XX əsr Azərbaycan ədəbiyyatşünaslığının məşhur xadimlərindən biri də professor Əli Sultanlıdır. Milli ədəbi-mədəni və ictimai-pedaqoji fikir tariximizdə o, görkəmli ədəbiyyat tarixçisi, teatr-dramaturgiya tənqidçisi, Qərb-Şərq bədii düşüncə mədəniyyətini vəhdətdə öyrənən böyük komparativist alim, istedadlı müəllim-pedaqoq, dərsliklər müəllifi kimi məşhurdur.
Əli Abdulla oğlu Sultanlı 1906-cı il dekabr ayının 25-də Naxçıvan şəhərinə bitişik Araz kəndində bənna ailəsində anadan olmuşdur. Doğma şəhərində ibtidai təhsil almağa başlamış, 1917-ci ildə Rusiyada baş verən inqilabi hadisələrlə əlaqədar təhsilini yarımçıq saxlamışdır. ADR dövründə ibtidai təhsilini tamamlamışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvanda yeni təşkil edilən Müəllimlər seminariyasının hazırlıq kursunda təhsil almışdır. 1923-cü ildə Naxçıvan Xalq Maarif Komissarlığı onu Bakı Mərkəzi Pedaqoji texnikumuna göndərmiş, buranı əla qiymətlərlə bitirdiyinə görə texnikumun pedaqoji şurasının qərarı ilə şəhərdə saxlanılaraq təhsilini APİ-nin Şərq fakültəsində davam etdirmişdir.
1930-cu ildə ali təhsilini tamamlayan Əli Sultanlı Qərbi Avropa ədəbiyyatı kafedrasında assistent saxlanılır və tələbələrə mühazirələr oxuyur. Bir qədər sonra o, Qərbi Avropa ədəbiyyatı kafedrasının müdiri, eyni zamanda, ədəbiyyat və dil fakültəsinin dekanı vəzifəsində çalışır (1934-1939). 1939-1941-ci illərdə institut rektorunun elmi hissə üzrə müavini olur, tədris-təşkilati işlərlə yanaşı, yaradıcılıq fəailiyyətini də davam etdirir; Q.Koqanın “Qərbi Avropa ədəbiyyatı oçerkləri” kitabını Azərbaycan dilinə çevirir, “V.Hötenin yaradıcılıq yolu” (1932), “M.F.Axundovun dramaturgiyası” (1938) kitabçalarını nəşr etdirir, ali məktəblər üçün “Ədəbiyyat metodikası”, orta məktəblərin yeddinci sinfi üçün “Ədəbiyyat” dərsliklərinin həmmüəllifi olur, “M.F.Axundov və Molyer” mövzusunda dissertasiya müdafiə edərək, filoloji elmlər namizədi elmi dərəcəsi alır.
İkinci dünya maharibəsi illərində Əli Sultanlı ADU-da və ADPİ-də Qərbi Avropa ədəbiyyatı tarixindən, ATİ-də estetika və dramaturgiya nəzəriyyəsindən mühazirələr oxuyur, “Azərbaycan dramaturgiyasının inkişaf yolu” mövzusunda dissertasiya müdafiə edib, respublikada filologiya üzrə ilk elmlər doktorlarından biri olur (1945). Alimin “Mopassanın hərbi novellaları” (1942), “Azərbaycan xalq draması” (1945), “Roma və Yunanıstanda ədəbiyyatşünaslıq və estetika məsələləri” (1945) kitabları da bu dövrdə nəşr edilir.
Müharibədən sonrakı illərdə Əli Sultanlı həm pedaqoji, həm də yaradıcılıq sahəsində daha fəal və məhsuldar çalışır. O. yenə də tələbələr qarşısında böyük bir şövqlə mühazirələr oxuyur, məqalələr yazır, “Şekspir və onun on ikinci gecəsi” (1946), “Antik dövrdə bədiyyat və ədəbiyyatşünaslıq məsələləri” (1946), “Rəşid bəy Əfəndiyevin dramaturgiyası” (1946), “Dədə Qorqud və yunan eposları” (1946), “Nizami və Qərbi Avropa ədəbiyyatı” (1947), “Ostrovski və Azərbaycan dramaturgiyası” (1948) kitablarını ədəbi-elmi və pedaqoji ictimaiyyətin ixtiyarına verir. 1950-ci illərdə onun tərtib, müqəddimə və qeydlərilə “Antik ədəbiyyat müntəxəbatı” (1958), “Roma ədəbiyyatı müntəxəbatı”, “Antik ədəbiyyat tarixi” (1958) dərslikləri çap olunur.
Əli Sultanlı gənclik illərindən başlayaraq ömrünün sonuna qədər müəllimlik və alimlik peşəsinə sadiq qalmış, bənzərsiz istedadı nəticəsində həm nadir müəllim, həm də böyük alim-ədəbiyyatşünas olaraq dərin məhəbbət qazanmışdır. O, 1960-cı il iyul ayının 18-də Bakıda vəfat emiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur.
* * *
Əli Sultanlının ilk məqalələrində Şərq ədəbiyyatından bəhs edilir. Onun 1920-ci illərdə - hələ tələbə ikən yazdığı “Əbdülhəq Hamid” (1924), “Cəlaləddin Rumi və təsəvvüf” (1924), “Tofiq Fikrət” (1929) oçerkləri türk poeziyasının məşhur nümayəndələrinin yaradıcılığına həsr olunmuşdur. Bu əsərlərdə sosioloji ədəbiyyatşünaslığın təsiri aydın görünürdü. Gənc Əli Sultanlı, 1920-ci illərdə fəaliyyət göstərmiş marksist ədəbiyyatşünasların çoxu kimi haqqında bəhs etdiyi şairlərin yaradıcılığını həmin şairlərin sinfi mənsubiyyəti ilə əlaqələndirir və hər bir
əsəri müəllifin sinfi baxışları baxımından qiymətləndirməyə çalışırdı. Onun fikrincə, “ədəbiyyat
ictimai bir məhsuldur... ictimai məhsul olan ədəbiyyat da sinifli cəmiyyətlərdə qeyri-sinfi ola bilməz. Binaən-əleyh ədəbiyyat da, başqa üst-qurumlar kimi, müəyyən sinfin ictimai ifadələrindən başqa bir şey deyildir”.
Bədii ədəbiyyata belə baxış bucağından yanaşan və həm Əbdülhəq Hamidin, həm də Tofiq Fikrətin yaradıcılığını sosioloji üsulla təhlil etməyi qarşısına məqsəd qoyan gənc tədqiqatçı onların sinfi mənsubiyyətinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirir.
Ə.Hamidin və T.Fikrətin ailə mühiti, təhsili, uşaqlıq illəri, yeniyetməlik və ilk gənclik dövrü haqqında verilən məlumat onların yaradıcılığının və şəxsiyyətinin formalaşdığı ictimai-mədəni şərait barədə dolğun təsəvvür yaradır.
Əli Sultanlı Azərbaycan ədəbi-elmi mühitində xarici ədəbiyyat mütəxəssisi - qərbşünas kimi məşhurdur. Elmi yaradıcılıq fəaliyyətinin ilk dövründən başlayaraq o, həmişə Qərb ədəbiyyatının ardıcıl tədqiqatçısı və təbliğatçısı olmuşdur. Alimin ilk kitabı məşhur alman şairi, yeni dövr alman ədəbiyyatının banilərindən sayılan Volfqanq Hötenin həyat və fəaliyyətindən bəhs edir. “V.Hötenin yaradıcılıq yolu” (1932) adlı bu kitabçada məşhur alman şairinin tərcmeyi-halı, təhsili, Şərq - müsəlman dünyasına marağı, “Qərb-Şərq divanı” haqqında məlumat verilir, “Faust” əsərinin ideya-bədii məzmunu və dünya şöhrəti qısa şəkildə şərh olunur. Gənc araşdırıcının “Mopassanın hərbi novellaları” (1942), “Roma və Yunanıstanda ədəbiyyatşünaslıq və estetika məsələləri” (1945), “Şekspir və onun on ikinci gecəsi” (1946), “Antik dövrdə bədiyyat və ədəbiyyatşünaslıq məsələləri” (1946) kitabları da Avropa ədəbiyyatının və nəzəri-estetik irsinin öyrənilməsinə həsr olunmuşdur.
Əli Sultanlı qədim yunan və Roma ədəbiyyatına və estetik-nəzəri fikrinə dair tədqiqatlarını “Antik ədəbiyyatı tarixi” (1958) kitabında ümumiləşdirmişdir. Alimin müxtəlif illərdə çap etdirdiyi məqalə və risalələrin, oxuduğu məruzə və mühazirələrin mətni əsasında, ali məktəblərin dil və ədəbiyyat fakültələrində oxuyan tələbələrin ehtiyaclarını ödəmək məqsədilə hazırlanan bu sanballı, kitab-dərslik uzun müddət antik ədəbiyyatı öyrənmək və öyrətmək istəyən tələbə və müəllimlər üçün etibarlı elmi mənbə olmuş və öz əhəmiyyətini indi də saxlamaqdadır. Bütün səhifələri bilik və məlumatlarla zəngin olan bu kitabda “antik dövr” və “antik ədəbiyyat” anlayışının mahiyyəti, tarixi hüdudları, bu ədəbiyyatın mənbələri, onu yaradan xalqların mədəni-siyasi durumu izah olunur: “Yunan və Roma xalqlarının quldarlıq ictimai quruluşu şəraitində keçirdiyi tarixi dövr antik dövr adlanır... Antik ədəbiyyat dedikdə iki xalqın - yunanlılar ilə romalıların quldarlıq ictimai quruluşu şəraitində yaratmış olduqları orijinal və zəngin ədəbiyyat nəzərdə tutulur”.
Kitabda bu ədəbiyyatın həm şifahi, həm də yazılı nümunələri geniş ədəbi-elmi təhlilə cəlb edilir. Müəllif Homerin “İliada” və “Odisseya” əsərlərini qədim yunan ədəbiyyatının “ən klassik abidələri”, qədim “yunan dastanlarının bizə çatan ən qədim nümunələri” sayır, yunan əsatirlərinin yaranma səbəbləri, bu əsatirlərin şifahi xalq ədəbiyyatına təsiri, ədəbi janrların formalaşmasında rolu incəliklə təhlil olunur. Əli Sultanlı əsatirləri qədim yunan ədəbiyyatının “ən zəngin mövzu mənbələrindən biri” kimi təqdim edir. Troya əsatirlər silsiləsi haqqında məlumat verib, Homerin öz dastanlarını Troya əsatirləri əsasında yazdığını bildirir. Kitabda “İliada” və “Odisseya” dastanlarının məzmunu, hadisələr ardıcıllıqla nağıl olunur. Belə Tənqid və ədəbiyyatşünaslıq 171
nağıletmə dastanlardakı surətlərin əməllərini, onların zahiri fəaliyyətini və mənəvi aləmini, psixoloji yaşantılarını göz önündə canlandırmaq, onların xarakterlərini bütöv – bütün mürəkkəbliyi ilə şərh etməyə imkan verir. Ə.Sultanlının təhlillərində Axilles və Aqamemnon, Menelay və Paris, Odissey və Hektor kimi Zevs və Gera, Hermes və Ares, Hipnos və Poseydon, Apollon və Afrodita da canlı, yaddaqalan bədii surətlər kimi təqdim olunur və sevilirlər. Əli Sultanlı Aristofanı qədim yunan dramaturgiyasının ilk, Menandrı isə son komedioqrafı sayaraq, onların komediyalarını poetika-sənətkarlıq baxımından fərqləndirir. Əslində, klassik komediya ilə yeni komediya arasında mövcud olan bu fərqlər haqqında Əli Sultanlı yazır: “Aristofan komediyası siyasi mübarizələr dövründə yaranıb müəyyənləşdiyi üçün gərgin siyasi vuruşların aynası olmuşdur. Aristofan əsatirdən, xəyali səhnələrdən, məişət hadisələrindən də siyasi satira üçün istifadə edirdi. Siyasi qayə klassik komediyanın canı idi...
Yeni komediya siyasi-ictimai motivlərdən uzaqlaşır. Xəyali-əsatiri səhnələri şərti səhnələr əvəz edir. Həyat, məişət, ailə əhvalatları mərkəzdə dayanır. Menandrın komediyalarında əsas yeri məhəbbət mövzusu tutur. Kitabda Menandrın həyat və yaradıcılığı barədə geniş söhbət açılır. Müəllif Menandrın bioqrafiyasına və əsərlərinə dair əldə olanların hamısı haqqında məlumat verir; “Münsif məhkəməsi”, “Kəsilmiş saç”, “Samiya qadınları” komediyalarını məzmun və struktur baxımından təhlil edir. Bu təhlillərdə dramaturqun orijinallığı, komediya janrına gətirdiyi yeniliklər və antik yunan ədəbiyyatı tarixində yeri aydın görünür.
Kitabın ikinci hissəsində qədim Roma ədəbiyyatından bəhs edilir. Məlumdur ki, qədim Roma ədəbiyyatı antik bədii düşüncənin tərkib hissəsidir. Bu ədəbiyyat “qədim yunan ədəbiyyatı ilə Qərbi Avropa ədəbiyyatı arasında bağlayıcı rol oynamış”, hətta uzun müddət “yunan ədəbiyyatından xəbərdar olmayan Avropa yazıçıları və filoloqları antik ədəbiyyat naminə ancaq qədim Roma ədəbiyyatı ilə tanış olmuşlar ”.
Dövrünün ədəbi-elmi fikrinə, dünya ədəbiyyatşünaslarının araşdırmalarına və nailiyyətlərinə istinad edən Əli Sultanlı qədim Roma ədəbiyyatının yarandığı ictimai-tarixi şərait, bu ədəbiyyatın qədim yunan ədəbiyyatından fərqi, tarixi inkişaf mərhələlərinin özünəməxsus əlamətlərindən danışır və Roma ədəbiyyatını tarixi baxımdan iki böyük hissəyə ayırır: 1. Respublika dövründə Roma ədəbiyyatı; 2. İmperiya dövründə Roma ədəbiyyatı.
Tədqiqatçı hər iki dövrə aid ədəbiyyatın strukturu, bu dövrlərdə fəaliyyət göstərmiş söz sənətkarlarının yaradıcılığı haqqında əhatəli məlumat, dərin elmi təhlillər verir. Bu təhlillər, ümumiyyətlə, qədim Roma ədəbiyyatı, onun Tit Mak Plavt, Kvint Enni, Publi Terensi, Siseron, Lukressi Kar, Valeri Katull (respublika dövrü), Vergili Maron, Kvint Flaki, Ovidi Nazon, Seneka, Lukan, Yuvenal, Apuley (imperiya dövrü) və b. onlarca nümayəndəsinin yaradıcılığına dair tam yeni fikirlər olub, Azərbaycan ədəbiyyatşünaslığının bənzərsiz qolunu, milli antikşünaslığın möhkəm bünövrəsini və dayaq sütununu təşkil edir.
Əli Sultanlının “Antik ədəbiyyatı tarixi” klassik dərslik nümunəsidir. Onun məzmunu kimi quruluşu da elmidir. İcmallar və portret oçerklər bir-birini tamamlayır. Təhlillər yüksək səviyyədədir. Əsərin dili olduqca sadə, aydın, elmi və anlaşıqlıdır. Kitab indi də öz elmi əhəmiyyətini saxlayır.
Alimin tərtib etdiyi “Antik ədəbiyyat müntəxabatı” (1950), “Roma ədəbiyyatı müntəxabatı”, bilavasitə onun həmmüəllifliyi və rəhbərliyi ilə hazırlanmış “Xarici ədəbiyyat. Orta əsrlər və Renessans ədəbiyyatı” (1955) kitabları da onun titanik elmi-pedaqoji fəaliyyətinin, namuslu alim-müəllim fədakarlığının nəhəng məhsullarıdır. Artıq nadir nüsxələrə çevrilmiş bu kitablarda yalnız bədii əsərlərin mətni deyil, onların yığcam təhlili də vardır. Belə tərtib üsulu, bir tərfdən, kitabda yer alan bədii mətnlərlə tanış olmaq, onları oxumaq imkanı verirsə, digər tərfdən, həmin mətnlərin ideya-estetik xüsusiyyətlərini bilməyə şərait yaradır.
Əli Sultanlının “Şekspir və onun on ikinci gecəsi” (1946), “Otello” (1949), “Sevilya ulduzu” (1953), “Servantesin “Don Kixot romanı” (1955), “Fridrix Şiller” (1955), “Henri İbsen” (1956)
məqalələri Qərbi Avropa yazıçılarının yaradıcılığından, onların bəzi əsərlərinin tamaşasından bəhs edir. Yüksək peşəkarlıqla yazılmış bu məqalələrdə konkret bir əsərin səhnə təcəssümü, yaxud bir yazıçının ideyalar aləmi, onun bədii novatorluğu izah olunur. Bu əsərlər Qərb ədəbiyyatına şərqli mütəxəssisin elmi baxışlarının ifadəsi kimi çox qiymətlidir. Onların hamısı metodoloji baxımdan marksist ədəbiyyatşünaslığın prinsipləri əsasında yazılsa da, şərhlər elmi, obyektiv həqiqətin aşkarlanmasına xidmət edir. Tədqiqatçının təhlil predmetinə heç bir siyasi-ideoloji təsirə qapılmadan sərbəst yanaşması, yazıçını, yaxud konkret əsəri qiymətləndirərkən estetik meyarlara söykənməsi, bədiiyyatı əsas götürməsi, nəhayət, fərdi təhlil ədası və mədəniyyəti də aydın görünür.
Əli Sultanlı Azərbaycanda müqayisəli ədəbiyyatşünaslığın ilk nümunələrini yaradan görkəmli alimdir. Onun “Nizami Gəncəvi və Avropa ədəbiyyatı” (1953), “Dünya ədəbiyyatındaNizaminin mövqeyi” (1953), “İsgəndərnamə və Qərbi Avropa ədəbiyyatı” (1953), “Leyli və Məcnun” və “Qərbi Avropa ədəbiyyatı” (1953), “Yeddi gözəl” və Qərbi Avropa ədəbiyyatı” (1948-53) məqalə-tədqiqatları müqayisəli ədəbiyyatşünaslığın layiqli nümunələridir. Alimin bu sahədə ən sanballı əsəri “Axundov və Molyer” (1938) monoqrafiyasıdır.
“Axundov və Molyer” keçmiş SSRİ məkanında yazılmış ən yaxşı müqayisəli ədəbiyyatşünaslıq əsərləri sırasında durur. Bu əsərdə Molyerin və Mirzə Fətəlinin yaşadığı tarixi dövrlər, onların fəaliyyət göstərdikləri ədəbi-mədəni və ictimai-siyasi şəraitlər, yaradıcılıqlarına təsir göstərən müxtəlif amillər müqayisə olunur, hər iki sənətkarın ədəbi-nəzəri görüşləri, teatr və dramaturgiya barədə fikirləri şərh edilir. Tədqiqatçı həm Molyerin, həm də Mirzə Fətəlinin gülüş yaratmaq üçün istifadə etdiyi vasitə və üsulların izahına daha həssas yanaşaraq, bu vasitələrin tipoloji oxşarlığını və ayrıntıları aydınlaşdırır. Qarpaqon və Hacı Qara, Hacı Nuru və Alssest, Molla İbrahim Xəlil və Tartüf surətlərinin müqayisəsi də əsərin elmi məziyyətini göstərən əlamətlərdir. Zəngin ədəbi faktlar və elmi-metodoloji prinsiplər əsasında yazılmış “Axundov və Molyer” əsəri Azərbaycan ədəbiyyatşünaslığının 1930-cu illərdəki nailiyyətlərindən sayıla bilər.
Alimin “Dədə Qorqud və yunan eposları” (1946), “Ostrovski və Azərbaycan dramaturgiyası” (1948) kitabçaları da tarixi-müqayisəli araşdırmanın və qiymətləndirmənin seçilən örnəkləridir. Bu əsərlərdəki təhlillər Azərbaycan eposunun və milli dramaturgiyanın özünəməxsusluğunu üzə çıxarmaq məqsədinə xidmət edir. Müəllif “Dədə Qorqud”dakı müəyyən epizodları, hadisələri və surətləri “Odssey”də təsvir olunan hadisə və surətlərlə müqayisə etməklə bir tərəfdən tipoloji oxşarlıqları, digər tərfdən əsaslı fərqləri üzə çıxarır və bu yolla Dədə Qorqud boylarının qədim tütk bədii təfəkkürününü məhsulu olaraq meydana gəldiyini əsaslandırır.
Elmi maraq dairəsi, tədqiqat sahəsi nə qədər geniş, əhatəli olsa da, Əli Sultanlının yaradıcılığında əsas yeri Azərbaycan ədəbiyyatının, milli dramaturgiyanın tədqiq və təhlili tutur. Onun M.F.Axundzadə, N.Vəzirov, R.Əfəndiyev, M.S.Ordubadi, H.Cavid, Ü.Hacıbıyov,C.Cabbarlı, İ.Əfəndiyev kimi klassik və müasir dramaturqların yaradıcılıqları, konkret əsərləribarədə məqalələri vardır. Ən böyük və sanballı əsəri isə, “Azərbaycan dramaturgiyasının inkişaf tarixi” (1946) adlı doktorluq dissertasiyasıdır. Bu əsərdə o, ilk dəfə olaraq Azərbaycan dramaturgiyasının elmi tarixini yaratmışdır. Burada xalq oyunları (“Keçəl”, “Əkəndə yox, biçəndə yox, böləndə ortaq qardaş”, “Xəsis”, “Xıdır Nəbi”, “Kosa gəlin” və s.) və dini təriqət mərasimləri, onların məzmunu, quruluşu, tarixi, keçirilmə qaydaları, dramaturji xüsusiyyətləri, teatr ünsürləri şərh olunur. Müəllifə görə, xalq oyun və tamaşaları “Xalqın mənəvi həyatından doğan zəngin mədəni irsin diqqətəlayiq abidələrindəndir. Xalq oyunları mərasimlərdən doğaraq getdikcə dünyəviləşmiş... və yazılı dramaturgiyanın təməlini təşkil etmişdir”.
Əsərdə M.F.Axundov milli dramaturgiyanın banisi və nəzəriyyəçisi elan olunur, onun komediya yazmasının səbəbləri göstərilir, Nəcəf bəy Vəzirov “həm mülkədarlıq, həm də burjuaziya aləminin böyük tənqidçisi”, Nəriman Nərimanov “nadanlıq və xurafat zülmətini yox etmək uğrunda canından, başından keçən fədakar ədib”, maarifçilik hərəkatının son nümayəndəsi kimi təhlil edilir. Cəlil Məmmədquluzadəni “Azərbaycan dramaturgiyası tarixində M.F.Axundovdan sonra yaradıcılıq vüsəti, ədəbi təsir dairəsinin genişliyi, gülüşünün sürəkliyi və kəskinliyi etibarilə ikinci böyük məzhəkəyazan” hesab edən Əli Sultanlı Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası haqqında yazır: “Ə.Haqverdiyevin dramaturgiyası N.Vəzirov teatrı təməlində möhkəmlənib inkişaf etmişdir. Cəlil Məmmədquluzadə nə qədər M.F.Axundovla bağlı isə Haqverdiyev də bir o qədər Vəzirovla bağlıdır. Vəzirov mülkədarlığın məzhəkəsindən başlayaraq onun faciəsini təsvirə qədər gəlib çıxmış, Haqverdiyev mülkədarlığın faciəsindən başlamış və onu axıra çatdırmışdır”.
“Azərbaycan dramaturgiyasının inkişafı tarixi” əsəri ayrı-ayrı icmallar və oçerklər şəklində azılsa da bu icmal və oçerklər möhkəm surətdə əlaqələndirilərək milli dramaturgiyanın bədii-etsetik mənbələrini, təşəkkül tarixini və inkişaf yolunu izləyən, əvvəli ortası və sonu olanbütöv monoqrafiya halına gətirilmişdir. Müəllif “bir əsrdən artıq müddətdə müxtəlif mənbələrdə səpələnmiş, yaxud da, heç nəşr olunmamış ayrı-ayrı pyesləri, xüsusən dramatik folklor nümunələrini səylə toplamış, öyrənmiş, bir küll halında ilk sistemli ədəbiyyat tarixinin faktlarına və materiallarına çevirmiş, böyük alimlik və vətəndaşlıq işi görmüşdür”. Həmin “alimlik və vətəndaşlıq işi” Əli Sultanlının elmi təhlil mədəniyyətində, fakt və hadisələri dəyərləndirmə üsulunda aydın müşahidə edilir. O, təhlilə cəlb etdiyi bədii nümunələri və obrazları bütünlükdə ədəbi fikrin inkişafı ilə vəhdətdə qiymətləndirir: “zəngin elmi fantaziya və müşahidə qabiliyyəti, obyektivlik və prinsipiallıq, böyük ümumiləşdirmə, estetik və fəlsəfi təhlil, hər cür süni “yaxşılaşdırma” meyillərindən uzaqlıq, yığcamlıq bu əsərdə özünü göstərən təhlil üsulunun əsas xüsusiyyətləridir”.
Əli Sultanlı görkəmli ədəbiyyat tarixçisidir. O, üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildinin (1960) əsas müəlliflərindən və elmi redaktorlarından biridir. “Tarix”in XIX-XX əsrlər dövrünü əhatə edən bu cildin “M.F.Axundovun dramaturgiyası” və “Nəcəf bəy Vəzirov” hissələrini o yazmışdır.
XX əsrin 50-ci illərində ədəbi-nəzəri fikirdə geniş yayılan konfliktsizlik nəzəriyyəsinə qarşı yazılmış bu məqalədə bədii konflikt dram əsərinin hərəkətverici yayı, şah damarı kimi dəyərləndirilir və dramatik əsərin estetik gözəlliyini nümayiş etdirən əsas əlamət hesab olunur. Müəllif dünyanın Esxil, Sofokl, Şekspir, Ostrovski, Qoqol, Mirzə Fətəli, C.Məmmədquluzadə, C.Cabbarlı kimi məşhur sənətkarlarının əsərlərinin sevilməsini onların kəskin dramatik konflikt yarada bilməsi, əksinə, Azərbaycan dramaturgiyasının bəzi nümunələrinin (Səttar Axundovun “Zərif tellər”, Cabbar Məcnunbəyovun “Böyük məhəbbət”, M.H.Təhmasibin “Çiçəklənən arzular” dramları) bədii cəhətdən zəif çıxmasını müəlliflərin konfliktsizlik nəzəriyyəsinin təsiri altına düşməsi ilə əlaqələndirir və müasiri olduğu dramaturqları ictimai həyatın, mövcud cəmiyyətin ziddiyyətlərini əks etdirən kəskin dramatik konflikt yaratmağa çağırır.
Nəhayət, Əli Sultanlının şəxsiyyətini və sənətini tamamlayan mühüm bir keyfiyyət də onun müəllimliyidir. O, nadir müəllimlik qabiliyyəti, pedaqoji ustalığı ilə ad çıxarıbmış. Həmişə deyərmiş ki, yüksək bilikli ədəbiyyat müəllimi auditoriyada yarımaktyor olmalı, təhlil etdiyi əsərin məğzini tələbələrə düzgün və emosional çatdırmaq üçün jestlərdən, mimikadan, nitq vasitələrindən, səs tembrindən məharətlə istifadə etməli, yeri gələndə obrazın roluna girməlidir. Vaxtilə Əli Sultanlının tələbəsi olmuş xalq yazıçısı İsmayıl Şıxlı müəlliminin pedaqoji ustalığından danışarkən deyirdi: Dərs ilinin yenicə başladığı isti sentyabr günlərinin birində tələbələr təəccüblü bir hadisənin şahidi olurlar: Həmin isti yay günündə Əli Sultanlı auditoriyaya əsl qış geyimində - başında qara şlyapa, boğazında isti şarf, əynində qalın palto, əlində yun əlcək, titrəyə-titrəyə daxil olur. Tələbələrlə salamlaşıb əşyalarını stolun üstünə qoyan kimi əlcəklərini çıxarıb əllərini soyuqdan donubmuş kimi ovuşdurur, sonra nəfəsi ilə hovurur. Bunları o qədər təbii edir ki, ona baxan tələbələr də üşüyürlər. Professor paltosunu soyunmadan, şlyapasını çıxarmadan “üşüyə-üşüyə” mühazirəyə başlayır. Sən demə, onun danışdığı əsərdə hadisələr soyuq bir qış səhərində cərəyan edirmiş və professora belə geyim həmin qış səhərini tələbələrin təsəvvürünə “yazmaq”, dərsin estetik təsirini, emosionallığını qüvvətləndirmək üçün lazım imiş.
Əli Sultanlının müəllimlik bacarığı və istedadı haqqında onun tələbələrindən olmuş Yaşar Qarayev yazır: “Biz Ərəstu və Esxillə, Prometey və Axilleslə ilk dəfə onun dili və sözü ilə tanış
olmuşuq... Hamletdən, Lüssiferdən, Faustdan danışmaq ona yaraşırdı. O, Zevsdən bir Zevs kimi danışardı. O, Axillesdən danışanda Axillesə bənzərdi. Onun ruhunda və varlığında əsl Şekspir dünyası və ehtirasları yaşardı. O, bizi də özü ilə bütün allahların və qəhrəmanların yığışdığı sehirli bir Olimpə aparırdı. Eşitməkdən, dinləməkdən çox, hiss edərdik, görərdik, duyardıq, yaşayardıq”.
Filologiya elmləri doktoru, professor Əli Sultanlı “müəllimliklə yaşayar, nəfəs alardı, auditoriya onun mənəvi vətəni idi. O, auditoriyasız yaşaya bilməzdi: auditoriyadan kənarda, tələbə nəfəsi olmayan yerdə özünü həmişə mənəvi ünsiyyətdən məhrum bir havasızlıqda hiss edərdi”.
Beləliklə, ədəbiyyat tarixçisi və nəzəriyyəçisi, antikşünas və qərbşünas, tənqidçi və komparativist-alim Əli Sultanlı XX əsr Azərbaycan mədəniyyəti tarixində özünəməxsus yeri və mövqeyi olan istedadlı müəllimdir. Onun alimliyi, elmi ədəbiyyatşünaslıq fəaliyyəti müəllimliyindən, müəllimliyi alimliyindən ayrılmazdır; Əli Sultanlı elmi yaradıcılığında müəllim, müəllimliyində yaradıcı şəxsiyyətdir.