Həbib Sahir çağdaş Güney Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindəndir. O, lirik-romantik duyğular şairi, müasir və klassik şeir ənənələrini yaradıcılıqla davam etdirən, həm xalq ruhunda, həm də yeni üslubda, sərbəst vəzndə uğurlu əsərlər yazıb-yaradan görkəmli qələm ustası kimi tanınmışdır.
Həbib Sahir 1903-cü ilin mayında Təbriz şəhərinin Sürxab məhəlləsində dünyaya gəlmişdir. Atası Mirqəvam Məşrutə inqilabı zamanı həlak olmuş və 5 yaşlı körpənin tale qapısını yetimlik, öksüzlük adlı sitəm döymüşdür.
O, ilk təhsilini mollaxanada alıb. Hələ 6 yaşı tamam olmayan Həbibi Boyat qəbiləsindən olan anası Fatimə xanım (Bunu şair sonralar ustad Şəhriyarın “Heydərbabaya salam” mənzuməsinə yazdığı nəzirəsində - “Məktəb xatirələri” poemasında da: Anam mənim ortaboylu bir xanım, Siyah saçlı, «Bayat» soylu bir xanım, - deyərək vurğulayıb...) məsciddəki molla məktəbinə gətirib və deyib: «Axund, Həbibin əti sənin, sümükləri mənim». Mollaxanada ərəbcə təhsil almağa başlayan balaca Həbib buranın sərt qayda-qanunları və mollanın əzazilliyi ucbatından bir çox çətinliklərlə üzləşir, lakin məhəllədəki «Sərdabə üstü» molla məktəbində mollabacıdan ərəbcə dərs aldığından ərəb dilində yazıb-oxumağı çox tez öyrənir. «Mədaris-i Mötəmidə» və «Rüşdiyyə» məktəblərində ibtidai təhsil aldıqdan sonra, «Mədrəse-yi Mübarək-e Məhəmmədiyyə» liseyində ustad Şəhriyarla birgə oxuyur. 1925-ci ildə orta təhsilini bitirən Həbib fransız dilini mükəmməl öyrənməyə başlayır. Çünki «Mədrəse-yi Mübarək-e Məhəmmədiyyə»də təhsil alarkən mətin inqilabçı, görkəmli ictimai-siyasi xadim Şeyx Məhəmməd Xiyabaninin baş müavini, məşhur şair və inqilabçı Mirzə Təqi xan Rəfət onun fransız dili və ədəbiyyatı müəllimi olmuş, qəlbində bu qədim mədəniyyət dilinə, şeirə, poeziyaya, ümumiyyətlə, böyük ədəbiyyata dərin sevgi oyatmışdı.
Hələ tələbə ikən gənc Həbibdə poeziyaya böyük həvəsi, şairlik istedadını görüb hiss edən T.Rəfət o vaxtlar Türkiyədə nəşr olunan «Sərvət-i fünun», «Ədəbiyyat-i cədid», «Rəsmli ay» kimi ədəbi-ictimai jurnalları ona çatdırırdı. O isə öz növbəsində sonsuz maraq və sevgi ilə türk ədib və şairlərinin, eləcə də Tofiq Fikrətin, Cəlal Sahirin yeni forma və məzmunlu əsərlərini oxuyur, Türkiyə ədəbi mühiti ilə tanış olurdu. Həmin əsərlər gənc Həbibə güclü mənəvi təsir bağışlayırdı. Bu dərin təsirin nəticəsində Həbib Cəlal Sahirin soyadını özünə sevgi ilə soyad seçir.
Qeyd edək ki, dövrünün tanınmış novator şairlərindən olan Təqi xan Rəfət Təbrizdə «Təcəddüd» (yeniləşmə) adlı qəzet buraxırdı. Tələbələri isə onun şeirin forma və məzmununda yaratdığı yenilikdən ilham alaraq «Əncümən-i Rəfət» qəzetini yayımlayırlar. «Əncümən-i Rəfət»də şairin sevimli tələbələri Məhəmməd Xürrəm, Həbib Sahir, Təqi Bərgüzar, Yəhya Arianpur daha çox fəallıq göstərir, hətta «Ədəb» adlı yeni qəzet də buraxırdılar. Lakin Xiyabani hərəkatı şah qoşunları tərəfindən xüsusi amansızlıqla yatırıldıqdan sonra qabaqcıl qəzet və dərgilər bağlandı. Bütün bu haqsızlıqlara, Xiyabaninin öldürülməsinə dözə bilməyən Təqi xan Rəfət Qızıl Dizə kəndində özünü asaraq intihar edir. Lakin sədaqətli tələbələri, o cümlədən, Həbib Sahir novator şairin yaradıcılıq yolunu davam etdirirdilər. Sahir hələ «Məhəmmədiyyə» mədrəsəsində təhsil alarkən fransız dilindən az-az tərcümələr edir, mətbuatda nəşrinə nail olur, fransız ədəbiyyatı ilə maraqlananlara bu ədəbiyyatla, qismən də olsa, tanışlıq imkanı yaradırdı. Ancaq Xiyabaninin və müəllimi Təqi Rəfətin şəhid olması, onların faciəli taleyi Sahirin ürəyinə dərin yara vurur, ruhunu sarsıdır. Bu böyük kədər həssas gəncin əbədi qəlb ağrısına çevrilir və ilk qələm təcrübəsini, ilk şeirini də məhz alovlu vətənpərvər, mətin inqilabçı Şeyx Məhəmməd Xiyabaninin ölümünə həsr edir. Türkiyəyə, türk ədəbiyyatına marağı isə səngimək bilmirdi. Bu böyük maraq onu qardaş ölkəyə doğru çəkirdi. 1925-ci ildə orta təhsilini bitirməsi haqda lisey diplomu alır və bir müddət - 1927-ci ilədək Kürdüstanda kürd ağalarının uşaqlarına fars dili və ədəbiyyatından dərs deyir. «Xatirələr»ində yazdığına görə, Kürdüstanda işlədiyi iki il müddətində az-çox Osmanlı qızıl lirəsi toplayır və 1927-ci ildə «Rusiya-Bakı-Batum-Tiflis» yolu ilə Türkiyəyə gedir. Burada «Dəbistan-i İraniyan»da fars dili və ədəbiyyatını tədris edir, eyni zamanda, imtahanlara hazırlaşır və İstanbul Universitetinin coğrafiya fakültəsinə daxil olur. İstanbul ədəbi mühiti ilə yaxından tanışlıq Sahirdə dərin təbəddülat yaradır, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Burada Tofiq Fikrət, Nazim Hikmət, Cəlal Sahir, Yəhya Kamal, Ziya Paşa və İbrahim Şinasinin əsərlərini, eləcə də İstanbulda fəaliyyət göstərən «Amerikalıların klubu»nda fransız missionerlərindən yeni fransız ədəbiyyatını öyrənir. Bu dönəmdə Sahir şeir yaradıcılığından fərqli olaraq mütaliəyə ciddi yanaşır və bədii ədəbiyyata daha çox vaxt ayırır. Ara-sıra şeirlər, İstanbul türkcəsində bir-iki qəzəl yazsa da, əsasən böyük fransız şairi Şarl Bodlerin yeni səpkili şeirlərini fars dilinə tərcümə edir. Eyni zamanda, böyük Sədinin “Gülüstan” əsərini, Hafiz Şirazinin qəzəllərini fars dilindən Azərbaycan türkcəsinə çevirir. Klassik şeir ənənələrindən fərqli, əruz vəznində türk dilində yazıb-yaradan Türkiyənin böyük novator şairi Yəhya Kamalın əsərlərini o, daha çox oxuyur və bu şeirlər ruhunda güclü təlatüm, əks-səda doğurur.
Gənc şairin Azərbaycana, onun bənzərsiz təbiətinə sonsuz sevgisi, yurd təəssübkeşliyi diplom işində də özünü yansıdır. O, «İran Azərbaycanının təbii coğrafiyası» adında diplom işi yazır və uğurla müdafiə edir. Beləliklə, Həbib Sahir Türkiyədə təhsilini başa vurur və 1933-cü ildə Təbrizə qayıdır. Maarif İdarəsinin təyinatı ilə Təbriz şəhər məktəbində müəllim işləməyə başlayır. Şagirdlərə coğrafiya fənnini tədris edir və onlar üçün dərsliklər yazır. Sahir fitrətən şair doğulmuşdu, ədəbiyyat, poeziya vurğunu idi. Ana yurduna, xalqına və doğulduğu torpağa qırılmaz tellərlə bağlı Vətənini odlu məhəbbətlə sevirdi. Dərs dediyi şagirdlərə Ana dili ilə bərabər Azərbaycan ədəbiyyatını da dərindən öyrədirdi. Düşünürdü ki, «Ana dili parlaq qızıl açardır, elmlərin xəzinəsin açandır»... Həssas şair elmlərin xəzinəsinin açarı sandığı ana dili uğrunda bütün ömrü boyunca mübarizə aparıb. İnanıb ki, dilini qoruyan xalq, millət milli varlığını, kimliyini də qoruyub saxlayır və nə zamansa itirdiyi azadlığına qovuşur. «Dil günəşdir işıq saçır, Azadlığa qapı açır...»- deyən Həbib Sahir üçün yad dil, özgə dil xoş səslənsə də, xalqın başı üstündə sanki bir cəhənnəm kölgəsi, ölüm kabusu, cəllad qılıncıdır:
Bizə yad kabusu bax, kölgə salıb,
Bu ölümdür, bu ölüm kölgəsidir!
Yad dili olsa da xoş səsli, yenə
Bizcə ərbab səsi, cəllad səsidir...
1936-cı ildə Təbriz Maarif Nazirliyinin qərarı ilə Sahirin «Coğrafiye-yi Xəmsə» adlı dərsliyi Zəncanda nəşr edilir və mükafata layiq görülür.
1945-46-cı illər inqilabı, 21 Azər hərəkatı şairin həyatında, dünyagörüşündə bir oyanma, intibah yaradır. S.C.Pişəvərinin hakimiyyəti dövründə «Ana dili» dərs kitabını yazır, mətbuatda ciddi məqalələrlə «Aydın» imzası ilə çıxış edir. Ədəbi yaradıcılıqla da fəal surətdə məşğul olur, lakin şahlıq səltənətinin qoşunları Azərbaycanın qüdrətlənməsindən ehtiyatlanan xarici havadarlarının köməyi ilə xalq hərəkatını qan dənizində boğur və fədailər hakimiyyəti itirirlər. Milli Hökumət devrilir. Cənubi Azərbaycanda irtica dövrü başlanır. Bu hadisə Həbib Sahirin də dünyasını qaraldır, ürəyini məngənətək sıxır. Lakin vətəndaş şair müəllimlik fəaliyyətini davam etdirir, gələcək nəslə tarixin ibrət dərslərini anladır, ana dilini şagirdlərinin beyninə həkk etdirirdi. Bu isə mövcud şahlıq üsuli-idarəsinin, fars şovinistlərinin əsla xoşuna gəlmirdi. Məktəbyaşlı uşaqların-şagirdlərin doğma türkcəni öyrənərək milli ruhda böyüməsi gələcəkdə onların milli hüquq və haqlarını tələb etməsi ilə nəticələnəcəkdi. Ona görə də mövcud irticaçı rejim hökmranlığını saxlamaq üçün bütün mümkün vasitələrdən istifadə etməklə bu oyanışın qarşısını almağa çalışırdı. Həbib Sahir haqqında hökm çıxarılır, şair Ərdəbilə sürgün edilir, burada «Səfəviyyə» məktəbində müəllim işləyir. Uşaqlara Azərbaycan dilində dərs deməsi, doğma türkcədə danışması, verilən xəbərdarlıqlara əhəmiyyət verməməsi ona yeni sürgün həyatı yaşadır. Şair Ərdəbildən çıxarılaraq Qəzvinə göndərilir. Yenə də ustadı T.Rəfətin yoluna və öz əqidəsinə sadiqlik göstərir. Nəticədə haqqında üçüncü dəfə sürgün hökmü çıxarılır, Mazandarana-Sariyə göndərilir. Lakin burada malyariya xəstəliyinə tutulduğundan geriyə-Qəzvinə qaytarılır. Yaradıcılığının, ədəbi fəaliyyətinin ən məhsuldar dövrü bu illərə (1933-1946) təsadüf edirdi. Əfsus ki, hökumət xəfiyyələri «Aydın», «Ülkər», «Ağ» kimi gizli imzalarla yazıb-yaradan şairdən şübhələnirlər və onu doğma şəhərindən, qaynar Təbriz ədəbi mühitindən ayırırlar. Dərdli şair sonralar yazırdı: «1941-1946-cı ilin payızına qədər məndə şairlik dövranı başladı. Ana dilində bollu-bollu şeir, hekayələr yazdım... muzdumu aldım.. 1946-cı ilin qışında mədrəsədən qovuldum! «Günahım» bu imiş ki, ana dilində şeir və hekayələr yazırdım. Bir müddət sonra məni Ərdəbilə sürgün etdilər. Orada nəzarət altında olub «Səfəvi» məktəbində dərs deyirdim. Ərbəbildə 3 il yaşayandan sonra «günahımı» bağışlayıb Qəzvinə göndərdilər. Qəzvində tam 13 il yaşadım, sonra Tehrana köçdüm»... Həbib Sahir, nəhayət, 1946-cı ildə, 43 yaşında ikən evlənmək qərarına gəlir və ağır sürgün həyatını yalqız deyil, ömür-gün yoldaşı Nüsrət ül-mülk Nuri xanımla birgə yaşayır. Uzaq ellərdə sürgünlüyə məhkum edilməsinə baxmayaraq şair bircə anlıq da olsa, doğma Təbrizi, doğulduğu torpağı, bətnindən qopduğu xalqını unuda bilmir, uçan quşlardan, əsən yellərdən o yerlərə peyğam, salam göndərir, çəkdiyi qürbət acıları, ayrılıq həsrəti, hicran duyğuları qəlbindən yazdığı şeirlərə, misralara süzülür:
Şəfəqlərdə uçan axşam quşları,
Məndən salam deyin gözəl Təbrizə.
Qatar ilə gedən Vətənə sarı,
Arxadaşlar! Bir baş vurun da bizə.
... Duman çöküb üfüqləri qaraltdı,
Mənə qürbət bir cəhənnəm yaratdı...
Xəzan yeli baxçamızı saratdı,
Daha nələr deyim? Dostlar mən sizə...
Sürgün həyatı Həbib Sahirin əsərlərindəki lirik-romantik əhvali-ruhiyyəyə aydın duyulan kədər, qəm notları çökdürdü. Onun dibsiz, sonu görünməyən Vətən eşqi, böyük Təbriz sevgisi daha da alovlanır. Digər bir şeirində-dörd misralıq dübeytisində bağçada bitən nərgizə bənzətdiyi Təbrizə salam göndərir, lakin bu dörd misralıq şeirdə də bütün ömrü boyu tərəfində durduğu, haqlarını müdafiə etdiyi məzlum insanları, əziyyət çəkən, yay-qış isti-soyuq bilmədən işləyən işçilərin, bu fasiləsiz qul əməyinin müqabilində bir komaya belə sahib ola bilməyən evsiz-eşiksizləri, yurdsuz-yuvasızları da unutmur:
Salam olsun Təbrizə,
Bağda açan nərgizə,
Əkinçiyə, işsizə,
Yurdsuzlara, evsizə.
Diqqət çəkən odur ki, şairin əsərlərindən bütün əzəmətilə görünən böyük Vətən məhəbbəti onun digər sevgilərini üstələyir. Bir anlıq düşünürsən ki, Sahirin doğma yurd sevdası fərdi, adi insana olan sevgilərdən çox-çox ucadı və o, bu qutsal sevgi - Azərbaycan uğruna gözünü qırpmadan ölümə gedə bilər...
Sahirin lirik-romantik şeirlərində oxucu ana torpağa, təbiətin ecazkar gözəlliklərinə vurğun, romantik, xəyalpərvər bir şairlə - gözəllik aşiqi ilə qarşılaşır. Bu bədii lövhələr, lirik ricət və təsvirlərlə süslənmiş, sanki həzin bir musiqi və incə rəssam təbi duyulan şeirləri şair əsasən gənclik dövründə, 46-cı ilədək qələmə almışdır. Ancaq istər təbiət gözəlliklərindən, istərsə də insanın daxili, ruhani dünyasının özəlliklərindən, zənginliklərindən yazsın, fərqi yoxdur, Həbib Sahir bütün yaradıcılığı boyu yeni şeir ənənələrinə sadiq qalır, əsərlərini daha çox sərbəst vəzndə qələmə alır. Onun qəlibsiz, əruz vəzninin qoyduğu məhdudiyyətlərdən sıçrayaraq çıxdığı çərçivəsiz şeirlərindəki azadlığını, bədii fikrinin, şahə qalxan duyğularının ifadəsindəki sərbəstliyini və oxucu ruhunu oxşayan dərin şeiriyyatını dövrünün ədəbiyyat biliciləri də yüksək qiymətləndirmiş və təqdir etmişlər. Məhəmməd Rza Rafipur “Həbib Sahirin novatorluğuna bir nəzər” məqaləsində yazmışdır: “Sahirin poeziyası məşrutə dövrünün poeziyası və Nima Yuşicin müasir şeirləri arasında bir körpüdür.” Hüseyn Sədiq isə şairin hansı dildə, vəzndə və üslubda yazmasından asılı olmayaraq onun böyük ruha sadiq qaldığını, kökündən və tarixindən qopmadığını vurğulayır və konkret fikir söyləyir: “Farsdilli poeziyasında da Sahirin sırf Azərbaycan şairi olduğu görünür. Bir sıra tədqiqatçılar sərbəst vəzndə yazıb-yaradan Sahiri, haqlı olaraq, Cənubi Azərbaycan ədəbiyyatında «Sərbəst şeirin atası» adlandırırlar. Güney Azərbaycanın görkəmli ədibi Gəncəli Səbahi Həbib Sahirə həsr etdiyi «Dərin duyğular şairi» adlı məqaləsində isə onun böyük sənətinə, dərin romantizminə, insanın iliklərinə işləyən əfsunlu lirizminə heyranlığını ifadə edir: «Bədii təbiət təsvirləri ilə bəzənmiş şeirlərini gənclik dövründə qələmə almasına baxmayaraq, burada Sahir mahir bir qəvvas kimi dənizin dərinliklərinə cumaraq söz incilərini toplamış, məharətlə xəyal pərilərinin tellərinə düzmüş, ana təbiətin füsunkar gözəlliklərini vəsf etmişdir. Şeirlərini oxuduqca insan özünü bir rəssamın yaratdığı bənzərsiz tabloların qarşısında hiss edir. Şairin yaradıcılıq qüdrəti adamı heyran edir. Ancaq tamaşadan doyub məna axtarırkən istər-istəməz daxilində bir sual baş qaldırır: -Məgər sənət sənət üçündür? Yaradılmış əsərlər tamaşa üçünmü yaradılır?» G.Səbahinin fikirləri və Sahirin poeziyasındakı dərin şeiriyyətə heyranlıqdan doğan sualları maraqlı, həm də düşündürücüdür. Axan suların laylaya bənzər şırıltısını, əsən yellərin yaşıl zəmiləri hərəkətə gətirməsini, ay işığının buludlar arxasından boylanaraq dumduru, gümüş sularda əks olunmasını, çəmənlərdə ətir saçan güllərin eşqi ilə cəh-cəh vuran bülbüllərin avazını, hətta süsərilərin cingiltili səslə ötməsini, dağları, dərələri, yaşıl ormanları və s. yüksək poetik ustalıqla təsvir edən şair oxucuda öz torpağına, ana təbiətə, boya-başa çatdığı el-obaya, bətnindən qopduğu xalqa məhəbbət, sözün əsl mənasında, böyük sevgi aşılayır, qəlbində lirik, kövrək duyğular oyadır.
Xəyal rəngli bir pərdədir, mərmuz, gözəl bir cahanın,
Əsrarəngiz gözəlligi o pərdədə çiçək açar...
Bir üfüqdür füruzə rəng, bəzəmişdir şəfəqləri...
Mavi, dərin asimandır, ondan doğan məhitablar.
«Şeir pərisi»ndə Həbib Sahir oxucusunu yaz günəşinin batması ilə ətrafa çökən toranlığın yaratdığı hüznlü bir səssizlikdə, qərib axşamlarda şair qəlbində baş qaldıran romantik duyğularla baş-başa qoyur:
Gün batarkən qızıllı xəyallarda,
Gül açardı yazın gözəl axşamı.
Uzadardı mənə şerin pərisi
Şərab ilə dolu altın bir camı...
Ay doğarkən kölgələnmiş sularda
Ayın gümüş işıqları titrərdi...
Dağ çiçəyi verən nazlı qız mənə...
Şərab ilə dolu bir cam verərdi.
Şair ilk dövr yaradıcılığında aydın şəkildə görünən xəyal dünyasında, bədbin, pessimist hisslərin təsir dairəsində uzun zaman qalmır, düşüncələrində, həyata baxışında təbəddülat yaranır və real aləmə, gerçək dünyaya qayıdır. «Kovşən» kitabına yazdığı etirafda bu qayıdışı səmimi dillə ifadə edir. «Bir tərəfdə təsəvvüfün rəmzli dünyası, bir tərəfdə isə günəşlə parlayan real aləm gördüm. Atımı işığa sürdüm. Mahnı söylədim. Şeir yazdım. Yazdım-pozdum. Yadlar məni dandılar. Ellər məni andılar, Alqışladılar. Mən yolumu tapmışam! İşıqlı aləm ordadır. Şən günlər, azad illər ordadır. Dünya belə olmalıdır». Dünyanın, əsl həyatın onu yetirən xalqın, elin-obanın qoynunda, şad günündə onunla bir sevinib, kədərli vaxtlarında da bir qəmlənməkdə olduğunu dərk edir. Artıq Sahir xəyalında canlandırdığını deyil, görüb müşahidə etdiklərini, real həyatı bədii boyalarla əks etdirməyə başlayır, gerçək həyat hadisələrini, tarixi keçmişi şeirə, poeziyaya gətirir, xalqın dərdlərini söyləyən dilinə çevrilir:
Şair qoşdu günə sarı,
Odda görüb xalqı yandı,
O günədək görmədigi
Bir çox şeylər görüb qandı. -
deyir və yeni həvəslə «qandıqlarını» vəsf etməyə girişir. «Dədə Qorqud» dastanında Buğac boyunu nəzmə çəkir, Məşrutə inqilabına, Xiyabani hərəkatına, 21 Azər hərəkatına poetik münasibətini bildirir. Onun romantik bir dillə təsvir etdiyi varlıq yaşayan, eşidilən və duyulan obrazlara çevrilir və yaddaşlarda qalır. «Biri şiə, bir sünni, Belə millət, sənə zillət»- deyərək xalqın arasında dini məzhəb ayrı-seçkiliyi salan simasız din xadimlərini, səbəbkarları lənətləyir. Sahiri ən çox sevindirən, ruhunu qanadlandıran, yaşamaq, yazıb-yaratmaq həvəsini gücləndirən, ilhamına qol-qanad verən 21 Azər hərəkatının qələbə çalması, Güney Azərbaycanda Xalq Demokrat Firqəsinin qələbəsi və S.C.Pişəvərinin hökumətin başına gəlməsi, Vətənin səmasında azadlıq günəşinin parlaması olmuşdur:
Qorxma! Bu mavi göy altında yanan al günəşim,
Və üfüqlərdə gülən al şəfəqin sönməyəcək...
İlk baharın açacaq gül, ötəcək bülbüllər,
Dünyamız bir də bu aləmdə xəzan görməyəcək...
Lakin azadlıq günəşinin üzərini qara buludlar çox tez alır. Azadlıq günəşi qan dənizində boğulur. Yenə zindanların dəmir barmaqlıqları xalq fədailərini üzünə açılır, təqiblər, sürgünlər, ölümlər başlanır. Şahın quldur dəstələri xalqın yurd-yuvasını dağıtdı, azadlıq nəğməsi oxuyan ağızlara qıfıllar vuruldu, el-obanın azadlığı çalındı, dili yasaq edildi, milli qürur tapdalandı. Sahiri inqilabın qələbəsi nə qədər sevindirmişdisə, məğlub edilməsi də bir o qədər sarsıtdı. Bədbəxtliyə düçar edilmiş ellərin dərdinə «Vətən matəmində» şeiri ilə ağı dedi. «Söylə tanrı» şeirində Ulu tanrıya üz tutub viran edilmiş yurdların, günahsız axıdılan qanların, el içinə yaradılan ayrılıq, aclıq, nifağın səbəblərini sorur, vətəndaş yanğısı, kədəri və narahatçılığı ilə baharın bir də ellərin bir də üzünə nə vaxt güləcəyini bilmək istəyir və ən azından buna ümid edir:
Söylə tanrı! Köçüb gedən ellərin,
Bu dünyada bir də üzü güləcək?
Gələcəyə şirin ümid bəsləyən
Könlümüz də açacaqmı gül-çiçək?
Viranə də susacaqmı bu bayquş,
Verəcəkmi bahar dünyaya bəzək?
Həbib Sahir şeirin texnikasını, qayda-qanunlarını, tələblərini bilən, modern və klassik şeir ənənələrini təsəvvüf və rəmzlər sistemini dərindən mənimsəmiş ustad sənətkardır. O, az sözlə daha böyük, daha çox məna ifadə etməyi, ana dilimin zənginliyindən, şifahi xalq ədəbiyyatı xəzinəsindən yüksək sənətkarlıqla bəhrələnməyi bacaran qüdrətli şair, söz ustasıdır. Mükəmməl poetik obrazları, bitkin bədii təsvirləri, orijinal peyzaj və mənzərə sistemi onun böyük məhəbbətini, insana yüksək humanist duyğular, bəşəri hisslər, vətənpərvərlik ruhu aşılayan gözəllik və sevgi dünyasından xəbər verir. Sahirin şeirlərindəki son dərəcə uğurlu bədii ümumiləşdirmələr, orijinal təşbeh, epitet və metaforalar təzad, təklif və oksimaronlar bədii-emosional təsir gücünü artırır, onun yüksək müşahidə qüdrətini, hər birimizin baxdığı, lakin görə bilmədiyimiz həyat hadisələrinə əsil şair baxışı, şair yanaşması, təhlilidir...
Sahir bədii təsvir ustasıdır və bütün yaratdıqları məhz böyük Azərbaycana odlu sevgisini hayqırır. Ana dilini də obrazlaşdırır, Vətəni də, ana təbiəti də. Lakin şairin sevərək yaratdığı bu müqəddəs obrazlar silsiləsindən Ana obrazı təsirli və yaddaqalandır. «Məktəb xatirələri» və «Nərgiz» poemalarında, «Ana səsi», «Anam üçün», «Peyğam» şeirlərində atasız qalmış uşaqlarını min bir zəhmətlə böyüdüb boya-başa çatdıran anası Fatimənin kövrək, son dərəcə səmimi, mehriban, qayğıkeş, sözlü-söhbətli, ağzı el deyimli, incə səsli, gülümsər çöhrəli parlaq obrazını yaratmışdır.
Onun ustad Şəhriyarın «Heydərbabaya salam» əsərinin təsirilə yazdığı «Məktəb xatirələri» poemasında laylası “ilə röyalarını dərinləşdirən, səsilə xəyalını göylərə yüksəldən, qucağında ona cənnəti bağışlayan” anasına həsr etdiyi bu sətirləri həyəcansız oxumaq deyil:
Anam mənim ortaboylu bir xanım,
Siyah saçlı, «Bayat» soylu bir xanım,
Deyir, gülür, haylı, huylu bir xanım,
Zəncirli güllücələr geyərdi,
«Nuşafərin» nağılını deyərdi...
Anadır ki, yardım edər şairə,
Naxış vurar soyuq, qara bir yerə,
İlham verən bəlkə odur Sahirə,
Anaların qucaqları cənnətdir,
Bu dünyada doğma ana nemətdir.
Sahirin «Nərgiz» poemasında təsvir etdiyi hadisə, yaratdığı ana obrazı daha təsirli və orijinaldır. Poemanın süjet xətti təsadüf üzündən qadın, qız ovçusu, zalım, ağılsız xanın əlinə düşmüş saf, sadə və gözəl kənd qızı Nərgizin amansız ovçunun əlindən qurtulması hadisəsi üzərində qurulmuşdur. Poemada təsvir olunan həyat hekayəsində anasından icazə alaraq kəndin qızları ilə birlikdə dağ yamacına pencər-quzuqulağı, kəklikotu, yemlik yığmağa gedən Nərgizin geri qayıdarkən ayağına tikan batır. Qızlar Nərgizin başına gələndən xəbərsiz olduqlarına görə yollarına davam edərək yamacdan xeyli uzaqlaşırlar. Nərgizin tikanı çıxarmağa başı qarışır. Bu zaman ovdan qayıdan Xan onu görür, gözü tutur və qızı qaçırmaq qərarına gəlir. Atlılarla Nərgizi qovur, qaçmaqdan əldən düşən qız yerə yıxılaraq bayılır. Gözünü açdıqda isə özünü xanın mənhus çadırında görür. Axşam düşür, Nərgiz çarəsizlik içində çabalayır, qurtuluş üçün yollar arayır. Bu an kasıb komalarında yalqız qalmış zavallı anasını xatırlayır. Kino lentiymş kimi ananın halı qızın gözlərinin önündə canlanır:
Gördü evdə ana yalnız oturmuş,
Toxur lampa işığında bir naxış.
Solğun kölgə kimi, qərib o ana.
Qızın bir az qoca gəldi gözünə
Ölüm tozu qonmuş idi üzünə!
Dedi: - Mənim anam deyildi qarı,
Nədən ağarıbdır qara saçları,
Gördü ki, göz qapaqları bükülür,
Göz yaşları naxış üstə tökülür.
Dedi: - Ana, mənim üçün ağlama,
Məraq etmə, təslim olmam mən xana.
Anasının pərişan xəyalı Nərgizi ayıldır, onu qəti qərar verməyə və qurtuluş üçün həlledici addım atmağa sövq edir. Ara sakitləşib kənd əhli əl-ayağını çöldən-bayırdan yığanda xan ovuna sahib olmaq üçün gəlinin gərdəyinə girmək istəyir. Lakin elə bu zaman Nərgiz əvvəlcədən qoyduğu bıçağı onun ürəyinə sancır və qaranlıqda qaçıb gözdən itir.
Şair ləyaqətini, ismətini qorumağı bacaran mübariz, ağıllı, tədbirli Nərgiz obrazı ilə həm də Azərbaycan qadınlarının hüquqsuzluğunu, haqq səsinin eşidilmədiyini, eyni zamanda, onların ən çətin məqamda, çarəsizlikdə belə düşünərək hərəkət etməyə qadir olduqlarını, müqəddəs saydığı şeylər söz qonusu olunca, qarşılarını heç bir gücün - nə var-dövlətin, nə şan-şöhrətin, nə də qüdrətin kəsə bilmədiyini diqqətə çatdırır.
Sahir sürgün illərində, Tehranda yaşamalı olduğu zamanlarda da qələmi əlindən yerə qoymamış, zəif lampa işığında, lampanın nefti bitdikdə hətta qaranlıqda belə yazıb-yaratmış, ədəbiyyatın, Cənub şeirinin inkişafına misilsiz xidmət göstərmişdir. Onlarla şeir və dərslik kitabları nəşr olunsa da, 4 cildlik şeir toplusu, xatirələri, fransız dilindən tərcümələri, «Qız səsi, Qızıl səsi», «Qazan səsi» romanı, incəsənət, ədəbiyyat və coğrafiya ilə bağlı məqalələri hələ də çap olunmamış qalmaqdadır. Görünür, əsərlərinin küll halında sağlığında çap olunmamasından, bəlkə həyatda ikən layiq olduğu qiyməti ala bilməməsindən qəlbində nigarançılıq keçirib, unudulmaqdan, yaddaşlardan silinməkdən narahat olub. Bu nigarançılıq çox yumşaq tərzdə istəklərini, arzularını vəsf etdiyi əsərlərində də özünü biruzə verir. Qəmli və tufanlı gecələrdə uzun səfərlərə çıxan karvanlara, yolçulara bir fanus - qütb ulduzu tək yol göstərmək, səhralarda susuzluqdan yanıb pörşələnən insanlara bulaq olmaq istəyən əməlpərvər, xeyirxah şair, bunlar mümkün olmadıqda, heç olmazsa bir sızı, xəfif bir göynərti, həsrət tək ürəklərdə qalmaq, bu dünyada onun ən parlaq izi olan və olacaq şeirlərinin, əsərlərinin oxunması arzusunu məxsusi olaraq «Arzu» şeirində dilə gətirir. Əslində bu arzu təsəvvüfü, ürfan elminin sirlər və rəmzlər dünyasının bütün gizlünlərinə vaqif olan bir ölümsüz şairin poeziya sənətinin əngin fəzasında bir Dan ulduzu tək parlamaq, Ay tək nur saçmaq, gecələr çıxıb gündüzlər batan, yəni “hər gün ölüb dirilən” Ulduz, Ay kimi sonsuz olaraq var olmaq arzusunu da yansıdır. Axı, Sahir şairlərin Tanrı dərgahına ən yaxın olan, Ulu Tanrının sevdiyi seçkin bəndələrindən olduğunu da bilməmiş deyildi:
İstərəm qəmli və tufanlı gecə yolçulara,
Bir fanus tək, ya da qütb ulduzu tək
rəhbər olam.
İstərəm yay günü çöllərdə axar
bir su olub,
Dum-duru göz yaşı tək yolda
çuxur içrə dolam.
İstərəm nəqş və nigarım qala,
şerim oxuna.
İstərəm bir sızı, həsrət tək
ürəklərdə qalam.
Unudursa məni el, çəkməsə tarix adımı,
İstərəm ay təki yurd üstə
gecə şövq salam.
Lakin Sahirin elə çap olunmuş əsərləri də kifayətdir deyək ki, o, tarixdə və elin, xalqın yaddaşında qalacaq, əbədi yaşayacaqdır.
“Azərbaycan” jurnalı