Musa Yaqub Azərbaycanda hər kəsin tanıdığı şairdir. Onun şeirlərini əzbərdən deyənlər nə çox. Şeirlərini yarımçıq da olsa söyləyənlər, yeri gələndə bir-iki misrasını dilə gətirənlər də az deyil. İlk şeirlərindən oxucunun qəlbinə yatan şair neçə onillikdir ki, sevilməkdə, oxunmaqda, öyrənilməkdədir.
Mənə görə, sağlığında heç olmasa bir-iki şeiri dilə-dişə düşməyən şairin gələcəyi yoxdur. Amma Musa Yaqubun ölməz misraları belə nigarançılıqdan uzaqdır. Musa Yaqub dünyaya və insanlara sevgi gözü ilə baxır və çevrəsindəki təbiətlə, müasirləri ilə anlaşıqlı şirin bir dildə danışır.
Məsələn, onun “Öyrətmə özünə, öyrətmə məni” şeirini oxumaqdan, oxuya-oxuya kövrəlməkdən, düşüncələrə dalmaqdan doymaq olmur:
Taleyin qisməti rast saldı bizi,
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Sən Allah, özünə öyrətmə məni!
Hicran qorxusuyla göynətmə məni.
Təbiəti içdən duyan, yaxından tanıyan, ondan güc, zövq almağı bacaran, dostluqda möhkəm, insanları göz dolusu, könül dolusu yaşamağa çağıran və duyğularını həzin, kövrək, yapışıqlı şəkildə ifadə etmək istedadına sahib şair Musa Yaqubun səksən yaşı tamam oldu. Yuvarlaq götürsək, arxada altmış illik yaradıcılıq yolu və irili-xırdalı neçə-neçə kitablar, dəmə qoyulmuş əlyazmaları durur.
Altmış ildir ki, bu şair insanlara saf ovqat, ruh bağışlayır. Onu oxuyanda adam Günəşin bir telindən yapışıb dizinə güc verərək yıxıldığı yerdən dikəlib dura bilir, qarışıq fikirlərini cəmləyib durulur və təbiətin bir parçasına çevrilir.
Musa Yaqub oxucunun özünə doğma saydığı şairlərdəndir. Onun şeirlərinin ayrıca havası, ləngəri, intonasiyası, dadı-duzu var. Adamın boş, xoş vaxtı ola, oturub tələsmədən, darıxmadan, nəfəs dərə-dərə, ürəyinə yatan bəndlərini, misralarını dodaqaltı zümzümə eləyə-eləyə, canına sinirəsinirə oxuyasan, ləzzət aparasan.
Bu şair o vergili qələm sahiblərindəndir ki, ən azı, hər şeirində ələgələn nəsə var. O qədər rastımıza çıxıb ki… bəzən şeir bütövlükdə tutarlı olmur, hansısa bəndi, ya misrası ilə dilə-dişə düşür. İnsafla desək, Musa Yaqubun yaddaqalan, şux qafiyələrlə hörülmüş, içidolu, boyundan asılı olmayaraq, bütöv, pilə kimi yumşaq şeirləri çoxdur. Uğurlu bəndləri, beytləri, misraları isə saysız-hesabsızdır.
İlk dəfə Musa Yaqubu canlı şəkildə uşaqlıqda dinləmişəm və oxuduğu şeirlər döşümə yatıb. O zaman şair bir neçə qələm dostu ilə məktəbimizə görüşə gəlmişdi. Görüşdə onun Alban hökmdarı Cavanşir, İsgəndər quşları, Azərbaycan haqda şeirlər oxuduğu indiki kimi yadımdadır. Ancaq balaca bir şeiri dərhal dilimdə əzbər oldu:
Bəlkə də, borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın artsın.
Əvvəllər bu şeirin sonuncu iki misrası məni tutmuşdu. Vətənə sevginin, torpağa bağlılığın yeni, pak ruhu, duru ifadəsi xoşuma gəlmişdi. Ancaq sonralar əvvəlki iki misra da mənə doğma göründü. Doğrudan da «Bəlkə də, borcundan çıxmadım, Vətən!» Onsuz da vətənin borcundan tam çıxmaq
mümkün deyil. Amma bu borcun bir hissəsini qaytarmaq olar. Necə ki, haqqında danışdığımız insan şairliyilə bunu etməkdədir.
Gözümü ədəbiyyata açandan bəri Musa Yaqub şair kimi yeni-yeni şeirləri, kitabları ilə mənim üçün həmişə təzəliyini, təravətini, məhrəmliyini saxlayıb. Süniliklərlə, saxtakarlıqlarla, qurama işlərlə dolu dünyamızda könlümüzə toxtaqlıq gətirən, ruhumuzu üşüməyə qoymayan, təpərimizi artıran məqamları üzə çıxardan şair qələminin yazdığına baxın:
Torpağı duymazsan sən mənim kimi,
başqadır ruhumuz, danışma hədər.
İsti otaqlarda səməni kimi
məni nəlbəkidə böyütməyiblər.
Palıd ağacında yaşayır adım,
hər budaq üstündə eşqim var olub.
Yolkaya pambıqdan qar yağdırmadım,
yolkam da qar basmış ağaclar olub…
Onun məşhur şeirləri çoxdur. Zaman-zaman yaddaşlarda ilişib qalan bu şeirlərin məqamı gələndə adları çəkilir, kitabdan, yaxud da əzbərdən oxunur, haqqında yazılır. «Bu dünyanın qara daşı göyərməz», «İlahi, mən bu daşı götürüm, götürməyim?!», «Bir günah sənindir, bir günah mənim», «Və başqaları…», «Dağlar çox qəribə olur gecələr» şeirsevərlərin tez-tez üz tutduğu əsərlərdir. Amma şairin məşhur olmayan nə qədər gözəl şeirləri də var.
Bir xəfif, xeyirxah bahar yelində
çiçək açılanda nə deyir? - Heç nə.
Şehotu çiməndə səhər mehində,
Bəxtəvər olanda nə deyir? - Heç nə.
Bax, mən də eləyəm, ay iki gözüm,
demə ki, xoş sözlə gəl məni dindir.
Mənim çiçək sözüm, şehotu sözüm
qalıb ürəyimdə, amma sənindir.
Şairin «Atam… Atam» adlı süjetli şeiri yadıma gəlir. Əldən-ayaqdan uzaq kənddə yaşayan ata qəfildən yorğan-döşəyə düşür. Kəndin bircə savadlısı var - Alı müəllim, onun da həkimlikdən başı çıxmır. Göydən yağış tökür. Oğul qonşu kəndə həkim dalınca getməlidir. Ancaq sədrdən izn alıb kolxozun Ağyal atını tapmaq uzun çəkir. Noxdasız atın boynuna çatı bağlayıb sürən naşı uşaq mənzil başına çatanda məlum olur ki, feldşer qonşu kənddədir, çay daşıb, geri qayıda bilmir. Əli hər yerdən üzülən balaca kor-peşman geri qayıdır və görür ki, dünyada hər şey onun istəyinin tərsinə dövr edir.
Tərs kimi qarşıdan qış da gəlirdi,
tərs kimi atam da üçcə gün qabaq
ətliyə vermişdi inəyimizi.
Soruşduq demədi,
bilmədik haçan
Səlim də vergiyə qoşmuşdu bizi.
Tərs kimi bu dərdlər böyük dərd idi,
tərs kimi qanun da bir az sərt idi…
Öldü cavan atam,
gör nə yaşdaydı –
Hər şeyin günahı o yağışdaydı,
ya da ki, Ağyalı gec tapmağımda.
Yox, günah Göyçayın daşmağındaydı.
Havanın yas tutub gülməməyində,
Alı müəllimin İbn Sinadan
bir kəlmə olsun da bilməməyində,
feldşerin vaxtında gəlməməyində,
günah o yağışda, yağışdaydı ki…
Öldü cavan atam,
nə yaşdaydı ki…
Musa Yaqub həmişə şairdir. O, uşaqlıqda da, cavanlığında da, sonrakı yaşlarında da, çalışdığı işlərdə də, vəzifələrdə də, millət vəkilliyində də daim şair olaraq qalıb. Yaxşı ki, belə olub. Bu, oxucu qismətidir.
O, istər şeirlərində, istərsə də danışığında təəccübünü, heyrətini, nəyəsə hayıl-mayıl olduğunu bildirərkən «Qəribədir!», «Çox qəribədir!» kəlmələrini tez-tez işlədir. Bu kəlmələr hər dəfə onun dilindən çıxanda adama xoş gəlir.
Deməli, hələ ustadın əli qələmdən soyumayıb, söz-söz, çiçək-çiçək, ilməilmə, misra-misra dünyanı duymaqdadır. Səksən yaşlı palıd necə məğrur, əzəmətli, süslü boy verib dayanırsa, səksən min yaşlı qaya tufanlarla döş-döşə gəlmək üçün necə ayaqda durubsa, Musa Yaqub da şaxlığı və şuxluğu ilə elə canısulu görünür.
Şairin yetmiş illik yubiley gecəsində mən də var idim və qabaqcadan danışdığımız kimi səhnəyə çıxıb söz deməliydim. Ancaq onun qələm yoldaşları olan tay-tuşları biri-birinin həvəsinə o qədər geniş danışdılar ki, mənə növbə tədbirin beşinci saatında çatdı. Hətta ədəbi görüşün aparıcısı, xalq şairi Sabir Rüstəmxanlı xahiş etdi ki, lap kəsədən gedim. Heç özümün də uzun danışmaq fikrim yox idi. Səhnəyə çıxanda isə qərarımı tamam dəyişdim. Tribuna önündə bir anlıq pauza verib, sağ əlimi yumaraq baş barmağımı yuxarı qaldırdım və dedim:
- Uzun sözün qısası, Musa Yaqub belə şairdir!
Və sol əlimlə qucağımda saxladığım gül dəstəsini aparıb şairə verdim. Ən qısa çıxışdan sonra kim danışasıydı ki? Aparıcı sözü yubilyara verməklə tədbiri yekunlaşdırdı.
Həmən gecə banketdə Musa Yaqub qulağıma pıçıldadı:
- Gərək yığıncaqda birinci söz sənə veriləydi. Beş saat əsir-yesir qaldıq dörd divarın arasında. Adam da belə məclisi (banketi) qoyub eləsinə gedər?!
Kimsən, nəçisən, fərqi yoxdur, canlı, gəzəri qaya parçasına oxşayan Musa Yaqubla şəxsən tanış olmaq üçün araçıya ehtiyac qalmır. Onun həlim, isti, doğma baxışı səni özünə çəkir. Bir dəfə millət vəkili kimi rəsmi nümayəndə heyətinin tərkibində Kiyevə gedibmiş. Qarşılanma zamanı necə olursa, Ukrayna Respublikasının Prezidenti Leonid Kuçma böyük vəzifəliləri qoyub birinci ona yaxınlaşır və şairlə qucaqlaşıb görüşür. Ümumi tanışlıqdan sonra nümayəndə heyətinin rəhbəri fürsət tapıb şairdən soruşur:
-Şair, Leonid Kuçma ilə çoxdan tanışsınız?
Musa Yaqub cavab verir:
-Yox, birinci dəfədir onu görürəm.
Maraqlı şəxs ikinci sualını verir:
-Bəs necə oldu ki, bizi qoyub birinci sizin üstünüzə gəldi?
Şair məntiqlı cavab verə bilməyəcəyini görüb zarafata keçir:
-Baxışlarımla ona “Kuçma, Kuçma, gəl qucuma!” dedim, o da mənə sarı gəldi.
Musa Yaqubdan söz açdınsa, gərək onun doğulduğu və məşhur elədiyi Buynuz kəndinin də adını çəkəsən.
Mən bir neçə yol bu kəndin qonağı olmuşam. Sonuncu dəfə ötən yay türkiyəli yazar, şair və yazıçılarımızın əsərlərini çevirərək öz ölkəsində çap etdirən İmdat Avşar və sənətkar dostum Ağalar Bayramovla Musa Yaqubun süfrəsinin başında əyləşmişik. Yeyirdik, içirdik, biri-birimizin başına
dolanırdıq...
Şairin həyətində uca bir dəmir körpü var. Bu körpü onun evinin ikinci mərtəbəsinin eyvanından dağın döşündə bitmiş nəhəng dağdağan ağacının kölgəliyinə çıxır. Körpünün altından keçən dəyirman arxından gur su axır. Mən körpüyə “Musa Yaqub körpüsü” adını qoymuşam. Keçdiyim bu körpüdən yüzlərlə insanlar keçib, hələ lap çoxları da keçəcək.
Bu həm əbədiyyət, həm ədəbiyyat, həm gözəllik, həm də sevgi və ünsiyyət körpüsüdür.
Sözümü bir arzum ilə bitirirəm: Ustad, bundan belə də həmişə canından təpər, ürəyindən ilham, əlindən badə əskik olmasın!