İlham Abbasovun təqdimatında
O, ədəbiyyat üzrə yeganə Nobel mükafatçısıdır ki, təqdimat mərasimində iştirak etsə də, Nobel nitqi söyləməkdən imtina etmiş, yalnız bir neçə kəlmə ilə minnətdarlığını bildirərək demişdi: “Bir qadın taleyindən nə bəxşiş ala bilərsə, hamısını almışam...” Çoxsaylı romanlar müəllifi olan bir nasirin belə azdanışan olması nə qədər qəribə görünsə də, bu yazıçının qadın olduğunu da nəzərə alsaq, həmin xüsusiyyətin necə gözlənilməz, hətta paradoksal olduğu aydınlaşar. Söhbət 1926-cı ilin Nobel mükafatı laureatı olmuş italyan yazıçısı Qratsiya Deleddadan gedir. O vaxta qədər bu mükafatı almaq yalnız bir qadın sənətçiyə – isveçli uşaq yazıçısı Selma Lagerlöfə nəsib olmuşdu. Ona bu mükafat 1909-cu ildə verilmişdi. Q.Deleddadan əvvəlki italiyalı ədəbiyyat nobelçisi isə bu mükafatı düz iyirmi il ondan qabaq – 1906-cı ildə almış şair Cozue Karduççi idi. Ədalət naminə etiraf etmək lazımdır ki, həmin dovrdə nəinki dünyada, hətta İtaliyanın özündə də Q.Deleddadan daha nüfuzlu, daha məşhur onlarla yazıçı vardı. Onun bir sənətkar kimi ad-sanını və şöhrətini isə istedadından daha çox bəxt ulduzu, yaradıcılıq uğurlarından daha çox tale naxışı müəyyən etmişdi.
Xaraktercə son dərəcə utancaq, qaradinməz bir qadın olmasına baxmayaraq, Q.Deleddanın yaradıcılıq fəaliyyəti kifayət qədər məhsuldar idi. Onun ədəbi yaradıcılığı ümumilikdə otuz romanı, dörd yüzdən çox hekayəni, onlarla pyesi, çoxlu sayda poeziya nümunələrini, ədəbi və publisistik məqalələri əhatə edir.
Nobel Mükafatları Komitəsinin qərarına görə, İtaliya yazıçısı ali ədəbiyyat mükafatına “doğma adasının həyatını plastik aydınlıqla təsvir etdiyi poetik əsərlərinə və ümumən insan problemlərinə yanaşmanın dərinliyinə görə” layiq görülmüşdü. Q.Deleddaya qədər heç bir yazıçıya mükafatın verilməsi konkret coğrafi məkanla əlaqələndirilməmişdi. Bu dəfə laureatın “tale bəxşişi” kimi qəbul etdiyi mükafatın məhz “doğma ada” amili ilə bağlanması isə təsadüfi yox, əlamətdar bir hal idi. 1871-ci ilin 27 sentyabrında Sardiniya adasının Nuoro adlı ucqar dağ kəndində dünyaya göz açmış yazıçı bütün əsərlərini bu kəndin təbiətinin və insanlarının təsvirinə, vəsfinə həsr etmişdi.
Yerli ölçülərlə yanaşılsa, Qratsiyanın ailəsi kifayət qədər zəngin sayıla bilərdi. Kənd adamlarının əksəriyyətindən fərqli olaraq, onun atası ali təhsil almış, hüquqşünas ixtisası qazanmışdı. Uzun illər kəndin bələdiyyə başqanı vəzifəsində çalışan bu şəxsin iri torpaq sahəsi və mal-qaradan başqa, zeytun yağı və şərab çəkmək üçün dəzgahları da vardı. Lakin bunlara baxmayaraq, bütün kənd əhalisi kimi onların ailəsi də cox sadə həyat sürürdü. Qratsiyanın anası savadsız bir kənd qadını idi, iki qardaşı, dörd bacısı vardı. Yazıçının sonralar “tunc dövrünün yaşayış məskəni” adlandırdığı bu kənddə zaman sanki dayanmış, həyat tərzi əsrlər boyu dəyişməz qalmışdı. Hətta kənd əhlinin danışdığı şivə də uzun illər dəyişmədiyi üçün arxaik elementlərin zənginliyi baxımından italyan ədəbi dilindən daha çox latın dilinə yaxın idi. Q.Deleddanın doğma kəndi haqqında işlətdiyi “tunc dövrü” metaforik deyimini müəyyən mənada yazıçının öz şəxsiyyət və yaradıcılığına da aid etmək olar. Onun doğulduğu, böyüdüyü, təhsil və tərbiyə aldığı mühiti göz önünə gətirəndə bu xanımın nəinki Nobel mükafatçısı, hətta yazıçı olması belə ağlasığmaz görünür. Hökm sürən patriarxal həyat normalarına uyğun olaraq, kənddə ailələrin gündəlik həyatı yeknəsəq və qapalı keçirdi. Qız uşaqlarını başıaşağı, dilsiz-ağızsız böyüdür, demək olar ki, evdən bayıra buraxmırdılar. Amma Qratsiyanın atası kəndin “ağsaqqalı”, icmanın rəhbəri sayıldığına görə, onların evi həmişə adamla dolu olurdu. Bunun sayəsində Q.Deledda hələ uşaqlıqdan camaatın həyatını müşahidə edə, müxtəlif təbəqələrə mənsub insanlarla ünsiyyətdə ola bilmişdi.
On yaşına qədər kənddəki ibtidai məktəbdə təhsil alan Qratsiya oranı bitirdikdən sonra fərdi qaydada müəllimlərlə məşğul olaraq müxtəlif fənləri, həmçinin italyan və fransız dillərini öyrənir. Bundan başqa, gənc yazıçının çox zəngin mütaliəsi vardı. Sonralar özünün etiraf etdiyi kimi, onun ədəbiyyat həvəskarı kimi formalaşmasında italyan ədəbiyyatından əlavə, böyük fransız yazıçıları Hüqo və Balzakın, klassik rus nəsrinin Tolstoy, Dostoyevski, Turgenev, Çexov, Qorki kimi nümayəndələrinin böyük təsiri olmuşdu. Bununla paralel olaraq yerli folklor nümuməlrini – nağıl və balladaları dərindən öyrənən Qratsiya elə folklor materialları əsasında da səkkiz yaşından ilk şeirlərini, hekayələrini yazmağa başlayır. On yeddi yaşında isə hamıdan xəlvət Romada çıxan “Ultima moda” (“Moda yenilikləri”) jurnalına göndərdiyi “Sardiniya qanı” adlı hekayəsi burada çap olunur. Jurnalın naşiri qrafiniya Monteduro adlı aristokrat bir xanım idi. Səmimi və sadəlövh bir kənd qızı olan Qratsiya yalnız Romaya köçəndən sonra xəbər tutacaqdı ki, əslində bu təxəllüs altında jurnalı Elamuno Provalo adlı bir media maqnatı nəşr etdirirmiş. Hekayə məhəbbət üçbucağına düçar olmuş və axırda sevgilisi tərəfindən öldürülən gənc sardiniyalı qızın nakam sevgisi haqqında idi. İlk hekayəsinin dərc olunmasını gənc “yazıçının” doğma kəndində qınaqla qarşıladılar. “Görünməmiş özbaşınalıq etmiş” Qratsiyanı şübhəli baxışlar və nalayiq şayiələr addım-addım izləməyə başladı. Birinci şəxsin dilindən danışılmış əsərin qəhrəmanını müəllifin özü ilə eyniləşdirən kənd camaatı onun anasını “qız uşağını düzgün tərbiyə etməməkdə, özbaşına buraxmaqda” ittiham etdi, kənd qadınları jurnalın əllərinə keçən nüsxələrini nümayişkaranə şəkildə yandırdılar. Bu cür münasibətdən gözü qorxan Qratsiya bir müddət yazılarını gizli imza (İlia di Santi) ilə çap etdirməyə məcbur oldu. Amma kənd adamları hələ də onun yaratdığı surətlərləri, onların sevgi macəralarını qızın öz yaşantıları kimi qiymətləndirməkdə davam edirdilər. Yazıçının sonralar etiraf etdiyi kimi, burada bir həqiqət vardı ki, müəllif, doğrudan da, qəhrəmanlarının əzablarını öz iztirabları kimi yaşayır, onların bədbəxtliklərinə səmimi bir yanğı ilə həqiqi göz yaşları axıdırdı. Digər tərəfdən, onun əsərləri avtobioqrafik xarakterli olmasa da, yaratdığı bütün surətlər gerçək həyatdan götürülmüşdü. Onlar hamısı Qratsiyanın ya şəxsən tanıdığı, ya da haqqında eşitdiyi real insanlar idi.
Yazıçı xanımın əsərləri üçün faciəvi süjet uydurmasına ehtiyacı da yox idi. Nəinki kəndin, elə təkcə öz ailəsinin belə əhvalatlarla “zəngin” olan həyatı ona kifayət qədər material verirdi. Atası dünyadan köçəndən sonra ailənin həyat nizamı tamam pozulmuş, dalbadal baş verən bədbəxtlikər Qratsiyanın gününü dərd-qəmə qərq etmişdi. Bir bacısı bic övlad dünyaya gətirərkən vəfat etmiş, bir qardaşı cinayət yoluna düşərək həbsxanada ölmüş, digəri isə hava şarında uçarkən qəzaya uğrayaraq həlak olmuşdu.
1892-ci ildə, 21 yaşında Q.Deleddanın “Sardiniya çiçəyi” adlı ilk romanı nəşr olunur və ədəbi mühitdə rəğbətlə qarşılanır. Dövrün görkəmli ədibləri Luici Kapuana və Covanni Verqa, xüsusən də gənc yazıçılar onun yaradıcılığını yüksək qiymətləndirirlər. 1895-ci ildə nəşr olunmuş “Şərəfli könüllər” kitabına tanınmış italyan ədəbiyyatşünası Rucero Bongi ön söz yazır. Bu əsər bir çox dillərə tərcümə edilərək yazıçıya ilk dəfə Avropa şöhrəti gətirir.
Özündən əvvəlki qadın Nobel mükafatçısı S.Lagerlöf kimi Q.Deledda da yaradıcılığında ilk növbədə xalqının mənəvi yaddaşına və folklor xəzinəsinə bağlı idi. Xalq nağılları, əfsanə və rəvayətləri, deyim və inancları onu təkcə bir yazıçı kimi yox, həm də araşdırıcı kimi cəlb edirdi. 1892-ci ildə onun folklor və etnoqrafik tədqiqat xarakterli “Sardiniya dağlarında” və “Sardiniyada milad bayramı”, 1893-cü ildə isə “Sardiniya əfsanələri” və “Nuoronun xalq ənənələri” kitabları işıq üzü görür. Bu sahəyə marağı və bilikləri onun bədii əsərləri toplanmış “Sardiniya hekayələri” (1894), “Nəfs” (1898), “Həyat oyunları” (1905), “İşıq və kölgə” (1912) kimi kitablarına da hissolunacaq təsir göstərmişdir.
Atasının ölümündən sonra həm də ailənin təsərrüfat işlərini idarə edən Qratsiya ədəbi mühitlə əlaqə saxlamaq üçün bir sıra görkəmli yazıçı və ədəbiyyatşünaslarla məktublaşırdı. “Şərəfli könüllər” romanının fransızca nəşrinə görə gözlədiyindən daha böyük miqdarda qonorar alan yazıçı təsərrüfat işlərini qardaşına tapşıraraq Sardiniyanın mərkəzi sayılan Kalyari şəhərinə köçür və tanınmış naşir Mariya Manikinin dəvəti ilə burada nəşr olunan “Donna Sarda” adlı qadın jurnalında işləməyə başlayır. Bundan sonra onun yazıları əsasən bu jurnalda dərc olunur.
Şəhərdə maliyyə idarəsinin məmuru Palmiro Madezani ilə tanış olan Qratsiya 1900-cü ildə onunla ailə qurur. Elə həmin il onun ərini Romaya – Maliyyə Nazirliyinə işə dəvət edirlər və gənc ailə ölkənin paytaxtına köçür. Q.Deledda yalnız bu zaman ömründə ilk dəfə Sardiniyadan kənara çıxır. Romada onların iki oğlu dünyaya gəlir. Bundan sonra o, vaxtını yalnız yaradıcılığa və övladlarının tərbiyəsinə həsr edir. Özü üçün belə bir gündəlik iş rejimi qurmuşdu: günortaya qədər uşaqlarla və ev işləri ilə məşğul olur, yalnız günortadan sonra yazı stolunun arxasına keçirdi.
Romada peşəkar yaradıcılıq fəaliyyətini uğurla davam etdirən Q.Deledda təxminən ildə bir roman yazıb nəşr etdirirdi. Maraqlıdır ki, onun “qürbətdə” yazdığı ilk əsərlərdən biri vətən həsrətinə həsr olunmuş “Nostalgiya” romanı idi. Şəhər həyatı onun düşüncə tərzinə yeni çalarlar əlavə etsə də, yenə də bütün əsərlərinin mövzusunu Sardiniyanın kənd həyatından alırdı. Və onun əsərləri “sükunət və ehtiraslar diyarı” adlandırdığı Sardiniya kəndinin müasir şəhər həyatından kəskin fərqlənən dolanışığını və adamlarını əks etdirən ən mötəbər mənbə kimi qəbul edilirdi. Yazıçı özü bu faktoru belə dəyərləndirir: “Mən Sardiniyanı çox sevirəm. Orada yaşayan insanlar mənim xalqımdır, onun təbiəti mənim varlığımın bir hissəsidir. Mən gözümün qabağında olan və yaxşı bildiyim bu dramatik həyatı qoyub, niyə başqa yerdə mövzu axtarmalıyam? Sardiniya mənim romanlarımın yalnız mövzusu yox, həm də mahiyyətidir.” Doğrudan da, yazıçı bu qapalı mühitin kənardan kiminsə müşahidə etməsi mümkün olmayan bütün reallıqlarını ən incə məqamlarına qədər ustalıqla ifadə edərək mənalandıra bilirdi. Çox köhnə həyat tərzini və adət-ənənələri qoruyaraq yaşadan, müasir dünya haqqında avam təsəvvürlərlə qədim və zəngin folklor fantaziyalarını qəribə bir üzviliklə qovuşduran, şəhər həyatını, ümumiyyətlə, başqa cür yaşamağı yad və əlçatmaz sayan insanların güzəran və düşüncələrini, mənəvi dünyasını ustalıqla əks etdirir, onların mənəvi saflığını, əxlaqi təmizliyini ilk növbədə təbiətə yaxınlıq, kökə bağlılıqla əlaqələndirirdi.
Q.Deledda həyatın, cəmiyyətin sürətlə yeniləşməsi, “kapitalistləşməsi” şəraitində patriarxal kənd mühitinin ənənəvi həyat ukladının qorunub saxlanması mövqeyindən çıxış edərək ənənələrin itirilməsini mənəvi dəyərlərin itirilməsi kimi qiymətləndirir. Bu cür yanaşma onun bu dövrdəki əsərlərinə bədbinlik və çıxılmazlıq ovqatı gətirir. Buna baxmayaraq, Sardiniyanı sonsuz bir məhəbbətlə sevən yazıçı oxucularını da bu sevgiyə şərik olmağa sövq edir. Vətəninin taleyinə bu bağlılıq, dərin və səmimi məhəbbət, mərhəmət, şəfqət hissləri onun yaradıcılığına bənzərsiz bir humanizm ruhu verirdi. Əvvəldə qeyd etdiyimiz kimi, bu amil onun Nobel mükafatına layiq görülməsində həlledici rol oynamışdı.
Q.Deledda çox sadə, təvazökar, şöhrətpərəstlik və təkəbbürdən uzaq, iddiasız bir insan idi. Əsərlərinin çoxu mövzu etibarilə yalnız bir əyalətə həsr olunsa da, düşüncə tərzinə görə onu əyalət sənətkarı kimi səciyyələndirmək, ərazicə məhdudlaşdırmaq haqsızlıq olardı. O, adi adamların mənəvi və psixoloji aləmini bir filosof kimi dərindən olmasa da, bir qadın həssaslığı ilə duyaraq əks etdirirdi. Görkəmli ingilis yazıçısı Devid Lorens onun “Ana” romanına yazdığı ön sözdə haqlı olaraq vurğulayırdı: “Q.Deledda mürəkkəb insan təbiətinin mahiyyətinə böyük yazıçılar qədər dərindən nüfuz etməyə qadir olmasa da, adi, hətta bəsit insanın psixoloji dünyasını və mənəvi yaşantılarını böyük ustalıqla incələməyi bacarır.”
Yazıçının bu fikirləri təsdiqləyən ən məşhur əsərlərindən biri “Boşanmadan sonra” (1903) romanıdır. Bu əsərdə fabulaya şərtilik mövqeyindən yanaşan müəllif boşanmanı qadağan edən katolik qaydaları gələcəkdə aradan götürülərsə, cəmiyyəti və insan talelərini nə kimi fəsadların gözləyə biləcəyini təsvir etməyə çalışır. Ənənəvi dini dünyagörüşü zəminində tərbiyə almış Q.Deledda katolik qaydalarına uyğun olaraq, boşanmaların əleyhinə idi, daha dəqiqi, bunu qeyri-mümkün, qeyri-qanuni hesab edirdi. Əsərin qəhrəmanı səhvən qətldə ittiham edilərək 27 illik həbs cəzası alır, bir müddət sonra səhv üzə çıxır və o, vaxtından əvvəl azad olunaraq evinə qayıdır. Lakin arvadı qohumlarının təzyiqi altında ondan boşanaraq başqasına ərə getmişdir. İndi onu sevən keçmiş arvadı yenidən ərinin yanına qayıtmaq istəyir və onlar xəlvəti görüşürlər. Hər ikisi, xüsusən də qadın kəskin qınaqlara məruz qalır. Beləliklə, çıxılmaz vəziyyət yaranır, cəmiyyət qaydaları ilə insan taleyi arasında barışmaz ziddiyyət meydana çıxır. Bunula da yazıçı diqqəti çoxəsrlik ənənələrə düşünülməmiş müdaxilənin insanların həyatında doğura biləcəyi faciəvi problemlərə cəlb etməyə nail olur.
Müasir ədəbiyyat bilicisinin ölçü meyarları ilə yanaşsaq, Q.Deleddanın bədii təfəkkürü və yazı manerası xeyli məhdud, köhnəlmiş görünə bilər, lakin onun əsərlərində insan münasibətlərinin kövrək bir incəliklə təsvir edilməsi bu gün də oxucu qəlbini riqqətə gətirməyə qadirdir. Onun yaradıcılığı klassik ədəbiyyat şedevrləri ilə müqayisədə, əlbəttə ki, çox sadə, hətta primitiv görünür. Məsələn, özünə ustad bildiyi V.Hüqo, L.Tolstoy kimi nəhənglərlə müqayisə etsək (hərçənd ki, bunlar müqayisəyə gəlməyən ölcülərdir), onun əsərləri psixoloji roman müqabilində teleserial ssenarisini xatırladar. Amma milyonlarla sıravi tamaşaçının göz çəkə bilmədən seyr etdiyi bir serial... Təsəvvür edin, L.Tolstoyun “Anna Karenina”sı əsasında, məsələn, “Anna və Karenin” adlı bir teleserial çəkilə... Süjet zahirən olduğu kimi qalsa da, hadisələrin, xarakterlərin mahiyyətindəki dərinlik, fəlsəfi tutum, şübhəsiz ki, öz miqyasını itirəcək. Amma, bəlkə də, mənəvi və zehni cəhətdən gərginlikdən çıxmaq istəyən, intellektual dinclik axtaran, bəsitliyi qəlizlikdən üstün tutan hansısa incəsənət “istehlakçısı” üçün bu cür yaradıcılıq nümunələri daha məqbuldur. Etiraf edək ki, ədəbiyyat onların da zövqünü oxşamağa (və tərbiyə etməyə) çalışmalıdır.
Q.Deleddanın yaradıcılığı hər hansı ədəbi cərəyanın parametrlərinə tam uyğun gəlməsə də, əsərlərində o dövrün Avropa ədəbiyyatında önəmli rol oynayan naturalizmin təsiri aydın duyulur. Hətta bəzi mütəxəssislər onu naturalizmin İtaliya qanadı hesab edilən verist məktəbinin nümayəndəsi sayırlar. Naturalizmin E.Zolya, G.de Mopassan, T.Drayzer kimi görkəmli simaları lap gənc yaşlarından onun sevimli yazıçıları idi. Naturalistlərin sosial və estetik mövqeyinə görə, insanın xarakteri və cəmiyyət içindəki davranışı ilk növbədə ətraf mühitdən və irsi-genetik faktorlardan, yəni onun öz iradəsinə tabe olmayan amillərdən asılıdır. Onların qəhrəmanları əsasən o vaxta qədər ədəbiyyatın diqqətini cəlb etməyən aşağı təbəqə nümayəndələri içərisindən seçilən talesiz insanlar idi. Q.Deleddanın yaradıcılığının birinci yarısına aid olan əsərlərdə bu cəhət aydın müşahidə olunur, hərçənd ki, onun fərdi üslubu üçün əlamətdar olan lirik poetizm naturalizmdə səciyyəvi sayılmır. Digər tərəfdən, ictimai-siyasi mövqelərinə görə daha çox sosializmə meyil göstərən naturalistlərdən fərqli olaraq, Q.Deledda dünyagörüşünə görə, siyasilikdən tamamilə uzaq idi.
Q.Deleddaya ilk ciddi yaradıcılıq uğuru gətirmiş “Elias Portulu” (1903) romanında yazıçı Sardiniyanın təbiət və məişəti ilə yanaşı, insanların mənəvi dünyasını da bədii inikas hədəfi kimi götürmüşdür. Əsərin qəhrəmanı ehtiraslarını cilovlaya bilməyrək qardaşının arvadı ilə sevişir. Sonra bu cinayətkar məhəbbətinin dözülməz iztirablarından, vicdan əzabından can qurtarmaq, günahını yumaq üçün real həyatdan uzaqlaşaraq rahiblik yolunu seçir, monastıra gedir və günahını ibadət yolu ilə yumağa çalışır. Lakin sonra başa düşür ki, hər nə qədər mömin olsa da, Allaha xidmət yoluna layiq deyil. Yazıçının ilk əsərlərinin bir çox personajları kimi, fərdi ehtirasları ilə dini baxışları arasında normal tənasüb qura bilməyən Elias da məsumluqdan günahkarlığa qədər tənəzzül edən əzablı bir ömür yolu keçir.
XX əsrin ilk onilliyində İtaliyada kifayət qədər populyarlıq qazanmış Q.Deleddanın 1904-cü ildə nəşr olunan “Kül” romanı bu cəhətdən xüsusilə önəmlidir. Əsərin qəhrəmanı nikahdankənar doğulmuş körpəsinin yaşaması naminə öz həyatını qurban verməyə hazır olan tənha, binəsib bir anadır. Xeyirxah insanların qayğısı sayəsində onun oğlu böyüyür, sonra isə universitet təhsili alıb Sardiniyaya – öz doğma kəndinə qayıdır, anasını axtarıb taparaq ona layiq olmadığı “ övladlq borcu”nu qaytarmağa çalışır.
Nasirin həmin dövrdə yazılmlş hekayələri də mövzu və ideyaca bu romanlarla həmahəngdir. Yazıçı doğma yurduna və onun adamlarına, buranın həyat tərzinə və yaşayış normalarına nə qədər böyük sevgi və sayğı ilə yanaşsa da, özü də bimədən, əslində, bu insanların üzləşdəyi problemlərin, onların başına gələn bəlaların məhz bu həyatın özü, bu qapalılıq, çıxılmazlıq, ünsiyyətsizlik şəraiti ilə bağlı olduğunu açıb göstərir və sübut edir ki, əslində, bu insanların həyatındakı, taleyindəki faciəvilik də elə bu mühitin özü ilə bağlıdır. Faciə həm də ondadır ki, bu insanlar həmin mühitdən kənarda yaşaya bilmir, öz həyatlarını onsuz təsəvvür etmir, başqa yerdə zoşbəxtlik tapa bilmirlər. Şəhər həyatı onları təmin etmir, ancaq kənddə də onları məyusluq, qaranlıq və tənhalıq gözləyir. Maraqlıdır ki, bu həyat labirintində yazıçını, o dövrün əksər ədiblərindən fərqli olaraq, ictimai və sosial problemlər yox, ilk növbədə mənəvi-psixoloji yaşantılar maraqlandırır. Onu da qeyd etmək lazımdır ki, müəllif qəhrəmanlarını mənəvi-əxlaqi günahlarına görə bağışlamasa da, onları xüsusi olaraq qınamır, ittiham etmir.
Onun yaradıcılıq üslubunun mayasını təbiətə, yəni təbiiliyə qovuşmaq yolu ilə qazanılan ədəbi və əbədi harmoniyaya çatmaq meyli təşkil edir. Onun dili ifadə vasitələri baxımından cox zəngin və rəngarəngdir. Məzmun cəhətdən o dövrün İtaliya ədəbiyyatı üçün səciyyəvi olan melodramatizm Q.Deleddanın əsərlərində də aparıcı rol oynayır.
1908-ci ildə Q.Deledda iki il əvvəl yazdığı “Məxmər” romanını səhnələşdirib tamaşa üçün hazırlayır və əsər 1909-cu ildə ilk dəfə səhnədə oynanılaraq yazıçının teatr sənəti ilə sonrakı dövrdə məhsuldar olan əlaqəsinin başlanğıcını qoyur. Bu dövrdə realizmə get-gedə daha çox meyil edən yazıçının bu tendensiyanı nümayiş etdirən əsərləri sırasında “Göyərçinlər və qırğılar” (1912), “Qamışlar küləkdə” (1913) və “Oğrunun qayıtması” (1919) romanlarını xüsusi qeyd etmək lazımdır. Ədəbiyyatşünasların ümumi rəyinə görə, Q.Deleddanın realistik nəsrinin zirvəsini 1920-ci ildə yazılmış “Ana” romanı təşkil edir. Əsərdə hadisələr Sardiniyanın ucqar bir kəndində cəmi iki gün ərzində cərəyan edir. Gənc ruhani katolik qanunlarına rəğmən, aşiq olur və onun anası oğlunun çəkdiyi iztirabları görərək özü də oğlundan daha artıq dözülməz əzablara məruz qalır. Romanın süjeti surətlərin təqdimatı nə qədər sadə olsa da, əsər bütövlükdə klassik faciə nümunələrinə yaxın təsir gücünə malikdir.
Bir qəribə cəhəti mütləq qeyd etmək lazımdır ki, Q.Deleddanın yaradıcılığında gənclikdən yetkinliyə doğru ədəbi-bədii, ideya-məzmun, forma-ifadə baxımından hər hansı inkişaf və ya tərəqqi müşahidə olunmur, lakin hər halda bu romandan sonra onun yazı üslubunda ciddi dəyişikliklər görünməyə başlayır. Məhəbbət duyğularının təsiri altında insan mənəviyyatının hər cür naqislikdən təmizlənə bilməsi qənaəti yazıçıya yaradıcılığının birinci dövrü üçün səciyyəvi olan pessimist, daha doğrusu, ümidsiz həyat mövqeyindən xilas olmaq imkanı yaradır. Amma mütəxəssislərin ümumi rəyinə görə, bu mərhələdə yazdığı romanlar əvvəlkilər qədər uğurlu alınmır. Görünür, sonrakı yazı manerası daha yetkin və peşəkar olsa da, gənclikdəki üslub insan və sənətkar kimi onun təbiətinə və dünyaduyumuna daha doğma imiş. Q.Deleddanın yaradıcılığı üçün əsas həyatverici qüvvə olan təsvir və ifadə zərifliyinin azalması ona əvvəlki qədər parlaq uğurlar qazanmağa imkan vermir. “Tənha adamın sirri” (1921), “Dirilərin Tanrısı” (1922), “Misirə qaçış” (1925), “Məhəbbət möhürü” (1926) kimi romanlarında o, əvvəlki mövzu dairəsindən də uzaqlaşaraq müasir həyat problemlərini əks etdirməyə çalışır. Mükafata qədər onun əsərləri bir çox Avropa dillərinə tərcümə olunmuş, vətənindən başqa, xüsusən Fransada geniş populyarlıq qazanmışdı.
Ancaq, təəssüf ki, ən nüfuzlu ədəbiyyat mükafatının bir çox laureatları kimi bu yazıçının da əsərlərindən heç biri dilimizə tərcümə edilməyib və ölkəmizdə nəşr olunmayıb.
Q.Deleddaya Nobel mükafatı verildikdən sonra İsveç Akademiyasının üzvü Henrik Sxuk onun sənətini belə dəyərləndirmişdi: “Deledda təbiəti çağdaş Avropa ədəbiyyatında heç kimin bacarmadığı bir ustalıqla təsvir edir. Onun əsərləri nə qədər qəmli olsa da, bədbin deyil.” Nobel mükafatı münasibətilə o zamankı İtaliya hökumətinin başçısı, faşist diktatoru B.Mussolini onu şəxsən təbrik etmişdi. Xanım yazıçı mükafat xəbərinə əsl qadın ədası ilə reaksiya verərək demişdi: “Biabır oldum, Stokholma geyinməyə təzə bir paltom da yoxdur.” Əslində, bu fikir qəribə görünməməlidir, çünki yazıçı ömründə bircə dəfə, mükafatı almaq üçün İsveçə gedəndə İtaliyadan kənara çıxmışdı.
Yazıçı Nobel mükafatından sonra da məhsuldar yaradıcılıq yolunu davam etdirir. 1930-cu ildə “Şairin evi”, 1933-də “Yay günəşi” adlı hekayə topluları çap olunur. Əvvəlki əsərlərindən fərqli olaraq, bu iki kitaba toplanmış hekayələr pozitiv ruhda idi. Müəllif bu əsərlərdə doğma yurdun insanlarının əsrarəngiz Sardiniya təbiətinin qoynunda cərəyan edən sadə, amma gözəl həyatını səmimi boyalarla təsvir etmişdir. Müasiri olan İtaliya ədəbiyyatçıları və ədəbiyyatşünaslarının Q.Deleddaya münasibətləri bir-birindən kəskin fərqlənir. Bəziləri onu tamam inkar edir, digərləri (xüsusən gənclər) isə az qala canlı klassik kimi qiymətləndirirdilər.
Ömrünün son dövründə - vəfatından bir neçə ay əvvəl nəşr etdirdiyi “Tənha kilsə” (1936) romanında yazıçı tənhalıq, insanlar tərəfindən anlaşılmamaq problemlərini qaldırır, sağlığında çap olunmamuş avtobioqrafik xarakterli “Kozima” romanında isə istedadlı, amma tənha, həyatda və sənətdə öz yerini tapa bilməyən gənc bir qızın taleyini əks etdirir.
İtaliyanların əksəriyyəti kimi dünyabaxışına görə fatalist olan Q.Deledda ədəbi yaradıcılığın insanların həyatında nəyisə dəyişə biləcəyinə, “yaxşılaşdıracağına” əsla inanmırdı. Həqiqətən də, italyanlar zahirən nə qədər həyatsevər, nikbin bir xalq kimi görünsələr də, bu ölkənin bütün klassik ədəbiyyatı və müasir kinematoqrafı sübut edir ki, onlar “dünyanın son ucunun ölümlü olması”nı bir an belə unutmurlar. Təkcə elə İtaliyanın ən böyük şairinin dünya ədəbiyyatının ən faciəvi əsərlərindən birini “İlahi KOMEDİYA” adlandırmasını yada salmaq kifayətdir...
Nobel mükafatının təqdimatından - həyatının ən sevincli günündən bir neşə ay sonra Q.Deledda ömrünün ən acı gününü yaşamalı olur. Həkimlər onun döşündə bədxassəli şiş aşkar edirlər. Bu ağır diaqnozdan sonra da xanım yazıçı amansız xəstəliklə mübarizədə daha doqquz il yaşayır, demək olar ki, son günə qədər yaradıcılığına ara vermir, çoxillik vərdişinə sadiq qalaraq gündə azı dord makina səhifəsi həcmində mətn yazırdı. Q.Deledda, nekroloqlarda yazıldığı kimi, “uzun sürən ağır xəstəlikdən sonra” 1936-cı il noyabrın 16-da 64 yaşında Romada dünyasını dəyişdi. Ancaq onun yaradıcılıq ömrü vəfatı ilə də başa çatmadı. Yazı masasının siyirməsindən çap olunmamış iki əsərinin – “Livan kedri” və yuxarıda xatırlatdığımız “Kozima” romanlarının əlyazmaları tapıldı. Kozima Qratsiyanın uşaqlıqda anasının əzizləyərək çağırdığı ikinci adı idi. Hər iki roman 1939-cu ildə nəşr edildi.
Etnik-tarixi məqamların ifadəsinə görə Q.Deleddanın yaradıcılığı, bəlkə, bu gün də maraq doğura bilər, ancaq əsərlərinin ədəbi-bədii keyfiyyəti və daşıdığı mənəvi dəyərlər baxımından müasirliyini və aktuallığını tamamilə itirmişdir. Elə buna görə də müasir dövrdə Qratsiya Deleddanın yaradıcılığı nəinki dünya, hətta italiyan ədəbiyyatçılarına da yaxşı tanış deyil, adi oxucular isə onu, ümumiyyətlə, tanımırlar.
Q.Deleddanın aforizmlərindən seçmələr
- Ağ çörək yoxsulun da süfrəsində ağ qalar, çeşmədən donuz da içsə, bulanmaz.
- Həyatın xırdalıqları öz daimiliyi və dəyişməzliyi ilə əbədiyyətə xidmət edir.
- Əgər pul bizə həyatdan zövq almaqda kömək etmirsə, o heç nəyə dəyməz.
- Bütün insanların mayası bilmək marağından yoğrulub. Onları oğurlanmış əmlakının taleyi yox, kimin və necə oğurlaması maraqlandırır. Onlar düçar olduqları xəstəliyin əlacını yox, necə yoluxduqlarını bilmək istəyirlər.
- İnsan yalnız bir dəfə və həmişəlik ölür.
- Qoca ovçu son nəfəsində dedi ki, insanlardan qaçmaq lazımdır, çünki onlar şərin özüdür.
- Allah bizi şadlıq üçün yaradıb və həyata sevinə bilmədiyimizə görə cəzamızı alacağıq.
- Hamı bilir ki, bu həyatda ədalət də İudanın qəlbi kimi satılır və alınır.
- Sənətkar kimi doğulan işbaz kimi ölə bilməz.
- Gözəl qadınlar yalnız şəkillərini divardan asmaq üçün yaxşıdır, canlı kişilərə onlar lazım deyil.
- Əsl həyat faciələri mətni və personajları olmayan pyesə bənzəyir.
- Beynimiz bizim istəklərimizlə hesablaşmadan işləyir.