Araşdırmalar göstərir ki, 1953-cü ildə Mir Cəfər Bağırova qarşı Kremlin təşkil etdiyi hücumları Azərbaycanın bəzi vəzifəli şəxsləri dəstəkləsələr də, onu müdafiə edənlər də az olmamışdır. Bunu Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində tanış olduğumuz “məxfi sənədlər”də də görmək mümkündür.
Yerlərdən gələn səslər:
KƏRİMOVA GÜLCANAN MƏMMƏDAĞA QIZI (1913-cü ildə Quba şəhərində anadan olmuşdur. Sov.İKP üzvü, səhiyyə işçiləri həmkarlar ittifaqı Respublika Komitəsinin sədri.
- Mir Cəfər Bağırov həyatında da, işində də büllur kimi tər-təmiz idi. Onu yalnız və yalnız Beriya ilə dostluq etdiyinə görə vəzifədən götürdülər. O, Moskvada Plenumda ölkə rəhbərliyinin üzünə demişdir: “Sizləri Beriya həbs edə bilərdi, buna inanıram. Ancaq Beriyanın beynəlxalq kapitalın agenti və satqın olmasına inanmıram”.
HACIYEV A.Q. (Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonundakı Malenkov adına kolxozun ferma müdiri):
- Bağırov xalq düşməni olsaydı, almanlar Qafqaz ətəklərinə yaxınlaşanda o, Azərbaycanı və bütün Qafqazı işğalçılara təhvil verərdi.
YAQUBOV A.İ. (Qazax rayonu, maşın-traktor stansiyasının mexaniki):
- Siyasi Büro üzvlərinin əksəriyyəti ruslardır. Onlar Beriyanı gürcü olduğu üçün aradan çıxardılar ki, hər şey özlərinin əlində olsun, Bağırovu da azərbaycanlı olduğu üçün cəzalandırdılar, bəhanə də bu oldu ki, Beriyanın dostudur.
RZAYEV Y. (Lənkəran rayonu, inkubator stansiyasında sex müdiri):
- Bağırov kimi sədaqətli rəhbəri vəzifəsindən uzaqlaşdırdılar, onu Beriyanın quyruğuna çevirdilər və ləkələdilər...
Bağırovu “Beriyanın quyruğuna çevirməklə ləkələmək” planını Nikita Xruşşov baş məsləhətçisi Anastas Mikoyanla razılaşdırmış və bu tarixi tapşırığın həyata keçirilməsi səriştəli partiya xadiminə - Pospelova həvalə edilmişdi. Bu Pospelov kimdir?
Pyotr Nikolayeviç Pospelov 1898-ci il iyunun 8-də Tver quberniyasının Konakovo qəsəbəsində doğulmuşdur. 1930-cu ildə Qırmızı Professura İnstitutunu bitirmişdir. 1931-1940-cı illərdə “Bolşevik” jurnalında, “Pravda” qəzeti redaksiyasında, ÜİK(b)P MK yanında Partiya Nəzarəti Komissiyasında çalışmış, “Pravda”nın baş redaktoru vəzifəsini tutmuşdur. 1953-cü ildə Sov. İKP MK - nın katibi seçilmişdir. 1953-cü ildə SSRİ Elmlər Akademiyasının akademiki, 1958-ci ildə Sosialist Əməyi Qəhrəmanı olmuşdur.1979-cu il aprel ayının 21-də 81 yaşında vəfat etmişdir.
SSRİ ali rəhbərliyinin nümayəndəsi kimi 1953-cü il iyulun 10-da Bakıya gələndə Pospelovun 55 yaşı vardı, o zaman nə akademik, nə də Sosialist Əməyi Qəhrəmanı idi. “Akademikliyi” Bağırovu Bakıdan Saratova yola saldıqdan sonra, “qəhrəmanlığı” isə, Bağırovun güllələnməsindən iki il keçmiş təsdiq olunmuşdu.
1953-cü il iyulun 10-da Azərbaycan KP MK-nın birinci katibi T.Yaqubovdan savayı heç kəs bilmirdi ki, Sov.İKP MK katibi Bakıya hərbi təyyarə ilə gəlir. Birinci katib möhtərəm qonağı qarşılamaq üçün Mərkəzi Komitənin kənd təsərrüfatı üzrə katibi İmam Mustafayevi və ideoloji iş üzrə katibi Həsən Həsənovu Keşlə Hərbi Təyyarə meydanına göndərmişdi. Hava qaralanda təyyarə yerə enmişdir. Lakin hörmətli qonaq MK katiblərini məyus etmişdir. Azərbaycan hökumətinin qonaq evində qalmaqdan imtina etmiş, gecəni sərhədçilərin istirahət evində keçirmişdir. Ertəsi gün, Pospelovla Yaqubov ikilikdə bütün məsələləri qabaqcadan həll etmişlər. Və iyulun 12-də Azərbaycan KP MK və Bakı Şəhər Partiya Komitəsinin birgə plenumu başlayır və əvvəlcədən nəzərdə tutulduğu kimi iki gün davam edir. Məsul tapşırığın uğurla yerinə yetirilməsi barədə “baş hakim”ə - Nikita Xruşşova telefonla məlumat verən Pospelov Bakını hərbi təyyarədə deyil, “Bakı-Moskva” qatarında tərk etmişdir.
Pospelovun “hərbi təyyarə ilə Bakıya qəlib, qatarla qayıtması” məsələsi bəziləri kimi, M.F.Axundov adına Dövlət Opera və Balet teatrının baş dirijoru Niyaziyə də çatmışdı. Peşəkar musiqiçi sentyabrın əvvəlində Moskvada incəsənət işçilərinin müşavirəsində sənət dostları Həbib İsmayılov və Tofiq Tağızadə ilə birlikdə iştirak etmişdi. Müşavirədən sonra onları moskvalı kinorejissor Frid öz evinə qonaq dəvət etmişdi. Səmimi söhbət zamanı Niyazi Pospelovun Bakıya necə gəlib-getməsindən söz salaraq demişdi: “Bizim başbilənlərimiz sözü bir yerə qoyub “intizamsızlıq” göstərərək, Pospelovun yedəyində getməsəydilər, o, Moskvaya qayıtmağa dəmir yolu bileti tapmazdı, məcbur olub velosipedlə geri dönərdi”...
Divarın da qulağı varmış. Niyazinin dediklərini SSRİ Daxili İşlər Nazirliyi dərhal Azərbaycan SSR daxili işlər naziri A.Quskova çatdırır. Quskov da təcili olaraq, yazılı şəkildə bu barədə Azərbaycan KP MK-ın birinci katibi T.Yaqubova rəsmi məktub göndərir. 1953-cü il sentyabrın 18-də, əmisi Üzeyir bəyin doğum günündə adlı-sanlı dirijor gözlənilməz zərbə alır - Mərkəzi Komitənin birinci katibi T.Yaqubov Quskovun məktubu əsasında aşağıdakı qərarı imzalayır: “Daşıdığı bütün vəzifə və işindən kənar edilsin”.
Biçarə bəstəkar-dirijor əlacsız qalır. Nə etsin, haraya getsin? Haraya getsə yaxşıdır? Qubaya, Mir Cəfər Bağırovun yaxın qohumlarının yanına!
Oxuculara təqdim etdiyimiz foto-şəkil 1953-cü ilin yadigarıdır. Şəkildəkilər: Mir Cəfər Bağırovun bacısı Seyid Məsumənin qızı, biologiya müəllimi Səkinə xanım (Niyazinin sol tərəfində), Niyazinin ömür-gün yoldaşı Həcər xanım, M.C. Bağırovun yaxın qohumu Seyidməmməd Bağırovun qızı Maral və oğlu Nizami.
Niyazi Qubada olarkən, onun hörmət etdiyi şairlər, rəssamlar, bəstəkarlar, memarlar və başqa incəsənət xadimləri 1953-cü ili mətbuat səhifələrində Pyotr Pospelov rolunda başa vururdular. “Ədəbiyyat və İncəsənət” qəzetinin 1953-cü il 26 dekabr tarixli sayında Azərbaycan Yazıçılar İttifaqında keçirilmiş tədbirdə deyilənlərə diqqət yetirin:
- Beriya öz murdar şəxsiyyətini böyük sovet xalqına qarşı qoyaraq, özünü ondan üstün tuturdu. M.C.Bağırovun Azərbaycandakı fəaliyyəti də özünü cəmiyyətdən üstün tutmaq kimi antisovet bir iş üsuluna misaldır. Dözülməz dərəcədə kobud və eqoist bir adam olan Bağırov Azərbaycan ziyalılarına amansız bir qənim kəsilmişdi. O, öz ətrafına yaltaqları, ikiüzlüləri, həmişə ona “bəli, bəli” deyənləri toplayaraq, namuslu adamları bir-bir ləkələyib sıradan çıxarırdı. Bağırov respublikamızın adamları arasına ayrılıq salır, həqiqəti deyənlərin ağzını yumurdu.
- Bağırov mədəniyyətimizin inkişafına mane olurdu. Bağırov cəmiyyətimizin xeyrinə olan cəsarətli fikir və təşəbbüsləri boğur, yeni elmi qüvvələrin meydana çıxmasında həmişə əngəl törədirdi.
- Bağırov qabaqcıl yazıçı və sənətkarlarımızı cürbəcür vasitələrlə ləkələyərək, istedadsız adamları onlara qarşı qoyurdu. Bağırov Azərbaycan ədəbiyyat və incəsənətinin dəyərli nümunələrinə göz yumaraq, sönuk əsərləri tərifləyirdi.
Çoxlarından fərqli olaraq, Mir Cəfər Bağırov şəxsiyyətinə Niyazinin dəyişməz münasibətini nə ilə izah etmək olar? Bu suala cavab vermək üçün böyük sənətkarın Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivindəki 49 səhifəlik materialları araşdırmaq kifayətdir.
Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu 1912-ci il avqust ayının 20-də Tiflisdə bəstəkar Hacıbəyovun ailəsində dünyaya gəlmişdir. 1921-ci ildə Zaqafqaziya hərbi-hazırlıq məktəbinə daxil olmuşdur. Sonra Moskva musiqi-pedaqoji texnikumunda təhsilini davam etdirmişdir. Yeniyetməlik çağlarında skripkada çalmağa yiyələnmişdir. 1926-cı ildə Leninqrad Mərkəzi Musiqi Texnikumunda oxuyarkən, bəstəkar Asəf Zeynallı ilə birlikdə Leninqrad şəhərində Azərbaycan musiqisindən ibarət konsertlər təşkil etmişdir. 1931-ci ildə İrəvan Dövlət Konservatoriyasını bitirdikdən sonra, Dağıstanda xalq maarifi komissarlığının elm, ədəbiyyat və incəsənət bölməsinin müdiri vəzifəsində çalışmışdır. 1933-1934-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında oxumuşdur. Eyni zamanda, Azərbaycan neft sənayesi işçiləri həmkarlar komitəsinin “Neftçi” teatrında bəstəkar və dirijor vəzifəsində fəaliyyət göstərmişdir, həmin dövrdə Niyazi ilk musiqi əsərlərini - fortepiano üçün “Od içində” poemasını, “Zaqatala” süitasını yazmışdır. 1934-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmiş istedadlı bəstəkar daha gərgin və geniş fəaliyyətə başlamışdır: Cabbar Qaryağdının ifasında muğamatımızı nota keçirmişdir. “Almas” bədii filminə musiqi tərtibatı vermişdir. Süleyman Rüstəmin sözlərinə bir neçə mahnı bəstələmişdir və s. Həmin illər onun dirijorluq fəaliyyətinin başlanğıcı olmuşdur. Niyazi Azərbaycan Radio Verilişləri Komitəsinin simfonik orkestrinə dirijor təyin edilmişdir. Azərbaycan kinostudiyasının musiqi redaktoru olmuşdur... Və qəfildən əcəl başı üstünü almışdır. İyirmi dörd yaşlı Niyazinin vəziyyətindən xəbər tutan Mir Cəfər Bağırov onu təcili Kreml xəstəxanasına göndərmişdir. Cərrahiyyə əməliyyatından sonra xəstə bir ciyərlə çarpayıdan qalxmışdır...
Niyazinin anası Böyükxanım Hacıbəyovanın ciyərparasının xilaskarı barəsində yazdıqları uzun illərdən bəri gizli arxiv qovluğunda qalmışdır. Böyükxanım ana yazırdı: “1936-cı ildə Niyazi xəstələnəndə M.C.Bağırov yoldaş mənim balamı xilas etdi. Oğlumun sağ-salamat qalmasına görə ona minnətdaram”.
Bir ildən sonra Niyazi yenə də Moskvada olmuşdur. Bu dəfə Azərbaycan Dövlət Opera və Balet teatrının dirijoru kimi Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimləri arasında. “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, 1940-cı ildə ona Azərbaycanın əməkdar incəsənət xadimi adı verilmişdir.
1941-ci ildə Mir Cəfər Bağırovun xeyir-duası ilə Cənubi Azərbaycana yollanan sənət adamları arasında Niyazi də vardı. Fəqət 1942-ci ilin sonlarında fitri istedad sahibinin səhhəti yenidən sürətlə pozulmağa başlayır. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində 31 yaşlı Niyazinin 59 yaşlı atasının - Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyovun Azərbaycan rəhbərinə yazdığı məktubu saxlanılır:
“Çox hörmətli Mir Cəfər yoldaş!
Sizə məlum olduğu kimi, mənim böyük oğlum Niyazi 1936-cı ildən ağ ciyər vərəmindən əziyyət çəkir. O, Bakı, Kiyev və Moskva mütəxəssislərinin məsləhəti ilə hər il müalicə kurortlarında olurdu. Lakin müharıbə vəziyyəti ilə əlaqədar o, son iki ildə bundan məhrumdur. Oğlumun səhhətini yaxşılaşdırmaqdan ötəri onun güclü qidalanması tələb olunur. Düzdür, Niyazi digər incəsənət işçiləri kimi, 5 N-li məntəqəyə təhkim edilmişdir, ancaq bu məntəqə oğlumun tələbatını tam ödəyə bilmir. Bəstəkarlar ittifaqının xahişi ilə Niyazinin Xalq Komissarları Sovetinin yeməkxanasına təhkim olunması da nəticə vermir. Çünki buradakı yeməklər də sağlamlığına kəskin təsir etmir. Üstəlik, Niyazi gecə-gündüz yaradıcılığından qalmır, zəifləyib taqətdən düşməkdədir.
Yoldaş Mir Cəfər, Sizdən xahiş edirəm ki, oğlumun düçar olduğu çıxılmaz vəziyyəti nəzərə alaraq, daha güclü qidalarla təmin olunması üçün aidiyyatı şəxslərə göstəriş verəsiniz.
Sizi narahat etdiyimə görə üzr istəyirəm...
Sizə həmişə səmimi hörmət edən Zülfüqar Hacıbəyov.
19 yanvar 1943-cü il.”
Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyovun məktubu üzərində M.C.Bağırov bu dərkənarı yazır: “Şəxsən Quliyev yoldaşa. Nə etmək olar? Xahiş edirəm aydınlaşdırıb mənə zəng vurasınız. 20.01.43”.
Ertəsi gün Azərbaycan Xalq Komissarları Sovetinin sədri Teymur Quliyevin tapşırığı ilə sədrin müavini Əzizağa Əzizbəyov Niyazinin mənzilinə göndərilmiş qida məhsulları barədə məlumatı M.C.Bağırova çatdırır: ət - 2 kiloqram, yağ - 1 kiloqram, konserv - 5 ədəd, qənd - 1 kiloqram, peçenye - 2 kiloqram, düyü - 1 kiloqram, çay - 0.5 kiloqram, pendir - 1 kiloqram, kişmiş - 1 kiloqram.
Mir Cəfər Bağırovun bilavasitə göstərdiyi qayğı nəticəsində Niyazinin səhhəti yenidən yaxşılaşmış və müharibə illərində o, Azərbaycan musiqi sənətinin inkişafında əməyini əsirgəməmişdir.
Əfsuslar olsun ki, Niyazi 1943-cü ilin fevralında əmisi Üzeyirbəy Hacıbəyovun “şəxsi katibi”, onun böyük baldızı Hüsnücamal Terequlovanın oğlu Ramazan Həmzətoviç Xəlilovla bağlı MK-ya müraciəti ilə özünə gizli və məxfi düşmən qazanmışdır. 1901-ci ildə Balakən rayonunun Qabaqgöl kəndində anadan olmuş, milliyyətcə avar olan “şəxsi katib” 42 yaşında - 1943-cü ilin yanvarında partiya sıralarında olmaq qərarına gəlmişdir. Həmin il yanvar ayının 26-da Azərbaycan Dövlət Konservatoriyası ilk partiya təşkilatının yığıncağında ərizəsi müzakirə edilmiş və yekdilliklə qəbul edilmişdir. Ona üç nəfər - Konservatoriyanın direktoru Üzeyirbəy Hacıbəyov, kafedra müdiri Muxtar Qasımov və konservatoriyanın müəlliməsi Ərkinaz Kərimova zəmanət vermişlər.
Ramazan Xəlilovun ÜİK(b)P-yə keçməsinə dair sənədlərə Caparidze rayon partiya komitəsi bürosunda baxılmaq ərəfəsində Azərbaycan K(b)P MK-nın təşkilat-təlimat şöbəsi Niyazinin imzasıyla daxil olmuş müraciətdəki faktları yoxlamışdır. Əmisinin “şəxsi katibi”ndən Niyazi nələr yazırdı? Yazırdı ki, “Ramazan Xəlilov heç bir yerdə işləmir, Üzeyirbəy Hacıbəyovun şəxsi vəsaiti ilə dolanır, onun adından öz mənafeyi üçün istifadə etməklə əmisini nüfuzdan salır. Ü.Hacıbəyovun xasiyyətindəki zəif cəhətlərdən məharətlə sui-istifadə edən R.Xəlilov öz qohumlarını Bakı şəhərində rəsmi qeydiyyata aldırır. Məsələn, onun xahişi ilə Ü.Hacıbəyov R.Xəlilovun yaxın qohumu Şıxsəyidovanı mənzilinə qeydiyyata saldırmışdır. R.Xəlilov hərbi xidmətdən də azad edilmişdir - guya zəif eşidir. O, tərcümeyi-halında 1919-cu ildə və 1927-ci ildə həbsə alındığını, həmçinin Amerikada qohumlarının yaşadığını göstərməmişdir və b.k.”
Caparidze rayon partiya komitəsi tərəfindən aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, Niyazinin göstərdiyi faktların əksəriyyəti doğrudur. Üstəlik, o da bəlli olmuşdur ki, partiyaya daxil olmağa hazırlaşan R.Xəlilov 1940-cı ildən həmkarlar ittifaqı üzvlük haqqını ödəməmişdir.
Azərbaycan K(b)P Caparidze rayon komitəsi 1943-cü il martın 18-də büro iclasında yoxlamanın nəticəsini nəzərə alaraq, Ramazan Həmzətoviç Xəlilovun ÜİK(b)P-yə üzvlüyə namizəd qəbul olunmasına dair Azərbaycan Dövlət Konservatoriyası ilk partiya təşkilatının qərarını ləğv etmişdir. Üzeyirbəy Hacıbəyov isə əmr verib “şəxsi katibi” Konservatoriyanın təsərrüfat işləri üzrə direktor köməkçisi vəzifəsinə təyin etmişdir.
* * *
1943-cü ildə özünə “güclü müxalifət” qazanmış Niyazi 1944-cü ilin ilk aylarında zəfər yürüşünü davam etdirir. Bakının vitrinlərini iki ildən sonra yenidən “Xosrov və Şirin” operasının afişaları bəzəyir. Operanın librettosunu Mikayıl Rəfili yazmışdı. Əsərin quruluşunu Opera teatrının bədii rəhbəri, Azərbaycan SSR xalq artisti İsmayıl Hidayətzadə vermişdi. Əsas rollarda xalq artisti H.Hacıbababəyov, S.Mustafayeva, U.Rzayev, A.Bünyadzadə, V.Mustafayev, İ.Eloğlu və başqaları oynayırdılar. Rəqslərin quruluşçusu xalq artisti Qəmər Almaszadə idi. Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində “Xosrov və Şirin” operasının afişası ilə birlikdə bir sənəd də saxlanılır. Tanış olun:
“Çox hörmətli Bağırov yoldaş!
Sizin göstərişlərinizdən sonra biz qüvvəmiz daxilində “Xosrov və Şirin” operası üzərində işləmiş, düzəlişlər və əlavələr etmişik. Fevralın 12-də opera səhnədə nümayiş etdirilmişdir. Baxışda Adil İskəndərov, Süleyman Rüstəm və Sabit Rəhman yoldaşlar iştirak etmişlər.
Tamaşanın quruluşçu heyəti və baxışda iştirak edənlər belə qənaətə gəldilər ki, operanı bütövlükdə bitmiş hesab etmək olar.
Opera haqqında Sizin rəyiniz bizə çox qiymətlidir. Ona görə Sizdən çox xahiş edirik ki, vaxt tapıb operanın ilk tamaşasına baxasınız.
Səmimi hörmətlə:
Niyazi
Mikayıl Rəfili
Bakı, 16 fevral 1944-cü il.”
...Bir ildən sonra isə “Xosrov və Şirin” operasının yaradıcısı haqqında Gəncədən ürək bulandıran məktub Mir Cəfər Bağırova təqdim edilmişdi:
“Azərbaycan K(b)P MK-nın birinci katibi Bağırov yoldaşa
Kirovabad şəhəri, Caparidze küçəsindəki 48 N-li evdə yaşayan, Həsənbəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun dosenti Musabəyov Musa Zahidoviç tərəfindən
Şikayət
Düçar olduğum çətin vəziyyət məni vadar edir ki, şəxsən Sizə müraciət edim.
Mən 1940-cı ildə Qızıl Ordu sıralarında Sovet-Fin müharibəsində ağqvardiyaçılara qarşı döyüşlərdə iştirak etmişəm, yaralanmışam və müharibə əlili olduqdan sonra bütün qüvvəmi elmi işə həsr etmişəm. 1938-ci ildən hal-hazıra kimi H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda çalışıram. Mənim elmi işlərimi və dissertasiyamı SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının əməkdaşları, o cümlədən professor Topçubaşov və Torpoqradski yüksək qiymətləndirmişlər.
İndi də şikayətimin məğzi barədə. 1944-cü il mart ayında mən arvadım Yaxşı Əmirovanı Bakıya, Tibb İnstitutuna yola saldım. Mart ayının 28-də arvadım Kirovabada qayıtdı, ancaq qardaşı, bəstəkar Fikrət Əmirov və incəsənət xadimi, ordenli Niyazi və onun arvadı Həcər ilə birlikdə. Onlar burada üç gün qaldılar. Bütün bu müddətdə arvadım Niyazi Tağızadə ilə şəhərdə gəzib-dolaşdı və camaatın gözündə məni hörmətdən saldı. Martın 31-də isə arvadım mənə bildirdi ki, nigahımızı pozmaq istəyir, boşanıb Bakıya getmək fikrindədir. Mən də bu təkliflə razılaşdım, ZAQS-a gedib rəsmi boşandıq.
Yoldaş Bağırov! Mən Sizin diqqətinizə arvadımı əlimdən qoparan Niyazi Tağızadənin və Fikrət Əmirovun Sovet müəllimi haqqında dedikləri sözləri eynilə çatdırıram: “Axı bu müəllim kimdir ki? Kasıbın birisidir, o, ailə nə bilir, ona ərə gedənin ağlı topuğundadır”. Bu sözlərdən sonra arvadım mənim doktorluq işimi, qiymətli kitablarımı, qızıl qol saatımı, kostyumumu və s. çemodanına yığıb apardı. Yola düşərkən Niyazi Tağızadə məni hədələdi: “Mən Azərbaycan KP MK-nın üzvüyəm, məni bütün respublika tanıyır, Kirovabad şəhər partiya komitəsinin katibi Yunis Hacıyev, Kirovabad NKVD-sinin başçısı Qurbanov yaxın dostlarımdır, məndən şikayət etmək xəyalına düşsən, onlar dərsini verəcəklər”.
Partiya və hökumətimiz Sovet müəlliminin şərəfini yüksək tutur və onun əməyini həmişə layiqincə qiymətləndirir. Niyazi Tağızadə - Azərbaycan K(b) MK-nın üzvü, ordenli bəstəkar Sovet müəllimini alçaldır və təhqir edir.
Sizdən xahiş edirəm ki, Sovet müəllimi kimi mənə mənəvi və maddi ziyan vurmuş müqəssirləri cəzalandırmaq üçün qanuni tədbir görəsiniz.
Şikayətçi: M.Z.Musabəyov.
Kirovabad şəhəri, 19 aprel 1944-cü il.”
Dosent Musabəyov Musa Zahidoviçin şikayət məktubu Azərbaycan K(b)P MK katibliyinin 30 aprel 1944-cü il tarixli iclasının gündəliyinə salınmış, ÜİK(b)P-nin üzvü Tağızadə Niyazinin sovet müəllimi barəsində dediklərinin və onun haqqındakı digər faktların yoxlanılması Azərbaycan Xalq Komissarları Sovetinin Sədri T.Quliyevə, Azərbaycan SSR Daxili İşlər Komissarı T.Yaqubova və Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komissarı S.Yemelyanova tapşırılmışdır.
1944-cü il mayın 8-də M.C.Bağırov yoldaşa aşağıdakı rəsmi arayış təqdim olunur:
Tam məxfi
Arayış
Tağızadə (Hacıbəyov) Niyazi Zülfüqar oğlu 1912-ci ildə Tiflis şəhərində anadan olmuşdur, SSRİ vətəndaşıdır, ÜİK(b)P üzvüdür. Əməkdar incəsənət xadimi, ordenlidir, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrında dirijor vəzifəsində işləyir.
Niyazi Zülfüqarbəy Hacıbəyovun rəsmi oğlu olsa da, naməlum səbəblərə görə, Dağıstanın Dərbənd şəhərində yaşamış dayısının - Heydər Tağızadənin familiyasını mənimsəmişdir. Bu familiya ilə Niyazi bir neçə il ərzində Dağıstan MSSR Xalq Komissarları Sovetindən təqaüd almışdır.
Niyazi İranın Mahaçqala şəhərindəki konsulu Əliyevin qızı Həcər Kafi qızı Əliyeva ilə ailə qurmuşdur. Arvadının qardaşları - Rəşid və Teymur 1935-36-cı illərdə Mahaçqaladakı İran konsulluğunda məsul vəzifələr tutmuşlar. Hazırda Rəşid Əliyev İranın Təbriz şəhərində polis idarəsində, Teymur Əliyev isə Azərbaycan SSR Maarif nazirliyində işləyir.
Niyazi 1930-cu ildən başlayaraq, Orta Asiyaya, Şimali Qafqaza və Ermənistana bir sıra səfərlər etmişdir. 1930-1931-ci illərdə Ermənistanda işləyərkən, Niyazi Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmasına dair saxta sənəd əldə etmişdir. Bu saxta sənədi təqdim etməklə Niyazi Leninakanda Dövlət Siyasi İdarəsinin Nəqliyyat Şöbəsi tərəfindən həbs olunmuş cinayətkarı - öz tanışını azadlığa çıxartmışdır. Bu işdə ona Ermənistan SSR-in keçmiş İctimai Təminat komissarı Əli Tağızadə və Zaqafqaziya Xalq İcraiyyə Komitəsinin keçmiş katibi, xalq düşməni Həmid Sultanov vasitəçilik etmişdir.
İranda hazırda Niyazinin xalası Sitarə yaşayır. Onun İranın tacirləri və Türkiyənin Təbriz şəhərindəki konsulluğunun əməkdaşları ilə əlaqəsi vardır. Sitarə İran polisinin əməkdaşları Usaməddin Vəzirov və Qulam Hüseynxanovla da tanışdır.
1941-ci ildə Niyazi M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının İrana qastrol - ezamiyyəti zamanı xalası, arvadının qohumları ilə görüşmüş, onların evində qonaq qalmışdır. Niyazi qeyri-qanuni olaraq arvadını da özü ilə İrana aparmışdır. Atası Zülfüqar bəyin yaxın dostu - Təbriz şəhər məktəbinin direktoru Abdullazadənin vasitəsilə mühacirətdə yaşayan müsavatçı əmisi Ceyhun Hacıbəyovun foto-şəklini əldə etmişdir.
Niyazi İranda olarkən özünü intizamsız və qeyri-əxlaqi aparmışdır. Qızıl Ordu hissələri üçün təşkil olunmuş ilk konsertə sərxoş halda, konsertin təşkilinin məhz ona tapşırılmasına baxmayaraq, bir saat gec gəlmişdir.
Opera teatrının dirijoru dəfələrlə kollektivdən ayrılaraq, vaxtını qohumlarının evində içkili məclislərdə keçirmiş, onlarla birlikdə foto-şəkillər çəkdirmişdir. Belə halların yolverilməz olduğunu kollektiv üzvləri Niyaziyə deyərkən, guya respublikanın rəhbər işçiləri tərəfindən ona icazə verildiyini bildirmişdir.
1942-ci il may ayının 26-da Niyazinin təşəbbüsü ilə Azərbaycan SSR xalq artisti Yavər Kələntərlinin qaldığı mənzildə içkili ziyafət təşkil olunmuşdur. Məclisdə 20 nəfər, o cümlədən Bakı şəhərinin keçmiş hərbi komissarı Rəcəbov Bayram Salman oğlu, professor Səfərəlibəyov Mehdi, həkim Talışinski Rüstəm və digər şübhəli şəxslər iştirak etmişlər. Məsələn, Talışinski Rüstəm 1929-cu ildə əksinqilabi fəaliyyətinə görə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Niyazi Bakıda öz evində də tez-tez curlarını bir yerə yığıb içki məclisləri təşkil edir. Onların arasında incəsənət işçiləri ilə yanaşı, hərbçilər də vardır. Onlardan birisi (hələlik konkret olaraq adı və şəxsiyyəti müəyyənləşdirilməmişdir) Sumqayıtdan hər bazar günü öz maşınında cürbəcür ərzaqla Niyazinin evinə gəlir. Niyazi bu dostunu - polkovniki “Zinqro” deyə çağırır. Niyazi arvadı ola-ola respublikanın incəsənət sahəsində çalışan qadınları ilə intim əlaqə saxlayır.
Kirovabad şəhərində olarkən Niyazi H.Zərdabi adına Pedaqoji İnstitutun dosenti Musabəyovun ailəsini dağıtmışdır. Onun arvadı Yaxşı Əmirova (bəstəkar Fikrət Əmirovun bacısı) hazırda Bakıda Niyazi ilə nigahsız yaşayır. Fikrət Əmirov uzun müddətdir ki, Niyazinin mənzilində qalır və deyilənə görə, Niyazinin arvadı ilə yaxınlıq edir.
Niyazinin arvadı - Əliyeva Həcər Kafi qızı zahiri gözəlliyindən istifadə edərək, artistləri, hərbi qulluqçuları özünə cəlb edir, bəziləri ilə yaxından əlaqədədir.
Niyazi maddi cəhətdən tamamilə təmin olunaraq fironluq edir. Respublikanın bir çox təşkilatları ilə müqavilə bağlayıb qonorar qazanır. Onun incəsənət işləri idarəsi, kino-studiya, Opera teatrı, Bədən Tərbiyəsi Komitəsi, Kirovabad dram teatrı və s. təşkilatlarla qanunsuz müqaviləsi vardır. Üstəlik, Filarmoniyada və hərbi hissələrdə konsertlər təşkil edir, pul qazanır.
Sovet müəllimi haqqında Niyazi tərəfindən söylənilmiş antisovet ifadələrə gəldikdə, Musabəyovdan başqa heç kəs bunu təsdiqləmir.
Pedaqoq Musabəyovun şəxsi həyatının dağıdılmasında Niyazini günahlandırılıb məsuliyyətə cəlb etmək üçün əlimizdə hüquqi əsas yoxdur. Bununla belə, Niyazinin pozğunluğunun qarşısını almaq və bir peşəkar bəstəkar-dirijor kimi onu mühafizə etmək məqsədilə aşağıdakı tədbirlərin görülməsini vacib hesab edirik:
08 may 1944-cü il
Bakı şəhəri.”
Bu arayışdan sonra Mir Cəfər Bağırovun Niyaziyə uzanan kömək əli bir müddət havada qalmışdır. Arayışın bəndləri həyata keçiriləndə, Niyazinin bitərəf və partiyalı düşmənləri güman etmişlər ki, bir ciyərli dirijorun bu dəfə xilası qeyri-mümkündür - nəfəsi kəsiləcəkdir.
Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində Azərbaycan K(b)P MK-nın təbliğat və təşviqat üzrə katibi Qəzənfər Məmmədovun adına göndərilmiş məktublar saxlanılır. Bəzilərini oxucuların nəzərinə çatdırıram:
“Azərbaycan SSR Xalq Komissarları Soveti yanında incəsənət işləri idarəsi bildirir ki, bəstəkar Niyazi Tağızadə ilə bağlanılmış aşağıdakı müqavilələr ləğv olunmuşdur:
İdarənin rəisi A.İskəndər.
11 may 1944-cü il.”
* * *
“Azərbaycan Xalq Komissarları Soveti yanında Radiofikasiya və Radioveriliş Komiteti bildirir ki, bəstəkar Niyazi ilə Azradiokomitetin musiqili verilişlər şöbəsinin radioda səsləndirmək üçün yeni musiqi nümunələri sifarişi üzrə nəzərdə tutulmuş müqavilə ləğv edilmişdir.
Komitetin Sədr müavini M.Hüseyn”.
* * *
Niyazinin guya hərbi rütbə geyim forması ələ keçirməsi barədə siqnalın yoxlanılması nəticəsinə dair məlumat isə, MK-nın təbliğat və təşviqat katibinə deyil, birinci katibinə ünvanlanmışdır:
“Azərbaycan K(b)P MK-nın birinci katibi Bağırov yoldaşa
Niyazi ilə əlaqədar aşağıdakıları bildirirəm:
Bakı Hava Hücumundan Müdafiə ordusunun komandanı,
general-mayor Bekronov.
Bakı şəhəri 30.05.1944”
* * *
Niyazi haqqında bədxahları tərəfindən uydurulmuş dedi-qodular baş alıb getməkdə idi. Sənətkarın anası Böyükxanım, atası Zülfüqarbəy və ömür-gün yoldaşı Həcər xanım dərin həyəcan içərisində idilər. Niyazi isə susurdu. Sükunət buzunu cəsarət edib Həcər xanım sındırdı, qələm götürüb Mir Cəfər Bağırova məktub yazdı. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində 70 ilə yaxın mətbuata çıxarılmayan bu məktubu ilk dəfə oxucuların nəzərinə çatdırıram:
“Çox hörmətli Bağırov yoldaş!
Biz hamımız yaxşı bilirik ki, Sizin üçün hər dəqiqə nə qədər qiymətlidir. Ona görə uzun-uzadı məktubuma görə Sizdən əvvəlcədən üzr istəyirəm.
Qırx il bundan əvvəl atam qazanc dalınca Rusiyaya getmiş və orada dəmir yolunda işləmişdir. Mən də, qardaş-bacılarım da Rusiyada anadan olmuşuq. 1920-ci ildə atam Krasnodarda yatalaq xəstəliyindən vəfat etmişdir. Bütün ailəmiz - anam, ortancıl qardaşım və mən böyük qardaşımın himayəsinə keçmişik. O, Armavir şəhərində 1922-ci ildən 1928-ci ilədək konsulluqda işləmişdir. Həmin ildən 1933-cü ilədək Mahaçqala şəhərində çalışdığından, biz də orada yaşamışıq. Mən 1932-ci ildə Dağıstan Tibb İnstitutuna daxil olmuşam. Tələbə ikən Niyazi ilə tanış olmuş, ona vurulmuş və ərə getmişəm. Himayəsində olduğum böyük qardaşım bu izdivacın qəti əleyhinə idi. O məndən tələb edirdi ki, dərhal Niyazi ilə əlaqəmi kəsim və İrana yola düşüm. Deyirdi ki, “İranda kimə ərə getsən, etiraz etməyəcəyəm”. Bu sözlər mənim üçün çox təhqiramiz idi. Ona görə də evimizdən baş götürüb qaçdım. Bir neçə il keçmiş öyrəndim ki, qardaşım 1933-cü ildə ailəsini İrana yola salandan sonra NKVD tərəfindən tutulmuşdur. Aqibətindən xəbərim yoxdur. Məni daima ən çox narahat edən Niyazinin səhhəti olmuşdur.
Yoldaş Bağırov! Vaxtilə Sizin diqqətiniz və qayğınızla ağır xəstəlikdən xilas edilmiş Niyazinin sağlamlığı keşiyində durmağı mən özümə borc hesab eləmişəm. Çünki hər hansı azacıq soyuqdəymədən belə, onun halı pisləşir. Onu heç yerə tək buraxmaq olmaz. Sizdən nə gizlədim, mən onunla birgə vərəm sanatoriyalarında olmaqdan çəkinməmişəm. Bəzən xəstə yatağında onu öskürək tutanda, qanlı bəlğəm dodaqlarına yığılırdı, qanı silib-təmizləyib dodaqlarından öpürdüm, bu an Niyazinin gözləri alışıb-yanırdı, həkimlərin “ona yaxın düşməyin, yoluxarsınız” tapşırığı beynimə batmırdı.
Bakıda, demək olar ki, hamı bilir ki, mən və Niyazi necə canbir, səmimi və ayrılmazıq. Ancaq, nə gizlədim, Niyazi İrana ezamiyyət olunanda, məni özü ilə aparmaq istəmirdi. Mən, ailə həyatı yaşadığımız illərdə ilk dəfə olaraq, Niyazinin razılığı ilə qaynatama bu barədə dil açdım. Zülfüqarbəy Sizə, Niyazinin xilaskarına müraciət etdi və Siz icazə verdiniz.
Biz Təbrizə çatdıqdan sonra iki gün stansiyada qalmalı olduq, Niyazinin Təbrizə gəlişi xəbəri bütün şəhəri dolaşmağa başladı. Bizi qarşılayanlar arasında Süleyman Rüstəm də var idi. O, Niyaziyə söylədi ki, onun xalası Sitarə Təbrizdə ağır şəraitdə yaşayır və ona baş çəkməsi yaxşı olardı. Niyazi bu barədə Əziz Əliyev yoldaşa bildirdi və o, görüşməyə icazə verdi.
Niyazi müharibədən əvvəl də, indi də öz işinə sonsuz məhəbbət və məsuliyyətlə yanaşır, yorulmaq bilməyir, sağlamlığını düşünmür. Müharibə vaxtı Niyazi vaxtaşırı ordu hissələrində olmaqla yanaşı, 1942-ci ildə “Xosrov və Şirin” operasını yazmışdır. İranda olarkən, Süleyman Rüstəmin sözlərinə “Təbrizim” mahnısını bəstələmişdir. 416-cı Azərbaycan diviziyası marşını yaratmışdır. Fortepiano və orkestr üçün böyük konsert proqramı hazırlamışdır. “Xosrov və Şirin” operası istisna olmaqla, heç bir əsərə və proqrama görə qonorar almamışdır.
Niyazi ancaq gecələr yaradıcılıq ilə məşğul olur. Bunu qonşularımız Ordubadi və Dadaşov da təsdiq edə bilər, çünki onlar və başqa qonşularımız Niyazinin yeni musiqisinin ilk dinləyiciləridir. Niyazi hədsiz dərəcədə xeyirxah və qayğıkeş insandır. Ağır xəstəlikdən sonra əsəbi və ötkəm olmuşdur. Hiylədən uzaqdır, sözü adamın gözünün içinə deyir. Məhz buna görə də bədxahları onu kobud və lovğa kimi səciyyələndirirlər. Niyazi son dərəcədə prinsipial və öz mövqeyini çılğınlıqla müdafiə etdiyinə görə onu gözü götürməyənlər çoxalmaqdadır.
Yoldaş Bağırov! Niyazi ətrafında dolaşan yalanların heç bir əsası yoxdur. Deyirlər ki, Niyazi hərbi forma geyinir. Niyazi orduda olarkən üş ay bu geyimdə olmuşdur. Bəs orduda hansı geyimdə gəzməli idi? Məgər Bakıda dirijor və bəstəkar Niyazini hərbi geyimdə görən olub?
Yazırlar ki, Niyazi guya xəstə vəziyyətdə “Koroğlu” operasına dirijorluq etmişdir. Yoldaş Bağırov! Sözbazlar yəqin bilmirlər ki, Niyazi (bir daha təkrar edirəm) 1936-cı ildə Sizin köməyinizlə Moskvaya aparılmış və cərrahiyyə əməliyyatından sonra ikinci həyat qazanmışdır. Dörd ildir ki, müalicə olunmur. Bu vəziyyətdə hər dəfə tamaşadan sonra iki gün özünə gələ bilmir.
Bu günlərdə axşamdan keçmiş telefonumuz zəng çaldı. Telefonu mən götürdüm, NKVD-dən hansısa Məmmədov yoldaş dedi ki, Niyazi gecə saat 12-də orada olmalıdır. Niyazi getdi və gecədən xeyli keçmiş qayıtdı. Sifətindən və yeməkdən imtina eləməsindən yəqin etdim ki, nə isə yaxşı xəbər yoxdur. Nə qədər çalışsam da, ondan bir söz ala bilmədim. Yalnız bunu dedi: “Bilmirəm, məndən nə istəyirlər. Axı mən kimə pislik eləmişəm, nə vaxt bu intriqa qurtaracaqdır?”
Bu hadisədən sonra Niyazi ilə danışmaq qeyri-mümkündür. Heç nə yemir, gecələr yatmır, elə hey papiros çəkir ki, bu da olduqca zərərlidir. Həmişə şən və gülərüzlü Niyazidən əsər-əlamət qalmamışdır. Hər gün də qanqaraldan xəbərlər alırıq. Məsələn, deyirlər ki, Niyazi cavanları sıxışdırıb aradan çıxarır. Halbuki Niyazi gənc istedadların qayğısına həmişə qalmış və qalmaqdadır. Cəbhədə qəhrəmancasına həlak olmuş İsrafilzadə Niyazinin tələbəsi idi. Rauf Hacıyev və Fikrət Əmirovu da misal şəkmək olar. Fikrət Əmirov cəbhədən qayıdandan sonra çox zəifləmişdir. O, bizim evimizdə qalmış, təhsilini davam etdirmişdir. Konservatoriyanın üçüncü kursunda oxuyarkən “Ürəkçalanlar” musiqili komediyasını bitirmişdir. O, konservatoriyaya daxil olanda yaşamağa yeri yox idi, konservatoriya binasında bir ay köhnə divanın üstündə yatıb-gecələməli olurdu. Niyazi onu bir gün konservatoriyadan evimizə gətirdi. Bu günədək də bizimlə bir yerdə qalmaqdadır. Bunu Qəzənfər Məmmədov, Məmməd İskəndərov, Üzeyirbəy Hacıbəyov çox yaxşı bilirlər, çünki Fikrət Əmirov sığınacaq yeri üçün onlara müraciət etmişdi.
Bir neçə gün bundan əvvəl Azərbaycan Sovet bəstəkarlarının plenumunda Mehdi Hüseyn yoldaş öz çıxışında demişdir ki, Niyazi guya antixalq musiqi bəstələyir. Həmin plenumda bir çox bəstəkarlar, o cümlədən Niyazi də çıxış etmişdir, qəzetdə isə çıxış edənlərin adları arasında Niyazi ixtisara düşmüşdür. Radioda son vaxtlar Niyazinin əsərləri səsləndirilmir. İstər-istəməz düşünürsən ki, məgər Niyazinin bir dənə də bəstəsi yoxdur?
Niyazidən savayı dirijorları filarmoniyaya simfonik orkestrin ən azı üç-dörd konsertinə dirijorluq etməyə dəvət edirlər, üstəlik, onlara ən yaxşı solistlər də qatılır. Niyazini isə vur-tut bir dəfə çağırırlar, solistsiz konsert təşkil olunur. Sonra da söz çıxarırlar ki, Niyazinin konsertinə tamaşaçı az gəlir.
Teatr muzeyində Niyazini mütəəssir edən hadisə baş vermişdir: muzeyin direktoru Sona xanım Cabbarlı göstəriş almışdır ki, Niyazinin portreti ekspozisiyadan xəlvəti götürülsün...
Bütün sadaladığım faktlar Niyaziyə olduqca pis təsir etmiş və bunun nəticəsidir ki, onda yenə də qanqusma halları baş verir.
Yoldaş Bağırov! Sizə müraciət edirəm, ümidimiz yalnız Sizədir, Sizdən başqa hamının Niyazidən üzü dönüb və ona qənim kəsiliblər. Mən bilmək istəyirəm ki, ərimin günahı nədir. Ailə qurduğumuz on bir il ərzində ərimə tərbiyəli və sədaqətli, mədəni insan kimi inanmışam və inanıram. Onun haqqında iyrənc ifadələr işlədənlərin özləri natəmiz məxluqdur, Kirovabaddan məktub yazmış Musabəyov familiyalı birisi kimi, bütün Kirovabada car çəkir ki, Niyazidən şikayət məktubu yazıb Sizə göndərmişdir. Guya onun arvadı ilə boşanmasına Niyazi bais olmuşdur. Bu, qabaqcadan qurulmuş təxribatdır.
Yoldaş Bağırov, Sizə müraciət etdiyimə görə məni qınamayın, çünki Niyazidən dəfələrlə xahiş etmişəm ki, bu qədər əzab-əziyyət çəkməkdənsə, bir dəfə Sizə müraciət etsin. Cavab verib ki, Bağırov yoldaşı narahat etməyəcəyəm. Bunu mən etdim.
Səmimi hörmətlə: Həcər xanım.
7 iyul 1944.”
* * *
Mir Cəfər Bağırov Həcər xanımın məktubunu oxuduqdan sonra dərkənarla nə Daxili İşlər komissarı Yaqubova, nə də Təhlükəsizlik komissarı Stepan Yemelyanova, nə də Xalq Komissarları Sovetinin sədri Teymur Quliyevə göndərmişdir, özündə saxlamışdır. Bəlkə bir də ona görə ki, Həcər xanımın Niyazi ilə İrana getməsinə M.C.Bağırovun şəxsən icazə verməsindən onların xəbəri yox idi.
Azərbaycan rəhbərinə ünvanlanmış ikinci məktub isə Yaqubovla Yemelyanovun imzaladıqları arayışda Niyazinin əxlaqsızlığı barədə deyilənləri tamamilə alt-üst edirdi:
“Çox hörmətli Bağırov yoldaş!
Sizi narahat etdiyimizə görə çox-çox üzr istəyirik. Ancaq düşdüyümüz çıxılmaz vəziyyət məni - Azərbaycan Tibb İnstitutunun dördüncü kurs tələbəsini və qardaşımı kömək üçün bilavasitə Sizə məktub yazmağa sövq etmişdir.
Atamız Məşədi Cəmil Əmiraslan oğlu Əmirov məşhur xanəndə, müğənni, tarzən və pedaqoq (xalq artisti Bülbülün müəllimi olmuş) idi. Gəncədə ilk musiqi məktəbinin yaradıcısı, bu məktəbin pedaqoqu və direktoru da atamızdır. 1928-ci ildə atamın vəfatından sonra biz hamımız anamız Dürdanə Əmirovanın himayəsində qalmışıq. Anam bizə həm də atalıq etmiş, ömrü boyu işləmiş, hazırda da Kirovabad şəhərində upravdom vəzifəsində çalışır. Ailəmiz anamızla birlikdə qardaşım Fikrət Əmirovdan (Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin üçüncü kursunda oxuyur), bacım Şəfiqə Əmirovadan (diş həkimləri məktəbində oxuyur) və bacım Rəfiqə Əmirovadan (məktəb şagirdidir) və özümdən ibarətdir.
Müharibə başlayan kimi qardaşlarım cəbhəyə yola düşdülər. Mən ali məktəbin üçüncü kursunda təhsilimi yarımçıq buraxıb ailəmizə kömək məqsədilə Kirovabada, anamın yanına qayıtdım. Bu zaman Kirovabad Müəllimlər İnstitutunun pedaqoqu Musa Musabəyov evimizə elçi göndərdi, anam da “ailədə kişi xeylağımız yoxdur” deyə ailə qurmağımıza xeyir-dua verdi. Ancaq onunla bir dam altında yaşamaq mənə zülm oldu. Mən düşmənlə vuruşmaq üçün Qızıl Ordu sıralarına can atan qardaşımla birlikdə qürurla danışanda ərim sözümü kəsərək deyirdi: “Nə edirlər - etsinlər, nə qədər pul istəyirlər verim, amma mənə əsgər paltarı geyindirməsinlər”. Ərim səfərbərlikdən yayınmaq üçün min oyundan çıxırdı. İki dəfə Qutqaşen rayonuna getmişdi, qohumlarından qızıl götürmüşdü və əsgərlikdən azad olmuşdu. Bir dəfə şəhərdə hərbi komissarımızla təsadüfən rastlaşanda o dedi: “Bilirsinizmi ki, əriniz yarımmetrlik məsafədə qoyulmuş qrafini görmür? Hərbi komissarlıqda həkim komissiyasından keçəndə stolun üstündə su ilə dolu qrafini görmədi!” Bu sözlər əsasında lətifə bütün şəhərdə dolaşırdı.
Musabəyov institutda kimyaçı alim kimi laboratoriya müdiri işləyirdi. Elə dərmanlar hazırlayıb qəbul edirdi ki, ürəyinin normal döyünməsi pozulsun və görmə qabiliyyəti azalsın, bununla belə, sağlamlığına xələl gəlməsin. O, Finlandiya müharıbəsindəki iştirakından söz salanda danışırdı ki, kimya zavodunda partlayış vaxtı zavodun ərazisində imiş və gözləri zədələnmişdir. Qəribəsi budur ki, gözdən zəif olanlar arasında təkcə o eynək taxmır. Ərim iyirmi səkkiz yaşını haqlamasına baxmayaraq, hələ də komsomol sıralarındaydır. Ona “niyə partiyaya keçmirsiniz?” deyə müraciət edəndə cavab verirdi ki, mən Qutqaşenin bəy nəslindənəm, partiyaçı olsam, öz ağam olmayacağam, başqalarına “bəli, bəli” deyə baş əyəcəyəm. Anamla və mənimlə tez-tez mübahisə salıb tələb edirdi ki, mən komsomol sıralarını tərk edim. Bütün bunlara görə, iki illik ailə həyatından sonra boşanmaq qərarına gəldim, körpəmi götürüb ata ocağına döndüm.
1944-cü ilin martında qardaşım Fikrətlə birlikdə ali təhsilimi başa çatdırmaq məqsədilə Bakıya gəldim. Bir aydan sonra anama və körpəmə baş çəkmək üçün Kirovabada qayıdanda qardaşım öz müəllimi bəstəkar Niyazidən xahiş etdi ki, Həcər xanımla birgə Kirovabada səfər etsin. Çünki son vaxtlar Niyazi zəifləmişdi, özünü pis hiss edirdi.
Kirovabadda olarkən Musabəyov məndən tələb etdi ki, təhsilimi yenidən yarımçıq qoyum və bir daha Bakıya qayıtmayım. Kəskin mübahisəmiz düşdü, anam da, Musabəyovun bacısının əri, şəhərin keçmiş prokuroru da bunun şahidi oldular, qardaşım Fikrət Əmirov qətiyyətlə ali məktəbdən çıxmağımın əleyhdarı oldu. Beləliklə, Musabəyovun razılığı ilə rəsmi ayrıldıq.
Musabəyov utanıb-qızarmadan Kirovabadda dedi-qodu yaratdı ki, guya mən Bakıda əxlaqsızlıq edirəm. Üstəlik, Niyazi və onun arvadı Həcər xanım barəsində nalayiq sözlər də quraşdırdı. Bilə-bilə ki, Niyaziyə və Həcər xanıma bizim ailəmiz qardaşımın tərbiyəçisi və müəllimi kimi dərin ehtiram bəsləyirik.
Sizə müraciət etməklə, yoldaş Bağırov, acizanə surətdə xahiş edirik ki, ailəmizi böhtançı və qarayaxan Musabəyovun əlindən qurtarasınız. Musabəyovun hansı yuvanın quşu olduğunu onunla bir yerdə işləmiş pedaqoqlar, hazırda Mərkəzi Komitədə çalışan Qəzənfər Mehdiyev yaxşı bilirlər.
Sizi narahat etdiyimizə görə bir daha üzr istəyirik.
Sizə səmimi hörmətlə:
Yaxşıxanım Əmirova
Fikrət Əmirov.”
Mir Cəfər Bağırov qardaş-bacının - Fikrətin və Yaxşıxanımın (Bağırovun anasının da adı Yaxşıxanım idi - T.Q.) məktubu üzərində də dərkənar qoymamışdır...
1944-cü ilin payızında tamaşaçılar Niyazini yenə də “Koroğlu”nun dirijor pultunda gördülər. Bütün azərbaycanlılar (Bakıda özünü karlığa vurmuş, Gəncədə özünü korluğa vurmuş iki bədxahdan başqa) sevinmişdilər. Sonra Niyazi M.C.Bağırovun xeyir-duası ilə Tiflisə - Zaqafqaziya respublikaları musiqi festivalına yola düşdü.
1945-ci ilin əvvəllərində yenidən “karlar” və “korlar” Niyazidən mərkəzi orqanlara imzasız məktublar göndərirlər - indi də bəstəkarın qazancı barədə. Məlumatları Azərbaycan Nazirlər Soveti Xüsusi Şöbəsinin müdiri A.Maçin yoxlamış və nəticəsini hökumət başçısı T.Quliyevə çatdırmışdır. T.Quliyev də, öz növbəsində, sənədi M.C.Bağırova təqdim etmişdir. Sənəddə göstərilir ki, Niyazi 1944-cü ildə Bakı kinostudiyasından “Arşın mal alan” filminə görə on beş min manat qonorar aldığı halda, 1945-ci ildə ona əlavə olaraq on min manat məbləğində pul verilmişdir. Həqiqəti sübut etmək üşün Niyazinin özü M.C.Bağırova teleqram vurmuşdur:
“Bakı. Mərkəzi Komitə, Bağırov yoldaşa
Çıxılmaz vəziyyətimlə əlaqədar olaraq Sizdən xahiş edirəm ki, məni bir neçə dəqiqəliyə qəbul edəsiniz.
Dərin hörmətlə: Niyazi.
12 mart 1945-ci il.”
Mir Cəfər Bağırov teleqramı alıb oxuyan kimi dərhal üzərində yazmışdır: “Təcili olaraq. Həsənov, Rəhimov, Kirsanov, həmçinin Quliyev, Əlizadə, Seyidov və Qafarzadə yoldaşlara. Xahiş edirəm Niyazi ilə söhbət edin, yanınızda olanda mənə zəng vurun. M.C.BAĞIROV. 12.03.45”
Bir neçə dəqiqəlik qəbul bir saat çəkmişdir. “Arşın mal alan”dan əlavə “pul qopardığına görə” Niyaziyə ağır cəza veriləcəyini güman edənlər pərişan olmuşlar. “Arşın mal alan” kinofilminin yaradılmasında fəal iştirakına görə Niyazi Tağızadə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Bir il sonra, 1946-cı ildə dirijorların ümumittifaq baxışının laureatı adını almışdır. 1947-ci ildə Nizami Gəncəvinin 800 illiyi tədbirlərində yaxından iştirak etmişdir. İstəkli şagirdi və bəstəkar dostu Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simfoniyasını, Qara Qarayevin “Leyli və Məcnun” simfonik poemasını və digər musiqi nümunələrini SSRİ-nin hər yerindən Azərbaycana gəlmiş qonaqlar qarşısında nümayiş etdirmişdir.
* * *
1948-ci ilin payızında Mir Cəfər Bağırovun, Niyazinin, Zülfüqar Hacıbəyovun, Həcər xanımın... bütün millətimizin kədərli günləri gəldi. Noyabrın 23- də gecə saat 2-də böyük bir insanın - Üzeyirbəy Hacıbəyovun ürəyi dayandı. Ertəsi gün əmisinin cənazəsini “Monolit”dəki mənzilindən qaldırıb mərhumun hər gün piyada yollandığı Akademiya binasına ağlaya-ağlaya gətirənlərin önündə Niyazi idi. Bakıda indiyədək görünməmiş bu dəfn mərasimi onun yaddaşına əbədilik həkk olundu. İlk dəfə idi ki, Mir Cəfər Bağırovun gözlərinin yaşardığını görürdü...
Dəfn karvanı Fəxri xiyabana qədər addım-addım irəliləyirdi. M.C.Bağırovun tapşırığı ilə mərhumun qırxınadək hər gün məzarın başında fəxri qarovul növbə çəkdi.
YERİ GƏLMİŞKƏN. 1949-cu ilin fevralında M.C.Bağırovun təklifi ilə Azərbaycan Dövlət Konservatoriyasına onun yaradıcısının - Üzeyirbəy Hacıbəyovun adı verilmişdir. 2000-ci ilin iyununda Azərbaycanın bütün ali təhsil ocaqlarının daşıdığı adlar ləğv olunanda Konservatoriyadan Üzeyir bəyin adı götürülmüşdür. Səkkiz ildən sonra, 2008-ci il sentyabrın 19-da respublika qəzetlərində aşağıdakı ürək açan sərəncam dərc olunmuşdur:
“Azərbaycan Respublikası Prezidentinin sərəncamı
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 sentyabr 2008-ci il”.
* * *
Arxiv materialları göstərir ki, 1949-cu ildən 1953-cü ilədək Niyazinin bədxahları “ağızlarına su alıb” farağat oturmuşlar. Niyazi SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üçüncü plenumunda özünün “Rast” simfonik muğamını təqdim etmişdi, Cahangir Cahangirovun “Arazın o tayında” vokal-simfonik poemasına və Qara Qarayevin “Yeddi gözəl” baletinə maestronun dirijorluğu hamını heyran qoymuşdu.
Bakıya qayıtdıqdan sonra Niyazi Azərbaycan Sülhü Müdafiə Komitəsinin üzvü seçilir, 1950-ci ildə qardaş Gürcüstana yaradıcılıq səfərinə çıxır. Həmin il Niyazi Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə SSRİ-də ən gözəl dirijorlardan olduğunu bir daha nümayiş etdirir. Məhz buna görə 1951-ci ildə Praqada keçirilmiş VI Beynəlxalq yay festivalının iştirakçısı olmaq şərəfi ona qismət olmuşdu. Bakıya qayıtdıqdan sonra Sultan Hacıbəyovun “Gülşən” baletinə səhnə quruluşu verən Niyazi Mir Cəfər Bağırovun təqdimatı ilə Stalin mükafatı laureatı adına layiq görülmüşdü..
* * *
1954-cü il fevralın 17-də T.Yaqubov Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən azad edilir. 1953-cü ildə Niyazini “bütün işindən və vəzifələrindən kənarlaşdıran” T.Yaqubov Bakı-Quba yolunda onunla qarşı-qarşıya gəlmişdi. T.Yaqubov konserv zavodunda işləmək üçün Xaçmaza, Niyazi Azərbaycan KP MK-nın yeni birinci katibinin qəbuluna düşmək üçün Bakıya tələsirdi. İmam Mustafayev Yaqubov “qadağasını” ləğv edərək, Niyazini Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə bərpa etmişdi.
Lakin bədxahlar yenə baş qaldırdılar. 1954-cü ilin noyabr ayında Bakıdan Moskvaya, N.Xruşşova göndərilmiş imzasız məktubda deyilirdi: “1938-ci ildən başlayaraq, Azərbaycanda incəsənət sahəsində rəhbərliyi ələ almış Ü.Hacıbəyovun ölümündən sonra bu sahəni onun qohumları - Stalin mükafatı laureatı, dirijor Niyazi və Çingiz Hacıbəyov ələ keçiriblər”.
Arxiv materialları göstərir ki, İmam Mustafayev belə siqnalları yoxlatdırmamış və 1955-ci ildə Niyaziyə Azərbaycan SSR Xalq artisti adı verilməsinə dair təqdimatla razılaşmış və onun Azərbaycan parlamentinin deputatı seçilməsini də təqdir etmişdi. 1959-cu ildə isə, Niyazi SSRİ xalq artisti kimi yüksək ada layiq görülür.
Böyük maestro, nadir istedad sahibi 1984-cü ildə 72 yaşında dünyasını dəyişir. Bəs 1943-cü ilin fevralında partiya sıralarına qəbul olunmasının Niyazi tərəfindən qarşısı alınmış “şəxsi katibin” aqibəti necə olmuşdur?
Niyazinin sağlığında “taym-aut” götürmüş Ramazan Xəlilov 1984-cü ildən - “rəqibinin” yoxluğundan sonra dil açmışdır. Mərhumun xatirəsinə həsr olunmuş tədbirlərə dəvət edilsə də, müxtəlif bəhanələrlə gəlməmişdi. 1943-1954-cü illərdə Niyazinin əleyhinə yazılmış imzasız məktublardakı şər və böhtanları açıqcasına təkrarlamaqdan usanmırdı. 1990-cı ildə isə Azərbaycan Mədəniyyət Fondunun yığıncağında uydurmalarına bir iftiranı da əlavə etmişdi: Niyazi “mavi” idi...
Arxiv sənədləri göstərir ki, Ramazan Xəlilovun hansı yuvanın quşu olduğunu M.C.Bağırov hamıdan yaxşı bilirdi. Bunu da bilirdi ki, Üzeyirbəyin qohumları arasında o, ehtiramla qarşılanmır. Məhz bu səbəbdəndir ki, M.C.Bağırovun təşəbbüsü ilə 1951-ci ildə Ü.Hacıbəyovun şəxsi arxivindəki əlyazmaların və digər materialların qeydə alınması üzrə Mərkəzi Komitə tərəfindən yaradılmış komissiyanın tərkibinə “bəstəkarın ən yaxın sirdaşı, ürək dostu və qohumu” Ramazan Xəlilov deyil, Niyazi Tağızadə salınmışdı. 1953-1955-ci illərdə M.C.Bağırova qarşı məhkəmə materiallarının hazırlanmasında “gizli şahidlik” edən R.Xəlilov 90-cı illərdə M.C.Bağırovla yanaşı, Üzeyirbəy Hacıbəyov və Niyazi Tağızadəyə də qara yaxmağa başlamışdı.
1944-cü il yanvarın 2-də Dağıstanda çıxan rəsmi dövlət qəzetində Ramazan Xəlilovun geniş müsahibəsi dərc olunmuşdu. Müsahibədə deyilir: “Üzeyirbəy Hacıbəyovun babası Molla Məhəmməd bəy Şuşadan deyil, Dağıstanın Xinzax bölgəsindəndir. Bəstəkarın azərbaycanlılarla heç bir bağlılığı yoxdur, çünki o, milliyyətcə avardır”.
Böyük Üzeyirin milli mənsubiyyətini bilərəkdən təhrif edən R.Xəlilova hansı cəza verilmişdir? Heç bir cəza! Üstəlik, bir ildən sonra “Azərbaycan mədəniyyətinin, xüsusən Üzeyirbəy Hacıbəyovun irsinin qorunmasında və təbliğində göstərdiyi yorulmaz fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. 94 yaşlı muzey direktoru “Şöhrət” sahibi olduqdan sonra Azərbaycan Dövlət Konservatoriyasının professoru vəzifəsini tutmuşdu və iftiralarına davam edirdi. O, respublika mətbuatı səhifələrində dərc etdirdiyi məqalələrdə bəyan etmişdi: “1937-ci ildə Ü.Hacıbəyovu həbs edə bilməyən M.C.Bağırov 1948-ci ildə onu erməni həkimin - Osipyanın əli ilə öldürmüşdür”.
Yadımdadır, “Hürriyyət” qəzetinin 1998-ci il 26 noyabr tarixli sayında dərc olunmuş bir səhifəlik yazını oxuyub arxivə üz tutdum. Ü.Hacıbəyov barədə bütün material və sənədləri, o cümlədən bəstəkarın xəstələnməsi və müalicəsinə aid olanları toplayaraq üzünü çıxardım, bir qovluğa yığıb Üzeyirbəy Hacıbəyovun ev-muzeyinə yollandım. Binanın ikinci mərtəbəsinə qalxıb, “Şöhrət” ordenli direktorla görüşdüm. Arxiv sənədlərini bir-bir ona göstərdim:
- Ramazan müəllim, bu, 1938-ci il may ayının 12-də Üzeyirbəyin Kommunist partiyası sıralarına keçmək barədə öz dəst-xətti ilə yazdığı ərizəsidir...
- Elədir ki, var. Mənim yanımda yazıb. Mənim də partiyaya keçməyimə şəxsən zəmanət vermişdi. Nə yaxşı ki, baş tutmadı. 90-ın 20 yanvarında oda atıb yandırardım.
- Bu məktubu 1948-ci il sentyabrın 16-da Azərbaycan SSR Nazirlər Kabineti sədrinin müavini Mirzə İbrahimov Mir Cəfər Bağırova yazmışdır. Məktubda deyilir ki, Ü.Hacıbəyovun müalicəsini professor Yeqorov və həkim Beysov aparır. Sizin yazdığınız Osipyan yoxdur.
- Bunu mənə verin!
- Muzeydə nümayiş etdirəcəksiniz?
- Yox!
- Niyə?
- Çünki məktub Bağırova yazılmışdır.
- Bəs 1948-ci ildə kimə yazılmalı idi?
- Mənimlə mübahisə etməyin!” Verin onu şəxsi arxivimdə saxlayım.
- Yox, Ramazan müəllim, qəzetdə çap etdirəcəyəm.
... Ramazan Xəlilov bir ildən sonra, 1999-cu il yanvarın 10-da 98 yaşında vəfat etdi. Fəxri Xiyabanda dəfn olundu. “Azərbaycan” nəşriyyatında hazırlanmış və ilk dəfə 1996-cı ildə buraxılmış “Üzeyirbəy Hacıbəyov” ensiklopediyasının 185-ci səhifəsində “Xəlilov Ramazan Həmzət oğlu” məqaləsində oxuyuruq: “Ü.Hacıbəyovun baldızı oğlu. 1908-1914-cü illərdə Tiflisdə, 1914-1917-ci illərdə isə Moskvada gimnaziyada oxumuş, 1918-ci ildə “Ləzgi alayı”nın tərkibində Zaqatala, Qəbələ, Şəki və Gəncənin erməni daşnaklarından təmizlənməsində iştirak etmişdir”.
Ensiklopediya müəlliflərinin yazdıqlarından elə çıxır ki, 1917-ci ildə Moskva gimnaziyasının məzunu olmuş bu adam “ləzgi alayı” sıralarında Azərbaycanda 1918-ci ildə daşnaklara qarşı vuruşmuş və beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli qəhrəmanlar cərgəsində özünəməxsus yer tutmuşdur. Atasının vəfatından beş il sonra oğlu Rüfət rəhmətliyin “qəhrəmanlığının” nədən ibarət olduğunu əyani şəkildə nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Mədəniyyət” qəzetinin 2004-cü il 13 noyabr nömrəsində dərc olunmuş məlumatdan soydaşlarımıza bəlli olmuşdur ki