Dekabrın ortalarında zəngləşdik, bir xeyli ordan-burdan danışdıq, sözarası jurnalımızın 12-ci sayını mütləq oxumasını xahiş etdim, onsuz da hər sayını məmnunluqla oxuyuram, - dedi. Bir an tərəddüd etdim; deyim, deməyim? Xasiyyətimə rəğmən qəfildən: “Haqqınızda yazı gedib jurnalda” sözləri necə çıxdı ağzımdan, bilmədim. Səsinin tonu bir az da işıqlandı, minnətdarlığını bildirdi. Mehriban Rzayevanın “Ölən ümidlərin ruhu naminə” yazısını oxuyanda ürəyinin işığının bir az da artacağından əmindim və niyəsə, çox istədim ki, ürəyinə, ruhuna xoş olsun. Sonra şeirdən, yazı-pozudan danışdıq.
Yeni ilin ilk günlərində(dəqiqi yanvarın ya 5-i ya da 6-da mütləq gələcəyəm, - dedi) redaksiyaya
gələcəyinə, şeirlərini gətirəcəyinə söz verdi. Onun redaksiyaya hər gəlişi bir ayrı zövq idi; nədən danışır - danışsın, intellekti, yüksək, çoxşaxəli zövqü, zənginliyi ilə ovqat, enerji ötürücülüyü hər adamda olmurdu...
Poeziyası kimi. Azərbaycanın görkəmli şairi, Əməkdar incəsənət xadimi Camal Yusifzadə ədəbiyyatımızın, şeirimizin tutiya imzalarındandı... Ariflər yanında mərtəbəsi ucalardandı... 75 yaşını da tox təmkinlə, ağayana alicənablıqla, qapılar döymədən, təmənna ummadan yola saldı. Belə ucalıqlara enmək gündəlik qarğaşalara uyanların işi deyil. Onun susqunluğu bizlərin laqeydliyinə töhmətdi, əslində.
...Bizim onunla “bir söhbət” borcumuz qaldı. Bu səhifələrdə oxuyacağınız yazı bunlar olmamalıydı, Camal Yusifzadənin gözəl, orijinal şeirləri olmalıydı. Biz belə danışmışdıq... Xəbərindən bir gün əvvəl də zəng edib şeirlərini gözlədiyimi xatırlatmaq istədim, istirahət günü narahat etməyim, - deyib, daşındım fikrimdən...
Səhəri eşitdik ki, Camal Yusifzadə əzizlərini, doğmalarını, onu sevən, gözləyən dostları, Ədəbiyyatı bir amansız “Kaş!...” əlində qoyub getdi.
Səhəri eşitdik ki, Camal Yusifzadə növbəsini (Yerini yox!) başqalarına verib getdi... Məncə, “Keçmişə dəyib qayıtmağa”...
İnsanın xislətidir - həmişə zamanı qabaqlamağa can atır, sanki sığmır indiyə, bu günə və sığmadığı indinin, bu günün içindən öz əsərlərində boylanır sabaha, öz yazılarında qabaqlayır zamanı.
Zaman və insan. Zaman hökm yiyəsidir, atının başını buraxıb, yalmanına yatıb çapır, hey çapır. İnsan isə xəlq olduğu gündən zamanla çarpışan, onun hökmüylə barışmaq istəməyən Allah bəndəsidir.
Şair Camal Yusifzadə də zamanla çarpışan, zamanla vuruşan şair idi. Onun poeziyası məhz zamanın içində doğulub, zamanın içindən keçib, zamanın içində yoğrulub, yaşayıb, yaşayır və yaşayacaq...
Camal Yusifzadə çağdaş Azərbaycan poeziyasında öz dəst-xətti, üslubu, öz poetik dünyası, öz yeri və öz siması olan şairlərimizdən idi. Onun şeirlərində mən özümü tanıyıram, dostlarımı-tanışlarımı, hətta tanımadığım insanları tanıyıram. Poeziya onda maraqlıdır ki, şeirlərdə oxucu özünü görə bilir, məhrəm hisslər yaşayır, elə bilir ki, şair dünyaya onun gözüylə baxır.
Yaradıcılıqda ən başlıca amillərdən biri də budur. Camalın poeziyası sanki susqunluğun, ünsüzlüyün içindən doğulur, səssizlikdən keçib gəlir. Bəli, ilk baxışdan belə görünür və mən deyərdim ki, bu təəssüratı oyadan daha çox şairin qırımıydı - sakit təbiətli, təmkinli olmasıydı. Yaradıcılığını izləyəndə, şeirlərini oxuyanda isə bu ünsüzlüyün içindən bir hayqırtı, səs-səda eşidirsən. Xasiyyətcə həlim, təvazökar, sadə bir insanın içi, ruhu nə qədər çılğın və təlatümlü, nə qədər dərin və zəngin olarmış.
Bax, bu zənginlikdən yaranıb, bəhrələnib, bu dərinlikdən boy verib boylanıb Camal Yusifzadə poeziyası.
Uşaqdım, dəcəldim,
Əl-ayaqdan itiydim.
İllərnən oynayanda
Nağılımı itirdim.
Mənə nağıl danışın,
Mənə nağıl danışın,
İgidləri bahadır,
Hər dönümü möcüzə,
Qulaq asmağa gəlsin
Qonşu uşaqlar bizə…
Camal Yusifzadə poeziyası öz polifonikliyi ilə yanaşı, həm də ideya və məzmunca bəşəridir, planetardır. «İllərnən oynayanda nağılımı itirdim» – dünyanın harasında, hansı diyarında, məmləkətində uşaqların nağıllı dünyası olmayıb? İnsan yaşa dolduqca nağılını itirir və günlərin birində qayıdıb itmiş nağılını axtarır, nağıllı dünyasına qovuşmaq istəyir.
Camalın heyranları, vurğunu olanlar çox idi. Şairi şeirlərindən tanıyıb seviblər. Oxuyublar, seviblər, oxuyublar, vurulublar. Bu gün də o vurğunluq, o sevgi var Camalın poeziyasına.
Bir il əvvəl yeni çıxmış kitabını mənə bağışladı. Kitabın adı yox idi, bəmbəyaz, saya üzlükdə tünd hərflərlə yazılmışdı: «Camal Yusifzadə. Poeziya». Adsız kitab - özü də ağ-qara. Çox qəribədir - yazdığı avtoqrafda da bu iki rəngin sözü keçir. «Kamil bəyə. Taleyi ağ-qara, yuxuları rəngli şairdən...» Camalın şeirlərini oxuyanda başqa bir aləmə düşürsən, özünün yazdığı kimi, taleyi ağ-qara şairin şeirlərində dünya nə qədər əlvan, dünya nə qədər rəngarəngmiş. Onun poeziyasında ağ-qara konturlardan boylanan rənglər bir andaca əlvanlaşır, gah qovuşur, gah dağılıb itir, itir ki, yenidən yaransınlar, yenidən qovuşsunlar. Bir rəng də var şeirlərində - adsız rəng, adsız kitabı kimi.
Yaxın vaxtların söhbətidi. Camalın 75 illiyini qeyd eləmək üçün yığışmışdıq. Təzəcə işıq üzü görmüş «Hollivuddan Yaşılçıma» adlı kitabımı bağışladım yubilyara. Yazdım: «Həyatı ağ-qara, yuxuları rəngli şairə…». Kitabdakı yazıların bir çoxu ona yaxşı tanış idi. O vədə Camal «Ədəbiyyat və incəsənət» qəzetində şöbə müdiri işləyirdi. Müəlliflərə, xüsusən də gənclərə, necə qayğıyla yanaşdığının şahidi olmuşdum. Deyim ki, dərc olunan hər yazıya müəllif qədər də o, özü fərəhlənirdi. Eyni zamanda da tələbkar idi, zəif yazılara, naşılığa qarşı barışmaz idi. Bir xasiyyəti də var idi - yazını tərifləməkdə xəsislik eləyirdi. Tərif söyləməsə də, davranışından, üstüörtülü söhbətlərindən nəsə tutmaq olurdu. Əslində isə Camalın əlindən keçən yazının qəzetdə dərci elə onun münasibəti, tərifi demək idi. Ağlına_batmayan yazını yaxına buraxmazdı.
Son kitabı müəllifin oxucuya müraciətilə açılır: «Bu yazılar mənim səsi, ruhu, hərarəti, ağrısı, nəbzi olan duyğularımın rəngli siluetidir. Bu, dünya qədər Dünya, səndən kimlər keçdi... köhnə bir kədərdi, barmaqlar arasından süzülən torpaq masalıdı, ölən ümidlərin ruhu naminə yaşayan, ölümü köynəkdən keçirən, kətan köynəyinin yaxası qurumayan, təkrar yuxulardan ayılmayan bir adamın unuda-unuda ölən, özünə qəm ağacı əkmiş bəyaz çiçəkli alça ağacına oxşayan, nəyi varsa, özüylə daşıyan, üfüqə dirənən bir kənd cığırıyla baş alıb gedən, daha itiriləsi heç nəyi olmayan bir adamın Allahdan qorxduğu qədər adamdan qorxan bir Adamın özünə məktublarıdı, gələcəyin astanasında qoyub getdiyi nəm təsəllidi».
Camal doğma yurduna, elinə-obasına bağlı şair idi. Yolunu şeirlərində də salırdı doğma Lənkərana. Bir vaxtlar onu şəhərə gətirən yolu tutub, qayıdırdı o yerlərə. Qayıdır, uşaq və gənclik illərini qoyub getdiyi, indi boş qalmış o eveşikdə özünü axtarır, özünü soraqlayırdı.
Uzaqdan, uzaqdan, çox-çox uzaqdan,
Darıxıb gəlmişəm, qaçıb gəlmişəm.
Ay qonşu, bu evin yiyəsi hanı?
Eyvanda çıxardım ayaqqabımı,
Açdım pəncərəni, açdım qapını,
Görmədim qonağı qarşılayanı.
Ay qonşu, bu evin yiyəsi hanı?..
Camal Yusifzadə ədəbi yaradıcılığa 60-cı illərdə qədəm qoyub. Bu o vaxtlar idi ki, poeziyamıza yeni ab-hava, yeni ideya və mövzular gətirmiş Məmməd Araz, Əli Kərim, Sərdar Əsəd kimi istedadlar, necə deyərlər, meydan sulayırdılar. Onların yaradıcılığı fonunda söz demək, seçilmək elə də asan deyildi. Camalın ilk şeirləri məhz o vaxtlar dövri mətbuatda işıq üzü görməyə başladı və onun kövrək addımları ədəbi mühitdə çoxlarının, o cümlədən Rəsul Rzanın, Əli Kərimin də diqqətini çəkdi. Ona görə ki, Camalın poetik dünyası yeniydi, fərqliydi, həyatın nəbzi vururdu şeirlərində.
Şair Əli Kərim 1969-cu ildə «Azərbaycan gəncləri» qəzetində «İntellekt və poeziya» başlıqlı məqaləsində yazır: «Camal sözün yaxşı mənasında təmkinli şairdi, bu onun misralarını yersiz hay-küydən, pafosdan, obraz ədasından təmizləyir… Camal sözləri qənaətlə xərcləyir, hökm vermir, heç nəyi sübut etməyə çalışmır. Camalın ilk dəfə oxuduğum şeirləri mənə çox ümidlər verdi. Bəzən bircə şeir, hətta bir neçə misra belə oxucunu məcbur edir ki, müəllifi yadda saxlasın, bu, imza sevincinin ümidini arzularını bölüşməkdə nə vaxtsa, ona hökmən gərək olacaq. İnanıram ki, olacaq».
İnsanın duyğuları gələcəyə hesablanır. Camal Yusifzadənin şeirlərini oxuyanda, baxırsan ki, şair gələcəkdən o üzdəki gələcəyi də görmək istəyir.
Baxırsan ki, onun üçün zaman aşırımı yoxdur. Əslində, zamanın yolu heç vaxt hamar olmayıb, aşırımlarla doludur, sadəcə, bu aşırımlar əsl sənət qarşısında əriyib itir. Ürəyi doluydu, və o, dolu ürəyini şeirlərində boşaldır, düşüncələrini oxucuyla bölüşürdü. Problemləri çox olsa da, giley-güzardan uzaq idi.
Arzularla yaşayırdı, həyatdan umacağı isə o qədər az idi ki - uşaq payı…
Mənim arzularım əbədi kölgəm
Gah məndən arxada, gah məndən öndə,
Mənim arzularım əzabla ölür
Gah məndən arxada, gah məndən öndə…
İstedadlı publisist Südabə Ağabalayevanın Camal Yusifzadə yaradıcılığı haqqında «Azərbaycan» jurnalında dərc etdirdiyi məqalə belə adlanır - «Üzü dan üzünə». Müəllif, Camal Yusifzadə poeziyasına fərqli rakursdan yanaşır, həm gözəl bir insan, həm də maraqlı, istedadlı şair kimi onun görünməyən tərəflərini fəth edir, yaradıcılığını, söz sərvətini incələyir, poetik dünyasının
dərinliklərinə varır. Südabə Ağabalayevanın yazdıqlarından: «Mən bu ağ kitabdakı şeirlərin azadlığına sevindim. Qafiyə, sərbəst deyilən bölgünün Dünya, səndən kimlər keçdi... gücünü məhz bu azadlığın içində gördüm. Camalın oxucuya tələbkar olduğunu sezdim: onu oxuyan ötəndən-keçəndən, yerin altından-üstündən xəbərdar ola gərək. Bir də şeirləri yazıldığı 40-50 il necə təzə idisə, bu gün elədir - təzə və qədim. Camalın poetik sintaksisini çox bəyəndim! Camalın sözünü yalqız qoymayıb, arxasında durub, arxa olub və Camalın sözünün səsi də inamlı olub, qut olub. Səsi sözündə gizlənib qalmayıb, qoşulub şair ilhamına...»
Ay allı-güllü yuxular,
Ay allı-güllü köynəyim,
Ay allı-güllü baxtım,
Təkrar-təkrar yaşamağa hanı vaxtım?
Allı-güllü yuxulardan yoruldum,
damcı su çiləyin üzümə,
Bircə damla yaş axıdın gözümə,
Allı-güllü yuxulardan ayılım…
Camal Yusifzadə həssas qəlbli, incə ruhlu, duyğulu şair idi. Ona görə də sözüylə-sənətiylə ürəklərə asanlıqla yol tapa bilirdi. Təbiət sevgisi, insan sevgisi, həyat sevgisi - budur Camal Yusifzadə poeziyasının əsas qayəsi.
Onun şeirinin-şeiriyyətinin fəlsəfəsi də aydın və anlaşıqlıdır. Kimdən yazırdısa-yazsın, nədən yazırdısa-yazsın, Camal Yusifzadə poetikası, dəst-xətti uzaqdan çağırırdı. Maraqsız insan yoxdur, hər bir adamın içində nəsə işıq, işartı tapmaq mümkündür. Şair hər kəsin içində işıq görməyi bacarırdı.
İnsanlara olan məhəbbətdən, həyata olan sevgidən bəhrələnirdi onun poeziyası. Əli qələm tutandan son gününədək öz üslubuna sadiq qaldı, poetik siması, şair mövqeyi dəyişmədi. O, insanlarla şeirin, poeziyanın diliylə danışmağı bacarır və hər kəsin də öz dilini tapa bilirdi. İnsanların dilini tapmaq o qədər də asan deyil. Şair qəlbi daim narahat, nigaran idi: şeirlərində çəpərin o üzünə boylanır, dağın o üzünü görməyə can atırdı...
İşdə tez-tez qarşılaşırdıq. Sözümüz-söhbətimiz yaradıcılıqdan düşürdü. Radioda apardığım «Sənət söhbətləri, «Çağdaş qələmlər» proqramlarının dəfələrlə qonağı olmuşdu. Camal Yusifzadə sözüylə-söhbətilə də maraqlıydı.
Deyirdim, sənin maraqlı fikirlərin, deyib-danışdıqların verilişlərə bəzəkdir. «Çağdaş qələmlər»in bir sayını isə onun yaradıcılığına həsr elədim. Radiomuzun fondunda saxlanılır, gələcək nəsillərə ərməğan kimi. Elə insanları gələcək nəsillər də tanımalı, şairin yaradıcılığına bələd olmalı, poeziyasını öyrənməli, bilməlidirlər.
İş yerinə gələndə yenə də yolumu üçüncü mərtəbənin dəhlizindən saldım.
O uzun-uzunnama dəhliz kimsəsiz, bir az da qaranlıq gəldi mənə. Otağının qapısını döydüm, hay verən olmadı. Şair özü demiş, biz qapının bu üzündəyik, o üzündəki biz deyilik.
Döysən də, qapı açılmaz,
Qapı açılmaz üzünə,
O üzündə kim var, axı?
Hamı keçib bu üzünə…