İnqilab İsaqı tanıtmaq məqsədilə yazmıram bu kiçik məqaləni. Onun özünə, şeirlərinə görə bir auditoriyası olduğunu zənn edirəm. Gəncədə ədəbi mühitin ən fəallarındandır və o bölgədə yaşayan şairlər arasında artıq bir fərd kimi seçilməkdədir.
Ancaq hər hansı şairə təkcə yaşadığı bölgədə tanınıb seçilməyiylə baxmaq olmaz, görək bu şairin bizim müasir poeziyada bir cığırı, izi varmıdır? Həmkarım Rüstəm Kamal acı bir təəssüf hissilə yazır ki: «Ədəbi «tənqidin «əyalət sindromu» nəticəsində dəyərli bir şairin obrazının oxuculara yetərincə təqdim olunmaması təəssüf doğurur». Amma elə Rüstəm Kamal İnqilab İsaqın kitabına yazdığı ön sözdə bu sindromu aradan qaldırır və İnqilabın şeirlərini layiq olduğu tərzdə təhlil edir. Mən Rüstəmin məqaləsindəki fikirləri qətiyyən təkrar etmək istəmirəm, amma bir fikri ilə tam şərikəm: «İnqilab İsaq poeziyasında bəlağətli deklarasiyalar və yüksək nidalar səslənmir, sanki sualtı axın şeirin üstü ilə gedir - sükutu intonasiyanın axarı üzə çıxarır». Doğrudan da İnqilab İsaqın şeirlərində bəlağət, «parlaq» intonasiya, tribuna əhval-ruhiyyəsi görsənmir. O şeirlər pıçıltıdan həzinliyə, həzinlikdən içəridə alovlanıb yanğısı korun-korun tüstülənən oda, ocağa çevrilir. İnqilabın şeirlərində dünyanı, təbiəti, insanları və özünü dərk etməyə meyilli bir çırpıntı duyursan.
Nədən yazır sualını verməyəcək və buna cavab da axtarmayacağam. İnqilab İsaqın mövzuları kifayət qədərdir. Şair üçün bu zamanda nədən yazmaq, bəlkə, o qədər də vacib deyil, həyatımızda, ictimai aləmdə, dünyada yazmağa çox şey var. İnqilabın şeirləri metaforik düşüncə ilə yoğrulub - sözü mənalandırmaq, onu öz adiliyindən çıxarıb obrazlı şəkildə ifadə eləmək gücündədir. Söhbətə İnqilabın kövrək bir şeiri ilə başlamaq istəyirəm:
Duaların oyanıb,
Gözlərin dolub, ana.
Qəbrindən yuxu qaçıb,
Yenə nə olub, ana?
Burda torpaq darıxır…
Yarama duz basıram.
Gah ağrımı dirildib,
Gah ağrımı asıram.
Gözümün dumanından
Yoxluğa yol çəkirəm.
Özümü döyə-döyə
Özümdən əl çəkirəm...
Yoluma düyün düşüb.
Dərdimi darayırsan.
Günümü görə-görə
Qəbrinə qarğıyırsan.
Gözlərin dolub, ana,
Yenə nə olub, ana?
İlk baxışda bu, adi bir şeir təsiri bağışlayır. Ana ölümü - oğul kədəri ilə bağlı neçə belə şeir oxumuşuq və əksəriyyətində bu ölümdən doğan kədər hissi yüksək intonasiya ilə ifadə olunub. Amma İnqilabın şeirində kədər hissi çox sakit tonda ifadə edilir, bu şeiri, məsələn, Cabbarlının «Ana» şeiri kimi ucadan oxumaq olmur, Müşfiqin «Ana» şeiri kimi təsirli, emosional bir vurğuya köklənmirsən, M.Arazın ana ölümüylə bağlı şeiri kimi həyəcanla səsləndirə bilmirsən. Sadəcə, sakit tonda, amma içindəki kədəri oyada-oyada oxuyursan. Ana dünyadan köçüb, amma oğlunun yaddaşında diridir və ana ilə oğul arasında mistik bir rabitə davam edir. Ola bilsin, deyərsiniz ki, bu da təzə deyil. Amma bu şeirdə ana-oğul «rabitəsi» diri və ölü arasında deyil, diri və diri, yaxud maddi ölü və «mənəvi ölü» arasında gedir. Ana diridir, onun duaları məzardan da eşidilir, qəbrindən də yuxu qaçıb... Yoxsa diri oğul ona sanki həyatda varmış kimi müraciət etməzdi. Ana dünyadan köçüb və bu yoxluq oğulun da mənəvi dünyasına bir zərbədir, məzarda yatan ana ilə yaşayan oğul arasında sanki elə bir fərq hiss eləmirsən. Şeir başdan-başa metaforalarla dolu.
Başqa bir şeirinə müraciət edək: «Bir uşaq ağlayır». Bir qaçqın ananın dilindən söylənilən şeir. Adətən, qaçqınlıq-köçkünlük dərdini ifadə edən əksər şeirlərdə hüzn, kədər çalarları üstümüzə yağış kimi səpələnir. Bu şeirdə də hüzn və kədər var, amma ritorikadan uzaq, patetikadan xaric. İnqilab ananın hüznünü şeirin daxili, metaforik qatına keçirir. Kədərlənən təkcə ana olmur, oxucu da…kədərlənən, qüssəyə batan həm də şeirin özüdür, təşbehlər, metaforalar, bədii suallar, xitablar da bu hüzn içindədir:
O uşaq ağlayır, ovutmayın siz,
İtən yurd yerində yuxusu qalıb.
Yüyürüb o cığır, çəmən boyunca,
İçində bənövşə qoxusu qalıb.
...O uşaq aldanmır, vallah, şirəyə.
Böyüklər çox zaman aldanan kimi.
O uşaq ağlayır, hey - “Şuşam” - deyə
Odlanır dünyaya boylanan kimi.
Tapın o uşağın oyun yerini,
Bənövşə üzdüyü çəməni tapın.
Tapın üç almanı, nağıl yerini,
Tapın, ay böyüklər, Vətəni tapın!..
Kiridin uşağı, kiridin görək!..
İnqilab İsaqın şeirləri müasir poeziyanın bədii təsvir, sözü məcazi demək axtarışlarında təzə deyil. Əli Kərimin «Sənətkar üçün isə Sükutdan da səs gələr» kəlamı İnqilabın şeirləri üçün bir poetik təcrübə hesab oluna bilər. Bir-birindən tamamilə uzaq, mənaca müxtəlif leksemləri ifadə edən əşyalar, nəsnələr və anlayışlar arasında uzlaşmanı, sintezi yaradan şeirlərə İ.İsaq tez-tez müraciət edir, daha doğrusu, onun poetik təfəkkürü elə bu səmtə meyillidir. «Kökün ağrısına saplanıb budaq, Göylərə əl açıb nə deyir yarpaq?» - yarpaqla göy arasında heç bir əlaqə, oxşarlıq yox, amma ərik ağacının qurumasından doğan dərdi yarpağın göyə əl açıb yalvarması kimi şərh etmək namümkünü mümkün edir. Çox da təfərrüata varmayaq və fikrimizi bir az dolğun şərh edək deyə, İ.İsaqın bir şeirini bütünlüklə misal gətirək:
Bu səhərin gözündə
Qaranlıqlar sönəcək.
Bir ümid saatı da
Son dalana dönəcək.
Bir qadın kədərindən
Çiçəklər tutmaz xəbər.
Bir körpə yuxusuna
Nağıl danışmaz şəhər.
Ehtiyac fağır-fağır…
Yorulubdu savaşdan.
Nahaq yerə oyatdım
Bu ömrü də obaşdan.
Bir bax, cibimdə susur,
Susur dilsiz qəpiklər.
Yenə bazar əlində
Boş zənbildi bu səhər.
«Ümid saatı-dalan», «qadın kədəri-çiçəklər», «körpə yuxusu-şəhər», «ehtiyac-savaş», «boş zənbil-səhər» anlayışları bir-birilə araya gəlməyən anlayışlardı, amma şeirdə doğmalaşır, şair fikrinin ifadəsində «birləşirlər». Bu üsul assosiativ şeir yoludur - Əli Kərim, Ələkbər Salahzadə, Vaqif Səmədoğlu yolu və İ.İsaq da bu təzə ənənəyə sadiq qalır. İnqilab İsaq təbiətlə insan aləmi arasında sırf harmoniya axtaran şairlərdəndir. Elə bir şeiri yoxdur ki, o şeirdə təbiətdən bir parça olmasın. Onun şeirlərində payız bütün «görkəmiylə» canlanır. Hətta bir şeirində açıqca etiraf edir ki:
Buludu sözlə dolan
Bir payız adamıyam.
Yenə yolla, cığırla,
Çiçəklə düşüb davam.
Qəribliyin boş yuva,
Ovcumun içi kimi.
Kimsəyə açmayacam
Xəzəl örtmüş sirrimi.
Təbiəti dilə gətirən şeirlərində peyzaj lövhələrinə rast gəlmirsən, yəni, nə baharın, nə də payızın təsvirləri yoxdu. Amma əvəzində ayrı-ayrı təbiət obrazlarının metaforalarla cilalandığını görürsən. Baxın - bu Ay obrazı: «Yellənir səmada ay bələk kimi, Ulduzlar içində başqa bir aləm. Südəmər gecəyə körpə olmağı Ayı nişan verən kimdi bilmirəm?».
Bu bənövşə obrazı: «Bir dəstə qurumuş bənövşə,Atılıb döşə. Bir dəstə bulud küsüb Gözlərimin yaşında. Üstünü vlığ Ayrılıq adlı qış. İndi nə qonaqlığa gedir, Nə də görüşə. İçimdə ağlar için-için Bir dəstə qurumuş bənövşə». Bu isə Ağac obrazıdjır: «Göz içində bitən ağac. Göz içində itən ağac.Dərdi dil-dil ötən ağac Söylə, sənin yiəyən kimdi?». Bu şeirlərin hər birinin içində bir təbiət aşiqinin hissi, həyəcanı duyulur. Ay obrazının təsvirində heyrət, Bənövşə və Ağac obrazlarının təsvirində isə kədər…
Rüstəm Kamal İnqilab İsaqı «Sükutu kədərə çevirən şair» adlandırır. Hardasa, doğru izahdır. Amma mən kədərdən danışan şeirləri kədərli şeirlər adlandırmaq istəmirəm. Onun kədərdən danışan şeirlərində işığa təşnəlik, canatma var. Görürsən ki, yolunda tikan bitən, qolunun üstünə bir dəstə yorğun bulud düşən körpə ümid içində yaşar: «Nə yaxşı sükutumda, Qərib deyil sevdalar. Qosqoca dərdlərimin Körpə yoludur bahar». Yorğun ürəklə təbiəti seyrə dalan, içində də ağrı-acılar yaşadan insan son anda ümidini itirmir: «Bircə ay işığıdır, Son misram, son ümidim».
Ümumən, İnqilab İsaqın poetik axtarışları uğurludur. Onun iki şeir kitabından aldığım bu təəssüratlarımı sizinlə bölüşdüm. Və bir də kitablarının birinin arxasında qısa tərcümeyi-halına nəzər yetirdim - İnqilab İsaq oğlu Rzayevin 63 yaşa çatdığını öyrəndim. Amma onun şeirlərinin heç birindən qocalıq qorxusunu görmədim.