«Şəhər Meri» əsərinin süjeti bir neçə günün gözlənilməz hadisələrinin yuxuyabənzər nəqli üzərində qurulub: Şəhər Merinin vaxtilə istədiyi Leyla adlı sinif yoldaşının oğlu Fərəc işlədiyi kinoteatrda Merin əmrilə müdir təyin edilir. Təyinat prosesində nələr baş verir? Arxivdə işləyən Fərəci Şəhər Merinin maşınına oturdur və mühafizə dəstəsinin müşayiəti ilə Yay kinoteatrına aparırlar. Orada Şəhər Meri çıxış edir, Yay kinoteatrının söküləcəyindən danışır və bəzi tapşırıqlar verir. Növbəti dəfə Leyla xanımgilin yaşadığı binanın qabağında peyda olur və onları illər boyu narahat edən, gözlərinin qabağını tutan zavod, fabrik tikililərinin ləğv edilməsi məsələsini qaldırır və s.
Həyatda istədiyi, qarşısına qoyduğu bütün məqsədlərinə nail olmağı bacaran Mer məktəbli olarkən sevdiyi qızı itirir. Halbuki, onu qazanmaq üçün dostu (həm də Leylanı sevdiyinə görə rəqibi - Fərəcin atası Alim) ilə şərtləşdikləri - ən yüksək ali məktəbdə ən yüksək ixtisasa qəbul olunmaq mərcini udmuşdu. Leylanın gözlənilmədən qaçırılması hər şeyi dəyişir…
(Əsərin bu yerində Alimin niyə dədəsi Qəzənfərin acığına instituta girməməsi sualı cavabsız qalır).
Lakin Leylanın və oğlu Fərəcin həyatında Merin kölgəsi öz işini görür. Hər şey bir yana, kənd məktəbində xatirə üçün çəkilmiş bir foto (qoca müəllimənin sağında gələcəyin Şəhər Meri, solunda Leyla dayanıb) yetər ki, keçilməz baryerləri maneəsiz keçsinlər…
Fəqət, anasının və özünün həyatında çoxlarına ulduz parıltısı kimi görünən bu kölgədən sıxılan, qorxan, uzaqlaşmağa çalışan oğlan hər dəfə irəli çəkiləndə faciə qəhrəmanı sarsıntılarını yaşayır: ürəyi, dizləri əsir, qızdırması qalxır, ruhunda təlatümlər baş verir. «Geri qaçım, təzədən bayıra, ordan birbaşa evə gedim, anamı axtarım - tapım, olanların hamısını ona danışım». «Vicdansız», «Qansız», «İlan» adlandırdığı anasından mərhəm, isti münasibət görməyən oğlan növbəti dəfə çətinə düşəndə başqa bir qadına «pənah aparır»: «Mən hardan tanıyırdım bu kinoteatrı; (vaxtilə Moskvaya - Kino institutuna da Şəhər Merinin tapşırığı ilə yollanmışdır - İ.M.) Ədalı, sehrbaz Şəhər Meriylə hər hansı bir əlaqəni neynirdim? Fəhlə işlərdim, zibil daşıyardım. Bu boyda ölkədə kim acından ölür ki?! Yer, yurd, iş-güc qəhətdi?! Tüpürüm hər şeyə! Qoy çatım telefona, bu qəfəsdən çıxmalıyam. Yelenaya zəng edərəm, yalvararam. Moskvaya çıxıb gedəcəm, evlənəcəm, bir də bu xarabaya dönsəm, haram olsun…»