Gəncəyə getmişdim, Əşdər Olu axtarmağa. Elə bilirdim, hər addımda qarşıma çıxacaq. İlıq bir təbəssümlə üzümə gülümsəyəcək, sağ əllə görüşəcək, sol əlini çiynimə qoyacaq. Mənimlə görüşəndə (bəlkə, hamıyla) həmişə belə edir. Sol əlini çiynimə qoymağı məndən sağlamlığımı soruşmaqdı, bir az da əlini çiynimə bərk vurursa, bu artıq “nə yazırsan?” - deməkdir.
Kim kimlə harda tanış olubsa, o yerlər həmişə doğmadır. Hərdən adam (elə hər vaxt) o yerlərə qayıtmaq istəyir. Orda tapdığı dostla yenidən tanış olmaq və heç nəyi gözdən qaçırmadan gəlib bu günə çıxmaq istəyir. Gəncədə Əjdər Ol hər yerdə qarşıma çıxdı. Xüsusən, Gəncə Dövlət Universitetinin yataqxanasının ətrafı, universitetin qabağı, Gəncə çayının sahili… Hər tərəf Əjdərlə dolu idi, uzaqdan gəlirdi, çatırdı və yenidən uzaqlaşırdı.
Əjdər Ol Gəncə Dövlət Universitetində iki kurs məndən yuxarı oxuyurdu. Tələbə yoldaşlarımız Əjdər, Kəramət, Elman, Zahir, Ramiz və Sərvazla bir dolanır, bir oturur, ədəbi söhbətlər edirdik. Biz gənclər - aşağı kursda oxuyanlar, yuxarı kursda oxuyanlarla, tanınmış şairlər Əjdər və Kəramətlə bir yerdə görünməkdən qürur duyardıq.
Əjdər o vaxt şirin söhbətlərin əsasında hərdən qulağımı da çəkirdi. Bu, o zaman olurdu ki, ya söhbət ürəyincədir, ya da hər hansı bir məsələ ilə bağlı deyirdi ki, sənin nə işinə qalıb? Belə şeylər həm razılıq, həm etiraz əlaməti ola bilərdi. Bu, baxırdı Əjdərin barmağının qulaqda az və ya çox dayanmağına. Az dayanırdısa - razılıq, çox dayanıırdısa - etiraz kimi qəbul edilirdi.
Əjdərin danışıq, şeir demək intonasiyası o zaman aşağı kursların – daha doğrusu, bizim öyrənmək istədiyimiz ən maraqlı dərs idi. O vaxta kimi biz canlı şair görməmişdik. Əjdər bizi başına yığırdı, söhbət edirdi. Biz də öz kurs qızlarımızın yanında fərəhlənirdik ki, biz balaca adam deyilik, yuxarı kursların şairləri ilə oturub-dururuq.
Əjdərlə tənəffüs zamanı dəhlizdə qol-qola girib o baş-bu başa getmək bizim üçün hörmət sayılırdı, həm buna paxıllıq edənlər vardı, həm də qrupda hörmətimiz bir pillə yuxarı qalxırdı. Əjdər öncəki tənəffüslərdə bizim hörmətli professorlarımızla söhbət edirdi, sonrakı tənəffüslərdə bizimlə görüşürdü. Belə də olurdu; Əjdər həmin professorlarla söhbət etdiyi zaman qəflətən bizi çağırardı, əvvəlcə yüngülcə qulağımızdan çəkib bizi professorlarla tanış edərdi, söhbət uzanardı, biz də bir az dərsə gecikməyi özümüzə fərəh bilərdik; niyə də bilməyək, çayxanada deyildik, siqaret çəkmirdik, qızlara baxmırdıq, Əjdərin yanındaydıq, demək, elə dərsdəydik.
Sonralar biz bir az böyüdük, belə ki, yuxarı kurslara keçdik, Əjdər indi də bizdən aşağı kursda oxuyan şairlərin qulağından tutub gətirirdi, bizlə tanış edirdi. O gülüş, o təbəssüm heç vaxt yadımdan çıxmır. Əjdər həmin illərdə tənha idi. Düzdü, dostları çoxuydu, söhbət edir, danışır, gülür, amma qəflətən bizdən ayrılıb gedirdi. Elə bil hardansa gəlib harasa gedəcəkdi, yolüstü bizimlə görüşürdü, dediyim kimi, qəflətən lent kimi fikirdən açılır və çıxıb gedirdi. Öz kəndinə,
postsovet məkanına, dünyanın bir çox ölkələrinə. Yazdığı və yazacağı hər bir şeirin yanına bu cür gedib çatırdı.
Sözündən qan damar yanaqlarıma,
Utana-utana çıxıb gedərəm.
Bir kimsə ovutmaz, oxşamaz məni,
Gözümü qəlbimə sıxıb gedərəm.
Əjdərin necə şeir yazdığından xəbərim var, dəfələrlə şahidi olmuşam. O, şeirini səsinin, intonasiyasının üstə yazır, xeyli onu zümzümə etdikdə, düşüncəsində val kimi o üz-bu üzə fırlatdıqdan sonra yazıya köçürürdü. Əjdər Ol ötən əsrin 80-cı illərində heca şeirinin fərqli bir qanadında yazırdı. O qanad ki, qədim Şirvan torpağından qopan əruzdan başlanğıc götürürdü, min illik Muğan şeiri, folkloru ilə birləşərək saz havacatına yönəlirdi. Onun şeirinin ömürlüyü belədir. Daha dəqiq; Əjdərin şeirləri qəlibləri pozulmuş (ərimiş) əruzun materialları idi. Zahid Sarıtorpaq da başqa bir istiqamət başlayırdı. Zahidin ərimiş əruzu sərbəst şeirə, Əjdərin əruzu heca şeirinə axırdı. Nəticədə hər ikisi nəsr dəryasına tökülürdü. Əjdər Ol şeirləri ilə göyə əyilirdi, Zahid Sarıtorpaq isə yerə boylanırdı.
Əjdərin ilk kitabı yaxşı yadımdadır. Mən kənddə müəllim işləyirdim. Poçtalyon evə bir məktub gətirdi. Açdım ki, Əjdərin ilk kitabı: “Gələcəkdə yaşayıram”. Biz hamımız gələcəyə uçmaq istədik. Avtoqraf olduğu kimi yadımdadır. “Qəşəm, al, bu da kitab”. Hələ indiyə kimi mənə avtoqraf yazılmamışdı. İndi var, o da ola ki, onu öz dostun yazmış ola. Oğlum Kəramət onda 6 ay idi ki, dünyamıza gəlmişdi. O, ən çox Əjdərin kitabını istəyirdi, verməyəndə ağlayırdı.
İndi gələcəkdə yaşayıram mən,
Adəmin, Həvvanın gələcəyində.
Körpələr doğulur, qönçələr açır,
Atamın, babamın gələcəyində.
Və yaxud:
…Oyadır küçəni ayaq səsləri,
Günəş də oyanıb səsə çıxacaq,
Dünən qaranlığa qarışan kölgəm
Bu səhər təzədən üzə çıxacaq.
Keçmiş, əslində, gələcəkdir. Axşam qaranlığa batan kölgə səhər doğulursa, onda Adəm də, Həvva da gələcəkdə yaşayır. Həyat nədir? Həyat odur ki, biz bütov bir zamanın, boşluğun içindəyik. Müəyyən vaxtlarda həmin boşluğun və ya zamanın əvvəlində, ortasında, axırında ola bilərik. Gələcək nisbi addır. Hamımız keçmişdəyik, indiki zamanın üstü bir kəndirin üstü qədərdir, keçmişdən gələnlər kəndirin üstündə dayana bilmir, o andaca gələcəyə düşür. Keçmişə atdığımız daşlar da gələcəyə dəyir. Yaşadığımız indiki tarix - 2017-ci il də bir azdan gələcəyə yuvarlanacaq. Keçmiş bir ucdan gələcəyə çevrilməkdədir. Bu şeirin enerjisindən aldığım bu təəssürat həmişə mənimlə yol başlayıb.
Əjdərin şeirinə giriş Gəncədən başlayır, ilk cümlə, baş cümlə Gəncədə yazılıb, yerdə qalanların hamısı budaq cümlələrdir. Gəncə də gələcəkdir, mən Əjdəri axtarmağa gedəndə gələcəyə getmişdim.
Əjdərin Olun şeirlərinin ifadə tərzi, leksikonu (Birdənəm, Çıkka) xalq təfəkkürü ilə üzvi sürətdə bağlıdır. Baxın, Əjdər lətifələrı çox sevir. Lətifələr dilimizin bostanıdır. Özü də payız bostanı. Payız bostanı şirin olur. Şairin topladığı lətifələr, böyük sənətkarların, siyasi xadimlərin dilindən qopan maraqlı əhvalatları lətifə şəklində yazmaq onun iç dünyasını genişliyidir. Lətifə bilməyən, lətifəyə qarnını qucaqlayıb gülməyən adam yaxşı yazıçı ola bilməz. Lətifə, nağıl bizim ilk nitqimizdir. Xalqımızın özünüifadə tərzi və ya mütaliəsi nağıl, dastan, lətifə, ağı, edilər, holavar və bayatılardan başlayır. Bir növ Əjdər özünü xalq nağıllarının dəryasına (latış xalq nağıllarını dilimizə tərcümə etdi) vurmaqla yazı stixiyasını genişləndirdi.
Əjdərin şeirinin sadəliyində həyatın mürəkkəbliyi dincəlir. Qarışıq xətlər, müxtəlif yönlü, rəngli işıq seli, bir neçə gedişli yollar, sapma və dönmələr, vüsalda həsrət, həsrətdə vüsal işartıları bu şeirlərdə boldur. Əruzdan qopmuş heca ilə sərbəst şeirin arasında bir dayanacaqdı bu şeirlər. Onun ifadə tərzini Əjdər gözəl bilir. Sonra qiraət ustaları daha orjinal ifa vasitələri tapacaqlar və tapanlar da var.
Bu şeirlərin nə heca şeiri kimi coşmağı var, nə də sərbəst şeir kimi axmağı. Sadəcə həyatın - hadisənin canlı heykəli kimi dayanıb. Bir səs, bir dodaq lazımdır ki, tərpətsin, ayağa qaldırsın bu şeirləri.
Əjdər Olsan, qəbul elə
hamını olduğu kimi.
Əjdər Ol şeiri yazır, ondan ayrılır, daha onun vəkili deyil. Əslində, ədəbiyyatın missiyası budur. Necə ki, “çıxardım yun köynəyimi keçdim yazın tərəfinə”, vəssalam, yun köynək qış şeiri kimi qaldı qışın tərəfində. Əjdərin tez-tez özünə xitabı klassik heca şeirindən gəlsə də (ənənəyə bağlılıq) həmişə özünə, soykökünə, daha çox başqa anlamlara, ruhu idraka, “mən”ə, milli düşüncə kodlarına söykənir. Böcəyin, çiçəyin arxasında dünya gizləndiyi kimi, Əjdərin də şair ünvanı şeirlərindəki ən xırda detallarla, təfəkkürün yaratdığı bərabərlik işarəsindədir. Böyük Füzuli dediyi kimi, gözümüzə nə görünürsə, şəkildir; dərya şəkil, bulud şəkil, dünya şəkil… Əslində, bu şəkillərin mahiyyəti başqa bir yerdədir.
Şəkil demişkən, Əjdərlə bir maraqlı şəklimiz var. 1980-ci ildə çəkdirmişik. Ürəyim ağrıyanda, Əjdərin “həkim” məsləhətini dinləyəndən sonra. Arxa planda Xatirələr, duyğular məscidin minarəsi görünür. O şəkil o əhvalatın, o nağılın, o ağrının şəklidir. Şəklin önündəki - biz burdayıq. Şəklə daxil ola bilsəydik, gələcəyə düşərdik.
Dayanmışıq,
qızarmışam,
köz kimiyəm.
Sən - şəkil,
mən - şəkilaltı
söz kimiyəm.
Həyat mikroskopik cizgilərlə doludur. Həndəsi fiqurlar, işıq sürəti, qarışıq xətlər, insan münasibətləri, istehlak məsələləri, şübhə, anlaşılmazlıq, qara rəngin içində nəfəs alan rənglər, molekullar, hüceyrələr, hüceyrələrin beyni, elektromaqnit dalğaları, qeyri-müəyyən, qeyri-səlis, 2X2=6 formulu kimi laboratoriyalar ədəbi mətnin içidir. Bəzən şeirimiz bu ədəbi səhranın kənarında yalquzaq kimi ulayır. Amma bu “bataqlığa” girmir, daha doğrusu, girməyə gücü çatmır, rədif ayağının üstündə dayanıb qafiyə çənəsini bizə taqqıldadır. Əsl şeir bu səhranın içindədir. Əjdərin şeir işığı həmin qara səhranın içindən axır, əvvəl qara rəngdə olur, sonra işıqlanır. Bu şeirdə olduğu kimi:
Daha nə gizlədim?
Məni gözləyənlər bağışlasınlar,
Onları gözlədib, səni gözlədim.
Yoruldum, bezmədim,
Uzaq bir şəhərdə bilmirəm niyə
Dayanıb küçədə səni gözlədim.
Zaman anlayışında şair məkanı unudur. Kim deyə bilər ki, Moskva ilə Bakının arası üç min kilometrdir? Bu, insanın ölçüsüdür. Olsun. Bəs həqiqət nə qədərdir? Bəlkə də, bu yol gözlə qaş arasındadır. Fikrin sürətində bu yolu bir saniyəyə qət etmək olar. Şeirin səmavi ruhudur bu. Bəlkə, elə unutmaq sevməkdir. Ölmək də dirilmək. Həqiqət şübhədə gizlənir. Şübhə tədqiq edir, həqiqəti üzə çıxarır.
“Hamını gözlədib bir nəfər gözləmək” situasiyasını şeirə alındırmaq uzun bir təcrübənin məhsuludur və şeirdən alınan assosiasiya bir könül səhra içindən göyə yağmaqdır. Allahın izni belədir. “Uzaq bir şəhərdə səni gözlədim” misrası bu roman ruhunu xatırlatdı mənə. Əlbəttə, gözləmək olar, gözləmək məsafə ilə bağlı deyil ki... Bu, ruhun ehtiyacıdır. Milyon kilometr uzaqlıqda da bir nəfər gözləmək zaman və məkanca doğrudur. Dünya bir nöqtədən yarandığı kimi, bir nöqtəyə də yerləşə bilir.
Əjdər Olun bütün şeirlərinin dramaturgiyası, səhnəsi var. Hadisənin içindən gələn dialoqlar, səhnə tərtibatı ədəbi qəhrəmanın halına uyğundur. Əjdər Ol şeirlərində gündəlik peşə, iş, bir sözlə, ümumişlək dialoqlardan istifadə etmir. O, intonasiyadan, alliterasiyadan, ən adi bir detaldan, hətta danışıq zamanı gözdən qaçan, heç kimin unamadığı bir tərzdən şeir vəziyyəti yaradır.
Deyirsən: - Sirrimi hamıdan gizlə!
- Gizləyirəm də…
Deyirsən: - Bir az da, bir az da gözlə!
- Gözləyirəm də…
Əjdərin hər bir şeirinin yarandığı yer var. O yerin özü də maraqlıdır. Hər şairin şeirində hadisənin - şeirin yarandığı yer görsənmir. Amma Əjdərin “könül vuruşu” bir könül səhra içindən başlanılır. “Xarabalıq” şeirində gözəlliyin özünün də xaraba olduğunu bilməzdim. Həyatda bir nöqtənin partlayışı, ordan axan fikir seli, bir nöqtə səhradan göyə diklənən söz axışından başqa bir anlayış doğur.
Postsovet ədəbiyyatından sonra məzmun dəyişikliyi, yeni məzmun hadisəsi baş verir.
Bir saray ovulub uçub
Bu saray xarabalığı.
Axar çayı quruyub
bu çay xarabalığı.
Bağları varmış kölgəsi üfüqəcən
Bu orman xarabalığı.
İnsanları varmış çeşid-çeşid,
Qəbirlər düzülüb yan-yana
Bu insan xarabalığı.
Paytaxt olub bu şəhər,
Bu paytaxt xarabalığı.
Burdan əsrlər keçib
Bu vaxt xarabalığı.
Xarabalıq üzərində daha yaxşını yaratmaq olar. Əslində, yeni gözəllik, yeni xarabalıq yoxdur. Həyat və ölüm kimi onlar da bir-birinin içindədir. M.Araz demiş: “Əbədiyə qəh-qəh çəkər əbədi dünya”. Xarabalığın özünün də estetikası var, o da bir yazılış və yaradılışdır. Bunu da hansı şairsə yaza bilər. Əjdər Olun hər şeirinin içində bir neçə şeirin mövzusu gizlənir. Xarabalığın gözü ilə baxsaq, nizamlı olan hər şey daha pis görünür belə. Məsələn, pəncərə şüşəsi bütöv olanda gözəldir, çiliklənəndə heç nə. Bəlkə, heç belə deyil. Çiliklənmiş şüşənin içində elə gözəl
üçbucaq, dördbucaqlar var, onu insan əli ilə kəsib düzəltmək olmaz. Demək, xarabalıqda da gözəllik tapmaq mümkündür. Bu cür mühakimə yürütməyə Əjdər Ol şeirlərində imkan - barmaq yeri qoyur və oxucuya deyir ki, gəl, sən oxu, yeni şeirini buradan başla.
Əjdər Olun könül vuruşu səhrada başlayır. Ucsuz-bucaqsız səhra, əzan səsi, günün batışı və doğuşu, günəşin dəvə və insan ayaqlarına dolanan sarısı, dəvə ləngəri, qum dənəcikləri, qum dumanı və könül vuruşu… Bir könül səhrada yağış… bir könül səhrada şeir və könül vuruşundan sona Əjdər Olun gəldiyi tək həqiqət:
Yüzüncü babamın itmiş adıtək
Adları ya torpaq, ya göy udacaq.
Köhnə divardakı qədim bir yazı
suvaqlar altında itib-batacaq.
Bunu kim uçurub, onu kim tikib,
Düşərmi dənizin, dağın yadına?!
Axırda adları unudacaqlar,
Hər şey çıxılacaq İnsan adına.
Könül vuruşunun qələbəsi budur. Bütün dolanbaclarda, şübhə və qısqanclıqlarda, aldanış və yalvarışlarda, həyat və ölümlərdə, beyin meşəsində yeni varlığın - insanın, mətnin doğuşu baş verir. Bu insan Əjdər Ol şeirinin ən böyük tablosudur. Tablo səhra şəklindədir. Səhra da qara rəngdədir. Qara rəng əriyir, əriyir, əridikcə müxtəlif rənglər qaradan azad olur, qara nəfəs alır, rənglər nəfəs kimi çıxır ağzından. Qaradan çıxan rənglər ayaqları səhrada, başı göy qübbəsində olan bir göy qurşağı yaradır. Deyəsən, yağış yağıb indicə.