Fyodor Dostoyevskinin həyat və yaradıcılığını bir-birindən ayırmaq mümkün deyil, çünki ədəbiyyat onun həyatı, işi və taleyi idi. Bütün əsərlərində o, özünün - özünə gizli qalan sirlərini çözürdü. Yazdıqları onun yaşantıları, tövbəsi, etirafları idi...
Dostoyevskinin babası keşiş idi. Atası Mixail Andreyeviç hələ 15 yaşı olanda evdən qaçıb Moskva Tibb Akademiyasına daxil olmuşdu. 1821-ci ildə Vətən müharibəsi illərində Mariyanskaya xəstəxanasında baş həkim işləyən bu adam ağır xasiyyətli, qaraqabaq, tündməcaz idi. Bununla belə, həlim və xəstəhal arvadı Mariya Fyodorovna ona pərəstiş edirdi.
Onların yazışmaları duyğu yüklüydü. Mixail Andreyeviç məktubunda arvadına yazırdı: “Unutma məni, qəribi, kimsəsizi...”. Qadın cavabında yazırdı: “Mənim əzizim, axı, niyə belə kədərlisən, nisgillisən? Sənə əzab verən nədir? Səni bu halda təsəvvür etmək ürəyimi ağrıdır. Mənim qibləgahım, yalvarıram sənə, mənim üçün - mənim sevgim üçün qoru özünü...”. Mixail Andreyeviç isə, sentimental etiraflardan məişət qayğılarına keçir və kasıbçılıqdan şikayətlənirdi:
“Təəssüf ki, çox pis vəziyyətdəyəm, sənə ad günün üçün hədiyyə göndərə bilməyəcəyəm. Bilsən, ürəyim necə sızıldayır...”. Əslində, Mixail Andreyeviç heç də yoxsul deyildi. Onun xüsusi mənzili, yeddi nökəri, dörd atı, 100 manat maaş aldığı iş yeri var idi. Üstəlik, 1831-ci ildə Tula quberniyasında iki kəndi əhatə edən möhtəşəm bir malikanə almışdı.
Fyodor Mixayloviç Dostoyevski 1821-ci il oktyabrın 30-da anadan olmuşdu. Yazıçının həyat yoldaşı Anna Qriqoryevna xatirələrində yazır ki, uşaqlıq illərini həvəslə xatırlayan Dostoyevski xüsusilə anasından məhəbbətlə bəhs edirdi. Amma həyatındakı bəzi detallar yazıçının uşaqlıq illərinin heç də qayğısız keçmədiyindən soraq verir. Belə ki, atası ilə münasibətləri yaxşı deyildi, bəlkə də, bu səbəbdən qapalı və bədbin böyümüşdü. Əslində, təkcə o deyil, uşaqların hamısı atadan qorxub-çəkinirdi. Bir faktı deyək ki, oğullarına latın dilini öyrədən atanın saatlarla davam edən məşğələlərində nəinki oturmaq, masaya dirsəklənmək belə yasaq idi.
Fyodorınmühəndislikpeşə məktəbindənatasınayazdığı məktublarmənəvidəyərlərhaqqındamülahizələrlə başlayırvə, birqaydaolaraq, pulsuzluqdanşikayətlərlə bitirdi. Qocanı kövrəltmək üçünonun ürəyininsarı siminə toxunurdu: “Hərbitəhsilmüəssisəsininhərbirtələbəsinindüşərgə həyatı üçünənazı 40 rubllazımdır. Mən bu hesaba çay və şəkər kimi ehtiyacları daxil
etmirəm. Halbuki, bunlar çox zəruridir. Məsələn, tutaq ki, siz kətan çadırda yaşayırsız, içəri dolan yağış sizi tamamilə isladıb. Belə havada çay içməsəniz, soyuqlaya bilərsiz. (Keçən il bu, mənim başıma gəlmişdi) Bununla belə, mən sizin maddi vəziyyətinizi nəzərə alaraq, çay içməkdən imtina edəcəyəm. Sizdən sadəcə bir ricam var: uzunboğaz çəkmə üçün mənə 16 rubl
göndərməyinizi xahiş edirəm.”
1833-cü ildə Dostoyevski qardaşları Suşar pansionuna daxil olurlar, oranın sahibi arvadı ilə fransız dilini tədris edən kobud bir fransız idi. (Bu müəssisəni yazıçı “Yeniyetmə” əsərində təsvir edib). Bir ildən sonra qardaşlar Moskvanın ən yaxşı professorlarının dərs verdiyi patriarxal dini pansiona keçirlər. Yaşıdlarıyla yola getməyən Fyodorun, demək olar ki, dostu yox idi. 1837-ci ildə yazıçının anası vərəmdən dünyasını dəyişir. Arvadının ölümündən sonra yenidən qəddar və zalım adama çevrilən Mixail Andreyeviç istefaya çıxır və öz kəndində yerləşir. O, əyyaşlıq edir, kəndlilərə divan tuturdu.
Ağanın qəddarlığından təngə gələn kəndlilər 1839-cu ildə onu qətlə yetirirlər. Amma maraqlıdır ki, Dostoyevskinin məktublarında atasının faciəli ölümü haqqında bircə cümlə də yoxdur. Yazıçının dostu baron Vrangel yazırdı ki, o, bu haqda danışmağı sevmirdi və bizdən də heç nə soruşmamağı xahiş edirdi.
Doktor Yanovski də qeyd edirdi ki, Fyodor Dostoyevskinin epilepsiyadan əziyyət çəkməsinə səbəb uşaq vaxtı aldığı psixoloji travma idi. Görünür, o, yazıçının atasının faciəli ölümünü nəzərdə tuturdu. Amma Dostoyevskini sarsıdan təkcə qocanın faciəli ölümü deyildi. Hadisədən az əvvəl o, atasını xəsislikdə və laqeydlikdə təqsirləndirmişdi, indi isə onun ölümündə özünü günahkar sayırdı. Atalar və oğullar problemi, cinayət və cəza, günah və məsuliyyət - bütün bunlar onu həyatının astanasında yaxalamışdı. Fiziki və mənəvi ağrılardan yalnız ömrünün sonlarında qurtula bilmişdi - “Karamazov qardaşları”nı yazaraq ağrını incəsənətə çevirmişdi. Demək olmazdı ki, Fyodor Pavloviç Karamazov - tam olaraq Mixail Andreyeviçin portreti idi. Sadəcə, Dostoyevski həyatın materiallarından bol-bol yararlanmışdı. Amma ata Karamazov obrazında, şübhəsiz, Dostoyevskinin atasının cizgiləri vardı. Yazıçının qızı Lyubov Fyodorovna xatirələrində yazırdı ki, yəqin, Dostoyevski qoca Karamazovu təsvir edəndə atasını düşünmüşdü.
Peterburq həyatı
Ədəbiyyat Dostoyevski üçün həyatın cövhəri idi. Amma təhsil aldığı dövrdə ədəbiyyat haqqında mümkün qədər az düşünmək, bütün diqqəti elmi biliklərə və xüsusilə, riyaziyyata yönəltmək lazım gəlirdi.
Peterburqda o, gənc məmur İvan Nikolayeviçlə tanış olur. İvanın qəribə şairliyi də vardı. O, mistik şeirlər yazır, ilahi sevgidən əziyyət çəkir, axirətdən şövqlə söhbət açır, şirin-şirin intihar haqqında düşünürdü. Dostoyevski hər şeyə dostunun gözüylə baxır, onun duyğularını yaşayırdı. Bu dövrdə yaradıcılıq haqqında fikirlər artıq onu da məşğul etməyə başlayır: “Mənim həyatım artıq əvvəlki coşğun ehtiraslara tabe deyil, orda hüzur və sakitlik hökm sürür. Həyatı və insanı öyrənmək lazımdır, bu isə məndə yaxşı alınır.”
40-cı illərdə ilk pyeslərini yazır. Amma onun əsərlərində “Mariya Simonova” pyesini yazmış Şidlovskinin təsiri duyulurdu. Yəqin, ona görə də bu pyeslər tezliklə unudulur və yazıçı bir daha bu janra qayıtmır.
1843-cü ilin yazında Dostoyevski son imtahanlarını verir, yayda Revelə, qardaşı Mixailin yanına gedir, onun yeni dünyaya gəlmiş oğlunu xaç suyuna çəkir. Peterburqa qayıdan Dostoyevski mühəndislik departamentində işləməyə başlayır. Amma ürəyi yalnız ədəbiyyat üçün döyünürdü. “Poeziyanı böyük ehtirasla sevsə də, yalnız proza yazırdı. Çünki formaların üzərində işləməyə səbri çatmırdı”,- deyə onunla bir mənzildə yaşamış dostu Rizenkamfp xatırlayırdı. Amma məişət nizamsızlığı onun ədəbiyyatla məşğul olmasına əngəl olurdu. Məsələn, o, bir gün bahalı restoranda nahar edir, o biri gün aclıqdan əziyyət çəkirdi. Ya da Moskvadakı himayədardan gələn pulları bir neçə saatın içində bilyard oyununda uduzub pulsuz-parasız qalırdı... Qardaşına
yazdığı məktublar gileylə dolu idi: “Mühəndislik məni təngə gətirib”. Və yaxud belə bir məktub: “İşimdən kartofdan bezən kimi bezmişəm”.
Nəhayət, 1844-cü ilin oktyabrında mühəndislikdən istefaya çıxan Dostoyevski qardaşına məktubunda yazır: “Məndən nigaran qalma. Bir tikə çörək hər yerdə tapa bilərəm. Bir azdan dəli kimi işləməyə başlayacam. İndi mən azadam”. O, adi bir mühəndisdən peşəkar ədəbiyyatçıya çevrilirdi...
“Yevgeniya Qrande” əsərinin tərcüməsi ona öz yolunu tapmağa kömək edir. Balzak povestinin təsiri altında özünün “Bədbəxt insanlar” əsərini yazır. “Mən romanı hələ noyabr ayında bitirmişəm, amma dekabrda onu yenidən düzəltmək qərarına gəldim. Üzərində işlədim və üzünü köçürdüm. Fevralda yenidən cilalamağa başladım. Yalnız mart ayında mən əsərin tam hazır olduğunu hiss etdim.” O, mükəmməlliyə can atırdı və əsərlərinin üzərində dəfələrlə işləyən Puşkin, Qoqol, Rafael və Berneni nümunə göstərirdi.
Dolaşıq işlər, səfalət qoxusu, xəstəliklər... Dostoyevskinin yeganə ümidi bu romana idi. “Əgər bu da alınmasa, özümü asacağam”, - deyirdi. Amma roman ona gözlədiyindən də artıq uğur və şöhrət gətirir.
Əvvəlcə “Bədbəxt insanlar”ı ədəbiyyatşünas Qriqoryeviçə oxudur, sonra onun təkidiylə əsəri şair Nekrasova aparır. Nekrasov və Qriqoryeviç gözlərini ayırmadan romanı oxuyurlar və gecə saat 4-də Dostoyevskinin evinə gedib böyük heyranlıqla, az qala ağlayaraq, onu bağırlarına basırlar. Onları yola saldıqdan sonra həyəcanlanmış yazıçı uzun müddət yuxuya gedə bilmir... Bu, onun həyatında baş verən ən sehrli anlardan biri idi. Hətta sonralar, katorqada mənəvi ağrılardan əzab çəkəndə həmin anları xatırlayaraq ovunacaqdı...
Dostoyevskinin həyatında ağ və qara zolaqlar bir-birini əvəz edir. Hansısa anda yazıçı sanki dəhşətli sonunu görür, özünə ölüm arzulayır: “Peterburq birdən mənə kimsəsiz və adamsız göründü... Ehtiyaclar isə qəddar və sərt idi... Həmin anda içimdən ölmək arzusu keçdi.”
Peterburqda Belinski və “Oteçestvennıe zapiski” dərnəyi ilə dostluğa başlayır. “Mən tez-tez Belinskinin evində oluram, onun mənə münasibəti çox yaxşıdır və məni ictimaiyyət qarşısında öz fikirlərinin təsdiqi kimi görür...”- Dostoyevski qardaşına məktubunda yazırdı - “Bədbəxt insanlar” romanı haqqında isə az qala, bütün Peterburq danışır. Yox, qardaşım, mənə elə gəlir,
mənim şöhrətim heç vaxt indiki kimi zirvədə olmayacaq. Hamı mənə möcüzəkimi baxır. Mən ağzımı açmağa belə qorxuram ki, sabah “Dostoyevski belə dedi”, “Dostoyevski elə dedi”,- deyə məndən sitat gətirməsinlər”.
“Yazıram, çünki əsərimi sevirəm”
1946-cı ildə Dostoyevski “Oxşar” əsərini təqdim edir. Amma gözlədiyinin əksinə olaraq, roman oxucular tərəfindən heç də yaxşı qarşılanmır. Tənqidçilər isə onu “darıxdırıcı” adlandırırlar. Əsərin iflasından məyus olan həssas yazıçı hamıdan və hər şeydən qaçmaq, sakit bir yerdə oturub “özü üçün” yazmaq qərarına gəlir. Bunun üçün İtaliyanı seçir və planını kiçik detallara qədər işləyib hazırlayır: “Mən 8 ay İtaliyada qalacağam. Romanın 1-ci hissəsini “Sovremennik”ə göndərəcəyəm və 1200 rubl alacağam. Romadan iki ay müddətinə Parisə gedib - gələcəyəm. Qayıdandan sonra əsərin ikinci hissəsini çapa verəcəyəm. Sonra isə, payıza qədər romanı yazıb qurtararam. Süjet artıq beynimdə hazırdır”.
Romanın adı ilk dəfə yazıçının 1846-cı il dekabrın 17 - də yazdığı məktubda açıqlanır: “İndi işim başımdan aşır, çünki Krayevskiyə söz vermişəm ki, yanvarın 5-ə kimi “Netoçka Nezvanova” romanının 1-ci hissəsi hazır olacaq.
Amma iş uzanır. Sonra maddi ehtiyaclarını ödəmək üçün qəzetə felyetonlar yazır. Nəhayət, 1849-cu ilin fevralında Krayevski ilə haqq-hesab apararaq onu 100 rubl avans ödəməyə razı salan yazıçı fəxrlə bildirir: “Yazıram, çünki əsərimi sevirəm. Bilirəm ki, yaxşı bir şey yazıram və bu, oxucuların xoşuna gələcək.
(Mən heç vaxt özümü tərifləmirəm, ancaq indi imkan verin ki, həqiqəti söyləyim).” Ancaq romanın ilk 6 hissəsini yaza bilir. Həbsi və sürgün olunması onu işindən ayırır və bir daha bu romana qayıtmır.
Sibirə sürgün
Dostoyevski Peterburqda siyasətlə maraqlanmağa başlayır və gənc liberalların qrupuna daxil olur. Çar polisi tərəfindən tutulan yazıçı bir neçə ay həbsdə yatdıqdan sonra haqqında ölüm hökmü çıxarılır və qrupun digər iyirmi üzvüylə birlikdə hökmü icra etmək üçün Semyonevski sahəsinə aparılır. Lakin son anda qərar dəyişir və Dostoyevski Sibirə sürgün edilir.
Yazıçı 4 il sürgündə yaşayır . “Bu 4 il ərzində mən sanki diri-diri torpağa basdırılmışdım, - qardaşı Andreyə məktubunda yazırdı,- Bu dəhşəti mən yazmaq və təsvir etmək gücündə deyiləm; bu, sonsuz bir əzab idi, hər dəqiqəsi bir il çəkirdi, ürəyimdən elə bil daş asılmışdı...” 4 illik sürgün həyatı, “ifadə edilməyəcək, nəhayətsiz əzablar” onun mənəvi həyatında bir dönüş nöqtəsi olur. Hərçənd 1873-cü ildə “Yazıçının gündəliyi”ndə yazırdı ki, bir vaxtlar onun ruhuna hakim kəsilən fikir və anlayışlar hələ də onun nəzərində təmiz və safdır.
1854-cü ilin 15 fevralında Dostoyevski Omsk həbsxanasını tərk edir. “Içimdə aydınlıqdır,- deyə o qardaşına yazırdı, - Bütün gələcəyim və edəcəklərim sanki gözlərimin önündədir. Həyatımdan çox razıyam.” O, böyük həvəslə yazmaq istəyirdi, cildlərə sığmayacaq materialı vardı, ümid edirdi ki, 6 ildən sonra ona yazmağa icazə verəcəklər.
Dostoyevski Semipalatinskdə hərbi xidmətə təyin olunur. Ağır inşaat işlərində çalışır. “Əsgər olmaq - sənə zarafat gəlməsin”,- qardaşına məktubunda yazırdı,- “özü də mənim kimi xəstəhal və bu işlərdən qətiyyən başı çıxmayan biri üçün çox çətindir. Amma mən şikayət etmirəm. Görünür, mən bu işgəncəyə layiqəm.”
1854-cü ildə Semiplatinskə yeni prokuror - baron Vrangel gəlir. O, Dostoyevskini hələ “Bədbəxt insanlar” əsərindən tanıyırdı. Tezliklə onlar dostlaşırlar. Yazıçı bütün axşamları Vrangelin evində keçirirdi. “Mən işdən qayıdanda Dostoyevskini evimdə görürdüm,- Vrangel xatirələrində deyirdi,- o, dəftərxana işləriylə məşğul olurdu və işlərini məndən tez bitirib bizə gəlirdi.
Şinelinin yaxası açıq olardı, damağında çubuq, otaqda var-gəl edir, hərdən də özü-özü ilə danışırdı, belə ki, onun beynində hər an nəsə yeni ideya doğulurdu”.
Baron Vrangel dostunu Semipalatinskin “yüksək təbəqəsi” ilə tanış edir. Burda yazıçı gələcək həyat yoldaşı Mariya Dmitriyevna İsayeva ilə rastlaşır. Müəllim Andrey İsayevə ərə getmiş və bir oğlu olan Mariya Dmitriyevna 30 yaşlarında, arıq, sarışın, kifayət qədər gözəl qadın idi. O, özünü tənha və bədbəxt hiss edirdi. İçki düşkünü olan əri, yoxsulluq, darıxdırıcı əyalət həyatı -
xəyalpərvər qadının tale payına düşən bunlar idi. Dostoyevskini özünə cəlb etsə də, onun hisslərinə qarşılıq vermir. Belə ki, Mariyanın nəzərində Dostoyevski gələcəyi olmayan adam idi. 1855-ci ilin mayında İsayevi Kuznets şəhərinə göndərirlər və yazıçı Mariya Dmitriyevnadan ayrılmalı olur. Vrangel xatırlayır ki, Dostoyevski uşaq kimi hönkürürdü. Nə yeyir, nə içir, siqareti bir-birinə calayırdı. Bir az da arıqlamış, zəifləmişdi. Dostunu pərişan halda görmək Vrangelin ürəyini ağrıdırdı.
İş elə gətirir ki, Vrangel Peterburqa qayıtmalı olur, Dostoyevski yenə tək-tənha qalır. Avqustda İsayev dünyasını dəyişir. Ərini dəfn etmək üçün pula-paraya ehtiyacı olan Mariya Dmitriyevnaya kömək etmək üçün o, əlindən gələni edir. Məktublar yenə bir-birinə calanır. Dostoyevski sevdiyi qadına duyğularından danışır, onunla evlənmək istədiyini bildirir. Mariya onun məktublarına nəzakətlə cavab versə də, mətləbdən yayınır. Yazıçı düşünür ki, onun yüksək mövqeyi və pulu olsa, sevdiyi qadın ona rədd cavabı verməz.
1855-ci ilin payızında Vrangelin köməyi ilə Dostoyevski kiçik zabit rütbəsinə təyin edilir. Mariya ilə yazışmaları isə, daha da dramatik hal alır. Qadın məktublarında tez-tez mərhum ərinin dostu Verqunovdan söz salırdı.
Dostoyevski sevdiyi qadının başqasına aşiq olduğunu bilsə də, hisslərinə hökm edə bilmirdi. 1856-cı ilin 1 oktyabrında ona zabit rütbəsi verilir. Yenidən ümid baş qaldırır. O, əmindir ki, Verqunov Mariyanı onun kimi xoşbəxt edə bilməz...
Vrangelə məktubunda yazır: “Mən onu dəlicəsinə sevirəm. Əgər onu bir gün görməsəm, ölə bilərəm. Mən sərsəm və bədbəxtəm! Sevginin bu dərəcəsi xəstəlikdir!”. Noyabrda Dostoyevski Kuznetsə gedir. Toy günü artıq təyin olunub, amma pula ehtiyac var. “Mənim 1000 rubl dəyərində hazır materialım var,- yazıçı dostuna yazır,- amma növbəti 1 ildə də çap olunmağa icazə verməsələr, mən batdım! Onda heç yaşamağa da dəyməz!”
1857-ci il martın 9-da Dostoyevski Mariya Dmitriyevna ilə nikaha girir. Hadisələr sanki hansısa bir romanın axarıyla davam edir. Kuznetskdən qayıdanda Dostoyevski qəfildən epileptik tutma keçirir. Gənc qadın ərinin çapalamasını, əl-qol atmasını qorxu və ikrahla seyr edir. Məyus olan yazıçı qardaşına məktubunda yazır: “Üz tutduğum həkimlər əmin etmişdilər ki, məndəki tutmalar sinir sistemi ilə əlaqəlidir. Mən bilsəydim ki, xəstəliyim epilepsiyadır, onda heç vaxt evlənməzdim”.
Həmin gündən etibarən Mariya Dmitriyevnanın öldüyü günə qədərDostoyevskinin yazdığı məktublarda həyat yoldaşı haqqında bircə cümlə də yoxdur. Son vaxtlar onların ayrı yaşadığı və Dostoyevskinin başqa bir qadını sevdiyi deyilirdi. Bununla belə, nikah 7 il davam edir. Mariya Dmitriyevanın ölümündən sonra yazıçının dostuna göndərdiyi məktubda biz yenidən tanış duyğulara rast gəlirik: “Ah, dostum! Biz bir-birimizi dəlicəsinə sevirdik, amma bir yerdə xoşbəxt deyildik... Biz bir yerdə bədbəxt idik, amma yenə də bir-birimizi sevməyə bilmirdik. Hətta özümüzü nə qədər bədbəxt hiss edirdiksə, biro qədər bir-birimizə bağlanırdıq...”
Dostoyevskinin ikinci həyat yoldaşı Anna Qriqoryevna da xatirələrində bu böyük məhəbbətə “şahidlik” edirdi: “Fyodor Mixayloviç birinci xanımını doğrudan da çox sevirdi. Bu onun ilk böyük məhəbbəti idi”. Ancaq yazıçının ilk nikahi sirr pərdəsiylə örtülüdür. Mariya Dmitriyevanın ona xəyanət etdiyi, ərə getdikdən sonra da Verqunovla görüşdüyü ilə bağlı şaiyiələr yayılmışdı. Bəlkə də, Dostoyevskinin “Əbədi ər” povestində təsvir etdiyi qısqanclıq səhnəsi onun öz həyatının əksi idi.
“Hiss edirəm ki, bu əsərdə poeziya var”
Mixail Mixayloviç Dostoyevskinin aylıq jurnal buraxması fikri hələ 1858-ci ildə baş qaldırmışdı. Fyodor Mixayloviçin Peterburqa qayıtması bu işi sürətləndirir. Dostoyevski qardaşları jurnala hazırlıq görürlər; proqram tərtib edirlər, ədəbi əlaqələr yaradırlar, işə əməkdaşlar cəlb edirlər və s. Dostoyevski bütün bu işlərin arasında “Alçaldılanlar və təhqir olunanlar”əsəri üzərində işləyirdi. “Çox həyəcanlıyam”,- o Şubertə məktubunda yazırdı, - Buna səbəbyazdığım romandır. İstəyirəm, yaxşı yazım, hiss edirəm ki, burda poeziya var. Mənim bütün karyeram bu romanın uğurundan asılıdır”.
Roman Dostoyevskilərin buraxdığı “Vremya” jurnalında 1861-ci ildə çap olunur. Əsər ictimaiyyətdə böyük rəğbət doğurur. Romanı oxuyanlar onun haqqında ağızdolusu danışırdılar. Amma tənqidçilərin reaksiyası sərt olur. Dobrolyudov əsərin bədii cəhətdən keyfiyyətsiz olduğunu vurğulayır, Qriqoryev qəhrəmanları “maneken”, “ayaqlı kitab” adlandırır. Mixail Mixayloviçin ölümündən sonra Qriqoryevin vaxtilə ona yazdığı məktub çap olunur. Qriqoryev naşiri Fyodor Dostoyevskinin yüksək istedadını poçt atı kimi qovub əldən salmaqda ittiham edirdi.
Dostoyevski mərhum qardaşının müdafiəsinə qalxır və böyük səmimiyyətlə “Alçaldılanlar və təhqir edilənlər” əsərinin tarixçəsini danışır: “Əgər mən romanı felyeton üslubunda yazmışamsa, bunda ancaq mən günahkaram. Mən bütün ömrüm boyu bu üslubda yazmışam, əlbəttə ki, “Bədbəxt insanlar” və “Ölü ev”in bəzi hissələri istisna olmaqla. Mənim ədəbi təcrübəmdə elə hallar olub ki, məsələn, romanın ilk hissələri artıq nəşriyyatdadır, sonunu isə, hələ də yazmamışam, ancaq tez bir vaxtda çatdırmalıyam. “Alçaldılanlar və təhqir olunanlar”ı da vərdiş etdiyim kimi yazdım. Bu jurnalın uğuru mənim üçün çox vacib idi, ona görə mən qardaşıma 4 hissəli roman təklif etdim, onu inandırdım ki, əsərin planı artıq hazırdır (halbuki, hazır deyildi) və bütün romanı asanlıqla yazacağam, 1-ci hissə də artıq yazılıb və s. Mən bunu puldan ötrü etmədim.
Etiraf edirəm ki, mənim əsərimdə insanlar deyil, kuklalar təqdim olunur, orda şəxslər deyil, bədii forma alan ayaqlı kitablardan çox danışılır (əlbəttə ki, bunun üçün vaxt lazım idi). Mən yayın istisində işləyirdim, bunu dərk etmirdim, yalnız qabaqcadan nələrisə hiss edirdim. Mən işləməyə başlayanda bunu düşünürdüm: 1) roman baş tutmasa da, bu əsərdə heç olmasa poeziya olacaq.
2) əsərin bir-iki güclü səhnəsi olacaq. 3) iki və ya daha çox ciddi xarakter tamamilə düzgün təsvir olunacaq və hətta bədii həllini tapacaq. Bunlar mənim üçün yetərli idi. Əsər bir az anlaşılmaz alındı, amma orda yüzlərlə səhifə var ki, mən onlarla fəxr edirəm”.
“Mənə nahar vermək qadağan olub”
1865-ci ilin iyulunda Dostoyevski Visbadenə gəlir və 5 günün içində bütün pullarını qumarda uduzur. Turgenevdən borc istəyir, o da 50 taler göndərir. Milyukovdan xahiş edir ki, onun gələcək povestini hər hansı bir jurnala satsın və ona 300 rubl göndərsin. Amma heç bir jurnal belə bir təkliflə razılaşmır. O, Vrangelə iki məktub göndərir, ondan da cavab almır. Hertsenə yazır, o da rədd cavabı verir.
“Bu gün oteldə elan etdilər ki, mənə nahar vermək qadağan olunub”,- yazıçı gündəliyində yazırdı. - Beləliklə, mən dünəndən bəri ancaq çayla qidalanıram.
Çayın da dadı-tamı yoxdur. Paltarlarımı və çəkmələrimi təmizləmirlər, xidmətçilər məndən yan keçirlər. Almanlar üçün pulsuzluq və ödəniş etməmək ən böyük cinayətdir”.
Oteldən çıxmır və səhərdən axşamadək yazır, şikayətlənir ki, gecə ona şamvermirlər. O, daxili həyəcanla “Cinayət və cəza”nı qələmə alır.
Nəhayət, yardım yetişir. Vrangel məzuniyyətdən iş yerinə qayıdır və orda iki məktub tapır. Dostoyevskiyə pul göndərən Vrangel ona təklif edir ki, Peterburqa qayıdanda yolunu Kopenhagendən salıb ona baş çəksin.
Hələ 8 iyun, 1865-ci ildə Dostoyevski jurnalın baş redaktoru Krayevskiyə yeni əsərini təklif edib qabaqcadan qonorar istəmişdi: “Romanım “İçki düşkünləri” adlanır və bu günkü aktual məsələləri işıqlandırır.” Amma Visbadendə bu ideya yenisi ilə əvəz olunur: “Mən ümid edirdim ki, tezliklə “İçki düşkünləri”ni bitirəcəyəm, amma başqa bir işə (“Cinayət və cəza”) başım qarışdı. Amma buna əsla heyifsilənmirəm.”
Dostoyevskinin məktubları sübut edir ki, əsərin ideyası hələ katorqada olarkən yaranmışdı. 1859-cu ilin oktyabrında qardaşına yazırdı: “Yadındadır, mən sənə bir etiraf-roman yazmaq istədiyimi demişdim? Amma onu mən çox sonralar, özüm də bəzi hissləri yaşadıqdan sonra yazmaq istəyirdim. Əslində, mən onu indi, dərhal yazmaq niyyətindəyəm. Birincisi, belədə şövqlə, vəcdlə yazılmış olacaq. İkincisi, mən bütün ürəyimi bu əsərə qoymuş olacağam. Mən onun haqqında hələ sürgündə, hüzn və qəm-qüssə içində, mənən parçalandığımı hiss etdiyim anlarda düşünmüşəm. Bu Etiraf mənim adımı tamamilə təsdiqləyəcək.”
Əvvəlcə Raskolnikovun etirafı formasında düşünülən əsər katorqanın mənəvi təcrübəsindən “axıb gəlirdi”. Yazıçı orda ilk dəfə mənəvi qanunlardan kənarda dayanan “güclü şəxsiyyətlər”lə rastlaşmışdı, “mənəvi dəyərlərə yeni nəzərlərlə baxmışdı.” Raskolnikov obrazının ideyası həmin o daxili parçalanma anında doğulmuşdu. Amma əsər 1859-cu ildə deyil, tam 8 il sonra yazılacaqdı.
İkinci nikah
“Qumarbaz” romanı 1863-cü ildə hekayə formasında düşünülmüşdü... Romanı Dostoyevski stenoqrafçı Anna Qriqoryevna Snitkinaya diqtə edirdi. Birinci seans haqqında yazıçının həyat yoldaşı xatirələrində yazırdı: “O, əsəbi idi, fikirlərini toplaya bilmirdi. Tez-tez mənim adımı soruşur və o dəqiqə də unudurdu. Ya da mənim varlığımı unudub xeyli müddət otaqda var-gəl edirdi.
Bir gün çox həyəcanlı halda dedi ki, onun üç yolu var; ya Şərqə gedib orda həmişəlik qalmalıdır, ya Qərbə səfər edib onu özünə çəkən qumar oyununa aludə olmalıdır, ya da ikinci dəfə evlənməlidir”.
Noyabrın 8-də yazıçı Anyaya sevgisini etiraf edir. Guya ki, yeni romanının planından söhbət açır, özü haqqında üçüncü şəxsin adından danışır və Anna Qriqoryevnaya belə bir sual verir:
-Əgər siz bu talesiz adamın sevdiyi xanımın yerində olsaydınız, onun evlilik təklifinə necə cavab verərdiniz?
-Deyərdim ki, mən sizi sevirəm və həmişə də sevəcəyəm.
Anna yazıçının zənnini aldatmadı, həqiqətən də ömrünün sonuna kimi ona sadiq arvad oldu.
Rusiyadan uzaqda
Dostoyevski toydan sonra iki dəfə epileptik tutma keçirir. Həkimlər ona xaricə müalicəyə getməyi təklif edirlər. 1869-cu ilin yanvarında Dostoyevski qardaşı qızına yazırdı: “Artıq iki ildir ki, biz xaricdəyik. Məncə, bu, Sibirdə sürgündə olmaqdan betərdir. Əgər burda, Florensiyada incəsənətin möcüzələri varsa, Sibirdə də ruslar və Vətən vardı. Onlarsız isə, mən yaşaya bilmirəm”.
Onu “İdiot”un uğursuzluğa düçar olması narahat edirdi: “Mən hiss edirəm ki, “Cinayət və cəza”ya nisbətən “İdiot”un effekti daha zəif oldu. -Straxova məktubunda yazırdı.- Bu da mənim heysiyyatıma toxundu. Mənim gerçəkliyə öz xüsusi baxışım var. Əksəriyyətin fantastik və istisna hesab etdikləri mənim üçün gerçəkliyin mahiyyətini təşkil edir. Adi gündəlik hadisələr və onlara şablon baxış, mənə elə gəlir, hələ realizm demək deyil, hətta tam əksinə. Doğrudanmı mənim fantastik “İdiot”um ən adi gerçəklik deyil? Hətta indi də? Axı, bizim cəmiyyətin gündəlik vərdişlərdən uzaq düşən, boz gerçəkliklə yaşayan təbəqəsində belə xarakterlər var- o təbəqə ki, gerçəklikdə fantastik özəllik daşıyır.”
Dostoyevski beləcə müdafiə olunur- onun romanları fantastikdir, ona görə ki, Rusiya fantastikdir, gerçəkliyin özü belə fantastikdir... Onun realizmi Qonçarovun və Turgenevin realizmindən də dərindir... Rus yazıçılarından isə, onu yalnız “öz sözünü deməyə macal tapmış” Lev Tolstoy düşündürür.
Dostoyevski “Hərb və sülh”ü maraqla oxuyur, hərçənd Straxovun əsərə məftunluğunu şişirdilmiş hesab edir.
Annanın hamiləliyi onları İtaliyanı tərk etməyə vadar edir. Orda onlar özlərini tənha hiss edirdilər və ümid edirdilər ki, slavyan ölkələrindən birində sığınacaq tapacaqlar. Ümidlə gəldikləri Praqada da bircə boş yer tapa bilməyib, artıq onlara tanış olan şəhərə- Drezdenə qayıdırlar. 1869-cu ildə onların qızı Lyubov dünyaya gəlir. Yazıçı pulsuzluqdan gileylənir: “Mən necə yaza bilərəm”,- o, Maykova məktubunda yazır- “əgər mən iki qəpiklik teleqram vurmaq üçün son geyimimi girov qoymuşamsa? Mən cəhənnəmə, Anna, axı uşağa süd verir, o da sonuncu isti yun paltarını girov qoymağa məcburdur. İkinci gündür ki, qar yağır, axı, o, xəstələnə bilər... Bütün bunlardan sonra da məndən bədiilik, poeziyanın gərginlikdən uzaq saflığını tələb edirlər. Turgenevi nümunə göstərirlər. Bir baxsınlar, mən hansı şəraitdə işləyirəm!”.
Yenidən Peterburqda
1871-ci ilin iyulunda yazıçı “Russkiy vestnik”dən 1000 rubl avans alır və ailəsiylə Peterburqa qayıdır. Rusiyadan uzaqda vətənin xiffətini çəkir, Rusiyada isə özünü ögey sayır. Şərqə səyahət edib, o torpaqlardan kitab yazmağı arzulayır. 16 iyulda oğlu Fyodor doğulur. Zavallı yazıçının pərişanlığı gün-gündən artır; qohumlarıyla münasibəti yaxşı deyil, kredit verənlər təqib edir, mənzildən- mənzilə daşınmağa məcburdur. Bütün bunlar azmış kimi, üstəlik, öyrənir ki, oğulluğu Pavel İsayev onun bütün kitabxanasını oğurlayıb satıb.
Vətən onu soyuq qarşılayır; “Cinlər” uğursuzluğa düçar olur, liberal tənqidçilər “Bədbəxt insanlar” əsərinin müəllifinin istedadının söndüyünü elan edirlər. O isə tənqidçilərə inanırdı, dahiyanə əsərlər yaratdığının fərqində deyildi. Kiçik bir uğursuzluqdan hissə qapılır və ruhdan düşürdü.
1878-ci ildə “Karamazov qardaşları”nın ilk qeydlərini edir. Amma ailədə baş vermiş faciəvi hadisə romanı yarımçıq qoyur.
Anna Qriqoryevna ailənin sevimlisi Alyoşanın ölümünü belə xatırlayır: “Uşaq səhər yuxudan duranda gümrah idi, oyuncaqlarını istədi, bir neçə dəqiqə oyuncaqla oynadı, birdən epileptik tutmaları başladı, qıc olub yerə yıxıldı...
Fyodor Mixayloviç doktoru ötürməyə çıxdı, qayıdanda üzü ağappaq idi, o, uşağın uzandığı divanın qabağında diz çökdü, mən də onun yanında diz çökdüm, həkimin konkret nə dediyini soruşmaq istədim, o isə işarəylə mənə susmağı tapşırdı. Bir neçə dəqiqədən sonra uşaq keçindi... Fyodor üç dəfə xaç çəkdi və birdən hönkür-hönkür ağlamağa başladı.”
Anna Qriqoryevna xatirələrində daha sonra yazır: “Fedor oğlumuzun ölümündən çox sarsılmışdı. O, Alyoşanı kövrək bir məhəbbətlə sevirdi, elə bil hiss edirdi ki, tezliklə ondan məhrum olacaq... Ərimi sarsıdan həm də o idi ki, Alyoşa ondan irsən keçmiş epilepsiyadan dünyasını dəyişmişdi...”
Dostoyevski sevimli oğlunun adını Karamazov qardaşlarının ən kiçiyinə verir, Alyoşanın gələcəyi ilə bağlı bütün arzu və ümidlərini romanın gənc qəhrəmanına ötürür. Sevgi və əzabına mənəvi abidə ucaldan yazıçı bəlkə də bu ağır sınaqdan keçməyə məhkum idi... Ərini kədərli fikirlərdən ayırmaq və ovutmaq üçün Anna Qriqoryevna onları çətin günlərdə tək qoymayan Solovyovdan xahiş edir ki, yayda Optina Pustın kilsəsinə gedəndə Fyodor Mixayloviçi də özüylə aparsın.
Rus kilsəsini təsvir etmək Dostoyevskinin çoxdankı arzusu idi, həyat yoldaşına xarici ölkələrdən göndərdiyi məktublarda da bu istəyini ifadə edirdi.
Solovyovla bərabər getdikləri Optina Pustın kilsəsi öz bilici ağsaqqallarıyla məşhur idi. Onlara nə vaxtsa Qoqol da müraciət etmişdi, asketik yazıların nəşriylə məşğul olan Kireevski də onlarla əməkdaşlıq etmişdi. Nə vaxtsa Lev Tolstoy da bu kilsədə olmuşdu. Xüsusilə şəfaverici gücü olan, möcüzələrə qadir Amvrosiya qoca haqqında çoxlu əfsanə və rəvayətlər dolaşırdı.
Dostoyevski onunla iki dəfə görüşüb söhbət edir. Amvrosiya “Karamazov qardaşları” əsərində Zosima qoca obrazında öz əksini tapıb.
Dostoyevski Optina Pustında təsəlli tapıb geri qayıdır. Yarımçıq roman onu gözləyirdi.
1880-ci ilin noyabrında “Karamazov qardaşları”nı bitirib epiloqunu “Russkiy vestnik” qəzetinə göndərir. “Beləliklə, romanı bitirdim”,-qardaşına məktubda yazırdı,- “Mənim üçün önəmli gündür”.
Dostoyevski “Karamazov qardaşları”nı 3 ilə yazır. Mənən isə, onun üzərində bütün həyatı boyu işləyir. “Karamazov qardaşları” elə bir zirvədir ki, ordan bütün Dostoyevski yaradıcılığının üzvi vəhdəti görünür. Onun bütün yaratdıqları, düşündükləri, yaşadıqları bu nəhəng sintezdə öz əksini tapır. “Karamazovlar”ın mürəkkəb dünyası onun daha əvvəl yazdığı əsərlərin fəlsəfi - bəii elementlərini əxz edərək onilliklər ərzində yüksəlib...
“Anladım ki, bu gün öləcəyəm”
1881-ci il. Dostoyevski yeni planlar hazırlayır: “İki il ərzində “Yazıçının gündəliyi”ni yazıb çap etdirmək və “Karamazov qardaşları”nın ikinci hissəsini yazmaq”. O, ikinci hissədə köhnə qəhrəmanların 20 il sonrakı taleyi haqqında yazmağı düşünür. Baş qəhrəman isə Alyoşa Karamazov olacaqdı.
Yanvarın 26-da iş otağında “Gündəlik”üzərində işləyən yazıçı özünü pis hiss edir. Dərhal həkim çağırırlar. Həkim gələndə xəstə huşunu itirmişdi. Özünə gələndə isə həyat yoldaşından keşiş çağırmağı xahiş edir: “Anya, mən tövbə etmək və dua oxumaq istəyirəm”.
Dini ayindən sonra yazıçı özünü yaxşı hiss edir və yuxuya gedir. 27-si gündəlik işlərlə başlayır; Dostoyevski yazı-pozuyla məşğul olur, “Gündəlik” üçün narahatlıq keçirir və s. 28-i səhər tezdən arvadını oyadır: “Anya, 3 saatdır ki, mən yatmayib fikirləşirəm. Və yalnız indi aydın dərk edirəm ki, bu gün öləcəyəm”. Anna Qriqoryevna ərini əmin etməyə çalışır ki, o, yaşayacaq, Dostoyevski isə onun sözünü kəsib: “Yox, bilirəm ki, mən bu gün ölməliyəm.
Şam yandır, “Evangeliye”ni də ver mənə ”. Anna axşama qədər onun yatağı başında əyləşib bir dəqiqə belə onu tək buraxmır, Dostoyevski onun əllərini əllərinin içinə alıb: “Əzizim, mən səni heç nəsiz qoyub gedirəm. Mənim zavallı qadınım, sənə çox çətin olacaq...”
Yanvarın 28-i, saat 8. 38 dəqiqədə böyük yazıçı vəfat edir. Son aylarda Dostoyevski tez-tez ölümdən danışır və xahiş edirdi ki, onu Novodeviçi məzarlığında dəfn etsinlər. Anna Qriqoryevna bir dəfə zarafatla deyir ki, onu Aleksandr - Nevski məzarlığında dəfn edəcəklər. Çox möhtəşəm olacaq! Baş keşişlər sənin ruhuna dini ayinlər icra edəcək, kilsə xoru oxuyacaq. Yüzlərlə insan sənin tabutunu yola salacaq. Cənazən məzarlığa yaxınlaşanda rahiblər səni qarşılamağa çıxacaq.
“Onlar bunu yalnız çarlar üçün edirlər”,- deyə Dostoyevski o vaxt etiraz etmişdi. Maraqlıdır ki, Anna Qriqoryevnanın zarafatla dediyi sözlər gerçək olur.
Ədəbiyyat tarixinin ən böyük yazıçılarından biri Fyodor Dostoyevski Aleksandr-Nevski məzarlığında torpağa verilir. Onun dəfni tarixi hadisəyə çevrilir; 30 min adam tabutunu müşayiət edir, 72 nümayəndə heyəti çələng aparır, prosesdə 15 kilsə xoru iştirak edir...