Sartrın fikrincə, insan bütün mənalarda həyatı seçməlidir, həyat bütün ziddiyyətləri, sevinci, kədəri və faciələriylə bir dərsdir, sınaqdır və bu sınaq dayanmadan, nəfəs dərmədən davam edir. Bu mənada tarix boyu bədii mətnlərdə ifadə planında texnologiyalar dəyişsə də, insan və onun taleyi ilə bağlı istiqamət dəyişməmişdir. Həmin taleləri birləşdirən və sosiumun mənafeyini ifadə edən ictimai məzmun bədii əsərin lokal və dünya miqyasında mövqeyini bəlləyən faktordur, bu olmadan əsər havadan asılı qalmış kimi görünür. Çingiz Aytmatov əsərlərində intəhasız qırğızqazax bızqırında yaşayan fərdin taleyini, qayğıla rından başlayaraq ierarxik şəkildə bəşəriyyəti narahat edən, qlobal miqyasda, bəzən də qalaktikanın sərhədlərini ötüb keçən, fantasmaqoriyaya “Gün var əsrə bərabər” romanında Cazib günəşinə daxil olan Meşəlidöş planeti) qədər uzanan nəhəng konturları vahid kontekstdə oxucuya təqdim edir.
rçivədə qırğız və türk xalqlarının faktı kimi, istərsə də bəşəri çərçivədə ictimai əhəmiyyəti, harda və necə olmağından asılı olmayaraq insanın yanında durması ilə seçilir. Yuri Lotman “Novıy mir”ə müsahibəsində bildirirdi ki, bütün mahiyyəti ilə indiyə aid olan hər şey elə indidə də qalır. Əlbəttə, əsl mətn yazıldığı dövrün ideoloji şərtlərindən, nəzəri-estetik görüşlərdən asılı olmadan yaşamaq hüququ qazanır. Nəzəriyyələr, cərəyanlar elm adamlarının yaratdığı nəsnələrdir, əsl ədəbiyyat isə hər zaman bunun üzərində durur. Yazıçının həyatı boyu yaşadıqları, müşahidələri onun yaradıcılığına səpələnib, əsərlərinin hər qətrəsində həmin həyat faktlarını, yaşantıları duymaq mümkündür. Bu yaradıcılıq aktı zaman və məkan sərhədlərini aşır, əbədiyyət qazanır.
Çingiz Aytmatovun yaradıcılığı janr baxımından çoxcəhətlidir. Hər şeydən öncə o nasirdir və dünyada roman, povest və hekayələrinin orijinallığı ilə dəyərləndirilib qəbul edilir. Buna baxmayaraq, bir çox ədiblərin yaradıcılıq taleyində olduğu kimi, bəzən onu düşündürən, bədii mətndə alt qatda ifadə olunan mətləblər haqqında şərh vermək ehtiyacı yaranır. Bu şərhlər janr baxımından müxtəlif səpkidə ola bilir. Çingiz Aytmatov dünyada baş verən qlobal dəyişmələr, bəşəriyyətin gələcək taleyi, eləcə də mənsub olduğu xalqın dünəni, bu günü və sabahı ilə bağlı qayğılarını özündə əks etdirən məqalələr, esselər yazmış, müxtəlif formatda çıxış və müsahibələr vermişdir. Təsadüfi deyil ki, Aytmatov qlobal problemlərin müzakirə olunduğu Beynəlxalq İssık-göl forumunun (1986) müəllifidir.
Çingiz Aytmatovun dramaturji yaradıcılığı da məhz bu səpkidədir, ictimai məzmunun dərinliyi ilə seçilir. Təbii ki, burada ədəbi növün imkanları da öz sözünü deyir. Dramatik növ resipyentlə birbaşa əlaqə üçün daha uğurlu platformadır və yazıçı bu imkanlardan uğurla istifadə etmişdir. Təsadüfi deyil ki, Çingiz Aytmatov 25 ilə yaxın qırğız kinematoqrafiyasına rəhbərlik etmiş, qırğız kinosunun ən gözəl nümunələri məhz bu illərdə ekran taleyini yaşamışdır. Yazıçının əksər əsərlərinin süjeti əsasında filmlər çəkilmiş, roman və povestləri əsasında dünyanın müxtəlif ölkələrində tamaşalar hazırlanmışdır.
Yazıçının dramatik növdə yazdığı iki əsəri: “Fuji – Yama”, “Sokratı anma gecəsi” məlumdur. Hər iki dram əsəri müştərəkdir, dövrünün tanınmış fikir adamları, yaxın dostları ilə müzakirələrinin, diskussiyalarının bədii formatda təqdimatı səciyyəsi daşıyır. Belə ki, “Fuji – yama” pyesini qazax şairi və mütəfəkkiri Kaltay Məhəmmədcanovla, iki pərdəli tarixi-müasir “Sokratı anma gecəsi” dramını isə Çingiz Aytmatov qazax şairi, dostu Muxtar Şaxanovla birlikdə qələmə almışdır.
1988-ci ildə yazılan “Sokratı anma gecəsi”dramı Çingiz Aytmatovun 70 illik yubileyi ərəfəsində, 1998-ci ildə Qırğızıstanda tamaşaya qoyulmuşdur. Maraqlı məqam ondan ibarətdir ki, dram əsəri iki il sonra, 2000-ci ildə Azərbaycan Akademik Dram Teatrında nümayiş olunmuşdur.
Eramızdan əvvəl IV əsrdə yunan alimi Ksenofan “Sokrat haqqında xatirələr” kitabını yazmışdır. Adın assosiasiyası baxımından Çingiz Aytmatovun dramını həmin əsərlə və ya böyük filosofun həyatı ilə əlaqələndirmək mümkündür. Ancaq əsərin başlanğıcında tamamilə başqa mətləblərin olduğu aşkara çıxır, Sokrat dostlarının belə adlandırdığı dövrün görkəmli rejissoru Talmasdır və dostları görüş gününü onun xatirinə “Sokratı anma gecəsi” adlandırmışlar.
Hər iki müəllif – Çingiz Aytmatov və Muxtar Şaxanov dövrün görkəmli ziyalıları kimi əsərdə qazax-qırğız elinin milli məsələləri, ortaq tarixi keçmişi və gələcək qayğılarından danışırlar. Bu baxımdan sanki müasir Manas, Dədə Qorqud funksiyasını icra etmiş olurlar. Dram milli səciyyə daşıyır və bazar iqtisadiyyatına keçid nəticəsində sürətlənən mənəvi aşınmadan və tarixdə baş verən hadisələrə istinad edərək bu vəziyyətdən çıxış yollarından söz açır. Almata yaxınlığındakı dağın ətəyində toplanan müzakirə iştirakçıları qazaxq ırğız elinin tarixi, müasir vəziyyəti və gələcəyi ilə bağlı müzakirələr açırlar.
“Sokratı anma gecəsi” iki bilgin insanın qayğılarının dramatik dildə ifadəsidir. Maraqlıdır ki, dramda müəlliflərin özlərinin prototipləri yazıçı Çinet (Çingiz Aytmatov) və şair Murad (Muxtar Şaxanov) iştirak edirlər. Pyesdə müasir dövrün hadisələri ilə bərabər, ideyanın məğzini açmaq üçün müxtəlif tarixi dövrlərə ekskurslar olunur. Bəzən bu ekskurlar hər hansı tamaşadanhissənin səsləndirilməsi (Sokratın danışdığı), bəzən isə obrazın dilində hər hansı tarixi hadisənin nəql olunması şəklində ifadə olunur. Göründüyü kimi, Çingiz Aytmatovun müştərək şəkildə dram əsəri qələmə alması sırf janr xüsusiyyəti, bədii mətləbin ifadə üsulu ilə bağlıdır. Maraqlı sayıla biləcək başqa bir cəhət isə hər iki pyesin müəlliflərindən birinin nasir, digərinin şair olmasıdır. Bu, bir tərəfdən eyni mətləbin müxtəlif
“dillərdə” ifadəsini nəzərdə tutursa, digər tərəfdən türk eposunun strukturuna qayıdışı şərtləndirir. Yəni bütövdən qopan damlalar bir dövrə başa vurulduqdan sonra yenidən ona qovuşur, onu yeni məzmunla zənginləşdirir, başqa sözlə, əsas dəyərdaşıyıcısı xalqdır, ondan nə qədər uzaqlaşsan da, qovuşmaq, qayıdış ehtimalı bir o qədər güclənir. Və bu proses qlobal rakursdan heç də uzaq deyildir, onun içindədir. Bu mənada Çingiz Aytmatov bu mətnlərində qırğız xalqının, qırğızinsanının timsalında dünyanın keçdiyi tarixi sınaqları göstərir, özünə qədərki dünya ədə biyyatının təcrübəsini ümumiləşdirməyə çalışır.
Pyesdə ümumi ideya Mindövlət (Dövrünün varlı biznesmenlərindən biridir) – Sokrat (Teatrı bağlanmış rejissor) qarşıdurmasında açıqlanır. Mindövlət dövrünün şərtlərini yaxşı bilir və ona görə davranır. Onun bir fikri var: “Qarşımda böyük bir qayə var. Onun uğrunda timsahı sevər, ilanı öpər, tülküylə qardaş olaram”. Sokratı isə daha çox Mindövləti qalib edən kapitalizmin əzdiyi, məhvə sürüklədiyi sənətin taleyi düşündürür.
Əsərdə Aliyənin “Bazar iqtisadiyyatı və mənəviyyat” adlı dissertasiyası əsasında çağdaş kapitalist düzən və milli-mənəvi dəyərlərin qorunub saxlanması məsələsi müzakirə olunur. Bu süjet parçası yazıçının “Əbədi gəlin” romanından gəlir, onu təkrar etmir, əksinə oxşar mətn fraqmentinin mənasını vurğu altında saxlayır. Jurnalist Arsen Samançin sevdiyi Aydananın səhnədə “Əbədi gəlin” operasını ifa etməsi üçün çalışır. Ortaya Mindövlətin daha yırtıcı forması Ertaş Kurçal çıxır və Arsenin arzularının üzərindən xətt çəkilir, Aydana “Əbədi gəlin” operası əvəzinə restoranda ara musiqiləri ifa edən müğənniyə çevrilir. Zirvəyə can atan insanın birdən həyatın dibinə düşməsi faciəvi ovqat yaradır. Bu isə əsərin faciəvi kolliziyasını şərtləndirir.
Pyesdə ilk ekskursu Sokrat edir. O, tamaşaya qoyduğu utopik səciyyəli əsərdən dəliqanlı Gəncin yuxuda Ümid, daha sonra Qayğı ilə dialoqunu səsləndirir. Müəlliflərin şair və yazar olması əsərin mətninə sirayət edir, həm quruluşu, həm də ideyam əzmun baxımından pyes “Kitabi-Dədə Qorqud”u xatırladır. Pyes başdan-başa nəsrlə nəzmin növbələşməsi üzərində qurulub. Məlum olur ki, dəliqanlı gənc yol verdiyi xətaların, biganəliyinin ucbatından xoşbəxtliyini itirib, Qayğının məzəmmətinə tuş gəlib.
Söylə, yadındamı, ağ örpəkli anan
Öləcəyini hiss etdiyi zaman
Sənə çörək bişirdi arpa unundan.
İstədi bilməyini torpağın qiymətini.
Amma... ağız büzüb bulud kimi doldun:
Dedin, nəyə gərək bu qara çörək?
Rədd etdin o dadlı gözəl neməti,
O gündən itirdin xoşbəxtliyini...
İndi axtardığı xoşbəxtliyi o çoxdan itirib. Bu o zaman baş verib ki, öləcəyini hiss edən anasının arpa unundan hazırladığı çörəyi geri qaytarıb. Xoşbəxtlikdən məhrum olan Gənc ikinci yuxusunda Qayğı ilə üz-üzədir:
Bəli, qarşılaşırıq hər axşam, hər səhər,
Bilirəm, ürəyində var böyük kədər.
Üz-üzə gəlsək də, sən məni unutmusan,
Qəribə məxluq, sən yatmısan.
Cahana yayılıb mənim şöhrətim,
Çöldə, dağda, dənizdəydim hər zaman.
Ey igid, indi məni tanıdınmı?
Adımı söyləyim: adım Qayğı!
Mətndə gerçəkliklə fiktivlik bir-birilə dialektik vəhdət təşkil edir. Frideman bədii mətndə təhkiyənin həqiqiliyi məsələsi barədə bəhs edərkən yazırdı: “Dramatik mənada hal-hazırda baş verən hadisə “həqiqidir”. Epik mənada nəql olunan hadisə yox, təhkiyənin özü “həqiqidir”. Əsərdə söhbətin iştirakçılarının ekskursları əsər içində əsər təsiri bağışlayır. Bu, Aytmatov yaradaıcılığına xas xüsusiyyətdir. Əsas mətləbi izah etmək üçün yazıçı bəzən diaxron şəkildəmətnə alt kontekstlər əlavə edir. Əsərin ideyası həmin süjetləri bir mərkəzdə birləşdirir.
Sokratın tamaşasından verilən hissə ilə müəlliflər əsər içində əsərdən bəhs edirlər. Ümidini itirən insanın qayğı ilə qarşılaşması əsəri gerçəklikdən, həqiqət payından bir az da uzaqlaşdırır. Növbəti ekskurs yaxın tarixə – sovet imperiyasının dağılması ərəfəsi, 1986-cı ildə Qazaxıstanda baş verən Jeltoksan hadisələrinə edilir. Jeltoksan adlanan hadisələr zamanı Sovetrəhbərliyi dinc əhaliyə qarşı qırğın törətmişdir. Muxtar Şaxanov xalqına qarşı törədilən həmin hadisələrdə iştirakçı olmuşdur.
Məlum olur ki, onların yaxın dostu Ağqanad həmin hadisələr zamanı öldürülmüşdür. Ağqanadın xəstəxana həyatı, onun Aliyəyə qarşı məhəbbəti və son arzusu poetik çalarlarla Sokratın dilindən ifadə olunur. Müəlliflər xalqın azadlığı naminə gedən prosesləri Ağqanadın taleyi fonunda təsvir edirlər. Dostları Ağqanadın söylədiyi şeiri yada salıb onu təkrar edirlər.
Sevda hicrandır, sevda hicrət,
Eşqə inanmayan bədbəxtdir, bədbəxt;
“Sevgi yoxdur” deyənin gözləri kordur,
Nə qəlbi, nə hissi, nə duyğusu vardır.
İnsanlıq cəsarətdir, ürək yaşar,
Sevda məhəbbətdir, ürəkdə yaşar...
Əzabsız eşqə “bir heçdir” deyin,
Nəğməsi olarmı sədasız neyin?!
geniş kontekstdə türk xalqının tarixində açar nöqtələrdir. Bayaq qeyd etdiyimiz kimi, əsər içində əsər xarakteri daşıyan bu parçalar süjetin əsasında duran ideyaya xidmət edir, ictimai məzmunu zənginləşdirir.
Söz şair Murada veriləndə o, tarixin daha dərin qatlarına, Çingiz xanın qoşunlarının Otrar şəhərini ələ keçirməsi ilə bağlı hadisələrə ekskurs edir. Ümid – Qayğı, Ağqanad və onun milli mübarizə dostları – işğalçı Sovet qoşunu kimi dialektik ziddiyyətlərin davamını burada Çingiz xan – Xeyir xan qarşıdurmasında görürük.
Qəhrəmanlar sadiqlik və xəyanət arasında seçim qarşısındadırlar. Modernist estetikanın prinsipinə
uyğun olaraq qəhrəman situasiyada öz xislətini ifadə edir.
Çingiz xan dünya hərb tarixinin ən qəddar hökmdarlarından biri sayılır. Onun həyatı və hərbi səfərləri ilə bağlı bir çox hekayə və rəvayətlər olmuşdur. Çingiz Aytmatov “Çingiz xanın ağ buludu” povestində böyük sərkərdə ilə bağlı əfsanəyə istinad etmişdir. Eyni zamanda Muxtar Şaxanovun “Çingiz xanın səhvləri” əsərində Çingiz xan obrazı iştirak edir.
Çingiz xanın oğlu uzun müddət mühasirədə saxlamasına rəğmən, Otrar qalasını ala bilmir və atası buna görə onu məzəmmət edir. Qaraşoku adlı sərkərdənin xəyanəti nəticəsində qala alınır. Növbəti səhnədə qalanın cəsur xan Xeyir və xəyanətkar Qaraşoku Çingiz xanın qarşısında durur. Çingiz xanı adil addım atır və xəyanətkarı cəzalandırmaq üçün Xeyir xana həvalə edir. Baxmayaraq ki, Qaraşoku cəza deyil, etdiyinin müqabilində Çingiz xandan tərif gözləyirdi. Eyni motiv Çingiz xanla bağlı çəkilmiş filmdə də vardır. Hələ tayfa başçısı kimi vahid dövlət uğrunda mübarizə apararkən onun əsas rəqibi Camuqanın sirlərini ona çatdıran iki sərkərdəni Çingiz xan öldürməyi əmr edir. Halbuki bu sirlərin nəticəsində o, əsas düşməninə qalib gələcək və vahid dövləti quracaqdı. Burada diqqət xarakterdəki naqislikdən gedir. Çingiz xan haqlı idi, bu gün ən sadiq hökmdarını satan sabah onu da sata bilər.
Buna baxmayaraq, ümid hələ ölməyib, xalq hələ tükənməyib. Qoca Kariyanın Xeyir xanın övladını gizlədə bilib və beləliklə, hələ gələcəyə ümid var. Çingiz Aytmatov yaradıcılığına xas olan mifizm süjet xəttində özünü büruzə verir. Belə ki, “Ağ gəmi” povestinin məğzini təşkil edən Ana maral əfsanəsində düşmənlər tərəfindən bir xalq qırılır. Yalnız ana maralın xilas etdiyi iki uşaq sayəsində xalq yenidən artıb-çoxalır. Yaxud “Qiyamət” romanında dünyanın sonu o zaman gəlir ki, əsərdə (beləliklə, həmin modeldə dünyada) sonuncu oğlan uşağı və son xilasedici qurd öldürülür. Qoca Kariyanın Xeyir xanın oğlunu xilas etməsi Otrardakı xalqın gələcəyi üçün işıq, ümid rəmzidir. Çingiz Aytmatov yaradıcılığına xas olan keyfiyyət, yaradıcılıq aktının dünyada insan nəslinin məhvdən xilas etmək cəhdi kimi dərk olunması bu əsərdə özünü göstərir.
Ölkələr, diyarlar döndülər külə...
Yeddi əsr keçdi həmin zamandan,
İllərin köpüklü xırçın sularından.
Adını araşdırdım sənin, Xeyir xan!
Ey mərd, ulu babam, duydum səsini,
Tarixlər yandıran od nəfəsini.
Bil, arzun ölmədi, sağ ol, ey babam,
Qurtulan oğlunla edir davam.
O məğrur qövmün övladıyam mən,
İlk duamdan bu günə qədər,
Mən sağamsa, sən də ölməmisən,
Zəfərlər qazandıq, fatehlər fatehisən.
Nəhayət, sonda yazıçı Çinet daha qədimə, Hun dövrünə ekskurs edir. Qədim dövrdə Hunların çinlilər tərəfindən assimiliyasiya cəhdləri ilə bağlı müxtəlif tarixi faktlar, eyni zamanda əfsanə və rəvayətlər məlumdur. Qədim türk yazılı mətnlərində Tonyukukun hökmdarı Bilgə xaqana məsləhəti məlumdur. Göytürk tarixinin tədqiqatçısı Ahmet Taşağıl Çin mənbələrinə istinadən yazır: “Türk sayca çox az idi, daha doğrusu, çinlilərin yüzdə biri qədər deyildilər. Buna baxmayaraq, çinlilər savaş meydanlarında məğlub edilirdi. Sular və otlaqlar izlənilir, bir yerdə davamlı yerləşmirdilər. Ovçuluq önəmli peşə idi, dolayısı ilə praktik olaraq savaşa hazırlıqlı olurdular. Gücləri çatanda hücum edib
yağmalayır, çatmayanda isə qaçıb meşələrin, dağların arasında gizlənirdilər”.
Vəzir Tonyukuk türklərin oturaq həyata keçməsi ilə bağlı fikrinə qarşı çıxır və bildirir ki, bu halda onlar özlərindən qat-qat çox çinlilər arasında əriyib yox olacaqlar. Burada isə hökmdar Tanrıqut özü də bilmədən xəyanətin içindədir, çinlilərlə olan nikah və onlarla qohumluqları getdikcə milli özünəməxsusluqdan uzaqlaşdırmış, yad təsirə salmışdır. Bu təsir getdikcə artmaqdadır. Tanrıqut isə bunun fərqində belə deyil. Hətta qayınatasının təklifi ilə çinli qadından olan oğlunu onun nəzarəti altında çinlə sərhəd olan əsas torpaqlara rəhbər təyin etməyə belə razılaşır. Günlərin bir günü onu Tanrıqut – ölkənin rəhbəri vəzifəsinə təyin edənlər onun qarşısında peyda olur, sanki qəfil yuxudan ayılır. Amma artıq gecdir və cəza mexanizmi işə düşmüşdür. “Sənə böyük bir məqam verdik, Tanrıqut. Fəqət sənin hunlara yaxşılıqdan çox pisliyin dəydi. Kim idik və indi kim olduq? Rəhbərliyinlə böyük Çinə hücum etdik, qalib gəldik. Amma görünür ki, işğal etmək məğlub etmək mənasını vermir. Hakim və qalib sayılsan da, darmadağın ola bilərsən. Çinlilər səni necə tələyə saldılar? Öncə Tanrıqutu tərifləməyə başladılar. Sonra ər məğanlar verib rüşvətə öyrətdilər. Sonra yavaş-yavaş bu ilanı (çinli qadın nəzərdə tutulur) yatağına saldılar. Xalq yerində deyib: “Qızıl mələyi də yoldan çıxarar”.
Sən xalqı vətən sevgisindən, dilindən,
adətlərindən uzaqlaşdırdın.
Sən xalqımızın tarixini, soyunu,
yurdunu unutdurdun.
Sən hunlarda olan mərdliyi, insanlığı,
vəfanı tükətdin.
Sən aslanı pişiyə, qartalı sərçəyə, ceyranı
eşşəyə, dahini miskinə çevirdin.
Yazıçı bu məqamda da xilas yolunun bağlanmadığını, ümid işığının sönmədiyini göstərir. Tanrıqutun hunlu qadından olan oğlu Almas, əslində, canavarlar tərəfindən aparılmışdır. Sağ qalan oğlan övladı burada nəslin, yaxud bütövlükdə dünyanın xilasına ümidlərin qaldığını göstərir.
Bədii ədəbiyyat ictimai statusu ilə xalqın yanın da durur, onun dünəninin, bugünkü yaşamının və gələcək qayğılarının ifadəçisinə çevrilir. Həyat gerçəkliyi ilə bədii nəsrin daxili qanuna - uyğunluğunun (fiktivliyin) kəsişməsində yaranan başlıca ideyanın, yazıçı təfəkkürünün ifadəçisi kimi meydana çıxan bədii nümunə insanı düşündürür, bəzən qayğılar aləminə qərq edir, onu bildiyi və bilmədiyi həqiqətlər haqqında düşünməyə vadar edir. “Sokratı anma gecəsi” pyesi iki xalqın: qazax və qırğız elinin dünəni, bu günü və gələcəyini tarixi nümunələrlə göstərən dram nümunəsidir. Əsərin
müəllifləri Çingiz Aytmatov və Muxtar Şaxanov status etibarilə bu mövzunu, ideyanı ifadə edə biləcək iki bilgin, ziyalı insandır. Əsərdətarixi sınaqlardan, tarix boyu baş verən olaylardan dərs almağın vacibliyi önə çəkilir.