FİRUZ MUSTAFA
Firuz Mustafa müasir ədəbiyyatımızın cəfakeşlərindən biridir və çox məhsuldar fəaliyyəti ilə doğrudan da, hər birimizdə qibtə hissi doğurur. Bu həmkarımız hal-hazırda pyeslərinin sayına görə Azərbaycanda birinci sıradadır.
Bu pyeslərin əksəriyyəti də Akademik Milli Teatrımız istisna olunmaqla əksər teatrlarda tamaşaya qoyulub və uğur qazanıb. Akademik teatrda niyə bir pyesi belə tamaşaya hazırlanmır, bu haqda düşünməyə və hətta mübahisə etməyə dəyər.
Firuz Mustafa dramaturgiyaya bir nasir kimi tanınandan sonra gəlib. Bu faktı nəzərə çarpdıranda biz qətiyyən iddia eləmirik ki, bir janrdan digərinə keçid birincisində uğursuzluqla alındığı üçün belədir. Yox! O, ilk pyeslərini qələmə alanda bir nasir kimi müəyyən uğurlar qazanmışdı. F.Mustafa nəsrdə indi də fəaliyyətini davam etdirir və həmkarı, gözəl dramaturq Əli Əmirli kimi nəsrə birdəfəlik əlvida deməyib. O, indi də ilk «sevgisinə» sadiqdir və bu sədaqət özünü onda göstərir ki, Firuz Mustafa son illərdə bir-birindən maraqlı hekayələr yazmaqda davam edir. «At günü» və «Ölü dildə sevgi məktubları» kitabları ancaq hekayələrdən ibarətdir.
Xatırlayıram Firuz Mustafanın ilk kitabını - «Göyəm kolları»nı... Məsələ burasındadır ki, 1985-ci ildə «Gənclik» nəşriyyatında həmin kitabı mənə rəyə vermişdilər və mən o kitabdakı hekayələri oxuyub bəyənmiş, müsbət bir rəy yazmışdım (o zaman «nəşriyyat qanunları»ndan biri də bu idi). «Göyəm kolları» ilə «Ölü dildə sevgi məktubları» arasında düz 29 illik bir zaman məsafəsi durur.
Bu illər ərzində çox şey dəyişilib, yeniləşib. O «Göyəm kolları»ndakı bədii ovqat da dəyişilib, orada təsvir olunan obrazlar təbii ki, o dövrün insanlarının obrazlarıydı, indi onlar yaşa dolublar, qocalıblar, bəziləri dünyadan köçüb.
Quruluş da dəyişib. Firuzun təsvir etdiyi o təmiz, mənən saf insanlar olsun ki, indi həyatın girdabında çabalayırlar, olsun ki, bir parası xoşbəxtdirlər..Ancaq dəyişməyən odur ki, Firuz Mustafa ilk hekayələrində olduğu kimi, indi də həyat həqiqətinə sadiq qalır. O, yenə gündəlik həyatda, məişətdə, cəmiyyətdə, yaşadığı mühitdə öz yazıçı müşahidəsi ilə onu düşündürən, məhz əlinə qələm götürüb yazmağa sövq edən hadisələrə biganə qalmır, yenə təsvir etdiyi obrazların mənəvi aləminə «səyahət» edir. Adi insanların qeyri-adi dünyasını vəşf etməyə, «bax, bunlar bizim müasirlərimizdir» sözünü deməyə can atır.
Firuz Mustafanın hekayələri, üçün səciyyəvi olan bir neçə özünəməxsus cəhəti qeyd edək.
İndi keçək konkret olaraq Firuzun bəzi hekayələrinə.Kitabda («Ölü dildə sevgi məktubları»nda) Firuz Mustafanın yaşca ən «qocaman» hekayəsi - «Göyəm kolları» da təqdim edilir və bu hekayə, çoxdan yazılmasına baxmayaraq, Firuzun bədii sanbalca ən yaxşı hekayələrindən biridir.
Hekayədə lal bir insanın-yeniyetmə Qaranın bir neçə günlük həyatı, daha doğrusu, onun bir neçə gündə görüb-gördükləri təsvir olunur. Firuz Mustafa Qaranın daxili aləminə, onun ətrafındakı insanlardan tamam fərqli dünyasına nüfuz edə bilir. Qaranın saf, təmiz mənəviyyatı ilə yaşadığı mühit arasında bir ziddiyyət var və Firuz da bu konfliktin bədii həllini verməyə çalışır. Qara laldır, danışa bilmir, amma bu lallığın və danışa bilməməyin onun təmiz ürəyinə, işıqlı dünyasına heç bir ziyanı yoxdur. Qara şəhərdən gələn bir qızın dodaqlarını çiyələyə oxşadır, Qara əmisigildəki üç baş toğlunun kəsilməsinə heyfislənir, Qara yalan danışmır, Qara çiçəklərin dilini yaxşı bilir. «Açılan çiçəkləri Qara Ay işığında görüb; sanki gözəgörünməz bir əl tumurcuqların sinəsini yarır, qönçələr göz açıb Ay işığına, göyə tamaşa edirlər. Çiçəklər səhərə yaxın şehə bələnir, şehli çiçəklər qüssəli olur». Bu romantika ilə nəfəs alan Qara həyatda, yaşadığı mühitdə çox-çox naqisliklərin şahidi olur. Onun üçün ən gözlənilməz hadisə xəyallarının məhv olmasıdır. Gözəllik mücəssəməsi kimi Qaranın ürəyində taxt-tacını ucaltmış qızın sarışın oğlanın öpüşlərinə cavab verməsi, onların bir-birinə sarılmaları Qaranın içindəki o romantik aləmi yerlə-yeksan edir. «Qız Qaranın başı üstə dayanaraq onun sarıqlı dirsəyinə, tutqun gözlərinə, avazımış sifətinə baxıb gülümsəyirdi.
Qara daha danışmağı arzu etmirdi. Ömürlük lal qalmaq istəyirdi. Otlar, çiçəklər, kollar kimi». Qara - bu lal oğlan - bu tipli obrazlar 60-80-ci illərin ədəbi qəhrəmanlar silsiləsinə daxildir və Firuz Mustafa sonrakı hekayələrində də məhz belə sadə insanları ədəbiyyata gətirməkdən çəkinmədi. «Sadə insanlar» deyəndə, yəni həyatda o qədər də gözə görünməyən, amma gözə görünəndə sevgiyə, şəfqətə layiq olanlar nəzərdə tutulur və Firuzun elə «Göyəm kolları» kitabındakı «Haray», «Yay sazağı», «Duman», «Şəkil», «Ölü dildə sevgi məktubları»nda «Alın yazısı», «Musa dayı», «Çin olan yuxular», «Köhnə kitablara elegiya», «Hasan», «Qağayı kimi» hekayələrində məhz həmin o sadə insanların daxili aləminin zənginlikləri ilə qarşılaşırıq. «Alın yazısı» hekayəsindəki Kişi və Qadın obrazları Firuzun çox dəqiq həyati müşahidələri əsasında yaranıb. Həyatda ömrü-günü puç olan, amma yenə yaşamaq istəyilə nəfəs alan insanlar var. Xəstə Həmid və Xəstə Qadın... Məsələ burasındadır ki, o Xəstə Qadın çox nikbindir və həm də bu nikbinliyi bədbin xəstə həmkarına da aşılaya bilir. Oxucu gözləyir ki, bir sevgi macərası da baş verəcək, amma belə olmur, səhər Həmid eşidir ki, qadın əməliyyatdan - narkozdan sağ çıxmayıb. «Həmil palataya keçib uzaqlara baxdı. Qəhər onu boğurdu. Az qalırdı hönkürsün».
Bax, budur həyatın təzadları.
Firuzun «sakit» təsir bağışlayan hekayələrində də belə təzadlı hadisələrin, dramatik situasiyaların şahidi oluruq. Məsələn, onun «At günü» hekayə-triptixi bədii sanbalına görə Firuzun nəsr yaradıcılığında yeni hadisə sayıla bilər.
Azərbaycan və rus dillərində çap olunan bu triptix haqqında Firuzun qələm yolldaşlarından və oxuculardan xeyli sayda rəylər alınıb. Cəmil Əlibəyov yazırdı ki: «Firuz Mustafanın hekayəsi təhkiyə zənginliyi ilə məni heyran etdi. Simvollarla zəngin olan bu əsərdə At müstəqil bədii obraz kimi götürülüb və onu da deyək ki,Şərq ədəbiyyatında, o cümlədən, Azərbaycan nəsrində və poeziyasında məcazlara istinad cəhətdən, bu olrazla bağlı rəngarəng bir qalareya mövcuddur.
Amma belə hesab edirik ki, indiki dövrdə, ictimai-dünyəvi məzmunlu əsərlərə daha kəskin ehtiyac duyulduğu bir vaxtda, «At günü» tamamilə orijinaldır».
Firuzun isə nə bir nasir, nə də dramaturq kimi heç bir mükafatı yoxdur. Amma «At günü» hekayə-triptixi doğrudan da yaxın illərin uğurlu hekayələri kimi yadda qalacaq. Bir həqiqət var ki, «At günü» hekayə-triptixi həm At obrazının məxsusi cizgilərini, yaşamaq-var olmaq, at ömrü keçirmək tərzini canlandırırsa, başqa bir yöndən insan aləminə xas olan xüsusiyyətləri də simvolizə edir. Yazıçı bunu da nəzərə çarpdırır ki, heyvanlar insanların qayğısına daha çox möhtacdır.
«Qaçış»da Atı ölümdən məhz insan xilas edir. Amma «İntihar»da bir insanın pis əməli nəticəsində Ana At-Bala At cütləşir və Dayça-Bala At bunu bilib intihar edir.
Şər qalib gəlir. «Son» hekayəsində isə Ata münasibətdə iki insanın düşüncələri təqdim edilir. Birincisi xeyirxahdır, Atı sevir, amma kasıblığı ucbatından onu satmağa məcbur olur. Özü də elə bir adama satır ki, mənən cılızdır, riyakardır, Ata zülm edir və onun zalımlığı Atın ölümünə səbəb olur. Amma zülm yerdə qalmır.
Atı gah meşəyə-odun gətirməyə aparan, gah da cütə qoşub məhlədə işlədən bu adam canavarın atı parçalamasını eşidib onun leşini traktorun arxasına bağlayıb sürütləyir, ölən atı qarnındakı körpə qulunla itlərin qabağına atır, söyüb-söylənir. Amma az sonra arvadının uşaq saldığının şahidi olur. Zülm yerdə qalmır…
Firuz Mustafa təbiəti, quşlar və heyvanlar aləmini sevir və bu sevginin bədii təzahürünü onun başqa hekayələrində də izləyə bilirik. Məsələn, «Durna ovu» hekayəsində ibrətli bir hadisə təsvir edilir. Xaricdən gələn qonaqlar durna ovuna çıxırlar və onları Abbas müəllim müşayiət edir. Yalançı durna səsləriylə istəklərinə çatan, gölə xeyli qırılmış, yaralanmış durna sərələyən xaricilər çıxıb gedir. «Ölü quşlar gölün üstündə boz yumaq kimi qıvrılıb qalmışdılar…Abbas mat-məəttəl qalmışdı; əgər quşlar bunlara lazım deyildisə, onda bu boyda vur-çatlasın, bu
boyda qırğın-qiyamət nədən ötrü idi?».
...Beləliklə, az-çox Firuz Mustafanın hekayələri barədə fikirlərimizi bildirdik. Və inanırıq ki, bundan belə onun bu sahədə yeni-yeni uğurlarına sevinəcəyik.
ƏLABBAS
Əlabbas Bağırovu «Doğma ocaq» kitabındakı (1989) «Gözmuncuğu» povestindən və üç hekayəsindən tanımağa başladım. Hiss etdim ki, nəsrimizə özünəməxsus yazı manerası, həyata, gerçəkliyə fərdi yanaşma tərzi ilə seçilməyə can atan bir müəllif gəlir. İndi o «cavan» müəllifin 60 yaşı var və müasir nəsrimizdə onun da öz yeri və etiraf olunan SÖZÜ var. Əlabbas «Qiyamçı» və «Qaraqovaq çölləri» kimi iki romanın müəllifidir və bu romanlar onun müəllifinin
artıq professional bir yazıçı kimi formalaşdığını sübut edir. Bu sətirlərin müəllifi həmin romanlar haqqında neçə il öncə bir yazı da dərc etdirmişdi. Qeyd etmişdi ki, Azərbaycan kəndinin son əlli ildə keçdiyi yolun bir bədii cığırı da Əlabbasın nəsrindən keçir. Kəndin və orada yaşayan insanların mənəvi durumu, inkişafı haqqında bir təsəvvürü də Əlabbasın həmin romanlarında izləyə bilərik. Xüsusilə, köhnə kişilərin həyat tərzi, kökə, ilkinliyə çağırış onun nəsrinin başlıca ideyasını müəyyənləşdirir. Həm də onun təqdim etdiyi obrazları «qiyamçı qəhrəmanlar» kimi səciyyələndirmişdik.
Amma Əlabbas, qeyd etdiyimiz kimi, o romanları yazana qədər özünün maraqlı hekayələri ilə diqqəti cəlb etmişdi. Onun ilk hekayələrindən («Yağış» və «Doğma ocaq») aldığımız təəssürat bu idi ki, yazıçının, gerçəkliyin sərt həqiqətlərinə, necə deyərlər, «həyatın dibinə» meyl edir, insanın içindəki mənəvi üsyanı, qiyamı və əlbəttə, həyat sevgisini maraqlı lövhələrlə təqdim edir. Həm də onun nəsr dili, təhkiyə tərzi təzəliyiı ilə seçilirdi. «Doğma ocaq» hekayəsindəki Xudu kişi və onun oğlanları, onların əsl kənd stixiyasına uyğun danışıq tərzi, birbirilə həm doğma, həm də anlaşılmaz münasibətləri sübut edirdi ki, Əlabbas anadan olduğu Şahbuz rayonunun Nurs kəndindən lap indicə şəhərə gəlib, kənd bütün görüntüləri ilə onun içindədir və əslində, Əlabbas özünü yazır. Yaşı yetmişi haqlayan Xudu kişini oğlanları şəhərə aparırlar ki, kişi burada rahat yaşasın, daha xəzəl süpürməsin, qoyun növbəsinə getməsin, çalğu-səbət toxumasın. Amma Xudu kişi alışa bilmədiyi o şəhər həyatından razı deyil və günlərin birində kəndə qaçır. Yenə xəzəl süpürür, qoyun növbəsinə gedir, çalğu-səbət toxuyur. Və Xudu kişinin gözlənilən ölümü də əsl kənd stixiyasına uyğun tərzdə canlandırılır: «Mədət kişinin başının üstdə durmuşdu, bacısı meyidin üstünə sərilib hərdən azca dikələrək əllərini onun qansız sifətində, ağ saçlarında gəzdirə-gəzdirə: - Yollar yaraşığı dədə hey, dədə ə ə ə,-deyə-deyə hönkür-hönkür hönkürür, ikiəlli dizlərinə çırpır, üzünü cırırdı. Mədət handan-hana özünə gəlib diz çökdü, kişinin qibləsini düzəltdi. Çox çətinliklə də olsa, qollarını yanına qoya bildi və gördü ki, kişinin canı elə bil dağların buzudur. Elə bundan bildi ki, dədəsi lap gecədən keçinib».
Əlabbasın 2017-ci ildə nəşr olunan «Şəbi-hicran» kitabında isə onun təzə hekayələrini oxudum. «Şəbi-hicran» maraqlı, psixoloji yaşantıları özündə əks etdirən hekayədir. Süjeti çox sadədir, qocaman yazıçı Əli müəllim 90-cı illərin lap əvvəlində bir cühud ailəsindən o vaxtlar üçün baha hesab olunan bir qiymətə pianino alır. Nədir məqsədi? «O, uzun barmaqları olan oğlunu musiqiçi, daha dəqiqi, pianoçu görmək istəyirmiş. Onda bu arzunu doğuran həm də qardaşının yaxşı səsinin olmağı idi». Bu ailə musiqiyə xüsusi meyl edən ailədir. «Atam muğamla təsnif, anam hind və xalq, Rüstəmlə mən isə estrada və bəstəkar mahnılarının həvəskarı olmaqla yanaşı, deyilənlərə görə, həm də onun gözəl ifaçılarından sayılırıq». Amma Əli müəllimin arzusu həyata keçmir. Oğlu Rüstəmin səsi ola-ola buna biganə qalması, yağışlı bir gündə futbola tamaşa edəndən sonra soyuq havada səsini korlaması onun gələcəyinə ümidini heçə çıxarır. Bir oğul kimi Rüstəm onu heç nədə yarıtmır.
Əli müəllimin pianinoya və ümumiyyətlə, musiqiyə bağlılığının ya öz daxili aləminin ehtiyacından ya da nostalji hisslərdən doğulduğuqu demək olar. Pianino rəmzi-simvolik məna daşıyır və Əli müəllimin naçar qalıb onu bir dostuna bağışlaması ilə bu rəmzin-simvolun da ömrü bitir. Son gündə Əli müəllimin Rahibə «Şəbi-hicran» çaldırması vəmusiqinin təsiri ilə hönkür-hönkür ağlaması da çox təsirlidir. Çünki bu pianino iyirmi beş ildi ki, bu evdə bir insanı əvəz edib, dərdini sirdaş kimi ovudub. Odur ki, Əli müəllimin səhərəcən həyətdə o pianinonun yanında gözlərini yummayıb xəyallara dalması (bir azdan gəlib onu burdan aparacaqlar) təbiidir. «Başını qaldırdı, qəmli-qəmli aşağıdan yuxarı mənə baxdı, handan-hana verdiyi cavabdan hiss elədim ki yatmaq nədi, səhərəcən gözünü də yummayıb: -Saat onda gəlib aparacaqlar. Dedim, yağış isladar, üstünü örtüm, hayıfdı..»
Əlabbas roman və povestlərində, həmçinin bir sıra hekayələrində xarakter yaratmağa meyl edən yazıçıdır. Bunu biz «Qiyamçı» romanında Bəbirin, «Qaraqovaq çölləri»ndə Əfsunun mükəmməl görünən obrazlarında müşahidə etdik. Bəs «Şəbi-hicran»da necə? Əli müəllimin keçirdiyi həyəcanlar, ruhi sarsıntıları təbii verilib, bəlkə də bir hekayədə bunları yetərincə qəbul etmək olar.
Amma bir az da dərinə getmək olardı. Əlbəttə mən T.Əlişanoğlunun «Şəbi-hicran» mənə boyat göründü. Çox boyat»» fikri ilə razılaşmıram. Heç bu hekayəyə gənc tənqidçi Ü.Babaşov kimi sırf nəzəri aspektdən də yanaşmıram.
«Şəbi-hicran» maraqlı bir hekayədir və əslində, Əlabbasın «Gəlin», «Qul», «Yük» hekayələri «Şəbi-hicran»la müqayisədə mənə daha sanballı təsir bağışladı.
AYDIN TAĞIYEV
Çoxdan idi Aydın Tağıyev haqqında bir yazı yazmaq, öz ürək sözlərimi söyləmək istəyirdim. Hər dəfə qəzet və jurnal səhifələrində onun təzə çıxan hekayələrini oxuyur, sevinirdim ki, Aydın yaradıcılıq tempini itirməyib, yenə əvvəlki kimi sadə və təbii yazır, inandırır bizi. Yenə də həyatın, gerçəkliyin adiliklərinə üz tutur, amma bu adiliklərdə qeyri-adi nəsə tapır, lap kiçik bir
hekayədə öz xarakterik cizgiləri ilə seçilən obraz yaratmağa səy edir. Bəli, Aydının hər yazısına beləcə sevinmişəm.
Aydın Tağıyevin hekayələri kimi özünün də çox sadə bir tərcümeyi-halı var. Daimi yaşayış yeri Şabran şəhəridir. Bu balaca əyalət şəhərinin bütün sakinləri Aydını tanıyır və sevirlər. Heç vaxt varlı olmayıb, müəllim işləyib, kitab təbliğiylə məşğul olub, qəzetdə, Azərbaycan Dövlət Teleradio Şirkətində əməkdaşlıq edib.
Ən böyük məziyyəti tərbiyəli və mədəni olmağıdır.
Aydın kiçik şəhərin yetirdiyi, amma bu şəhərin üfüqlərinə sığmayan, daha geniş üfüqlərə uçmaq həvəsində olan bir quşa oxşayır. Əlbəttə, o quşun uçmaq həvəsi bəlkə də o quşun uça bilmək gücü ilə bir az tərs mütənasibdir. Amma o quş illər keçdikcə uçmaqdan yorulmur, bax, buna görə burada bir fədakar sözü məqamına düşür.
Aydın Tağıyev fədakardır. Həyatın növbənöv çətinlikləri, müxtəlif qayğıları və acılıqları içərisində özünə, ailəsinə, dostlarına və hər şeydən əvvəl, yazıçılıq istedadına sevinc, fərəh deyilən ən gözəl anları bəxş edə bilir.
Aydın Tağıyev çoz vəfalı, sədaqətli insandır. Bu vəfa və sədaqət hissi onu həyatda insan kimi dəyişməz və sabit saxlayıb. Ancaq mən bu dəyişməzliyi, vəfa və sədaqət duyğusunu onun yaradıcılığında axtarıram.
Azərbaycan ədəbiyyatında bu mənada mən rəhmətlik Şahmardan sonra Aydın Tağıyevi ən sabit və dəyişməz bir yazıçı hesab edirəm.
Aydın da Şahmar kimi ancaq hekayə yazır. (Bir balaca povesti istisna edilərsə). Bəlkə sabah roman da qələmə alacaq, amma onun yaradıcılıq dünyasında hekayə əbədi sakin olaraq qalacaq.
Hekayə bədii nəsrin elə bir formasıdır ki, ordan dünyaya yol başlayır. Böyük problemlər, qlobal hadisələr hekayə üçün damlada dənizi əks etdirmək qədərincədir. Mirzə Cəlilin «Poçt qutusu»nda bir xalqın avam bir nümayəndəsinin keçən əsrin əvvəllərindəki düşüncə tərzini əks etdirir, amma necə gözəl. Yaxud Haqverdiyevin, Y.V.Çəmənzəminlinin hekayələrini götürək. Mən deyərdim ki, müasir Azərbaycan hekayəsi özünün ən yaxşı keyfiyyətlərinə görə klassik nəsr
ənənələrinə bağlıdır, dövrün, zamanın ən mühüm mətləblərini yığcam şəkildə təqdim etmək, lakoniklik, psixologizm məhz klassik hekayələrimizdən gələn ənənədir. Aydın Tağıyevin hekayələrində də bu mənada klassik nəsrə möhkəm bağlılıq görürəm. Aydının hekayələri çox vaxt 2-3 səhifədən ibarət olur, mətləb və hadisə də təfsilatlı deyil. Ancaq onun hər hansı bir hekayəsi oxunub qurtarandan sonra deyə bilirsən ki: «bax, bu, hekayədir!».
Aydın Tağıyevin bütün hekayələri hadisədən, mətləbdən obraza doğru «hərəkət edən» hekayələrdir. Hadisə tipik və səciyyəvi olduğu kimi, obraz da bədii ümumiləşdirmə gücündədir. Ancaq mən deməzdim Aydın bütün hekayələrini bu üsulla qurur, yəni real həyat hadisəsini və gerçəkliyin bu reallığını özündə əks etdirən obrazları süjetə gətirir. Psixoloji anların təsviri, mahiyyətə, alt qata enmək məharəti, dilin, təhkiyə tərzinin təbiiliyi və özünəməxsusluğu da burada mühüm rol oynayır.
Budur, Aydının «Tanışlıq» hekayəsi… Hekayə belə başlayır: «Böyükağa müəllim ilə Məmməd tanış deyildilər».
Hekayə belə qurtarır: «Böyükağa müəllim ilə Məmməd beləcə tanış oldular». Bu iki cümlə arasında isə iki ömrün - Böyükağa müəllimin və Məmmədin ömür yolunun qısaca, amma şirin təhkiyə üsulu ilə nəqli durur. Bu hekayədə Aydın demək olar ki, heç bir hadisə təsvir eləmir, yalnız iki ömür yolunu gözlərimiz qarşısında canlandırır.
«Əgər Böyükaba müəllimi əsgər aparsaydılar və o, təsadüfən Məmmədlə bir hissədə qulluq etmiş olsaydı, heç şübhəsiz, Məmmədlə tanış olacaqdı, ancaq Böyükağa müəllimin «bronu» vardı və heç vaxt ondan əsgər olmayacaqdı.
Böyükağa müəllim ilə Məmməd evləndikləri qız tərəfindən qohum olsaydılar, yəqin ki, bir-birlərini tanıyacaqdılar. Amma Məmməd kasıb bir ailədən qız almışdı. Böyükağa müəllim iş yerinə hər gün avtobusla gedib-gəlsəydi, hökmən Məmməd ilə rastlaşardı və çox mümkün idi ki, belə görüşlərin birində tanış da ola bilərdilər. Bəlkə də Böyükağa müəllim yerindən qalxıb Məmmədə oturmağa yer də təklif edərdi, çünki yaşıd olsalar da, Məmməd öz yaşından çox qoca
görünürdü».
Diqqət yetirdinizmi, bu hekayədə bəlkə də bir povestə, kiçik romana sığa biləcək hadisələr, talelər işıqlandırılır. Deməli, damlada dəryanı, anda zamanı əks etdirmək mümkündür və bunu istedadlı yazıçı Aydın Tağıyev bacarır. Həmin hekayədə bir-birini görməyən Böyükağa müəllimlə Məmməd, nəhayət, gözlənilmədən «tanış olurlar». İşdən yorğun qayıdan Məmməd avtobus dayanacağında maşın gözləyir. Elə bu vaxt qarşıda bir «Volqa» dayanır, onun sahibi Böyükağa müəllim Məmmədə müraciət edir ki, maşının təkərini dəyişsin.
Məmməd bu işi sevinə-sevinə görür. Maşın yiyəsi isə «budur, bu da zəhmət haqqın» deyib ona bir «Şirvan» uzadır.
Vəssalam! Hekayə beləcə başa çatır. Xatırladaq ki, hekayənin əvvəlində də bu pul haqq-hesabı vardı, sonunda da... Və bunun əlbəttə, simvolik bir mənası var.
Aydın Tağıyevin hekayələrində hiss olunacaq dərəcədə duyumlu, görümlü milli kolorit naxışları nəzərə çarpır. Təsadüfi deyil ki, onun hekayələrinin qəhrəmanları - qocalar, qarılar, el ağsaqqalları - ağbirçəkləridir, kənd müəllimləri, çobanlar, müharibə veteranları bu hekayələrdə rəğbətlə təsvir olunur. Ancaq Aydın Tağıyev öz yazılarında ştampdan, stereotipdən qaçır, yeri gələndə ağsaqqalın da, zəhmətkeş çobanın da bir insan kimi xarakterini mürəkkəbliyilə təsvir edir. «Çörək» hekayəsində Mədət kişi ilə Səməd kişi arasında uşaq üstündə başlamış dava-dalaş onların ata-baba dostluq, qonşuluq münasibətlərini az qala heçə endirəcəkdi.
Mədət kişi əziz-xələf oğlunun döyülməyinə daralıb onu qabağına qatır, şikayətə gedir. Ancaq mənzil başına çatmamış əməlindən peşman olur. Aclıq onlara güc gələndə oturub çörək yeyirlər.
«-Bu çörək nə yumşaqdır, - deyə oğlundan xəbər aldı, - bəyəm anan bu gün təndir qalamışdı?
Uşaq ağzındakı tikəni aşıra-aşıra:
-Yox,-dedi,- səhər Püstə xala Cavadla yollamışdı ki, isti çörəkdir!
Çeynədiyi loxma az qala Mədət kişinin boğazında qalmışdı, kişi ağzındakı tikəni güclə uda bildi. «Lənət şeytana!..» Sonra da Mədət kişi özünü də, arvad uşağı da söyüb ölü-diri qoymadı.
-Əl-üzünü yu! Düş qabağıma, geri dönürük!»
Dəlisov ağlın, qızmış ürəyin hirsini-hikkəsini eldə müqəddəs sayılan çörək yumşaldır və Aydın Tağıyevin hekayələrində belə ibrətli və təsirli səhnələr çoxdur. Aydının hekayələrində çox zərif və işıqlı bir yumor hissi də var və dərindən fikir verəndə, bu yumorun içində güclü bir ironiya duyulur. Məsələn, Aydının həcmcə ən kiçik hekayələrindən biri olan «Çəpik» bu cəhətdən çox ibrətlidir: «Nağının əlinə əlinə vurub ləzzətli bir çəpik çalmağı vardı.
O, çəpik vuranda səs zalı doldurardı. Məktəblərində iclas, təntənəli yığıncaqfilan keçiriləndə müəllimlər qabaq cərgələrdə oturdardılar, dərslərini fərli-başlı oxumasa da, belə tədbirlərdə siniflərinin üzünü ağardardı. Direktor çıxış edib nitqini qurtarandan sonra o biri uşaqlar əl çalmağa yatıb qalsalar da, təkcə Nağının çəpiyinin səsi zala bəs idi..»
Bu təsvir bizə ötən illərin - gurultulu alqışlar dövrünün tanış mənzərəsini xatırladır. Ancaq hekayə faciəli bir məqamın təsviri ilə bitir.
Bu növbəti çəpik səhnəsində Nağının qolu sınır və məcbur olub onun qolunu dirsəkdən aşağı kəsirlər. Beləliklə, iclaslar, tədbirlər çəpiksiz qalır, Nağının gələcəkdə deputat olmaq arzusu ürəyində qalır. Çünki «Nağı yaxşı dərk edirdi ki, çəpik bilmədən bu dünyada yaşamaq çətin olacaq..»
Aydın Tağıyevin digər hekayələri barədə də belə ürək açıqlığı ilə söz açmaq olar.
Mən Aydının lap son hekayələrini də oxumuşam. Bu hekayələrdə də Aydın özünə sadiqdir, yenə də həyat həqiqətindən çıxış edir, yenə də müasiri olduğumuz insanları bədii sözün işığına çəkir. Və yaxın illərin ağrıları, məmləkətimizin düşdüyü çətinliklər, yurddaşlarımızın keçirdiyi sarsıntılar bu hekayələrin əsas qayəsini təşkil edir.
Aydının hekayələri haqqında az da olsa, söz deyilib. Akademik Bəkir Nəbiyevhələ 1984-cü ildə «Söz ürəkdən gələndə» tənqid toplusundakı bir məqaləsində yazmışdı ki: «Buz heykəllər əriyir…» Aydın Tağıyevin ilk hekayəsidir. Onun materialını məişətimizin ən adi epizodlarından biri təşkil edir. Bu hekayə insana inam və etibar haqqında gənc müəllifin qəlbindən qopan səmimi poetik səsdir. Bu səs insanların ən yaxşıları üçün səciyyəvi olan nəciblik, xeyirxahlıq duyğularına alqışlar deyir».
Xalq yazıçısı Mövlud Süleymanlı isə yazır: «Özünü tanıtmağa heç vaxt tələsməz, onu həmişə sonra görərlər, mütləq görərlər və bir daha unutmazlar. Yazıları da elədir, üstündən bir dəfə, beş dəfə keçərsən və ilişərsən. Buna inanmaq istəyirsinizsə, yüz kərə yanından ötdüyünüz «Buğa əhvalatı» hekayəsini oxuyun.
Mən bu hekayəni bəlkə də otuz il bundan qabaq oxumuşam, inəyi üçün buğa axtarışına çıxan kənd əhli hələ də yadımdadı».
Mərhum yazıçımız Əlibala Hacızadə isə Aydını belə səciyyələndirmişdi: «Aydının hekayələri aşkar göstərir ki, müəllif qələmə aldığı həyatı dərindən öyrənir, adamların psixologiyasına, ürəyinə nüfuz etməyi bacarır və ən ümdəsi isə budur ki, nədən yazmağı və necə yazmağı yazıçılıq kimi məsuliyyətli bir sənətin əsas prinsiplərindən hesab edərək buna əməl etməyə çalışır.
Aydın az sözlə, kiçik bir detalla mənzərə yaratmağa, mətləb deməyə çalışır və buna müvəffəq olur».