Ədəbi düşüncələr Südabə Ağabalayeva SINIQ ÜMİDLƏRLƏ YAŞAMAQ OLMUR İnqilab İsaqın yaşıl sükutuna
Ünsiyyətdəki ovqatı ilə daxili nitqinin havasını bir - birindən o qədər aralı tutur ki... Cidd-cəhdinin səbəbini hara yozsan da, bir üzü çıxacaq; havaların qarışacağından qorxur. Aralıq ərazidə tənhalıq kimi dərin, təbəssüm kimi yüngül bir sükut keşik çəkir. Ovqatının sərhədlərinə quş da səkə bilməsin deyə... Həmişə dipdiri, oyaq olan keşikçi sükutun rəngini yaşıl görürəm. Boz yox, narıncı yox, qəhvəyi yox, məhz yaşıl.Yaşıl - nizamlayıcıdır, öz işığını da özü nizamlayır.Yaşıl - Yerlə Göy, zülmətlə işıq arasında ahəngdir.
O da, bu yaşılın hünərinə, birində itirdiyinin təsəllisini o birində tapa bilir, əliylə qoyubmuş kimi, əmin - arxayın, dinməzcə.
Loğman olsa, çarə qılmaz,
Hər dərdimi bilə - bilə.
Dünya mənə ana olmaz,
Durum gedim anamgilə.
Bu ikiləşmə İnqilab İsaqı həmişə haçalı yollara yolçu edib, təzadlara yoldaş.
O isə, heç nə olmayıbmış kimi, Öz mahiyyətini ifadə edib; ağac əkib, bala böyüdüb, halalını sevib.
Və bütün bunları şeir kimi yaşayıb.
Elə buna görə də, elə bunların xatirinə də, Həyat ona... uduzub!
Qaranlıqlar içində
Ünvanımı tapmasan,
Günəşdən soruşarsan.
İnqilab İsaq isə, nə qələbəsindən qürrələnib, nə məğlubiyyətinə enib. Nə ondan danışıb, nə bundan gileylənib. Ümumiyyətlə, Danışmayıb. Ümumiyyətlə, İnqilab İsaqın nə özü, nə şeiri danışır. Özü də, şeiri də həmişə nə isə Deyir. Deyir və demək istəməyəndə bir tənha ağaca söykənib, Qəlbini və Ruhunu saran ağrıların, sevdaların rənglərini sükuta və sözə çəkir...
Gəldim, məni uddu şəhər,
Oyununa baş olmadım.
Gördü cığır adamıyam,
Yoluna yoldaş olmadım.
İşıqlarınamı aldanmışdı, yalanlarınamı inanmışdı?
Tanış gəlməyən baxışların zalım boşluğunu sinirə bilməmişdi.
Ağlama gözün dolusu,
Dadına yetən deyiləm.
Pərişan ümidləri sınıq misraların təsəllisinə qısılmışdı.
Bu lal boşluq içində,
Ağlamaq çatmaz dada.
...Bir vaxt qatarlar çəkən yolun bir cığırlıq üzü qalmamışdı bu küskünlüyün üzünə baxmağa.
İlğımlara bükülüb
Çəkilmişəm içimdən.
Allah bilir hardayam,
Allah bilir mən kiməm.
Ağrılarını yenmək üçün dərman bildiyi “dost havası, söz havası, saz havası”, Ay işığından süzülürmüş kimi, buludları dağıtdıqca, fikirləri ayazıyırdı.
Yerişimin yorğun atı,
Nə olsun, ömür aşmadı.
Yol getdim sirrim açıla,
Açarım qapı açmadı.
Sonralar başa düşdü və bağışladı: ayrılıqlardan yorğun imiş bu şəhər, adamlara oyanmazdı... Bu şəhəri oyatmağa, dirçəltməyə Səs yox, Söz gərəkdi ! Onu da başa düşdü ki, bu Sözü kimsə havayı verməzdi ona. Di gəl, daha qopxusu yoxdu, hara üz tutacağını bilirdi:
Tanrıda tez taparıq,
Bəndə unudan sözü.
Haçalanmış iğlım ümidlərsə, hal adamı kimi dilə tutub apardı onu.
İpək ömrü verim bada,
Beş arşın bezdən ötəri?
Cəhənnəmə yoldaş oldum,
Bir cənnət sözdən ötəri!
Bu həlim, məhrəm, ilıq Söz necə də tanışdı, necə də rahatdı, İlahi?!
“Canım sənə desin..”
Boylandılar və qulaq kəsildilər.
Sən demə, meşə tənha ağacları yadda saxlayırmış!
Hələ üstəlik, tənha ağacın narın - narın üz dalayan yarpaq pıçıltısını da:
Vurduğunuz yaraların
Gözü çətin sağalacaq.
Mən sizinlə davadayam,
Silahımdı sevgim ancaq.
Bunlar İnqilab İsaqın ötən ilin aprelində işığa çıxmış “ Canım sənə desin..” kitabının dedikləridir, hər halda, mənə dedikləridir.
Amma mən İnqilab İsaqın kitabına inanmadım və məni bu kitaba inanmamağa
Canım candan qaçaq düşdü,
Canım, candan xəbərin yox.
Qara günlər - qara naldı,
Cıdır yoran kəhərim yox
misraları qoymadı. Bu bixəbər elçinin iki daşın arasında dediklərinə daha çox inandım. Bu iki daşın arasında inandığım bu oldu ki, bu kitab müəllifin özünə yanaşmasının, bu gün əcaib - qərib görünən təvazökarlığının qəsdindədir, odur ki, qızıl - qırmızı üzünə durub, “cığır adamı” sözünü köhnəldib, dediyinin üstündə də israrla dayanır: İnqilab İsaq imzası bugünkü Azərbaycan şeirini urvatda saxlayan bir ovuc imzanın arasındadır. Onun şeirləri - düşüncələri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mənzərəsində bu ədəbiyyatın nəfəsini, ruhunu təyin etməyə kömək edə biləcək yaradıcılıq nümunələrindəndir. Baxmayaraq ki,
İndi canı üzmək asan,
Nəfəs olmaq çətin işdi.
Hərə damının altında
Öz ömrünün keçmişidi.
İnqilab İsaq təvazökarlıqla, şeirinin və simasıın abrına söykənib “yer və yel” davası döymürsə, özü - sözü haqqında tərif - reklam təşkil edə bilmirsə, bu o demək deyil ki, imzası çəkisində görünmür?! Görünür, elə görünür ki!
Könlü elçi olanın
Sevdası qaçaq düşməz.
Ona görə də, kitab haqqında da, müəllif haqqında da deyilənlər - yazılanlar qıcıq doğurmadı, artıq görünmədi, halal haqqı oldu.
Kitabın gəlişi gedəndən sonra, yəni haqqında deyilən sözlərdən, yazılan fikirlərdən, təəssüblü sevinclərdən sıyrılıb çıxa biləndən sonra özünü oxutdurur. Necə deyərlər, tozanaq yatır, ara səngiyir, hərə gedir işinə - gücünə, bundan sonra gələn sükutu nə isə deyə bilən kitab qalır...
“Canım sənə desin..” kitabı da sükutdan sonra özünü oxutduran kitab oldu. Bəlkə, müəllifini də, şeirlərini də bu kitabdan əvvəl tanıyırdım, ona görə oxumağa tələsmirdim. Sadəcə, redaktorunun kimliyi ilə maraqlandım, Nəriman Əbdülrəhmanlı adını oxudum; ciddi , zəhmətkeş imzanı görüb sevindim Ön sözüylə bələdçilik edənin kimliyini öyrənməyə tələsdim, Rüstəm Kamalın adını gördüm, düşündüm ki, Rüstəm Kamal İnqilab İsaqı elə dolama - ağlagəlməz yollarla gətirəcək görüşə ki, yol da xoş olacaq, yolçu da. Üstəgəl, müəllif niyyəti, düşüncəsi!
Əlini uzat mənə,
Yoldan qaldıraq daşı.
Bu da var ki, istənilən kitab, haqqında deyilən, yazılan fikirlərdən yüksəkdə durmursa, özünü ən yaxşı özü açmırsa, adamı tez usandırır. “Sözdən özgə canım yox” deyən İnqilab Isaqı dinləmək -- onu tanımaqdan başqa, həm də öz qəlbinə, ruhuna çəkilməkdi.
Burda yalan söyləmək
Dilin ağlına gəlməz.
İncitməz duaları,
Göyləri tanıyan kəs.
İnqilab İsaqın şair başlanğıcında adamı çaş - baş salan bir təzad var: hisslərin zərifliyi, kövrəkliyilə, lirizmin dərinliyi ilə onun şairliyi... ilk baxışda feminist təbiətlidir, lap elə incəsənətin təbiəti kimi. Ancaq bu zəriflik zəiflik anlamına gəlmir, əksinə, güclü kişi düşünsəsinin qəlbiliyindən baxır . Güclü - qəddar ola bilməz, miskin ola bilməz, o qədər dərin anlayar ki, zəifliyin qarşısında durmaz, yanında qərar turar, dayaq durar.
Göz yaşını udan dağın
Ahını dərə neyləsin?
Qəlbini qəm yükü əyən,
Çıxıb minbərə neyləsin?
İnqilab İsaqın xatirə ovqatına bələnmiş şeirlərində döyüşkən ruh yoxdur; kitabini əzizlərinin ruhuna bağlayan şairin davası kimlə olasıdı ki?!
Bir də, bu döyüşkən puhun olması mütləq vacibdirmi? Xatirə -- keçmişlə söhbətdir, nisgildir, bugündəki tənhalığını hər gün bir az daha artıq görməkdir, döyüşməyə kimin üstünə gedəsən?
Atasız- anasız, qardaşsız ömrün acılarında çabalayan döyüşkənlik, uzaqbaşı, dərviş edər adamı, məsələn, Orxan Vəlinin dərvişi:
Dərindi dərdin gözləri,
Naləsi tütək kimidi.
Ağ vərəqlər bəxt üzünə
Çəkilən örpək kimidi.
İnqilab İsaqın şeirləri xarakterindən su içib: ilk baxışda görünməyən (və göstərilməyən!) çoxrəngli və çoxqatlı bu mənzərədə rənglərin israfı da yoxdur, xəsis bezdiriciliyi də...Hamıyla dil tapmaq fəndgirliyinin yox, ariflər yanında qiymətli olmaq ağırlığının havasındadır.
Bu aciz təslimçilik ruhusa, İnqilab İsaqın inanmadığım misralarında, inandıra bilmədiyi misralarındandır.
Batdı, günahlara batdı bu adam,
Bulanıb, çətin ki, durula bir də.
Pusquda ovuna çatdı bu adam,
İstəyir günahla qurula bir də
Nə olsun ki, şair qələmindən çıxıb, nə olsun gözəl deyib?! Bəlkə, ruhundan incik düşdüyü məqamların işidir, azdırıb gümanını, bəlkə ruhunun incidiyi vaxtın gileyidi, özü də baş açmayıb, bədbinliyə qapılıb?!
Görəsən, özü bilirmi belədə yaşıl sükutun qəlbinə dəydiyini? Dəyib, yaman dəyib, yaşıl sükut da eləməyib tənbəllik, yaddaşını köməyə çağırmağı tövsiyə edib; tutaq ki, demək istəyib, bu həyatdır, dostum, bu, nə beşgünün əhlikefliyi deyil, nə əbədiyyət sonsuzluğu.
Amma o sükut da bir az şair kimi olub deyəsən, bir az da adi insan kimi.
Yıxılıb ölərəm, xəbərin olmaz,
Cəzanı alarsan dilsiz günahdan.
Ömür uzatmağa gücün çatarmı?
Pəhrizə başlasam günü sabahdan.
Nə yaxşı, şair səhvini tez duyub, yaşıl sükutun könlünü almağı bacarıb; duruş gətirdiyi fikir ucalığına qayıdıb əlüstü.
Nə desən gələr ağıla,
Huşun sözdən çıxan vaxtı.
Canım qələmə can tikib,
Öz evini yıxan vaxtı.
Yaşıl sükut da dərinə getməyib, üstünü vurmayıb, bir az uzaqdan gəlib, sözarası iki misrayla söhbəti bağlayıb; bunu da şairin öz dilində, şair ruhu ilə deyib, qısa, dəqiq, kəsə və kəsən:
Allaha da ağır gedər,
Bağ salan budaq döyməz.
Səni sağ ol, mən də bunu deyirəm də. İnqilab İsaqın şair ruhuna yer adamının gileyi, ovqatı yaraşmır e... Elə bilirsiz minnət qoyuram? Əsla! Sözündən baxıb deyirəm, sözünə baxıb deyirəm.
Dostlar, durub hara gedək,
Bürkü gəlməsin yaxına?
Can qurtaraq qaçhaqaçdan,
Təslim olmayaq axına.
Bundan sonra kitaba hardansa gəlib düşmüş “Ay dadi - bidad”, “Dərmanlar baha” (səh. 105 - 106), “İndən belə” (səh.185), “Pıçı - pıçı” (səh.30), “Maaşım” (səh.37)... (və düşməmiş!), daha sadalamaq istəmirəm... gündəlik əyər-əskiyin, məişət ovqatının yazdırdıqlarını onun qələminə yaraşdırmıram, bu qələmin ruhuna publisistikanın mövzuları heç vaxt doğma olmayacaq; ta o vaxtacan ki şair İnqilab İsaqın ruhu, kobud, nahamvar ola... Mən oxuduğum və oxumaq istədiyim şeirin ruhuna xoşagəlməz, kobud sözdən də toz qonmasını istəmirəm; qələmdən gözəllik, təmizlik, nəciblik. ülviyyət... axmalıdır, yolunu bircə dəfə daşlığa sürsən, kələ - kötür yollar yoncalıqdakı qanqal kimi, çayır kimi çoxalacaq, uzanacaq, əyiləcək, dilimizi, düşüncəmizi bulandıracaq; axı, kitab, yazı təkcə onu yazanın deyil, millətin, mənəviyyatın simasıdır... Necə ki, İnqilab İsaqın şeirləri bir oxucu kimi mənə fərdin yox, azərbaycanlı düşüncəsinin obrazı kimi görünüb həmişə. İnqilab İsaqı tərki - dünya, ətrafına biganə şair kimi görürəm demirəm... Elə olsa, duzlanmış yaralarının qanına batırıb yazdığı “Qəbrinə diz çökürəm damarımda borclu qan” (“Qan”-Mübariz İbrahimovun xatirəsinə, səh.14), Misirdə bir uşaq (səh. 59) “Salam, Kefli İsgəndər” (səh.67), kəlbəcərli ananın ruhuna zamanın yerinə üzrxahlıq eləmək -“Qəbrinlə barışmağa gələcək gün, gələcək” (səh.80), “Bir uşaq ağlayır” (səh. 153), “İti bıçaq kimi” (səh.42) “Sükutu poza - poza” (səh.43), ”Soyuqlayıb canın, Vətən” (səh.120),””Şuşanın yolu uzaq” (səh125) şeirlərində kədərin qatını açmaq səriştəsinə “afərin” deməyə bilmirəm... Bunları şeir yox, canını verə - verə pöhrə bitirən bağbanın pardaqlanmış arzusu kimi fəhm eləyirəm.
Sən qorxduğun güzgüdə,
Gözləri dolanım var.
Çiçəklər solan yerə
Solmayan salamım var.
Əlimə və gözümə yatan bu kitab bir də onu dedi ki, texnologiyalar və nəşr sərbəstliyi - azadlığı ədəbi prosesdə məqsədli şəkildə qabardılan - sezdirilən coğrafiyanı (mərkəz - əyalət) silir - silməyinə, əvəzində, həvəs - maraq - meyl - bacarıq-istedad və imkan - iddia səviyyəsini ”rinqə çıxarır”.Və burada yeganə hakim məsuliyyət olmalıdır. Bu - məsuliyyət sözün bütün məna və çalarları ilə müəllif - naşir cütlüyünə şamil olunur.
Söhbət görünməkdən və qazanmaqdan yox, təqdimat mədəniyyətindən gedir.
Bu mənada “Canım sənə desin...” kitabının taleyində həm də “Qanun” nəşriyyatının təqdimat səriştəsi bir uğurlu naxışdır. Necə deyərlər, forma - məzmun cütlüyü alınıb.