Azərbaycan romanı eksperimentlərlə zəngin bir proses yaşamaqdadır. Bu prosesin daxilində “tarixi roman xətti” xüsusi olaraq diqqət çəkir. Ümumi şəkildə romana aid etdiyimiz “dağılma” və dəyişim xüsusiyyətləri tarixi roman üçün də aktualdır. Bu səbəbdən də son dövrdə yaranan tarixi romanlarda mövcud daxili “haçalanmalar”, mövzu kimi seçilən tarixi mərhələlər və tarixin təsvirinə yanaşmada olan pərakəndəlik xüsusiyyətlərini təhlil etməyə çalışacağıq.
Azərbaycan ədəbiyyatında tarixi roman haqqında təsəvvür Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında”, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”, “Döyüşən şəhər”, “Qılınc və qələm”, “Gizli Bakı” və s. tarixi romanları əsasında formalaşıb. Bu romanlar ənənəvi tarixi romanlar kimi meydana çıxıb. Müstəqillik illərində yazılan tarixi romanlarda isə ənənəviliklə bərabər, eksperiment cəhdləri, janrdaxili sintezlər müşahidə olunur.
Ötən 20 ildən artıq bir müddətdə bir çox tarixi roman yazılıbdır. Məsələn, tarixin təsvirinə olan meylin təzahürü kimi Elçinin “Baş”, Sabir Rüstəmxanlının “Göy Tanrı”, “Xətai yurdu”, “Difai fədailəri”, “Ölüm zirvəsi”, “Şair və şər” romanlarının (hərçənd ki, adı çəkilən romanları “tarixi roman” sərhədləri daxilində təhlil etmək üçün xüsusilə əsərlərdəki publisistik başlanğıc kimi müəyyən maneələr və s. var və bu haqda imkan düşdükcə danışacağıq), Yunis Oğuzun “Nadir şah”, “Təhmasib”, “Əmir Teymur” (bu romanlarda isə fakt bolluğu bədii yanaşma və yaradıcı yanaşmadan da daha üstündür və bu haqda da müəyyən qeydlər edəcəyik), Elçin Hüseynbəylinin “Don Juan”, “Şah Abbas”, “Yenə də iki od arasında”, Nəriman Əbdülrəhmanlının “Könül savaşı”, “Yolçu”, Hüseynbala Mirələmovun tarixi xronika şəklində qələmə alınmış “Nadir şah”, Mustafa Çəmənlinin “Xallı gürzə”,“Ölüm mələyi”, Çingiz Hüseynovun Nəriman Nərimanovun həyatından bəhs edən “Doktor N”, Akif Əlinin Babək hərəkatı haqqında yazılmış “Azman” romanının adlarını qeyd edə bilərik.
Sadaladığımız və sadalamadığımız romanlar müəyyən ümumiləşdirmələr aparmağa imkan verir. Müasir Azərbaycan romançılığında müəyyən tarixi şəxsiyyətlərə, tarixi faktlara və tarixi mərhələlərə təkrar-takrar müraciət edilməsi məsələsinə artıq toxunmuşuq. Müəlliflər əsasən Azərbaycan tarixinin əhəmiyyətli, konfliktli, ziddiyyətli və maraqlı mərhələlərinə müraciət edirlər və burada mütləq olaraq “tarixi yanlışlıqlarımıza” qayıdışın, problemin səbəblərini çözələmək istəyinin öz payı vardır. Mətn boyunca dəfələrlə eynu vurğuların edilməsi, bütün qəhrəmanların, situasiyaların bir nəticənin əldə olunmasına xidməti, müəllifin ya öz təhkiyəsində, ya da imkan düşdükcə qəhrəman(lar)ı vasitəsilə ideoloji məqsədə köklənməsi, hətta bəzən bu həqiqətlərin mətndə lazım olduğundan da artıq şəkildə təkrar-təkrar deyilməsi və s. tarixi romanlarımızda diqqəti çəkən xüsusiyyətlərdən birincisi kimi qeyd edilə bilər. Əslində, bu, əksər müəlliflərin hansısa “ideoloji məqsəd”ə xidmət edərkən ən çox yol verdikləri yanlışlıqdır. Və ədəbi materiallarda çox açıq şəkildə özünü göstərir. Son vaxtlar yazılan tarixi romanları oxuyan hər bir kəsdə belə bir təsəvvür yarana bilər ki, bu janra müraciət edənlər keçdiyimiz tarixin möhtəşəmliyini və səhvlərimizin böyüklüyünü mütləq olaraq qabartmağı (həm də hər addımda) sanki əsas və başlıca məqsəd kimi bəlirləyirlər.
Hegel yazırdı: “Tarixçi, həqiqətən də, baş vermiş hadisələri nə qədər təsvir etməyə çalışırsa - çalışsın, o, bu rəngarəng hadisələr və xarakterlər məzmununu öz təsəvvürlərinə daxil etməyə və ruhən onu canlandırmağa məcburdur. Belə bir təkrar yaradılış zamanı o ayrı-ayrı detalların dəqiqliyi ilə yetinməyi bacarmayacaq, eyni zamanda bütün dərk edilənləri səliqəyə salmaq və tərtib etmək, bu zaman ayrı-ayrı xüsusiyyətləri, rəftarları, əməlləri, hadisələri elə bir şəkildə ümumiləşdirmək və qruplaşdırmaq istəyəcək ki, bir tərəfdən bizim gözlərimizin önündə millətin, zamanın, zahiri şərtlərin, hərəkət edən individlərin daxili böyüklüyü və yaxud zəiflikləri aydın obrazlı şəkildə canlansın, digər tərəfdən isə ayrı-ayrı hissələrdə xalqın tarixi əhəmiyyətli hansısa hadisəsi ilə qarşılıqlı əlaqə açıq-aydın şəkildə görünsün”.
Tarixi romanın daşıdığı missiyalardan ən əsası budur. Lakin yalnız buna köklənərək yazmaq bir çox hallarda fərqli nəticələrə gətirib çıxara bilər. Yəni “böyük ideyaya qapılma” bəzən bədiiliyi, poetikanı arxa plana ata bilir.
Bu məqamda onu da deyək ki, bu cür nümunələr ədəbiyyatımızda yetərincədir.
Məsələn, Nəriman Əbdülrəhmanlının roman-salnamə kimi yazılmış “Yolçu” romanına müraciət edək. Müraciətimizin səbəbi isə, əslində, bir çox cəhətdən uğurlu bir nümunə olan bu əsərdə tarixi romanların əksəriyyətində yol verilən nöqsanların birləşməsidir.
* * *
“Yolçu”da Yusif Tiflisi adlı Tiflisdə doğulmuş bir türkdən söhbət gedir. Uşaq yaşlarından valideynləri öldürülən, yetim qalan, bir gürcü ailənin himayəsində böyüyən və elə o ailənin də sayəsində təhsil almaq üçün Parisə yollanan bu yeniyetmənin həyat yolunu özü deyil, təsadüflər müəyyən edir. Daha doğrusu, “tale” adlandırdığımız “kənarqüvvə”...
Tale onun yolunu gah Venetsiyadan salır, gah İstanbula yönləndirir, gah Təbrizə aparıb çıxarır, gah da Naxçıvana...
Əsər bir ailənin faciəsi ilə başlasa da, sonra macəra effekti qazanır və səyahətnamə kimi davam etdirilir. Amma bu iki xüsusiyyətinə baxmayaraq, gedişatda (yazı prosesində) tarix baş verən hadisələrdə əvvəlcə fon kimi meydana çıxır, daha sonra isə əsərin əsas obyektinə çevrilir. Yəni əsər səyahət-romandan tarixi romana adlayır.
Müəllifin İstanbuldakı tarixi-siyasi hadisələrə, daha sonra Nadir şahın həyat və fəaliyyətinə çox böyük bir yer ayırmaq istəyi nəticədə tarixi və tarixi şəxsiyyətləri ön plana çıxararaq, tarixi kölgədə qalmaqdan qurtarır.
Düzdür, romanda səyahətnamələrə xas şəkildə, bir çox ölkələri gəzən qəhrəmanının keçdiyi yollar, məmləkətlər, şəhərlər təsvir edilir. O yerlərin məişətindən, həyatından, insanlarından tutmuş xüsusi özəlliklərinin təsvirinə qədər bir çox incəliklərə müraciət olunur. Və bununla da, səyahətnamə kimi, roman öz funksiyasını tam bir şəkildə yerinə yetirmiş kimi görünür. Baxmayaraq ki, hər şey bayaq da qeyd etdiyimiz kimi, şəxsi taledən, fərdi faciədən başlamışdı... Amma roman getdikcə keçilən yollardan, o yolların toxunduğu dövlətlərdən daha çox, o məmləkətlərin tarixinin təsvirinə yönəlir və bununla da öz funksiyasını dəyişməyə başlayır.
Tiflisdən başlanan, Fransada, daha sonra Venetsiyada davam edən tarixi həqiqətin təsviri və tarix marağı İstanbula qədər yüksələn xətlə inkişaf edir, Muğan düzündə pik həddə çatır. Məhz bu yerdən etibarən tarix də, tarixi şəxsiyyət də ön plana adlayır. Və ən başlıcası, romanda əsas diqqət (hətta bütün roman boyu deyə bilərik) ideoloji istiqamətə yönləndirilir. Çünki bütün hadisələr, bütün faktlar və təsvirlər, əsasən, türk dövləti, türk tarixi, türkün yol verdiyi “erməni səhvi”, türkün adladığı və idarə etdiyi dövlətlər və s. şəklində ortaya çıxır.
“Yolçu” romanında oxucu Osmanlı - Səfəvi münasibətləri, türkün türklə savaşı və bunun əsasında duran sünnü-şiə məsələsi, bunun aradan qaldırılmasının vacibliyi və s. ən əhəmiyyətli, haqlı və əsaslı problemlər qaldırılır. Məzhəb ayrıseçkiliyi türk birliyinin qarşısını alan ən böyük maneə kimi dəyərləndirilir. Bundan başqa, əsərdə qaldırılan ən vacib problem isə hər addımda qəhrəmanın da, oxucunun da üz-üzə gəldiyi erməni fitnəsi, erməni problemidir.
Bir daha qeyd edirik ki, müstəqillik illərində yazılan tarixi romanların böyük qismində rast gəldiyimiz ən başlıca problem məhz budur. İdeoloji istiqamət seçən müəllif öz məramının və ifadə olunması arzulanan həqiqətin birbaşa ifadəsinə yol verir.
Bununla da qəhrəmanın deyil, tarixi şəraitin deyil, öz mövqeyini ortaya qoymuş olur.
Həm də fikir elə bir şəkildə ifadə olunur ki, qəhrəmanın dilindən deyilsə belə, müəllifə aidliyi dəqiq bir şəkildə müəyyən edilir. Hərçənd ki, “Tarixi romanın ideyalar sferasını təhlil edərkən biz əsərdə iki səviyyə müəyyən edirik: tarixin fəlsəfəsi, müəllifin konsepsiyası və əsərdə əksini tapmış tarixin ideyası”. Amma bu romanda tarixi gerçəklikdən doğan müəllif konsepsiyası daha üzdə görünməkdədir və tarixin özünün öz fəlsəfəsini, öz həqiqətlərini söyləməsinə imkan vermədən onu qabaqlayır.
“Yolçu” romanında Osmanlı dövlətinin, Səfəvi dövlətinin apardığı siyasət, Əfşarların hakimiyyəti illərində baş verən qarışıqlıqlar, xüsusilə Nadir şahın hakimiyyəti zamanı bölünmüş torpaqları birləşdirmə çabası, eyni zamanda yol verdiyi “erməni yanlışlığı” və s. təsvir edilənlərin həddindən artıq üst qatında qalır. Fakt kimi, problem kimi, birbaşa çatdırılması arzulanan düşüncə kimi... Və fikrimizcə, məhz bu səbəbdəndir ki, romanın əvvəlində, xüsusilə də Nadir şah haqqında yazılmış hissəyə qədər olan bölümlərdə temp və təsvir “balansı” qorunur, eyni “sürət”ə əməl edilir, eyni “çəki” və “ağırlıq” gözlənilir, ölkələrin, yolların, hadisələrin şəxsi tale fonunda təqdimatında “milli təəssübkeşlik” hissi görünməz qalır, lakin məhz Nadir şaha, Osmanlı dövlətinə aid olan bölümlərə adladıqca “müəllif” və “müəllif münasibəti”, “ideoloji təsir tələbi”, “təəssübkeşlik” hissi açıq bir şəkildə meydana çıxır. Həm də dəfələrlə vurğulanaraq müəllifin çatdırmaq istədiyi və bir çox məqamlarda hadisələr, təsvirlər vasitəsilə bədii bir biçimdə çatdıra bildiyi “erməni həqiqəti” sonradan emosiyanın idarə olunmaması səbəbindən daha “ritmik” təkrarlarla, daha açıq və yalın şəkildə vurğulanaraq mətnə gətirilir. Hətta özü ilə birlikdə müəllifi də, onun münasibətini də gətirmiş olur.
Müstəqillik illərində tarixi romanda bir çox müəlliflərin yol verdikləri bu vasitə (bu yanlışlıq!) tarixi romanın, həm də çox uğurlu bir mətnə çevrilə biləcək tarixi romanın uduzduğu, itirdiyi məqamdır.
Tərəfsiz münasibətin olmaması, daha doğrusu, müəllif münasibətinin, müəllif canfəşanlığının açıq bir şəkildə müşahidə edilməsi “Yolçu”ya da mənfi bir xüsusiyyət yükləyir. Halbuki bu məqamda soyuqqanlı və “müəllif münasibətinin gizlədilməsi” ilə yaradılmış, təsvir edilmiş hadisələrin daha böyük təsir gücü olardı. Çünki müəllif bir yazıçı kimi Yusif Tiflisinin şəxsi taleyini işlərkən öz istəyinə nail olur. Faciəni öz qəhrəmanına (oxucuya da həmçinin!) sözün əsl mənasında yaşada bilir. Oxucu Yusif Tiflisinin doğulduğu, böyüdüyü mühiti də, yaşadığı həyəcanları və faciələri də dəqiq görür.
Yazıçının yaratdığı və təsvir etdiyi situasiyaların canlılığı (məsələn, Yusifin ailəsinin qətli səhnəsi, yaxud Yusifin qonşu ailəyə aparılması, meylini dayəyə salması, özünü o ailədə necə hiss etməsi çox canlı, real, təsirli işlənmiş səhnələrdir, müəyyən xarakterlərin reallığı (ciyərinin qanını içən çaqqal kimi obrazlı bir şəkildə adlandırdığı qəhrəmanının xarakterinin təsviri, onun Yusifin ruhuna, yaddaşına, xarakterinə, həyatına təsirinin canlı bir şəkildə yaradılması, sonunun məntiqi şəkildə gətirilməsi, lakin bunun bir təskinlik olmaması qənaətinin çıxarılması - həm də oxucu tərəfindən) müəllifin əsərdə əldə etdiyi qələbələrdir.
Yusif Tiflisi alınmış bir qəhrəmandır. Öz taleyi, ağrıları, tərəddüdləri, həyatının ilk illərində baş verən hadisənin təsirini ömrü boyu xarakterində və ruhunda yaşatması ilə oxucunun gözləri qarşısında canlı-qanlı bir şəkildə peyda olur. Yeri gəlmişkən deyək ki, bu psixoloji məqam müəllif dəqiq işləmişdir, çünki öz yolunu müəyyənləşdirəcək və dəyişdirəcək yaşda və vəziyyətdə olduqda da Yusif Tiflisi hər şeyi taleyin ixtiyarına buraxır və axın onu hara sürükləyirsə, ora da üzməyə razılıq verir. Boyun əyir. Taleyə tabe olur. Nəyisə dəyişdirə biləcəyini dərk etsə də, buna cəhd göstərmir.
Onun hər an gözlərinin önündə və xəyalında yaşatdığı ölüm səhnəsi təkcə özünə deyil, oxucuya da rahatlıq vermir. Onu da sarsıdır. Onun da gözlərinin önündə tez-tez canlanır. Fikrimizcə, bu da romanda ən çox alınmış məqamlardan biridir. Yusif Tiflisi öz real ağrıları ilə oxucu ilə bütünləşə bilir.
Əsərdə ən maraqlı xətlərdən və qəhrəmanın xarakterini müəyyən edən istiqamətlərdən biri də Yusif və Züleyxa xəttidir. Bu nakam məhəbbət, bu məhəbbətin 60 illik ömürdə yaşanmışlara, keçilmişlərə baxmayaraq, hələ də qəhrəmanın qəlbində təzə-tər qalması, müəllifin qəhrəmanı sona qədər ona doğru - həm də Tiflis sevdasına doğru aparması düzgün və uğurlu seçilmiş psixoloji istiqamətdir. Eyni zamanda Yusifin özünü, taleyini elə başlanğıcdan axara buraxması, hətta qəti qərar qəbul edərək üzünü Tiflisə çevirmək istədiyi anlarda belə qədərin, talenin axınında “hər şeyə boş verərək axması” xarakterini tamamlayır. Bu keyfiyyət əvvəldən-axıra - romanın sonuna qədər dəfələrlə baş verən hadisələr fonunda öz təsdiqini tapır. Amma qeyd etdiyimiz kimi, romanda “balansın” qoruna bilməməsi və hadisələrin müəllifin deyil, müəllifin hadisələrin axınına və təsirinə qapılaraq “sürüklənməsi” sonda toparlanma baş versə də, əsəri və müəllifi tam məqsədinə çatdıra bilmir. Hadisələri və təsvirləri əvvəlcədən müəyyən edilmiş məcradan çıxarır. Bu dəfə müəllif özü o axından ayrılmağa müyəssər olmur. Daxilindəki “türk sevdası”, “türk tarixinə bağlılıq”, məsələn, məhz Nadir şahla bağlı hissədə “balansı” pozur. Ön hissəyə müəllifin qəhrəmanı deyil, tarixi bir şəxsiyyət adlamış olur. Halbuki digər hissələrdə - hətta İstanbul həyatının təsvirində belə - tarix fon kimi görünürdü. İlk yerdə Yusif idi, onun yaşantıları, onun ağrıları, onun hissləri idi.
Tarixin həmin mərhələsində baş verlənlər isə, onun içində olduğu hadisələr olsa da, ondan arxada qalırdı. Nadir şahla bağlı hissədə isə, əksinə, tarix kölgədən çıxır.
Bu adlamalar və bu “oynamalar” nəticəsində də macəra, səyahət və tarixi roman xüsusiyyətlərinin sintezi ortaya gəlir.
Eyni düşüncəni Məmməd Orucun “Qara güzgü” romanı haqqında da söyləyə bilərik... Amma bu roman barədə yazılarımızdan birində söz açdığımız üçün üzərində xüsusi dayanmayacağıq.
Tarixi romanlarımızda müşahidə edilən daha bir problem tarixi faktın təqdimi ilə bağlıdır. Fakt və bədii təxəyyül balansının qorunmaması, bunların bir-birinə müdaxiləsinə nəzarətin itirilməsi, daha çox faktı çatdırmaq istəyinin müşahidə altında saxlanılmaması xüsusilə qabarıq şəkildə görünür.
Tarixi romanda xronologiya, daha çox fakta söykənərək, qəhrəman, situasiya, problem, konflikt yaratmaqdan diqqətin yayınması diqqət çəkir.
Əlbəttə, keçən yazıda da qeyd etdiyimiz kimi, tarixi romanda əsas olan tarixi faktdır - bu doğru. Amma bədii mətndə bundan daha vacib olan vasitədir, yəni tarixi faktın necə təqdim olunması... Müəllifin bunun üçün seçdiyi yollar, üsullar... Tarixi fakt yalın, həyat həqiqətləri və bədiiliklə süslənmədən təqdim olunduqda roman alınmamış qalır.
Fakt bolluğunun içərisində tarixi qəhrəman da, çox əhəmiyyətli, konflikt yüklü tarixi hadisə də itib-batır, görünməz olur. Və təəssüf ki, əksər hallarda bizim tarixi romanlarda faktlar o qədər çoxluq təşkil edir və o qədər bol olur ki, müəlliflər onların sadalanmasından obraza, xarakterə, konflikt yaradılmasına və təqdiminə diqqət yetirmədən yol alırlar. Bununla da hadisədən-hadisəyə, faktdan-fakta adlanılır, oxu prosesinin sonunda isə, əslində, dramatik olan bu hadisələrin heç biri yadda qalmır.
Fakt irəli, bədii həqiqət arxa plana keçir. Hər biri bədii hadisə ola biləcək, hər biri ayrılıqda süjet təşkil edəcək hadisələr bir yerə toplanaraq yalnız fakt keyfiyyətində mətnə daxil olduğu üçün roman öz mahiyyəti və keyfiyyəti baxımından uduzmuş olur.
Nümunəyə keçməmişdən əvvəl bir qədər araşdırmağa çalışaq: faktla təxəyyülün bədii romanda movcud olan və ya olmalı nisbəti necədir?
Əvvəlcə qeyd edim ki, bu, ədəbiyyatşünaslıqda çox müzakirə edilən və diqqət yönəldilən problemlərdən biridir. Çünki tarixi romanın uğurunu təmin edən əsas xüsusiyyətlərdən biri (təbii ki, müəllif istedadından sonra) həmin nisbətin qorunması, daha doğrusu, “qızıl orta”nın tapılmasıdır.
Onsuz da, bizim tarixlə bağlı biliklərimiz hər zaman təxmini və qeyri-dəqiq olacaqdır. Çünki tarix elmində belə faktlara münasibət birmənalı deyil. Təqdimat da həmçinin. Sadəcə, tarix elmindən fərqli olaraq, tarixi roman bir sıra vacib keyfiyyətlərə malikdir: o, tarixi canlı insanlar, onların taleləri vasitəsilə təqdim edir. Müəllif quru faktlar və hadisələrdən, şəkillər və sənədlərdən görüb öyrəndiklərindən elə bir şəkildə istifadə etməli, onları elə təqdim etməlidir ki, oxucuda bu hadisələrin həqiqətən baş verdiyi təəssüratı ilə yanaşı, həm də canlanma, təxəyyüldə “tarixi yenidən yaratma” - tarixin yaddaşa hopma hadisəsi baş versin. Məhz bədii mətnin - tarixi romanın vasitəsilə hansısa tarixi şəxsiyyət, hansısa tarixi hadisə mahiyyəti etibarilə oxucu üçün açılsın, aydınlaşsın və aradan keçən vaxta baxmayaraq, “yaxın gələ” bilsin.
Müəllif tarixi roman janrının çərçivələri daxilində tarixi həqiqətlərlə bağlı nə dərəcədə və hansı sərhədlərə qədər interpretasiya etmək hüququna malikdir?
Fikrimizcə, qoyulan əsas suallardan biri elə budur. Çünki “əsl tarixi roman hansısa bu və ya digər tarixi həqiqətin bədii restavrasiyasıdır”. Bərpasıdır. O nə həqiqətə xələl gətirməli, nə də bədii məziyyətlərdən, təxəyyül məhsulundan xali olmalıdır. Təxəyyül fakt ətrafındakı boşluqları doldurmağa, yarımçıqları tamamlamağa, ən əsası, dövr, proses, zaman və məkan haqqında real təsəvvürlər yaratmağa köklənməlidir. Halbuki, müxtəlif yazılarda dəfələrlə müzakirə etdiyimiz və toxunduğumuz bir məqam bu problem araşdırıldıqda da yenidən ortaya çıxır: Azərbaycan romançılığında faktdan istifadədə diqqəti çəkən iki tendensiya daha üzdədir və daha çox müşahidə olunur:
Ədəbiyyatşünaslıqda bununla bağlı müxtəlif fərziyyələr mövcuddur. D.Kozlov “Tarixi janr” məqaləsində qeyd edir ki, “tarixi faktlara əsaslanaraq müəllif hər zaman eyni zamanda yenə də yaradıcılıq təxəyyül yolu ilə gedir, çünki onsuz sənət mümkün deyil. O, təkcə olanları deyil, eyni zamanda da ola biləcəkləri təsvir edir”. Yaradıcılıq təxəyyülü görünən və “ola biləcək” boşluqları doldurmaq funksiyası daşıyır. Bu məqamda əsas məsələ böyük bir mərhələdə baş verən bütün tarixi hadisələr və onların ətrafında mövcud boşluqlar deyil, müəllifin konkret olaraq seçdiyi və ön plana çəkdiyi hadisə (tarixi şəxsiyyət) olmalıdır. Və fikrimizcə, bədii həqiqət tarixi həqiqətə ələl gətirmədən işlənməli, yaradılmalıdır. Bununla bağlı B.Reizovun fikri də maraqlıdır: “ Nəticə etibarilə, tarixi romandakı bədii həqiqət tarixi həqiqətdən fərqlənirsə də, o da onunla ki, o daha az təfərrüatı ilə detalları, daha böyük dəqiqliklə isə epoxanın mahiyyətini yenidən bərpa edir”.
Tarixi həqiqətlərin əks etdirilməsi zamanı bunların rəsmi dövlət sənədləri olubolmadığı, yaxud gündəliklər, məktublar, əlyazmalar olması mütləq nəzərə alınmalıdır.
Yəni obyektiv tarixi həqiqətmi, subyektiv münasibətmi əks olunur - əsas məsələ bundadır. Bizə elə gəlir ki, məktublarda, subyektiv adlandırılan əlyazmalarda da tarixi həqiqətin əsl siması daha çox görünə bilər. Çünki bu zaman tarixi həqiqətə subyektiv yaşam bucağından, bir şəxsiyyətin hissləri və duyğuları bucağından yanaşılır. Bəzən rəsmi sənədlərin gizlətdiyi həqiqətləri hansısa şəxsi məktublar, yazışmalar ifadə edə, özündə yaşada bilir. Və məhz bu məqamda yazıçının təxəyyülü hesabına üz tutduğu məktublar, yazışmalar daha təsirli olur.
“Tarixi roman bu günü daha yaxşı anlamağa yardım edərək və gələcəyi öncədən görməyə kömək edərək keçmişi araşdırır. O eyni zamanda üç zaman koordinantına istiqamət alır və hər üç zamanda yayılır. Elə Hegelin tarixi romandakı tarixilik və müasirliyin əlaqəsi haqqında fikir yürüdərkən gəldiyi nəticə olan dixotomiya (haçalanma) da özünü elə bunda göstərir: “ümuminsani məzmun və onun zahiri forması kimi tarixi material keçmişə yalnız zahiri bağlılıqdır. Tarixin fəlsəfəsi müəllifi tarixi romanın tarixi müasirlikdə (romanın yaranma zamanında) və tarixi gələcəkdə (onun oxunma zamanında) işləməsini (fəaliyyətini) təmin edir. Bu, ilk növbədə, onun ümumbəşəri məzmununu təşkil edir.
Biz bu romanlar arasında tarixi fakt və xronologiya, tarixi fakt və bədii uydurma məsələsini Mustafa Çəmənlinin romanları üzərində təhlillə araşdırmağa çalışacağıq.
Bu haqda növbəti yazıda.__