XVI əsrin əvvəllərində yaranan Azərbaycan Səfəvilər dövləti (imperiyası) XVIII əsrin əvvəllərində tədricən süqut edirdi. Mərkəzi hakimiyyətin zəiflədiyini görən Səfəvi sərkərdəsi Nadir xan Əfşar hakimiyyəti ələ keçirib tezliklə şah taxtına əyləşdi. Ancaq xalq arasından çıxmış
bu qüdrətli sərkərdə-hökmdar da XVI əsrdə formalaşmış möhtəşəm Azərbaycan dövlətini bərpa edə bilmədi. Və Nadir şah sui-qəsd nəticəsində öldürüldükdən sonra ölkə kiçik dövlətlərə-xanlıqlara parçalandı.
Həmid Araslı yazır:
«Vaqif yazıb yaratdığı dövrdə Azərbaycanda iqtisadi və siyasi vəziyyət son dərəcə gərgin idi. İki əsrdən artıq Türkiyə və İran işğalçılarının ölkəni istila etmək uğrunda apardıqları qanlı müharibələr Azərbaycanın iqtisadi həyatına olduqca ağır təsir göstərmişdi. Dəfələrlə Türkiyə və İran orduları tərəfindən işğal edilib talan olunan Azərbaycan şəhərlərində iqtisadi həyat pozulmuş, ticarət tənəzzül etmiş, mədəni-maarif müəssisələri dağılmışdı. Ölkənin abad şəhərlərini xarabaya çevirən bu qanlı müharibələrdən sonra yerli xanlıqların hakimiyyət uğrunda mübarizələri onun siyasi qüvvəsini yenidən parçalamışdı… Belə bir şəraitdə Azərbaycan xanlıqlarını birləşdirmək uğrunda gedən mübarizə mütərəqqi bir mübarizə olub, xalq kütlələrinin arzusundan doğsa da, buna şərait yox idi».
Həmid Araslının fikrincə, «bu illərdə Azərbaycanın mütərəqqi dövlət xadimləri Azərbaycan xalqının istək və arzusuna uyğun olaraq, ölkənin əsrlərdən bəri davam edən Türkiyə və İran istilasından xilas edərək istiqlaliyyətini bərpa etmək üçün Rusiyaya meyl göstərmiş və bu meyl,
nəhayət, ölkənin Rusiyaya ilhaq olunması üçün zəmin yaratmışdır.
…Azərbaycan xalqının görkəmli şairi Molla Pənah Vaqif öz siyasi fəaliyyəti ilə Rusiyaya ilhaq tərəfdarı olub, İran işğalına qarşı mübarizədə Zaqafqaziya xalqlarının ittifaqını təşkil etmək uğrunda mübarizə apardığı kimi, ədəbi fəaliyyətində də geniş xalq təbəqələrinin arzu və istəklərini ifadə edən şifahi xalq ədəbiyyatına əsaslanmış, ədəbiyyatımızda realist meyllərin qüvvətlənməsinə mühüm təsiri olmuşdur».
Molla Pənah Vaqifin, ümumiyyətlə Qarabağ xanlığının, eləcə də «Azərbaycanın mütərəqqi dövlət xadimləri»nin nə dərəcədə Rusiya tərəfdarı olmaları, əlbəttə, mübahisəlidir. Və İranla müqayisədə müəyyən mütərəqqi idarəçilik üsullarına malik olmasına baxmayaraq, Rusiya da Zaqafqaziyaya (və Azərbaycana), şübhəsiz, öz imperiya maraqlarına uyğun olaraq, işğalçı kimi
gəlirdi. Ona görə də M.P.Vaqifin Rusiyaya «meyl»i bütün hallarda diplomatic xarakter daşımaqla, həmişə Qarabağ xanlığının (və müəyyən mənada Azərbaycanın) müstəqilliyini qorumağa xidmət etmişdir.
«Vaqif» dramının müəllifi Səməd Vurğun Vaqif dövrünün siyasi mənzərəsini Qarabağ xanı İbrahim xanın dilindən verdiyi aşağıdakı sözlərlə, fikrimizcə, çox dəqiq ifadə edir:
Bir yandan Türkiyə, bir yandan İran,
Ordan da Rusiya göndərir fərman…
Vaqifin unudulmaz obrazını yaratdığı (və tarixi mənbələrə sədaqətlə qələmə aldığı) romanını Yusif Vəzir Çəmənzəminli «Qan içində» adlandırmış, naşirlər isə romana «İki od arasında» adını vermişlər ki, M.P.Vaqifin dövrünü səciyyələndirmək baxımından hər ikisi məqbul və məzmunca tamamilə müvafiqdir.
Görünür, Vaqifin dövrü barədə ən təfsilatlı, eyni zamanda, ümumiləşdirici məlumatı Aqil Abbasın «Batmanqılınc» romanı verir.
Aqil Abbas yazır:
«…İranda sülalələr arasında gedən qanlı savaşlar bu zavallı ölkəni qaynar qazana döndərmişdi. Nadir şahın bayrağı altında cəmlənmiş bütün İran, İraq, Azərbaycan torpaqları başdan-başa döyüş meydanına çevrilərək oda-alova bürünmüşdü. Ucsuz-bucaqsız İran imperiyası parça-parça olaraq iyirmiyə qədər müstəqil xanlıqlara, kiçik feodal dövlətlərə bölünmüşdü. Bu kiçik feodal
dövlətlərsə bir-birinin ətinə yerikləyirdi. Hərbi münaqişələr on minlərlə günahsız insanın həyatı bahasına başa gəlir, şəhərlər dağılır, kəndlər sahibsiz qalır, təsərrüfat məhv olurdu. Əhali rəzil vəziyyətə düşmüşdü. Bu qurtarmaq bilməyən davalar, axıdılan nahaq qanlar, dəhşətli qardaş qırğını insanları insanlıqdan çıxartmışdı. Milli təəssübkeşlik, vətənpərvərlik və ən başlıcası, insanpərvərlik tamamilə yaddan çıxıb unudulmuşdu. Ölkənin kələfi dolaşmışdı.
Hakimiyyət iddiasında olan kəslər bu kələfi açmağa çalışmaqdansa, öz ağılsız cəngavərliklərilə onu daha da dolaşdırırdı».
Aqil Abbas davam edir:
«…Azərbaycan xanları qılıncları birləşdirmək və boş qalmış İran taxt-tacına yiyələnmək, vahid bir dövlət yaratmaq haqqında deyil, bir-birlərinin torpaqlarını ələ keçirmək barədə düşündülər. Biri digərilə birləşib üçüncünü əzməyə, üçüncü də özünə müttəfiq tapıb başqa birisini məhv etməyə can atırdı. Özləri də intizarla gözləyirdilər ki, görən, İranda kim şah olacaq - Qacar, yoxsa Lütvəli xan, ya başqa birisi?! Elə bil bunların alnına yazılmışdı ki, tarix boyu İran şahlarına tabe olsunlar, onun sözüylə oturub-dursunlar. Əslində isə bu xanların hər biri dövlət başında dayanmağa qadiriydi. İbrahim xan da, Fətəli xan da, Ziyad oğlu da! Bu xanların gücü vardı, qüdrəti vardı, amma siyasəti yoxuydu.
Ümumiyyətlə, bu xanlar həmişə siyasətdən uzaq olmuşdular». Fikrimizcə, «Batmanqılınc» romanının əsas qəhrəmanı ayrı-ayrı tarixi şəxsiyyətlərdən, hətta Məmməd bəy Cavanşirdən daha çox, onların mövcud olduğu dövr, bu dövrün ziddiyyətləri, problemləri və xalqın müstəqilliyi uğrunda çıxış yolu axtarışlarıdır:
«…Qarabağ xanlığının binəsi qoyulandan tam müstəqil olmuşdu. İran şahlarından asılılıq isə təkcə ad asılılığıydı. İndi Xan qarabağlıların qanı bahasına başa gəlmiş müstəqilliyini belə asanlıqla əldən vermək istəmirdi.
Amma Rus imperiyası ilə münaqişəyə girməyə də ehtiyat edirdi. Qarabağ xanlığı o boyda imperiyanın önündə çox kiçik idi.
Qarabağı Rusiya ilə birləşməyə qoymayan daha başqa bir səbəb isə, xanlıqdakı ikitirəlik, daha doğrusu, üçtirəlik idi. Bu tirələrdən biri hər vəchlə xanlığın Rusiya ilə ittifaqına maneçilik törədir və üstünlüyü İran dövlətinə verirdi. Bunlar, demək olar ki, əksəriyyəti təşkil edirdi.
Bir qrup əyan isə, başda Vaqif və Əbülfət ağa olmaqla, Rusiya tərəfdarıydı. Bunların sayı az olsa da, nüfuzları böyük idi. Üçüncü tirə isə, Məmməd bəyin tərəfdarlarıydı ki, onların da əqidəsi - nə
Rusiya, nə də İran - tam müstəqillik və Azərbaycan».
Fikrimizcə, Qarabağ xanlığının Rusiya himayəsinə münasibətini aydınlaşdırmaq baxımından «Batmanqılınc» müəllifinin aşağıdakı mülahizəsi də maraq doğurmaya bilməz: «Xanın ümid bağladığı böyük sərdar Zubov isə, Yekaterinanın ölümünü bəhanə edərək, yanında saxladığı Qarabağ xanlığının nümayəndələrini və İbrahim xanın oğlu Əbülfət ağanı qiymətli hədiyyələrlə geri qaytarmış və gözəl-gözəl vədlərlə qoşunu götürüb Azərbaycanı tərk eləmişdi. Amma açıq-aşkar görünürdü ki, Zubov Qacarın qızılbaşları ilə üz-üzə gəlmək istəmir, daha doğrusu, qorxur. Elə olmasaydı, Qacarın Araza yaxınlaşmaq xəbərini eşidən kimi çarın öldüyünü bəhanə edib Rusiyaya dönməzdi. Zubovun Qacardan ehtiyat elədiyini görən İbrahim xan anlayırdı ki, Qarabağın başının üstünü qara buludlar alıb».
Vaqifin dövrü zahirən regionda cərəyan edən mürəkkəb siyasi-sosial proseslər baxımından belə idi, lakin XVI əsrdən başlayan güclü daxili etnik - mədəni oyanma (passionarlıq) milli ruhu indiyə qədər görünməmiş bir şəkildə canlandırır, etnosun milli özünütəsdiq miqyasını tədricən genişləndirir və bütün kulturoloji enerjisilə Azərbaycan millətini formalaşdırırdı.
* * *
Molla Pənah Vaqifin dünyaya gəldiyi ailə mühiti, uşaqlığı və gəncliyi barədə məlumat o qədər də geniş deyil.
«Salahlı evi» kitabının müəllifi publisist-tarixçi İsmayıl Umudlu yazır: «Atadan erkən yaşında yetim qalıb anası Ağqızın himayəsində böyüdüyündən o özü və qardaşı Piri el arasında «Ağqızoğlu» kimi də tanınmışlar.
…Dövrünün tanınmış müdərrislərindən, Qazax sancağının Cuvar nahiyəsinə aid Qaralar (Poylu) kənd sakini Molla Məhəmməd Şəfi əfəndinin tələbəsi olmuş, ənənəvi Şərq elmlərini, əsasən, bu müdrik insandan öyrənmişdir. Bir müddət Salahlıda məscid yanında məktəbdarlıq etmiş, bu səbəbdən adına «Molla Pənah» deyilmişdir».
Qazax mahalındakı Salahlı kəndlərinin hamısının bir kökdən törədiyi, bu mahala orta əsrlərin sonlarında Anadolunun şərqindən köçüb gəldikləri güman olunur. Ümumən Qazağın və həmhüdud regionların etnik tarixi qədim dövrlərdən - ən geci hun türklərinin Qafqazın cənubunda məskunlaşmalarından başlayır. Və məlum olduğu kimi, həm təbii-etnoqrafik, həm də ictimaisiyasi səbəblər ucbatından çoxsaylı köçmələr-gəlmələrlə müşayiət edilir.
Müxtəlif xalqların nümayəndələrinə də təsadüf olunmasına baxmayaraq, Qazax mahalının əhalisinin mütləq əksəriyyətini həmişə türk mənşəli etnoslar, tayfalar təşkil etmişlər ki, bu da, ilk növbədə, regionun tarixi etnotoponimiyasından, dialekt-şivə mənzərəsindən, bugünə qədər qorunub saxlanılan folklorundan, adət-ənənələrindən aydın görünür.
Salman Mümtaz yazır:
«Vaqifin məsqətürrəsi, yəni anadan olan yeri haqqında da ixtilaf vardır. Bəziləri Balakən, Həsənsu, Qarabağ, Qazax və kəndlərini Vaqifin anadan olan yeri hesab edirlər. Amma ehtiyatkar mühərrirlər isə bu nöqtəni üstüörtülü buraxaraq, «Qazax elindəndir» deyirlər. Bu ehtiyatkarların birincisi Mirzə Yusif Nersesovdur. Bizcə, Vaqifin dünyaya gəldiyi yer bu göstərilən yerlərin heç birisi deyildir. Onun doğma yurdu Qazax şəhərinin yanındakı Salahlı kəndidir (bu məqamda Salman Mümtaz çıxarış verərək əlavə edir ki, «Qazax qəzasında Salahlı adında üç kənd vardır: Yuxarı, Orta və Aşağı. Vaqifin anadan olan yeri, məsqətürrəsi hansı olduğu anlaşılmalıdır» - N.C.). Çünki bunu Vaqif özü aydın və aşkar bir surətdə meydana qoymaqdadır. Aşağıya köçürdüyüm iki beyt buna böyük, həm də çox mötəbər bir sənəddir:
Vətən xoşdur deyə, Vaqif, bizi çəkdin Səlahlıya,
Səlah bilməm nədir, yanında yari-canfəza yoxdur.
Şəkər ləblər olurlarmış əzəldən Sarıqamışda,
Gəlib şimdi sorağın sordum, onlardan səda yoxdur.
Yusif Vəzir Çəmənzəminli «İki od arasında» romanında yazır:
«Vaqif Qazağın Saatlı elindən idi. On səkkizinci əsrin əvvəllərində Qıraq Salahlı kəndində anadan olmuşdu. Atası qazaxlılar kimi əkin və heyvandarlıqla məşğul idi, lakin uzun illərdən bəri davam edən Osmanlı - İran müharibələri bu elin asayişini pozur, bütün əli silah tutanları sürükləyib götürürdü. Əvvəl Qazax Şəmsəddinlə bərabər Gəncə xanlığına daxil idi, sonra Gəncədə hökmdarlıq edən Ziyad uşaqları Nadirin iş başına gəlməsinə meyl göstərmədikləri üçün
Nadir Qazağı Gəncədən ayırıb Gürcüstan valiliyinə ilhaq etdi. Nadir şahın bütün səfərlərində Gürcüstan valisi İrakli ilə bərabər qazaxlılar da iştirak etmiş və böyük igidlik göstərmişdilər. Lakin bu igidlik ağır qiymətə başa gəlirdi; xalq qırılır, ana yurdu viran qalırdı».
Həmid Araslı yazır:
«Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur. Şairin əsl adı Pənah, atasının adı isə Mehdi ağadır. Lakin sonralar Vaqif məktəbdar olduğu üçün Molla Pənah adı ilə xalq arasında tanınır».
Salman Mümtaz Vaqifin «Ağqız oğluyam, əhli-dərdəm mən» misrasına əsaslanaraq şairin anasının adının «Ağqız» olduğunu göstərir. Və yazır: «Molla Pənah Vaqifin əvail halından tamamilə bixəbərəm. Kimdən və harada təhsil etdiyini də dürüst bilmirəm. O qaranlıq nöqtələri bu gün əlimizdə təsvir edəcək, aydınladacaq heç bir vəsiqə yoxdur. Bu barədə «Riyazül-aşiqin»
sahibi ilə «Təzkireyi-Nəvvab» müəllifləri də sükut ilə keçmişlər».
Həmid Araslı isə Vaqifin təhsili məsələsinə müəyyən aydınlıq gətirir: «O, dövrünün alimlərindən olan Şəfi Əfəndinin yanında oxumuş, mükəmməl mədrəsə təhsili almışdır. Eyni zamanda xalq məişətinə, adət və ənənələrə gözəl bələd olmuş, xüsusən aşıqlarını dastanlarını və qoşmalarını sevə-sevə dinləmiş, saz çalmaq öyrənmiş və ilk əvvəl aşıqlar kimi şeirlər söyləməyə çalışmışdır».
Göründüyü kimi, Vaqifin sözün geniş mənasında yaradıcı şəxsiyyətinin formalaşmasına ən azı üç mühüm amil təsir göstərmişdir:
1) dünyaya gəldiyi mahalın zəngin (və milli) mənəvi, mədəni aləmi, etnoqrafik mükəmməlliyi;
2) gələcəyin böyük şair-mütəfəkkirinin, dövlət xadiminin yaxşı təhsil alması, dövrün elmlərini dərindən öyrənməsi;
3) Vaqifin təbii istedadı, ünsiyyətcilliyi, müstəqil (və mükəmməl) dünyagörüşü.
Vaqifin doğulub boya-başa çatdığı Qazax mahalına dərin məhəbbəti heç zaman azalmamış, əksinə, vətəndən ayrı düşəndən sonra daha da güclənmişdir ki, məşhur qəzəlinin aşağıdakı beyti bunu bir daha sübut edir:
Çıxıb başmaq seyrinə, edib seyri-çəmən gəldim,
Ayaq üstən Qazağa bir gedib gördüm vətən, gəldim.
Və maraqlıdır ki, mənbələr - «Qarabağnamə»lər, təzkirələr və s. Qarabağ xanının məşhur vəziri haqqında bəhs edərkən, onun «qazaxlı» olduğunu tez-tez yada salır, təkrar-təkrar qeyd edirlər.
Vaqif kifayət qədər yetkin yaşlarında «vətən» deyə tərənnüm etdiyi Qazaxdan ailəsi, eləcə də həmyerliləri ilə birlikdə Qarabağa köçməli olur.
Mənbələr XVIII əsrin ortalarını əhatə edən bu köçmələrin səbəbi olaraq həmin illərdə Qazax mahalında hərbi-siyasi iğtişaşların güclənməsi, hərc-mərcliyin artmasını göstərir.
«Təbiidir ki, xalq bu həyatdan təngə gəlmiş, çıxacaq yolu arayırdı. Qarabağ xanlığının təşkili və Şişənin 1754-də təsisi qazaxlılara bir ümid verdi. Böyük yollardan kənar dağ başında salınmış bir qala sayəsində sülhlə keçinmək istəyirdilər. Qazaxlıların Qarabağa köçməsi bu səbəblərdən irəli gəlirdi. Vaqif də Saatlı elinə mənsub olan on yeddi ailə ilə bərabər Şişəyə köçüb şəhərin Saatlı məhəlləsində yerləşmişdi».
Lakin Vaqif Qazaxdan birbaşa Qarabağ xanlığının mərkəzinə - Şuşa şəhərinə köçməmişdi.
Həmid Araslı XIX əsr təzkirəçilərindən olan Qaradağidən belə bir sitat gətirir:
Vaqif «…Qazax elləri ilə bir yerdə qırx iki sinnində var ikən köçüb Qarabağ vilayətinə gəldi. Qarabağ vilayətinin xan və hakimi İbrahim xan bunlara Vərənduz mahalında Köndələnçay və Quruçay üstündə sükna və ziraət yeri verib. O yerlərdə onların qışlaq və qəbristan yerləri baqidir».
Salman Mümtaz yazır:
«Vaqif Salahlı kəndindən köçərkən ilk əvvəl… Qarabağın indi də məruf kəndlərindən sayılan Veysəlli kəndinə gəlmiş və orada Salahlıdakı peşəsi olan məktəbdarlığına davam etmişdir.
…Bir an əvvəl məqsədinə nail olmaq üçün Veysəlli kəndindən köçərək Qarabağa (əslində, Qarabağ xanlığının mərkəzi Şuşaya - N.C.) gəlir və şəhərin Saatlı məhəlləsində bir məktəb açaraq məktəbdarlığa başlayır. Əvvəldən xəyalında tutduğu kimi, İbrahim xan Cavanşirə müqərrəb olmaq istəyir. Tam bu çağlardadır ki, Vaqif fəxriyyəmanənd bir qəzəl inşad edərək bir beytində də «ali-Cavanşir»i istəməyə-istəməyə boğazdan yuxarı bir qədər mədh edir:
Qarabağ içrə bir şair kəlimüllah Musadır,
Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır.
Qələm qədrin əsayi-əjdəhapeykərcə bilməkdə
Bəni-İsrailə ali-Cavanşir yəni həmtadır.
Dili-rövşən gərək nadan içində sərf edən ömrün,
Çırağın səltənətgahi səvadi-şami-yeldadır.
Ümidim vardır kim, bu qara gün getməyə başa,
Dönər bir özgə rəng ilə, bu axır çərxi-xəzradır.
Məkan tutdisə Vaqif, yox əcəb, bu Şişə daşında,
Məkani-ləli-gülrəngin miyani-səngi-xaradır.
Doğrudan da, Vaqifin qəzəli çox da təsirsiz qalmayır. Az keçmədən Vaqif İbrahim xan Cavanşirin eşik ağası və daha sonra nədimi-hüzur və müşaviriməxsus olur».
Əlbəttə, ümumən doğru olan bu mülahizələrdən biri mübahisə doğurmaya bilməz ki, bu da Vaqifin «ali-Cavanşir»i istəməyə-istəməyə boğazdan yuxarı» tərifləməsi məsələsidir. Hər şeydən əvvəl ona görə ki, Vaqif «ali-Cavanşir» sarayına getməyi ürəkdən istəyirdi, qələminin qədrinin də orada bilinəcəyinə əmin idi. Və, heç şübhəsiz, onu da anlayırdı ki, saray həyatı adi həyat deyil…
Odur ki, şairi qeyri-səmimilikdə qınamaq düzgün olmazdı…
«Vaqif Şişəyə gələndə 29-30 yaşlarında idi… Gələr-gəlməz Saatlı məhəlləsində bir məktəb açıb dərs verməklə həyatını keçirməyə başlamışdı. Dərs mənən Vaqifi təmin etmirdi. Bu sənət ona azlıq edirdi. Onda qüvvətli bir inam vardı, həm də inad idi: onun iti gözləri mühitinin hər üzünü görür, əyər-əksiklərini seçirdi. O, bu mühitə nüfuz etmək, onu öz rəyinə tabe etmək istəyirdi».
Yusif Vəzir Vaqifin saraya yol tapması ilə bağlı xalq arasında söylənən bir sıra «səbəb» və ya «vasitə»lər barəsində də bəhs edir ki, bunlardan birincisi mollanın (gələcək vəzirin) ona müraciət edən avam bir çobanın itinə «dua» yazması, ikincisi isə molla-şairə İbrahim xanın qızı Sənəm xanımın sovqat göndərməsidir. Əlbəttə, bu əhvalatlar həqiqətdən daha çox, sevimli şairini (və övladını) sarayda görmək istəyən xalqın arzu-istəklərini əks etdirir.
Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri, tamamilə təbii olaraq, Vaqifi ən müxtəlif səbəblərdən özünə cəlb edirdi…
Həmid Araslı yazır:
«…Şuşa şəhərinə köçərək, orada məktəb açıb köhnə peşəsini (məktəbdarlığını - N.C.) davam etdirir. Lakin bu zaman Vaqifin şairlik şöhrəti hər tərəfə yayılmış idi… Şairin şöhrətini eşidən Qarabağ hökmdarı İbrahim xan onu saraya dəvət edib, eşik ağası, yəni daxili işlər üzrə vəzir təyin edir. Lakin Vaqif az bir müddət ərzində öz ağıl və istedadı ilə böyük nüfuz qazanır, xanlığın bütün daxili və xarici işlərini öz əlinə alır… Tarixi məxəzlərdən Vaqifin Qarabağ xanlığının möhkəmlənməsi uğrunda çalışan bacarıqlı bir dövlət xadimi olması anlaşılır».
Qeyd edək ki, Həmid Araslı əvvəlki əsərlərində M.P.Vaqifin «eşik ağası» vəzifəsini «daxili» yox, «xarici işlər vəziri» kimi təqdim etmişdi ki, bu, əlbəttə, doğru deyildi. Ümumiyyətlə, «eşik ağası» mənsəbi sarayın, indiki təbirlə desək, «inzibatçı»sı və ya «administrator»u idi.
Molla Pənah Vaqifin Qarabağ xanlığının bütün tarixi boyu ən məşhur vəzir olduğunu mövcud mənbələrin, demək olar ki, hamısı təsdiqləyir.
Mir Mehdi Xəzani «Kitabi-tarixi-Qarabağ»da yazır: «O cümlədən Molla Pənah Vaqifin ölmək hekayətidir. Belə ki, məşhur Axund Molla Pənah bir sahibi-kəmal və müddəbir və təcrübəli və şair və xoşməqal adam idi. Əsli Qazax camaatından idi, amma gəlib Qarabağda İbrahim xanın hüzurunda izzət və şöhrət və xüsusiyyət hasil etmişdi ki, xanın ondan kənar məsləhəti olmazdı. Onun vəziri və mötəmidi idi. Və hər ümuri-hökumət və qeyridə Axund Molla Pənahın tədbiri və müşavirəsi ilə rəftar edərdi. Hər necə düşmüşdüsə, ona yaxşı inanıb etimadi-külli etmişdi ki, hamı övlad və əqrabalarından artıq onun xatirin və hökmətin mənzur edirdi. Və külli-ixtiyarın ona vermişdi».
XIX əsr təzkirəçisi Qarabaği isə göstərir ki, «yazılanlara görə, Vaqifin bir para elmlərdə səriştəsi varmış. Ələlxüsus nücum və elmi-mühəndislikdə.
İbrahim xanın hərəmxanasını və onun özünün və övladının hər cür təmiratını və şəhərin ətrafına çəkilmiş hasar və barının ümdə naziri və mübaşiri mərhum Molla Pənah imiş».
Salman Mümtaz yazır:
«Vaqif öz istedad və doğruluğu sayəsində o qədər izzətü etibar qazanır ki, xan hər bir işini Vaqifin məsləhət və səvabədidi ilə gördüyü kimi, səfərə çıxdıqda da Vaqifi öz yanınca götürərdi. Mirzə Yusif Qarabağinin yazmağına görə, İbrahim xan səfərlərinin birində, bəzi mülahizələrə görə, böyük bir qüvvə ilə Kür qırağında dayanmış imiş. Qoşun böyükləri bu tuli-mukənnətdən təngə gələrək Molla Pənah Vaqifdən rica edirlər ki, Qarabağa dönmək üçün bir əlac taparaq və hər nə tövr olur-olsun, İbrahim xana icrayi-nüfuz etsin. Vaqif isə aşağıdakı mürəbbei yazaraq xanəndələrə verir ki, məqamında İbrahim xanın hüzurunda təğənni etsinlər:
Siyah tel görmədim Kür qırağında,
Məğər heç yaşılbaş olmaz bu yerdə?
Tərlan könlüm yenə uça dağlara
Havalanıb hərgiz qonmaz bu yerdə…
…Nədənsə xanəndələr bu mürəbbei xanın məclisində oxurkən, istənilən nəticə hasil olmur. Bunu eşidən Vaqif həman dəm bədahətən bu rəqsan və olduqca dilbər mənzuməni inşad edərək xanəndələrə verdirir ki, təkrar oxusunlar:
Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdəm tamaşası, hayıf ki, yoxdur!
Qış günü qışladı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur!
…Vaqif haqdan dilər lütfü kərəmlər,
Belə yerdə duran, vallah, vərəmlər.
Yenə yada düşdü bizim sənəmlər,
Getməyin binası, hayıf ki, yoxdur!
Bu mənzumə oxunarkən, İbrahim xan Cavanşirə elə təsir edir ki, qoşuna filfövr köçmək əmrini verərək, özü də ordu ilə bərabər Qarabağa əzimət edir».
Həmid Araslı yazır:
«Məlumdur ki, Vaqif dövründə Azərbaycan bir sıra xanlıqlara ayrılırdı. Vaqif bacarıqlı bir dövlət xadimi kimi bu parçalanmanın ölkənin mədəni-iqtisadi inkişafına ciddi maneə olduğunu anlayır və var qüvvəsi ilə xanlıqları birləşdirməyə can atırdı. Lakin bu mümkün olmadığı şəraitdə ölkənin təhlükəsizliyini təmin etmək üçün şair Rusiya ilə olan əlaqələri daha da möhkəmlətməyə başlayır. Bu zaman İrandan Ağa Məhəmməd şah Qacar tərəfindən gözlənilən təhlükəni hiss edən Vaqif ölkəni müdafiəyə hazırlaşır, bu məqsədlə qonşu dövlətlərlə ittifaq bağlayır, Rusiya ilə siyasi əlaqələri möhkəmləndirirdi.
Məhz Vaqifin belə bir siyasi fəaliyyəti nəticəsi olaraq Qarabağ xanlığı Şuşa qalasını Qacarın hücumundan müdafiə edib qoruya bilir».
Mirzə Adıgözəl bəyin «Qarabağnamə»sinə (Bakı, 1960) «Müqəddimə»sində XVIII əsr Azərbaycan tarixinin görkəmli tədqiqatçısı V.N.Leviatov yazır:
«Mirzə Adıgözəl bəy Şuşanın müdafiəyə hazırlığını, onu mühasirə etmiş Ağa Məhəmməd şahın qoşunlarından özünü qəhrəmancasına müdafiə etməsini təsvir edir. Bu hadisələrdən danışdıqda Mirzə Adıgözəl bəy XVIII əsrin ən böyük şairi olan Molla Pənah Vaqifin adını çəkir.
1796-cı il yürüşündə rus ordusunun baş komandanı qraf V.A.Zubovun qoşunları Kür və Araz çayları yanındakı kənddə qış düşərgəsində olduğu zaman İbrahim xanın oğlu Əbülfət ağanın vasitəsilə Vaqifə qiymətli daşlarla bəzədilmiş bir əlağacı göndərməsi kimi çox mühüm bir fakta yalnız «Qarabağnamə»də rast gəlirik. Adətən belə hallarda olduğu kimi, bu hədiyyə, görünür, Şuşanın İran qoşunlarından müdafiəsini təşkil etməkdə fəal iştirak etmək və Rusiyaya meyil göstərmək üçün bir iltifat əlaməti olaraq, imperatriçanın adından göndərilmişdi».
Əlbəttə, Vaqifin tam bir Rusiya tərəfdarı olması barədə söhbət belə gedə bilməz. Hər şeydən əvvəl ona görə ki, həm Rusiyanın Qarabağ xanlığına, həm də Qarabağ xanlığının Rusiyaya bu jestlərinin arxasında məlum siyasi məqsədlər dayanırdı ki, Qarabağ xanlığının vəziri bunu bütün dərinliyi ilə dərk etməyə bilməzdi.
Mir Mehdi Xəzani yazır:
«…Gürcüstan valisi İrakli xanın ərizəsinə və həsbüt-təmənnasına görə imperaturiyyə üzma Yekaterina əmr eyləyib sərdari-əzəm anşef qraf Zubov zəfərli əsgərləri ilə əzm eyləyib və gəlib səmti-Dərbəndə və qəleyi-Dərbəndi müsəxxər qılıb ölkayi-Salyana və həvaliyi-şəhri-Şamaxıya varid olub, orada ordu eyləmişdilər. İbrahim xan eşidən kimi, öz oğlu Əbülfət xanı Qarabağ bəyzadələrindən neçə nəfəri ilə yaxşı sovqat və töhfə və hədiyyələrlə göndərib öz səmimi-qəlbi və rzayi-xatiri və xahişilə Rusiya dövlətinə dil verib, izhari-itaət eylədi və həm bir ərizeyi-ixlas və iradəti-farizeyi-imperaturiyyə üzma Yekaterina hüzuruna yazıb mərsul etdi. Çün onlar oraya yetişdilər, sərdari-əzəm dəxi o ki var, lazimeyi-hörmət və təzim idi, Əbülfət xanın və Qarabağ bəyzadələrinin haqqında əmələ gətirib və İbrahim xanın ərizəsini dəxi mötəmid mərsuləsi ilə öz
eşikağasına qoşub, Dərbənd və Kızlar yolundan imperaturiyyə hüzuruna göndərib və İbrahim xana dəxi yaxşı, qiymətli hədiyyə və töhfələr (verib), bir nəfər knyazın mürafiqətilə mərsul edib qayət məhəbbət və nəvazişlər ilə imperaturiyyə üzmanın əbədi olan mərhəmət və inayətlərinə ümidvar eyləmişdi və bir yaxşı əsayi-mürəssə becəvahir dəxi Molla Pənah Vaqif təxəllüsə göndərmişdi». Vaqifin diplomatik fəaliyyətində Tiflis səfəri müəyyən yer tutur.
Salman Mümtaz yazır:
«Vaqif, ehtimal ki, iki hökumət arasında həll olunması lazım gələn işlərin həlli və tövsiyyəsi üçün İbrahim xan Cavanşir hökuməti adından o zamanlar Gürcüstan valisi olan II İraklinin yanına göndərilmişdir. Vali ilə Vaqifin o gün görüşmələrini təsvir edəcək lövhə və vəsiqələrin bu gün əldə olmaması bizə o rəsmi ziyarət və görüşün rəsmi qəbul və tərzi-üsulunu öyrənməyə və öyrətməyə mane olur. Vali özü şəxsən Vaqifin bazdidinə gəlmirsə də, amma öz oğlu Ellon xanı öz əvəzindən Vaqifin ziyarətinə göndərir. Məhz bu müxəmməs Vaqif tərəfindən o görüş münasibəti ilə Tiflis şəhərində söylənilən tarixi bir şeirdir:
Valinin çeşmi-çırağı, vəh, nə türfə can imiş,
Külli-Gürcüstanın üzrə sayei-sübhan imiş,
Düşməni pamal edən sərdari-valaşan imiş,
Aləmin sərdəftəriymiş, adı Elyon xan imiş,
Saxlasın Allah pənahında, əcəb oğlan imiş.
Heç yoxdur nisbəti, özgə diyarın xanına,
Bir cavandır kim, yaraşır padşahlıq şanına,
Dəyməsin afət yeli, yarəb, güli-xəndanına,
Sərbəsər aləm gərəkdir baş əyə fərmanına,
Təqi-əbruyi-təlifi qiblei-iman imiş.
Xoş tamaşa eylədim, gördüm tamam ətvarını,
Çox bəyəndim özünü, həm ləhcei-göftarını,
Maşaallah, zahir etmiş ululuq asarını,
Belə sandım kim, mələkdir əvvəla didarını,
Xeyli çağdan sonra bildim kim, gözəl insan imiş.
Sayır oğlundan xanın gər olmadıq biz ruşinas,
Manei yox, anları həm eylədik bundan qiyas,
Bu çırağ elə çırağdır, eyləmiş nur iqtibas,
Vaqifa, sən qıl xudayə hər zaman şükrü sipas,
Valinin ocağı böylə gün kimi taban imiş.
Qarabağın şairanə və fərəhəfza mənzərələrindən ayrıca bir ləzzət alan Vaqif pərilər məkanı olan Gürcüstandan da xüsusi bir zövq almışdır. Azərbaycan gözəllərini gerçək və təbii cümlələrlə oxşayan bu şirin dilli şairimiz Gürcüstan pərilərini də gözəl-gözəl öymüş və özünəməxsus bir məharətlə də Tiflis şəhərini, sularını, hamamlarını olduğu kimi mübaligəsiz nəzmə çəkmişdir». M.P.Vaqifin Tiflisdə Gürcüstan valisi İrakli, eləcə də Rusiya heyəti ilə görüşlərinə dair sənədlər əldə olmasa da, Y.V.Çəmənzəminli həmin görüşləri öz romanında «rekonstruksiya» etməyə çalışmışdır:
«Vaqif göstərilən yerdə oturub, mərasimi böyük maraqla seyr edirdi. Rus zabitlərindən biri irəli yeriyib, İrakli xanı Rusiya himayəsinə girməsi münasibətilə təbrik etdi və sonra Peterburqdan göndərilmiş hədiyyələri bir-bir kiçik zabitlərdən alıb, İrakliyə verdi. Nəhayət, gümüş və qızılla işlənmiş cildə qoyulmuş fərmanı təqdim etdi.
İrakli xan hədiyyələri ayaq üstə qəbul edir və ətrafdakılara verirdi, yalnız tac və toppuzu öz yanında məxmər yastıqlar üstündə saxlatdı. Çariçanın fərmanı təqdim edilən kimi, dışarıdan 101 top atəşi eşidildi. Bu bitdikdən sonra İrakli xan yeddi oğlunu və iki oğlan nəvəsini taxtın pillələrində qoyub, özü taxta çıxdı və oradan hədiyyələri təqdim etmiş rus zabitinə təşəkkür etdi. Bununla mərasim bitdi, Rusiya nümayəndələri bir-bir irəli gəlib, İrakli xanın əlini sıxır və təbrik edirdi. Gürcü tavatları və məmurlar hökmdarın əlini öpürdü, bəzisi həyəcanından ağlayırdı. Sıra Vaqifə gəldi, vüqarla irəliləyib, İrakli xanla əl-ələ tutuşdu və bir az əyilərək:
- Əcdadınızın taxtında payi-qədim olasınız! - dedi. - Qarabağ hökmdarı fəxrimiz İbrahim Xəlil xan ali-həzrətlə iyirmi ildən bəri dost və ittifaq minvalilə keçinmişlər. İnşallah, irəlidə də sədaqət və vəfadarlığımızda paydar olarıq.
İrakli qaşlarının altından Vaqifi süzərək türkcə dedi:
- Şəkk eləmirəm! Dostum İbrahim Xəlil xana məndən çox-çox salam yetirin. Vaqif danışarkən onun nitqini tərcüman taxtın yanında durmuş polkovnik Burnaşova tərcümə edir, o da Vaqifi diqqətlə süzərək başını tərpədirdi».
Yusif Vəzir daha sonra yazır:
«Burnaşov ona yaxınlaşan Vaqifə nəzakətlə əl verib, masasının qabağındakı yumşaq sandalyada ona və katibinə yer göstərdi. Oturdular. Tərcüman da gəlib oturdu. Nəzakət qəbilindən olaraq bir sıra rəsmi sözlərdən sonra Burnaşov Yekaterinanın ədalət və mərhəmətindən, Tiflisə qoşun göndərməkdə heç bir istila fikrində olmadığından, yalnız əhalinin asayiş və bəxtiyarlığını güdməsindən bəhs edib, əsl məsələyə keçdi:
- Biz möhtərəm hökmdarımız İbrahim Xəlil xanla da dost olmaq niyyətindəyik. Mərhəmətli çariça sizə də himayəedici əlini uzatmaq istəyir. Xan yalnız bizim himayəmizdə öz taxtında baqi qala bilər.
Vaqif bu sözləri dinləyir və şərqlilərə məxsus şübhə ilə Burnaşovun incə dodaqlarına və ağ dişlərinə tamaşa edirdi. Burnaşov sözlərini bitirər-bitirməz Vaqif başladı. Qarabağ xanının Çingiz nəslinə və Ərğun sülaləsinə mənsubiyyətini, Şişə kimi Şərqin açarı sayılan möhkəm bir qalaya malik olduğunu, qüvvət və qüdrətini, Təbrizə qədər hökmü yeridiyini birər-birər söyləyib:
- Əlahəzrət çariça ilə də, - dedi, - dost keçinməyə müştaq və amadəyik. Lakin…
Burada Vaqif bir az dayanıb, ciddi bir baxışla Burnaşovu süzdü və sonra İraklinin bağladığı müahidəyə işarə edərək, eyni şəraiti İbrahim Xəlil xanın da məqbul tutacağını sezdirdi.
Burnaşov gülümsədi. Bu gülümsəmədə çar nümayəndəsinin bu şəraitə razı olmadığı aşkar göründü. Vaqif məsələni anladı, lakin özünü ona qoymadı: İran hadisələrinə keçdi. İbrahim xanın İran taxtını əlinə alması kimi edilən təklifləri söylədi.
Burnaşovun siması yavaş-yavaş sərtləşib, təkrar açıldı:
- Siz, - dedi, - əlahəzrət çariçanın alicənablığına, mərhəmətinə inanmalısınız. Sizin üçün bu mərhəmət böyük bir nemət ola bilər.
Vaqifin də üzü bir az sərtləşdi:
- Mərhəmət böyük nemətdir, - dedi, - doğru buyurursunuz, lakin məmləkətlər arasındakı rəftar və əlaqənin də qaydaları var.
Burnaşov yenə etimad və mərhəmət məsələsini meydana atdı, çariçanın Krım xanına qarşı göstərdiyi «ədaləti» dəlil gətirdisə də, Vaqifi qane edə bilmədi. Vaqif İrakli ilə bağlanan müahidəni nəzərdə tutaraq işarələr elədi, bu fikirlərin öz şəxsi fikirləri olub, İbrahim Xəlil xanın hələ guya nə rəydə olduğunu bilmədiyini irəli sürərək, Burnaşovun ağzını aradı. Axırda Burnaşovun xaçpərəst Gürcüstanına və müsəlman Qarabağına başqa bir nəzərlə baxdığını duyub dilxor oldu. İndi Vaqif bir daha eyni söhbətə qayıtmaq istəmir, Burnaşovun çariçanın mərhəmətinə həsr olunmuş söhbətini daxili bir kinlə dinləyib susurdu. Nəhayət, Vaqif, Burnaşovun inadına cavab olaraq, tamamilə məsələyə dəxli olmayan söhbətlərə keçib çar nümayəndəsini dilxor etdi».
Əlbəttə, bu bədii rekonstruksiya həqiqətin (tarixin) özü deyil, ancaq güman etmək olar ki, ona çox yaxındır.
Salman Mümtaz yazır:
«Vidadi haqqında bu günə kimi xeyli uydurma yazılmışdır. Bu uydurmaçıların birincisi Vaqifin və oğlunun qatili Məhəmməd bəyin nəvəsi Əhməd bəy Cavanşirdir. Əhməd bəydən nəqlən Köçərli yazır: «Özgə bir qövlə görə, əzoncümlə mərhum Əhməd bəy Cavanşirin yazmağına binaən ki, onun Qarabağ tarixinə dair artıq bələdiyyəti var idi, Molla Pənah Vaqif, mərhum İbrahim xanın müqərrəbi-hüzuru olan zamanı öz dostu Molla Vəlini yazıb Qazaxdan Qarabağa gətiribdir və burada onun xana yavuq olmağına səbəb düşübdür və xan Molla Vəlinin əql və kəlamını dərk edib, xüsusən mömün və müttəqqi bir şəxs görüb ona lütf və mərhəmət göstərərmiş. Və hər qismi röya görsə, Molla Vəliyə söylərmiş, Molla Vəli dəxi onları xeyli münasib təbir edərmiş.» (Azərbaycan ədəbiyyatı tarixi materialları, 1-ci cild, 1-ci hissə, səh. 139).
Qarabağlı Mir Möhsin Nəvvab yazır: «Mirzə Vəli Vidadi Baharlı Bayram xanın oğludur. Əslən tərəkəmə olub, Molla Pənah Vaqif ilə həməsr idi. İbrahim xana yaxın, yavuq adamlardan idi. Məlum olduğuna görə, xan mühüm bir işdən ötrü Vidadini İran padşahı Fətəli şahın yanına göndərdi. Vidadi şahın yanında nahəmvar danışdığı üçün qəzəbə uğradı. Topun ağzına qoydurulub, bədəni tikə-tikə edildi. Özü sünni idi, nəsli isə tamamilə şiədir. Vaqif ilə gah-gah şeirləşərdi. Divanı olmayıb, şeirləri pərişan haldadır.» («Təzkirei-Nəvvab», səh. 18).
Bu iki məxəzin verdiyi məlumatı təhlil etsək, çox qəribə hallara təsadüf edərik. Əhməd bəy Cavanşirin yazdığından məlum olur ki, Vidadi adi falçılar kimi yuxu yozan, təbir edən bir molla imiş və İbrahim xanın yuxusunu münasib, yəni xanın istədiyi kimi yozduğu üçün hörmət sahibi imiş. Vidadinin qabiliyyəti və məharəti də yalnız yuxu yozmadan ibarət imiş.
Əhməd bəy Cavanşirin bu iddiası əsassızdır, çünki ayda-ildə yalan-doğru bir yuxu görən xan üçün heç bir vaxt xüsusi yuxuyozan lazım olmazdı ki, ondan ötrü Qazaxdan yuxuyozan dəvət ediləydi.
Əgər Əhməd bəyin «Qarabağın tarixinə artıq bələdiyyəti» bu cür məlumatdan ibarət imişsə, Köçərli nahaq yerə onu öyüb tərif edir. Qazax elində Vidadi kimi təmkinli, vüqarlı, elmli bir şair falçılıq eləməz və o cür aşağı işə də tənəzzül etməzdi».
Salman Mümtaz davam edir:
«Mir Möhsin Nəvvabın verdiyi məlumata göz yetirdikdə insan heyrətdə qalır. Bu uydurma sözləri tarixi vəsiqələr ilə darmadağın etmək çox asandır:
Və fikrini belə yekunlaşdırır:
«Biz mənasız, çürük, uydurma sözlərə deyil, əsaslı, mötəbər sənədlərə istinadən Vidadini öyrənməliyik. Bizcə, ən doğru vəsiqə Vidadinin öz əsərləridir.
İlk əvvəl bunu qeyd etməliyəm ki, Vidadi İbrahim xan ilə tanış və əlaqədar olduğu halda, nə onun sarayında olmuş və nə də ona xidmət etmişdir. Əgər olsa idi, o zaman Vaqif ilə bir yerdə, bir məkanda olmalı idi. Çünki Vaqif İbrahim xanın vəziri olduğu üçün daima sarayda və xanın yanında idi. Bir də Vidadi sarayda yaşasaydı, heç bir zaman cürət edib sünniliyi müdafiə edə bilməzdi. Çünki saray əhli başdan-başa İbrahim xanla bərabər şiə məzhəbində idilər. Bu iki şairin şiə məzhəbləri haqqında etdikləri müşairə, zərafət və məzah təriqilə olsa da, sarayda söylənə bilməzdi. «Vidadidən gələn kağız məni fəxrəndəhal etdi» və «Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax» mətlələrini havi mənzum məktublar da yazıla bilməzdi. Madam ki, hər iki şair bir şəhərdə bir sarayda yaşayaraq gündə bir-birləri ilə üz-üzə gəlirlər, daha məktublaşmağa nə ehtiyac? Gətirdiyim bu dəlillər tamamilə sübut edir ki, Vidadi Qarabağda yaşamayaraq, ayrı bir yerdə yaşayırmış. Vidadi Qafqaz xanlarının birinin yanında xidmətdə, vəzifədə imiş… Lakin hansı xan olduğu yenə məlum olmayır. Qərinə ilə bu xan Gülüstan xanlığının xanıdır. Çünki bunu Vidadi özü Vaqifə yazdığı bir qoşmasında aydınlaşdırmış kimidir:
Dov tələb olub gedibsən xandan,
Ölüncə çıxmanam ta Gülüstandan»…
Vaqiflə Vidadinin dostluğu Azərbaycan ədəbi-ictimai fikir tarixində özünə möhkəm yer tutmuş, obraza, simvola çevrilmiş hadisədir. M.P.Vaqifin yaxın dostlarından biri də Məhəmmədhüseyn xan Müştaq olmuşdur.
Salman Mümtaz yazır:
«Vaqif qonşu xanlıqlara və yaxud qəzalara getdikdə bir gözəl tüfəngə ehtiyac hiss etmişdir. Bunu Şirvana gedərkən öz səmimi dostu, Şəki və Şirvan bəylərbəyisi olan Şəkili Məhəmmədhüseyn xan Müştağa söyləmiş, həm dostundan bir əla tüfəng istəmişdir. Hər nədənsə Müştaq etdiyi vədini unudaraq tüfəngi göndərməmişdir. O münasibətlə Molla Pənah Vaqif bu müxəmməsi yazaraq müasirlərindən Kəlibərli Rafe təxəllüs şair ilə Müştağın hüzuruna göndərərək şuxyanə gilayədə bulunmuşdur:
Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng,
Xoş qədi ayinei-simü səmənbər bir tüfəng,
Çəkdi dudi-ahimi ta çərxi-çənbər bir tüfəng,
Canıma atəş salıb, yaxdı sərasər bir tüfəng,
Yanə-yanə qaldım, olmadı müyəssər bir tüfəng.