur. Artıq Yer üzərində həyat elementləri sezilməyə başlayır. Fikir və düşüncə dünyasında Yaradan istəklərini xəyal edir. Sonra istəklər formal olaraq mövcudiyyət qanunları strukturunda cəm olur.
Bizim dünya qanunlarında “O” və “Bu” adlandırdığımız iki dünyanın adı qalıb. Qalan dünyalar varlığından xəbərsizik. Amma bilirik ki, var. Olub.
Gendalın sözlərinə görə “İnsan çevrilmiş bitkidir”. Məncə bu fikir olduqca düşündürücü və tükürpədicidir. Çevrilmiş bitki dedikdə nə nəzərdə tutulur? Yenə də ağac mövzusu fəlsəfi gəlişmələr nəticəsində qarşımızda dayanır. Təsəvvürünüzə gətirirsiniz, ilk insan olan Adəm formaca ağac olub. Bəli, bəli Ağac. (Əlbəttə, fəlsəfə fikir yürütümüdür, mülahizədir. Amma düşünməyə dəyər).
Bəşəriyyət tarixi önündən bir çox qövmlər gəlib-gedib. Amma bu o demək deyil ki, onlar bizim təsəvvür etdiyimiz iki ayaqlı, iki əlli, bir başlı varlıqlar olub. Mən məsələn dənizi iki yerə ayıran Musanı bir başqa cür təsəvvür edirəm. Yox, ağac kimi yox, amma nə isə kimi...
Ağacla bağlı həm İncildə, həm Tövratda, Zəburda, Quranda eyhamlar var. İndi dini konsepsiyadan ayrılıb rəvayətlərə baş vuraq. F.Bayat yazır ki: “Türk mifologiyasında Göy Tanrıdan qopub ayrılmış ağac bir sıra etnoqonik miflərdə ilk ana kimi xatırlanır. Mifə görə dağın üzərində yaşıllanan ağaca göydən işıq düşmüş, bu ağac gövdəsi şişmişdir. Bir müddət sonra gövdə yarılmış, oradan beş uşaq çıxmışdır. Onların ən kiçiyi olan Buğu Təkin sonradan bir çox xalqları özünə tabe edərək böyük dövlət yaratmışdır”.
Şamanizmin özü də bütün canlılarda ruhunun olmasını söyləyir. Onlar ağac ruhuna inanıb ona qurban gətirirlər. Onlar üçün ən müqəddəs ağac Qayın ağacı (Bəy Kayın) hesab olunurdu.
Və yaxud Uluqayn - türk mifologiyasında həyat ağacı olaraq yad edilir. Rəvayətə görə bu ağac yerlə göyü bir-birinə bağlayırdı. Kayra Xan tərəfindən əkilmişdir. Dünya ilə birlikdə yaradılmışdı. Dünyanın, yeraltının və səmanın tam mərkəzində yerləşirdi. Budaqları səmanın üstünü tutardı. Kökləri torpağın bütün qatlarını deşib yeraltı okeanına qədər uzanardı. Öskökö quşu onun ətrafında dönərək uçardı.
Türk mifologiyasına görə qəhrəmanlar ağac yolu ilə cənnətdən gələrlər.
Eyni mənzərəni nağıllarımızda da görürük. Məlikməmmədin quyuya, Divin ardınca getməsinin səbəbkarı da məhz ağac olmuşdu. Yəqin nağılı xatırlayırsınız... Padşahın bağında alma ağacı yetişir. Ağac hər üç gündən bir bar verir. Barından yeyən kəs on beş yaşlı cavana çevrilirdi. Məlikməmməd atasından izn alıb bağa yollanır. Və.s. Həmçinin qaranlıq dünyada da ağacın şahidinə çevrilirik. Onun başının üzərində Zümrüd quşu oturardı. Və.s.
Manixeizmin təsiriylə Həyat Ağacının əksi olan Ölüm Ağacı simvolikası da türk mədəniyyətinə daxil olmuş lakin olduqca yabancı görünmüşdü. Mani dini bu əkiz ağaclardan birinə ölüm funksiyası yüklənmişdir. Həyat Ağacına az qala eyni xüsusiyyətlərlə amma bir az xüsusi detallarla Macar mifologiyasında da Vilagfa və ya Eletfa adıyla da rast gəlinir. (Adı Macar amma motiv Ural-Altay mifologiyasına aiddir). Macarlara görə şaman trans halındakı səfərində bu ağaca dırmaşaraq göyə çıxardı.
Qədim Slavyanlar üçün ağac yol metaforası idi. (Qədimlərdə azərbaycanda da uzunluq ölçü vahidi ağac idi. Məs: Bir ağac yol getdim və.s). Onlar düşünürdülər ki, ölən insanın ruhu ağacların daxilinə keçid edir. Serblər ölən insanın məzarı üzərində ağac əkərdilər. Onlar düşünürdülər ki, ölənin ruhu ağaca keçərək rahatlıq tapacaq. Qədim Slavyanlar xristianlığı birdənbirə qəbul etməmişdi. Onları ibadətgahlara sövq etmək üçün məbədləri, kilsələri meşələrdə, ağaclıqla əhatələnmiş ərazilərdə tikərdilər. Bəzi xalqlarda yuxuda yıxılan ağac görmək yaxınlarının hansınınsa itkisi kimi yozulardı. Elə bizim də mifik təsəvvürlərimizdə, yuxu yozumlarımızda bu nüans qalmaqdadır. Çiçəkləyən ağac görmək şad xəbərə yozulur.
Xakaslar hər tayfanın özünün ağacının olmasına inanırdılar.
Azərbaycanın bəzi bölgələrinin inancına görə isə göz qaytarmaq üçün dağdağan ağacından istifadə olunur.
Adıq (çərkəz) subetnoslarında da belə inanclar mövcuddur. Övliya Çələbi həmin ərazini təvir edərkən bu ərazinin müqəddəs Adamiy ağacının sıldırım qayalar arasında olduğunu söyləyir. Onun təsvirlərinə görə burada insan boyu qədərində polad insan heykəli mövcuddur. Həmçinin xəzinə yerləşir. Kim əgər bu var-dövlətə əl vurmazsa ona bir xətərin yetirilməməsindən söz açır. Təsvir mətnində eyni ərazidə yarpaqları yüz il ərzində öz təravətini itirməyən bir ağacdan da söhbət açılır. Rəvayətlərə görə bu ağacın toxumu cənnətdən Allah tərəfindən İsgəndər Zülqərinəyə verilmişdi. (Nifaq yaradan Yəcuc və Məcuc tayfalarının qarşısına sədd çəkdiyi üçün mükafat olaraq verilmişdi).
Qədim illüstrasiyalarda, xalçalar üzərində də buna bənzər ağac təsvirlərini görə bilərik.
Bilmirəm, düşünə bilərik ki, (adətən belə düşünürük) ağac ilkin materiya olduğu üçün sanki yaranışı, torpağa bağlılığı simvolizə edir. Guya bu səbəbdən ona həyat ağacı deyirik. Və yaxud soyuna bağlı insana kökünə bağlı deyərək ağacla eyniləşdiririk. Hər halda, düşünürəm ki, sadə görünən bir anlayışın arxasında vərəqlərə sığmayacaq böyük mətnlər, izahlar mövcuddur.
Yaranış kitablarının bizlər üçün qoyduğu tapmacaların açmasını tapmaq olduqca maraqlı və düşündürücüdür.
Ağac kultu bəşəriyyətin dərk etmədiyi amma, ona çox bağlandığı və bu inamı özündən uzaqlaşdırmadığı bir maddi varlıqdır. Məsələn, Musanın əsası onun üçün aparıcı element idi. Və yaxud Tur dağında alovlanan ağac ilə Yaradanın onunla (Musa ilə) rabitə qurmasi olduqca maraqlıdır.
Adəmin bayaq söylədildiyi kimi ağacla verilmiş sınaqdan yaxşı çıxa bilməməsi və Cənnətdən qovulması olduqca maraqlıdır.
Və yaxud Quranda dörd dəfə adı çəkilən Yunus balığın qarnından çıxdıqdan sonra başı üzərində bir ağac bitir və o, bu ağacın meyvələrindən yeyərək qüvvə toplayır.
("Beləliklə, onu xəstə halda tavan və kölgəsiz yerə atdıq. Və onun başı üzərində balqabaq növündən bir tağ bitirdik" ("Saffat" surəsi, ayə 145-146).
Məryəm də ağac altında İsanı dünyaya gətirir. Həmçinin ağacın meyvəsi onu doyurur.
Və yaxud İsa peyğəmbər həvarilərini imana inandırmaq üçün Əncir ağacını lənətləyir və ağac quruyur.
Süleyman peyğəmbər əsası üzərində dirsəklənərkən dünyasını dəyişir və.s.
Biz Cəhənnəm təsvirlərində də bir daha ağacla rastlaşırıq. Quranda bu ağac lənətlənmiş ağac kimi təsvir edilir (Zəqqum ağacı). Onun təsviri olduqca qorxuncdur.
Qədim türk retullarında olan ağaca bez bağlama ayini İslamda tam rədd edilsə də indinin özündə də bu kult qalmaqdadır. Hal-hazırda da ağac pirlərinin mövcudluğu bu varlığa olan inamdan, etiqatdan və bizə məlum olmayan instinktiv hissdən meydana gələn hadisədir.(«Əshabi-Kəhf»də və digər ziyarətgahlarda ətrafdakı ağac və kollara parça bağlanması).
Düşünürəm ki, Adəm əgər ağac olmuşsa, Həvva onun qabırğasıdan, daxilindən yaranmışsa və onlar ağac olaraq qadağan olunmuş ağacdan dadmışlarsa...
“Ağac səmtinə yıxılar” atalar sözündə deyildiyi kimi günlərin birində ağac kultunu tanımaq eşqi bizi doğru yol üzərinə gətirəcək. Dünyanın ilk sakinləri ağaclar haqqında olan araşdırmalar zamanla daha da inkişaf edərək bizləri bəlli məcraya gətirib çıxaracaq.