Anar həmişə unikal təffəkür sahibi kimi özünə diqqəti cəlb edib. Azad və sərbəst fikirlər , bədii-estetik və həm də orjinal çalarlar onun əsərlərinin nəqşidir. Təfəkkür və vicdan arasında vəhdət və yaxud təfəkkür ilə vicdan arasında fərq Anarın əsərlərinin ana xəttidir .
Son əsərin adı isə “Göz muncuqu” dur . Lakin o, heç də sərhəd tanımayan, misilsiz Anar irsinin göz muncuqusu deyil. Göz muncuqu - gözlə görünən maddiyyatdır , lakin Anar dünyası isə gözlə görünməyən ancaq hiss olunan incə ,zərif bir ruhdur.
Böyük ədib bu əsəri yazmaqla öz iç dünyasını, ruhunu və bir də intellektual səviyyəsinibir daha oxucu kütləsinə çatdırmaq istəmişdir, baxmayaraq ki, misilsiz yazar artıq əvvəlki əsərlərində özünün daxili aləmini oxuculara çatdırmışdır. O, yenilməz bir insan sərrafıdır. Anarın nə gözündən, nə də ruhunun hiss etdiyi ən xırda insani düşüncə və hisslərdən belə yayınmaq mümkün deyil...
Müqəddəs “Qurani-Kərim”də buyurulur ki,”Onun bədəninin yaradılışını tamamlayıb,öz ruhumdan üfürmüşəm”
SAD surəsi 72-ci ayə
Allah-Təala bir nurdur və biz insanları öz nurunun zərrəciklərindən xəlq etmişdir. İnsan Yer üzündə o,gözəgörünməz Mütləq Varlıqın kiçik modelidir . Əgər Mütləq Varlıq bir Həqq olaraq insan şüuruna sığmayan, öyrənilməz, mücərrəd bir varlıqdırsa deməli , onda insanda heç bir zaman öyrənilməyəcək , onun daxili aləmi heç bir zaman öyrənilməyib , sirr olaraq qalacaq . İnsan bir fərd olaraq mürəkkəb və ziddiyətli bir məxluqdur. Anarın öz sözləri ilə desək “ İnsanı anlamaq heç mümkün deyil”.
Əvəzsiz qələm ustası Anarın bu əsərində insanın daxili aləmindəki ikili”mənin” mübarizəsi çox qabarıq bir şəkildə önə çəkilmişdir. Bu mənləri idarə edən ağıl və nəfsdir. Gah ağılın , gah da nəfsin ağıla üstün gəlməsi insan həyatının formalaşmasında , insanın cəmiyyət də öz yerini tutmasında böyük rol oynayır .
Əsər bir neçə dahinin məhşur sözləri ilə başlayır .
“Avesta” qocaman Şərqin ən böyük yazılı abidələrindəndir.Hal hazırda məşhur Misir kitabxanasında saxlanılan bu ölməz dini kitab övliya Zərdüşdün irsidir.Kitabda iki Allahlılıq təbliğ olunur . Xeyr Allahı-Hörmüzd və şər Allahı-Əhrimanın əbədi mübarizəsi hər an irəli çəkilir . Elə bizim “Göz muncuqu” romanı bu mistikanın əsas qəhrəmanı olan Əhriman-Əhlimanın dilindən danışılır. Onun düşdüyü müxtəlif situasiayalar, an və məqamlar çox diqqətə layiq və düşündürücüdür.Əsərin əvvəlində Əhlimanın səhvən diri-diri basdırılması və qəbirdə ayılaraq keçirdiyi dəhşətli hisslər insanı riqqətə gətirir. Həqiqətən həyatda belə hadisələr olmuşdur. Sonra əsər boyu süjet xətti ilə Əhlimanın başına gələn bütün hadisələr şərh olunur . Povestin 18 fəsli də bir-birindən maraqlıdır.
“Pis göz baş ağrısı gətirir” İbn Sina
Povestin “Yaman göz” adlı ikinci fəsli çox maraqlıdır. Bu fəsildə gözəl yazar göz-nəzər haqqında dahilərin dedikləri fikirləri bir daha oxucu kütləsinə çatdırır. Ancaq elə sonuncu peyğəmbərimiz Mühəmməd peyğəmbər (ə.s) bircə bu hədisi bütün dahilərin dedikləri ideyaları çox lokanik və əvəzsiz bir şəkildə sona çatdırır . ”Mənim hümmətlərimin 90% göz-nəzərdən ölür. Lakin bunu heç özləridə bilmirlər.”
Elmi tərəfdəndə göz-nəzərin həqiqətən olduğu sübut olunmuşdur .Çünki göz güclü gipnoz qabiliyyətinə malikdir. Göz muncuqu ona görə göy şüşədən düzəldilirki, o gözdən çıxan şüanı qeri qaytarıb sındırır. Ulu xalqımızın göz haqqında müxtəlif bayatıları, hətta qarğışları var. ”Gözüm gözündə qaldı”,”Gözünə ox batsın” və s.
Povestin üstünlüyü Anarın başqa roman və povestlərində olduğu kimi yenə də obrazların müxtəlifliyi və onların daxili aləmlərinin ustadcasına açılıb göstərilməsidir. Əsərin baş qəhrəmanı-Əhlimanın həm Hörmüzd həm də Əhliman kimi təqdim olunması təqdirə layiqdir. Yazıçı çox cəsarətlə və həmdə reallıqla sübut edir ki insan həyatda həm yaxşı , həm də şər ola bilər. Yazımızın əvvəlində göstərdiyimiz “ikili mənin” mübarizəsi bu povestdə öz silinməz izini qoymuşdur. Əhlimanın dilindən söylənilən insanlar haqqında fikirlər-- professor Qasımzadə, Rübabə, tələbə Zakirin , qəbirqazanın və bir çox personajların ən kiçik xüsusiyətləri belə həssas ədibin gözündən yayınmamışdır bu isə əsərin təsir gücünü xeyli artırır , oxucuları düşündürür. Əslində həyatda hər gün rastlaşdıqları insanları bir daha onlara xatırladır.
Əsərin ən böyük üstünlüyü onun müasirliyi ilə diqqəti cəlb etməsidir. Əgər əsər oxucunu öz cazibəsində saxlaya bilirsə deməli o uğur qazanmışdır. Povestin 18 fəsli bir-birindən maraqlıdır. Əsərə yalnız altıncı fəsli yabancı hesab edirəm. Bu fəslin adı əcnəbi”Şerse le Famm”(qadın əli) olduğu kimi yazılanlar özü də cəmiyyətimizə yad , yabancı , etik qayda qanunlarımıza ziddir .Çünki , bu gün Azərbaycanda “Şerse le Famm” -ların sayı onsuzda çoxdur. Elə bunun nəticəsidir ki , hal-hazırda 30 mindən artıq qeyri-qanuni uşaq var . Bu isə heç də ürək açan bir hal deyil. Biz gələcəkdə bu uşaqların nə əzəb - əziyyətlərlə yaşadığını , hər yerdə cəmiyyət tərəfindən qəbul olunmamasını çox yaxşı bilirik.
Povest başdan ayaqa tükənməz bir aləmdir. Oxucu hər cümlədə yeni bir insan kəşf edib onun sirli aləmini öyrənir. Əsərdə yazılan dahilərin fikirlərini bir toplum , məcmuə şəklinə salıb , həmdə baş qəhrəmanın dilindən oxucu kütləsinə çatdırmaq həqiqətən insandan çox böyük səbr və hövsələ istəyir. Əvəzsiz qələm ustası Anar isə buna nail ola bilmişdir . Bu onun davam edən uğurlarından biridir .
Mən insan qəlbinin ənginliklərinə baş vurub , oradan ən dərin hissləri qoparıb çıxaran Anarı mavi səmanın yüksəkliklərindən ovucuna ulduzlar yığıb gətirən bir mələyə bənzədirəm . O sonsuz ədəbiyyat aləmində daima parlayan sönməz bir ulduzdur.
Arifə Kərimova
Araşdırmaçı-yazar