Şarlotta və Enn ingilis ədəbiyyatının məşhur klassikləridir, istedadı o qədər də parlaq olmayan Enn isə, tanınmış viktorian yazıçısıdır. Onların haqqında yüzlərlə məqalələr yazılıb, ədəbi müzakirələr aparılıb, bu fenomen ailənin istedadının sirri, bacıların faciəvi taleyi elmi əsərlərin mövzusuna çevrilib.
Amma hələ də müəmmalı suallar sanki bizi təqib etməkdə davam edir...
Bronte ailəsi Yorkşir qraflığının Xauorte şəhərciyində yaşayırdı. 19-cu əsrdə şəhərdə kanalizasiya xətləri yox idi, təmiz su tapılmırdı. Üstəlik, iqlimi əlverişli deyildi. İnsanlar yeksənəq həyat sürür və gənc yaşda dünyalarını dəyişirdilər...
İngilis ədəbiyyatına dəyərlər qazandırmış Bronte ailəsi belə bir cansıxıcı məkanda güzəran keçirirdi. Ata Patrik Bronte keşiş olsa da, şairlik və yazıçılıq qabiliyyəti də vardı. Ailənin kiçik üzvlərinin özünü gələcəkdə biruzə verəcək istedadı isə daha böyük və çoxqatlı idi. Kim bilir, bəlkə Patrik Brontenin iki böyük qızı uşaqkən tələf olmasaydı, onlar da bacıları Şarlotta, Emili, Enn kimi böyük istedad sahibi olacaqdılar.
Bronte ailəsi kasıb və qapalı həyat keçirirdi. “Pəncərələri olan böyük məzarlıqda” (Şarlotta evlərini belə təsvir edirdi) günlər rəngsiz və tutqun keçirdi. Patrikin arvadı Mariya Bronte kiçik qızı dünyaya gəldikdən az sonra dünyasını dəyişmişdi. Ailənin ağırlığı atanın çiyinlərində idi. Mərhum Mariyanın bacısı təsərrüfat işlərində ailəyə kömək edirdi, amma uşaqlar bu deyingən qadını sevmir, hər vəchlə ondan uzaq durmağa çalışırdılar.
Evdə böyüklər qaşqabaqlı gəzib-dolaşırdı, əslində, ürəkaçan heç nə baş vermədiyindən, belə bir davranış Bronte ailəsi üçün normal sayılırdı. İçlərində təbəssüm və böyük ürək gəzdirən uşaqlar isə, həyatlarını beləcə yelə vermək fikrində deyildilər. Onlar kitab oxuyur, rəsm çəkir, gəzib-dolaşır, düşünür, xəyal qururdular. Böyüklər belə bir həzzdən məhrum idilər.
Məsələn, Şarlotta qardaşıyla Anqriya krallığını uydurmuşdu, Enn və Emili isə krallığın rəsmini çəkmiş və öz təyinatları üzrə orda müxtəlif təbəqədən olan adamları “yerləşdirmişdilər”. “Heç kimin ağlına da gəlməz ki, təsəvvür olunan xoşbəxtlik insanı bu qədər xoşbəxt edə bilər”- deyə Şarlotta öz gündəliyində yazırdı.
Patrik Bronte uşaq otağının qapısında görünəndə uşaqların uydurduğu xoşbəxtlik krallığı bir andaca uçulurdu. Patrik realist idi, övladlarını nağıl qəhrəmanı yox, ciddi iş-güc sahibi kimi görmək istəyirdi. Elə bu istəklə də onları pansionata yazdırır. Qızlar burda təlim-tərbiyə ilə bərabər, həm də ilkin təhsil alacaqdılar. (Oğluna isə, Patrik Bronte özü evdə dərs keçirdi).
Amma pansionat ümidləri doğrultmur. Pansionatın tərbiyəçiləri uydurma krallığın qəddar cadugərlərini xatırladırdı, onlar uşaqlarla pis davranır, döyür, günlərlə ac saxlayırdılar. Bundan başqa, gigiyenik qaydalara əməl olunmur, uşaqlar infeksiyalı xəstəliklərə yoluxurdu... (Bacıların pansionatda çəkdiyi əzabları Şarlotta Bronte özünün “Cen Eyr” əsərində təsvir edib).
Patrik Bronte işi belə görüb qızları pansionatdan alır. Sonrakı 6 il yenə ümidlər və xəyallar içində keçir...
Bacılar bir-birlərinə oxşamırdı. Emili ciddi və təmkinli idi, öz hisslərini asanlıqla biruzə vermirdi. Enn təvazökarlığı ilə seçilir, dindarlığa meyl edirdi. Şarlotta bacıların ən qətiyyətlisi idi. O, ciddi adət-ənənələrlə seksist düşüncələr arasında qalmışdı, hansı istiqaməti dəqiq seçəcəyini tam müəyyənləşdirə bilmirdi.
Xarakterləri fərqli olan bacıları tənhalıq birləşdirirdi. Qonşuluqda demək olar ki, yaşıdları yox idi, evin yerləşdiyi ərazi bom-boş bir çöllük idi. Bundan başqa, lap yaxınlıqda - kilsənin həndəvərində olan, hər gün istər-istəməz seyr etməli olduqları qəbir daşları uşaqların psixikalarını zədələyirdi.
Yenidən bacıların tək ümid yeri kitablar idi. Kitablar təxəyyüldə də olsa, onların həyatlarını dəyişir, başqa dünyanın insanları edirdi...
Qızlar yetkinlik yaşına çatanda Vuler bacılarının nüfuzlu pansionatına yazılırlar. Bu, ələdüşməz səadət idi. Pansionatda keçirdiyi günləri Şarlotta həyatının ən xoşbəxt çağları adlandırırdı. O, ardınca da Enn pansionatı uğurla başa vururlar.
Onlar indi mürəbbiyə kimi işləyə, hətta müəllimlik edə bilərdilər. Amma Patrik Bronte daha mükəmməl təhsil almaları üçün qızlarını Belçikaya, Eqerin pansionatına göndərir.
Müəyyən vaxtdan sonra Emili pansionatı tərk edir. Pansionatın sahibi Eqerə - evli kişiyə vurulan Şarlotta isə skandaldan yayınmaq üçün evə qayıdır. Xatırlayırsınızsa, “Cen Eyr” romanında baş qəhrəman mürəbbiyədir. Şarlotta mürəbbiyə işləyərkən ağlına bir çox ideyalar gəlirdi; sanki bir əsərin süjeti qurulurdu.
Şarlottanın işindən aldığı yeganə zövq bundan ibarət idi. O, bacısı Emiliyə yazırdı: “Təsəvvür elə ki, sən gözəlliklərlə əhatə olunmusan,- əsrarəngiz meşə, bəyaz yol, yaşıl çəmənlik, mas-mavi səma... Amma bu gözəlliyi seyr etməyə bir dəqiqə belə vaxtın yoxdur. Uşaqlar həmişə yanımda olur, onları gözdən qoymaq olmaz. Uşaqları islah etmək mümkün deyil, bunu mən tez bir zamanda anladım...”
O gileylənirdi ki, heç kim mürəbbiyələri ciddi qəbul etmir. “Mürəbbiyələrin öz azad fikri olmur. Özəl bir evdə mürəbbiyə - hüquqsuz şəxsdir. Heç kim onu canlı, şüurlu insan kimi görmür”.
Xoşbəxtlikdən, çox çəkmir ki, onların qarşısında yeni üfüqlər açılır. Üç “qardaşın” - Karrera, Elis və Ekton Belin ilk poetik təcrübələri böyük uğur qazanır. (Bacılar qadın olduqlarını gizləmək üçün bu adları təxəllüs seçirlər). Bu uğurdan fərəhlənən Bronte bacıları qələmlərini nəsrdə sınayırlar. Şöhrət onların üstünə qəfil yağış kimi yağır.
Şarlotta Brontenin “Cen Eyr”, “Şerli”, “Şəhərcik” romanları nəinki İngiltərədə populyarlıq qazanır, hətta onun hüdudlarını aşaraq dünya ədəbiyyatı külliyatına daxil olur.
Ortancıl bacı Emili onlarla şeir və yalnız bircə roman yazır - amma necə bir roman! “Uğultulu təpələr” kəşf olunanda adı kimi böyük səs-küy yaradır. Amma təəssüf ki, bu, müəllifin ölümündən sonra baş verir. Dərc olunmasından 150 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu gün də “Uğultulu təpələr” tənqidçilər tərəfindən yüksək dəyərləndirilir və ingilis ədəbiyyatının ən məşhur romanlarıyla müqayisə olunur.
Bu romandakı kişi və qadın münasibətləri sadəcə, ehtiras deyil, mistik ittifaqdır, elə bil onlar son hüceyrələrinə qədər bir-birinə bağlıdırlar. Yəqin ki, sevgiyə ehtiyacı olan bir qadın iki sevgilinin hisslərini belə təsvir edə bilərdi. Enn Bronte isə “Aqnes Qrey” və “Uayldfelldən gələn naməlum qadın” romanları ilə tanınır. Patrik Brontenin yeganə oğlu Patrik Brenuell də məşhur rəssam, ya şair ola bilərdi. Qələmindən çıxan şeirlər özünəməxsusluğuyla seçilirdi. Rəssamlığa isə qeyri-adi məhəbbəti vardı; bu tablolar ancaq böyük məhəbbətin əsəri ola bilərdi.
Patrik Brenuell özünün ilk rəsm sərgisinə böyük ümid bəsləyirdi. Bu onun üçün bir başlanğıc olacaqdı. Təəssüf ki, sərgi uğursuzluğa düçar olur. Paytaxta iş tapmaq ümidi ilə gedən Patrik ordan da əliboş qayıdır. Böyük məhəbbəti isə daşa dəyir...
Evlərinə qayıdan Patrik Brenuell depressiyaya düşür, narkotik və içkiyə qurşanır. Sərsəri həyat yaşayan oğlan evdəkilərin də həyatını cəhənnəmə döndərir. Narkotik və içkilər onu həyatın və sevdiklərinin əlindən alanda Patrikin cəmi 30 yaşı vardı...
Yalnız Şarlottaya sağlığında böyük şöhrət qazanmaq nəsib olur. “Cen Eyr” əsəri nəinki oxucuların qəlbini fəth edir, həm də tənqidçilərin yüksək qiymətini qazanır. İndiyə qədər bu əsərə tələbat var.
“Cen Eyr” gerçək olaylar əsasında yazılıb. Xauort-Lidsin qonşuluğunda yaşayan nüfuzlu bir şirkətin əməkdaşı varlı evində mürəbbiyə işləyən gənc bir qızla ailə qurur. Bir il sonra isə “yeni evli” cənabın rəsmi nikahda olduğu başqa arvadının da olduğu ortaya çıxır. Şəhərin sakinləri bu xəbərdən sarsılır. Şarlottanın isə beynində romanın ideyası doğulur.
Şarlotta Brontenin “Cen Eyr”dən başqa, uşaqlar üçün yazdığı əsərləri, poetik nümunələri, “Müəllim”, “Şəhərcik”, “Şerli” romanları da məlumdur. “Şerli” əsərində müəllif Şerli və Kerolayn obrazlarında sevimli bacılarının həmin vaxtda artıq dünyalarını dəyişmiş Emili və Ennin surətlərini yaradıb.
Bacılardan yalnız Şarlotta ailə qurur. O da çox gec... Hələ 23 yaşı olanda yaxın rəfiqəsinin qardaşı Henri Nassey ona evililik təklif edir. Amma qız qətiyyətlə rədd cavabı verir. O, bank işçisinin arvadı olmaq üçün özünü kifayət qədər romantik hesab etmirdi. Bəzi fərziyyələrə görə, “Cen Eyr” əsərindəki Cent-Con Rivers, Nasseyin prototipidir. 1839-cu ildə Devid Prays adlı şəxs də Cen Eyrə evlilik təklifi edir. Onunla ailə qurmaq istəyən başqa şəxslər də vardı, amma qız hamıya “yox” deyirdi.
“Mən sizi xoşbəxt edə bilmərəm”- Şarlottanın adətən cavabı belə olurdu. Əslində isə o, evliliyin onun yaradıcılığına mane ola biləcəyindən ehtiyat edirdi.
Atasının yardımçısı keşiş Artur Bell Nikols Brontelərin böyük qızına neçə illərdən bəri aşiq idi. Hər dəfə onun təklifini rədd edən Şarlotta, nəhayət, 38 yaşında Nikolsla evlənməyə razılıq verir. Amma həyat Brontenin romanlarındakı kimi tutqun və ağrılı idi. Sadəcə, müəyyən vaxt ayrıcında insanlara xoşbəxtlik haqqında təsəvvürlərə qapılmaq imkanı verirdi. Sonra isə reallıq öz işini görür və insanları son ümidlərinə qədər “talan edirdi”.
Nikahdan cəmi bir il sonra, 39 yaşlı yazıçının səhhəti qəfil pisləşir və bir neçə aydan sonra dünyasını dəyişir. Brontenin vərəmdən vəfat etdiyini deyirdilər, amma bəzi versiyalar hamilə qadının ölümünün səbəbinin toksikoz olduğunu iddia edirdi.
Şarlottanın dostları onun nikahda xoşbəxt olmadığını söyləyirdilər. Nikolas ləyaqətli adam idi, amma arvadını onun romanlarına qısqanırdı. Yazıçı yaradıcılığına daha çox vaxt sərf edirdi. Şarlotta Brontenin həyatına dair bir epizod da yaradıcılığın onun üçün hər şeydən üstün olduğunu göstərir; Şarlotta ölümündən bir neçə ay əvvəl sobanın yanında isinirdi, birdən ərinə deyir: “Əgər biz burda ikilikdə olmasaydıq, mən növbəti əsərimi yazardım”. Sonra qadın yuxarı mərtəbəyə qalxıb əlyazmalarını götürür və qayıdıb ərinə yeni romanını oxumağa başlayır. Oxuyub qurtardıqdan sonra Nikols sərt şəkildə etirazını bildirir: “Tənqidçilər deyəcəklər ki, sən özün-özünü təkrar etməyə başlamısan”. “Mən onun üzərində yenidən işləyərəm”,- Şarlotta sakitcə cavab verir, -“Mən romanımı iki dəfə, üç dəfə, yenidən və yenidən yazıram, tam razı qalana qədər bu proses davam edir.”
Bronte bacıları həyat və ölüm arasında böyük əsərlər yaratdılar; bu məsafə o qədər qısa oldu ki, insanların yaddaşında müəmmaya çevrildi. Kim isə belə versiya da irəli sürdü; guya Bronte bacıları Çarlz Lonqsborn adlı şəxsin lənətinə tuş gəlib. Deyilənə görə, onun oğlu, adlı-sanlı Riçard Lonqsborn qızların xalası Elizabet Brenuelə aşiq idi. Elizabet isə onun məhəbbətinə cavab vermir, çünki Bronte ailəsinin başçısını, Patriki sevirdi. Biçarə aşiq Riçard ümidsizliyə qapılır, ailə dəyərlərindən, parlamentdəki mövqeyindən vaz keçib Patrik kimi keşiş olmağı üstün tutur. Bundan qəzəblənən atası cənab Lonqsborn oğlunu və bütün Bronte ailəsini lənətləyir...
Yəqin ki, bu versiya hansısa yazıçının fantaziyasının məhsuludur; Xauortun antigigiyenik mühiti və təbabətin o zamankı durumu bütün tədqiqatçılara bəllidir.
Bronte bacıları da bu acı reallığın qurbanı oldular. Bir də, Bronte bacılarını həyatın maddi tərəfi çox az narahat edirdi. Onlar üçün həyatın cövhəri yaradıcılıq idi. Şarlotta, Emili və Enn Bronte... İngilis ədəbiyyatının əfsanələri...Onlar yazdılar, yaratdılar, böyük sənət əsərləri dünyaya gətirdilər. Sadəcə, yaşamağı bacarmadılar. Bu isə yalnız onlardan asılı deyildi...