Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazıb tamamladığı dahiyanə "Ölülər" tragikomediyası, məlum olduğu kimi, ilk dəfə 1916-cı ildə Rza Təhmasibin quruluşunda səhnədə oynanılıb. Sonralar da teatrlar bu əsərə dönə-dönə müraciət ediblər. Təəssüf ki, həmin tamaşalar yalnız bir fakt olaraq teatr tarixində qeydə alınıblar, vəssalam. "Ölülər"in, əsərin özünə layiq ən gözəl quruluşu görkəmli rejissorumuz Tofiq Kazımovun adı ilə bağlıdır. Onun öz həmfikirləri - quruluşçu rəssam Elçin Aslanov və bəstəkar Qara Qarayevlə hazırladığı o möhtəşəm tamaşa 1966-cı ildə indiki Milli Dram Teatrımızın səhnəsində gözəl aktyor ansamblının ifasında həyata vəsiqə alıb və teatrımızın ən böyük uğurlarından biri kimi bu gün də xatırlanır, haqqında yeni-yeni esselər, məqalələr yazılır. Belə yazılardan birini - tanınmış teatrşünas-alim İsrafil İsrafilovun essesini oxucularımızın diqqətinə təqdim edirik.
O vaxtdan - “Ölülər” əfsanəsinin mədəniyyət tariximizdəki həyatından düz əlli il keçir. Bu barədə düşünməyin, o dövrü xatırlamağın özü belə, adamda məmnunluq hissi yaşadır.
1964-cü ilin “Antoni və Kleopatra”, “Sən həmişə mənimləsən” tamaşalarının uğurlu hay-küylərindən usanmayan T.Kazımov C.Məmmədquluzadənin “Ölülər” pyesini tamaşaya qoymağa hazırlaşır. Elə bil ki, müvəffəqiyyətdən darıxır, qulağı tənəli söz eşitmək, gözləri tənqid oxumaq istəyirdi onun. Bəli, o öz istiqamətinə doğru gedirdi. Bu başdan deyim ki, axırı xeyirli oldu və özü demişkən, “maraqlı bir tamaşa alındı.”
O, buna “alındı” söylədi, amma biz yarandı deyək, çünki ötən əsrin 66-cı ilində göstərilən həmin tamaşanı yaradanlar, aktyorlar H.Turabov (İskəndər), M.Dadaşov (Şeyx Nəsrullah), M.Şeyxzamanov (Hacı Həsən ağa), bəstəkar Q.Qarayev,quruluşçu rəssam E.Aslanov üçün bu, əsl yaradıcılıq qələbəsinə, teatr tariximiz üçün isə, böyük mədəniyyət hadisəsinə, onun ən dəyərli səhifəsinə çevrildi.
Tamaşalara yazılan resenziyaların sayını hesablamaq ilə məşğul olan tapılsaydı, məlum olardı ki, “Ölülər” tamaşasına rekord miqdarda resenziya yazılıb. Biri-birindən dürlü fikirlər söylənilən, iradlar göstərilən həmin resenziyalar tamaşanın doğurduğu ictimai həyəcanı aşkar ifadə edirdi.
Teatr sənətinin təbiəti belədir ki, o, narahat etməli, bir dostumun söylədiyi kimi, “tamaşaçını düz oturduğu yerindən dəbərtməlidir.”Laqeydlik teatrın qatı düşmənidir.Odur ki, bu baxımdan teatr öz işini görmüşdü. Lakin sözümüzün bu məqamında: “Müəllifin baxışları nə qədər gizli qalarsa, sənət əsəri üçün bu, bir o qədər yaxşıdır”1- hikmətli ifadəsini xatırladığımıza görə deməliyik ki, məhz bu cəhət haqqında söhbət açdığımız “Ölülər” tamaşası üçün “bir o qədər” faydalı olmadı. Əksinə, quruluşçu rejissorun bədii konsepsiyası tamaşanın səhnə həllində teatr vasitələri şəklində üzə çıxarılsa da, bütövlükdə dürüst qavranılmadı.Hələ onu da deməliyik ki, tamaşa ətrafında gedən söz-söhbətlərdə (çünki onlara müzakirə demək çətindir) mühafizəkarlar da, novatorlar da,
peşəkarlar da, ortabablar da, qəribə də görünsə, əsasən eyni mövqelərdə dururdular. Doğrudur, biri-digərindən fərqlənən mülahizələr söylənsə də, tənqid “atəşləri”, mübahisə “bağırtıları” eşidilsə də, tamaşaya seyrci axını artmaqda davam edir, “Ölülər” repertuardakı yerini möhkəmləndirirdi. Bu gün həmin dövrdən yarım əsr vaxt ötəndən sonra düşünürsən ki, söylənənlər doğru idisə, görəsən, necə olub ki, “Ölülər” teatr tariximizə kamil bir tamaşa, milli rejissor sənətimizin nailiyyət nümunəsi kimi daxil olub?! Bu tamaşa haqqında şübhə və gümanlar yaradan səbəblər hansılardır?! Tənqidi çaşdıran, tərəddüdlərə düçar edən nə imiş?!Bu gün şərtsiz-filansız, tərəddüdsüz böyük səhnə əsəri kimi qəbul etdiyimiz “Ölülər” tamaşası necə olub ki, bir zaman qəribə şəkildə anlaşılmaz olmuşdur?!Bu gün bizi düşündürən belə sualların sayını artırmaq da olar.Əlbəttə, tamaşanın taleyi ilə bağlı ilkin vəziyyət acı təəssüf doğurur, lakin xoşbəxtlikdən zaman insanların bəzən tələsik, səriştəsiz, bəzən qərəzli, sısqa qərarlarını ləğv edir, hər şeyin layiqli qiymətini müəyyənləşdirir, yerbəyer edir.
Tamamilə təbiidir ki, “Ölülər”in həmin tamaşası müxtəlif biçim və meyarlardan, elmi-bədii baxışlardan qiymətləndirilə bilər2. Birimiz onu Azərbaycan milli teatr sənətinin 60-cı illərdəki ideya-bədii, eləcə də plastik teatrın estetik axtarışlarının nümunəsi kimi, digərimiz klassik repertuarın müasirlik dili ilə səsləndirilməsinə misal kimi, başqa birimiz Mirzə Cəlilin bu pyesinin yeni quruluşu və yaxud T.Kazımovun rejissor sənətinin yeni məhsulu, nəhayət, milli teatr mədəniyyətimizin növbəti mərhələsinin bədii faktı kimi qəbul edirik. Bütün hallarda unutmaq olmaz ki, ərsəyə gələn tamaşa teatr mədəniyyətimizin bədii neməti olmaqla artıq on minlərlə tamaşaçı tərəfindən öz dəyərini qazanmışdır. Amma burası da var ki, ayrı-ayrı fikirlərə və zövqlərə dayaqlanan mövqelər, bədii nəticənin obyektiv qiymətini verə bilməyəndə, sənət uduzur, mədəniyyət kəsirdə qalır.Odur ki, zaman ötdükcə həmin dövrün mətbuat səhifələrini vərəqləyən tədqiqatçı dediyimiz quruluşun mahiyyətini, bədii-estetik tutumunu müəyyənləşdirmək çətinliklərədüşür. Yəni, daha sonralar, 70-ci illər Mirzə Cəlilin səhnəyə gətirilən başqa birpyesinin - “Dəli yığıncağı”nın (qur. rejissor M.Məmmədov) tamaşasını bədii-estetik aspektdən təhlil edən araşdırıcı əsərin dramaturji keyfiyyətlərinin teatr vasitələri ilə aşkarlanmasını, tamaşanın doğurduğu ictimai-bədii təsirdə yaşanan illərin, yaradıcılıqda təzahür edən mənəvi-psixoloji təcrübənin izlərini aydın görür.
Bəli, Mirzə Cəlilin hər hansı pyesi əsasında hazırlanmış tamaşa, bu gün sənətkarın dramaturgiya labirintinə gedən yollarını hər dəfə bir az işıqlandırır, dərketmə, yaşama istiqamətini görümlü edir.
Uzun illərin acı təcrübəsindən qazandığımız həqiqət belədir ki, “Biz öz ictimai rəyimizlə həmişə çox yubanmışıq, bu rəy incəsənətdə baş verən real proseslərdən olduqca geridə qalır. Belə olur ki, bu və ya digər yaradıcı orqanizmin böhran vəziyyətini etiraf etmək, çoxdan vaxtı yetişmiş həyəcan təbillərini çalmaq əvəzinə, biz onun ötüb-keçmiş vüsətinin ətaləti nəticəsində əldə etdiyi nisbi uğurla hələ sevinmişik ki, Sənətkarın yüksəlişi də, fərqi yoxdur - o, təkbaşına yaradır, yoxsa bu həmfikirlər kollektividir- yenidən dirçəlməsi də, bəzən uzun müddət diqqəti cəlb etmir.”3
Bəli, geriliyi, köhnənin yararsızlığını bəzən duymadığımızı, bəzən isə deməyə cəsarətimiz çatmadığı kimi, yenini də duya bilmədiyimizi, nüfuzlu çoxluğun əksinə getməkdən çəkinib susduğumuzu heç olmasa etiraf etməliyik. Əlbəttə, belə etirafların bu gün həlledici əhəmiyyəti olmasa da, hər halda, şübhələrə, tərəddüdlərə son qoyular, yalanla həqiqət bugünkü zaman bucağından yerbəyer edilə bilər.
onlar tamaşanın ədəbi materialından daha çox, tamaşanın quruluş prinsipinə toxunur, onun bədii həllini qeyd-şərtsiz qəbul edir, hətta T.Kazımovun “Ölülər”ini milli teatr sənəti tarixində yeni, maraqlı bir səhifənin yaranması kimi (Ə.Əliyeva) dəyərləndirirdilər. Elə bu sayaq fikirlər ədəbiyyatşünasları açıq-aşkar qeyzləndirir, klassik irsə, konkret olaraq, “Ölülər”in nümunəsində Mirzə Cəlil yaradıcılığına quruluşçu rejissorun “müasir” yanaşmasının zərərli olduğunu xatırladırdılar. Məsələn, görkəmli ədəbiyyatşünas-alim Ə.Şərif belə hesab edirdi ki, “... əsassız və yersiz təriflər, teatr tariximizi təhrif etməklə bərabər, istedadı ilə nəzəri cəlb edən rejissoru da çaşdırıb yolundan azdıra bilər, ona xeyir əvəzinə böyük zərər verər. Çünki “Ölülər”in yeni quruluşunda o qədər böyük və əsaslı qüsur var ki, onları “yenilik”, “müasirlik” kimi qələmə vermək xəta olardı.”4
Mən tənqidimizin böyük nüfuzlarından biri kimi tanıdığım Əziz Şərifin “Fikrimcə” adlı məqaləsində oxuduğum bu sözlərdən sonra alimin “böyük və əsaslı qüsur” hesab etdiyi konkret bir mətləbə rast gəlmədiyimi yazsam, qəribə görünə bilər. Amma həqiqətən möhtəşəm alimin öz iradlarında hansı bədii-estetik əsasdan çıxış etdiyi o qədər də bəlli deyildi. Ə.Şərifin gəldiyi nəticəyə görə, “... rejissor bu əsərin istər ideyasını, istərsə də bədii varlığını təhlil edə bilməmiş və nəticədə qüsurlu bir tamaşa vermişdir.”5Bu sözlərə əlavə etmək çətindir, təkcə təəssüflənmək qalır. Bəli, təəssüf ki, onların müəllifi ədəbi tənqidimizin ağsaqqalı, uzun illər Moskva mədəni mühitində yaşayan, bu şəhərin teatr həyatına yaxından bələd olan bir şəxsdir. Bir də ona görə təəssüflənməli oluruq ki, məhz “Ölülər”, T.Kazımovun rejissor sənətinin zirvəsi, ədəbiyyatçıların təbirincə desək, onun şah əsəri idi. Bu həqiqəti sonralar zaman dönə-dönə təsdiqlədi. Amma hələlik teatrın divarlarından kənarda özünün 1966-cı ilini yaşayan ədəbi-ictimai mühit var idi...
Və həmin mühitdə fəaliyyət göstərən nüfuzlardan biri kimi C.Cəfərovun da “Ölülər”in tamaşası ilə bağlı fikirləri vardı. Həm də bu fikirləri qəribçiliyə salmaq həradamın işi deyildi. Bunu başqaları kimi ədəbiyyatşünaslar da bilməmiş deyildilər.
Ümumiyyətlə, ədəbiyyatşünaslarla C.Cəfərovun qarşılıqlı münasibətləri bir qədər mürəkkəb idi. Həmin münasibətləri doğuran səbəblər müxtəlif idi və əslində bu, başqa bir söhbətin mövzusudur deyə, üzərində dayanmaq istəməzdik. Amma ötəri də olsa, deməliyik ki, C.Cəfərova cürbəcür adlar qoyub, iftiralar söyləyənlərin içərisində ədəbiyyat adamları çoxluq təşkil edirdi. Hətta bir zaman onun Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən xaric edilməsi kimi mahiyyətcə iyrənc bir “tədbirdə” məhz bu qisimdən olan kəslər qabaq sıraları tuturdular. Bir dəstə adamın canfəşanlığı ilə Yazıçılar İttifaqını tərk edən C.Cəfərovun itirdiyi təkcə üzvlük kitabçası idi. Çünki milli teatr tənqidinin öncüllərindən biri kimi, böyük Sabirin təbirincə desək, “dəryada duran qocaman dağ kimi”, o, öz möhkəm mövqeyini saxlayırdı. Milli teatrımızın təşəkkülü və inkişafına həsr edilmiş olduqca dəyərli elmi-
nəzəri tədqiqatların müəllifi olan C.Cəfərov hər bir tamaşa ilə (istər, paytaxtda olsun, istərsə də, əyalətdə) bağlı səriştəli, həm də faydalı fikirlər söyləyəndə, ən vacib olanı göstərməklə yanaşı, ən adini də nəzərindən qaçırmırdı. Çünki o, teatr sənətinin yaradıcı həyatına yaxından bələd olan, təkcə dramaturgiyanın deyil, aktyor və rejissor sənətinin də “ali riyaziyyatına” mükəmməl yiyələnmiş bir professional idi. Odur ki, “Ölülər” tamaşası ətrafındakı mübahisələrdə, teatr hamıdan çox məhz C.Cəfərovun fikrini bilmək istəyir, onun verəcəyi qiyməti (yaxud hökmü) gözləyirdi.
Demək lazımdır ki, başqa tənqidçilərdən fərqli olaraq, vaxt baxımından imkanının azlığına baxmayaraq, C.Cəfərov “Ölülər”in bəzi məşqlərində belə iştirak etmiş, nəinki dodaq büzməmiş, hətta məşqarası fasilələr zamanı aktyorları ruhlandıran tövsiyələr də etmişdi.
Yəni, bu tamaşanın müasirlik gücünü, bədii konsepsiyasını, eləcə də rejissor həllini bəyəndiyini hələ məşqlərin getdiyi zaman gizlətməmişdi. Rəsmi mətbuatda çıxışında da C.Cəfərovun mövqeyi dəyişməz qalırdı. C.Cəfərov: “...teatr “Ölülər”in müasirliyini, istər, ideyaca, istərsə də, estetik mənada nədə görmüşdür?6 - sualını qoyur və buradaca həmin sualın cavabını verir: “Bizcə, bu keyfiyyət avamlıqla tərəqqinin, ölü şüurla diri şüurun, ətalətlə hərəkətin, ağılla kütlüyün mübarizəsidir və bu mübarizənin çox zaman amansız, faciəsiz keçmədiyini təsdiq etməsindədir,”7- deyə yazırdı. İlk baxışda adama elə gəlir ki, hər şey aydındır. Yəni, bundan artıq daha nə deyilməlidir?! Amma təəssüf ki, bu, ilk baxışda məqbul sayılan qənaətdir.
Əslində isə, eyni tərzdə fikir yürütmək, heç bir əlavə etmədən eyni sözləri “Bəxtsiz cavan”, “Müsibəti Fəxrəddin”, “Nadanlıq”, yaxud elə Mirzə Cəlilin özünün “Dəli yığıncağı” tamaşası barədə də işlətmək mümkündür. Əgər söhbətin mövzusu hər hansı konkret səhnə əsərinin bədii yozumudursa, burada xüsusi bədii-estetik meyarlar tələb olunmurmu?!
Mədəni mühitdə tutduğu mövqeyi ilə bağlı idi, ya nədənsə, cəmiyyətdəki hər hansı mədəniyyət hadisəsinə laqeyd qala bilmirdi. Düzünə qalsa, belə bir laqeydliyə imkan da yox idi, çünki onun rəyi, münasibəti həmişə maraq doğururdu. Və bu zaman o, güzəşt-filan bilməz, düşündüyü kimi də danışar, bəzəksiz-düzəksiz, birbaşa sözünü deyərdi. T.Kazımovun fikrincə, həqiqəti boyamaq, onu məhv etməyə bərabərdir. Amma o, səhvləri bağışlamasa da, büdrəyənə əl uzatmağı da bacarır, yeri gəldikcə, öz prinsiplərinə riayət edirdi. Rejissor T.Kazımov söz üzərində işi obraz, yaxud quruluş üzərindəki işdən az əhəmiyyətli saymırdı. Səhnədə canlı dildə danışan qəhrəmanlar görmək istəyir, müəlliflər qarşısında həmin qəhrəmanları “adam dilində” danışdırmağı ilkin şərt kimi qoyurdu. Uzun, dolaşıq ifadələri, necə deyərlər, görən gözü yox idi. Belə ifadələrə rast gələndə üzünü turşudar, aktyordan “... sən Allah, onu dəyiş,”- deyə xahiş edərdi. Özünün sevdiyi ifadələr, sözlər var idi. Bəzən özü yeni sözlər tapıb, çox asanlıqla, yerli-yerində istifadə edirdi.
Odur ki, yazdıqlarında, istər pyes olsun, istər kitab, istərsə də məqalə, T.Kazımov lakonik ifadə
tərzinə üstünlük verərdi. T.Kazımovun dramaturgiyaya bələdlik səviyyəsi heyrətamiz idi. Və onun dramaturq şəxsiyyətinə rəğbəti adi heyranlıq yox, əsl, həm də böyük məhəbbət idi. Burada ötərilikdən söz gedə bilməzdi.
Yəni, T.Kazımovun bəyəndiyi müəllifin hər hansı əsərini bir dəfə tamaşaya qoymaqla ondan doymasını, yaxud bezməsini düşünmək ağlagəlməz bir şeydir. Bu mənada C.Məmmədquluzadə T.Kazımovun ömürlük bəyəndiyi müəlliflərdən biri idi. Yəni, onun “Ölülər”ə üz tutması təsadüfi
bir addım, repertuar seçmək təşəbbüsü deyil, əski sevginin təbii təzahürü idi. Öz peşəsinin məharətli ustası olduğunu dəfələrlə sübuta yetirmiş T.Kazımov C.Məmmədquluzadənin şəxsiyyətini, eləcə də yaradıcılığını mükəmməl şəkildə öyrəndikdən sonra onu həmişəlik olaraq özünün sevimli müəllifi bilmişdir. Bu səbəbdəndir ki, tənqidimizin ağsaqqalı Ə.Şərifin “... rejissor bu əsərin ideyasını, istərsə də bədii varlığını təhlil edə bilməmiş və nəticədə qüsurlu bir
tamaşa vermişdir”8sözlərini qəribçiliyə sala bilməsək də, onların həqiqətə uyğun olduğunu söyləyə bilmərik.
Sadə bir həqiqət olsa da deməli oluruq ki, çap şriftləti vasitəsilə kitab səhifələrindən oxunan əsərin (burada səhnə üçün yazılan əsər nəzərdə tutulur) bilavasitə səhnədə oynanılan və bədii surətləri aktyorların ifasında “canlanan”, eləcə də, rejissorun görünməz əli ilə bir qədər də ifadəli edilən tamaşanın təsir qüvvəsi, səhnədəki təcəssümünün bədii yanaşma ölçüsü və meyarları da, yəqin ki, başqa-başqadır. Və əgər belədirsə, onda məhz T.Kazımovun quruluşunda göstərilən “Ölülər”in müasirliyi hansı bədii-estetik baxımla müəyyən edilmişdir?! Az qala hamıya məlum olan pyesin quruluş prinsipi, yaxud tamaşanın bədii obrazının tapılması, ya hansısa oyun mühitinin yaradılması faktı onun müasirliyinə dəlalət etmişdir?! Tənqidin yazılarında bunları təsdiq, ya da inkar edən konkret sübutlara yer verilmir.
“Düşündürən “Ölülər”, məqaləsinin müəllifi hörmətli ədəbiyyatşünas Y.Qarayev özünün kifayət qədər ciddi yazısında teatrın məhz bu irsə müraciətini müsbət hal kimi qeyd etməklə yanaşı, kollektivin tamaşa üzərindəki işini xüsusi qiymətləndirir. Tənqidçinin qənaətinə görə, “onlar mətnin hərfinə sədaqət, texniki doğruluq yolu ilə yox, ruhu, pafosu açmağa kömək edən hər şeyi saxlamaq, kömək etməyən hər şeyi ixtisar etmək yolu ilə getmişlər.”9
Burada konkret olaraq nəyin, yəni, pyesin, yoxsa tamaşanın “ruhundan”, “pafosu”ndan söhbət getdiyi bilinmədiyi kimi, hansı ixtisarların aparıldığı da bəlli olmur. Yaşar Qarayevin fikrincə, “çox yaxşı cəhətdir ki, müəlliflər pyesdə günün, saatın kiçik problemlərini axtarmaq yolu ilə yox, bəlkə, bütün günlər və zamanlar üçün “əbədi” olan problemlər axtarmaq yolu ilə getmişlər, “əbədilikdə” meydana çıxan, ifadə olunan müasirlik axtarmaq yolu ilə getmişlər. Biz məhz bu yolu, klassik müasir mütaliəni daha doğru hesab edirik”. Və burada T.Kazımovun ədəbiyyatımızın klassiki C.Məmmədquluzadənin “Ölülər” pyesinin “müasir mütaliə”sinin nədən ibarət olduğu, hansı bədii həllə əsaslandığı, tamaşanın əməl xəttinin, ali məqsədinin necə və hansı ifadə vasitələri ilə realizə edildiyi məsələsi toxunulmaz qalır.
Amma ədalət naminə onu da demək lazımdır ki, başqa tənqidçilərdən fərqli olaraq, Yaşar Qarayev teatrın müasirlik axtarışları, məhz bu tamaşa ilə bağlı tapıntıları ətrafında fikir yürüdəndə olduqca maraqlı və gərəkli nəticəyə gəlir. O, yazır : “Bizə elə gəlir ki,”Ölülər”adlanan bir səhnə əsərinin müasirliyini “ölülük nədir” və “ölülər kimlərdir” suallarına tamaşanın verdiyi cavablarda axtarmaq lazımdır”. Əlbəttə bu, daha doğru yol olardı. Amma bir şərtlə ki, teatrın verdiyi cavabların bədii istiqaməti və qayəsi müəyyənləşdirilmiş olsun. Başqa sözlə, həmin cavablara aparan yol işıqlandırılsın, estetik məram, yaradıcı heyətin bədii axtarış prinsipləri diqqətdən kənarda qalmasın. Tənqidçi dramaturji materialda toplanan və onun müasirliyini sübut edən suallara cavabı məhz tamaşanın verdiyi cavablarda axtarmağı tövsiyə edir. Olsun. Gəlin, həmin cavabları birlikdə axtaraq.
Təəssüf ki, bu işə dünya teatr aləmində qəbul edilmiş adi həqiqətləri xatırlamaqla başlamalı olacağıq. Həmin həqiqət bundan ibarətdir: əgər pyesin müəllifi dramaturqdursa, tamaşanın bədii-estetik kamilliyinə rejissor cavabdehdir.10Obrazlı desək, birinin nüfuz dairəsinin bitdiyi yerdə, digərinki başlayır. Odur ki, tamaşa barəsində hər hansı tərzdə fikir yürütdüyümüz zaman müəllif nə demişdir yox, rejissor nə istəmişdir prinsipi əsas götürülməlidir. Çünki tamaşanın taleyini məhz rejissor müəyyən edir. Və burada ədəbi yanaşma, ədəbi terminlərə fikir yürütmə kara gəlmir. Səbəb də budur ki, qarşımızda artıq başqa bir sənət növüdür. Həmin sənət növü isə, yalnız ona məxsus olan estetik meyarlarla dəyərləndirmə tələb edir.
Digər qəbul edilmiş və az qala yazılmayan qanuna çevrilən həqiqət budur ki, hər bir sənətkarı özünün bəyan etdiyi qanunlarla ittiham etmək lazımdır. Bu isə o deməkdir ki, sənətkar öz əməllərində, bədii özünüifadə vasitələri seçməkdə tam sərbəstdir. Bu zaman o, konkret bədii-estetik görmə bucağı və ifadə prinsipləri, ictimai-fəlsəfi əsas təqdim edir. Bəli, rejissor ərsəyə gətirdiyi əsərin məhz onun təqdim etdiyi ictimai-fəlsəfi əsas üzərində, bədii-estetik bucaqda baxılması və qiymətləndirilməsi təmənnasında olur. Və əgər bu baş vermirsə, yəni, rejissorun təmənnası təmin edilmirsə, əksinə, təqdim edilən prinsipdən ciddi fərqlənən başqa prinsiplər əsas götürülürsə, təbii olaraq, rejissora məhəl qoyulmaması bir yana dursun, hətta tamaşanın bədii bütövlüyünə söykənən yozumundan savayı, hər tənqidçinin öz fərdi yozumu yaradılır. Tamamilə təbiidir ki, bir tamaşa bu cür çoxsaylı yozumlara söykənən prinsiplərə cavab verə bilməz. Nəticə isə, bir qayda olaraq, anlaşılmazlığa çevrilir. Çünki tərəflərdən biri yalnız özünün əsas kimi götürdüyü ədəbi-bədii arqumentləri irəli sürür, digər tərəf isə, konkret olaraq ondan nə tələb edildiyini aydın təsəvvür edə bilmir. Dəqiq demək çətindir, amma bizcə, elə bu səbəbdəndir ki, T.Kazımov öz tamaşalarının müzakirəsi zamanı hamını səbr və təmkinlə dinləyir, sonradan tamaşada heç bir düzəliş etmirdi. Halbuki hər bir sənətkarın, o cümlədən T.Kazımovun da səriştəli və sağlam tənqidə ehtiyacı az deyildi. Amma nə edəsən ki, tənqid təqdim edilən poetikanın qıfılına başqa bir açar salır, qeyzlə ora-bura hərlədir, cidd-cəhdlə onu açmağa çalışır. Hər qılıfın isə, aydın məsələdir ki, öz açarı vardır. Ədəbi əsərə bələd olan, dramaturqun bədii qayəsini dərk edən tənqid, bilavasitə tamaşaya bələd olmağa can atmır, rejissorun estetik oyun üslubunun özü üçün açılmasını vacib hesab etmir. Ona görə də rejissorun teatr vasitələri ilə səslənən dili anlaşıqsız qalır, onun aktyor oyunu ilə yazılan bədii məramı oxunmur və tənqid öz növbəsində mücərrəd, həm də təzadlı mülahizələr söyləməklə yeni səhvlərə yol açır. Yəni, tənqid müxtəlif nöqsanlar taparaq yaradıcı heyəti gülləbaran edir, rejissoru ən ağır günahlarda suçlayır, bəzi hallarda isə, hətta necə quruluş verilməsi barədə ona dəyərli məsləhətlər verməkdən belə çəkinmir. Hər şeydən əvvəl, onu demək lazımdır ki, C.Məmmədquluzadənin yaratdığı ədəbi materialın səhnə təcəssümü mürəkkəb, yetərincə üzüntülü yaradıcılıq işidir və təbii olaraq həmin iş yaradıcı heyətdən yüksək peşəkarlıq, ifa məharəti tələb edir. “Ölülər” tamaşasının bütün mövcud quruluş stereotiplərini dağıtması, orijinal təqdimatı nəinki teatrlar üçün, hətta dünyagörmüş peşəkarlar üçün də, yumşaq desək, gözlənilməz idi. Bu mənada görkəmli alim və rejissor, professor M.Məmmədovun fikri maraqlıdır. Quruluşçu rejissorun yozumu ilə qəti razılaşmayan prof. M.Məmmədovun fikrincə, “O, (T.Kazımov - İ.İ.) müəllifin ideyasını təhrif edən, əsərin ədəbi-dramaturji əsasını pozan bir sıra rejissor “qondarmaları” etmişdir. Dramaturq müsəlman şeyxinin fırıldaqçılığını ifşa edir, rejissor isə tamam başqa bir şeyi, bu dəfəlik müsəlman şeyxinin paltarını geymiş bir fırıldaqçının növbəti sərgüzəştini açıb göstərir. Pyesdə mənfi personaj olan ehkamçı-müəllim müsbət simaya, İskəndərin silahdaşına çevrilmişdir. Ancaq onun düşüncələrini ifadə edən sonuncunun monoloqları rejissorun iradəsi ilə başqa iştirakçılarla qeyri-müəyyən dialoqa çevrilmişdir. Nəsrlə yazılmış pyesin mətni, yeri oldu-olmadı, tamamilə başqa bir müəllifin müxtəlif şeirləri ilə “doldurulmuşdur.” Bütün bunlar tamaşaçını yandırır, onu doğru istiqamətdən uzaqlaşdırır, tamaşanın düzgün tapılmış obrazını dumanlandırır, pərdələyirdi.”11
Görünür, məhz yuxarıda nöqsan kimi göstərilən məsələləri nəzərdə tutan Yaşar Qarayev “... rejissor tamaşanı Mirzə Cəlildən uzaqlaşmaq hesabına bizə yaxınlaşdırdığı yerlərdə qüvvətli görünə bilməmişdir” fikrini peşəkar mədəniyyətlə üstüörtülü bildirsə də, bəzi mətləblərdə onun mövqeyi M.Məmmədovun mövqeyi ilə üst-üstə düşür. Xüsusilə, İskəndərin məşhur monoloqunun bölünməsi məsələsi Y. Qarayevi də təmin etmir. Onun fikrincə, “... pyesdə bu monoloq təbiilik, psixoloji reallıq cəhətdən də hazırlanmışdır. Lakin bu parçalanma nəticəsində ölü ilə diri arasında söhbət iki diri arasında söhbətə çevrilmişdir.”
Yazının başqa bir yerində isə rejissor həlli ilə bağlı məsələyə öz münasibətini bildirən Y.Qarayev əmindir ki, “... rejissor İskəndərin, “bu dılğırlar” dediyi tiplər qalereyasına daxil olan mirzələrdən birini İskəndərin əməl dostuna, silahdaşına çevirərkən obrazı təhrif etmiş, nəticədə İskəndərlə Mirzə Hüseyn arasında münasibət və söhbətlərdə müəyyən məntiqsizlik əmələ gəlmişdir.” Yuxarıda misal gətirdiyimiz mülahizələrdə səslənən həqiqətlərə, iradlara göz yummaq, cığal iddialarla onlara qarşı teatrın xeyrinə hər hansı bir-iki arqument göstərməklə əsas problemdən uzaqlaşmaq doğru olmadığı kimi, mübahisələrə məhəl qoyulmadan, əslində isə araşdırılması vacib olan, sənətin mahiyyətindən törəyən, yaradıcılığın daxili və ədəbi qanunauyğunluqları ilə mənalanan həqiqətlərə toxunmamaq doğru olmazdı.
Amma onu da etiraf etmək lazımdır ki, bundan sonra yazılan sətirlər çətinliklə başa gəldi. Əsas çətinlik onda idi ki, “Ölülər” tamaşasının göstərildiyi vaxtdan əlli il keçir və bugünkü baxışla həmin zaman məsafəsindən keçirilən fikirlərə dodaq büzmək olduqca asan məsələdir. Həm də burada söhbət “hə”, “yox” cavablarında, yaxud “yaxşı”, “pis” qiymətlərində deyildir. Və oxucunun o zamankı tənqidə qarşı bu sayaq “cəsarətli” həmlələrdə bizi suçlamasına əsas vermək, ən azı, həqiqətən bizim belə bir yol tutduğumuzu etiraf etməyə bərabərdir. Əslində isə, məqsədimiz teatr mədəniyyəti tariximizdə sənətkarlıq izi qoymuş bir tamaşa barədə bəzi həqiqətləri üzə çıxarmaq, arxeoloqların toz-torpaq altında qalmış, itmiş şəhəri, mədəniyyət abidələrini, sivilizasiya nişanələrini yenidən “həyata” qaytardıqları kimi, heç olmasa, bu günümüzdə üstünü laqeydlik, yaxud ədalətsizlik toz-torpağı basmış mədəniyyət faktları olan bədii əsərlərin əsl dəyərini müəyyənləşdirməkdir. Burada başqa bir çətinlik var idi.
Fikirləri ilə razılaşmamaqdan asılı olmayaraq, misallar gətirdiyimiz şəxsiyyətlərin əksəriyyəti dünyalarını dəyişsələr də (Allah onlara rəhmət eləsin) öz böyüklüyündə qalırdı. Bu da, təbii olaraq, bizi hər bir şəxsiyyətin mülahizələri ilə bağlı söyləyəcəyimiz əks müddəa üzərində ciddi götür-qoy etməyə sövq edirdi. Əlbəttə, bu, asan deyildi, amma özgə bir çıxış yolu da görünmürdü. Qarşımızda Əziz Şərifin məşhur “Fikrimcə” məqaləsi. Böyük ağsaqqal, görkəmli ədəbiyyatşünas, onlarla qiymətli tədqiqat əsərlərinin müəllifi, ədəbiyyatşünaslarımızın güvənc yeri. Bir tərəfdə Cəfər Cəfərov - milli teatr nəzəriyyəmizin elmi əsaslarını yaradan bir şəxsiyyət, mədəniyyətimizin mahir bilicisi, hamisi, cəfakeşi, ensiklopedik məlumat sahibi olan unudulmaz bir adam, Mehdi Məmmədov - görkəmli teatrşünas, qüdrətli rejissor, istedadlı aktyor fəaliyyəti ilə seçilən, neçə-neçə yaradıcı nəslin ustadı olan sənətkar, digər tərəfdən Yaşar Qarayev - iynə ilə gor qazmaqdan bezməyən alim... Elə isə necə olmuşdur ki, “Ölülər” tamaşasının bətnində yaşayan bədii həqiqət tam aydınlığı ilə görünə bilməmişdir?! Bəlkə də, görünmüşdür, amma hər halda tənqid bunu söyləməyə əsas verən araşdırmaları ilə seçilmir. Əksinə, tənqidin fikrincə, bu doğuş zamanı dünyaya gələn tamaşa öz sağlamlığı ilə seçilmir, yumşaq desək, onun səhhəti narahatlığa səbəb olur. Və tənqid ilk baxışda şübhə doğurmayan öz dəmir məntiqi ilə tamaşanı o üzə, bu üzə çevirir, teatrın “Ölülər” üçün tapdığı bədii həll ilə nəinki razılaşmır, hətta onu alt-üst etmək cəhdlərini istisna etmir.