Səfər çemodanımı yığıb nəfəs dərməyə balkona çıxanda günəş də bugünlük işini bitirhabitirdəydi, üfüqün meşə qurtaran hasarını aşıb yatmağa gedirdi. Sizi bilmirəm, mənim hər səyahətqabağı yuxum qaçaq düşür. Budu, Yunanıstana hazırlaşdığım bu günlərdə yaddaş tanrıçası Mnemosina da bir yandan gəlib durub başımın üstündə, huşumun toz basmış elə yerlərinə əl gəzdirir ki, özüm məəttəl qalıram.
Uzaq səksəninci illərdə jurnalistika fakültəsində bizə antik yunan ədəbiyyatından dərs deyən Məmmədbağır Həyatzadə neçə gündü yadımdan çıxmır. Onun təbəssüm əskik olmayan üzü gözümün qabağına gəlir, bəlağətli səslə Homerdən, Esxildən, Sofokldan, canım sizə desin, Aristofandan şövqlə söylədiyi misralar qulağımda səslənir. Elə bilirəm, yaşından xeyli qıvraq bir
ehtirasla təsvir etdiyi o mifik dünyaya yola düşürəm. Bizə tanıtdığı antik qəhrəmanlarla, tanrılarla görüşəcəm, muza-tanrıçalarla gap edəcəm.
Elə o cür də oldu...
BİRİNCİ GÜN: Zaman maşınıyla tarixi adladım
Kopenhagendən qalxan içi danimarkalı yaşlı kişi, qadınla dolu təyyarə Kalamata səmasında dövrə vurub enişə başlayanda alnımı illüminatora dirəyib gözümü aşağı dikdim. Qədim Elladanın göyüzündə gözə dəyəsi bir əlçə bulud da yox idi. Günəş isə elə bil göydə yox, yerdə çıxmışdı - ucsuz-bucaqsız zeytun bağlarından, dəniz ləpələrindən boy verirdi.
Mövsümsonu olduğundan idi yəqin, “Bravo Tours” turist firmasının müştəriləri arasında uşaq-muşaq, gənc-cavan yoxuydu - elə bir az canısulu biziydik - hamısı pensiya pulundan qənaət edib səfərə çıxan yaşlılarıydı. Uçuş boyu elə onlardan danışdıq, bizim qocalarla müqayisə elədik.
Niyə bizdə adamlar yaşı yetmişə çatmamış əldən düşürlər? Niyə bizim nənə-babalar əl-ələ tutub dünyanı gəzməyə çıxmırlar?
Titrək əliylə odeyalı yuxuya gedən qarısının üstünə çəkən yaşı, yalan olmasın, doxsanı haxlayan, üzündən elə danimarkalı yazıçı Hans Xristian Andersenə oxşayan qocaya baxıram...
***
Təyyarədən düşən turistləri müxtəlif istiqamətə gedən iki avtobusa mindirdilər. Bizim üzümüz Toloya sarıdı. Yol boyu dərə-təpəyə, çöl-çəmənə, bağ-bostana, kənd-kəsəyə baxıb düşünürdüm, Məmmədbağır müəllimin bizə oxutduğu kitablardakı o mifik olaylar buralardamı baş verib?
O qaya qorxunc Minotavra oxşayır!
Uzaqda otlayan at da, elə bilirsən, at deyil, Kentavrdı!
Yolu keçən yunan qızların birini hüznlü Elektra, o birini eşq ilahəsi Afrodita sanırsan!
Timenio qəsəbəsindən keçəndə sahildəki yelkənli qayığı “Arqo” gəmisi, içindəkiləri arqonavtlar zənn edirsən, Kolxidaya “Qızıl dəri” dalınca gedirlər. Göyərtədəki Yasondu, son göstərişlərini verir. Qafqaz gözəli Medeya, nə olar, vurulma Yasona! Ona sən yox, qızılı qoyun
dərisi lazımdı!
Eşitməz məni Medeya. Sevginin gözü kor, qulağı kardı. Eh qadınlar, elə bilirsiniz kişilərə tək sevgi üçünmü lazımsınız?! Sevgi..!
Sevgi deyilmi, sehrini qıran, tilsimini puç edən sehrbaz Medeyanın?! Heç bilmədim, müqəddəs qoçu tanrısına birinci kim qurban kəsib, İbrahimmi Allahına, ya Friksmi Zevsinə?
Amma yol boyu gördüyüm neçə yunan kişisini nə Axillesə, nə də Herakla bənzətdim. Ya elə Kalamatada doğulmuş məşhur Yanni qrupunun yaradıcısı Yanni Xrisomallisə oxşayırdılar, ya da futbolçu Yorqos Qaraqunisə.
Kalamatadan Toloya - qədim Spartanın zeytunluqlar, çimərliklər, antik əfsanələr diyarına iki saata çatdıq. Tolo Egey dənizinin Arqolis körfəzi sahilində balaca bir şəhərdi.
Biz çatanda günün əyilən vaxtıydı. Sanki zaman maşınıyla tarıxın o üzünə keçmişdim.
Hotelin balkonundan açılan füsunkar mənzərə adamı özündən alıb qəribə duyğularla uzaq xəyalların ağuşuna atır. Nə gizlədim, elə burda qaldığım həftəboyu min-bir düşüncəyə qərq oldum. Hara getsəm də, nə etsəm də gecəyarısı, sübhçağı, günortaüstü, qürub vaxtı demədim - bu gözəlliyə tamaşaya durdum, fikirlərimdə aranı dağa, dağı arana daşıdım. Özüm-özümə suallar verdim, özüm-özümdən cavab aldım, bəzən bu söhbətə yunan tanrıları, tanrıçaları da qoşuldu.
İKİNCİ GÜN: Ağzıbağlı Ağapaşa Camisi
Tolo haqda ilk dəfə Homer öz “İliada”sında yazıb. Troya müharibəsində öz donanması ilə iştirak edən şəhərlərin biri də Tolo imiş. Bu, əfsanəyə görə belədi, tarixi reallıq isə deyir ki, bura əsrlərlə venesiyalıların, türklərin işğalında olub.
Bu günsə Yunanıstan büdcəsinin əhəmiyyətli hissəsini tutan (ÜDM-un 20 faizi) turizmə öz töhfəsini verir. Ölkəyə hər il gələn 22 milyon turistin neçəsi yolunu burdan salır, bilmirəm, onu bilirəm ki, Yunanıstanın elə hər yeri beləcə, görməli, gəzməli, öyrənməlidi.
Afinadan 90 kilometr cənub-qərbdə yerləşən Tolonun 1500 nəfər sakini var. Turizmin Yunanıstan iqtisadi həyatında rolu barədə təsəvvür yaratmaq üçün elə Tolodan bir statistik rəqəm desəm, bəs edər - bu balaca şəhərcikdə 64 hotel var!
913 pilləkənli Palamidi qalası
Afinaya səfəri nəzərə almasaq, demək olar, burda olduğumuz günlərdə yalnız Poleponnes periferiyası, xüsusilə də onun Arqolis nomu ərazisindəki tarixi yerlərə baş çəkdik. Poleponnes Yunanıstanın 13 periferiyasından, Arqolis isə 54 nomundan, bizim dillə, rayonundan biridi. Ölkənin materik hissəsində yerləşir.
Xanımımla sözləşmişdik ki, bir gün hansısa tarixi yerə getsək də, o biri gün mütləq Egey sahilində qalaq, İsveçdə ələ düşməyən isti dənizlə, qaynar günəşlə baş-başa olaq. Qərara sonacan əməl edə bilmədik, gəzmək həvəsi üstün gəldi.
Çoxbilmişlik çıxmasın, bir söz deyim, bir yeri yaxşı tanımaq istəyirsizsə, oranı piyada, ya da ictimai nəqniyyatda gəzin. Səfərin ikinci günü şəhərlərarası avtobusa minib Tolodan 10 kilometr aralıdakı Nafplion şəhərinə getdik. Yol boyu narıngi, portağal, limon, zeytun bağları səliqəsiylə
diqqət çəkir.
Nafplion Arqolis nomunun mərkəzidi. Liman şəhəridi. Afina Osmanlı şəhəri olduğu vaxtlarda Yunanıstanın paytaxtı olub. Qədim hissəsi dar küçələrdən, iki-üç mərtəbəli evlərdən ibarətdi. 1730-cu ildə inşa edilən Ağapaşa Camisi sonra Yunanıstanın ilk parlament binası olub, təmirsiz, ağzıbağlı tikilidi.
Şəhərin hər yerindən görünən uca dağ başındakı Palamidi qalasına çıxmaq təklifim qəbul olundu. Nə dik pillələr, nə başgicəlləndirən hündürlük, nə də yarıyolda yorulub qalmaq qorxutmadı - “getdik üzü küləyə”.
Palamidi qalasını 1687-ci ildə türkləri məğlub edən venesiyalılar tikib. İçində bir-birindən ayrı 8 bürc var. Qala darvazasına qədər 913 pilləkən saydım. İçəridəki istehkam-bürclərə daha neçə yüz pillə qalxdığımı bilmədim. Sonuncu dəfə buna bənzər yolla Krımda, Baxçasaray yaxınlığındakı
Çufutkalaya qalxmışdım. Oranın yaşatdığı sehirli təəssüratı “Ölü şəhərlər muzeyi”ndə təsvir etmişəm.
Axilles üzümə baxmadı - Qarabağa görə
Pilləkənləri qalxdıqca arxanda bir yanı Nafplion şəhəri, o biri yanı Arqolis körfəzi olan ecazkar mənzərə açılır. “Axilles istehkamı”nda qala bürcünə çıxıb sınırsız sonsuzluğa tamaşaya durdum. Xəyalımda göydə qədim yunan tanrılarını, yerdə mifik qəhrəmanlarını gəzdim.
Qala divarına dirsəklənib üfüqü seyr etdiyim yerdə Axilles bürcündən çıxıb yanıma gəldi. Xeyli söhbət elədi. Qəhrəmanlığından danışdı. Amma üzünü mənə çevirmədi. Səbəbini soruşdum. Belə cavab verdi:
“Bizim Troyada uğrunda illərlə can verdiyimiz Yelenamız var. Amma sizin Qarabağ ondan da gözəldi. Müqəddəs sevgilərdə bütün hədəflər canlıdı. Qarabağ sadəcə dağ-daş deyil. Görüb gələn səyyahlarımız elə vəsf edirlər ki oranı. İsgəndər Nuşabəyə yox, Bərdədən üzüyuxarı Qarabağ gözəlliyinə aşiqmiş. Elə gözəli düşmən əsirliyində qoyarlarmı? Növbəti dəfə qalibiyyətlə gəl yanıma, sənə qələbə şərabını özüm süzəcəm”.
Gecələrimi ərşə çəkən Mnemosina, burda da rahat buraxmayacaqsanmı məni?!
Axilles sözünü dedi, sonra çevrilib getdi, bürcün alaqapısında görünməz oldu. Elə bil onunla söhbətdən ayılan kimi oldum.
Sonra xanımla yorulub-ərinmədən, xırda addımlarla, ehmal-ehmal sürüşkən yastı daşların üstüylə səkkiz bürcün səkkizinə də baş vurduq. Bürclərin adı hər yeni sahib dövründə dəyişdirilib. Venesiyaların, türklərin, yunanların öz dillərində ad qoyduqları bu bürclər bir-biriylə yeraltı əlaqəlidi.
Burda ərzaq anbarı, böyük su çəlləyi, silah cəbbəxanası, hələ desən, zindan da var.
Geri qayıdanda, elə sonuncu pilləkəni düşən kimi yolun o üzündə hündür çinarlı, şəlaləli “Propolis” kafesinin sərinliyində yorğunluğu çıxardıq.
Oturduğumuz yerdən təzəcə düşdüyümüz hündürlüyə baxıb, xanımla bir-birimizi xeyli öydük - “Hələ qocalmamısan!”
ÜÇÜNCÜ GÜN: Vallah, “Zorbas” türk sözüdü
Hotelimizin barmeni Orestislə mənimki elə ilk gündən tutdu. Rusca bildiyi beş-on kəlmə ünsiyyətimizə körpü saldı. Rus olmadığımı kəsdirsə də, məni hardansa “Uruset” tərəfdən gələn bilirdi. Söhbətimiz çəlləkdən süzdüyü “Zorbas” pivəsinın adından başladı. Nə illah elədim, inandıra bilmədim ki, “zorbas” türk sözüdü. Əvvəl-əvvəl ürəyinə yatmırdım, mənə şübhəylə baxırdı. Elə ki, “Yunan Zorba” (“Zorba the Greek”) adlı köhnə yunan filmindən danışdım, qırışığı açıldı, münasibəti tamam dəyişdi, isinişdik.
Sonrakı günlərdə türklərlə yunanların adətlərində, məişət və mədəni həyatlarında oxşarlıqlardan danışanda bu filmdən yenə misallar çəkəcəkdim.
Bir adətim var, səfər etdiyim ölkə haqda bilgi toplamaq mənim üçün səfərqabağı hazırlıqların ən vacibidi. O filmi seyr etmək də səfərqabağı hazırlıqlardan biriydi. Baxmağı sizə də məsləhət görürəm, əsl yunan xarakterini usta sənətkar Entoni Kuinn məharətlə yaradıb.
Beləcə, hər dəfə bara girəndə Orestislə elə uzaqdan bir-birimizə əl edib salamlaşırdıq. Bir səhər menyüsündəki “Greek coffee”ni görüb dedim, iki fincan qəhvə dəmləsin. Gətirəndə yenə dilimi dinc tutmadım: “Bu ki, türk kofesidi”. Elə bil ona söyüş söydün. “Nə türk? Yunan kofesidi”, dilxor oldu.
“Axşam danışarıq”, deyib qəhvə dolu fincanları otağa apardım. Əlbəttə, axşam “Zorbas” bizi barışdırdı. Orestis məni çəlləyə yaxın ayaqüstü masaya çəkdi, bir yekə bakal pivə süzüb gətirdi. Dirsəklənib üzümə baxmağından anladım ki, səhərki söhbətin davamını eşitmək istəyir. İzah elədim ki, qəhvəni Həbəşistandan gətirib Avropaya çıxaran türklərdi.
Bir həbəş çoban sürüsündən bir keçinin neçə gecədi yatmadığını görüb maraqlanır. Güdüb görür ki, keçi bir ağacın qəribə meyvələrini yeyir, sonra da dəliliyi tutur, gecəni yatmır. Qəhvə ağacı belə kəşf olunur. Osmanlılar da qəhvəni öz mətbəxlərində Avropaya daşıyır. Onunla bu söhbət bizim ermənilərlə “dolma”, “Sarı gəlin” davamızı xatırladırdı. Məğlubiyyət kompleksidi, tanış hissdi! Ta dərinə getmədim. Yeri gəlmişkən deyim ki, 400 il əsarətdə saxlasalar da, olduğum yerlərdə türklərin sən deyən o qədər də izinə rast gəlmədim. Tək Nafplio şəhərində ağzıqıfıllı yumru tikili vardı, deyirdilər əvvəl məscid olub. Öyrəndim ki, Ağapaşa camisiymiş. Minarələrini də türklər gedəndən sonra söküblər.
Mnemosina qoymaz yalan deyəm, yadıma salır ki, bir dəfə Britaniyanın Vestminister fondunun şotlandiyalı bir nümayəndəsiylə ingilislərin bir işğalçı kimi şotland mədəniyyətinə təsirindən danışırdıq. Həmsöhbətim yunanlardan da misal çəkərək deyirdi ki, başqa Balkan xalqlarından fərqli olaraq, yunanlar antik dövrdən qalan mədəniyyətləri hesabına türklərin gətirdiyi türk-islam
mədəniyyətində “ərimə”dilər. Yəni, məsələ silah gücündə deyil, oturuşmuş mədəniyyətləri “əritmək” olmur.
Onun dediklərinə kilsə və yerli özünüidarəetmə institutunu da əlavə edərdim. Yunanlar öz milli kimliklərini qoruyub saxlaya bilmələri üçün bu iki instituta borcludular. Əvvəla, osmanlı sultanlarının yunan xristian ruhaniliyinə verdiyi azadlıq o dövr katolik ölkələrinin protestantlarında belə yox idi. Həm də türklər mövcud yerli idarəetmə sistemini dəyişmədilər. Gərək ondan yaxşını təklif edəydilər. Bu seçkili özünüidarəetmə institute işğalın sonunacan yaşadı.
Yunan milli şüurunun saxlanmasında yerli məktəblərin rolu əvəzolunmazdı. Osmanlıların toxunmadığı bu məktəblərdə təhsilin keyfiyyəti türk dərsxanələrindən bir neçə baş yüksək idi. Elə sonralar “Fənərli Rumlar” adıyla məşhurlaşan yunanlar Osmanlıda elit təbəqəyə çevrilərək dövlətişlərində mühüm vəzifələr tutdular, imperiyanın Avropada danışan dili oldular, onun Avropa siyasətində yönləndirici rol oynadılar.
Bu sərbəstliklər hesabına salamat qalan milli şüur işğalçılara qarşı nifrəti də ölməyə qoymadı. Osmanlının güclü vaxtı içdə bəslənən nifrət imperiya zəifləyəndə zahirə çıxdı və 1821-ci ildə başlayan yunan üsyanı on il sonar qələbəylə sonuclandı.
Bütün bunlar indi gülərüz Oresteslə söhbətdə də özünü göstərirdi. Amma içi barmen qarışıq yunanlar etiraf etməsələr də türklərin təsiri danılmazdı. Bu təsir xüsusən də musiqidə, rəqsdə, mətbəxdə, məişətdə aydın görünür.
Şərab tanrısı Dionislə qədəh toqquşdurmaq
Qaldığımız “Sofia” hotelinin Egey sularının yuduğu restoran məhəccərinə söykənib dənizin qürub rəngini seyr edirdim. “All inclusive” (“nə qədər istəyirsən” - hərfi tərcüməni özünüz də bilirsiniz, mən qavradığım kimi çevirdim) xidmətindən yararlanıb bir qədəh də çaxır süzmüşdüm.
“Santorini” çaxırı dəniz yaşılı rəngiylə qürubun yeddi çalarında əsl fotoluq fon verirdi.
Adamlar əllərində çaxır, pivə, viski dənizə tamaşa edir, söhbətləşirdi - hamı sərgilənəcək tamaşanı gözləyirdi. Bu axşam konsert olacaqdı.
“Santorini” xoşuma gəldi, içdikcə adamı yaxşıca məst edirdi. Elə bu məstlikdən idi, ya nə oldusa, bir də gördüm şərab tanrısı Dionis böyrümü kəsdirib. Elə hey öz çaxırlarını tərifləyirdi. Mənim də vətənpərvər damarım tutdu, başladım bir vaxtlar şəhərimin adını SSRİ yekəlikdə ölkədə məşhuri-cahan eləyən “Ağdam”dan danışmağa.
Dionis sözümü kəsmədi, axıracan qulaq asdı, sonra bunları dedi: "Eşitmişəm, deyir, 2 milyon ton üzüm becərirmişsiniz, şərabınız dörd bir yanda satılırmış. Nə qədər gec deyil, qayıdın şərabçılığa, kənd təsərrüfatına. O dediyin “Ağdam”dan da içmişəm, adamı tez tutsa da, yaxşı çaxır idi".
Sözünü bitirdi, gedib barmen Orestesdən iki qədəh şərab süzüb gətirdi. “Bunu biz ambrosiya yeməyiylə içirik, dirilik suyudu”, - birini mənə uzatdı. “Şərəfə” deyib toqquşdurduq. Sonra qədəhini məhəccərin üstünə qoydu, sağollaşıb getdi.
Demis Russosun səsi və ləpələrin pıçıltısı
Konsert başladı. Oxuyan Dimitros adlı qoca bir müğənniydi. İlk zümzüməsiyləcə hamını sehirlədi. Şirin, yanıqlı səsi vardı, elə bilirdin əfsanəvi Demis Russosun özüdü oxuyan. Az keçmədi, məclisi ələ aldı, dünyanın dörd bir tərəfindən gəlmiş turistlər ona qoşulub şaqraq yunan mahnılarını oxumağa başladılar.
Dimitros mahnılarına ara verəndə aralığa rəqqaslar girdi. Sirtaki rəqsinin bir adı da Zorbadı. Gənc rəqqasların oyunu, rəqsin havası hamımızı tilsimlədi - çaxır da bir yandan işini görürdü - ayaq üstə ritmə uyğun əl çalır, dingildəyirdik.
Növbəti rəqsə könüllülər dəvət edildi. Mən də qabağa çıxanlardan oldum. Əvvəl-əvvəl ayaqlarım dolaşır, səhvlər edirdim, amma yavaş-yavaş öyrəşdim.
Bizim yallıya bənzəyir Sirtaki.
Sonra növbəylə hamı turist-rəqqasların dövrə qurduğu dairədə tək-tək oynamağa başladı. Türklərin Zeybək rəqsinin tam oxşarıdı yunanların Zorbası. Vallah, özümə bir əl qatmışdım ki. “Son Balo” filmində Atatürk rəqs edir ey, bax, heylə. Bir süzürdüm ki, gəl görəsən.
Sən demə, rəqsimi xanım telefonla çəkirmiş. Masaya qayıdanda tərifləməyə başladı: “Əla oynadın”. “Oynayan mən deyildim ki, çaxır idi, lap düzü, çaxır tanrısı Dionis idi, mənim cildimdə oynayırdı”.
Konsert gecə yarıyadək davam elədi. Dimitrosun səsi, ansambl ifaçılarının buzuki, kanonaki alətlərində çaldıqları musiqi Egey ləpələri fonunda bizə fantastik ovqat yaşatdı.
DÖRDÜNCÜ GÜN: Xristianlığın İŞİD dövrü
Epidavros məbədi Arqolid yarımadasında yerləşir. Bura bir teatrı ilə, bir də akslepionu, bizim dildə desək, xəstəxanası ilə məşhurdu. Qədim Yunanıstanın hər yanından, hələ desən Romadan belə zəvvarlar bura axışarmış. Təbabət tanrısı Asklepidən şəfa dilərmişlər. Onun adıyla açılan
yüzlərlə şəfa ocağından ən məşhuru olan Epidavros akslepionunda müalicə alar, axşamlar da beşaddımlıqdakı teatrda tamaşaya baxarmışlar.
Asklepion rahiblərinin şamanlar kimi dini rituallar icra etməklə yanaşı təbiblik qabiliyyətləri də vardı. O vaxtkı inanca görə, xəstəliklər tanrılardan gəlirdi, səmaviydilər. Hippokratın özü də belə rahib nəslindən idi. Amma o, sələflərindən fərqli mövqe tutaraq, xəstəliklərin səbəbini yerdə axtarmağı üstün tuturdu.
Elə Epidavros muzeyində eksponatlara baxıb Hippokratı düşünürdüm ki, arxadan qəfil çıxıb əlini çiynimə qoydu.
“Necədi, xoşun gəlir bizim şəfaxanamızdan? Burda tək müalicə etmirik, həm də təhsil veririk. Bilirsən kimlər oxuyub burda? Mark Avrelinin şəxsi həkimi Galen, daha kimlər, kimlər. Sizin səhiyyədən xəbərim var. Sənin “Semaşko” xəstəxanasında bir gecə qaldığını da bilirəm. Ordan yazdığın “Ağrının sərhəd məntəqəsi” yazını da oxumuşam...”
Maraqlı söhbət edəcəkdik, hələ bəlkə ağrıyan yerimi də göstərəcəkdim, mələk gözəlliyində bir tibb bacısı imkan vermədi, çağırıb təcili apardı. Dünyada ilk klinik müalicə bu akslepionlarda həyata keçirilib. Xəstələr burda qalıb müalicə olunurmuşlar. Tibb tarixində xəstələrin ilk xəstəlik
tarixçələri də burada yazılırmış, özü də daş lövhələrə. Muzeydə sərgilənən tibb alətləri elə buradakı qazıntılar zamanı tapılıb. Alətlərdən məlum olur ki, qədim rahib-təbiblər cərrahi əməliyyatlar da aparırmışlar.
Epidavros teatrında Esxillə də söhbət
Antik yunan dramaturqu Esxil iki bilet göndərib Epidavros teatrında oynanılacaq özünün "Zəncirlənmış Prometey" tamaşasına dəvət elədi. Axşam getdik. Tamaşadan əvvəl ayaqüstü söhbətimiz oldu. “...Bax, bizim bu teatra hər dəfə 14 min tamaşaçı gəlir. Hansı məbləğdə desən teorikon alırıq. Teorikon tamaşalara, şənliklərə, qurbanlıq törənlərinə ayrılan xüsusi dövlət kreditidi. Elə il olur ki, dövlətimiz belə işlərə ordudan çox pul ayırır. Daş oturacaqlı teatrlar tikiləndə biletləri satmağa başladıq.
Tamaşaçıbaşına 2 obolos, sizin pulla 2 manat. Sağ olsun, Perikl hakimiyyətdə olanda qərar çıxardı ki, kasıb tamaşaçıların bilet pulunu dövlət ödəsin”. Başqa nəsə deyirdi, bir də gördüm Zevsin qızları, incəsənət və elm tanrıçaları - muzalar gəlir. Canıyanmışlar bir-birindən gözəl - fikrim getdi, ağzımı ayırıb onlara baxdım. Xanım qolumdan bərk dürtmələdi ki, hara baxırsan? Huşum qayıtdı söhbətə. İstədim deyəm ki, nə teatr, rəhmətliyin oğlu, bizim indi yaxşı şou çıxaranlarımız var, onlara baxıb qaqqıldaşır-gülüşürük - gördüm Esxil muzaların əhatəsindədi, ta məni görmür, eşitmir...
Epidavros teatrı elə yerdə tikilib ki, uzaq yamaclardan, dərin dərələrdən gələn meh həm adamın üzünə sərinlik verir, həm də səhnədə deyilən sözləri mikrofon əvəzi qulağına çatdırır. Qəribə bir akustikası var. Aktyorların dediyini ən hündür sırada belə rahat eşidirsən.
Aqamemnonun kəsif qoxulu türbəsi
Epidavrosdan qayıdanda yolüstü Mikena xarabalıqlarına döndük. Mikena akropoluna (yüksəklikdə məbəd) Aslan qapısından keçib girirsən. Bura qədim Yunanıstanın antiköncəsi mədəniyyət beşiyidi. Eradan əvvəl ikinci minillikdə inkişafın zirvəsini yaşayıb. Tunc dövründən qalma tarixi tikililəri, qızıl zinətlərlə dolu sərdabələriylə məşhurdu. Mikena mədəniyyəti özündən sonrakı sivilizasiyalara yön verib, elə antik dövrün erkən çağlarında ömrünü o mədəniyyətlərə bağışlayıb, səhnədən çəkilib. Çox qədim yerdi, hələ Strabon yazırdı ki, onun vaxtında şəhərdən əsər-əlamət qalmayıb.
Mikena akropolunun beşaddımlığında Aqamemnonun nəhəng məqbərəsi var. “Aqamemnon maskası” adıyla Afina muzeyində saxlanılan qızıl maska burda tapılıb. Homerin “İliada”sının baş qəhrəmanlarından olan Aqamemnon antik yunan mifik obrazı kimi məşhurdu. Yelenaya görə, Troya müharibəsini başladan da o olub.
Məqbərə buz kimiydi. Həm də tam kəsdirə bilmədiyim qəribə qoxusu vardı, elə bil tarixin kəsif iyi gəlirdi.
BEŞİNCİ GÜN: Müharibə tanrısı Ares ürəyimdən yaraladı
Səhər yeməyindən sonra Tolonun baş küçəsiylə suvenir mağazalarını dolaşdıq. Bu gün heç yana getməyəcəkdik. Elə sahildə günlənəcəkdik. Xanım uşaqlara, iş yoldaşlarına suvenir seçdi, mən də bir-iki şüşə yunan çaxırı, bizim araq, türklərin rakı dediyi uzo aldım. İsveçdə içki çox bahadı,
fürsət idi.
İki saatlıq bazarlıq-dolaşmadan sonra hotelə qayıtdıq. Hərə öz kitabını götürdü, getdik sahil çimərliyinə. Yusif Vəzir Çəmənzəminlinin “Studentlər”i neçə gündü mindiyim zaman maşınını üzü yüz il əvvələ döndərdi, bir neçə saatlığa Egey sahilindən Dnepr ləpədöyəninə apardı.
Axşama doğru balkondan görünən mənzərə teatr səhnəsini xatırladır. Günəş hotelin arxasına keçdiyindən, elə bilirsən qaranlıq zalda işıqlı səhnəyə baxırsan. Sahildən bir qədər aralı o xaçlı adaya üzmək həvəsinə düşdüm. Dedim, görüm haracan üzə bilərəm.
Suya girib qayıqları, katamaranları bir-bir arxada qoya-qoya adaya sarı üzdüm. Duzlu suda hərəkət çətin olmasa da xeyli üzüb yoruldum. Yəqin bu yorğunluqdanıydı, ada gözümə ada kimi görünmürdü, elə bil meh titrədən tülüydü.
Dəniz ilğımı Fata Morgana buna deyirlər? Dayanıb üzü göyə sarı suda uzandım ki, nəfəsimi dərəm, bir də eşitdim kimsə məni çağırır. Adaya sarı qanrılıb baxanda kimi görsəm yaxşıdı!
Müharibə tanrısı Aresdi, qayanın üstündə durub bağırır: "Hara gəlirsən? Sənin qiblən bu xaç deyil, yaxşı tanıyıram səni, sənin qiblən heç Kəbə də deyil. Qiblən Qarabağdı, yeri, üz ora! Sarkisyan at oynadır orda, odey indi də parad keçirir”.
Uzaqdan Aresin üzünü görməsəm də səsi bəs elədi, canımı üşütmə tutdu, qorxdum.
Həqiqət tək acı olmur, o, həm də qorxuncdu!
Publisistika 181
Üzüsulu geriyə üzməyə başladım. Sizi bilmirəm, məndə bəzən qorxu hissi
utanc duyğusundan yaranır. “Sarkisyan at oynadır orda, odey indi də parad keçirir”.
Qorxulu fikirlər beynimə dolmuşdu. Yenə gözümə Fata Morgana görünürdü. Yaxınlaşdıqca ilğımlığından çıxırdı, amma nəyə oxşadığını hələ kəsdirə bilmirdim.
Poseydon əl elədi, əylədim
Bir az da yaxınlaşanda gördüm dəniz tanrısı Poseydondu, əl elədi, dayanıb durdum. Odisseyi qovalayıb gəlirdi, kefi kök idi.
- “Gördüm, babat üzürdün, bəyəndin Egeyin suyunu?”
- “Elə bil göz yaşıdı, bizim Xəzərdən duzlu, Göygöldən durudu”.
- “Düz deyirsən, bu su deyil, batırdığım adamların göz yaşıdı, yığmışam bir yerə, ona görə belə duzlu, durudu.
- “Siz tanrılar niyə bizi ağladırsınız? Ağlaya-ağlaya gəlirik dünyaya, elə ağlayaraq da gedirik”.
- “Biz məğlubları sevmərik. Mənim sularımda onlara yer yoxdu. Bir də, ömrü xoşbəxt gülüşlərdə keçən insan axırda allahlıq eşqinə düşür. Boş buraxsaq, allahlığımızı da alarsınız”.
Sözünü deyib, sualımdan incimiş kimi o xaçlı adanın dalındaca yox olub getdi. Mən də var gücümlə sahilə doğru tələsik üzməyə başladım. “Bax, beş-on allahlıq eşqinə düşüb fironluq edən hökmdara görə min illərdi insanlıq ağlar günə qalıb” sayaq fikirlərlə üzə-üzə bir də gördüm sahilə çatmışam.
Gözüm su içmədi bu Poseydondan, nə desən çıxar ondan, Odisseyin başına açdığı oyunlardan da xəbərim var.
Ta şərqarışanda girməyəcəm Egeyə.
ALTINCI GÜN: Tanrı qızı Afina
Afina səfərinə qəribə ovqatda yola çıxdım. Avtobusumuzda elə bizimlə təyyarədə gələn qocalar idi. “Hans Xristian Andersen” də qarısıyla burdaydı. Amma məni daha onlar maraqlandırmırdı. Huşum indiyədək oxuduğum kitab, baxdığım filmlərdən təsəvvürümdə formalaşan mifik dünyaya getmişdi. Zaman maşını tarix şossesiylə şütüdükcə antik dövrün real, mifik qəhrəmanları yol qırağında durubmuş kimi bir-bir görünür, mənə əl edir, itirdilər. Bilmirəm, bu qoca turistlər avtobusun pəncərəsindən nəyə baxırdılar, mən söz açdığım o dünyaya baxırdım.
Avtobusumuz Korinf kanalını keçib eyni adlı şəhərin girəcəyində qədim bir xarabalıq - tarixi yerin yanındakı kafe qarşısında əylədi. On beş dəqiqəlik fasilədən hərə bir cür istifadə etdi. Mən “Sivilizasiyanın 8.5 min yaşı. Miflə tarix arasında” adlı turistlər üçün kitabın ruscasını aldım. Əvvəl əlim gəlmədi, ucuz deyildi, on beş avroyaydı. Maraq güc gəldi, aldım. Elə oradaca indi
üstündən keçdiyimiz Korinf kanalı haqda məlumat axtardım.
Kanal Egey dəniziylə İon dənizini birləşdirir. Hələ eradan altı yüz il əvvəl belə bir kanalın sözü gedirmiş. Tarix boyu hər gələn hakimiyyət iki dəniz arasında keçidin inkişafa ciddi təkan verəcəyini desə də, onun tikintisinə yalnız Misirdə Süveyş, Amerika qitəsində Panama kanallarının çəkiliş söhbəti yayılandan sonra həvəslənib XIX əsrin ikinci yarısında qərar veriblər.
Uzunluğu 6 kilometr olan kanalın eni 25 metrdi, hündürlüyü isə bəzi yerlərdə 76 metrə çatır. Heyif, körpünün üstündə çatdırıb şəkil çəkə bilmədim. Amma internetdə doludu.
Afinada ilk gəldiyimiz yer olimpiya oyunları keçirilən stadion oldu. Qədimdə el şənliklərinin ən möhtəşəmi olimpiya oyunları idi. Yarışlar Yunanıstanın müqəddəs yerlərindən olan Olimp dağı yaxınlığında keçirilirdi. Bu, tək idman yarışı deyildi, həm də dini mərasim idi. Yarışlardan əvvəl idmançılar da, hakimlər də qurban kəsər, ədalətli olacaqlarına and içərmişlər. Turist firması Olimpiyaya səfər təşkil edən gün biz Egey sahilində qaldıq. İndi deyirəm, kaş qalmayaydıq, ora da gedərdik.
Növbəti dayanacağımız Sintaqma meydanı oldu, Yunanıstan parlamenti burada yerləşir. Efzon deyilən elit hərbi bölmənin əsgərləri fəxri qaravulda dururlar. Saatbaşı dəyişən qaravulu tamaşaya xeyli turist toplaşır. Efzonlar 1821-ci ildə başlayan müstəqillik savaşında öz şücaətləriylə seçiliblər. Elə ona görə də bu gün ölkənin elit əsgərləri sayılırlar. Bura seçim ciddidi, boyu 1.87 metrdən aşağı əsgər götürmürlər. Diqqətçəkən həm də onların geyimidi, xüsusilə 400 büzməli ətəkləri. Bu, 400 illik Osmanlı işğalını unutmamaq üçündü.
Efzon əsgərə yaxınlaşa-yaxınlaşa xanıma qədim Afina demokratiyasından danışıram, dünya tarixinin ilk demokratik parlamenti - Ekklesiyadan bəhs edirəm. Deyirəm ki, antik dövr siyasiləri içində ən çox bəyəndiyim Perikldi. O, Afina demokratiyasının qurucularından olub.
Bu söhbəti sonra bələdçimizin bizi “Thanasis kebab” restoranında nahara aparanda da davam elədim. Ofisiant sifariş verdiyimiz yeməkləri gətirəndə mən “III Sektor” adında nəşr etdiyimiz demokratiya jurnalına Periklin büstü olan şəkli emblem seçməyimdən danışırdım. Yeməklər gələndə demokratiya da, Perikl də yaddan çıxdı.
Sifariş verdiyim “Thanasis kebab” bizim lülə kababın eynisiydi, “Greece salad” da bizim çoban salatdan elə də fərqlənmir. Xanımın “Chicken kalamaki” adlı yeməyi çubuq şişdə toyuqdan ibarətdi. Barmen Orestesi xatırladım, olaydı yanımda mətbəxlərimizin də nə qədər yaxın olmasından danışaydım.
Restoran heyətinin bizim bələdçini tanımasından anladım ki, turist firma öz müştərilərini elə bura gətirir. Narazı qalan olmadı, qiymətlər də münasib idi. Mənə xüsusilə xoş gələn “Amstel” pivəsinin ucuz olmasıydı. İsveçdə bənzər restoranda 8 avroya olan bir bakal pivə burda 1.8 avroya idi.
Zevs mənə dedi ki...
Nahardan sonra Afina akropoluna gəldik. Akropola qalxmadan öncə onun yaxınlığında arxeoloji qazantılar aparılmış yerin üstündə tikilən “Yeni Akropolis muzeyi”nə baxdıq. Tarixi eksponatlar müasir texnoloji vasitələrlə adamda keçmişə səfər təsiri doğurur. Şüşə döşəmədən qədim Afinanın xarabalıqları hündürlük həyəcanı qarışıq qəribə duyğu oyadır.
Bilet adambaşı 10 avroyadı. Düzdü, Yunanıstanda muzeylərə giriş qiyməti Qərbi Avropa ölkələrinin muzeyləriylə müqayisədə bir qədər ucuzdu, amma bunu Parfenon yerləşən Akropolis muzeyinə aid etməzdim. Açıq havada, restavrasiyası illərlə uzanan, tikinti materialları arasında tarixi tikiliyə baxmaq üçün 25 avro çox gəldi mənə.
Muzeylə üzüyoxuşa altı yüz metr qalxıb Afina Akropoluna çıxırsan. Burada Yunanıstanın ən böyük tarixi abidəsi Parfenon uçuq halıyla belə əzəmətli görünür. Muzeydə baxdığımız qısa filmdən Parfenonun tarixi barədə ətraflı məlumatlanmışdıq. Bura qədim Yunanıstanın baş məbədidi. Zevsin qızı müdriklik, ilham, sülh tanrıçası Afinanın şərəfinə eradan əvvəl V əsrdə tikilib.
Vaxtilə burda onun nəhəng heykəli də varmış. 1203-cü ildə mövhumatçı kütlə səlibçilərin qorxusundan uçurub.
Parfenonun qarşısındakı Aqoranı (bazar meydanı) dolaşıb Platonun oturduğu daşın üstündə dərin xəyala daldım. Bir də gördüm tanrılar tanrısı Zevs gəldi yanıma.
"Nə yaman fikrə getmisən? Buranın halına acıyırsan? Görürsən də mənim məbədimi nə günə qoyublar. Buranı məndən dönüb sami dinlərini qəbul edənlər dağıdıb. Əvvəl xristianlar heykəllərimi uçurub məbədimi kilsəyə çevirdilər. “Aqora” filmini xatırla! Hələ o filmdi, realda bilirsən nələr oldu?
Keşişlər xristian fanatik parabolaniləri qızışdırıb mənim məbədlərimi yerlə-yeksan eləməyə göndərdilər. Kahinlərimi öldürdülər, sarayları, məktəbləri, kitabxanaları alt-üst etdilər, yandırdılar.
Sonra müsəlman türklər gəldilər, minarə tikib kilsəni məscidə döndərdilər. Katolik venetsiyalılar da top atıb uçurdular. İndi heykəllərimin biri Paris Luvrunda, biri Nyu-Yorkun Metropoliten muzeyində, nə bilim, Ermitajda-filandadı. Burda tək bu sütunlar, bir də bu daşlar qalıb. Niyə susursan? Dində!"
“Elə mən də bayaqdan bunu düşünüb dururam, sussam yaxşıdı”, dedim.
Qoca Zevs çevrilib ağır addımlarla getdi. Onun bu halı ürəyimi ağrıtdı. Ta demədim ki, 2000 il əvvəl xristianlar uçuran heykəlləri indi İŞİD müsəlmanları İraqda, Suriyada dağıdır. Özümüz də daha göydəki yox, yerdəki allahlara heykəl qoyuruq.
Axşam hotelə maraqlı bir filmə baxıb kinoteatrdan çıxırmış təəssüratıyla qayıtdıq.
Tanrılarla göydə vidalaşma
Səfəri xoş bir ovqatla başa vurub geri dönürdük. Nağıllar aləmini dolaşıb, onun qəhrəmanları ilə görüşüb gəlirmiş kimiydim. Təyyarəmiz elə təyyarə sürətiylə də məni geriyə - zamanımıza qaytarırdı...
Gözüm illüminatorun o üzündə böyük bir qaraltını aldı, tanrılar idi, muzalar da gəlmişdilər, üzdə təbəssüm, əl edirdilər, yola salırdılar...
“Hans Xristian Andersen” də sevincliydi, qarısına həvəslə nəsə danışırdı. Qarı başını onun çiyninə qoyub gülümsəyirdi. Mənə elə gəldi ki, bu qoca danimarkalı qarısına həmyerlisi Hans Xristian Andersenin “Köhnə küçə fənəri” nağılını danışırdı.
İş yerində - işıq dirəyində son gecəsini yaşayan qoca Küçə Fənəri ona yeni həyat bəxş edən sabahı ümidlə gözləyirdi.
Sabahı kim gözləmir ki?! Keçmişin də sabahı olub. Sabahlar keçmişdən çırtdayan tumurcuqlardı. Neçə-neçə mədəniyyətin sabahı antik Yunanıstan keçmişindən açılan kimi...
Tolo, Yunanıstan - Karlskrona, İsveç