Orta əsrlər Yaxın Şərq (türk-oğuz) ədəbiyyatının nadir incilərindən biri olan «Kitabi-Dədə Qorqud» dastanı aşkar olunduğu vaxtdan bu günə qədər fasiləsiz olaraq dünyanın bir sıra görkəmli şərqşünaslarının dərin tədqiqat obyekti olmuşdur. Hazırda şərqşünaslıq (türkologiya) sahəsinin çox geniş sahələrindən biri olan qorqudşünaslıq özünün yeni araşdırma həyatını yaşayır.
İstər-istəməz adamda elə təsəvvür yarana bilər ki, H.Dits, E.Rossi, T.Nyöldeke, N.Konrad, V.Bartold, V.Jirmunski, O.Ş.Gökyay, M.Ergin, H.Araslı, Ə.Sultanlı, Ə.Dəmirçizadə, X.Koroğlu kimi dünyanın korifey qorqudşünaslarının, eləcə də müasir qorqudşünas, akademik Kamal Abdullanın özünün və neçə-neçə çoxsaylı digər müasir tədqiqatçısının apardıqları çoxsaylı və dərin məzmunlu araşdırmalardan sonra bu sahədə yeni heç nə demək olmaz. Amma Kamal Abdullanın bu yaxınlarda çapdan çıxmış «Kitabi-Dədə Qorqud» poetikasına giriş. Dansökülən variant»1monoqrafiyası bir daha sübut etdi ki, bu mövzu tükənməzdir, kainatın özü kimi sonsuzdur. Kamal Abdulla bu kitabı ilə bir məlum həqiqəti də sübut etdi ki, KDQ kimi möhtəşəm, böyük ədəbi abidələr sonsuza qədər araşdırma obyekti ola bilər və elə yazıçı, elə bədii əsər nümunələri var ki, onları tədqiq etməklə, öyrənməklə qurtaran deyil, hər yeni günün, hər yeni mühitin belə abidələrə yeni yanaşması, yeni araşdırma metodologiyası olur və olacaqdır. «Kitabi-Dədə Qorqud» dastanına həsr edilmiş, haqqında bəhs edilən bu kitab da məhz həmin arqumenti bir daha təsdiq edir.
Kamal Abdullanın bu kitabını «Kitabi-Dədə Qorqud» dastanı sahəsində az qala əlli ilə yaxın apardığı linqvopoetik, mif yaradıcılığı və bədii-poetik araşdırmalarının və elmi-bədii ümumiləşdirmələrinin məntiqi nəticəsi hesab etmək olar. Ümumiyyətlə, götürüldükdə isə, bu möhtəşəm türk-oğuz epik abidəsi onun elmi və bədii yaradıcılığında mühüm yerlərdən birini tutur və, demək olar ki, hətta onun intellektual yaradıcıdıq həyatının ana xəttini təşkil edir desək, səhv etmərik (Yeri gəlmişkən: kim ki, «Kitabi-Dədə Qorqud» dastanı ilə dərindən və ürəkdən məşğul olmağa başlayırsa, ömrünün sonuna qədər ondan ayrıla bilmir). Kamal Abdulla, sadəcə
olaraq, bir alim kimi bu dastanın filoloji araşdırılması ilə kifayətlənməyib, yeni yanaşma yolu ilə gedərək, bu əsərin motivləri əsasında, demək olar ki, həm də tam postmodernistüslubdavə formada «Yarımçıqəlyazma» (roman), «Casus» (pyes) kimidərinməzmunlu, orijinalbədiiəsərlərdə yazmışdır.
Bu monoqrafiyanın ideya-məzmun xüsusiyyətlərini obyektiv və hərtərəfli təhlil etmək üçün alim və yazıçı Kamal Abdullanın mənsub olduğu ədəbi cərəyana, onun Azərbaycan ədəbiyyatında və ədəbiyyatşünaslığında tutduğu yerinə, eləcə də onun bədii yaradıcılığına, ötəridə olsa, nəzər salmaq lazımdır.
Azərbaycan bədii ədəbiyyatında (həm nəsr, həm poeziya, həm də dramaturgiya sahələrində) Kamal Abdulla postmodernist ədəbiyyatın yaradıcılarından biri (bəlkə də, birincisi) olduğu kimi, elmi araşdırma sahəsində də postmodernist, poststrkturalist-semantik nəzəriyyəçi alim kimi tanınmışdır. Onun «Kitabi-Dədə Qorqud» poetikasına giriş» kitabı da Azərbaycan filoloji elmində bu istiqamətdə yaranmış qiymətli bir elmi hadisədir. Bu kitabın yeniliyi həm onun elmi metodologiyasında, həm ideya-məzmununda, həm formasında, həm də dil və üslubunda (qrammatikasında) özünü göstərir.
Filologiya elmində (üslubiyyat səhəsində) belə bir ənənə-tendensiya formalaşıb ki, bir elmi üslub, bir ədəbi üslub, bir də şifahi nitq (danışıq) üslubu var. Sanki bunları bir-birinə qarışdırmaq olmaz. Məlum olduğu kimi, hələ lap qədim dövrlərdən (antik dövdən) başlayaraq, həm Qərb (qədim Yunanıstan və qədim Roma), həm də klassik Şərq üslubiyyatında belə bölgü, bu sayaq «üslubi» ayrılma-parçalanma olmayıb.
Homerin «İliada» və «Odisseya» dastanları bədii əsər olmaqla yanaşı, həm də əsl bir elmi mənbədir (tarixdir, fəlsəfədir, mifologiyadır, sosiologiyadır və s.), Hesiodun «Zəhmətlər və günlər», «Teoqoniya» poemaları həm bədii, həm də elmi əsər nümunələridir. Təsadüfi deyil ki, Herodotun «Tarix» əsəri «poema», Lukretsi Karın «Şeylərin təbiəti haqqında» fəlsəfi poeması isə, ən ciddi fəlsəfi risalədir. Plutarxın «Müqayisəli həyatların təsviri», Svetoninin «On iki Sezar», M.Montenin «Təcrübələr» («Esselər») və neçə-neçə bu qəbildən olan əsərlər elmiliklə bədiiliyin kəsişdiyi nöqtədə, sintezində yaranmışdır. Qərbin klassik dövrünün və bütün sonrakı dövrlərinin ədəbiyyatlarında (həm bədii ədəbiyyatda, həm də ədəbiyyatşünaslıqda) bu tendensiyanın bariz nümunələri istənilən qədərdir. Eyni fikri çoxsaylı Şərq ədəbiyyatı (ədəbiyyatşünaslığı) sahəsinə də aid etmək olar (Konfutsinin, Ö.Xəyyamın, N.Gəncəvinin, M.Füzulinin, C.Ruminin əsərləri, Fərabinin, İbnHaldunun, İbn-Sinanın, İbn-Rüştün fəlsəfi risalələri, Ö.Çələbinin «Səyahətnamə»si və s.).
Həm klassik, həm də müasir dünya ədəbiyyatına dərindən bələd olan Kamal Abdulla həmin nəzəri-estetik konsepsiyaya yaxşı bələd olduğu üçün, filoloji elmində kök salmış bu tendensiyaya qarşı çıxmış, özünün yeni yaradıcılıq üslubunu (elmibədii-şifahi nitqin vəhdətindən yaranan üslubu) təklif etmişdir. Bu təklif Azərbaycan filologiyası üçün yenidir, gözlənilməzdir, iddialıdır. Bu həm də müəyyən qədər cəsarətli iddiadır (mübahisəyə səbəb ola bilər). Kamal Abdullanın yenilikçiliyi (modernizimi), həm bədii ədəbiyyata, həm də elmə orijinal yanaşmasında, ənənə üzərində yeni tendensiyalar yaratmasındadır. Kamal Abdullanın bədii və elmi üslubunu qəbul edənlər də, etməyənlər də ola bilər və var. Onun üslubunu dilçi alimin «dil pintiliyi» və yaxud yaxşı mənada «estetik pintilik» (məs. Salam Sarvan) adlandıranlar da var. Kamal Abdulla həm elmi, həm də bədii yaradıcıdığında bilə-bilə (şübhəsiz ki, bu belədir), akademik dilçi alim statusunun ziddinə olaraq, səliqəli, nizam-imtizamlı, ütülü yazı tərzindən imtina edir, dil protokolunu pozur, yeni, tam mənada orijinal ifadə forması yaratmağa can atır. Bu, onun yenlikçiliyindən irəli gəlir.
Belə ki, bu, Kamal Abdullanın bütün yaradıcılıq sistemində olduğu kimi, dil-üslub sahəsində də modernizminin (postmodernizmin), orijinallığının ifadəsidir.
Hər bir millətin ədəbiyyatında, mənəviyyat tarixində tabu olan, az qala müqəddəsləşən əsərlər, ədəbi-bədii abidələr var. Bu abidələr müəyyən mənada fetişləşib, toxunulmaz olub, sanki onlara əl vurmaq olmaz, yaxud da onlara yalnız bir - ənənəvi prizmadan yanaşmaq olar. «Kitabi-Dədə Qorqud» dastanı da məhz belə abidələrdəndir. Onun mətni də, mövzuları da, motivləri də, obrazları da, ideya-məzmunu da az qala müqəddəslik səviyyəsinə qalxıb. Demək olar ki, bütün dövrlərdə (ənənəvi yanaşma kontekstində) bu dastana münasibət bu sayaq olub.
Kamal Abdulla özünün «Dədə Qorqud» dastanı haqqında yazdığı elmi kitabları və bədii əsərləri ilə bu təsəvvürləri pozdu, qədim türk-oğuz mədəniyyətinin bu nadir incisinin üzdə olmayan, adi oxucunun (tamaşaçının) adi gözlə görə bilmədiyi ünsürləri («Gizli Dədə Qorqud»u, «Sirr içində Dədə Qorqud»u) üzə çıxartdı və sübut etdi ki, bu dastanın mənəvi-əxlaqi, bədii-estetik, fəlsəfi-məna potensialı, daxili energiyası və poetikası düşünüldüyündən qat-qat dərindir, çoxqatlıdır, onun gizlinləri, sirli qatları görünənlərdən, üzdə olanlardan az deyil.
Kamal Abdulla «Kitabi-Dədə Qorqud» dastanının poetikasını (V.Jirmunskinin, V. Vinoqradovun, D.Lixaçovun, Y.Lotmanın, M.Baxtinin, U.Ekonun poetika konsepsiyalarının davamı olaraq) yenilikçi istiqamətdə araşdırır və onun ən dərin qatlarını, gizlinlərini üzə çıxardır. Kamal Abdullanın əsas (aparıcı) tədqiqat istiqamətlərindən biri olan «Gizli (sirli) Dədə Qorqud» konsepsiyasının araşdırılmasını obrazlı olaraq dastanın özündə olan bir motivlə müqayisə etmək olar. Dastanın mifoloji qəhrəmanlarından biri olan Təpəgözün dünyaya gəlməsi ilə bağlı motivdə deyilir: «Çoban ilərü vardı. Gördi kim, bir yığanaq yatur, yıldır-yıldır yıldırır… Çoban bu yığnağı görcək ibrət aldı. Geri döndi. Sapan taşına tutdı. Urdıqca böyüdi»2. «Kitabi-Dədə Qorqud»un gizlin qatları, adi gözlə görünməyən sirli nüvəsi Kamal Abdulla üçün belə «yığnaq» oldu. Kamal Abdulla onu «sapan taşına» tutdu, bu «yığnaq» getdikcə «böyüdi». Bu «yığnaq»dan əvvəlcə «Gizli Dədə Qorqud» (1991. - 148 səh.) dünyaya gəldi, sonra o, bir az «böyüdi», «Sirr içində dastan və yaxud, Gizli Dədə Qorqud - 2» yarandı (1999. - 288 səh.), sonra yenə «böyüdi», «Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud» (2009. - 373 səh.) meydana gəldi. Nəhayət, o «yığnaqdan» dünyaya bir «təpəgöz», Dədə Qorqud haqqında sanballı bir kitab - «Kitabi-Dədə Qorqud» poetikasına giriş. Dansökülən variant» (2017. - 320 səh.) gəldi. Tədqiqatçının özünün də dediyi kimi, bu da hələ son deyil. Çünki, «Kitabi-Dədə Qorqud»un mövzu potensialı və problematikası, gizlinləri istənilən qədərdir, sonsuzdur, tükənməzidir.
«Kitabi-Dədə Qorqud» dastanının gizli (alt) qatlarını açmaq üçün Kamal Abdulla ilk dəfə olaraq Azərbaycan folklorşünaslığında, dilçiliyində mətnin struktur-semantik təhlil metoduna, diskurs araşdırmasına müraciət etdi. Kitabın elə ilk səhifələrinin birində o, qarşısına qoyduğu məqsədi belə şərh edir: «…KDQ mətninin immanent təhlili, başqa sözlə, digər, daha dərindəki, daha gizli, tarixəqədərki, kosmoloji qatına aparan yol, istəsək də, istəməsək də mifloloji yanaşmalardan, müəyyən özünəməxsus struktur-semantik və semiotik prinsiplərin tətbiqindən, Mağara mədəniyyətindən, makrokosm hadisələri ilə mikrokosm hadisələri arasındakı izomorfizmin üzə çıxarılmasından, ikili dixatomiyalardan (xüsusilə, Kosmos-Xaos qarşıdurmasının bədii mətndəki təzahüründən) keçib gedir» (səh. 32). Kamal Abdullanın elmi və bədii üslubu üçün səciyyəvi olmayan bu akademik cümlə, əslində, tədqiqatın başlıca istiqamətlərini, metodoloji özəyini özündə ehtiva edir.
Kamal Abdullanın həm «Kitabi-Dədə Qorqud» poetikasına giriş», həm də bu dastana həsr etdiyi digər elmi və bədii əsərlərindən çıxış edərək bu tədqiqatçının araşdırma özəlliyi, özünəməxsus təhlil üsulu (və üslubu) haqqında da xüsusi konseptual səciyyə daşıyan bir cəhət kimi bəhs etməyə ehtiyac var. Bu cəhət yuxarıda haqqında ötəri də olsa bəhs edildiyi elmi ədəbiyyatın obrazlılığı (elmi arqumentlərin metaforik formada təqdim edilməsi) və bədii ədəbiyyatın elmiliyi
(intellektualllıq) məsələsidir. Kamal Abdullanın son dövr əksər elmi əsərlərinin, eləcə də «Kitabi-Dədə Qorqud» poetikasına giriş» kitabının dil-üslub xüsusiyyətləri məhz elmi üslubun metaforik ifadə forması prinsipi əsasında hazırlanıb (çox güman ki, alimin bu üslubu onun yazıçılığı ilə əlaqədardır). Kamal Abdullanın bu tədqiqatının da elmi və bədii üslub vəhdəti («Gizli Dədə Qorqud»da olduğu kimi), tədqiqatın dili və ifadə tərzi, haqqında bəhs olunan kitabın müəyyən yerlərində (məs. Mağara dövrü ilə əlaqədar hissə və s.) müşahidə edilir.
Haşiyəyə çıxaraq, onu da qeyd etmək lazımdır ki, bu gün müasir Azərbaycan ədəbiyyatında postmodernist ədəbiyyatın görkəmli nümayəndəsi Kamal Abdulla hesab olunur. Bu fikir, demək olar ki, əksər nüfuzlu milli və xarici ədəbiyyatmütəxəssisləri (L.Anninski, L.Bejenaru və s.) tərəfindən də təsdiq edilir. Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşər ki, müasir dünya ədəbiyyatında postmodernist ədəbiyyatın və postmodernizm ədəbi cərəyanının patriarxı hesab olunan məşhur italyan yazıçısı Umberto Eko da bu fikri təsdiq etmişdir. Məlum olduğu kimi, postmodernist ədəbiyyatın bir istiqaməti də intellektuallığı özündə ehtiva edən «professor ədəbiyyatı» qoludur. Həm Umberto Eko, həm də Kamal Abdulla məşhur yazıçı olmaqla yanaşı, həm də ədəbiyyat (həm də dilçilik) səhəsində tanınmış alimlərdir. Boloniya Universitetinin professoru, dilçi-semiotik alim, mediavist U.Eko «Qızıl gülün adı», «Fuko kəfkiri», «Baudolino», «Praqa qəbiristanlığı», «Ərəfədə adalar» kimi postmodernist romanlarla yanaşı, eyni zamanda həm mediavistika sahəsində, həm struktur dilçilik, həm də müasir dünya ədəbi prosesi haqqında dərin məzmunlu, postmodernist «Açıq əsər», «Mövcud olmayan struktur», «Ümumi semiotika haqqında risalə», «Leceor in fabula», «Semiotika və dilin fəlsəfəsi», «İnterpretasiyanın hüdudları», «Kamil dil axtarışında», «Ceyms Coysun poetikaları», «Qızıl gülün adı»nın səhifələrində qeydlər», «Ədəbiyyat meşələrində altı gəzinti» və s. kimi çox qiymətli elmi-tədqiqat əsərləri də yazmış, Cirolamo de Mikele ilə birlikdə isə «Gözəllik tarixi» və «Eybəcərlik tarixi» kimi rəssamlığa aid çox orijinal ensiklopediyalar tərtib etmişdir.
Akademik Kamal Abdullanın da yaradıcılığı bu qəbildəndir, çoxşaxəlidir, rəngarəngdir. O da müasir ədəbiyyatımız və dilçiliyimiz üçün çox qiymətli «Yarımçıq əlyazma», «Sehrbazlar dərəsi», «Unutmağa kimsə yox» kimi romanlar, çoxsaylı maraqlı hekayələr, «Azərbaycan dili sintaksisinin nəzəri problemləri» kimi əsərlər, «Kədərli seçmələr» («Unutmağa kimsə yox» başlıqlı şeir kitabları, «Gümüş dövrün sirləri» (poetik tərcümələr), «Labirint» hekayələr toplusu, «Hamı səni sevənlər burdadı», «Casus» və «Beyrək» kimi dram əsərləri ilə yanaşı, «Üç yüz azərbaycanlı», «Düma ilə Coys arasında» adlı ədəbi-tənqidi esse kitabları kimi dərin məzmunlu əsərlər yazmışdır.
«Kitabi-Dədə Qorqud» poetikasına giriş» kitabını dilçi, ədəbiyyatçı, mifoloq və etnoloq Kamal Abdullanın çoxillik (təxminən otuz ildən artıq) linqvopoetik və bədii-poetik araşdırmalarının, böyük tədqiqatçılıq təcrübəsinin məntiqi nəticəsi hesab etmək olar. Digər tərəfdən, alimin özünün də qeyd etdiyi kimi, bu monoqrafiyada qoyulan problemlərin araşdırılması hələ başa çatmayıb, ideyalar tükənməyib, o, ümid edir ki, həmin problemlərin araşdırılması «KDQ poetikasının (bədiipoetik qatının) tədqiqinə həsr olunmuş bu kitabın digər variantlarında və digər daha təkmil nəşrlərində işıq üzü görəçəkdir» (səh. 240). Başqa sözlə desək, bu araşdırma, nəticə
deyil, yeni ideyalara yol açan başlanğıcdır.
Bu barədə bir qədər ərtaflı: nə üçün başlanğıc, nəyin başlanğıcı? Məlum olduğu kimi, son dövrlərə qədər milli filologiyamız əsasən ənənəvi metodologiya səpgisində inkişaf etmiş, formalaşmışdır. Bu elm sahəsində stukturalist, modernist və postmodernist tədqiqat sistesmi, bir neçə nümunə istisna olmaqla (Q.Quliyev, N.Mehdi, R.Bədəlov, A.Acalov və s.), demək olar ki, yox dərəcəsindədir. Azərbaycan filologiyasında folklorun, mifin bədiipoetik və linqvopoetik sistemlərinin struktur-semantik təhlilinə çox az rast gəlmək olar. Kamal Abdullanın monoqrafiyası bu sahədə olan boşluğu doldurmaq yolunda uğurlu bir addımdır. Ümid etmək olar ki, həm Kamal Abdulla özü, həm də yarana biləcək onun davamçıları bu əhəmiyyətli işi yarı yolda qoymayıb, davam etdirəcək.
Əslinə qalsa, kiçik bir yazı ilə bu kitabda təqdim olunan bütün mətləblərə tam aydınlıq gətirmək qeyri-mümkündür. Burada o qədər zəngin nəzəri-metodoloji səciyyəli elə problematik ideya və məsələlər var ki, onların hər biri haqqında ayrıca məqalə yazmaq olar və lazımdır. Çünki bu məsələlərin bir çoxu (əsasən böyük əksəriyyəri) ilk dəfədir ki, bizim filoloji fikrimiz tarixində gündəmə gətirilir, təhlilə cəlb edilir. Bir də, bu problemlərin hamısını əhatə etmək istəsək, o zaman elə kitabın özü həcmində (hələ, bəlkə də, daha böyük) bir araşdırma yarana bilər. Ona görə də burada, mənim düşüncəmə görə, çox aktual olan bəzi məsələlər üzərində dayanmaq məqsədəuyğun olar.
Görkəmli fransız yazıçısı Romen Rollan belə bir obrazlı fikir söyləyib: «Xalqın mənşəyi də Nilin mənşəyi kimi çox uzaqlardan başlanır və sirlidir»3. Bu «uzaqlıqları» və «sirləri» tapmaq üçün xüsusi, əlahiddə araşdırma yolları tapmaq lazımdır. Bunun üçün arxeologiya ilə, maddi abidələrlə yanaşı, həm də mənəvi abidələrin (bədii əsərlərin, musiqinin) yardımına böyük ehtiyac var. Azərbaycan xalqının etnogenezi, milli mənşəyi, mədəniyyətimizin kökləri və yaranma tarixi haqqında bir sıra maraqlı tədqiqat əsərləri var. Kamal Abdulla bütün bu məsələləri bir arxeoloq, bir etnoqraf kimi deyil, məhz bir filoloq, bir dilçi, bir mifoloq kimi araşdırmaq yolunu seçmişdir.
Azərbaycanın ən qədim tarixi, mədəniyyəti Azıx mağarasında, Qobustan abidələrində əks olunsa da, xalqımızın metafizik, mənəvi-psixoloji tarixi məhz «Kitabi-Dədə Qorqud», «Koroğlu», «Əsli və Kərəm» kimi qədim tarixə və dərin köklərə malik olan dastanlarda ifadə olunmuşdur. Kamal Abdullanın «Kitabi-Dədə Qorqud» dastanının poetikası ilə əlaqədar təklif etdiyi tədqiqat modeli sayəsində digər qədim dastanların da yardımı ilə milli-mənəvi mədəniyyətimizin ən dərin qatlarını üzə çıxarmaq olar.
Kamal Abdulla «Kitabi-Dədə Qorqud» dastanının poetikasının bəzi ünsürlərinə istinad edərək zahirən fantastik görünən hipotezlər irəli sürür, aksiom kimi görünən bir sıra elmi mətləblərin də problematik qatlarını izə çıxardır və onların tədqiqinə diqqət yönəldir. Bu kitabda təqdim olunan bütün hipotezlərin, arqumentlərin hamısının hamı tərəfindən birmənalı şəkildə qəbul ediləcəyini tələb etmək olmaz. Bu məsələlərin böyük əksəriyyəti ilk dəfədir ki, tədqiqata cəlb olunur, ona görə də onların bəziləri inandırıcı görünməyə bilər, polemikaya, mübahisəyə, müzakirələrə səbəb ola bilər.
Hər halda, Kamal Abdulla tədqiq etdiyi məsələlərlə bağlı ən müasir elmi mənbələrə əsaslanaraq irəli sürdüyü arqumentləri, hipotezləri, konsepsiyaları məntiqi və elmi cəhətdən əsaslandırmağa çalışmış və əsasən də məqsədinə nail olmuşdur.
Bu kitabın əsas tədqiqat obyekti, əsərin adından da göründüyü kimi, «Kitabi-Dədə Qorqud» dastanının poetikasıdır. Daha dəqiq desək, kitabın tədqiqat obyekti yalnız dastanın poetikası deyil, əslinə qalsa, müəllif daha geniş, daha dərin problemlərin açılması üçün bu dastanın bədii-poetik və linqvopoetik ünsürlərindən, onun daxilində olan bütün mifoloji, folklorik, psixogenetik potensiallardan istifadə edərək, onun poetikasından bir alət, bir vasitə kimi yararlanır. Müəllif bu dastanın poetikasını araşdırmaq üçün folklorşünaslıq və ədəbiyyatşünaslıq, eləcə də etnoloji nəzəriyyədə ənənəvi sayılan metodologiyaya, vasitə və ünsürlərə hörmətlə yanaşsa da, ənənəvi mövcud poetika vasitələrindən istifadə etmir, tədqiq etdiyi mətnin daxili materiallarından (immanentlik) çıxış edərək onu yaradan xalqın keçmişini, ən qədim tarixini, milli mədəniyyətini, psixologiyasını yeni yolla, öz yolu ilə (əsasən immanent təhlil yolu ilə) araşdırmaq yolunu seçir.
«Kitabi-Dədə Qorqud» dastanının bütün qədim dastanlar kimi, başlıca özəlliklərindən biri də bədii mətnin təktərkibli, yekcins olmaması, müxtəlif dövrlərin mifoloji və tarixi hadisələrini özündə əks etdirməsidir. Bu prinsip dastanın qədimlik kriteriyalarından biridir. Kamal Abdulla bu aktual paradiqmanın araşdırılmasına xüsusi diqqət ayırmış və onu məhz bədiipoetiklik kateqoriyası kontekstində təqdim etmişdir. Bu barədə o yazır: «…KDQ mətni qədimlik baxımından yekrəng deyil. Onun quruluşunda həm ilkin, ibtidai, bizə tanış olmayan, yaxud az tanış olan bədiipoetik elementlər və imkanlar, həm də bununla yanaşı, daha müasir, artıq ədəbi-bədii şüurumuza tanış olan klassik poetik nümunələr özünü göstərir» (səh.14). Tədqiqatçı bunun «anaxronikliyin təzahürü» olduğunu deyir və bir mətnin (mətn sisteminin) daxilində eyni zamanda həm ibtidai, həm də klassik bədiipoetik ünsürlərin cəmləşdiyni göstərir. Bu fikrini inkişaf etdirərək o, yazır: «… həm kosmoloji dövr, həm ilkin ibtidai antik dövr, həm klassik antik dövr və həm də, təbii ki, ortaçağların klassik dövrü hər biri öz bədiipoetik, bədii və poetik damğasını KDQ mətninə vermiş kimidir» (səh.15).
«Kitabi-Dədə Qorqud» dastanının, eləcə də bir sıra digər qədim dastanların yaranma tarixi, xüsusilə də bu dastanlarda əks olunan bədii materialların (bu istər mifologiya, istər folklor, istər dini-mistik, istərsə də adi məişət motivi, süjeti və mövzuları olsun) məxsus olduğu və yarandığı dövrlər (onlar arasında olan uyğunluq və fərq) uzun müddət elmi müzakirə və mübahisə obyekti olmuşdur. Kamal Abdulla «Kitabi-Dədə Qorqud» dastanı ilə əlaqədar bu problemə toxunaraq bu abidədə əks olunan bədii materialın əsasən iki mərhələdə - qədim (tarixəqədərki «autentik mif» və nisbətən yeni, və «klassik» dövrdə yaranması ideyasını irəli sürür. Elə bu porblemlə bağlı o yazır: «KDQ poetikasından danışanlar» əsasən klassik dövr elementlərindən bəhs edirlər və tədqiqatçı bu yanaşmaya hörmətlə yanaşaraq, onları «haradasa başa düşmək məcburiyyətindəyik» deyir (səh. 20).
Kamal Abdullanın qeyd etdiyi kimi, «bu günümüzə sistemli, bütöv bir quruluş kimi gəlib çıxan» KDQ dastanı «öz canına müxtəlif dövrlərin semantik kodlarla zəngin şirəsini» toplaya bilmişdir. Belə ki, bu dastanın mətninə daxil olan ədəbi-bədii materialın konkret bir zaman kəsiyində yaranması fikrini demək olmaz. Bununla belə, bu dastanın mətnində qədim (mif dövrü) yeni (yəni yazı dövrü) dövr (xronotopluq) vəhdət təşkil edir. Bu problemlə bağlı o, akademik D.Lixaçovun qədim rus və yaxud qədim ümumslavyan ədəbi-mədəni mühitinin yaranması ilə əlaqədar ifadə etdiyi arqumenti misal çəkərək göstərir ki, bu, alimin fikrincə, qədim rus ədəbiyyatının yaranması ilə yeni rus ədəbiyyatının yaranması arasında «ara dövr olmuşdur və bu ara dövr kifayət qədər uzun bir zamanı əhatə etmişdir» (səh.16-17). D.Lixaçov hesab edir ki, «Qədim rus ədəbiyyatının poetikası yeni ədəbiyyatın poetikasından fərqlənir»4. Kamal Abdulla bu paradiqmanı (qədim və yeni dövr ədəbiyyatları arasında fərqin olması) KDQ-la müqayisə edərək vurğulayır ki, «Azərbaycan ədəbiyyatında mif dövrü ilə yazı dövrünü bir-birindən ayıran yox, onları öz timsalında birləşdirən vahid mənəvi məkan mövcuddur» (səh. 18).
Bu paradiqma ilə əlaqədar tədqiqatçının konsepsiyası ilə razılaşmamaq olmaz. Belə ki, məlum olduğu kimi, qədim türk dili (aqlünativlik), digər dünya dilləri ilə müqayisədə ən az deformasiyaya (dəyişikliyə) uğrayan, forma və məna çalarlarına görə ən az dəyişən dildir. Əgər prototürk ədəbi-yazılı abidələrinin dili ilə, sonrakı dövrlərdə formalaşan türk dillərini müqayisə etsək, bunu aydın şəkildə görmək olar (Orxon-Yenisey abidələri, Mahmud Qaşqarinin, Yusif Balasaqunlunun, «Kitabi-Dədə Qorqud»un dili və s.). Aqlunasiya faktoru yalnız dildə deyil, türk etnosunun antropologiyasında, etnik-psixoloji xarakterində də özünü göstərir. Bu baxımdan, daha qədim türk bədii yaradıcılıq abidələri ilə yeni dövr abidələrinin ümumi səciyyəsi arasında elə də ciddi fərq yoxdur. KDQ mətninin də qədim qatları ilə yeni dövrə aid olan qatların yaranması arasında müəyyən zaman kəsiyi olmasına baxmayaraq, bu abidənin mətninin struktur-semantik kökündə böyük fərq demək olar ki, gözə çarpmır (fərqin olmamasını yalnız dil faktoru ilə də izah etmək düzgün olmaz). Bu paradiqma ilə əlaqədar bir arqumenti də nəzərdən qaçırtmaq olmaz ki, bu dastanda ifadə olunan mifoloji-ədəbi materialların müxtəlif dövrlərə aid olması hələ o deməçk deyil ki, onlar məhz elə mənsub olduğu dövrlərdə yaranıb. Bu materiallar şifahi şəkildə onu yaradan xalqın yaddaşında yaşaya və müəyyən dövrdən sonra bədii yaradıcılıq formasında yarana bilər. Eyni zamanda onu da qəbul etmək lazımdır ki, müxtəlif dövrlərə (qədim və yeni) məxsus olan mifik, bədiipoetik təfəkkür fərqli olur, amma buna baxmayaraq, KDQ-da bu fərqi görmək çox çətindir.
Bununla belə, onu da nəzərdən qaçırtmaq olmaz ki, KDQ dastanı yalnız Azərbaycan xalqının deyil, bütün oğuzların ( kitabın adında da deyildiyi kimi: əla-lisani-taifeyi-oğuzan - Osmanlı türkü, Azərbaycan (Qafqaz) türkü, türkmən, türkman və qaqauz və b.) ortaq mədəni abidəsidir. Beləliklə, nəzərə almaq lazımdır ki, bu dastan konkret, dar bir ərazidə deyil, geniş bir arealda, geniş bir etnomühitdə (bütün oğuz arealında) yaranmış və formalaşmışdır (məkan kateqoriyası). Digər tərəfdən, onu da yadda saxlamaq lazımdır ki, bu dastanın mövzuları hansısa konkret bir zaman kəsiyini əhatə etmir və təbiidir ki, müxtəlif dövrlərdə, mif («atentik mif dövrü») və yeni («Ortaçağ») klassik dövründə yaranmışdır (zaman kateqoriyası). Dastanın mifik, əfsanəvi, dini süjetlərindən, eləcə də Ortaçağın hadisələrindən (konkret tarixi şəxsiyyətlər, tarixi hadisələr və s.) çıxış edərək demək olar ki, həmin mətnlərin yaranma tarixləri arasında çox böyük bir zaman kəsiyi var. Amma bununla belə, bu dastanın həmin mövzuları əks etdirən mətnlərinin arasında, Kamal Abdullanın haqlı olaraq qeyd etdiyi kimi, nəinki hansısa fərq var, «hətta onları öz timsalında birləşdirən vahid mənəvi məkan» var (zaman-məkan vahidliyi).
Kamal Abdulla bu kitabında əsasən dastanın bədiipoetik materiallarının ən qədim «dansökülən» (ibtidai) dövrünü araşdırır. Bu yanaşma, şübhəsiz ki, ağıla sığmayacaq dərəcədə fantastik və mürəkkəb bir problemdir. Belə ki, məlum olduğu kimi, «Kitabi-Dədə Qorqud» dastanı kimi abidələr əsasən yarandığı dövrlərin (7-13-cü əsrlər) konkret tarixi hadisələrini, həmin dövrün milli psixologiyasını, gündəlik həyatını təsvir etdikləri kimi, həm də öz dərin qatlarında onu yaradan xalqın ən qədim qan və gen yaddaşını əks etdirir. «Klassik» dövrə aid olan materiallar daha çox üzdə olur və onların araşdırılması elə də böyük çətinlik törətmir. Mifoloji (tarixəqədərki) dövrün materialları isə adi gözlə görünmür, onlar abidənin daha dərin qatlarında, əsasən nüvəsində, atomunda əks olunur. Bu problemi həll etmək üçün tədqiqaiçı münasib, uyğun vasitələrə, üsullara müracət edir. O, ilk növbədə, bəşər tarixinin ən qədim dövrünü müəyyən edir və onu «Meşə», «Mağara», «Xaos» dövrü adlandırır. Sonrakı «klassik dovrü isə yeni, «Kosmos» dövrü adlandırır. Dünya fəlsəfi fikrində dərin kök salmış, hələ lap qədim dövrdə yunan filosofları (məs. Aristotelin dünyanın yaranması ilə bağlı metafizika nəzəriyyəsi), sonra isə yeni dövr filosofları, daim diqqət mərkəzində olan bu problemin məhz «Böyük Partlayış vəziyyəti» («Biq Banq») hadisəsinin baş verməsi ilə izah edirlər (məs. İ. Kant, A.Eynşteyn və s.). Onların fikrincə, «Böyük Partlayış» nəticəsində kainat Xaosdan Kosmosa çevrilmişdir, yəni insan cəmiyyətinin yaşadığı, şüurlu insanın (Homo Sapiens) yarandığı dünya (Yer) yaranmışdır.
Kamal Abdullanın fikrincə, bədii mətnin yaranması da məhz Xaosdan Kosmosa keçid dövrünün məhsulu olmuşdur. O, yazır: «…KDQ mətninin immanent təhlili, başqa sözlə, digər, daha dərindəki, daha gizli, tarixəqədərki, kosmoloji qatına aparan yol, istəsək də, istəməsək də mifoloji yanaşmalardan, müəyyən özünəməxsus struktur-semantik və semiotik prinsiplərin tətbiqindən, Mağara mədəniyyətindən, makrokosm hadisələri ilə mikrokosm hadisələri arasındakı izomorfizmin üzə çıxarılmasından, ilkin dixatomiyalardan (xüsusilə Kosmos-Xaos qarşıdurmasının bədii mətndəki təzahüründən) keçib gedir» (səh. 32). Bu dövrlərin ədəbi-bədii keyfiyyətlərini aşkarlamaq, bədiipoetikanın əsas ünsürlərini daha dəqiq səciyyələndirmək üçün tədqiqatçı yeni terminologiya yaratmağa məcğur olur və həmin dövrləri «Dəşti-Müstəqimiyyə» («ibtidai dövr», «autentik mif dövrü») və «Dəşti-Məcaziyyə» («klassik dövr qatı») adlandırır. Eyni zamanda, Kamal Abdulla belə hesab edir ki, bəşəriyyətin ən qədim dövrünün (Xaos dövrü) ədəbiyyatı «Dəşti-Müstəqimiyyə», sonrakı, daha kamil, inkişaf etmiş dövrünün ədəbiyyatı isə, «Dəşti-Məcaziyyə» səciyyəsi daşıyır. Məntiq aydındır: ən qədim insanlar «Meşə dövrü»ndə hələ hansısa xüsusi bədiipoetiklik haqqında düşünə bilməzdilər, onlar öz hiss və duyğularını sırf müstəqim şəkildə (ilk əvvəl müəyyən səs kombinasiyaları) ifadə edirdilər. Sonrakı dövrdə, «Mağara dövrü»ndə qayaüstü rəsmləri və bu tipli rəsm-yazılar yaratdıqları zaman insan şüuru formalaşdıqca, daha çox inkişaf etdikcə o, daha obrazlı düşünməyə başlayır, yəni bədiipoetiklik prinsipi yaranır ki, bu dövrdə yaranan ədəbiyyatda (folklorda, mifdə) məcazilik prinsipi ön plana keçir. Əlbəttə, bədii yaradıcılığın istər, incəsənətdə (rəssamlıq, heykəltəraşlıq) olsun, istərsə də, bədii ədəbiyyatda (folklor, mifologiya, klassik yazılı ədəbiyyat) olsun, obrazlılıq (metoforiklik, məcazilik və s.) başlıca prinsipi olsa da, ibtidai dövrdə («Mağara dövrü») yaranmış incəsənət əsərlərinin bədiilik səciyyəsini inkar etmək olmaz (müstəqim formalı əsərlər, məsələn, Mağara rəsmləri də sənət əsərləridir, bədiidir!).
Tədqiqatçı tam haqlı olaraq hesab edir ki, ibtidai dövrdən mədəni dövrə keçid yolunda ən mühüm mərhələ məhz bədii düşüncənin rüşeymlərinin yarandığı «Mağara dövrü»dür. Bu dövr çox böyük bir zaman kəsiyini (paleolit, mezolit və neolit) əhatə edir; bu isə bir neçə minillikdir. Bəşəriyyətin yaranma tarxində bu elə də böyük zaman kəsiyi sayıla bilməsə də, məhz bu dövrdə insanların mənəvi aləmi formalaşmış, bədii-estetik düşüncə tərzi yaranmağa başlamış və nəticədə yaxın gələcəkdə formalaşacaq mifoloji yaradıcılıq üçün baza-zəmin yaranmışdır.
KDQ dastanının ən qədim mifoloji və folklor qatlarının məhz «Mağara ruhu», «Mağara mədəniyyəti» dövrünə aid olması ideyası tədqiqatçının uğurlu ideyalarından biridir. Əlbəttə ki, bu ideyanı hansısa maddi mənbələrlə, dəlillərlə sübut etmək çətindir. Ona görə də müəllif bu tipli arqumentlərin araşdırılması üçün immanent təhlil metodunu təklif edir (mətnin öz potensialı əsasında təhlil).
Müəllifin gəldiyi qənaət belədir ki, KDQ dastanının ən qədim, metafizik qatlarını təşkil edən mif qatının sirlərini açmaq üçün yeganə çıxış yolu immanent təhlil üsuludur və bu yol «Bütün KDQ boyu Xaosdan Kosmosa keçidin ümumi pafos və mahiyyətini, daxili quruluşunu müəyyənləşdirmək, öz növbəsində KDQ mətninin dərin bədiipoetiklik qatını sistemli və ciddi şəkildə anlamaq yolunda etibarlı bir açardır» (səh. 35). Kamal Abdulla «Böyük (Möhtəşəm) Partlayış» konsepsiyasından çıxış edərək belə bir qənaətə gəlir ki, «ilkin bədiipoetik təzahürün daxilində, onun dərin qatında bədiipoetik energiya (seçmə müəllifindir - C.N.) mövcuddur və həmən bədiipoetik ünsür və vasitələr bu energiyadan yaranır» (səh. 35). Müəllifin fikrincə, «autentik mifin bədiipoetik qatındakı ideya» məhz bu energiyanın məhsuludur.
Bədiipoetikliyin yaranmasında izomorfizm faktoruna istinad edən tədqiqatçı qeyd edir ki, «Izomorfizm prinsipinə uyğun olaraq deyə bilərik ki, mif yaradıcılığı dövrünə məxsus mətndə də bədiipoetikliyin yaranmasına təkan verən əsas səbəb məhz Partlayış olmuşdur» (səh. 40). Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşər ki, Kamal Abdullanın Xaos-Kosmos qarşıdurması və «Böyük (Möhtəşəm) Partlayış» sayəsində sonsuz kainatda canlı həyat üçün yararlı olan biosferanın yaranması ilə ilkin ədəbi (folklorik, mifoloji) mətnlərdə (məs. KDQ mətnində) bədiipoetikliyin (ədəbiyyat biosferasının) yaranması barədə elmi müqayisə və ümumiləşdirməsi də müəllifin uğurlu obrazlı düşüncəsinin məhsuludur.
«Böyük Partlayış» istər təbiətdə (maddi aləmdə - fizikada), istərsə də, mənəviyyatda (ruhi aləmdə - metafizikada) sadəcə olaraq nəyinsə yaranması üçün bir təkan rolunu oynayır. Bundan sonra bədiipoetikliyin inkişaf prosesi tədricən baş verir. Bu proses, təbii ki, hazır şəkildə yarana bilməzdi (Afina Pallada kimi doğula bilməzdi - müqayisə müəllifə aiddir). Bu anlamda təkamül nəzəriyyəsi (darivinizm) işə yaraya bilər. Ancaq mənəvi-psixoloji faktorun yaranmasının maddi əsasları olmadığına görə, burada materialist fəlsəfənin və ateizmin qəbul etmək istəmədikləri ali yaradıcı başlanğıc faktoru üzə çıxır. 13,5 milyon ilə yaxın yaşı olan canlı aləmdə bir canlının təkamül şəraitində inkişaf edərək başqa bir cinsə çevrilməsi faktı aşkar edilməmişdir (zahirən oxşar olan meymun insana, qurd itə, şir pişiyə çevrilməmişdir).
Təbii ki, yaradıcılıq (istənilən forması) sırf şüurun məhsuludur. İnsan yaranışından şüurlu məxluq kimi yaranıb və yaradıcılıq da məhz ona məxsusdur. KDQ dastanında da elə məqamlar, elə nüanslar var ki, onlara əsaslanaraq ən qədim insanın bədii-poetik düşüncəsinin, yaradıcılığının izlərini müəyyən etmək olar. Kamal Abdulla «Gizli Dədə Qorqud» tədqiqat ənənəsini davam etdirərək bu möhtəşəm ideyanı açmağa cəhd göstərmişdir.
«Kitabi-Dədə Qorqud» dastanının dərin qatlarının olması, bütün bu qatların hər birinin özündə zəngin və çox qiymətli «milli yaddaş» informasiyaları daşıması təkzibedilməz faktdır və buna heç kim şübhə edə bilməz. Bu abidə bütün bu informasiyaların daşıyıcısı olmaqla yanaşı, aydın məsələdir ki, bir bədii əsər, bədii yaradıcılıq (istər, kollektiv, istərsə də, müəllif yaradıcılığı olsun) nümunəsidir. Bu baxımdan, istənilən halda bu dastanda əks olunan bütün ədəbi materiallar ilk növbədə bədii yaradıcılıq məhsuludur və bu əsər kamil, yetkin bir bədii əsər nümunəsi olduğü üçün dili, üslübu, obrazlar sistemi və ümumiyyətlə, bədii yaradıcılığın bütün ünsürləri əsasən metaforik, yeri gələndə isə məcazi səciyyə daşıyır. Bu əsərdə müəyyən ifadələrin, təsvirlərin müstəqim mənada işlənməsi isə tam təbiidir, çünki, bədii ədəbiyyat heç də bədiipoetikanın tərkib hissəsinə daxil olan müstəqimlik kateqoriyasını inkar etmir. Mənim fikrimcə, müstəqimliyi (burada Dəşti-Müstəqimiyyəni) bəsitlik («primitivlik», ibtidailik, qeyri-bədiilik) kimi izah etmək dəqiq olmaz.
Mif yaradıcılığı (istər, bu Mağara dövrünün, istərsə də, sonrakı dövrlərin yaradıcılığı olsun) bütün hallada bədii yaradıcılıqdır, həm də artıq xeyli dərəcədə inkişaf etmiş, «elmi» baxımdan püxtələşmiş insanın yaradıcılığıdır. Mif həyatın, dünya aləmin yaranmasının, cəmiyyətdə mövcud olan kataklizmlərin, anlaşılmazlıqların, ziddiyyətlərin səbəbini və izahını axtaran bədii-fəlsəfi yaradıcılıq formasıdır. Bütün bu məsələlər, təsadüfi deyil ki, mif yaradıcılığı ilə məşğul olan müasir insanın, ən intellektual mütəfəkkirlərin (C.Coys, J.P.Sartr, A.Kamyu, T.Mann və s.) də bədii və fəlsəfi yaradıcılığında mühüm yerlərdən birini tutur.
Kamal Abdulla tam haqlı olaraq göstərir ki, ən qədim insanın (neandertal), meşə adamının (Meşə dövrü) bədiipoetik düşüncəsindən danışmaq olmaz. O bu barədə yazır: «Bədiipoetiklik rüşeymləri, əlbəttə ki, bizi ibtidai insanın ilkin yaşam məkanına - meşəyə aparmır. Meşədə ibtidai insanın Təbiətlə qaynayıb-qarışdığı məkan və zamanda, olsa-olsa, təsəvvürlərin ümumiləşdirilməsi prosesi başlaya bilərdi» (səh. 42). Dünya Mağara mədəniyyətindən də çıxış edərək inamla demək olar ki, Mağara rəsmləri müəyyən qədər estetik cəhətdən inkişaf etmiş insanların bədii yaradıcılığıdır. Məhz Mağara mədəniyyətində «müstəqimlik», «realistik təsvir» ünsürləri folmalaşmağa başlamışdır. Doğrudur, tədqiqatçının dediyi kimi, «Mağarada o dövrün ən mədəni intibahı yaşanırdı» (səh. 44). Amma müəllifin «Mifoloji təsəvvürlər primitiv, ibtidai formasından, nüvə variantlarından başlayaraq, ilkin narrativ süjet xətti daxil olmaqla, məhz Mağarada formalaşırdı» (səh. 44) fikri ilə tam razılaşmaq olmaz. Belə ki, bu dövrdə hələ mifologiyadan («narrativlikdən») bəhs etmək olmaz. Mifyaratma («narrativlik» dövrü xeyli sonralar, hətta folklor yaradıcılığından da sonra baş vermişdir. İbtidai, bəsit, ilkin bədii yaradıcılıq, heç şübhəsiz ki, folklor formasında yaranmışdır. Doğrudur, müəyyən müddətdən sonra folklor (əfsanə, rəvayət) və mif eyni vaxtda iç-içə, yan-yana yaranmış, ona görə də elə qaynayıb-qarışmışdır ki, indi onları bir-birindən ayırmaq mümkün deyil. Bu baxımdan daha universal, KDQ dastanı həm folklordur, həm mifologiyadır, həm dindir, həm də adi həyati (sosial-məişət məzmunlu) bir əsərdir.