Hər şairin öz taleyi var. Başqa sözlə desək, hər şair öz taleyinin şairidi. Yaradıcı insanın ömür yolundakı bütün ağrılı-acılı, sevincli məqamlar bu və ya digər şəkildə onun poeziyasında öz bədii əksini tapır və beləliklə də, vəzifəsi ''əşar yazmaq'' olan şair öz dövrünün ''ayinə''sinə çevrilir... Hətta belə deyirlər ki, insana qoyulan ad da onun gələcək taleyindən xəbər verir...
Bu sözləri nakam taleli şairimiz Mikayıl Müşfiqə də aid etmək olar. Mikayıl mələklərdən birinin adıdır. Müşfiq sözünün lüğəvi mənası isə işıqlı deməkdir. Nakam, lakin həddindən artıq istedadlı, mələk xislətli, qəlbi həyat eşqi ilə, vətənə, təbiətə, insanlara məhəbbətlə dolu şairimizin ömür yoluna, onun işıqla, nurla, xeyirxahlıqla, sevgiylə, sevinclə dolu poeziyasına nəzər saldıqda görürük ki, Mikayıl Müşfiq adının təmizliyi, saflığı, istedadının işığı, nuru əsərlərinə hopmuşdur...
Müşfiqin ömrü həm işığına, nuruna, həm çılğınlığına, qaynarlığına, həm də qısalığına görə bir şimşək ömrünü xatırladır. Elə bir şimşək ki, poeziya səmasındakı qara-qara buludları doğrayıb biçdi. Elə bir şimşək ki, onun çaxışından sonra sevgi ilə yoğrulmuş duyğu yağışları - poetik nümunələr yağmağa başladı... Və o yağış uzun illərdən bəridir ki, bir-birini əvəz eləyən duyumlu, şeirsevər insan nəslinin ürəyində müqəddəs sevgi duyğuları oyatmaqda, təbiətə, insanlara, işıqlı dünyaya məhəbbət toxumlarını cücərtməkdədir...
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
...Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Elə bil ki, şimşək ömürlü şairimiz öz gələcək taleyindən xəbərdar imiş...
Bu məqamda yadıma böyük rus tənqidçisi V.Q.Belinskinin bir sözü düşür. O, taleyi Müşfiq taleyinə bənzəyən M.Y.Lermontov haqqında deyibmiş ki, əgər Lermontov bir az da artıq yaşasaydı, rus ədəbiyyatının nə Puşkinə, nə də Tolstoya ehtiyacı olmazdı...
Və ürəyimdə qəribə bir duyğu baş qaldırır: əgər Müşfiq bir az da artıq yaşasaydı...
Ancaq nə yaxşı ki, yaradıcı insanın yaşı onun cismani ömrü ilə hesablanmır. Dünyasını çoxdan dəyişsə də, sümüyü çoxdan sürməyə çevrilsə də, bu il Müşfiq öz sənətkar ömrünün yüzüncü baharına qədəm qoyur... Və ömrünün yüz yaşında belə o gəncdir, çılğındır, ürəyi həyat eşqi ilə çırpınır:
Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu.
Məndən məcnun könül maraqla sordu,
Bu saçı leyladan necə əl çəkim?
Elə bil Müşfiq sənətkar fəhmi ilə dərk eləmişdi ki, ''məcnun könül'' sahibini elə Məcnun taleyi gözləyir... O, tezliklə öz ''saçı leyla''sından - Dilbərindən zorla ayrı salınacaq...
Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
Həyat, həyat! - deyə çırpınır könül,
Könüldən, sevdadan, necə əl çəkim?!
Və nə yaxşı ki, Müşfiq öz cismani dünyasını vaxtsız dəyişsə də, onun poeziyasında ''həyat,həyat! - deyə çırpınan könlünün səsi'' duyulmaqdadır...
Ah nə gözəl duyğudur sənətkar olmaq,
Könüllər dünyasından xəbərdar olmaq.
Nə xoşdur bir hiss kimi qəlblərə girmək
səssiz-sorğusuz.
Bütün fənalıqları yıxıb devirmək
qara-qorxusuz...
Müşfiq məhz ''könüllər dünyasından xəbərdar'' olduğu içündür ki, onun qəlbindən süzülən poetik nümunələr indi də yaşamaqda, könülləri ehtizaza gətirməkdə, insanları duyğulandırmaqda, sevməyə, sevilməyə, həyatın qədrini bilməyə səsləməkdədir.
Müşfiq bütün fənalıqları yıxıb-devirmək istəyirdi. Ancaq xəbəri yox idi ki, fənalıqlar onun şair ürəyini süsdurmaq marığında dayanıb... Müşfiq bizim indi başa düşdüyümüz mənada sosializmi yox, ümid bəslədiyi yeni haqq-ədalət dünyasını məhəbbətlə tərənnüm eləyirdi. Onun istedadının nuru prozaik, quru istehsalat, sosializmin tərənnümü mövzusularına belə yeni həyat, gözəllik, hərarət verirdi... Müşfiqə və onun qələm dostlarına bugunun prizmasından baxıb ağız büzənlər unutmasınlar ki, heç kəs öz taleyinin ağası deyil. Əsas məsələ hansı dövrdə yaşamaqda deyil. Əsas məsələ hansı mühitə düşürsənsə düş öz şərəf və ləyaqətini, insanlığını qoruyub saxlamaqdadır. Müşfiqin taleyinə isə sosializm quruluşunun ilk illərində yaşamaq və onun qurbanına çevrilmək düşmüşdü...
Mən bir dövrdəyəm ki, tunc qanadlanır,
Qara daşın, mərmərin köksü atlanır.
Boylanır qabağımda böyük bir əməl,
ucalır başım.
Fərəhlə seyr edincə, şeirimdən əvvəl
axır göz yaım...
Müşfiqin, eləcə də onun qələm dostlarının əsərlərinə qiymət verərkən onların doğulduğu, yaşadığı mühiti mütləq nəzərə almaq lazımdır. Əks təqdirdə heç bir ədalətli, obyektiv fikir söyləməkdən söhbət belə gedə bilməz.
''Şeirindən əvvəl göz yaşı axan'' şair yeni quruluşu tərənnüm eləyən şeirlər, poemalar yazmağa məcbur idi... Bu günün müstəqillik, suverenlik ucalığından baxanda həmin şeirlər, poemalar məzmunca bizi qətiyyən təmin etməsə belə, həmin əsərlərdə xalqımızın keçdiyi acınacaqlı dövrün, yaşantıların mənzərəsi var...
O dövrün poeziyasında radio, traktor, telefon, teleqraf yeniliyin atributları kimi tərənnüm olunurdu. Müşfiq ''Teleqraf telləri'' şeirində köhnə fikirli adamların yeniliyə münasibətini vermək məqsədilə ''yan-yana düzülmüş şeytan dirəklər'' epitetindən bacarıqla istifadə edirdi. ''Telefon söhbəti'' şeirində şair qeyd edirdi ki, daha səba yelindən mərhəmət ummağa ehtiyac yoxdur, telefon vasitəsilə sevgilinlə danışa, onun səsini, nəfəsini duya bilirsən. Bununla kifayətlənməyən lirik qəhrəmanın o vaxt üçün xülya olan bu arzuları indi reallığa çevrilib:
Məhəbbətin dərin, xəyalın dərin,
Nə çıxar sözlərə könlümü versəm?
Əslinə varmaqçın bu söhbətlərin,
Nolur gözlərini telfonda görsəm?!
Məni inandırmaz yoxsa bu sözlər
Az iş gəlməmişdir qərib başıma.
İstərəm ürəyin aynası gözlər
Açıb həqiqəti qoysun qarşıma.
Əvət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə...
Əslində, heç burada qınalılası bir şey də yoxdur. Elmin, texnikanın məişətimizə daxil olması prosesi indi də davam edir, bunun, buna bənzər yeniliklərin qarşısını almaq istəyi ''Donkixotluq''dan başqa bir şey deyildir.
Belə deyirlər ki, o vaxt mərkəzi komitədə işləyən tənqidçi Mustafa Quliyev böyük sənətkar Hüseyn Cavidi yanına çağırıb deyirmiş ki, sən mütləq traktor haqqında əsər yazmalısan. Nə cavab verəcəyini bilməyən Cavid əfəndinin gözləri birdən divardan asılmış gözəl bir peyzaja sataşır. Əlvan bir təbiət təsviri, ön planda isə gözəl bir qız...
Birdən Cavid əfəndi dillənir:
- Mustafa, traktor yaxşı şeydi?
Cavidin bu mövzuda əsər yazmağa razılaşacağına ümidi artan Mustafa Quliyev həvəslə cavab verir:
- Əlbəttə.
Cavid acı-acı gülümsünüb deyir:
- Mustafa, traktor yaxşı şeydisə, o mənzərəni çıxart, yerindən bir traktor şəkli as...”
Bu, çox maraqlı və ibrətamiz bir söhbətdir. Ancaq kim nə deyir desin, traktorun insanların məişətinə daxil olması lağa qoyulası yox, əlamətdar bir hadisə idi. O dövrün bütün şairlərinin, o cümlədən də Mikayıl Müşfiqin poeziyasında tərənnüm olunan traktora da məhz bu prizmadan yanaşmaq lazımdır.
Qranit damarları ey çəlik qanlı torpaq,
Paltarı sərt dəmirdən, əli qalxanlı torpaq,
Nə der sinəndə meydan sulayan, hayqıran div?
Der ki, mənim varlığım uyuşub yatan deyil,
Dişləri tez oynayan xış deyil, kotan deyil,
Köksünü bıçaqlayan, qollarını qıran div!
Yaxud ''Bir görünüş'' şeirindəki aşağıdakı bəndə fikir verək:
Dün bu yerlərdəki karvan yerini
Ediyor yolçu tramvaylar əvəz.
Boğuyor ölgün azan səslərini
O ağızdan iti radyodakı səs...
Bu misralarda da o dövrdəki yeniləşmə, həyat tərzi, dövlətin dinə münasibəti öz əksini tapmışdır. ''Xəbərdar eyləyin Ərəbistanı, Ocaqda yandırdı anam ''Quranı'' deyən Səməd Vurğun, ''...şu məbədlər, həp kütübxanə, məktəb olmalıdır'' demyə məcbur edilən Cavid kimi Müşfiq də çətin vəziyyətdə qalmışdı. Öz qəhrəmanı Vidadinin dili ilə''Xudaya, insanın halı yamandır, Nələr çəkdiyimiz sənə əyandır'' deyən Səməd Vurğunun bu sətirlərində olduğu kimi, Müşfiqin də ''Acı oldu mürşidimiz, xəyal oldu rəbbimiz'' misrasının da daxili qatında incə bir sətiraltı məna gizlənməkdədir.
Əmək prosesini, sosializm işi uğrunda mübarizəni tərənnüm etməyə məcbur olan şairin misralarında bəzən incə bir sətiraltı məna, kinayə də sezmək mümkündür. ''Düdük sədaları'' adlı şeirin bu misraları o dövrün tükü-tükdən seçən ''senzor''larının gözündən yayınmamışdı bəlkə də:
Toplaşır əməkçilər iş başına həvəslə,
Üfüqlər bürünərkən fəcrdən bir kömləyə, -
Düdüklərin əmrini yerinə yetirməyə...
Unutmaq lazım deyil ki, o dövrün bütün insanları kimi şairləri də ''düdüklərin əmrini yerinə yetirməyə'' məcbur idilər...
Təəssüf ki, indi çox adam o dövrün poeziyasını araşdırarkən, müəllifləri bu günün reallığı zirvəsindən ittiham edərkən onların əsərlərindəki zahiri deyimi əsas gətirirlər, sətiraltı məna isə çox zaman unudulur. Məsələn, indi Mikayıl Müşfiqi çox adam ''Oxu, tar'' şeirinə görə tərifləyir, Süleyman Rüstəmi isə ''Sus tar, sus tar, razı deyil proletar, səndə çalınsın qatar'' misralarına görə lağa qoyur, ələ salır...Ancaq unudulur ki, bu misraların özündə də bir sətiraltı məna, kinayə var. Əhməd Cavadın ''Əyil Kürüm, əyil keç, dövran sənin deyil, keç!'' misralarında olduğu kimi... Əks təqdirdə Mikayıl Müşfiq Süleyman Rüstəmə şeir həsr etməz, onu yarışa səsləməzdi...
Dinlə, qəlbimdə, Süleyman Rüstəm,
Sənə dair kiçicik bir nəğməm,
Kiçicik - dağ kimi bir dalğam var,
Bir dənizdir ki, o dalğam çağlar...
Haydı, Rüstəm, çıxalım gəl yarışa,
Çıxalım mövzu üçün axtarışa!
Aləmə vəlvələ salmaq lazım,
Quruluş şairi olmaq lazım!
''Quruluş şairi olmaq'' məcburiyytində qalan başqa bir istedadlı şair - Səməd Vurğun isə Müşfiqə həsr etdiyi şeirində yazırdı:
Bütün arzularım gülür yarına,
Xəyaldan ilhamlar almamaq üçün.
Baxıram Leninin kitablarına,
Dəstədən geridə qalmamaq üçün...
Dəstədən geridə qalanları isə acı bir aqibət - ölüm, sürgün, həbs, təhqirlər gözləməkdə idi... O dövrün poeziyasını təhlil edərkən bütün bunları mütləq nəzərə almaq lazımdır...
Yeni nə varsa, onu alqışlamaq, bütün köhnələri isə ağına-bozuna baxmadan məhv etmək meylinin bədii əksi o dövrün poeziyasında özünü qoruyub saxlamaqdadır... Müqəddəs dinimizə, adət-ənənələrimizə, tara qarşı üsyan da öz mənbəyini məhz buradan götürmüşdü...
Ulu Nizaminin ''Sirlər xəzinəsi'' əsərində çox maraqlı, ibrətamiz bir hekayət var. Şahı tənqid eləyən bir nəfər kəfəni boynuna dolayıb acıqlı hökmdarın hüzuruna gedir və öz məntiqi ilə qalib gəlir:
- Mən bir güzgü kimi sənin üzündəki ləkələri göstərmişəm. Kişiliyin, hünərin çatırsa, üzündəki ləkəni sil, güzgünü sındırma.
Çox təəssüf ki, indi bizim bəzi tənqidçilərimizdə, ədəbiy-yat¬¬şünaslarımızda, siyasətçilə¬rimizdə ''ləkəni silmək yox, güz¬günü sındırmaq meyli'' güclüdür. Həmin prinsiplə sosializm dövründə yazılmış bütün əsərləri məhv etmək, onların yaradıcı¬larının adının üstündən qara xətt çəkmək meyli arzuolunmazdır. Müşfiq taleli şairlərin bir çoxunu o zaman sosializm cismən məhv eləmişdi, indi isə bizim bəzi ''başbilənlərimiz'' o talesiz insan¬ları məcburiyyət qarşısında yazdıqları əsərlərə görə mənən məhv etmək iddiasındadırlar...
Bütün sənət dostları kimi Müşfiq də dövrün bütün yeniliklərini təqdir və tərənnüm etməli idi. Onun da ürəyi istəməyən mövzuda yazdığı şeirlərində (''Nümayiş'', ''Zahes'', ''Dönüş'', ''Yarış'', ''Çatmaq, ötmək'', ''Nümayiş'', ''Çarxlarım'', ''Pasyolka'', ''Oktyabr gecəsi'', ''Qurultay'' və i.a) ritorik məqamlar, şüarçılığın olması qanunauyğun haldır:
''Ey zəhmət çırağını yandıran Oktyabr,
Yer üzündə şimşəklər çaxdıran Oktyabr.''
* * *
''Avropanın qarnı şişmiş
traktor tacirinin başından duman qaldıran
Beşillik plan - traktor zavodu.
Çox şişməsin Amerika
Fordu qovdu
Avto çıxaran makinalarımız...''
Bu misraları oxuyanda istər-istəməz sovet dövründə yaranan bir lətifə yadıma düşdü. İclasların birində belə bir şüar səslənir:
- Amerikaya çatmalı və onu ötməli...
Bir nəfər etiraz edir:
- Yoldaş katib, Amerikaya çataq, ancaq onu ötməyək.
Katib təəccüblə soruşur:
- Axı nə üçün?
İşçi belə cavab verir:
- Ona görə ki, Amerikanı keçsək, şalvarımızın arxasındakı yamağı görəcəklər...
Yuxarıda nümunə gətirdiyimiz tipli misraları o dövrdə yaşayan bütün sovet şairlərinin əsərlərində tapmaq çox asandır.
Lakin bir şeyi unutmaq lazım deyil ki, Müşfiqi Müşfiq eləyən yalnız bu tip¬li şeirləri deyil axı... Onun böyük ilhamla yazılmış, indi də öz bədii dəyərini və təsir gücünü itirməyən o qədər şeirləri, poemaları, tərcümələri var ki...
Onsuz da hər şeyi zaman özü ələk-vələk, yerbəyer eləyir. Müşfiqin sosializmi təbliğ eləyən, traktordan, ropordan, komsomoldan, pionerdən, 26-lardan... yazdığı şeirlər, poemalar bu gün zamanın sınağından çıxmasa belə, onun həyat eşqiylə dolu ''Ana'', ''Oxu tar'', ''Yenə o bağ olaydı'', ''Duyğu yarpaqları'', ''Həyat sevgisi'', ''Sənin gözlərin'', ''Sənin gülüşlərin'', ''Yağış'' və sair bu kimi şeirləri həmişə yaşayacaq, ürəkləri riqqətə gətirəcəkdir.
Müşfiq qələmindən çıxan poetik nümunələr öz məna və ifadə gözəlliyi ilə diqqəti cəlb edir:
Qara qış üstümə tökər qarını,
Nərgiz gözlərini məndən ayırsan.
Mənim ümidimin qapılarını
Neçin gah açırsan, gah bağlayırsan?
Buradakı ''qara qış'', ''nərgiz gözlər'' epitetləri də, ''ümidimin qapıları'' birləşməsi də, bunlarla yoğrulub bədii məna yükünü daşıyan misraların özü də gözəldir, təravətlidir...
Müşfiqin poeziyasında sənətkarlıq komponentləri o qədər yüksək ustalıqla seçilib işlədilir, bir-biri ilə qaynayıb-qarışdırılır ki, oxucu bu tipli poetik nümunələri oxuyanda heyran qalır.
Müşfiq poeziyasındakı peyzajlar, bədii portretlər öz əlvan, xarakterik cizgiləri ilə yadda qalır. Bədii detallar lirik qəhrəmanın daxili dünyasını açmaq vasitəsinə xidmət edir.
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay sərxoş bir göz kimi, ulduzlar yaraşıqlı...
Bunları seyr edirkən,
Bir az fikrə gedirkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə elə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
''Gecə lövhəsi'' adlanan bu şeirdə uğurlu, səciyyəvi təşbeh peyzaj yaratmaq vasitəsinə çevrilmişdir. Burada təkcə füsünkar gecə lövhəsi yox, həm də lirik qəhrəmanın heyranlığı özünü qabarıq şəkildə göstərir ki, bu, Müşfiqin yaratdığı bütün təbiət lövhələri üçün xarakterik olan bir cəhətdir.
Şairin istər şeirlərində, istərsə də poemalarında gözəl təbiət lövhələri yaradılmışdır. Özü də bu lövhələrin heç biri təkcə hadisə və düşüncələrə fon olmaq missiyasını yerinə yetirmir, həm qəhrəmanların, həm də müəllifin özünün daxili dünyasını, həyəcanlarını, emosionalllığını, kövrəkliyini açmaq vasitəsinə çevrilir.
Qara qız, qara qız, hilal qaşlı qız,
Zülfü bulud kimi, gözü yaşlı qız.
Qanqın gümüşlənən bir sahilində,
Taqorun nəğməsi zərif dilində
Hürkərsən bu saat özünü görsən,
Bu gecə vaxtında nə düşünürsən?
Göründüyü kimi, müəllif bir neçə misra ilə həm qəhrəmanın zahiri görünüşünü, bədii portretini yaratmağa nail olmuş, həm də onun daxili dünyasının bəzi elementlərini aça bilmişdir. ''Qara, hilal qaşlı qız'', ''gözü yaşlı qız'', ''gümüşlənən sahil'' epitetləri, ''zülfü bulud kimi'' təşbehi, ''hürkmək'' elementindən istifadə ilə qızın metaforik obrazının, ceyrana bənzəməsinin təsəvvürü müəllif qayəsinin konkret ştrixlərlə ifadəsinə yardımçı olan elementlər kimi diqqəti cəlb edir. Portretin peyzaj fonunda yaradılması isə qəhrəmanın mənəvi dünyasının, hiss və həyəcanlarının daha qabarıq şəkildə ifadəsinə yardımçı olur.
Ümumiyyətlə, Müşfiqin bütün yaradıcılıq nümunələri üçün adi, ümumi yox, bədii, poetik sözdən istifadə daha xarakterikdir. Onun məqamında işlətdiyi epitetlər, təşbehlər, metaforalar misraların poetik gücünü artıran vasitəyə çevrilir. Müşfiq yaradıcılığındakı ən adi epitet belə poetik missiya daşıyır. Özü də Müşfiq bu epitetləri harda gəldi işlətmir, təsvir elədiyi lövhəyə, qəhrəmanların hiss və həyəcanlarına, müəllifin öz əhvali-ruhiyyəsinə uyğun epitetlərdən istifadə edir.''Göyərçin əllər'', ''vəhşi xəzan'', ''yetim baxış'', ''yarpaq vücud'', ''dilbər sular'', ''iynəli rüzgar'', ''ölgün vərəqlər'', ''bəstəkar küləklər'', ''nalqıran yoxuşlar'', ''yetim duyğular'', ''şeytan dirəklər'', ''ilan təkərlər'', ''qaçqın rüzgar'', ''yorğun günəş'', ''qəhqəhəli sevinc'', ''sərxoş küləklər'', ''pərişan buludlar'' və s. bu kimi epitetlər nəinki mətn daxilində, hətta ayrılıqda işləndikdə belə oxucunun gözləri qarşısında müəyyən tablolar, peyzajlar, obraz cizgiləri yaratmağa qadirdir ki, bütün bunlar M.Müşfiqin poetik istedadından xəbər verən elementlərdir...
Digər bədii təsvir vasitələrindən də Müşfiq poeziyasında da gen-bol istifadə olunmuşdur. Fikri çox zaman bədii suallar vasitəsilə verməsi də Müşfiqin poetik üslubu üçün xarakterikdir:
Söylə, gözəllərin dodaqlarından
Bu oynaq gülüşlər umulmuşmudur?
Sənin hər qəhqəhən ay kənarından
Keçən buludmudur, uçan quşmudur?
Anaforalardan gen-bol istifadə də Müşfiqin poetik üslubu üçün çox xarakterikdir. Məsələn, məşhur ''Yenə o bağ olaydı'' şeirində ''Yenə o bağ olaydı'' ifadəsinin misraların əvvəlində tez-tez təkrarlanması həm müəllifin ötən günləri necə həsrətlə arzulamasından xəbər verir, həm bəndlərdəki fikirlərin təsir gücünü qat-qat artırır, həm də şeirə bir ahəngdarlıq gətirir..
Ümumiyyətlə götürsək, M.Müşfiqin yaradıcılıq nümunələri bədii forma etibarilə də çox zəngindər. Lirikanın müxtəlif janrlarından - qoşma, gəraylı, qəzəl, rübai və sonetdən M.Müşfiq çox böyük ustalıqla istifadə etmiş, maraqlı poetik nümunələr yaratmışdır. Böyük əminliklə demək olar ki, M.Müşfiq Azərbaycan ədəbiyyatında sonetin ilk yaradıcılarındandır. O, ''Bir də baxsan mənə'', ''Ulduzlar'', ''Mənim eşqim'', ''Bir günəş, bir baxış'', ''Sevgilər''şeirlərini sonet adlandırmasa da, bu tipli şeirlərin bəddi forması sonetin bədii forması ilə eynidir:
Bəzən titrəşərək parlayırsınız
Göylər bağçasında lalələr kimi.
Bəzən yaş tökərək ağlayırsınız
Lalələr üstündə jalələr kimi.
Baxarkən süzülən gözlərinizə,
Deyirlər: nə qədər siz yavuqsunuz.
Həqiqətdə isə bir-birinizə
Siz çox iraqsınız, çox sovuqsunuz.
Fəqət biz - o gözəl sevgilimlə mən
Uzaqdan-uzağa tanış deyilkən
Nə qədər yaxınıq, öyrənsəydiniz.
Şirin söhbətlərdən uzaq da olsaq,
Uzun illər boyu ayrı da qalsaq,
Eyni duyğularla vurur qəlbimiz!
Maraqlı faktlardan biri də odur ki, bu sonetlərdən bəziləri heca, bəziləri isə əruz vəznində yazılmışdır.
Müşfiqin bir sıra şeirləri onun sənətə estetik münasibətini öyrənmək baxımından maraq doğurur. Müşfiq poeziyası bədii sənətkarlıq baxımından ona görə mükəmməldir ki, o, folklorumuzun, klassik poeziyamızın, dünya ədəbiyyatının qabaqcıl nümunələrindən qaynaqlanır və son dərəcə istedadlı bir şairin poetik süzgəcindən keçərək özünə yeni bir həyat kəsb edir. ''Özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim'' harayı da Müşfiqin klassik ədəbiyyata münasibətini öyrənmək baxımından maraq doğurur. Şair özündən əvvəl yaşayıb-yaratmış sənətkarın nəinki əsərlərinin strukturundan, sənətkarlıq elmentlərindən yaradıcı şəkildə bəhrələnir, hətta bəzən müasir həyata onların gözü ilə baxmaq cəhdi də göstərir. Ümumiyyətlə, Müşfiq xalqın adət-ənənələrinə, folklora, klassik ədəbiyyata bağlı sənətkardır. Dünya ədəbiyyatından elədiyi tərcümələr də Müşfiqin yaradıcılığında mühüm yer tutur. Digər tərəfdən, bu tərcümələrin də şairin yaradıcılıq üslubunun formalaşmasında bu və ya digər dərəcədə rolu vardır.
Sən varlığın eynisən, buna sözmü var?
Ürəyisən, beynisən, buna sözmü var?
Gecələr ay sənindir, gündüzlər günəş
kainat kimi!
Hər şey gözəlləşmədə, sən də gözəlləş
bu həyat kimi!
Hər kəs bilir həyatın sonu ölümdür,
Ah bu qəmli dəyişmə yaman zülümdür.
Şeirim, bu gülünc oyun bəllidir, yarın
bizi də bəklər;
Sən də öl mənim kimi, fəqət məzarın
olsun ürəklər!
Nə yaxşı ki, sevdalı ürəklər Müşfiq şeirlərinin məzarına yox, onun isti yuvasına çevrilir. Müşfiq poeziyasının nuru, işığı hələ də şəfəq saçır. İllər ötsə də, o işıq öləziməyib. Müşfiqin həyat çırağını vaxtsız söndürsələr də, onun poeziyasının işığı yaşayır, neçə-neçə insan qəlbinin hicra guşələrinə işıq salır, onlarda sevgi, sevinc, həyat eşqi duyğularını oyadır...